İbrahim Tahirin əsərlərinin
ilk nəşri
XIX əsrin sonu,
XX əsrin birinci yarısında yaşamış,
zəngin ədəbi
irsə malik, yaradıcılığında klassik ədəbiyyatın
ənənələrini yaşadan
şairlərimizdən biri
də İbrahim Tahir Musayev (1869-1943) olmuşdur. XIX əsr Qarabağ ədəbi mühitində böyük
nüfuza malik olan Mir Möhsün Nəvvab özünün
“Təzkireyi-Nəvvab” adlı
əsərində şeir-sənət
ocağı Şuşa
şəhərində dünyaya
gəlmiş şairi
şəxsən tanıdığını,
təzkirəsi tərtib
olunarkən onun 22-23 yaşlı “xoş əhvallı, düz əxlaqlı” bir gənc olduğunu və “Tahir” təxəllüsü ilə
şeirlər yazdığını
göstərmişdir. Gəncliyində ticarətlə də məşğul olan İ.Tahir XX əsrin əvvəllərində Bakıda
nəşr olunan əksər qəzet və jurnallarla əməkdaşlıq etmiş,
ardıcıl olaraq şeirləri, publisist məqalələri ilə
çıxış etmişdir.
Onun yazılarının mövzu
dairəsi kifayət qədər geniş idi, o lirik şeirlər
yazır, şeir və məqalələrində
geriliyi tənqid edir, həmvətənlərini
tərəqqiyə, maarifə
dəvət edir, milli istiqlal arzularını tərənnüm
edirdi. Bir müddət Şuşa
məktəbində tarixdən
dərs demiş şair ötən əsrin iyirminci illərinin ortalarından Bakıya köçmüş,
burada paytaxt mətbuatı ilə daha da sıx
əməkdaşlıq etmişdir.
Onun çoxsaylı yazıları “Şərqi-rus”,
“Molla Nəsrəddin”,
“İrşad”, “Füyuzat”,
“Tərəqqi”, “Sədayi-həqq”,
“Dəbistan”, “Yeni kənd” və başqa mətbuat orqanlarında dərc edilmişdir. Qeyd etmək lazımdır
ki, şair mətbuatda çap etdirdiyi geriliyi, ətaləti, nadanlığı
qamçılayan satirik
şeirləri ilə
də tanınırdı.
Maraqlıdır ki, İ.Tahir
bir sıra məsələlərə münasibətdə
biri-biri ilə əks mövqelərdə
dayanan C.Məmmədquluzadənin
“Molla Nəsrəddin”
və Əli bəy Hüseynzadənin
“Füzuyat” jurnalında
yazıları ilə
çıxış edir,
hər iki redaksiya əməkdaşları
ilə dostluq əlaqələri saxlayırdı.
Onun C.Məmmədquluzadə ilə
dostluğuna dair maraqlı faktlar mövcuddur. Xalqı milli
birliyə, həmrəyliyə
çağıran şair
millətin ziyalılarını
bir-birinə yaxınlaşdırmağı,
mübahisə düşərkən
onları barışdırmağı
özünə borc bilirdi. O, “Şərqi-rus”
qəzetinin 1903-cü il,
38¹-li sayında çap etdirdiyi məqaləsində “Şərqi-rus”
və “Kaspi” qəzeti əməkdaşları
arasındakı münaqişədən
narahat olduğunu bildirmiş, onları sülhə çağırmışdır.
XX əsrin əvvəllərində
əsl milli ziyalı kimi yetişmiş İbrahim Tahir sovet dövründə
yaşadığı 23 il ərzində demək olar ki, unudulmuş, onun əsərləri mətbuatda işıq üzü görməmişdir.
Bunun əsas səbəbi onda idi ki,
şair bir çoxları kimi yeni quruluşa mədh edən şeirlər yazmamış,
ömrünün son dövrlərində
əsasən lirik şeirlər yazmışdır.
Hal-hazırda İbrahim Tahirin zəngin ədəbi irsi S.Mümtaz adına
Dövlət Ədəbiyyat
və İncəsənət
Arxivində, AMEA M.Füzuli
adına Əlyazmalar İnstitutunda saxlanılmaqdadır.
Əlyazmalar İnstitutunun
əməkdaşları – filologiya
üzrə fəlsəfə
doktorları Raqub Kərimov və Əli Məmmədbağıroğlu
şairin əlyazmalarını
ətraflı araşdırmış,
onun iri həcmli poetik irsini geniş ön sözlə 633 səhifəlik kitabda çap etdirmişlər.
İ.Tahirin qız nəvəsi
Akif Quliyev böyük həvəslə
işin texniki tərəflərini, redaktorluğunu
öz üzərinə
götürmüşdür.
İbrahim Tahirin işıq üzü görmüş
ilk kitabına poetik əsərləri – qəzəl,
qəsidə, mürəbbe,
müxəmməs, müsəddəs,
təzmin, tərcibənd,
tərkibbənd, məsnəvi
və rübailəri,
müxtəlif məzmunlu
əsərləri, mənzum
məktubları, sabiranə
şeirləri daxil edilmişdir. Bu əsərlərin
əksəriyyəti klassik
üslubda yazılmış
lirik şeirlər olsa da, burada
azadlığa, milli həmrəyliyə, istiqlala
səsləyən şeirlər
də az
deyil. Xalqı üçün azadlığı
ən böyük nemət hesab edən şair deyirdi:
Verir hər yerdə qanun olsa
insaniyyət insanə,
Cahanda ən gözəl nemətdir
hürriyyət insanə.
İ.Tahir oxucusuna etiraf edir ki, onu
həmişə narahat
edən ən böyük dərdi xalqının, millətinin
taleyidir:
Xəyali-mülkü millətdir,
əgər sorsan, bənim dərdim,
Bilirsənmi nədir fikrü
xəyali-millət insanə?
Şair
böyüyüb boya-
başa çatdığı,
təlim-təhsil aldığı
dövrün, mühitin
təsiri altında klassik ədəbi irsə bağlı bir adam
olmuş, əsərlərini
də klassik üslubda yazmışdır.
Ümumiyyətlə, XX əsrin 20-30-cu illəri mədəniyyət,
ədəbiyyat tariximizdə
çox maraqlı dövrdür. Bir tərəfdə klassik irsi, muğam, tarı ortadan götürməyi tələb
edən daha gənc proletar şairlər meydan sulayır, digər tərəfdə isə mütərəqqi yeniliyi
qəbul edən, lakin klassik ədəbiyyat
tərəfdarı olan
nisbətən yaşlı
nəslin nümayəndələri
öz yaradıcılıqlarını
davam etdirir, “zamanın tələbi ilə ayaqlaşa bilmədikləri” üçün
əksər hallarda mədəniyyətdə, ədəbiyyatda
cərəyan edən
hadisələrə seyrçi
mövqedə qalmağa
məcbur olurdular. İ.Tahir, təbii ki, bu sonunculardan olduğuna görə dövrün ədəbi cərəyanından kənarda
qalmış, onu Yazıçılar İttifaqına
üzvlüyə qəbul
etməmişlər. İ.Tahirlə
eyni vaxtlarda yaşamış şairlərdən
oxşar taleyi yaşayanlar az
olmamışdır. Bakı
ədəbi mühitinin
görkəmli nümayəndəsi,
“Məcməüs-şüəra” ədəbi məclisinin üzvü Məşədi
Azər Buzovnalı ana dili ilə
bərabər fars, cığatay (orta əsrlər özbək ədəbi dili) dillərində, klassik Şərq şeiri üslubunda əsərlər
yazmış, eyni zamanda Nizaminin “Məxzənül-əsrar” poemasını,
“Yeddi gözəl” poemasının bir hissəsini, Sədinin “Gülüstan”ından bir
neçə hekayəti,
“Bustan”dan birinci üç babı, Firdovsinin “Şahnamə”sindən
bir neçə dastanı, Xaqani, Hafiz, Xəyyam əsərlərindən
seçmələri dilimizə
tərcümə etmişdir.
Ədib dünya ədəbiyyatı
incilərindən “Kəlilə
və Dimnə”ni, “Yusif və Züleyxa”
əsərini nəzmə
çəkmişdir. Sovet hakimiyyətinin ilk onilliklərində
“Zamanın nəbzini tutan”, sovet quruluşunun
səsinə səs verən əsərlər
yazmadığından onun
yaradıcılığı uzun müddət diqqətdən kənarda qalmış, əsərləri
son illərdə çap
edilmişdir.
XX əsrin 30-cu illərində
istedadlı şair – tərcüməsi kimi tanınan İ.Tahir Şərqin böyük klassikləri Ömər Xəyyam, Əfzələddin
Xaqani, Nizami Gəncəvi, Hafiz Şirazi,
Əlişir Nəvai
və başqalarının
əsərlərini uğurla
tərcümə etmişdir.
O, 1939-cu ildə Nizami
adına Ədəbiyyat və Dil İnstitutu ilə bağladığı
müqavilə əsasında
Nizaminin “Məxzənul-əsrar”
poemasını hərfi
tərcümə etmişdir.
R.Kərimov və Ə.Məmmədbağıroğlu göstərirlər ki, İ.Tahir Firdovsi yaradıcılığı ilə
ciddi məşğul
olmuş, “Şahnamə”
əsərinin bir sıra dastanlarını
(“Rüstəm və Söhrab dastanı”, “Səd Vəqqasın İrana hücumu”, “Qubad və Məzdək
dastanı”) uğurlu tərcümə etmişdir.
1934-cü ildə Ruhulla
Axundovun elmi redaktoru ilə “Azərnəşr” tərəfindən
5000 tirajda nəşr
edilmiş “Şahnamə”nin
“Zöhhak və Gavə”, “Səyavuş” dastanlarının hərfi
tərcüməsi ilə
yanaşı nəzmə
çəkilməsi də
ona həvalə edilmişdir.
İbrahim Tahirin yaradıcılığında
qəzəl dilinin sadələşməsi, müasir
dilə yaxınlaşması
prosesinin davam etdiyini görürük. Şeirin
ruhu saxlanılmaqla, əruz vəzninin tələblərinə riayət
edilməklə mürəkkəb
ərəb-fars mənşəli
tərkiblərin yerini
ana dilimizdən, hətta danışıq
dilindən gələn
söz və ifadələr əvəz
etməyə başlamışdı:
Bir meyvəli ağac tək hər gündə
salbalandım,
Hər salbanı yedikcə min dəfə
yırğalandım.
Mümkün degil durulmaz,
bulan elə mənimçün.
Sel gəldi hər tərəfdən,
Ceyhun kibi bulandım.
Nisbət mənə cahanın caduları
kar etməz.
Cadulu gözlərindən dərs aldım,
ustalandım.
Bu baxımdan da şairi bir sıra müasirləri, haqqında danışdığımız Azər Buzovnalı, Əliağa Vahid və s. ilə müqayisə etmək olar. İ.Tahir şeirlərini nəşrə hazırlayan tədqiqatçılar kitaba yazdıqları dəyərli ön sözdə onun qəzəlçilikdə novatorluğunu xüsusi olaraq qeyd etmişlər: “O, XIX əsrin sonları, XX əsrin birinci yarısında qəzəl janrını davam və inkişaf etdirən, qəzələ yeni məna və məzmun verən çox az novator şairlərdən biridir. Onun qəzəllərində dahi Füzuli ruhu ilə yanaşı , həm də müasirlik ruhu aydın nəzərə çarpır. O, digər müasirləri kimi, Füzuli cazibəsinə düşsə də, onu kor-koranə təqlid etmir, əksər nəzirəçi şairlər kimi tam mütiliklə onun hakimiyyətini qəbul etmir, onun poeziyasından yaradıcı şəkildə bəhrələnərək yeniliyə can atır və çox zaman bu inadkarlıq ona uğur gətirir, nəticədə Füzuli ruhu ilə yoğrulmuş yeni nəfəsli poeziya ərsəyə gəlir”.
Haqsız yerə unudulmuş İbrahim Tahirin əsərlərini ölümündən yetmiş il sonra ayrı-ayrı əlyazmalardan üzə çıxararaq iri həcmli kitab halında çap etdirən tədqiqatçıların əməyi böyük hörmətə layiqdir.
Əminik ki, şairin publisistik yazıları, tərcümələri də bir müddət sonra işıq üzü görəcək, şairin ədəbi yaradıcılığı hərtərəfli tədqiq ediləcəkdir.
Kitabın elmi redaktoru professor Möhsün Nağısoylu, nəşriyyat redaktorları Arif Ramazanov və Akif Quliyevdir.
Paşa ƏLİOĞLU
AMEA M.Füzuli adına
Əlyazmalar İnstitutunun direktor əvəzi
525-ci qəzet.-
2013.- 14 sent6yabr.- S.28.