Rəsul Rzaya çəp
baxanlara
İstəsəniz,
sarı, qırmızı
qələm tapıb,
Günəş şəkli çəkə
bilərsiz,
bağça uşaqları
kimi.
Sonra o Günəş
xoşunuza gəlməsə,
qara qələmlə
xətləyib,
tikə- tikə
edə bilərsiz.
Ancaq dan yerindən
doğan Günəş
başqadır-
hələ heç
kim
onu qaralaya bilməyib.
Uşaq
olmayın-
ağlınız kağız
Günəşə getməsin.
17.12.2008
ADİL MİRSEYİDƏ
Bilirəm, səhər- axşam,
qəlbinin dərinliyində,
rahat olmağa
bir yer axtarırsan.
Bəzən sənə elə
gəlir ki,
o yeri tapmısan artıq.
Amma hər dəfə də
ruhdan düşürsən-
görürsən ki, bu, sən deyən
o yer deyil.
Yenə
təzədən başlayırsan
bu zülmlü işə.
Biləsən: o yeri
tapmayacaqsan heç
vaxt.
Çünki rahat olacağın
o yer,
hər dəfə tapdığın yerdən
o tərəfdə olacaq.
24.04.2013
Sən
Allah, o tərəfə dur,
nə olar, dinmə- danışma,
məndən heç
nə soruşma.
Sus, mən eləcə,
bu daşın üstündə sakitcə
oturub,
düşünmək istəyirəm.
Sən
Allah, mənə söz
demə-
ömrümü əlimdən
alma!
Nə olar, çıx get,
mən ölmək istəyirəm...
Yox, yox, yalvarıram sənə,
burda yox, get, o tərəflərdə öl!
12.06.13
Heç
vaxt olmadığım
yerlərin
həsrəti çəkir
məni hərdən,
kənddəki doğma
evimiz kimi.
Cavanlığımda rast gəlmədiyim,
könül verə
bilmədiyim
bir qızın məhəbbəti közərir,
ara-sıra qəlbimin
dərinliyində.
Hərdən qulağıma yüz
il sonrakı
yağışların, küləklərin
səsi gəlir.
Bəzən mənə elə
gəlir ki,
ürəyimin uzaq bir küncündən
balaca bir oğlan baxır mənə,
üzü-gözü, elə
bil, uşaqlıq şəklimdir.
29.05.2013
Hər Bakıdan gələndə,
xəstə anasına
söz verər:
“Gələn dəfə səni mütləq
özümlə aparacam,
yaxşı bir həkimə göstərəcəm”.
Anası
da gözlərində
gizli kədər,
baxar onun nimdaş paltarına,
rəngi getmiş
ayaqqabısına,
ürəyi sıxılar.
Hər dəfə də şəhərə,
anasını yox, onun verdiyi
dolu zənbili aparar.
01.05.2013
Bizim mətbəx ola...
gecəyarısı,
Durub çox
ehmalca girişəm çaya.
Sonra da, küçədən
düşən işıqda,
Göz atam axşamdan qalan yazıya.
Bir də görəm, sanki dünəndən acam...
Pendiri çıxaram
soyuducudan.
Sonra da, balaca qızım
demişkən,
Pendirlə çörəyi rahatca udam.
Yaxşı bir siqaret yandırıb həmən,
Durub pəncərəni
yavaşca açam.
Ürəyim atlanıb coşa
sevincdən,
Az qala, ulduzlu göyləri qucam.
Baxam-həyətdəki yaşıl qovaq da,
Elə mənim
kimi xoş ovqatdadır.
Pəncələr üstündə keçəm
otağa,
Görəm – balalarım sakitcə yatır.
Bir az qulaq verəm
nəfəslərinə,Qəlbimə
bir dünya rahatlıq dola.
Düşünəm: “İlahi, min şükr Sənə,
Daha bundan böyük xoşbəxtlik
olar?!”
29.06.2013
Yox, bu isti təkcə avqustluq deyil.
İndi
mən deyim, siz də bilin:
Avqustu iyulun gözü götürmür;
iyul keçib-getsə
də,
həmişə bürküsündən
saxlayır avqusta.
Ona görə, nəfəs almaq olmur
bu ayda.
İyul
min illərdir bu yolla,
avqustdan yaxşı görünmək istəyir
insanların gözündə.
Min illərdir iyulun ucbatından
zülm çəkir insanlar.
Hamı
da elə bilir ki,
avqustdu günahkar.
04.08.2012
“A dağlar,
uca dağlar!”
Bu mahnını hər eşidəndə, bir vaxtlar tez-tez getdiyim Şuşa
yadıma düşür.
Şuşanın daşı ağlar,
A dağlar, uca dağlar!
Gözümün yaşı ağlar,
A dağlar, uca dağlar!
Xarıbülbül xar oldu,
İşi ahu-zar oldu.
Bayquşlara yar oldu,
A dağlar, uca dağlar!
Dağda
dağsız qalmışam,
Bağda
bağsız qalmışam,
Mən var- yoxsuz qalmışam,
A dağlar, uca dağlar!
Mən bir ömür sürmürəm,
Heyf, ölə bilmirəm,
Hanı
Allah, görmürəm,
A dağlar, uca dağlar?
Sarı
bülbülüm susub,
Neynəsin, nə oxusun?
–
Oxuyanda qan qusur,
A dağlar, uca dağlar!
İtib
dünyanın rəngi,
Səsimizin ahəngi.
Niyə
çalınmır “Cəngi”
A dağlar, uca dağlar?
Dərddən şişib ürəyim,
Zəhər olub çörəyim,
Söz qurtarıb,
nə deyim?
A dağlar, uca dağlar!
05.07.2013
Acı zəhər qatar
şirin yuxuma,
Pəncərəmi döyən küləyin
səsi.
Hopar ürəyimə, çökər
ruhuma,
Gecələr küləyin soyuq nəfəsi.
Külək xəbər verər,
sanki ölümdən,
Dünyadan, taledən üzülər
əlim.
Elə bilərəm ki, adım dilində,
Məni soraqlayır bayırda ölüm.
Külək uğuldayar, dam-daşı
döyər,
Acıqdan gəmirər dodaqlarını.
Sanki mən əlinə keçmirəm deyə,
Qırar
ağacların budaqlarını...
Bir vaxt arzularım çiçəkləyərdi,
Gecələr küləyin uzaq
səsində...
Demə
ki, yaş gəlib əllini ötdü,
Külək dəyişərmiş insan gözündə...
28.12.2012
Yazıçı dostum
Zakir Sadatlının xatirəsinə
Dumanlı, çiskinli bir
gecə,
heç vaxt görmədiyim bir çöldə,
sahilləri yovşandolu
bir gölə
bir durna dəstəsi tökülüşər.
Durna səsi suyun səsinə qarışar,
çat düşər
nəhayətsiz çölü
örtən
sükutun sinəsinə.
Yavaş-yavaş yovşan ətri
hopar
durnaların şeh düşmüş belinə...
Zakir, indi gecədir, tək oturmuşam.
İstəyirəm sənə bir şeir yazam.
Otağımda gecənin nəfəsi,
yovşan ətri,
durna səsi,
bir də, qaranlıqdakı suyun işartısı...
07.05.2013
Xalan qızının bibisi,
ya da bibinizin baldızı,
dünyasını dəyişə,
doxsanla yüz yaş arasında.
Qəzetlər sənə başsağlığı
verə
bir həftə dalbadal.
Hamı
görə ki,
nə qədər icra başçısı,
polis rəisi, prokuror dostun var.
Sonra o qəzetləri,
Mirzə
Cəlilin təzə
tapılan
əlyazmaları kimi dəstəçinləyib
yığasan bir yana.
Qoy gələcək nəsillər
bilsin,
bilsin ki, sən, doğrudan da,
böyük adam olmusan.
10.10. 2012
Yolunda hər an ölərəm,Lazım olsa, sənə görə,
üfüqlərə dəyib
gələrəm,
Günəşin ətəyindən sallanıb,
qoymaram batmağa.
Sənə çatmaq üçün
bütün yolları
ip kimi
dolayıb biləyimə,
çevirərəm yumağa...
Heç
kim səni
ala bilməz
əlimdən.
Sənə olan sevgimi görüb,
mənə baş əyər ölüm də.
12.08.2013
Qəribə səsi vardı
Barış Mançonun.
Elə bu səsinə görə
sevirdim onu.
Neçə il əvvəl
dünyadan köçsə
də,
elə bilirəm, ölməyib o;
qəbrinin qırağında
oturub,
ayaqlarını da aşağı sallayıb,
yenə qəribə səsiylə oxuyur
dərvişə oxşayan
kişi.
22.02.2011
ADİL MİRSEYİDƏ
Bir gün Ağdaşda adamlar,
nar ağaclarının
sırasında
bir
zeytun ağacı görəcəklər.
Hamı
təəccüblə baxacaq
ona:
“Zeytun hara, Ağdaş hara?”
Heç
kim bilməyəcək
ki,
zeytun toxumu
sənin kitabından
düşüb
bu nar bağına.
12.05. 2013
Hayıf
deyil yay...
Səma
büllur, günlər
uzun,
hər yan dopdolu işıq-
ruhunda azadlıq,asudəlik...
yaşa ki, yaşayasan.
Yoxsa qış...tez- tələsik
çörək yeyən
əsgərə oxşayır.
Qış, sanki adamı qovur, tələsdirir:
“Bəsdir daha, yaşamağı qurtar” deyir.
Hayıf
deyil yay...
Ən çox sevdiyim qadınla
yayda görüşmək
istəmişəm həmişə-
yayda qadın elə bil,
işıq olur başdan- başa.
Yoxsa qış...ya küləyini gördün,
ya da yonulmamış bir adam-
həmişə qaçmaq
istəyirsən onlardan.
Qış, elə bil, paxıllıq edir-
dünyanın işığını
insanlardan gizlədir.
Hayıf
deyil yay...
Yay- on yeddi yaşında
ağ köynəkdə
çəkdirdiyim şəkildir,
əsgərliyimi başa
vurub,
təyyarəyə bilet aldığım gündür...
Hələ “Ögey ana”dakı
İsmayılın mahnıları...
Kəndimizin avqustuyla
bəhsə girən
anamın ağ samovarı...
Dostlar, yəqin, mən öləndə
gözlərimdə yayın
əksi olacaq.
28.11.2012
Düz ol əməlində, düz ol sözündə,
Dünyada düzlükdən gözəl
nə var ki?
Bir gün deyəcəksən,
Vallah, özün də:
Dünyada düzlükdən gözəl
nə var ki?
İnan,
sərvət orda, dövlət ordadı,
İnsana
ən böyük qiymət ordadı,
Axtarsan,
lap belə, cənnət
ordadı,
Dünyada düzlükdən gözəl
nə var ki?
Düzlükdür ən böyük
şöhrət də,
şan da,
Səni
bəlli edən ad da, nişan
da,
İnsan
gözəlləşir düz
danışanda,
Dünyada düzlükdən gözəl
nə var ki?
Əyrinin yolunda çəpərdi
düzlük,
Yalan qabağında sipərdi düzlük,
Ürəyə işıqdı, təpərdi
düzlük,
Dünyada düzlükdən gözəl
nə var ki?
Düz adam gecələr rahat yatırsa,
Yuxusu şipşirin, şəkər dadırsa,
Allah da düzlərin yanındadırsa,
Dünyada düzlükdən gözəl nə var ki?
25.06.2013
Qorxmaz Şıxalıoğlu
525-ci qəzet.-
2013.- 14 sentyabr.- S.30.