Baldırğan suyu
(tərcümə)
Görkəmli rus ədibi Varlam Şalamov, bəlkə də,
dünyada yeganə yazıçıdır ki, həyatı
ilə yaradıcılığı tam üst-üstə
düşür. O, keçən əsrin lap əvvəllərində
anadan olub. Keşiş oğlu və yəhudi
olduğu üçün Oktyabr inqilabından dərhal sonra
Sibirə – üç illik sürgünə göndərilib.
Cəzasını başa vurduqdan sonra Moskvaya qayıdıb,
oxumaq istəsə də, siyasi dustaq olduğuna görə sənədlərini
heç bir ali məktəbə verə
bilməyib. Sərbəst kurslara (o vaxt bu sərbəst kurslar
hələ ləğv olunmamışdı – H. Mirələmov)
gedib, ali məktəblərə qəbul
olunmaq üçün təşkil edilmiş müsabiqəni
qazanır, amma bundan xəbər tutan hökumət, Stalin əleyhinə
təşkil olunmuş mitinqdə iştirak etdiyini bəhanə
gətirərək, onu ömürlük sürgünə
göndərir. Orda qaldığı müddət
ərzində müxtəlif hekayələrdən ibarət
“Sibir dəftəri” kitabını yazır. Varlam Şalamov aradan uzun illər keçəndən
sonra – ömür tükənənə yaxın, yəni 1982
–ci ildə bəraət alır və bir qədər
yaşadıqdan sonra vəfat edir. Ölümündən
sonra – 1985-ci ildə- yenidənqurma və aşkarlıq
dövründə yaxın dostlarının təşəbbüsü
ilə ilk kitabı – “Sibir dəftəri” çapdan
çıxır.
Dilimizə
çevirdiyim bu hekayəni, Varlam Şalamovun
yaradıcılığı ilə daha yaxından tanış olmaları üçün, “525-ci
qəzet”in dəyərli oxucularına təqdim edirəm.
Varlam
ŞALAMOV
(Hüseynbala
Mirələmov tərcümə edib)
Üçümüz
də belə bir şərt kəsdik: əgər bizi “Berlaq”a
– xüsusi düşərgəyə göndərməyi qərara
alsalar, intihar edək, məşəqqətli
ömrümüzə birdəfəlik son qoyaq.
Düşərgədəki
hər bir adam fikirləşir ki,
dünyada onun qaldığı yerdən də pis yerlər
var. Və əslində, bu, həqiqətdir. Belə qorxulu
yerlər var və
həmin yerlərə köçürülmək təhlükəsi
hər bir məhbusun başı üstündə daim Domokl
qılıncı kimi sallanır. Ona görə də
düşərgədəkilərdən heç biri heç
vaxt harasa
getməyə can atmır. Hətta xoş ovqat gətirən
yaz yelləri də onların hissiyyatında dəyişiklik
yaratmır. Dəyişiklik – həmişə
təhlükəlidir. Bəli, insanın
“düşərgədə” əxz etdiyi vacib dərslərdən
biri elə budur. Dəyişikliyə, əsasən,
“düşərgə”dəki mühitə bələd
olmayanlar inanırlar. Düşərgədəkilər
isə, dediyim kimi, hər cür dəyişikliyin əleyhinədirlər:
“Yəni, burda nə qədər pis olsa da – orda, tindən o
yanda daha pis ola bilər”.
Odur ki, həlledici məqamda intihar qərara
alındı.
Modernist rəssam Çyurlonisin pərəstişkarı
– Anti həm estonca, həm də rusca danışırdı. Diplomsuz həkim Draudvilas –
Mitskeviç poeziyasının həvəskarı həm
litva, həm də rus dilini bilirdi. Onların
dostu – Tibb fakültəsinin ikinci kurs tələbəsi Qarleys
də iki dildə – latınca və rusca yaxşı
danışırdı.
Beləcə, hər üç pribaltikalı
düşərgədə qərara aldılar ki, intihar etsinlər.
Eston Anti bu Pribaltika hekatombunun beyni idi.
Sözsüz ki, intihar edəcəkdilər. Amma necə?
Məktub yazmaq lazım idimi? Yox. Anti bunun əleyhinə idi. Qarleys
də elə düşünürdü. Draudvilas
isə, əksinə, məktub yazmağın tərəfdarı
idi, lakin dostları onu inandırdılar ki, əgər təşəbbüs
(intihar) baş tutmazsa, onda məktub bir dəlil kimi dəhşətli
ittihama çevrilər, məsələni mürəkkəbləşdirər,
istintaqda izahat tələb edilməsinə gətirib
çıxarar.
Nəhayət, qəti qərara gəldilər ki, məktub
yazmaq lazım deyil.
Hər üçü çoxdan “qara siyahı”ya
düşmüşdü və hər üçünə
gün kimi aydın idi ki, onları “xüsusu düşərgə”
gözləyir.
Draudvilası
“xüsusi düşərgədə”, heç şübhəsiz
ki, bir həkim kimi qəbul etməyəcəkdilər,
çünki litvalı yaxşı xatırlayırdı ki,
hələ burada – adi “düşərgədə” tibb sahəsi
üzrə ona iş tapmaq müşkülə
çevrilmişdi. İndi orda işin tuş
olması real görünmürdü və bunun
üçün möcüzə baş verməli idi. Möcüzə də ki, hər zaman olmurdu. Qarleys də eynən bu cür
düşünürdü. O ki qaldı rəssam Anti – dərk
edirdi ki, onun sənəti hətta aktyorluqdan və yaxud
müğənnilikdən də pisdir və çox güman
ki, “xüsusu düşərgədə” də heç kimə
gərək olmayacaqdı, necə ki, indiyəcən gərək
olmamışdı...
İntiharın birinci üsulu – qaçmaq, nəzarətçi
qaravulçunun gülləsinə tuş olmaq idi. Lakin düşərgədəki
nəzarətçi qaravulçular Bernard Şounun
“Şeytanın şagirdi” pyesindəki kral Geoqun əsgərləri
kimi nişan almaqda o qədər də
mahir deyildilər. Odur ki, bu, çox zaman
yaralanmaqla, sonradan isə yaxşıca kötəklənməklə
nəticələnirdi. Orda heç kimi elə
o dəqiqə – ələ keçən kimi güllələmirdilər
ki, canı qurtarsın.
Qaravulçuların
səriştəsinə, doğrudan da, ümid az
idi və bu variant aradan çıxdı.
Çayda boğulmaq necə? Kalıma lap yaxınlıqda idi,
ancaq indi qışdır, buzu harasından və necə
deşəsən ki, özünü suya təpə biləsən?Bir də, üç metr
qalınlığındakı buzu deşmək də
ağlasığmaz görünürdü.
Yenə özünü asmaq etibarlı idi. Amma harda?
İşdə, ya “barak”da? Elə
bir münasib yer yox idi. Gəlib xilas edərdilər
– həmişəlik rüsvay olardın.Özünü
güllələmək? Məhbusa silah verən kimdi?Silahlı qaravulçuya hücum etmək isə
qaçmaqdan da pisdir...
Petrni kimi
damarını kəsmək də mümkün olan iş
deyildi. Bunun üçün isti su və vanna
lazımdır, yoxsa ömürlük əyri qolla əlil
qalarsan. Qalır təkcə zəhərlənmə
– bir qab baldırğan suyu, ən sərfəli vasitə, ən
qısa yol.
Bəs, baldırğan suyunu hardan tapasan? Axı, onsuz
sianlı kalium əldə etmək qeyri-mümkündür.
Xəstəxana? Aptek?
Əsl zəhər anbarıdır ki!..
Yox, elə bir fincan baldırğan suyu lazımdır ki,
sokratsayağı ölüm qədəhi hazırlayasan...
Nəhayət, baldırğan tapıldı. Draudvilasla
Qarleysin işlədikləri cərrahiyyə şöbəsində
daima ehtiyatda saxlanılan güclü antiseptik.
Draudvilas bu qiymətli şüşəni Antiyə
göstərdi.
Anti dedi:
– Lap
konyak kimidir.
– Hə,
hə, oxşayır.
– Mən
üçulduz yarlık düzəldib ona
yapışdıraram...
... “Xüsusi düşərgə” hər üç
aydan bir öz qurbanlarını aparırdı.
Bu zaman fəlakətdən yaxa qurtarmaq üçün
bir bəhanə ilə mərkəzi xəstəxanada
daldalanmaq mümkün idi. Yox, əgər
daldalanmağı bacarmasan, onda geyinib-keçinib,
borclarını verib, şey-şüyünü
yığıb, elə skamyadaca oturub arxanca gələnləri
səbrlə gözləməlisən. Bu zaman
başına tavan uçmayacaq ki... Sadəcə,
müticəsinə oturub gözləməlisən, vəssalam.
Bir saat,
ya bir gün keçəndən sonra aydın olur ki, sən, həqiqətən
də, “yataba gedənlər”in siyahısındasan və
heç kim səni saxlaya – xilas edə bilməz...
Həə, axır ki, baldırğan suyunun vaxtı gəlib
çatdı.
Anti, Draudvilasdan şüşə butulkanı alıb,
ona konyak yarlıklı yapışdırdı – indi o
artıq öz modernist zövqünü qəlbində “dəfn
edib” realist rəssam olmağa məcbur idi.
Çyurlonisin pərəstişkarının son əsəri
– “Üç ulduz konyak yarlıkı” – təmiz realist
üslubdaydı. Beləliklə, Anti son məqamda öz dəsti-xəttinin
əleyhinə gedərək, realizmə təslim oldu və
düzünü deyək ki, bu ona, mənəvi baxımdan
çox baha başa gəldi.
– Bəs
niyə üç ulduz?
–
Çünki biz üç nəfərik. Bu,
bir rəmz, bir tragik alleqoriyadır.
– Bəs, niyə sən bu
alleqoriyanı belə naturalistcəsinə təsvir etmisən?
– deyə Draudvilas zarafat etdi.
–
Çünki birdən gəlib üstümüzə
çıxsalar, desələr bu nədir, izah edərik ki,
konyakdır, vida münasibətiylə boş konserv qutusunda
içirik.
–
Ağıllı fikirdir.
Və
doğrudan da, qəfil gələn oldu – bu, keşikçi
idi, amma o heç nə hiss etmədi, çünki Anti
butulkanı cəld aptek şkafına qoya bildi,
keşikçi çıxan kimi yenə götürdü.
Anti düzəltmə “qədəhlərə” – konserv
qutularına fenol tökdü.
– Hə, sizin,
sağlığınıza!
Anti içdi, Draudvilas da içdi, Qarleys çeçədi
və ağzındakını udmayıb tüpürdü və
huşunu itirənlərin üstündən adlayıb
özünü su borusuna yetirdi, zəhərli turşudan
yanmış ağzını yaxaladı.
Draudvilasla Anti xırıldaya-xırıldaya yerdə
qıvrılırdılar. Qarleys istintaqda nə deyəcəyini
götür-qoy etməyə çalışırdı...
Qarleys düz iki ay xəstəxanada yatmalı oldu. Nəhayət, yanmış
boğazı sağaldı (uzun illərdən sonra isə o,
Moskvaya – yanıma gəldi; and içib, dedi ki, intihar – faciəvi
səhv idi, mən şkafa gizlincə
“üç ulduz konyak” qoymuşdum, biz, həqiqətən də,
onu içməli və fikrimizdən daşınmalı idik,
sadəcə, keşikçi işləri korladı, Anti səhvən
şkafdan konyak butulkası əvəzinə fenol
şüşəsini götürdü).
İstintaq aylarla uzandı, lakin Qarleys məhkum
olmadı, bəraət aldı. Konyak olan
şüşə isə heç cür tapılmadı.
Əgər, həqiqətən də, o, şüşə
var idisə, kim bilir, kimə “mükafat”
verilmişdi.
Müstəntiq, Qarleysin izahatlarının əleyhinə
deyildi, çünki günah sahibi günahını boynuna
alırdı, əlavə əməliyyata ehtiyac
qalmırdı. Bununla, Qarleys, eyni zamanda istintaqa da ağıllı və
məntiqli bir çıxış yolu göstərirdi.
Draudvilas və Anti isə Pribaltika hekatombasının təşkilatçıları
kimi heç vaxt bilmədilər ki, onların haqqında
azmı, ya çoxmu danışdılar. Amma həqiqətən,
bu mövzu çox çözüldü və çox mətləblərə
işıq saldı.
İllər keçdi. Qarleys öz köhnə
ixtisasını bir balaca dəyişdi, diş protezi ustası
oldu və dediyinə görə, bu peşə ilə
yaxşı pul qazandı.
Qarleys hüquqi məsləhət almaq üçün bu yaxınlarda yanıma gəlmişdi. Onun Moskvada ev qeydiyyatına düşmək üçün icazəsi yox idi. Yalnız arvadının yaşadığı yerdə – Riqada məskunlaşa bilərdi. Dediyinə görə, reabilitasiya haqqında ərizə yazıb və bu barədə Kalımadakı düşərgə dostlarının birindən məsləhət də alıb, əvəzində isə ona skatuizm kimi izah etdiyi bütün gənclik əməllərini danışıb.
Qarleys söhbət əsnasında düşərgə dostundan gileyləndi:
– Mən soruşdum: ərizədə hər şeyi olduğu kimimi yazım? O dedi ki, hə, həqiqəti yaz, heç nəyi gizlətmə. Mən onun dediyi kimi etdim və reabilitasiya ala bilmədim. Dedilər ki, yalnız Riqada yaşaya biləsən. Görürsən, ən yaxın bildiyim dost məni necə güdaza verdi?
– Qarleys, əslində o heç sizi güdaza verməyib. Siz sadəcə olaraq, qadağan olunmuş iş barədə rəy soruşmusunuz. Onun hər hansı başqa bir cavabı ilə nə edə bilərdiniz? Dostunuz fikirləşə bilərdi ki, siz, yəqin, cəsussunuz. Yox, əgər bu fikirdə olmasaydı da, nəyə görə o , risq etməliydi?
Yeganə məntiqli və dürüst cavab yalnız belə ola bilərdi ki, onu da almısınız. Özgə sirri adamın öz sirrindən qat-qat ağır olur.
Şalamov Varlam
525-ci qəzet.-
2013.- 14 sentyabr.- S.29.