“Biz bu dünyaya gəlirik, gedirik və sonra yeniləşib yenidən dönürük”

 

 

Müsahibimiz tanınmış  şair Nazim Əhmədlidir. O, ədəbiyyata səksəninci illərdə gəlib. Maksim Qorki adına  Moskva Ədəbiyyat İnstitutunun poeziya bölməsini bitirdikdən sonra Bakıya qayıdıb və Azərbaycan Yazıçılar Birliyində işə başlayıb.. Şeirləri respublika mətbuatında müntəzəm çap olunur. Yeddi kitab müəllifidir.. Rus, isveç, yapon ədəbiyyatlarından tərcümələr edib. Şeirləri bir neçə dilə tərcümə olunub.AYB-nin Ədəbiyyat Təbliği Bürosunun direktorudur. Eyni zamanda Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədridir.

  Nazim müəllim, sizi ədəbiyyata nə gətirdi? Sadəcə yazmaq istəyi, təsadüf, yoxsa başqa bir səbəb?

  Mən orta məktəbi  Laçın rayonunda  oxumuşam.Üçüncü sinifdən sonra Laçında, rayon mərkəzində təhsilimi davam eləmişəm. Əsas hobbim kitab oxumaq idi. Şəhər kitabxanasına gedəndə acgözlüklə dünya və Azərbaycan ədəbiyyatından çoxlu nümunələr seçib oxuyurdum.  Günümün çox hissəsini mütaliəyə həsr edirdim, çoxlu romanlar, povestlər, şeirlər oxuyurdum. Bütün bunlar mənim ədəbiyyata olan marağıma təsir etdi. Məktəbdə oxuyanda artıq mən roman yazmağa başladım. (gülür) Oxuduqlarımın təsiri altında qalaq-qalaq kağızlara yazılmış roman mənim ilk qələm təcrübələrimdən sayılır.

– Oxuduqlarınız arasında hansı əsərlər daha çox sizi yazmağa sövq edirdi?

– Dediyim kimi, mütaliəm o qədər genişlənmişdi ki, məni kitabxananın fəxri üzvü sayırdılar. Tanınmış bütün müəllifləri, Azərbaycan klassik ədəbiyyatını, rus ədəbiyyatından, dünya ədəbiyyatından seçmələr oxumuşdum. Maksim Qorkinin “Klim Samginin həyatı” bir neçə günə bitirdim. Rayon yerlərində gecələr şam işığında da olsa mütləq nəsə oxuyurdum.  O vaxt mən Tolstoyu, Hüqonu oxuyurdum. Dostoyevskinin “Cinayət və cəza”sını çox sevirdim. İllər sonra Moskvada Ədəbiyyat İnstitutunda oxuyanda bu əsərləri  dərs kimi keçəndə onlar artıq mənə tanış idilər.

– Nəsr nümunələriniz olsa da, daha çox şair kimi tanınırsınız... İlk şeiriniz yadınızdadır?

– Necə çap olunmağı da yadımdadır... Bir gün ədəbiyyat müəlliməmiz Maraş müəllim dedi ki, kim  şeir yaza bilir? İçimdən gələn bir səslə dedim ki, mən yazıram. Birini yazdım və həmin şeirimi də divardan asdılar, çoxunun da xoşuna gəlmişdi... Sonra bir bənddən ibarət başqa bir şeir yazdım,  o da “Laçın” qəzetində çap olundu.Əmim həmin qəzetin baş redaktoru idi. Sonra məktəb illərində,  mütəmadi olaraq, şeirlərim “Laçın” qəzetində çıxmağa başladı. Məktəbi bitirəndən sonra universitetə daxil ola bilmədim və gedib kolxozda işlədim. Amma şeirlər və məqalələr yazmağa davam edirdim. Sonra Şuşa Kənd Təsərrüatı Texnikumuna daxil oldum.  Orda baytarlıq fakültəsinidə oxuyurdum. Həmin vaxtlar Qəşəm Aslanov Şuşanın  birinci katibi idi.  Bir gün   şair Rüfət Əhmədzadə bizim texnikuma  gələndə şeirlərimi təqdim etdim və “Şuşa” qəzetində şeirlərim çap olunmağa başladı. Sovet ordusu sıralarında da şeirlər yazıb valideynlərimə göndərirdim.  Qayıtdıqdan sonra rayonda baytar kimi işləməyə başladım.  Respublika mətbuatında çap olunduğum üçün Şüvəlanda keçirilən Azərbaycan Gənc Yazıçılarının seminarına dəvət olundum. Bir ay orda qaldım.

– Və şəhərdə ədəbiyyata daha yaxın oldunuz...

– Hə, məni elə şəhərə gətirən ədəbiyyat sevgisi, burdakı qaynar ədəbi mühit oldu. Bütün məqsədim ədəbiyyat idi. 79-cu ildə mənim “Təbiət lövhələri” adlı silsilə şeirlərim çap olunmuşdu. Həmin şeirlər haqqında Rəşad Məcid həmişə danışıb deyir ki, Nazim Əhmədli gördüyüm ilk diri şairdi. Bu haqda yazısı da vardı. Məmməd Araz, Ramiz Rövşən də o vaxt bu şeirlərim haqqında gözəl fikirlər bildirmişdilər. Özümü ədəbiyyatda görməyə başlayandan sonra artıq Moskvaya M. Qorki adına Ədəbiyyat İnstutuna girmək arzum yarandı. O vaxt “Baksovet” metrosu yaxınlığında  çayxanada yazıçılar, şairlər yığışırdılar. Aydın Məmmədov, Vidadi Məmmədov, Aqil Abbas, Vaqif Bayatlı, Baba Vəziroğlu, Zakir Fəxri və başqa dostlar müzakirələr aparardıq.

– Ədəbiyyat İnstitutuna  necə daxil oldunuz?

– Mən ora sənədlərimi göndərdim. Şüvəlanda olanda bir axşam qonaq kimi Vladimir Qafarov, Atif Zeynallı, Ramiz Rövşən bizə şeirlərini oxudular. Hüseyn Əfəndi dedi ki, Vladimir Qafarov səni çağırır. O da  Azərbaycan və rus ədəbiyyatının bilicisi sayılırdı, yaxşı tərcümələr edirdi.  Məni çox yaxşı qarşıladı və dedi ki, “Ədəbiyyat İnstitutuna getmək istədiyini bilirəm. Sənin şeirlərini tərcümə edəcəyəm, Moskvada mənim imzamı tanıyırlar”.  Çox sevindim və həmin axşam mənim şərəfimə orda ziyafət verildi. O gündən Vladimir Qafarovla dost oldum. Sonra mən müsabiqədən keçdim, imtahan verdim və Ədəbiyyat İnstitutuna daxil oldum.  5 illik Moskva həyatı mənim dünyagörüşümə çox təsir etdi. 1986-cı ildə İnstitutu bitirib  Azərbaycana qayıtdım.

– Artıq səksəninci illərin sonu SSRİ dağılmağa başlamışdı və ölkə daxilində qarşıdurmalar var idi ,Qarabağ münaqişəsi başlamışdı...

– 1986-cı ildə İnstitutu bitirəndən sonra Bakıya qayıtdım və Azərbaycan Yazıçılar İttifaqında işə başladım. Sonrakı illərdə Azərbaycanda məlum hadisələr başladı və mən  Laçın üçün də narahat olmağa başladım.  1992-ci ildə Hərbi Komissarlığa  ərizə verdim və müdafiə nazirinin  əmriylə hərbi rütbə alib hərbi jurnalist kimi “Azərbaycan Ordusu” qəzetində xidmətə başladım , cəbhədə, səngərlərdə oldum.  Həmin illər haqqında çoxlu publisist yazılar yazdım.

– Nazim müəllim, sizin ədəbiyyatdan başqa da fəaliyyət sahələriniz var. Bir qədər onlar haqqında, xarici dillərə olan həvəsiniz haqqında danışardınız...

– Mənim oğullarım ikinci ali təhsillərini Norveçdə alıblar.Skandinaviya ölkələrinə gedib gəlməyim məndə  həvəs yaratdı ki, Azərbaycan ədəbiyyatını   o ölkələrdə təbliğ edə bilərəm.  Son bir ildə sıfırdan başlayaraq ingilis dilinin üç səviyyəsini öyrənməyə nail oldum. İndi də Avropaya gedib gələndə orada sərbəst  olaraq bu dildə danışa bilirəm.  Öyrənməyə davam edirəm, hətta ingilis dilində qısa şeirlər də yazıram...

– Hansı sizi daha çox cəlb edir- nəsr yoxsa nəzm?

– Mən poeziya adamıyam, nəsrə o qədər də hövsələm yoxdur, amma nəsr yaradıcılığım da var. “Ulduz”da, “525-ci qəzet”də hekayələrim  çap olunub. Ruhumu şeirə daha yaxın hiss edirəm. Tərcümə şeirlərim də var.İndiyə qədər 7 kitabım çap olunub. 60 yaşımla əlaqədar üç cildlik kitabımı çap etdirmək istəyirəm.

– Nazim müəllim, tərcümə etdiyiniz  ədəbi nümunələr hansılardır?

– Ən gənc yaşlarımda Aqata Kristinin əsərini tərcümə etdim. Sonralar Moskvada təhsil aldığım illərdə İsveç ədəbiyyatının görkəmli  nümayəndələrindən olan Nobel mükafatı laureatı

Pyer Fabiyan Lagerkvistin dörd hekayəsini dilimizə çevirdim.Yapon yazıçısı Yukio Misimanın “Vətənpərvərlik” hekayəsini də dilimizə çevirdim.Ancaq rus dili vasitəsi ilə.İndi hiss edirəm ki ingilis dilindən də çevirmələr edə bilərəm.

– Şeirlərinizdə göylərə müraciət, səma anlayışı çoxdur. Bu dinlə bağlıdır yoxsa elmlə?

– İslam dininə marağım böyükdür. O vaxt mən “Xəzər” jurnalında işləyəndə Quran jurnalda çap edilirdi. Səma, kainat isə bir elmdir və dinlə çox bağlıdır. Kainat  elminə olan marağıma görə ufalogiya ilə maraqlanıram. Azərbaycanda heç bir ufoloqlar cəmiyyətinin üzvü deyiləm, sadəcə bu marağım Moskvadan yaranıb. Orda olanda bir dəfə yazıçı İsa Hüseynovla görüşdüm. Mənim maraqlarıma, danışdıqlarıma görə dedi ki, “səni dəftərimdə  7-ci adam kimi yazıram”. İndi də məni başa düşən dairələrdə bu sahədə danışıram, ufologiya, yadplanetlilər, Yer kürəsində insanın taleyi haqqında fikirlərimi bölüşürəm..

– Bu hobbiniz şeirlərinizdə də əsasən ümumi xətti təşkil edir...

 

– Gəldim, yol tutdum uzaqdan,

Dünyanın heçindən gəldim,

Atdanıb şimşək atıma,

Göylərin içindən gəldim,

 

çıxdım buludun içindən,

alovun,odun içindən,

çiçəyin ,otun içindən,

dumanın köçündən gəldim,

 

mələk idim, adam oldum,

könlümə sevdalar doldu,

bu Yer üzü butam oldu,

bu  boyda biçimdə gəldim.

 

Bütün şeirlərimdə olmasa da, bir çoxunda bu xətt var. Hər bir insanın, bitkinin, daşın, heyvanın Yer üzündə missiyası var. Bu missiya bitəndən sonra bütün varlıqların da Yer üzündə yaşamı bitir. Kainat harmoniyadır, digər aləmlər də var. Bu, elmdir.  80-ci illərdə mən Moskvadan Bakıya gələndə ufologiya ilə bağlı söhbətlərim hamıya  gülməli gəlirdi. İndi  isə bir qədər fikirlər dəyişib. Bildiyimə görə artıq 91-cı ildən bəri  indiqo uşaqlar” doğulmaya başlayıb. Yəni artıq Yer kürəsində kamilləşmə dövrü başlamalıdır, müharibələrə son qoyulmalıdır, var-dövlət xəstəliyinə tutulan insanlar sıradan çıxmalıdır. Bir sözlə “sülh insanları” çoxalmalıdır. Yoxsa bu xəstəliklər dünyada və kainatdakı  harmoniyanı  poza bilər.

– Azərbaycanda müasir ədəbiyyatın mənzərəsini necə qiymətləndirirsiz? Nəsillərarası mübahisələr niyə bu qədər qabarıqdır?

– Bunlar çox normaldır. İstənilən cəmiyyətdə təfəkkürlər yenilənəndə qarşıdurmalar olur. Gənclər gəlirlər, yaşlanırlar, sonra başqa gənclər gəlir-bunlar hamısı labüddür. Məsələn rus ədəbiyyatında Mayakovski, Azərbaycanda Rəsul Rza yeni mərhələnin təməlini qoyublar. Sovetlər dövründə belə bir fikir vardı, sənət xalq üçündür. Amma mən bunu qəbul etmirəm. Sənət sənəti anlayanlar, sənətkarlar üçündür. Sənəti  hər adam başa düşə bilməz. Müasir və klassik ədəbiyyatımız yetərincə  güclüdür. Azərbaycana Nizami Gəncəvi, Məhəmməd Füzuli, H.Cavid, S.Vurğun, R.Rza, Anar, Elçin, Muğanna, M.Araz və.s yetirən torpaq yenilərini də yetirir.

– Ədəbiyyatımızda oxucu problemi varmı?

– Var. İndi internet əsridir. Hər şey texnikanın əlindədir. Əvvəllər kitablar minimum on min tirajlarla çap olunurdusa, bu gün kapitalizm münasibətlərində bu mümkün deyil.  Kitab oxumağa mane olan məsələlər çoxdur. Məişət qayğıları çoxalıb, televiziya, əyləncə portalları kitab oxucusunun azalmasına səbəb olur. Məsələn, əvvəllər hər kənddə, rayonda kitabxanalar vardı. Eyni zamanda yazan çoxdur, amma ədəbiyyat azdır... Rəşad Məcidin Azərbaycan Yazıçılar Birliyində yaratdığı Gənc Ədiblər Məktəbi çox maraqlı layihədir. Bir dəfə mən də onların qonağı oldum, onların dünyagörüşləri, ədəbiyyata münasibətləri çox xoşuma gəldi.

– Bəs ədəbiyyatda çoxluğun bayağılığa səbəb olmasıyla razısınızmı?

– Qalın-qalın kitablar var ki, varaqlayırsan, içində oxunulası bir şey yoxdur. Amma mən elə gözəl şairlər tanıyıram ki, çap olunmağa imkanları yoxdur.Azərbaycanda da elə tendensiyalar yoxdur ki, iş adamları ədəbiyyata sərmayə qoysunlar, müəllifin kitab çapına kömək etsinlər. Yaradıcı sahəyə ögey münasibət var. Bu təkcə dövlətin vəzifəsi deyil, buna hamı çalışmalıdır. Əsrin əvvəllərində   Hacı Zeynalabdin Tağıyev  və başqa milyonçular gəncləri oxumağa göndərirdi, xeyriyyə işləri görürdülər.

– İndi şou biznesə sərmayə qoyurlar...

– Müğənnilərin də oxuduğunu şairlər yazır, amma efirdə ya başqa yerdə mətnin müəllifinin adını çəkən yoxdur. Həm də, indi o qədər bayağı şeirlərə mahnılar yazılır ki...Çoxunu da müğənnilər özü qondarır. Kommersiya maraqları sənəti kölgədə qoyur.

– Hazırda nə işlə məşğulsuz?

– Yeni kitablarımı çapa hazırlayıram. Eyni zamanda Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyi yaratdıq və dövlət qeydiyyatından keçirdik. Azərbaycanın incəsənət, ədəbiyyat xadimlərinin Skandinaviya ölkələrində təbliğatıyla məşğul olacam.

– Bu yaxınlarda 60 yaşınız tamam oldu? Ədəbiyyat sizi heç bu yaşa kimi yorubmu?

– Yox. Mən yorulan insan deyiləm.Bir də ədəbiyyat adamı yormur, ona güc və sevgi bəxş eləyir. Mən  hər gün yenidən doğuluram. Çünki dünya belə qurulub. Təbiətdə hər   şey yenilənir. Yarpaqlar, ağaclar, sular, buludlar, canlılar və s... Biz də bu dünyaya gəlirik, gedirik və sonra yeniləşib yenidən dönürük.

 

 S. PƏRVİZ

525-ci qəzet.- 2013.- 14 sentyabr.- S.24