Məhəmməd Əmin Rəsulzadə- Əsərləri

 

 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi

 

Transliterasiya redaktorları: professor Şamil VƏLİYEV, elmi işçi Samir MİRZƏYEV

(1917-aprel 1918)

 

IV cild

İcmali-əhval

Rusiya daxilində davam edən həmvətənlər müharibəsi və daxili şurişlər, məmləkətdə ərzaq və çörək məsələsini qayət vəxim bir hala salmışdır. Rusiyada və bizim Qafqazda bilxassə doğrudan aclıqdır. Vladiqafqaz və Zaqafqasiya dəmir yollarında dəvam edən binizamlıqlardan naşi Şimali Qafqasiyadan un və taxıl gətirilmiyor və bu üzdən neçə günlərdir ki, Bakıda və Zaqafqasiyanın bir çox sair şəhər və qəsəbələrində aclıq ah və fəryadı asimana bülənd olmuşdur. Yevlax mövqifinin dağılması, Qaryagində ərzaq anbarlarının talan edilməsi, Gəncə quberniyasının Şuşa, Qaryagin, Cavanşir və Zəngəzur uyezdlərini qayət fəna böhranlı bir halda buraxmışdır. Gəncə quberniyasının mühüm bir qismini saxlayan və onları hər növ ərzaq və mühümmat şeylərilə təmin edən Yevlax mövqifi idi, odur ki, bu mövqif talan və qarət olunduqdan sonra, quberniya əhalisinin qismi-əzəmini təşkil edən bu yol bərəkətlə aclığa məhkum olmuşdur. Bu isə Şuşa bələdiyyə idarəsi rəisi tərəfindən qradonaçalstvo naminə göndərilmiş teleqrafdan aşkardır. Bələdiyyə rəisi şəhərə və uyezdlərə çörək, qənd və neft göndərilməsini xahiş ediyor və əhalinin Yevlax mövqifi dağılmasından və Şimali Qafqasiyadan çörək və ərzaq gəlmədigindən naşi şiddətli üsrət və fəlakətlər keçirməkdə olduğunu bildiriyor.

Qradonaçalstvo bu məsələni müzakirə və halda yardımçı olmaq üzrə Gəncə quberniyasının erməni və müsəlman həmvilayətləri cəmiyyətlərindən neçə nəfər nümayəndə dəvət edərək, onlarla birlikdə tədabir yollarını düşünmüş və bu xüsusda məzkur cəmiyyətlər tərəfindən böyük müavinət və yardım görəcəginə təminat almışdır.

Degil yalnız Gəncə quberniyası, Bakı şəhəri və Zaqafqasiya, hətta Rusiyanın böyük bir hissəsi və o cümlədən Petroqrad şəhəri də şiddətli aclıq çəkməkdədir. Hətta qəzetələrin yazdığına görə acından küçələrdə yıxılıb ölənlər də vardır.

Bu vəqtə kimi Zaqafqasiya Rusiyanın sair yerlərinə nisbətən rahət və asayiş içində yaşamaqda idi. Fəqət son vəqtlərdə milli əskərlər təşkili məsələsi meydana çıxdığından Zaqafqasiyada böyük bir təlaş və binizamlıq asarı görünməkdədir. Zaqafqasiya dəmir yolunda müsəlmanlar tərəfindən rus əskərlərinin tərksilah edilərək sonradan get-gedə böyük müsadimə və tələfata səbəb olan başlıca Zaqafqasiya komissariyatının naməqul siyasətidir. Bunu Bakıdan Tiflisə gedən beynəlfərq istintaq komissiyasının təhqiqatı da kəşf etdi. Yoxsa Zaqafqasiya müsəlmanları degil yalnız ruslar, hətta qomşu millətlərdən heç birisilə sülh və səmimiyyətin pozulmasına razı degil və ola da bilməz. Zira müsəlmanların mənafei sülh və asayişi müraat edərək qomşu millətlərlə daima müttəhid müttəfiq yaşamayı iqtiza edir. Binaənileyh bir parə qərəzkar və müfəttinlərin qomşu millətlər arasına “müsəlmanlar xristianları qıracaq; müsəlmanlar rusları Qafqasiyadan çıxarmaq istiyor” deyə fitnə və şuriş çıxarmaqdan ötrü şayiələr büraxmaları fitnə və fəsaddan başqa bir şey degildir. Böylə şayiələrə qomşularımız əhəmiyyət verməsinlər gərək; zira mətbuat və mitinqlərdə bu şayiələri biz müsəlmanlar dəfaətlə təkzib etdigimizdən əlavə bu şayiələri qüvvətləndirə biləcək bir hərəkətin tərəfimizdən baş göstərdigi yoxdur.

Bolşevik hökumətinin son nəşr etdigi əmrnamələr Rusiya əhvali-ictimaiyyəsində böyük təbəddülat vücuda gətirməkdədir. Bu əmrnamələrdən birisi bankların, digəri ticarət donanmasının milliləşdirilməsinə aiddir; bolşevik hökuməti məmləkətdə ictimai inqilab yapmağı özünə şüar etdigindən, bütün bankları və ticarət paraxodlarını Şura Cümhuriyyəti hökumətinin xüsusi malı ədd ediyor. Ticarət paraxodlarından yalnız həyati-adiyəyə xidmət edərək məknət və sərvətsiz bir şəxsə, yaxud müştərək bir dəstəyə mütəəlliq olan bu qanundan müstəsnadır. Rusiya həyati-ictimaiyyəsində böyük qarqaşalıq törədəcək son əmrnamələrdən birisi də imdiyə kimi Rusiyada işlənən Yulian təqvimi (tarixi) əvəzində Avropa dövlətlərinin əksərində tətbiq olunan Qriqoryan tarixinin tətbiq olunmasına dair sadir olan əmrnamədir. Məlum olduğu üzrə Yulian tarixi imdiyə kimi yalnız Rusiyada və Qriqoryan tarixi sair Avropa məmləkətlərində tətbiq olunuyordu.

Əski və yeni təqvim arasında 13 gün fərq var. Ona görə bu xüsusda ruhanilər arasında böyük mübahisə və ixtilaf düşə bilər; zira rus bayramlarında təbəddülat vaqe olacaqdır.

Bolşevik hökumətinin daxili həyati-ictimaiyyəyə aid əmrnamələrindən başqa, əcnəbi dövlətlərə aid əmrnaməsi dəxi vardır. Bu əmrnamədə əski Rusiya hökumətinin gərək əcnəbi dövlətlərdən və gərək daxili məmləkətdən əqd etdikləri bütün istiqrazların ləğv və batil ədd olunmasına aiddir. Bu əmrnaməyə görə daxili istiqraza on min manatdan ziyadə yazılanların pulları hədər getmişdir. On min manata qədər yazılanlar isə əllərindəki kağızları verib adlı şəhadətnamə və xəzinənin rəsmi iltizamnaməsini ala bilərlər; təbiri-digərlə bu kimi adamların yollarının tələf olmayacağına və bunları dövlət xəzinəsi qaytaracağına xəzinə zəmanət veriyor.

 

“Açıq söz”, 2 fevral 1918, ¹671

 

 

 

Vəxim – qorxulu, dəhşətli, təhlükəli

Mövqif – stansiya

Bərəkət – çoxluqla

Üsrət – çətinlik; ehtiyac

Müraat – gözləmə, riayət etmə

Mütəəlliq – asılı, bağlı, aid

 

 

 

Rəfi-iştibah

 

“Novbahar” qəzetəsinin 86-cı nömrəsinə cavab

 

 

 

“Müsavat” nədir?

“Müsavat” Qafqasiya Azərbaycan türklərindən təşkil olunmuş siyasi bir firqə olub möhkəm və mətin bir proqrama daradır. Mərkəzi Bakıda, şöbələri isə bütün Rusiyada və qeyri məmləkətlərdədir.

“Müsavat” nə diyor?

“Müsavat” diyor: bütün millətlər öz müqəddəratlarını təyin etməgə muxtardırlar.

“Müsavat” diyor: bütün millətlərin öz müqəddəratlarını təmin etməgə həqləri vardır.

“Müsavat” diyor: gərək cəhangirlik zənciri kəsilsin.

“Müsavat” diyor: necə ki, insan əfradı bir arzu və amala daradır, haman tövr də bir millət arzu və amala dara olmaq istiyor.

Pəs lazım degil ki, zəif millətlərin tərəqqi edib amal və arzularına çatmalarının qabağına sədd çəkib onların siyasi və ictimai tərəqqilərinə mane olsunlar.

“Müsavat” diyor: bütün millətlər özlərinin meyl və arzularına görə öz vətənlərini, evlərini idarə etməgə və öz səliqələrilə onlara bəzək və zinət verməgə haqlıdırlar.

“Müsavat” diyor: bəşəriyyət aləmi bir bağdır ki, haman bağda bütün millətlər özlərinə məxsus bir baxça ayırıb o bağçada özləri üçün rəngbərəng ədəbi, tarixi və ictimai güllər əkib özlərinin varlıqlarını bildirməlidirlər.

Heç bir millətə demək olmaz ki, bəşəriyyət aləmindən xaric olub bu bağda özünəməxsus baxça tutma.

“Müsavat” diyor: bəşəriyyət aləmini təşkil edən millətlərin biri də Qafqasiya Azərbaycan türkləridir. Azərbaycan türkləri də bəşəriyyət gülüstanında özlərinə məxsus bir baxça ayırıb Rusiya istibdadının zülm pəncələri altında məhv və nabud olan mədəni, ədəbi, ictimai və siyasi güllərini əkib özlərinin də varlıqlarını bütün dünyaya bildirmək istiyorlar.

“Müsavat” diyor: bütün islam millətləri hazırki vəqtdən istifadə edib gələcəkdə avropalılara qul və əsir olmamaq üçün öz milli və siyasi həyatlarını təmin etsinlər.

“Müsavat” diyor: islam aləmi bir ev mənziləsindədir ki, haman evdə islam millətləri hərənin özünə görə məxsusi bir otağı var və bu islam millətləri öz əxlaq və adətləri mucibincə özlərinin otaqlarını təməddün və ədəbiyyatları ilə zinət və tərtib verə bilərlər.

O evdə qardaşlar biri-birisinin otağına müdaxilə etmək həqqinə malik degildir. Fəqət bu evi mühafizə etməgə bu evdə yaşayanların cümləsi borcludur. Hərgah bu evə xaricdən bir sədəmə və yainki bir qeyrisinin təcavüzi təhlükəsi olsa, bu evi müdafiə və mühafizə, ətrafdan gələn bəlaları rəf etmək cümləsinin borcudur. Daha deməsinlər ki, mana məxsus olan otaq səlamət qalsın, qeyrilərini dağıdıb talan edirlərsə də etsinlər, mənə dəxli yoxdur, xeyr!

 

“Müsavat” nə istiyor:

“Müsavat” bütün Avropa hökumətinin zülm və məşəqqət zənciri altında yaşayan və özlərinin milli və ictimai həyatlarına vida etmiş olan bütün islam millətlərinin azad olub hürr yaşamalarını arzu ediyor.

“Müsavat” İran dövlətinin tamam istiqlalına nail və qüdrətli bir dövlət olub tərəqqi tapmasını xahan və arzumənddir.

“Müsavat” Bakı, Gəncə, İrəvan və qeyri əyalətlərdən ibarət olan Qafqasiya Azərbaycanı üçün muxtariyyət və istiqlal istiyor.

“Müsavat” Türküstan, Qırğızıstan, Başqırdıstan, Krım və İdilboyunda yaşayan tatar qardaşları üçün muxtariyyət tələb ediyor.

“Müsavat” Rusiyada yaşayan bütün islam milləti üçün əgər məhəlli muxtariyyət mümkün olmasa, milli və mədəni muxtariyyət tələb ediyor.

Bəli: “Müsavat” yuxarıda zikr olan məsələləri diyor və istiyor!

“Novbahar” qəzetəsinin möhtərəm müdiri Məliküşşüəra nə demək istədigini bilmiyoruz! Lakin bu qədər bizə məlumdur ki, Məliküşşüəra cənablarının müdiriyyətilə nəşr olunan “Novbahar”ın 86-cı nömrəsində Qafqasiya Azərbaycan türklərinin bəşəriyyət aləmi gülüstanında özlərinə məxsus baxça tutub orada özləri üçün mədəniyyət gülləri əkməgə ixtiyarları olmadığını bildiriyorlar.

Möhtərəm “Novbahar” müdiri diyor: Qafqasiya Azərbaycan türklərinin islamiyyət evində özlərinə məxsus otaq tutmağa həqləri yoxdur: məgər inke özlərinə məxsus olan bu otağı bizə, yəni İrana, yainki Osmanlı türklərinə ilhaq edələr. Vəlainə sabiqki qərar üzrə imrari-həyat etməlidirlər.

Əcəba: biz Qafqasiya Azərbaycan türklərinin arzuları əksinə olan bu qədər məhəbbətsizlik haradan nəşət etmişdir?

“Müsavat” islam aləminin mərzəsində ittihad toxumu səpdigi zamanda böylə məna və imkanlara rast gəldigi acınacaq bir haldır. Təəssüflər! Təəssüflər!

“Novbahar” özünün bir səhv və iştibahı ilə bu müqəddəs toxumları öz səhifəsində puç edir! Bütün bizim bədbəxtliklərimiz cəhalətdən naşıdır. Əlbəttə, bir vəqt gələcək ki, “Novbahar” müdiri özünün tutduğu və yazdığı şeylərdən peşiman olub öz vicdanı yanında məsul olacaqdır.

 

“Novbahar” diyor ki: bizi təcəlli ediyorlar.

 

“Müsavat” firqəsinin məslək və proqramına büsbütün zidd və müxalif olduğu üçün biz bunu ciddən təkzib ediyoruz. Yuxarıda zikr olunduğu kibi “Müsavat” firqəsi İran dövlətinə və onların hüququna təərrüz və təcavüz edən dövlət və ya millətin böyük bir düşmənidir:

Budur ki, “Novbahar” müdiri möhtərəm Azərbaycan adından nahaq xof və dəhşətə düşmüşdür. Hərçəndi “Açıq söz” qəzetəsində Məhəmməd Əmin Rəsulzadə cənabları “İrşad” qəzetəsinin yazdıqlarına cavab olaraq bəyanat vermişdilər və bu bəyanatı “Rədd” qəzetəsi tərcümə və inşa etdikləri üçün nəzərimizcə bir şübhə yeri qalmamışdı.

 

Bununla bərabər təkrar ediyoruz, Azərbaycan yüz on il bundan qabaq havayi-ruzigardan təqsim olundu və Araz çayının Şimal tərəfində olan qitələri rus aldıqdan sonra Azərbaycan adını götürüb Zaqafqasiya adlandırdılar ki, Məvarayi-Qafqaz olsun.

“Açıq söz”, 2 fevral 1918, ¹671

 

 

 

İştibah – səhv, yanlış

Dara – sahib

Nabud – yox

Təməddün – mədəniyyət

Xahan – istəyən

Mərzə – sərhəd, hüdud

 

 

 

Bakı bolşeviklərinin

kadetlərə “təslimi”

 

 

 

Bu gün Bakının siyasiyat səhnəsində qərib bir hailəyi-məzhəkə (tragi-komediya) tamaşası oynanıyor. Bolşeviklik, bir ilə qədər kadetlərlə boğuşmuş olan bolşeviklik, bu gün kadetlərə, daşnaklara, menşevik və sairlərə təslim oluyor, kapitulasiyon ediyor. Hailədir, onunçün ki, bolşeviklik istər nə səbəblə olursa-olsun, kadetlərin, daşnakların hüzuri-qələbəsində bayrağını endirərək təslim oluyor. Bütün şüarlarilə, bütün bir sənəlik müddəa və dühullarilə, bütün mübarizə və qanları ilə müxaliflər ayağına kəndini qurban ediyor. Məzhəkədir, onunçün ki, kadetlər və daşnaklar bolşeviklərlə fikirdə, sözdə öpüşüyor, qucuşuyorlar.

Bu gün kənar sol partiya başçıları nümayəndələri kənar sağ partiya başçıları, vəkillərinə əl verib əl sıkışıyorlar. Yəni bolşeviklik – kadet, daşnak və sairlərlə bir çalğıyı çalıyor, bir şərqiyi oxuyor, bu günə qədər biri-birini boğmaqda olan bu iki cərəyan müməssilləri hal-hazırda məclislərdə bir sözü söylər, bir qərarə səs verir, bir mətləbi təsdiq edər oldular. Bu gün bunların naşiri-əfkarı olan mətbuat biri-digərinin fikrini təqviyə və təkid edər. Biri-digərindən mütalimə və fikirlər iqtibasla kəndi fikirlərini də onlara qoşar və bu surətlə təzvici-əfkar elərlər.

Bu uyuşma və anlaşma hər nə qədər zahirdə kadetlərin, daşnakların bolşevikligə bir güzəşti (ustupka) kibi görülürsə də, həqiqət halda bütün mənasilə bolşevikligin müxaliflər hüzurunda bayrağını endirib təslimi və bütün-bütününə iflas və şikəst etməsidir. Çünki bunlar bolşeviklik şüarları üzərinə birləşməyib yalnızdan-yalnız kadetlik və daşnaklıq amalları naminə əqdi-vəfaq ediyorlar.

Bakı kadetlərinin müvərrici-əfkarı və eyni zamanda erməni millətçilərinin qəhrəman şücaətşarı olan “Baku” səhifələrində həftələrdən bəri ortada böylə bir uyuşma və anlaşma amalları hüsulinə zəmin hazırlayan və bəlkə də artıq bunun hasil olduğuna dəlalət edən əlamətli yazılar görülməkdə bulunuyordu.

Bu günə qədər bolşevik partiyalarını sögə bildikcə sögüb-sayıb, onların başçılarilə qeyri-təlaq qeyri-təlağə gələn, ya ölüm, ya dirim – deyə boğuşan “Baku” qəzetəsi nə oldu da birdən-birə havasını dəgişdirib, bolşevik mətbuatı ilə həmavaz olmağa və onların çaldığı havalara ahəngdaş olub, onlarla eyni şərqiyi oxumaya başladı – sualı xatirlərə gəliyordu.

Bunun əlbəttə, mühüm bir nöqtəsi olduğu məlum idi. Çünki birdən-birə vaqe olan pək ziyadə əmmarəli bir hal idi. Həm bu günlərdə bunun əsl mənası da, nöqtəsi də zahir oldu.

Son günlərin məclislərində söylənən sözlər və fikirlər bütün bu hikmətlərin iç üzünü tamamilə açıyordu. Yuxarıda zikr olunan partiyalar təntənəli bir surətdə əl-ələ verib işə girişdiklərini bildirdilər.

Fəqət bunlar nəyin ətrafında birləşdilər? Hanki siyasət yürütməgə bilaittifaq səslərini bir etdilər?

Bakının və bütün Qafqazın müsəlman, gürcü, erməni və rus demokratiyası bundan xəbərdar olmalı, bu günə qədər özlərini əmələ, kəndçi və soldat mənafeinin müdafei adlandıran başçıların bu dəfə nəyə təşəbbüs etdigini bilməli və imdiyə qədər burjua, əksinqilabçı, millətçi və sərmayəçi və daha kim bilir nə qədər ləqəblərlə damğalanıb tam bir sənə boğuşduğu güruhlarla bu gün nədən ötrü bir sözü söylədigini və nə üçün bunların ayağına bayrağını endirdigini iş başında olanlardan soruşmalıdır.

Məlum ki, bolşevik hökumət adamları və onların vilayətdəki orqanları Kadet partiyasını “xaric əz qanun” elan etdi və xəlq düşməni deyə millətlərə elan elədi. Menşevikləri, hakəza yalançı sosialist və kadetlər quyruğu adlandırdı, daşnaksütyun partiyasını – bunlardan daha bedtər mütəəssib millətçidir – dedilər. Bolşevik partiyaları və onların məhəlli qəzetələri bu güruhların cümləsilə şu qədər aylardan bəri sögüşdülər, dögüşdülər, bir-birinə verilməyən nam və ləqəb qalmadı. Şimdi nasıl oldu da bunların cümləsi birdən-birə tövhidi-lisan elədi və hanki bir məsələ üzərində birləşdilər?

Məlum ki, kadetlər bolşevik partiyası ilə, yəni kəndçi və əmələ nümayəndələrilə əl-ələ verib sinif mübarizəsinə girişmiyəcəklər, kapitalistlərə qarşı amansız müharibə açmayacaqlar. Eynisilə daşnaqsütyun partiyası da beynəlmiləlçi demokratiya ilə bir amal və məqsədin arxasından mübarizəyə getmiyəcək və bunlardan daha ziyadə bolşevikləri “vətənsatıcı” adlandırmış menşeviklər də onların mənfəəti naminə ittifaq edib mövqeini buraxmayacaq.

Böylə olan surətdə hankı məsələ üzərində hərəkətləri uydurmaqla siyasi “blok” hasil oldu?

İştə, Qafqasiya demokratiyasının və bilxassə müsəlman demokratiyasının cəvabını bilmək istədigi və bilməsi vacib olan məsələnin can alacaq nöqtəsi buradadır. Burasını mülahizə edərkən biz biliyoruz ki, hali-hazırda kadetləri, menşevik və daşnakları bolşeviklərlə bir nöqtəyə toplayacaq yalnız iki maddə ola bilər: bunlardan biri “milli mübarizə”, ikincisi də “sonuna qədər hərbə dəvam!” şüarıdır. Onlar heç bir vəchlə bu şüardan əl çəkəcək degil və yalnız bu uğurlarda başqa məslək ərbabilə birləşə biləcəkdir. Binaənileyh, bunlarla “blok yapan” bolşeviklərin də mütləq bu iki maddənin birini və ya ikisini bəyan etmiş və yalnız bu şüarlar ətrafında onlarla birləşə bilmiş olmaları ehtimalı qalır.

Böylə olan surətdə, əcəba, “millətlərin qardaşlığını” elan edən və “bilatəxir sülh istəyiriz!” sədalarını yüksəldən və bunun üçün şu qədər fədakarlıqlara qatlanan demokratik təbəqələrin, xüsusən bolşeviklik cərəyanına mənsub olan əmələ və kəndçilərin mənfəətləri kadetlərin mənafeilə birləşə bilərmi? Bu qədər müddət zərfində tökülən qanlar və şu qədər verilən qurbanlar azmıdır ki, bir daha bu gün kadetlərin mənafei uğrunda bu qanlara boğulmaq təşəbbüsləri görülsün? Bu qanları kim bilir daha nə qədər dəvam etdirməkdə Qafqasiya demokratiyası mənfəətdarmıdır?

İştə, bu məsələyi məzkur Qafqaz millətlərinin demokratiyası özü həll etməlidir. Bu demokratiya, kəndisinin qarşısına hazırlanan təşəbbüslərin nədən ibarət olduğunu gözəlcə hesaba almalı və anın namindən kəndisinə daha nə qədər qan həmlələri tərtib edildigini bilməlidir.

Bu qədər zəmandan bəri dəvam edən qanlı kabus pəncəsində boğulub da acından ölmək dərəcəsinə gəlmiş olan demokratiya qətiyyən böylə siyasi dolablara qurban ola bilməz. Qarşısına hankı oyunlar hazırlandığını gözəlcə dərk edərsə, onları dəf etməyə və bu oyunları hazırlayan adamları hesaba çəkməyə onun güci çatacaqdır. Qafqaz və xüsusən Bakı demokratiyasının mənafei məzkur partiyalarla birləşib də onların önündə bayrağını endirərək təslim olmaqda degil, bu günə qədər dəvam etdirdigi sülh siyasətində sabitqədəm qalıb, nə olursa-olsun, sülhi vücudə gətirməkdədir. Artıq maskalar açılmışdır. İş başında olanların bu gün kimlərlə və hankı firqə və güruhlarla bir sözü söylədigi və nə surətlə demokratiya mənafeini qurban etməgə tədarüklər görüldügü meydandadır. Xəlqin gözü-başı açıq və ayıq olub, ayağı altına hiyləgəranə qurulmuş tələ və torlara (duzaq və dama) düşməməlidir.

Demokratiyanın əsl məqsədi və şüarı kadetlərin özlərilə və onlara bənzər əksinqilab və əkshərəkət güruhlarilə mübarizə etməkdən ibarət ikən, iş başında olanlar biləks, anın gözünü yalandan uydurma dumanlarla pərdələyib kadetlərlə əlbir olaraq milli mübarizələr meydanına soxulmaq istiyorlar. Kəzalık mərkəzi bolşevik hökuməti Türkiyə ilə sülh imza etmiş olduğu halda, “müharibəyə dəvam!” şüarilə milyonlarla demokratiya təbəqatını qanlara boğmuş kadetlərə quyruq olub yeni başdan kim bilir daha nə qədər qan və qurban meydanları açmaq üçün tədarüklər görüyorlar. Dörd ildən bəri sülhə susanmış demokratiya birdəfəlik bunlara “dəf ol!” sədasını eşitdirməli. Bu günə qədər əksinqilabçı, kapitalist, burjuy və filan deyə boğaz-boğaza gəldigi firqə və güruhlarla bir mənada söz söyləmək demokratiya üçün faciəli bir təslim, bir bayraq endirişi olduğu kibi, yalnız kadetlər üçün bir məzhəkə tamaşası təşkil edəcək və şübhəsiz hər şeydən əvvəl “bu tamaşanın” qanlı hailəsi (tragediyası) oynanacaqdır. Məzhəkəsi pərdəsində meydana çıxan yalnız kadetlər və sair hürriyyət və demokratiya düşmənləri olacaqdır.

Bir sənə dəvam edən bu qədər qovğa və davalardan sonra da “sülh!” yerinə “hərbə dəvam!” şüarı ilə kadetlərə səsdaş olmaq və “sinfi mübarizələr!” yerinə də “millətləri millətlərə saldırış!” havasına çalğı çalmaq demokratiya üçün faciəli bir təslim təşkil edər və bütün bu qədər gurultuların nə qədər mənası olduğunu dəxi göstərir hallardandır.

 

 

 

Demokrat

“Açıq söz”, 6 mart 1918, ¹697

 

 

 

Hailə – tragediya

Dühul – təbil

Şikəst – məğlub olma

 

Əqdi-vəfaq – uzlaşma bağlantısı

Hakəza – bunun kimi, beləcə

Kəzalık – eləcə, onun kimi

Əmmar – əmr edən, çağıran

 

 

 

“Müsavat”dan Rəsulzadənin istefası yalandır

Son günlərdə “Müsavat” nümayəndələrindən Məhəmməd Əmin Rəsulzadə cənablarının Zaqafqasiya Seymindən istefa verdigi həqqində bir xəbər çıxmışdır. Aldığımız mövsuq (mötəbər) və mühəqqəq xəbərlərə görə Məhəmməd Əmin əfəndi hal-hazırda sülh murəxxəslərilə bərabər Trabzondadır və Seym əzalığından istefa verməmişdir.

 

“Açıq söz”, 13 mart 1918, ¹700

Mühəqqəq-doğruluğu

müəyyən edilmiş

Murəxxəs-vəkil, müvəkkil, səfir

 

 

 

(Son)

Şirməmməd HÜSEYNOV

525-ci qəzet.- 2013.- 14 sentyabr.- S.26-27.