Kitaba bağlı ömür
Hamının sevə-sevə oxuduğu maraqlı kitablar
həyatın özüdür. Hər bir insanın həyatı
da özlüyündə canlı bir kitabdır. Vərəqləsən, oxuya bilərsən. Bir şərtlə ki, onu duya biləsən, daxili aləmini,
xarakterini, mənəviyyatını özün
üçün aça biləsən, müsbətini mənfisindən
ayırmağı bacarasan. Axı, mütləq müsbət
və mənfi insan yoxdur, ola da bilməz. Çünki Tanrı bizim təbiətimizi elə
ana təbiətin özünə bənzədib, rəngbərəng,
eynən fəsillər kimi.
Bu günlərdə olduqca maraqlı bir insanın şəxsiyyəti
ilə bağlı yazı oxudum. Məlum oldu ki, onun xasiyyətinin üzdə olan iyirmi
xüsusiyyəti var ki,
bunların tən yarısı mənfidir. Hamı
onu böyük siyasətçi kimi tanıyır. Amma o, təkcə siyasətçidirmi?! Xeyr. Söhbət 40
yaşından sonra üzə çıxan rəssamlıq
istedadı ilə Parisdə sərgilənən əsərləri
ən məşhur rəssamları heyran etmiş,
yazıçılığı ilə hamını təəccübləndirmiş,
Nobel mükafatçısı Uinston Çörçilldən
gedir. Vaxtilə bütün bəşəriyyətin
xilaskarı olan, yeni müharibələrin,
üçüncü dünya müharibəsinin
qarşısını aldığına, dövlətlər
arasında sülhü qoruyub saxlamaqda əvəzsiz xidmətlərinə
görə tarix onu müsbət adam kimi
qiymətləndirib. Ona qiyməti zaman verib.
O, dahidir!
Sözsüz ki, hər cür müqayisə
qüsurludur, deyiblər. Odur ki, heç kəsi heç kəslə
müqayisə etmək fikrində deyiləm. Lakin danılmaz həqiqətdir ki, hər insanın
həyatda öz yeri var, mütləq özündən sonra
bir iz qoyub gedir.
Xalq üçün, cəmiyyət üçün
görülmüş elə dəyərli işlər var ki,
onların icraçıları çox zaman pərdə
arxasında qalır. Mədəniyyətimizin bütün sahələrində
– mətbuat, radio, televiziya, kino, nəşriyyat sahəsində
belə insanlarımız çoxdur. Biz
onları qiymətləndirə bilirikmi?
Aramızda hər gün ünsiyyətdə olduğumuz
sadə, bəzən böyüklüyünü sezmədiyimiz
insanlar var. Belə insanlardan biri də Abdulla Ələkbərovdur. Onun həyatının
mənası əməkdir. Əlli ildən
artıqdır ki, nəşriyyat sistemində fəaliyyət göstərir.
1994-cü ildən bu günə kimi “Təhsil Nəşriyyat-Poliqrafiya”
birliyinin baş rəssamıdır. Yəqin
ki, çoxları ona bir rəssam kimi yaxından bələd
deyil. Ola bilər. Axı, onun
Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Rasim Babayev və
bir çox başqaları kimi rəsm əsərlərindən
ibarət fərdi sərgiləri açılmayıb, sənətşünaslar
onun işlərini tədqiq edib haqqında cild-cild kitablar
yazmayıblar. Bəs onda bu kişinin yarım əsirlik
zəhməti, istedadı nəyə sərf olunub?
Onun işi kitabların bədii tərtibatına,
xüsusən də dərsliklərlə bağlıdır.
Dərslik çapı çox mürəkkəb,
çətin, məsuliyyətli sahədir. Dərslik
çapı başqa səpgili kitabların nəşri ilə
müqayisəyə belə gəlməz. Bu iş nəşriyyat
əməkdaşlarından, xüsusən bədii redaktordan
çox böyük enerji, diqqət tələb edir. Onun gərək ilk növbədə təşkilatçılıq
qabiliyyəti olsun. Təşkilatçılıq
isə Abdulla müəllimin qanındadır, onun həyat tərzidir.
O, nəşriyyata cəlb etdiyi rəssamların
yaradıcılığına və iş üslubuna dərindən
bələddir. Kitab işi rəssamdan həssaslıq,
yüksək zövq tələb edir, çəkilən
illüstrasiya və fotolar mövzunu əhatə etməli,
tamamlamalıdır. Bunun öhdəsindən
gəlmək üçün əvvəlcə çap
olunacaq əlyazmanın surəti rəssama verilir,
illüstrasiyaların sayı əvvəlcədən müəyyənləşdirilir,
rəsmlərin nəşriyyata təqdim edilmə müddəti
təyin olunur. Nəşriyyata təhvil
verilən rəsmlər, illüstrasiyalar bədii və ədəbi
redaktoru qane etmirsə, müəyyən iradları olursa, rəssam
onları yenidən işləyəndən sonra təsdiqə
verir. “Təhsil” nəşriyyatında da
bütün bu işlərin təşkilatçısı məhz
Abdulla müəllimdir.
Kitabların bədii tərtibatına da cavabdeh odur. Nədir bədii
tərtibat? Bədii tərtibat işinin
öz strukturu var. O, ilk baxışda nəzərə
çarpmayan işləri sahmana salır. Bədii
tərtibat ilk növbədə kitabın formatıdır,
sonra onun təyinatıdır – bədiidirmi, hansı
seriyadandır, dərslikdir, yoxsa dərs vəsaitidirmi –
bütün bu cəhətlər bədii redaktoru
düşündürən məsələlərdir. Kitabın çap üslubu necə olacaq? Yüksək çapdır, yoxsa ofsetdirmi, hətta
şriftin ölçüsünə kimi hər şey –
kitabda gedən rəsmlərin düzgün yerləşdirilməsi,
görünüşü bədii rəssamı narahat edən
məsələlərdir. Oxucunu yormamaq
üçün verilən titul, şmustitul, başlıqlar,
bir sözlə, maketin proyektini cızmaq və digər işlər
də buraya daxil olanda, görün işin nə boyda məsuliyyəti
ortaya çıxır. Bu işin incəliyini,
texniki cəhətlərini zərgər işi ilə
müqayisə etmək olar.
Bunların hamısına rəhbərlik edən,
onları həyata keçirən Abdulla müəllimdir. Hər bir dəyərli
kitab əslində sənət əsəridir, həm də
kollektiv əməyin bəhrəsidir. O, işıq
üzü görənə qədər çox mərhələlərdən
keçir. Bütün proseslərdə ədəbi
redaktorla bədii redaktorun işi paralel gedəndə nəticəsi
də ürəkaçan olur.
Abdulla müəllim xoşrəftar adamdır. O, təbiətcə
çox sadə, gülərüz, sözübütöv
insandır. Hər kəsə qismət olmayan gözəl
yaddaşı var. Ona görə də kollektivdə, həmkarları
arasında, eləcə də Rəssamlar İttifaqında
onu çox sevir, xüsusi hörmət bəsləyirlər.
İşlə əlaqədar əlaqə saxladığı
həmkarlarından Davud Kazımov, Rasim Babayev, Altay Hacıyev,
Cəmil Müfidzadə, Arif Hüseynov, Elmas Hüseynov,
Əliəşrəf Məmmədov, Əlihüseyin
Mövsümov, Aleksandr Beskin və başqalarını misal
göstərmək olar.
Böyük
yaradıcılığa həyatın dibindən gələn
M.Qorki deyirdi: “Zirvənin cığırı dərədən
başlayır. Gərək dibdən gələsən,
həyatın dibindən”. Abdulla müəllim
də həyatın dibindən gəlib ki, bu gün peşəsinin
zirvəsinə qalxa bilib.
Abdulla müəllim 1976-cı ilə qədər
müxtəlif sahələrdə fəaliyyət göstərib. 1959–64-cü
illərdə Tarix İnstitutunun arxeologiya şöbəsində
rəssam, 8 ¹-li internat məktəbdə rəsm müəllimi,
XTŞ (Sovnarxoz) nəzdində xüsusi bədii konstruktor
bürosunda tərtibatçı rəssam kimi
çalışıb. 1964-cü ildə
Azərbaycan Dövlət Mətbuat Komitəsi
Kollegiyasının qərarı ilə əvvəllər “Azərtədrisnəşr”,
sonralar “Maarif” adlanan dərslik məbədinə baş rəssam
təyin olunub. Bu nəşriyyatın elm və
təhsilimizdə çox böyük, unudulmaz xidmətlərini
qeyd etməmək olmaz. Bura Abdulla müəllimin
həyatda ən müqəddəs, ən əziz tutduğu
bir məkandır. Gəncliyinin gözəl
çağları burada keçib. O, burada yetişib,
püxtələşib. Kitab, poliqrafiya, bədii
tərtibat işlərinə dərindən bələd olub.
İndi bu sahədə əsl peşəkardır.
Belə də olmalı idi. Axı o,
dövrünün adlı-sanlı jurnalistlərindən, mətbuat
xadimlərindən, tanınmış jurnalistlərindən,
poliqrafçılarından, naşirlərindən olan
İsrafil Nəzərov, Adil Əfəndiyev, Qılman Musayev,
Hamid Qasımzadə kimi nəhənglərdən dərs
alıb, necə deyərlər, onların əlindən su
içib.
Abdulla müəllim bu gün də əvvəlki enerjisi
ilə işləyir, çox işgüzar adamdır. Bir kitabın
bədii tərtibatı başa çatmayınca nə
özü dinclik tapır, nə də həmkarlarına
dinclik verir. Kitabı nəfis, bütöv görəndə
kefi açılır, gülər üzü bir az da işıq saçır. Onun
böyük ürəyi, zəngin daxili aləmi var.
Sınıq könlün yarasını sarımağı,
büruzə verməsə də, tez inciyib-küsməyi var.
Etibarı, vəfası var bu kişinin.
Belə bir insandır bizim Abdulla müəllim. O, həm də gözəl
ailə başçısıdır. Bir
oğlu, bir qızı, dörd nəvəsi var.
İnsanlarla xoş rəftar hər kəsin arzusudur. Amma bu
hamıya qismət olurmu? Yox. Abdulla müəllim fitrətən çox ünsiyyətcil
adamdır. O, sadə olduğu qədər bütöv,
xırdalanmayan, hər kəsə uymayan, əsl kişi xarakterli insandır.
Məlum olduğu kimi çap olunacaq hər bir kitab
sanbalına görə müxtəlif zövqlü rəssamlara
sifariş verilir. İşini gözəl bacaran peşəkar
sənətkarlar çox zaman təbiətən ərköyün,
şıltaq olur. Rəssamlar da bu qəbildəndir.
Belə rəssamları işlətmək
üçün dil tapmaq bacarığı, böyük
hövsələ, təmkin lazımdır. Bəzən
klassik ədəbiyyatdan (məsələn, Nizami, Füzuli və
b.) bir kitabı sifariş vermək istədiyin rəssam ya
işinin çoxluğundan, ya məsuliyyətin
böyüklüyündən çəkinərək, nəyisə bəhanə
gətirib, işdən imtina edir. Sifariş isə
təcilidir, mütləq icra olunmalıdır. Belə
hallarda Abdulla müəllim hər cür dillə rəssamı
yola gətirməyə çalışır və işi
yoluna qoyur, mütləq istədiyinə nail olur.
Gəlin,
bir az da Abdulla müəllimin təhsil aldığı illərə,
qazandığı nailiyyətlərə nəzər salaq:
A.Ələkbərov
1954–1959-cu illərdə Əzim Əzimzadə adına
rəssamlıq məktəbində təhsil
almışdır. 1959-cu ildə Mədəniyyət
Nazirliyinin təqdimatı ilə Azərbaycan Dövlət Nəşriyyatına
rəssam vəzifəsində işləməyə göndərilmişdir.
1964-cü ildən “Maarif” nəşriyyatında
bədii redaktor kimi çalışmışdır. 1965–1967-ci illərdə Lvov Poliqrafiya İnstitutunun məzunu
olmuşdur (qiyabi şöbəsində). 1968-ci
ildən 1976-cı ilədək bədii və texniki tərtibat
redaksiyasının müdiri, 1976-cı ildən baş rəssam
vəzifəsində çalışmışdır.
1972-ci ildən Rəssamlar İttifaqının, 1981-ci
ildən isə Jurnalistlər Birliyinin üzvüdür.
A.Ələkbərov dərslik və kitab nəşrinə görə 1987-ci ildə XTNS-nin (Moskva şəh.) bürünc medalına, 1996-cı ildə “Nailiyyət” Jurnalist mükafatına, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza albom-kitablarına verdiyi tərtibata görə “Səməd Vurğun – 90” fəxri diplomuna layiq görülmüşdür (1996-cı il). O, “Qızıl qələm – kamil sənətkar” mükafatı laureatçısıdır (1998). Daha sonra “Heydər Əliyev – Müstəqil Azərbaycan” Beynəlxalq ekslibris sərgi müsabiqəsinin qalibi (2003-cü il), Azərbaycan Respublikası Sərhəd Qoşunlarının 85 illik yubileyi ilə əlaqədar olaraq “Heydər Əliyev Dövlət Sərhəd Xidmətinin yaradıcısıdır” (1-ci dərəcəli diplom, 2004-cü il) və s. diplom və mükafatlarına layiq görülmüşdür.
Abdulla Ələkbərov yuxarıda adı çəkilən sərgilərdən əlavə 1977, 1983, 1987, 1991-ci illərdə Moskva Beynəlxalq kitab sərgilərində iştirak etmişdir.
Belə demək mümkünsə, kitab Abdulla müəllimin həyatıdır. O, hər kəsin çox da dərindən duymadığı, böyük dəyər vermədiyi şərəfli bir işin daşıyıcısıdır. Onun ömrü kitaba bağlı bir ömürdür. Kitablarda yaşayan bir ömür! Bu şərəfli yolda Abdulla Ələkbərova, bizim Abdulla müəllimə can sağlığı, işlərində müvəffəqiyyətlər arzulayırıq.
Məsudə
Əvəzqızı
Əməkdar mədəniyyət
işçisi
525-ci qəzet.-
2013.- 14 sentyabr.- S.20.