Yıldızlar yaratdı şəfəqlərindən
Fəlsəfə
doktoru, “Ədəbiyyat qəzeti”nin baş
redaktor müavini, Əməkdar mədəniyyət
işçisi, Hüseyn Cavid mükafatı laureatı Azər
Turanın 50 yaşı tamam olur. A. Turan Bakıda, Moskvada,
İstanbulda nəşr olunmuş onlarla kitabın, yüzlərlə
məqalənin müəllifidir. Azər Turanın
yaradıcılığı barədə müxtəlif illərdə
Bəxtiyar Vahabzadə, Bəkir Nəbiyev, Turan Cavid, Anar, Camal
Mustafayev, Xəlil Rza Ulutürk, Söhrab Tahir, Məmməd
Aslan, İsa Həbibbəyli, Zəlimxan Yaqub, Vaqif Bayatlı
Odər, Nizaməddin Şəmsizadə, Nizami Cəfərov,
Səlahəddin Xəlilov, Bəhlul Abdulla... kimi elm və ədəbiyyat
xadimlərimiz fikirlərini bildiriblər.
On il öncə qələmə alınsa da,
oxuculara indi təqdim olunan bu yazı isə mərhum Mehdi Bəyazidindir.
“Yıldızlar yaratdı şəfəqlərindən”
Mehdi Bəyazidin son yazılarındandır. Bəlkə də son yazısıdır. M. Bəyazid
bu esseni yazanda Azər hələ “Cavidnamə”, “Əli bəy
Hüseynzadə”, “Xalid Səid Xocayev”, “Darülmöminin”,
“Alp Ər Tonqa”... kitablarını yazıb nəşr etdirməmişdi.
Hüseyn Cavid əsərlərinin ilk Türkiyə nəşri
hələ meydanda yox idi...
Mehdi Bəyazid
Tanrının cəlalına min
şükür, artıq mənim də dost eşqinə
ilahilər oxuyub, Günəşə göndərməyimin
zamanı yetişməkdədir. Ömrün o
başındakı on yeddi yaşımın qara sevdası məni
varılmaza göndərəndə elə bilirdim ki,
gülü dirildirkən Ayı qaçırtdım — amma
qaçırtmamışam, sən demə! Budur,
gəlir, gəlir, mənim ruhumun ədəli-dədəli
kitabları artıq Tanrı rizasıyla bir-bir gün
işığına, Ay nuruna gəlir.
“Əbədi
Turan”
Həm sənət aləmində, həm həyatda yetərincə
bizlərə böyük qardaşlıq eləmiş Vaqif
Bayatlının giriş sözündəki snayper atəşindən
sonra Azər Turanın bu kitabının gerçək mahiyyəti
barədə əlavə söz demək mümkün deyil. Bayatlımız deyir: “Mən
bu kitabı oxucu kimi başladım, quş kimi bu kitabı
uçdum, sonunu ruh kimi başa vurdum”.
Kitabdakı mətnin klassik magiyası bu əsərin
etiraf olunmasına artıqlamasıyla bəraət
qazandırır.
Amma mən bu iftixarı sizinlə bölüşmək,
bu günkü durub-toxtamış, sanballı-saytallı Azər
Turan barədə yox, ayların-illərin
uzaqlığında qoyduğum o yaşılca şahzadədən
bəhs etmək istərdim. Sovet ideologiyasının bic
doğulmuş balası vulqar sosialogizmin heç də səngimək
fikrinə düşmədiyi səksəninci illərin sonunda
“Gənclik” jurnalının növbəti saylarından birində
pakistanlı fizik Abdus Salam barədə verilmiş material məni
öz hünərli mükəmməlliyilə
doğrudan-doğruya mat qoydu. Forma və məzmunun
ideal harmoniyası, mətnin doğurduğu estetik həzz, mələk
şəhadəti ilə ipəyə düzülmüş
sözlərin qiyamət plastikası, nəhayət, Evklid
sisteminin formal məntiqinə sığışmayan
metafizikası ruhumu asimana qaldırdı. Bizim mənfur
gerçəkliyimizin bataqlığında bu adam
necə yetişə bilmişdi? Hardandı
ondakı bu qaim-qədim irfanilik duyğusu? Azər Əbilov — o yaşıl budağın,
yaşılca şahzadənin imzası ürəyimin
başında necə həkk olundusa mən sonralar onu heç
vaxt unuda bilmədim. Çünki Azərin təfəkkürünün
sərçeşməsi dünəndən, srağagündən
deyil, qərinələr arxasındakı yüzilliklərdən
süzülüb gəlir və onun çarpıcı özəlliyində
milli idrakımızın fəzilət ərkanlığı
məxsusi qeyd edilməlidir ki, bu da öz növbəsində,
heç şübhəsiz fitrət deməkdir – fitrət!
... Odur
ki, bütün bəsirətli göstəricilərinə
görə içimizdə məhz Azər birinci olaraq Əbədi
Turana gedib çıxıb genetika dedikləri o qan
yaddaşının mükəmməl və mükəddər
zəfərini bizimlə paylaşmalıydı:
“Turanlılarız, can veribən şan alırız biz”.
Bu kitab ayrılıqda götürülmüş tək
adamın deyil, yox, bu kitab özünü təmkinli ləyaqətlə
qurub-yaratmış orkestr – adamın işidir. Azərin
yaradıcılıq təbiətinin bənzərsizliyinin ədəbi
aləmdə çaşqınlıq yaratmaması
üçün onun fitri qabiliyyətini düzgün səciyyələndirmək
lazımdır. Azər təkcə
jurnalist, təkcə publisist, təkcə ilahiyyatçı,
təkcə tarixçi və tədqiqatçı deyil.
Azər qələminin ucuna quzu balası kimi öz
ayağıyla gələn müxtəlif elmi sahə və
janrlardan yüksək professionallıqla yararlana-yararlana
heç bir janrın hüdudlarında qapanıb qalmayan,
üslubunun çevik və tutumlu metaforikliyi ilə istənilən
bədii və qeyri-bədii informasiyaya səmavi
yüngüllüklə can verməyə qabil olan, xüsusi
mövcudluq modusuna arxalanan geniş diapazonlu kulturoloqdur. Məhz kulturoloq. Sonsuz yaradıcılıq təşnəsilə
həmişə fundamentallığa can atan kulturoloq.
“Əbədi Turan”, böyük hesabla götürsək,
insanlardan üz döndərib getmiş fövqəlbəşər
poeziyanı təzədən insanlara qaytarmaq cəhdidir. Olduqca
iztirablı, olduqca ağrılı cəhddir. Hüseyn
Cavid əfəndimizin həyat, məhəbbət və
ölüm mehvərində konsentrik çevrələr
cıza-cıza dairəni gah bəşəriyyətin
dansöküləninə qədər genişləndirib, gah
da sırf ailə-məişət çərçivələrinədək
kiçildən bu kitab içli təlatümlərinin
konsentrasiyası ilə necə dərin iftixar doğursa da,
eyni zamanda, öz məğzi-mahiyyətilə məni dəhşətə
gətirməyə bilməzdi, çünki biz Cavid əfəndinin
və Cavid əfəndilərin şəxsində təkcə
ünlü sənətkarları deyil, bir daha geri
qayıtmayacaq bütöv bir sivilizasiyanı, qlobal təfəkkür,
möhtəşəm bir idrak sistemini qəhr edərək,
zaman-zaman tarixi soysuzluğa uğraya-uğraya vaakum adamlara,
vaakum mənəviyyata, vaakum cəmiyyətə çevrilə-çevrilə
az qala tamam ayrı millətin donunda ruhumuzun labüd
ölüm hökmünü imzaladıq — “Yaşamışkən
qeyb etdim ömrümü yaşamadan!”.
“İrfan
çobanı”
İdrakımızın fəzilət ərkanı Azər
Turan abidə kişilərimizin timsalında gələcəyimizin
qapısını döyməyə çalışan
müztərib və məğrur keçmişimizdən nə
istəyir?
İçimdəki bütün ömrüm boyu doydura
bilmədiyim acgöz canavar Azər Turanın bu növbəti
kitabını da dəli ehtirasla birnəfəsə
çap-çap uddu. Azərə birər-birər gələn
qəzalardan küsən könlümün nə vaxtsa məsudluq
barədə düşünməyi xatirimə gəlmir.
Və bu kitab, bu kitab “Ürəyimə kor düyünlər
çalınmış; çözəmədim,
çözülməyir, sultanım!” deyə acılar
acısı, nisgillər nisgili içində bəşəriyyətin
əbədi ideallarına heç bir vəchlə arxa
çevirməməyilə mənə şahanə bir
qürur bəxş eləmiş bu zülmkar kitab – “İrfan
çobanı”!
Azərin
soylu bir eşq ilə yoğrulub yapılmış firavan
metaforik aləmini
səciyyələndirərkən onu orkestr-adam
adlandırmağım heç də səbəbsiz deyil,
çünki çevrəmiz-çağımız
üçün son dərəcə unikal şəxsiyyətdir
Azər.
Azər Turanın bu kitabında da, ümumiyyətlə,
bütün kitablarında bir personaj var ki, heç vaxt ön
planda görünmür, amma o var, qanda var, şah damarda var, Azərin
yediyi çörəkdə, içdiyi suda var – o, Ata surətidir. Bilmirəm, bu ehtiyat, bu nəzakət
Azərin özündənmi gəlir, yoxsa atasının
aristokrat – əsilzadə təbiətindənmi gəlir, nə
işdisə, o kişi öz şəxsi “məni”ilə
heç vaxt bəhs edilən mətnə ağırlıq
salmır.
Mən Azərin kitabında Məsud Əlioğlunun
İmamverdi müəllimin evində Adnan Menderes barədə
dediklərini xatırlayıram – tüklərim ürpərir. Xudu Məmmədovun
söhbətini yenə də atası ilə bağlı bir
passajda kitabından oxuyuram, ruhum təlatümə gəlir.
Emin Sabitoğlunun qırmızı sovet dövründə
qapı-pəncərəni bağlatdırıb, Azərbaycan
Demokratik Cümhuriyyətinin himnini pianoda
çalmağını xatırlayıram...
Rəsul
Rza, Xəlil Rza Ulutürk... neçə-neçə elm-irfan
adamı, milli heysiyyətimizin örnək timsalları. Mən
İmamverdi Əbilovun yaradıcılığı, sənətdə
tutduğu yer və mövqe ilə yaxından tanış
deyiləm. Lakin qeyd-şərtsiz bir şey
aydından da aydındır. Əgər bu
qədər korifey insanlarımız o ocağın
başına yığışıblarsa, demək,
sözün gerçək mənasında pir ocaqdı o ocaq.
İmamverdi müəllimin gerçək
portreti bu insanların döyünən nəbzi, qəlblərinin
hərarəti və baxışlarındakı məhəbbətlə
nəqş edilib. Bu cür atanın
qarşısında şəxsən mənim baş əyməyim
ilk növbədə mənim iftixarımdır – həm də
sadəcə iftixar yox. Bu millət
qarşısında namus borcunu ödəməyə
çağıran iftixardır. Belə
bir ocaqdan Azər Turan çıxmaya bilməzdi.
Azərin
sənət aləminə gəlməyilə elə bil
Əli bəy Hüseynzadənin, Mehmet Akif Ərsoyun, Cavid əfəndinin,
İsmayıl bəy Qaspıralının, Yusif
Akçuranın, hələ neçə-neçə azman
kişilərin gerçək mahiyyəti yenidən dünyaya
gəldi. Azər bizim itirilmiş
yaddaşımız deyil, qəhr edilən mənəviyyatımızın
hər ahına səs verən Eol arfamızdır. O
keçmişdə dayanıb bizi həmişə gələcəkdən
səsləyir. Bir dənə Ənvər paşa, yaxud Qafqaz
İslam Ordusu haqqında esse, yaxud Xudu Məmmədov
haqqındakı şedevr portret kifayət edərdi ki,
türkçülüyümüzlə şərəf-şanımızın
nədən ibarət olduğunu birdəfəlik dərk edək.
lll
...Təxminən
25 il bundan qabaq sənətin ilahi
ecazları məni riyazi fizikanın, inteqral tənliklərin
birdəfəlik əlindən alıb,
başlı-bütünlü öz sehrinə qərq edəndən
bir qədər sonra sənətdən məhz nə istədiyimi,
özümü sənətdə necə görmək istədiyimi
ifadə edən bir kredo-esse yazmışdım – “Torpağı
vətən qılmaq sənəti. Yaxud barokko,
barokko, bu lənətə gəlmiş barokko!” Həmin essedə mən qəti surətdə ədəbiyyatçı
olmaq istəmədiyimi, ilk növbədə özüm
üçün aydınlaşdırıb, “ədəbiyyatdan
daha artıq ədəbiyyat!” – deyə
fanatikcəsinə könül verdiyim işi “Torpağı vətən
qılmaq sənəti” adlandırmışdım. Əlbəttə,
dünyada bu cür düşünən tək mən
deyildim, elə qonşumuz Böyük Rus Ədəbiyyatındakı
qanadlı “Pogt v Rossii bolğşe, çem pogt” ifadəsi də mənim əlçatmaz,
ünyetməz üfüqlərdən nə istədiyimi
çox sərrast ifadə edir. Azərbaycan canıma
damar-damar yeridikcə bu haqq yolunda misilsiz dədələrimin
nə qədər örnək timsalını gördüm və
ona görə də möhtacı olduğum qüdrəti
özümdən kənarda yox, elə öz qızıl
çağımda axtarmağa başladım...
Çünki... xırda bir fakt: doktor Cavad Heyət deyirdi ki,
“bizim Cənubi Azərbaycanda ən kasıbın da evində
iki şey mütləq olardı – bir Qurani-Kərim, bir də
“Hophopnamə”. Olsun ki, məhz buna görə el içində
məsəldir: “Sabir olmaq çətindir, şair olmağa nə
var?” Həmin “Hophopnamə” sərdari-milli Səttar
xanla birgə istiqlal mücadiləsində fədailərimizlə
bir səngərdə döyüşüb, bir-birinin
qanına bələnmişdilər. Mən
hələ Gəncəli Şeyx Nizaminin qələmin ucunda
şahənşah sarayı ucaldıb, onu bütöv bir
kosmosa çevirməyini demirəm. Mən hələ
böyük Nəsimini çarmıxa çəkib, dərisini
soyandan sonra xilafət dəftərxanasındakı katibin ona
bir sicilləmə lənət yağdırıb özü də
bilmədən qəfil bir ehtizazla: “Amma kafərin nə
gözəl şeirləri varmış” deyə bütün əsrləri
yarıb gələn etirafını demirəm. Bax,
elə o vaxtlarımdan, o uzaq dərbədər gəncliyimdən
bəri mən Göydə Allaha, yerdə mətnin
magiyasına inanıram. Budur illər
keçdi, eyni inanc və etiqadın Azərin kitabında məndən
daha gözəl, daha sərrast, daha vüsətli ifadəsini
görəndə içim-içimə sığmadı.
Ona görə bütün varlığım, bütün idrakım,
bütün şərəf-şanımla israr edə bilərəm
ki, nə vaxtsa bu məmləkətdə bir sənət məbədi
ucaldılsa onun ön tərəfinə məhz Azər
Turanın bu nadir kəlamları həkk olunmalıdır:
“Həqiqi ədəbi mətnlər onu yazan şairin qəbirüstü
epitafiyasına çevrilmək haqqına sahib deyilsə, o, ədəbiyyat
deyil. O
şair ki, hər hansı bir misrası (hətta bir
misrası) sabah öz yaradıcısının qəbir
daşına yazılası bir müqəddəsliyə və
əbədiliyə layiq deyilsə və bu gün onu millətin
ictimai təfəkkürünün divarlarına həkk edirsə,
deməli onun məşğul olduğu işin adı ədəbiyyat
deyil”.
Onu da qeyd edim ki, bu sətirlər hansısa ədəbi
prosesə münasibət, yaxud kiminləsə polemika
zamanı deyilməyib. Bu artıq manqurtlaşmış təfəkkür
üçün son dərəcə yabançı olan bir məcradan
baş alıb gəlir – Ənvər Paşadan, “Turan hərbinin
romantiki Ənvər Paşa”dan! Bu qiyamət və
çarpıcı esse, elə birinci cümləsindən belə
başlayır: “Nə üçün məhz Ənvər
Paşa?” Sonra dərhal qarşı tərəfin
sualını özü özünə verir: “Ədəbi
simaların yerinə, ən azından Nazim Hikmət varkən,
nə üçün biz ədəbiyyat adına
sabahımızı Ənvər Paşadan başladıq?”
Çünki – müəllif israrla bildirir: “Ənvər
Paşanın ədəbiyyata çox-çox şöhrətli
qələm sahiblərindən daha çox dəxli var”.
Ənvər
Paşanın həm də ədəbiyyata nə dərəcədə
dəxli olduğunu dərk etmək, elə Azərin bu essesində
korun-korun alışıb yanan qəlbini dərindən-dərinə
duymaq üçün demoqrafik bir vahid, yəni sadəcə
cismən azəri türkü olmaq çox azdır, bu millətin
misli görünməmiş məkrlə zaman-zaman talanıb
qəhr edilmiş ruh məsələsidir, mənim dediyim
“Ədəbiyyatdan daha artıq ədəbiyyat”,
“Torpağı vətən qılmaq sənəti” də elə
budur ki, Azərin yanğısında yenə ayların-illərin
o tayına dəyib
qayıdır, budur o yanğı: “Amma təəssüf ki,
Ənvər Paşanın ruhundan millət və ümmət
təəssübkeşliyindən miras qalmış Azərbaycan
Bakısında (Bu gün Vedibasarsız... və
Qarabağsız bir Azərbaycanın tən ortasında) ədəbiyyat
maskarası açıb və bu urvatsız maskaranın
içərisində düşmənə gözünün
üstündə qaşın var deməyə iqtidarı və
təpəri belə çatmayan söz güllələrini
kağıza və bir-birimizə vıyıldatmağın hətta
sürrealist, hətta postmodernist... olsa belə nə qədər
təslimçi, nə qədər əhəmiyyətsiz və
nə qədər komprador olduğunu birlikdə
düşünmürük. Və Ənvər
Paşanın yaşıdları olaraq bu vecsiz ədəbi
partaparta tövbə etmirik”.
Bəli,
biz qələmin ucunda şahənşah sarayı ucaldıb,
onu bütöv bir kosmosa çevirmək, Azərbaycan
Barokkosunun yaylım atəşini dünyaya yaymaq, gəncəli
şeyxlər şeyxini necə yaddaşımızda
oyandırmaq üçün tarixi kimliyimizin,
etnopsixologiyamızın mahiyyətindən gəlməliyik ki,
bu da yenə Azər Turanın ümumiləşdirib, inad və
israrla göstərdiyi həmin magistral yoldur:
“Ədəbiyyatımızın, poeziyamızın Şəbi-Hicran
(Füzuli) və İrfan Çobanı (Cavid) dövrü
şüuraltı yaddaşımızın dərinliyində,
alt qatında uyğuya daldı. O nə zaman oyanacaq? Nə
zaman oyanacaqsa, həqiqi və yalansız poeziyamız həmin
zamandan etibarən yaranmağa başlayacaq”.
lll
... Azər Turan bizim məfkurə
babalarımızın, millət atalarımızın,
ülviyyət aydınlarımızın haqqında yox, daha
çox onların haqqını yazır. Bunlar əslində
millətin təməl ünsürləri, əsrləri
öz məhvərində dolandıran əbədi
ideallardır, böyük Yunus İmrənin dediyi idrakın məşəqqət
yoludur: “Yol ər ilən yoldadı; Yolsuza yoldaş deyil!” Elə isə özü-özlüyündə
tamamilə aydın olan vətəndaş comərdliyi, yəni
Azər Turanın məsləki çalışmaları nə
üçün bəzən qıcqırmış əsəblərlə
qarşılanır? Burda məsələ
təkcə Azərin gözləri tökən gur, firavan,
yaxıcı istedadında deyil. (Hərçənd
bu fakt, Sabirin: “Fitnə göyərir torpağımızdan,
daşımızdan!” dediyi milli diaqnoz da sarsıdıcı
faktdır). Elə bilirəm bu məsələnin
özəyində Azər Turanın öz
çalışmalarını ünvanladığı
auditoriyanın milli kimliyinin nə dərəcə özgələşməsi,
başqalaşması faktı durur. Misilsiz Ömər
Faiqin amansız bir-bir paradoksunu xatırlayıram: “Ən
böyük zalım elə məzlumun özüdür”. Bəli
bu doğrudan həyatın həmin faciəli və amansız
paradoksudur ki, sən məzlumu həm ictimai, həm ruhi
azadlığa çıxarıb, “nəsənsə,
özün ol!” deyə yüksək milli dəyərlərə
sadiq qalmağa çağıranda o səni ya daşa
basır, ya da...
Onun ballı-pətəkli üslubuna, Şərqlə Qərbi, şimalla cənubu bir cümlədə qəfil improvizasiya edən cümlələrinə dodaq büzənlər, sanki əsrlərin dərinliyindən gələn uzun zindan siqlətli milli kədərinin mahiyyətinə vara bilmədən üzdən şütüyüb keçərək öz manqurt təfəkkürlərini dözülməz gülünclüklə faş edirlər və vaxtaşırı mənə də tənə oxu atırlar: “Muzey qoxusu gəlir sizin bu Azər Turandan, orta əsrlərdə qalıb. Anoxronizmdir!” – “Bəli, anoxronizmdir, – deyirəm, – amma sizin düşündüyünüz kimi yox, ən azı, təyyarədə gəzən Roma papası kimi anoxronizmdir”.
Əslində isə Azər Turan bu rəzalət maskaradının səbəbini hamıdan gözəl bilir və onun sərçeşməsinin hardan baş alıb gəldiyini cərrah tişəsində yarıb göstərir: “Vahid Turan məfkurəsi olmayınca mədəniyyətin coğrafiyaya təsiri baş verməyəcək”. Və Azərbaycan xəritəsinin üzərinə həkk ediləsi, hər br azərbaycanlının şah damarına yeridiləsi, ürək parçalayan sətirləri ilə amansız faciəmizə belə təsnifat verir: “Biz Qarabağı da bu gün məhz məfkurəçilikdən kənar, əcnəbi müdaxilənin bir göz qırpımında aşındıra biləcəyi sovxa mikromədəniyyətlərin yaddaşa və dilə vurduğu amansız zərbələrin hesabına itirmişik. Biz dil birliyimizi itirmişik. Biz etnik şəcərəmizi unutmuşuq. Biz XXI yüzildə (bəli, hətta III minillikdə) etnik bütövlüyümüzün sinəsinə yeni dağlar çəkməkdən usanmırıq. Turan məfkurəçiliyinin yerinə növbəti elmi-nəzəri xanlıqlar, bəylərbəyliklər qururuq...”
Bax, budur Azər Turan. Taxsırıncaya qədər qah-qah çəkərək “ən böyük zalım elə məzlumun özüdür” paradoksunu ona tənə edənlərin şəxsində təkrar-təkrar təsdiqləmək üçün kifayət qədər gözəl və əlverişli Azər Turan.
Azərin fəzilət ərkanının ən başlıca hədəfi də elə bu milli mücadilədir.
lll
Bayaq ərz etdim ki, Azər Turan öz sarsıntılı esselərində, sadəcə olaraq bizim azman kişilərimizin portretini cızmır, onlar haqqında yazmır, onların əbədiyyət haqqını yazır. Dünya tarixində çox güman ki, Ənvər Paşa kimi fövqəladə rəşadət sahibini tapmaq mümkündür, lakin bu rəşadətin hansı zəmində püskürüb qalxması, cismani qüdsiyyətlə, ruhi ülviyyətin bu cür üzvü vəhdəti – bax budur mahiyyət, Azəri Azər edən, onu Tanrı nəzərində saxlayıb bizlərə ərməğan edən də məhz bu mahiyyətdir. Bəşəriyyətin dansökülənindən üzü bəri əsən ruzgarla gələn müqəddəs ruhları hansı möcüzəylə beynində sanki antenna kimi tutub Səlyandan Bakıya, Bakıdan da İstanbula aparan Əli bəy Hüseynzadənin köksündə çarpan o ecaz da, sadəcə ürək deyil, mahiyyətdir, – Azəri Azər edən bax, bu bəsirət gözüdür. Və bu mahiyyətin əsl adı mədəniyyətdir...
2003
Mehdi Bəyzad
525-ci qəzet.-
2013.- 14 sentyabr.- S.25.