Bir güllə bahar olmaz...”

 

 

Əməkdaşımız Razı Narazıoğlunun patriarx korifey  Mənəm Mənəmovla söhbəti

Hörmətli patriarx, Mənəm müəllim, çağdaş ədəbiyyatımızı necə dəyərləndirirsiniz?

Ədəbiyyatımız var ki, onu dəyərləndirim?

Yoxdur?

Əlbəttə, yoxdur. Məgər bizim ədəbiyyatda MarkesinBorxesromanı BorxesinMarkes  romanı  səviyyəsində kitablar yaranıb? Məgər bizdə Lorkanın  Rilke” poeması RilkeninLorka  poemasına bərabər əsər var?

Bəs  sizin  əsərlər?

(məmnun halda gülümsünür)

Bir güllə bahar olmaz. Mən təkbaşıma vaxtacan ədəbiyyatın bu qədər ağır yükünü çiynimdə daşıyacam?

Öz yaradıcılığınızı necə qiymətləndirirsiniz?

Necə qiymətləndirə bilərəm?Əlbəttə çox yüksək.Mənim otuz beş romanım,qırx beş poemam, əlli beş pyesim dünya ədəbiyyatının qızıl fonduna daxildir.Yəni buna şübhəniz ola bilər?

Təəssüf ki, əsərlərinizlə tanış  deyiləm. Harda çap olunub?

Hələ çap olunmayıb.

Niyə?

Çünki hələ yazıb bitirməmişəm. Bitərəndə görəcəksiniz ki, analar necə oğullar doğub. Mən...( öskürür) mən... (boğazı tutulur),  mən...(nəfəsi kəsilir)...

Yaxşı, su için, sakit olun.Yəni deyirsiz Sizdən başqa müasir ədəbiyyatda  yazıçı yoxdu?

Yoxdu, ola da bilməz. İndi özünü yazıçı adlandıranların hamısı şarlatanlardır.

Bəs klassiklər?

Onlar da öz vaxtlarının şarlatanları olub. Hamısının yazdıqları nədi? Boş laqqırtı, cəfəngiyyat, plagiat...

Bəs Dədə Qorqud?

(Hirslənir, xeyli öskürür, su içir, durub otaqda  var-gəl edir)

Bəsdi bu Dədə Qorqudu camaatın  boğazına sırıdınız, kifayətdi Dədə Qorqudla milləti qorxutdunuz, yetər Dədə Qorqudla xalqı doladınız. Mənim hər romanımdan beş Dədə Qorqud, hər poemamdan on Dədə Qorqud çıxar. Dədə Qorqud kommunistlərin uydurduğu   Sovet siyasətinə xidmət edən bir mifdir.

Amma  eşitmişdim ki, Sovet vaxtı bu dastan qadağan olunubmuş.

Gözdən pərdə asmaq üçün. Mən yeddinci romanımda isbat edəcəm ki, əslində  Dədə Qorqud bütünlüklə sovet ideologiyasına qulluq edən obrazdır. Kimdir bu Dədə Qorqud? Ağsaqqal, hər şeyə qarışan, hamının başına ağıl qoyan, hamıya öyüd-nəsihət verən bir müdrik bilici. Soruşuram: kim idi sovet vaxtı belə bir müdrik rəhbər? Cavab verirəm: Stalin. Deməli Dədə Qorqudu Stalin kultunun təsdiqi üçün vasitə kimi istifadə edirdilər. İşə bax ki, uşaqlara ata-anaları deyil, Dədə Qorqud ad verməliymiş, özü kefi  haçan istəsə onda, lap otuz qırx yaşında. Belə ağsaqqallıq olar? Mən iyirmi birinci poemamda bu məsələni əməlli-başlı araşdıracam. Mən sübut edəcəm ki, bizə ağsaqqal-flan lazım deyil. Bütün ağsaqqalların saqqallarını qopardacayıq ki, Kosa olsunlar. Saçı olanların da saçlarını yolub keçəl edəcəyik onları. Xalqın əsas qəhrəmanları Kosa Keçəl olmalıdır. Təsadüfi deyil ki,Keçəl Həmzə Koroğlu kimi yalançı pəhləvanı uşaq kimi aldadır, tutub atını əlindən alır, bu saxta qəhrəmanı  piyada qoyur. Bax əsl igidlik budur. Yoxsa Koroğlu demiş qoçaqlıq ondu,doqquzu qaçmaq, biri gözə görünməmək.Budur sizin qəhrəmanınız? Mən  əsərlərimin doqquzuncu cildində  yazacam ki, sovet dövrünün belə miflərindən qədər tez qurtulsaq o qədər yaxşıdır. Mən onu da  isbat edəcəm ki, mənə qədər ədəbiyyatımızda bir nəfər diqqətə layiq şair,yazıçı olmayıb.

Nizami?

Nədi Nizami, kimdi Nizami? Şahlara mədhiyyə yazıb ənam alan saray şairi. Hər poemasının əvvəlində bir şaha tərif tutuzdurur.

Axı deyirlər Nizami saraylardan uzaq olub.

– Bu da sovet alimlərinin uydurmasıdır, olsun saraylarda yaşamayıb, saraylardan ki bolluca faydalanıb. Şahlar ona kənd bağışlayıb, hətta arvad göndəriblər. Biabırçılıqdır. Bəs bunun əvəzində Nizami edib?

?

Dostu Xaqani həbs olunanda cıqqırını da çıxarmayıb. Soruşan gərək ay Nizami, necə oldu ki, Xaqanini zindana basdılar, sən isə ömrünün sonuna qədər kef-damaq içində azad yaşadın?

Füzuli?

Füzuli onun tayıdır. Özü demir ki, “şair sözü əlbəttə, yalandır”, deməli, yalançı olduğunu   etiraf edir. FüzulininLeyli Məcnun”u  Şekspirin “Romeo Cülyetta”sından plagiatdır. Mən bu barədə yazacam. Dəqiq yadımda deyil on beşinci,ya on altıncı cildimdə.

Axı Şekspirdən əvvəlLeyli Məcnun”u Nizami yazıb.

– Ay sağ ol, deməli Füzuli süjeti Şekspirdən,  qəhrəmanlarının adlarını isə  Nizamidən çırpışdırıb. Axı elə Nizaminin özü bütün əsərlərini ondan-bundan alıb. Qoy bir iyirmi səkkizinci  romanımı bitirim,bu məsələylə ciddi məşğul olacam.

Romanınız barədədir?

Molla Pənah Vaqiflə Molla Vəli  Vidadini ifşa edirəm bu əsərdə. Kimdir Vaqif? Şairliyini  xana xidmətə dəyişən saray məmuru. Saray intriqaları nəticəsində  onu qayadan atıblar, guya ki,dostu olmuş Vidadinin isə heç vecinə   olmayıb, ağlaya-ağlaya  yüz il ömür sürüb. Budur  sovet rejiminin təbliğ etdiyi klassiklər?

Yaxud yubileyinin UNESKO-da qeyd etdiyiniz Mirzə Fətəli. Azərbaycanı işğal etmiş rus ordusunun polkovniki olmuş bu adama  kommunistlər hələ heykəl qoyub. Ya Moskvada təhsil alıb bura Rusiyanın havasını gətirən Zərdabi? Hamısı   sovet təbliğat maşınının xidmətçiləridir. 11-ci pyesimdə  onların da, Sabirlə onun qumar dostu Cəlil Məmmədquluzadənin maskalarını yırtıb əsl simalarını göstərəcəm. Harda müsəlman görürəm qorxuramdeyən Sabir kommunist təbliğatçısı deyildimi? Ya  eləMolla Nəsrəddin”də xalqı biabir edən Cəlil Məmmədquluzadə  müsəlman Usta Zeynalı rüsvay edib erməninin ayağına verir. Biz hələ bu ermənipərəstə böyük yazıçı  deyirik? Hamısı can-başla sovet siyasətinə köləlik ediblər.

Təbii ki,Sovet dövrünün yazıçılarını da qəbul etmirsiniz?

Onlar məgər yazıçıydılar? MənHətərən-Pətərənadlı essemdə göstərəcəm ki, onların bir qismi o biri qismindən danos verib tutdurub. Amma onu da yazacam ki, bunlar onları tutdurmasaydı,onlar bunları tutduracaqdı. Odur ki, hamısı bir bezin qırağıdır.

Sonra da gəlir altmışıncılar.

(ürəyini tutur, valokardin içir)

Aman, aman... Başına söz qəhətdi? Kaş imkanım olaydı, altmışıncıların altmışını da divara dirəyib güllələyərdim, sonra da qanlarını şpritslə çəkib şərbət kimi içərdim.

Bəs onlardan sonra gələn nəsillər?

Bunlar onlardan da betərdi... Əzizim, qardaşım, arkadaşım, karanoy... birdəfəlik qəbul et ki, bizdə ədəbiyyat olmayıb  yoxdu.

Sizdən başqa?

Təbii...

Amma axı ermənilər bunu deyir. İddia edirlər ki, bizim heç vaxt ədəbbiyyatımız olub, mədəniyyətimiz.

Erməni olanda olar, düz deyirlər ...Xalqımız bica yerə demir ki, işinin xətrinə erməniyə dayı de... Sonda  sənə bir sirr açım. Burda   qədrimi yetərincə bilməsələr, əllicildlik küllüyatımı Ermənistanda nəşr etdirəcəm. İndi qalır onu yazmaq. Bu isə mənim səviyyədə istedadçün çətin deyil.

  Haçan  yazacaqsınız?

Sabahdan başlamaq fikrindəyəm.

Hörmətli korifey Mənəm bəy, maraqlı müsahibə üçün təşəkkür edirik.

Bəs bilmişdin? Mən  məgər maraqsız danışa bilərəm? Unutma ki, mən Mənəm.

 

10-11 sentyabr, 2013

 

 

ANAR

525-ci qəzet.- 2013.- 14 sentyabr.- S.22.