Təbabət və insan bədəninin mikroflorası

 

 

Həyat, əhatəsində olduğumuz mühit qarşımıza çıxardığı hadisələr və insanlarla bizə çox şeyi dərk etməkdə,  bir qədər əvvəl müəmmalı qalan suallara cavab tapmaqda heç də az əhəmiyyəti olmayan köməklik göstərir. Aldığımız biliklərlə yanaşı, bu təcrübələr öz növbəsində idrakımızı gücləndirir, zənginləşdirir.

Birbaşa mətləbə keçməmişdən əvvəl uzun müddət məni düşünməyə vadar edən, təbiətindəki sirlərə bələd olmaq sahəsindəki sönməyən maraq, həm də bu yazını qələmə almaqda müəyyən şəkildə səbəb rolunu oynayan bir insan barədə bəzi fikirlərimi bölüşmək istərdim. Onun xatirəsi dostlar, ünsiyyətdə olduğu bir çox adamlar üçün bu gün də əsasən ehtiramla yad edilir. Bir tələbə yoldaşımız səmimiyyəti ilə qəlbləri fəth etməyi bacarırdı. Onda nəsə bir cəzbedici xüsusiyyət var idi, bu da onun başqalarına xidmət göstərməyə  hazır olması ilə əlaqədar idi. Təsadüfi deyil ki, bəziləri onu hətta günün “alter ego” – su, “başqa mən”i hesab edirdi. O, heç yaxın olmadığı adamlara kömək etmək üçün hansısa bir fədakarlıq göstərməyə də hazır idi. Bir sözlə, altruistlərə xas olan bir qaydada istənilən əziyyətlərə qatlaşmaqdan çəkinmirdi.

Lakin elə təsəvvür yaranmasın ki, onu mələk kimi təqdim etmək istəyirəm. Başqaları kimi o da qüsurlardan bütünlüklə xali deyildi. Təbiətindəki hövsələsizlik, bəzən hətta elə bir səbəb olmadan özündən çıxma onun barəsindəki təsəvvürü korlayırdı. Ona xas olan tündməcazlıq, fransız dilində olduqca hədəfi vuran bir idiomda ifadə olunur: s’emporter comme une soupe au lait, hərfi tərcümədə bu “su şorbası kimi qızışan (başqa sözlə, köpüb, daşan)” mənasını verir. Onun da bu xüsusiyyəti, bal dolu çəlləyə bir qaşıq qətran qatmaqla, bu balın dadını və rəngini korlamağa bənzəyirdi. Onun elə bir əsas olmadan hədyanlığı, yaxınlarını da ondan uzaqlaşdırırdı. Onunla olan yaxşı münasibətin üzərindən tez-tez səmum yelləri əsirdi, təəssüf ki, heç bu məcranı dəyişmirdi, çay dənizdə öz mövcudluğunu itirən kimi, onun nisbətən gənc yaşında dünyasını dəyişməsi də yalnız bu konstrastlıq nümayişinə son qoydu.

   Xasiyyətindəki belə qütbvari dəyişikliklərə heç kəs nə cavab, nə izah tapa bilirdi. Yalnız müalicə həkiminin söhbəti bizi bəzi şeylərdən agah etdi. Uzun müddət o, mədə xorasından əziyyət çəkir və bunu çoxlarından gizlədirmiş. Davranışındakı əllaməliklər də yəqin ki, bu fəsadla bağlı imiş. Bu cəhət bizə məlum olduqda, ona güzəştə gedə bilmədiyimizə görə özümüzü qınamağa başladıq. Bəlkə də belə sərt reaksiyamızla onun taleyinə tuşlanan güllənin atılmasının bir müddətə də olsun qarşısını almaq əvəzinə, bu atəşin baş tutmasının və məhvedici olmasının sürətləndirilməsində biz də iştirak etmişdik.

Axı bəzi xəstəliklər, bəlkə də onların əksəriyyəti insanların şüuruna, hissiyyatına təsir etməmiş qalmır, çolaq adamın büdrəmə ehtimalı artan kimi, elə xəstələrin də psixiki durumunda neqativ xassəli dəyişiklik əmələ gəlir, onlar səbirsiz olur, özündən çıxmaq üçün hansısa bir səbəb axtarmağa da elə bir ehtiyac duymur, bu yolla aldadıcı qaydada öz ağrısını azaltmağa çalışırlar. Bəzi xəstələrdə isə sağlam olan yaxın adamlarına qarşı müəyyən paxıllıq hissi yaranır, bu “sağlamları” öz xəstəliyində günahkar sayır,  təxəyyülündə də olsa, onları edama məhkum etməkdə tez ötüb keçən bir təsəlli tapır. Bu zavallılar bilmirlər ki, dünyada tam sağlam adam yoxdur, diaqnostika elə inkişaf etmişdir ki, istənilən fərddə hansısa bir xəstəliyi tapmaq mümkündür. Bibliyanın “Ekkleziast” kitabının müddəalarına müəyyən qədər əsaslanaraq, böyük alman filosofu İmmanuel Kant göstərirdi ki, möhkəm sağlamlığa can atmaq da yaxşı fayda vermir, sağlamlığına tam arxayın olan adamlar bir qayda olaraq yaramaz, əxlaqsız hərəkətlərə yol verirlər.

   Gec də olsa, mərhum dostumuzun “əsəb tutmalarına” müəyyən bir izah tapa bildik. Həm də onunla təsəlli tapırıq ki, onun nəcib xüsusiyyətləri xarakterindəki neqativ cəhətlərə tam üstün gəlirdi. Əgər qədim yunan mifologiyasında dostluq rəmzi sayılan Orest və Pilad həm də yaxın qohum idilərsə, tələbə yoldaşımız tam yad adamlarla dostluq edirdi, əgər Pilad dayısı oğlu Orestə görə, o, məhkəməyə gəlib çıxmasa, edama məhkum edilməyə hazır idisə, mərhum dostumuz başqaları naminə öz üzərinə olduqca ağır yükü də götürməkdən çəkinmirdi. Nələrdən agah olsaq da, onun xatirəsi qarşısındakı qəbahətimizi heç cür özümüzə bağışlaya bilməyəcəyik.

Azacıq dərinə nüfuz etdikdə görürsən ki, təkcə dərk edilən, sistemləşdirilən və müalicə yolları, qismən də olsa bilinən xəstəliklər deyil, həyatın gözə görünməyən ziddiyyətləri kimi, elə amillər mövcuddur ki, biz bunu nəzərə almasaq da, onlar öz fəaliyyətlərini dayandırmır, insanın sağlamlığına, həyat tərzinə bu və ya digər dərəcədə mühüm təsir göstərmək fürsətini əldən vermirlər.

Təbabət XXI əsrin başlanğıcında görünməmiş zirvələrə yüksəlmişdir, xəstəliklərin daha dərindən öyrənilməsi, müayinə edilməsi imkanları yaranmışdır, müalicə sahəsindəki bilik, vasitələr, texniki imkanlar xəstəliklərə qarşı mübarizə arealının genişlənməsinə, müalicənin effektliliyinin artmasına şərait yaratmışdır. Cərrahiyyə, transplantasiya sahəsindəki yeniliklər, terapiyanın zənginləşməsi bu mübarizədə yaxşı qələbələrlə əlamətdar olmuşdur. İndi bədnam xəstəliklər ordusuna qarşı elmi cəhətdən sınaqdan çıxmış, ən mükəmməl texnoloji vasitələrlə silahlanmış təbabət çıxır. Və onun istedadlı nümayəndələrinə ünvanlanan, mühafizəçi mələklərə olan kimi, minnətdarlıq hissi nəcib adamların yaddaşını heç vaxt tərk etmir, bunların çoxluğu isə az sayda olan nankorların etinasızlığını da kompensasiya edir. Elə həkimlər vardır ki, öz uzun müddətli praktikası dövründə üç nəsli müalicə etmələri ilə öyünə bilər, vaxtilə xilas etdiyi uşaqlar sonra ata-anaya, baba-nənəyə çevrilərək, öz övladlarının və nəvələrinin səhhəti ilə əlaqədar olaraq yenə də həmin həkimə müraciət edirlər.

Lakin bu o demək deyildir ki, xəstəliklərə qarşı olan qüvvələr öz qəti zəfərini bayram edə bilər. Əlbəttə, vaxtilə dəhşətli bəla kimi qiymətləndirilən bir sıra infeksion xəstəliklərin yayılmasının qarşısı alınmış, onların müalicəsi daha böyük səmərə verməyə başlamışdır. İndi köhnə epidemiyaların yerini yeni meydana gələn növlər tutur. AİDS və ya qazanılmış immunodefisit sindromu adlanan xəstəlik Afrikanın bəzi ölkələrində az qala XVI əsrdə Avropada “Qara ölümün” – taunun yaratdığına bərabər olan bir qorxu haləsi meydana gətirmişdir. Toyuq və ya donuz qripi adlandırılan, vaxtaşırı yeniləşən və həm də başqa xüsusiyyətli viruslar geniş miqyaslı epidemiya təhlükəsi yaradır. Qloballaşma və adamların geniş kontaktları da öz növbəsində pandemiyanın yaranmasına gətirib çıxara bilər.

Biz öz yaşayışımızda və taleyimizdə baş verən dəyişikliklərə görə məlum olan, dərk etməyə qadir olduğumuz dünyanın təsirlərini nəzərə alırıq. Əgər kənd təsərrüfatı bitkiləri və onların məhsuldarlığı hər şeydən əvvəl təbiətin təsirinə məruz qalırsa, insanlar təkcə təbiətin deyil, həm də cəmiyyətin, dövrün, mühitin təsirindən kənarda qala bilmir. İnsan orqanizmi çox mürəkkəb olduğu kimi, əslində ayrıca planeti andırır və ona təsir edən amillər də saysız-hesabsızdır. Əgər Günəşdə baş verən bir partlayış insanın sağlamlığını müəyyən edən cəhətlərə, onun əhval-ruhiyyəsinə təsir göstərirsə, bizim hələ də bütünlüklə dərk edə bilmədiyimiz amillərin, digər canlı orqanizmlərin təsirini heç cür yaddan çıxarmaq, ən başlıcası, inkar etmək mümkün deyildir. İnsan orqanizmi təkcə hüceyrələrdən – əzələlərdən, oynaqlardan, sümüklərdən, həmçinin bədəni qidalandıran qan damarlarından və onların daşıdığı həyatverici mayedən ibarət deyildir. Əgər hüceyrələrdəki fermentlərin və ya enzimlərin fəaliyyəti dayansaydı, onda metabolizm adlanan maddələr mübadiləsi kəsilərdi. Dar mənada götürdükdə, hüceyrə daxilində müəyyən maddələr ona daxil olan andan son məhsulların, məsələn, zülalların, qlükozaların və sairənin əmələ gəlməsini təmin edən aralıq mübadiləsi mümkün olmazdı. Bu bioloji katalizator orqanizmdə maddələrin çevrilməsini həyata keçirməklə, maddələr mübadiləsini istiqamətləndirir və nizamlayır. Ona görə də hüceyrələrdə olan çox saydakı biokimyəvi reaksiyaları nəhəng sayda müxtəlif fermentlər həyata keçirir. Fermentlərin çoxu canlı hüceyrələrdən alındığına görə ferment preparatlar təbabətdə, yeyinti və yüngül sənaye sahələrində tətbiq olunur.

    Bəzi alimlərə görə dünyada həyat  dörd milyard il bundan əvvəl yaranmışdır və bu Marsda baş vermişdir. Həmin vaxt Marsda oksigen çox idi, Yer səthində isə oksigen çox az idi və həm də quru hissə Yer səthinin 2-3 faizini təşkil edirdi, qalan hissə isə su ilə örtülü idi. Yer üzərində həyatın başlanğıcı kosmosun köməyi ilə baş vermişdir. Kosmosdan gələn meteoritlər özlərilə həytın başlanğıcı hesab edilən mikroorqanizmləri də gətirmişlər. Bu günlərdə( 29 avqust 2013-cü ildə) amerikan biokimyaçısı Stiven Bennerin tədqiqatının belə bir nəticəsi elan olunmuşdur ki, Yer üzərində həyatın mənbəyi rolunu Mars planeti oynamışdır. Marsdan gələn meteoritlər özləri ilə Yer səthinə həyat üçün lazım olan “tikinti materiallarını” gətirmişlər. Üç milyard il əvvəl Marsda mövcud olan həyat hüceyrələri meteoritlər vasitəsi ilə Yer üzərinə gəlib düşmüşlər. Həmin hüceyrələr  Yer üzərindəki bütün canlıların, o cümlədən insanın özünün mənşəyinə çevrilmişdir.

Canlıların bədənindəki kiçik hüceyrələr molekulları saxlayan kisəciklərdir. Hüceyrənin nüvəsindəki molekula amin turşularından ibarətdir. Bu nuklein turşusu və ya bizə DNK ( DNA yaxd da DNT) kimi məlumdur, bu isə dezoksiribonuklein turşusu deməkdir. Nüvə iki yerə bölünür, sonra da hüceyrə özü bölünür. Nüvədəki çöpcüklər xromosomlar adlanır, onlar irsiyyət daşıyıcılarına, başqa sözlə genlərə malikdirlər. DNK insan genomu olmaqla irsiyyət ötürücülüyündə mühüm rol oynayır. Hüceyrənin tarixi əslində həyatın təkamülünün tarixidir.

İnsan bədəni adlanan meşə, həm də onun ətrafı mikroorqanizmlər adlanan “bitkilərlə” doludur, onlar əsasən bir hüceyrəli orqanizmlər olmaqla, bakteriyalardan, mikroskopik göbələklərdən və viruslardan ibarətdir. Mikroorqanizmlər növlərinin nəhəng müxtəlifliyi ilə seçilir. Ağlasığmayan miqdarın tiraniyasının öhdəsindən gəlmək də çox çətindir. Onlar ümumiyyətlə, təbiətdəki maddələrin dövriyyəsində böyük rol oynayır, həm də fermentlər kimi yeyinti və mikrobiologiya sənayesində istifadə olunurlar. Patogen mikroorqanizmlər isə bitkilərin, heyvanların və insanların xəstəliklərini əmələ gətirir. Göründüyü kimi, mikroorqanizmlər insan bədəni üçün heç də hüceyrələrdən geri qalmayan əhəmiyyətə malikdir, lakin həm də bədəndə müəyyən xəstəliklərin yaranmasında rol oynamaqla, onlar müəyyən bir bəla mənbəyi hesab olunur. Buradan belə nəticəyə gəlmək olur ki, mikroorqanizmlər ambivalet – ikili xüsusiyyətə malikdir, insan bədəni üçün həm dostdur, həm də düşməndir.

Ümumiyyətlə, insan bədəni uzun müddət bir sirli aləm olaraq qalmışdı və təbabət sahəsində çalışan dahilər öz təlimləri, icadları ilə bu naməlum dünyanın bir sıra cəhətlərini kəşf edə bilmiş və bu biliklər müalicə işinin sərəncamına verilmişdir.

 

(Ardı var)

Telman Orucov

525-ci qəzet.- 2013.- 14 sentyabr.- S.14.