Ana dilimizi
qoruyaq!
"525-ci
qəzet"in Baş
redaktoru, Azərbaycan Yazıçılar Birliyinin
katibi Rəşad Məcidə
Hörmətli Rəşad müəllim,
Sizə salam
və ehtiramımı
bildirir, xoş arzularımı yetirirəm.
Qəzetinizin 11 sentyabr 2013-cü il tarixli sayında Akademik Kamal Abdullanın “Dili korlayan müğənni
və aktyorlar” qeydlərini oxuduqda dilçi olmayan, lakin dili millətin,
vətənin, milli varlığımızın bel
sütunu hesab edən bir vətəndaş
kimi bəzi qeydlərimi bildirməyi zəruri hesab etdim.
Ölkəmizin Prezidenti cənab
İlham Əliyevin iradəsi ilə Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə
uyğun şəkildə
istifadəsinə və
ölkədə dilçiliyin
inkişafına dair Dövlət Proqramının
qəbul edilməsi və onun icrası
üçün görkəmli
alim, Azərbaycan Milli Elmlər Akademiyasının İctimai
və Humanitar Elmlər Bölməsinin akademik katibi Kamal Abdulla başda olmaqla işçi qrupun yaradılması ümid yaradır ki, dilimizə əsassız, lüzumsuz yerə doldurulmuş yabançı sözlər
müvafiq qarşılıqları
ilə əvəzlənəcək,
üslub xətalarına,
yanlış tərcümələrə
və ifadə tərzlərinə son qoyulacaq,
eyni zamanda ana dilimiz zamanın
tələbinə uyğun
şəkildə öz
kökünün üstündə daha
da inkişaf etdiriləcək.
Hörmətli Kamal müəllimin sözünə qüvvət
olaraq demək istəyirəm ki, bu gün dilimizi
korlayan təkcə aktyorlar və müğənnilər deyildir. Ölkəmizdə hər kəsin bu xoşagəlməz və olduqca zərərli halda payı vardır. Dilçi alimlərdən tutmuş sıravi vətəndaşlaradək.
Məsələn elə həmin,
yazıdakı “monitorinq”
və “treninq” sözlərinin məgər
dilimizdə qarşılığı
yoxdur. Yoxlama, nəzarət, təlim
sözlərindən niyə
istifadə etmirik.
KİV-də “başlandı”,
“başladıldı” əvəzinə
“start verildi”, bənzəri,
oxşarı, misli, tayı-bərabəri olmayan
əvəzinə “analoqu”
olmayan və bunun kimi yüzlərlə
yabançı kəlmələrin
işlədilməsi dayandırılmalıdır.
Təəssüf ki, müstəqillik illərində dilimizin vaxtı ilə yerləşdirilmiş lüzumsuz
ifadələrdən təmizlənməsi
prosesi getməmişdir. Yüzlərlə rus sözü ya olduğu kimi ya da
təhrif edilmiş şəkildə gündəlik
danışığımızda kök salıb (zaftrak, obed eliyək,
srazi, uje, kakraz və s.).
Dilçilərimiz xarici ifadələrin qarşılığını təklif etmək əvəzinə özləri
mentalitet, aura, texnologiya,
prizma, dialekt və yüzlərlə belə sözləri televiziya kanallarında işlədirlər, yazırlar. Rus sözləri
işlətmək pis
bir vərdiş halını almışdır.
Fikrimcə qloballaşma (kürəsələşmə)
ilə əlaqədar
sponsor, tender, diler, makler,
prodyusser, aranjeman, rejisor, operator, redaktor, korrektor, montaj kimi dünya dillərindən dilimizə
gətirilmiş xarici
ifadələrin hamısına
uyğun qarşılıq
tapıla bilər.
Məsələn: qonşu İranda
fars dili
çox ciddi şəkildə qorunur ki, xarici sözlər
orada yer almasın. Hətta raket, kosmos,
kosmonavt, kompüter, faks, seminar, konfrans, texnologiya kimi sözlərin belə ümumi rəy sorğusu ilə qarşılıqları tapılıb
müvəffəqiyyətlə işlədirlər. Biz bu şəkildə etməsək, dilimiz İranın Azərbaycan əyalətlərində xalqın
danışdığı türkcənin bir başqa bənzərinə
çevriləcəkdir. Məsələn: Təbriz
radiosunda dinlədiyim kimi “əlan da şenevəndaqane geramilərimizə vərzeşin
ərzeşindən söhbət
edəcəyik”(indi də əziz
dinləyicilərimizə idmanın
əhəmiyyətindən danışacağıq). Buna görə dilimizdə artıq oturmuş, necə deyərlər, vətəndaşlıq qazanmış
sözlər istisna olmaqla müvafiq düzəlişlər edilməli,
vacib olan yeni beynəlmiləl sözlərə qarşılıq
tapmaq üçün
KİV və sosial şəbəkələr vasitəsilə
xalqa müraciət edilməli, həmin sözlərin uğurlu qarşılıqları işlədilməlidir.
Televiziya
aparıcıları və
dəvət edilənlər
örnək olmalıdırlar.
Ulu Öndərimiz
Heydər Əliyev zəngin, məzmunlu, rahat anlaşılan, təsirli, diqqəti səfərbər saxlayan,
əhalinin hər təbəqəsinin başa
düşdüyü canlı
xalq dilində danışırdı. Prezident İlham
Əliyevin azərbaycan
dilində nitqləri,
rəsmi bəyanat və müraciətləri,
yaxud elə adi zamanlardakı işçi danışığı
dilimizin tükənməz
ifadə imkanlarından
və lüğət
ehtiyatından bacarıqla
istifadə etməyin və bunu təqdim
etməyin ən yaxşı örnəyidir.
Lakin, belə yüksək nümunələrə baxmayaraq,
bəzən elə rəsmi şəxslərə
rast gəlinir ki, doğma dilimizdə yalnız görüntü üçün,
necə deyərlər,
“xala xatirin qalmasın” deyə danışırlar.
Fikrimcə, ehtiyac olmadığı halda vətəndaşlarımızın
bir-biri ilə rus dilində danışmağı, uşaqlarını
rus məktəblərinə
qoymaqları və ailələrində rus dilini işlətmələri
dilimizə hörmətsizliklə
yanaşı, hələ
müstəmləkəçilikdən qalmış özünü,
millətini aşağı
tutmaq kimi zərərli təfəkkürün
davam etməsi ilə bağlıdır. Belələri rusca danışmayanlara yuxarıdan aşağı
baxmaqda davam edirlər. Halbuki, öz dilində
danışmağı ar
bilən xəcalət
çəkməlidir. Nahaq yerə Ulu Öndərimiz deməmişdir ki, “öz dilində danışa bilməyən
adam şikəstdir”.
Hörmətli Rəşad müəllim,
bir ədib və qəzetçi kimi yəqin siz də razılaşarsınız
ki, bir sıra
hallarda KİV-də ciddi üslub xətalarına da yol verilir. Məsələn:
“nazirlərin, yaxud futbol komandalarının görüşü baş
tutmuşdur” deyirlər.
Bunlar öncədən müəyyənləşib,
cədvələ salınıbsa,
burada “olmuşdur”, “keçirilmişdir” deyilməlidir.
Əgər uzun cəhdlərdən
sonra bu nəticə əldə edilibsə, o zaman "baş tutmuşdur" deyilə bilər. Bu
gün bütün televiziya kanallarımızın
xəbər verilişləri
"start verildi" və
"baş tutmuşdur"
ifadələri üzərində
köklənmişdir. KİV-də “ölkəmiz” və “dövlətimiz” əvəzinə çox
zamanlar “respublikamız”
ifadəsi işlədilir.
Halbuki
SSRİ tərkibində olduğumuz
zamanlar uyğun sayılan bu ifadənin indi “ölkəmiz” şəklində
işlədilməsi gərəkdir.
Çünki məlum olduğu
kimi Respublika dövlət formasıdır.
Ona görə “Respublikamızın
dağlıq bölgələrində
yağış yağacaq”
ifadəsi əslində
gülməlidir. Bu kimi hallar da
aradan qaldırılmalıdır.
Yekun olaraq ümidvar olduğumu bildirmək istəyirəm
ki, "525-ci qəzet"
müvafiq müzakirə
guşəsi açaraq
dilimizi bugünkü,
ilk baxışda kiçik
görünən, lakin
gələcəkdə islah
edilməsi mümkün
olmayan fəsadlardan qorumaq üçün öz səyini əsirgəməyəcəkdir.
Eynulla MƏDƏTLİ
fəlsəfə elmləri namizədi
525-ci qəzet.- 2013.- 14 sentyabr.- S.9.