Dərya Qəvvas istəyir
“...Neçə
illər öncə yüksək vəzifəsini təzəcə
itirmiş və böyüklük iddiası da olan bir sabiq məmur
məndən soruşdu ki, tarixdə qalmağın etibarlı
yolu nədir?
Bildiyim ən
qısa yollardan birini dedim: “Yaxşı kitablar yazmaq!”
Deyəsən, ağlına batdı və tezliklə
başladı qalın-qalın kitablar... yazdırmağa”.
Böyüklük iddiası da yetərincə olan sabiq məmur
tarixdə qalmaq üçün kitablar yazdırmaqda olsun, sizə
xəbər verim ədəbiyyat tariximizin qaranlıqlarında
qalmış söz xəzinələrini üzə
çıxarmağı öz borcu bilən, bu məkanda
artıq kifayət qədər mötəbər söz deyən
və həmin iqtibas gətirdiyim sətirlərin müəllifi
olan Rafael Hüseynovdan.
Bu
yaxınlarda Rafael Hüseynov müxtəlif illərdə
böyük maraqla qarşılanmış “Vaxtdan uca”, “Məhsəti
necə varsa”, “Min ikinci gecə”, “Rəfibəylilər”, “Millətin
zərrəsi”, “Yurdun adındakı can” sanbalında daha bir
kitabla – “Söz heykəli” ilə ətrafını – ədəbi
aləmi diksindirdi.
Sözümü qəribçiliyə salmayın,
sözün həqiqi mənasında diksindirdi. Rafael
Hüseynov bu kitabdakı ədəbi qəhrəmanlarından
biri – Saib Təbrizi haqqında da belə yazır; yazır ki,
Saib diksindirdi, şeiri, ədəbiyyatı sükunətdən,
mürgüdən qurtarmaqdan savayı ona yeni bir səmt də
verməyi bacardı.
Rafael Hüseynovun XVII əsrin farsdilli Azərbaycan
şairi Saib Təbrizi ilə bağlı
araşdırmaları beş-on kəlmənin yox, bir
kitablıq söhbətin mövzusudur, ona görə də
qayıdaq mətləbə.
Üzqabığı
tanış heykəllərin təsvirləri ilə diqqət
çəkən “Söz heykəli”ni vərəqləməmişdən
öncə fikirləşirdim ki, görəsən, Rafael
Hüseynov “iki daşın arasında” təxminən min səhifə
civarında bu kitabı haçan başlayıb, haçan
tamamlayıb? Kitabı oxumağa başlayanda gördüm ki,
burada mənə mətbuat səhifələrindən
tanış gələn yazılar da var. Amma dərhal onu da
sezdim ki, Rafael Hüseynov bu örnəklərə də əsaslı
şəkildə əl gəzdirib, həmin nümunələri
“Söz heykəli”nə calamaq üçün qələminin
tişə ucu ilə cilalayıb.
Bu gün ictimai-siyasi məkanda tutduğu mövqeyə
görə gərək adını çəkəndə
Rafael Hüseynovun titullarını da sadalayaydım. Amma bu, xeyli
söz aparır. Və onun hər kəlməsindən
görürəm ki, sələfləri – həm də ədəbi
qəhrəmanları Nizami, Füzuli kimi izafi, artıq
sözün əleyhinədir.
Saib Təbrizinin
“Söz” haqqındakı qəzəlini də təsadüfən
ana dilimizə çevirməyib:
Çün
qələmtək öz başından
keçdi Saib söz üçün,
Bu səbəbdəndir
onu
məşhuri-dövran etdi söz.
Həmin
qəzəldən daha bir beyt yadımda qalıb:
Mehribanlıq
eyləyib
mən
sözlərə verdim sığal,
Quş
kimi açdı qanad,
göylərdə cövlan etdi söz.
Yazar tərcümə
edəndə də özünü tam ifadə eləyə
bilərmiş!
Bəli, Rafael Hüseynovun da sözə sığal vermək
məharəti var. Yazılarının qeyri-adi cazibəsi də
– məfkurə, məna öz yerində – məncə, bu,
sığalla bağlıdır.
Bu da həqiqətdir ki, sözü idrak
sığallayır, səni min bir sözün içindən
birinə idrak tuşlayır. Demək, əvvəl
gərəkdir ki, min bir söz yiyəsi olasan.
Rafael Hüseynovun məftunluqla
araşdırdığı Saib Təbrizi də min bir söz
yiyəsi idi.
Rafaelin sözüdür, yazır ki,
Əbdürrəhman Cami farsdilli klassik şeirin son dahisi hesab
edilirdi, Saib gələndən sonra bu nöqteyi-nəzərdən
imtina edilib.
“Orta çağ Şərq şeirinin ən mahir bilicilərindən
olan, həm ərəb, həm fars, həm türk şeirinin
tarixini mükəmməl izlədiyindən yaxşının
ən yaxşıdan fərqini müasiri olan böyük
şərqşünasların əksərindən daha dəqiq
sezən A.Krımski Saibi “on yeddinci əsrdəki bütün
İran şairlərinin müəllimi”
adlandırırdı”.
Bu da Rafaelin sözüdür. A.Krımskinin gəldiyi sonuc isə,
kim bilir, haçan, hansı məxəzdə
qarşısına çıxıb.
“Söz
heykəli”ni oxuduqca görürəm ki, az
qala hər kəlmənin altında bir dəlil-sübut
yatıb. Bu qədər məxəzi bir sapa
düzmək isə səbirdən başqa daha nələri
istəyir, bir Allah bilir.
Rafael
Hüseynov böyük şair haqqında ən müxtəlif
dillərdəki bolluca xoş məlumatların izinə
düşəndən sonra Saib Təbrizi
yaradıcılığını araşdırıb və
onun Azərbaycan dilində yazdığı on yeddi şeirin (əlimizə
gəlib yetişən elə budur!) birini bizə də
çatdırıb:
Eldən
çıxaram zülfi-pərişanını
görkəc,
İçdən
gedərəm
sərvi-xuramanını görkəc.
...Bülbül
ki gülün ləli-ləbindən
söz
alırdı,
Dili
dolaşır qönçeyi-xəndanını
görkəc.
Və
sözün bu yerində dilimi dişlədim; bu ki tərədən-dırnağa
(iliyinə, sümüyünəcən yox ha) Füzuliyana
sözdür!
Nitqim
tutulur zülfi-pərişanını
görkəc,
Könlüm
açılır
qonçeyi-xəndanını görkəc.
“Söz heykəli”ndə Saib Təbrizi kimi 25 söz nəhənginin
yaradıcılığı (və həm də həyatı)
işıqlandırılıb. Və mən qeydlərimə
bu minvalla yanaşsam, hər söz nəhənginin
qarşısında bu qədər “dayansam”, meydana kitab
haqqında kitab çıxa bilər. Amma
bu mənim məqsədim deyil. Mən, sadəcə, istəyirəm
oxucunu “Söz heykəli”nin
varlığından hali eləyəm və oxucu bu heykəli
aralıdan da olsa görə bilə.
Etiraf edim ki, Saib Təbrizi ilə bağlı
araşdırmanı araşdırmaq istəyəndə
sözün başını-ayağını yığa
bilmədim, SÖZ məni əsir elədi; apardı, amma
orası da var ki, Söz oxucunu digər bir oxucu ilə
ünsiyyətdən başqa hara apara bilər ki?!
“II
Şah Abbas (1642-1666) artıq şöhrəti bütün
Şərqə yayılmış Saibi saraya dəvət edir
və ona sarayda layiq olduğu ən yüksək rütbəni
verir: “Məlik üş-şüəra – baş şair,
şairlər rəisi”.
Bu da Rafael Hüseynovun zarafat ovqatlı çevirməsidir. Alt qatında
nələrin yatdığını xırdalamağa nə
ehtiyac?!
Sovetlər dönəmində sovet ideologiyasının
mizanı ilə saray şairlərinə üstdən
aşağı baxmalı idik. Çox güman ki,
Saib kimi söz nəhənginə vaxtında yiyə
durmamağımızın səbəbi də elə budur.
Rafael Hüseynov “Söz heykəli”ndə bu məqama
xüsusi diqqət yetirib və taleyini şah, xaqan, sultan
sarayları ilə bağlamış onlarla Azərbaycan
şairinin təəssübkeşi kimi çıxış
edib. Bu da təbiidir. Axı
bizə qalan şairin özü yox, sözüdür. Gəlin
əyri oturaq, düz danışaq: bəyəm ötən
yüzilliyin əvvəllərində onlarca, bəlkə də
yüzlərcə söz nəhəngini “saray şairi”
damğasıyla çıxdaş eləyən
şairlər özləri saray şairi deyildilər, bəs nə
idilər?
Amma Rafael
Hüseynov bu məsələyə bir qədər ehtiyatla
yanaşır; yazır ki, orta çağda saray şairə
lazım idi: “...Və əlbəttə ki, üstün
düşüncəli alimlər, qüdrətli sənət
adamları da saraya gərək idi. Ağıl və
istedad sahiblərinin saraya gərək olmasının məntiqi
sadədir. Saraydakı əli qələmli
insanlar dövlətin, məmləkətin və
hökmdarın qüdrətini möhkəmlədən,
şöhrətini artıran, tarixdə
qalışını təmin edən vasitələr idi və
sənətkarları saraya yığan, onlara nəvaziş
göstərən taxt-tac sahibləri, təbii ki, nə etdiklərini,
niyə etdiklərini yaxşı anlayırdılar. Amma qələm sahiblərinə saray bəlkə
onlara sarayın lazım olduğundan da çox gərək
idi. Özünütəsdiq, tanınma, məmləkətdən
uzaqlarda şöhrətlənmək üçün
sarayın himayəsinə, maddi dayağına ehtiyac
böyük idi... qurban verməsən, qazana bilmirdin.
Ümumiyyətlə, “Söz heykəli” müasir əsərdir,
tarix onun pərdəsidir. Bu pərdənin
arxasından baxanda və ədəbiyyatımızın
dünəni ilə bugününü
qarşılaşdıranda oxşar mənzərələr səni
heyrətə gətirir. “Saraya gedib çıxmaq,
hökmdar diqqətiylə şərəflənmək asan
iş deyildi. Sarayda bu sahəyə nəzarət
edən məmurlar hər yeni gələnə, xüsusən
namizəd istedadlıdırsa, rəqib gözü ilə
baxırdılar, belələrinin dərbara aparan
yollarını qapatmaq üçün dəridən-qabıqdan
çıxırdılar, saraya gəlib düşənlərə
də məkrlilər, daha təcrübəlilər mütəmadi
quyular qazmağa hazır olurdular”.
Rafael Hüseynov “Söz heykəli”ndə bu qayda ilə
quyu qazanlardan yeri düşdükcə, ötəri bəhs
etsə də, bu quyulara düşənlər haqqında zəngin
dəlillərə istinad edərək ağılar yazıb.
Bu ədəbi
janrda bayatılar məlumdur, romanlar isə yox...
Amma Seyid
Əzimə həsr olunmuş “Böyük başın bəlası”
da, Seyid Hüseynin dünya durduqca örnək şəxsiyyətinə
işıq salan “Vaxtsız döyülən qapı” da, Abbas
Səhhətin şairliyi öz yerində, böyük
ziyalılığından bəhs edən “Sabirin iki tapşırığı”
da, taleyi kimi, yaradıcılığı da millətə az
bəlli olan Firidun Köçərli barəsindəki
“Ayrılıq olmayacaq” da, Mirzə Fətəlinin adına
bağlanmış “Oyatmaq növbəsi” də, şair
Mikayıl Müşfiqin həyatındakı bir sıra incə,
mübhəm söhbətlərə də duruluq gətirən
“Bağ romanı” da əslində məzmunca, məfkurəcə
romandır, roman-ağıdır. Amma Rafael
Hüseynov bu “ağı”ları ağlamaq üçün qələmə
almayıb, qələmə alıb ki, oxuyaq və ibrət
götürək.
Adını çəkdikcə Rafael Hüseynovun
titullarını sadalamamağın bir səbəbi də var;
münasibətlərimizin arxasında ötən yüzilliyin
70-ci illərindən başlanan ünsiyyət, ülfət
durur. Amma min
səhifə civarındakı “Söz heykəli”ni birnəfəsə oxumağıma səbəb
aramızdakı körpü deyil. Bəs nədir?
Rafaelin yazı üslubundakı sehr, cazibə!
Məncə,
bu üslub bədii publisistikamızda hadisədir və bu,
etiraf edilməlidir!
51
çap vərəqi həcmindəki bu kitabda bir-birinə
bağlanmayan iki cümləni bilmirəm çıraqla
axtarsam tapa bilərəm, ya yox?..
Bilmirəm mənim qələm dostum haqqındakı bu
içdən gələn sözlərim necə
qarşılanacaq, amma Rafaelin tərif haqqındakı yozumu
bir qədər fərqlidir. O, dərhal “əndazə məsələsi”ni ortaya atıb yazır ki, “tərifə
susamaqda bütün dünya təxminən bir-birinə
uyğun kimidir; adi adam tərifdən xoşhallanırsa, tərif
eşitməkçün sinov gedirsə, hökmdarların
bunu daha artıq istəməsində, imkanlarını da nəzərə
alsaq, bunu təşkil etdirməsində əcaib bir şey
yoxdur”.
Bu sətirlər Nizamidən də qocaman şairimiz Qətran
Təbrizi ilə bağlıdır, ömrü boyu şahlara
mədhiyyə deyən Qətran Təbrizi ilə. Və həm
də Qətran Təbrizinin mədhiyyələrini ayin, dua,
şərqi kimi qəbul eləyən şahlarla, sərkərdələrlə.
Amma bu söhbətin min illərin arxasından gələn
havası dərhal bizi vurmurmu?
Tarixi əsər haçan diqqət çəkir? Çağdaş
zamanla səsləşəndə. Bu mənada
Qətran Təbrizinin həyatından bəhs edən
“Yuvasını arayan quş” bircə anda min illik məsafəni
qət eləyib bizim günlərdə qanad çalır.
Rafael Hüseynov yazır ki, tərifdən tərifə
təfavüt var; bir var sıradan olan insanlar bir-birini tərif
eləsin, bir də var bunu şair etsin, həm də gözəli,
təbiəti, hansısa bir başqa məxluqu yox,
hökmdarı tərif etsin.
Bir
göyərçin uçub gəlməz
qartal
yuvasına.
Oxumaz bir
bülbül
Şahın qəfəsində.
Bizsə...
Uçuruq,
oxuyuruq, harda gəldi, necə gəldi...
Vaqif Səmədoğlunun bu misralarına mən də
biganə qala bilmədim. Çünki ortaya bir sual çıxdı: “Bizsə”
– yəni kim? Axı harada gəldi,
necə gəldi uçub oxumayanlar da olub.
Bəyəm “Söz heykəli”ndə Rafael Hüseynovun
yana-yana həyatını qələmə aldığı
Əliağa Vahid Mil pambıqçısından bir poema
yazmaqla Mərkəzi Komitədən ən azı istədiyini
ala bilməzdimi?
Əlbəttə,
yazı-pozuda həmişə mizan gözləyən Rafael
Hüseynovun “Vahidin təkliyi”ni yazması
təsadüf ola bilməz! Rafael bir qayda olaraq
özü sözünü tamamlayanları, özü ilə
sözü üst-üstə düşənləri qələmə
alıb və alır. Seçimində
yanıldığını, başqa bir səmtə yönəldiyini
hələ ki görməmişəm. O ki qaldı daha
çox mədhiyyəçi kimi tarixdə qalan Qətran Təbrizinin
taleyindən bəhs eləyən “Yuvasını arayan
quş”a, məncə, Rafaelin Qətran irsinə münasibətinin
iki səbəbi var: o bu gün də
aktuallığını itirməyən saray və saray
şairi mövzusunu gündəmə gətirib – bir; ikincisi də,
gələcəyin tədqiqatçılarına Qətran Təbrizi
irsinin daha bir ünvanını nişan verib. Rafaelin
qeydlərindən məlum olur ki, hələ sovet dönəmində
Matenadaranda ezamiyyətdə ikən adları ona bəlli
olmayan bir neçə Azərbaycan şairi ilə
yanaşı Qətran Təbrizinin də bir silsilə qəsidəsini
tapıb. Amma o zaman tamam başqa mövzuları
araşdırdığından Qətran irsi də,
rastlaşdığı digər Azərbaycan şairlərinin
əsərləri də ona maraqlı görünsə də,
başlıca işindən ayrılmayıb,
tapıntıları ilə bağlı yüyrək qeydlər
aparıb ki, gələcəkdə ehtiyac olarsa, gəlib bu əlyazmaları
tədqiq etsin. Fikirləşib ki,
Yerevan-Matenadaran nə uzaq yerdi ki? Amma sən demə,
Matenadaran çox uzaq məkana çevriləcəkmiş...
Rafael Hüseynov Qətranın söz sənətindəki
mövqeyini qətiyyətlə qəbul etməsə də,
halına acıyır, yazır ki, “Qətran qılıq dilini
bilirdi, meydan dilini bilirdi, güzəranın,
dolanışığın dilini bilirdi, amma Qətranın
yaxşı bilmədiyi bir dil də varmış; bu, səmimiyyətin
dili idi, bu, gələcəyin dili idi. Ömrü boyu
sevgisinin ünvanını səhv salmış, qələmini
tacların parıltısına qurban vermiş Qətran son
anlarında Vəfa quşu, Hüma quşu bu dünyadan
qanadlandı, Uçdu vəhdət aləmindən, bəs
harada yuva saldı? –deyə vəfa umurdu, ruh quşuna
yuva axtarırdı, amma qonası budaq yox idi...”
Hə, bu da saray şairinin aqibəti.
Hələ Qətranın ətrafında nədimlər
də var imiş. Yalnız Qətranınmı?
Yox, bütün saray şairlərinin.
Nədimlər
şairin dilindən çıxan mədhiyyələrə
bir səslə münasibət bildirirmişlər: “Afərin!”,
“Mərhəba!”
Sözün
bu yerində yadıma Brejnev dönəminin son illərindəki
yığıncaqlarda, sütunlu salonlarda yerləşdirilən
say-seçmə komsomolçular düşür: bir də
görürdün ki, bir anda yerlərindən qalxıb xorla
bağırdılar: “Bravo!”
Demək, müəllif Qətranın taleyi fonunda
yaxın keçmişimizi qələmə alıb. Bax bu yerdə
“Yuvasını arayan quş” çağdaş səslənir
və ona görə də birnəfəsə oxunur.
Rafael Hüseynov yazır ki, saray şairləri
üçün şairlik dövlət işinin tərkib
hissəsi idi və onlardan ötrü şeirin borcu dövlətçiliyə,
siyasətə, bu işi həyata keçirən əsas
simaya – hökmdara xidmət idi.
Vaqif Səmədoğlu demişkən, demək,
dünya köhnə dünyadı, sevgiləri təzədi.
“Tərif harada bitir, yaltaqlıq harada başlanır?” Bu da Rafaelin
“Yuvasını arayan quş”da oxucuya ünvanladığı
sualdır. Cavabını Onore de Balzakın dilindən
alıb: “Yaltaqlıq heç vaxt möhtəşəm qəlblərdən
törəmir. O, cılız qəlbcikli adamların qismətidir.
O adamların ki, mühüm bir şəxsin ürəyinə,
qılığına, mühitinə girməkçün
olduqlarından da kiçik olmağı bacarırlar”.
XI əsrin Azərbaycan şairi Qətran Təbrizidən
söhbət gedən yerdə birdən-birə XVIII əsrin
fransız yazıçısı Onore de Balzakdan sitat? Əlbəttə,
yerinə də düşür. Amma bu dəlil
yaddaşın hansı küncündə məqam gözləyirmiş
görəsən? Sanki söhbəti
tamamlamaq üçün elə bu sitat
çatmırmış.
Fələki Şirvani də saray şairi olub. Amma o, Qətran
Təbrizi kimi sarayda axıracan duruş gətirə bilməyib.
Bədxahlarının sayəsində zindana
atılıb və burada da məşhur “Həbsiyyə”sini
yazıb.
Etiraf edim
ki, “Söz heykəli”ndə “Fələklə oynayan Fələki”
ilə tanış olana qədər
böyük Xaqaninin tələbəsi və dostu olmuş Fələkinin
yalnız adını eşitmişdim. Amma sən demə,
Rafael Hüseynova Fələki Şirvani haqqında çox
şey bəlli imiş; hətta bunu da bilirmiş ki, Fələki
haqqında indiyəcən yazılmış əsərlərin
ən əhəmiyyətlisi 1929-cu ildə ortaya
çıxıb: “1929-cu ildən sonra ondan
yaxşısını yaza bilməmişiksə, bunun
özü çox pisdir”. Bu, Rafaelin fikridir, sözünün
mabədini isə belə gətirir: “Məsələnin daha qəmli
tərəfi odur ki, həmin kitab Bakıda yox, Londonda nəşr
edilib və əsəri azərbaycanlı yox, Hadi Həsən
adlı bir əcnəbi alim meydana gətirib”.
Nə qədər
dəyərli bir soraq! Amma görəsən, Fələkinin
xələflərinin heç olmasza bircə faizinin bundan xəbəri
varmı?
“Azərbaycanın, Şamaxının üzünü
görməmiş həmin xarici alim Hadi Həsən 1929-cu ildəki
“Fələki Şirvaninin dövrü, həyatı və əsərləri”
adlı ikicildliyindən sonra 1950-ci ildə şairin yeni əldə
etdiyi nadir bir “Divan”ı barəsində tədqiqatını,
1958-ci ildə isə Fələki irsi ilə bağlı təzə
müşahidə və kəşflərini əhatə edən
yazılarını elmi dövriyyəyə gətirir”.
Bu da
Rafaelin xəbəridir və daha sonra o, yana-yana qeyd edir ki,
bunun da hamısı deyil, lap yarısı tərcümə
edilsəydi, azərbaycanlıların kitab rəflərində
ayrıca Fələki də olardı.
Rafaelin
“Söz heykəli”ndəki daha bir həyəcan təbili belə
səslənir! Qeydlərimə əlavə
etdim ki, bəlkə eşidən oldu.
Fələki Şirvani həm də nücum elminə
maraq göstərirmiş, ulduzlarla söhbətləşirmiş. Və “fələk”
sözünün bir anlamı da gəmi imiş.
Bu sözə istinad edən Rafael son olaraq deyir ki, Fələki
Şirvaninin gəmisi Vaxt dənizində səkkiz əsrdir
üzür.
Gəmisi vaxt dənizində səkkiz əsrə qədər
üzən daha bir söz nəhəngi haqqında Rafael
Hüseynov “Alimin şeir aləmi” yazısında söhbət
açıb.
Fələki Şirvani ilə müqayisədə Nəsirəddin
Tusinin adı millətə daha yaxın və doğmadır.
Yurdumuzda
onun adını daşıyan ali təhsil
ocağını kim tanımır ki?
Rafael
etikaya aid “Əxlaq-i Nasiri”, astronomiyaya dair “Hərəkat-e əflak”,
riyaziyyata aid “Risale-yi dər hesab”, fizikaya aid “Risale-yi dər təhqiq-e
qövs-i quzeh”, fəlsəfəyə aid “Risale-yi isbat-i vacib”
kimi elmi kitablar bağlamış və tarixə,
coğrafiyaya, təbiətşünaslığa, din problemlərinə
aid onlarca “zamanına görə elmin axırıncı
sözü sayılan” peşəkar səviyyəli risalələr
yazmış Nəsirəddin Tusinin bədii sözə
sevgisini də qələmə alıb.
Müəllif
özü də etiraf edir: “Biri o birindən çətin,
biri digərindən dərin bu müxtəlif elmlərin hər
birinin tarixində qalmağa layiq hünər sahibi Xacə Nəsirəddindən
ədəbiyyat adamı, şair kimi söz açmaq bəlkə
də bir az gözlənilməzdir”.
Amma Rafael
bu söhbəti başlayıb və onun bədii
yaradıcılığından da insanlığa örnək
misralar tapıb:
Həyatın
mənası bir quru nəfəs,
Nə qədər
nəfəs var, ara həmnəfəs...
Bu
günlərin sevilən bir şərqisində deyildiyi kimi:
“Həyat paylaşınca gözəl!”
Nəsirəddin
Tusinin şeir aləmindən daha bir nümunə:
Hər
aşiq olmayır eşq divanəsi,
Hər quşa yem deyil sevgi danəsi.
Yüz əsr
arasan, tapa bilməzsən
Nəfsinin ağası olan bir kəsi.
“Alimin
şeir aləmi”ndən belə görünür ki, Rafael Nəsirəddin
Tusinin bədii yaradıcılığı öz yerində,
elmi əsərlərini də araşdırıb və son
olaraq da heyrət içində yazıb: “Xacə Nəsirəddinin
töhfəsi olan bir-birindən maraqlı, bir-birindən
mürəkkəb, bir-birindən məzmunlu və sayı
yüzü ötüb keçən zəngin irsi barədə
düşündükcə onun yüksək ağlına, zəngin
zəkasına mat qalmaqdan başqa bir də ona heyran
qalırsan ki, bu qədər əsəri nə təhər
yazıb çatdıra bilib. Axı yazmaq o yana
qalsın, bu əsərlərin hər birinin altındakı mənbələri
öyrənməyə, araşdırmağa, oxumağa xeyli
vaxt gərək idi. O vaxtla – yazmağa sərf olunan günlərlə
bu vaxtı – oxumağa, öyrənməyə sərf olunan
müddəti üst-üstə gələndə təəccübün
bir az da artır. Bir daha cavabsız sual
verirsən özünə: axı necə
çatdırıb, necə dəqiqliklə bölüb
vaxtını bu qədər işlərə, həyatını
necə sərrast vaxt qənaətilə yaşayıb?”
Bu gün
mən bu sualı Rafael Hüseynovun özünə vermək
istəyirəm: hər kəlməsi tarixi fakta əsaslanan, məntiqə
istinad edən onlarca sanballı kitabdan sonra “Söz heykəli”ni (özü də sözə
sayğının sozaldığı bir zamanda) necə ürəklə
yazıb, necə çatdırıb?
Rafael Hüseynovun Nəsirəddin Tusini lətifələri
ilə folklorumuza bənzərsiz naxışlar vurmuş Molla
Nəsrəddinlə “qarşılaşdırması” da maraq
doğurur. Amma məni heyrətə gətirən Nəsirəddin
Tusinin İbn Sinaya bənzəməsidir. Rus tədqiqatçısı
Valeri Voskoboynikovun İbn Sina haqqında kitabında belə bir
parça var:”İbn Sina kimdir? Həkimlər
deyərlər ki, o, dahi loğmandır.
Riyaziyyatçılar isə: “Yox, o, məşhur astronom və
riyaziyyatçıdır”, – deyərlər. “Həm
də böyük şair və yazıçıdır”, –
deyə ədiblər təsdiq edərlər. “Axı o, geologiya nəzəriyyəçisidir”, –
deyə geoloqlar bildirərlər. “Həm də
musiqi nəzəriyyəçisidir”, – deyə musiqiçilər
dillənərlər. “Həm də
filosofdur”, – deyə filosoflar təsdiq edərlər”.
Bu mükaliməni eynilə Nəsirəddin Tusiyə də
şamil etmək olar. Demək, Nəsirəddin Tusi göydən
düşməmişdi. Təxminən 200 il qabaq Buxarada onun məslək qardaşı
İbn Sina – avropalıların “Avitsenna”
adlandırdıqları dahi yaşamışdı. O ki
qaldı aradakı məsafəyə, İranla Turanın sərhədləri
haçan şərti olmayıb ki?
Doğrusu,
istəyirdim ki, “Bağ romanı”nı oxumağı saxlayam
tamam asudə bir vaxta, çünki mənə elə gəlirdi
ki, Mikayıl Müşfiqin həyatı və
yaradıcılığı ilə bağlı hər
şeydən xəbərim var. Amma (sanki haçansa
oxuduğum) “Bağ romanı”nı oxuyanda mənə məlum
oldu ki, “Bağ romanı” öz bətnində həm də bir
sevda romanı yaşadırmış. Mənə də bəlli
oldu ki, Müşfiqin lirikasında ən önəmli yerdə
dayanan “Yenə o bağ olaydı” şeiri kimə
ünvanlanıb; o şeirdəki əsmər bənizli kim olub.
Hələ ətə-qana dolmaqda olan şərti
“Müşfiq və Dilbər” dastanında belə bir alternativ
süjetə ehtiyac varmı? Əlbəttə, Müşfiqin tam
obrazını yaratmaq üçün var! Dilbər xanım
özü də deyirmiş ki, Müşfiq surətpərəstdi...
Əlbəttə, “Bağ romanı”nda Mikayıl
Müşfiqi mənə bir qədər də
doğmalaşdıran başqa məqamlarla da üz-üzə
gəldim. Amma hər şeyi xırdalamağa nə lüzum?
“Bağ romanı” onsuz da roman kimi oxunur. Və “Bağ
romanı”nı başlayanda hadisələrin
mabədini, qəhrəmanların taleyini izləməyə
ehtiyac olmasa da, necə deyərlər, epiloq bəlli olsa da, bir
də gördüm ki, son səhifələri çevirirəm.
Bu isə, sözsüz ki, qələmin qüdrətindən
xəbər verir.
Annanın
son anından xəbərdar olmaq üçün “Anna Karenina”nı oxumaq tamam başqa şeydi...
Sözün
bu yerində “Söz heykəli” haqqında yazdıqlarıma
bir də göz gəzdirirəm və fikirləşirəm
ki, nəyi mütləq qeyd etmək lazımdır, nəyi
yazmamaq da olar və hiss eləyirəm ki, “Baharsız
Baharlı” bölümündə tam obrazı
yaradılmış Məhəmməd Bayram xandan da yan
keçmək mümkün deyil.
Rafael
Hüseynov təəssüflə yazır ki, nəvazişlə
“oğul” demədiyimizdən başqalarının
“oğulluğa” götürdüyü ən parlaq Millət
Balalarından biridir Məhəmməd Bayram xan. Daha sonra isə qeyd edir ki, sərt təbiətli –
döyüşkən, həlim ruhlu – ədəbiyyatı sevən,
şeir qoşanları bol olan məşhur Baharlı
tayfasının bir qolu, bir budağı idi. Bayram xan həm də Qaraqoyunlu Qara Yusifin
kötükcəsi idi.
Rafael
Hüseynov bu şəcərəni araşdıraraq bizi
moğollarla
qaynayıb-qarışmış onlarla böyük
türklə görüşdürür və daha sonra da
qürur hissilə deyir ki, 1556-cı ildə – Hümayunun
ölümündən sonra imperatorluğu dörd il ərzində
– Hümayunun oğlu Əkbər həddi-buluğ
yaşına çatana qədər – bir azərbaycanlı,
Baharlıların bir törəməsi – Məhəmməd
Bayram xan idarə edir.
Rafael
Hüseynov böyük qürur və fəxarət hissilə
yazır: “...Bu, sadə tarix deyil, əziz soydaşlarım. Bu, oçağkı dünya tarixinin son dərəcə
vacib bir səhifəsinə millətimizin bir parçası
olan qüdrətli şəxsiyyətin atdığı
mötəbərdən-mötəbər imzadır. Biz bu imzadan, bu addan bixəbər qalmamalıyıq.
Biz rəva görməməliyik ki, bunca uca
övladımızı başqaları öz tərəfinə
çəksin, öz dəftərinə yazsın”.
Vərəqləri çevirdikcə, məlum olur ki,
Rafael Hüseynovun həyəcanı səbəbsiz deyil. Məlum olur
ki, Məhəmməd Bayram xan bu gün türkmən şairi
kimi təqdim edilir. Bəs bu nədən
baş verib? Bu sualın müfəssəl cavabı
“Söz heykəli”nin “Baharsız
Baharlı” bölümündə bir yurd, yurddaş sevgili
yazarın bir-birindən dolu və təsirli ricətləri ilə
qələmə alınıb.
Sizə
qalır onu oxumaq və böyük Sabirin məşhur bir
misrasını için-için xatırlamaq:
Öz qövmümüzün başına əngəl-kələfiz
biz.
“Söz
heykəli”ndə Şirvanın Fələki, Zülfiqar,
Şakir, Seyid Əzim, Abbas Səhhət kimi söz cahangirləri
ilə yanaşı Sabirin də obrazı var, lakin biz onu Seyid
Əzimin, Abbas Səhhətin və bir də Firidun bəy
Köçərlinin həyatını əks etdirən
bölümlərdə görürük.
Yeri gəlmişkən, mənə elə gəlir ki,
biz Sabirə sovet dönəmində daha çox yiyə
dururduq, nəinki indi. Bəs bu niyə belədir? “Öz qövmümüzün başına əngəl-kələfiz”
yazdığına görə? Ağa ağ,
qaraya qara dediyinə görə?
Məndən soruşsaydılar ki, “Söz heykəli”ndə
səni ən çox silkələyən bölüm
hansı oldu?
Mən iki hekayətin üstündə dayanardım: Abbas Səhhətin
həyatı qələmə alınmış “Sabirin iki
tapşırığı” və Firidun bəy Köçərlinin
taleyindən bəhs edən “Ayrılıq olmayacaq”
bölümlərinin. Bu yazıları oxuyandan sonra mən
özümü bir də ona görə qınadım ki, nə
Abbas Səhhəti gərəyincə tanımışam, nə
Firidun bəy Köçərlini...
Mirzə Fətəlini necə? “Oyatmaq növbəsi”ni
oxuyanda mənə məlum oldu ki (hələ mən
Çingiz Hüseynovun da “Fətəli Fəthi” romanına
yaxından bələdəm), bütün klassiklərimizdən
məndən ötrü birbaş uca olan bu yazarın da həyatında
mənim üçün qaranlıq məqamlar kifayət qədərdir.
Rafael
Hüseynov çox haqlı olaraq belə yazır: “...Bu
gün başda istiqlalımız, respublika quruluşumuz,
çağdaşlığımız olmaqla müasir,
yüksələn bir millət kimi qazandığımız hər
nə varsa, hamısında Mirzə Fətəlinin halal
payı danılmazdır. O olmasaydı, bunlar indi olmazdı. Mirzə Fətəli azı bir əsr irəli
atdı milləti”.
Əgər Mirzə Fətəli Azərbaycan nəsrinin,
Azərbaycan dramaturgiyasının banisidirsə, bəs ədəbiyyatşünaslığımızın
banisi kimdir?
“Ayrılıq olmayacaq” essesini oxuyandan sonra mən qəti
şəkildə bu qənaətə gəldim ki, həmin
şəxsiyyət Firidun bəy Köçərlidir. Və fikirləşdim ki,
güllələnməsəydi, Rafaelin qeyd etdiyi kimi, “Azərbaycan
ədəbiyyatı tarixi”nin bütün mərhələlərini
qələmə almağa macal tapsaydı, Mirzə Fətəlinin
əsərləri barəsində daha nə yazardı görəsən?
Kim bilir,
ömrünün neçə ilini, neçə fəslini
arxivlərdə keçirərək Firidun bəy
Köçərlini yaxın keçmişimizdən bizim
günlərə gətirib çıxaran Rafael Hüseynov
yazır ki, ən çeşidli arxların səmtini
sağlam bir məcraya, bütöv bir nəhəngə
doğru çevirib, Azərbaycan ədəbiyyatını bir
tama, bütünə, millətin ruhunun aynası, tərcümanı
olmaq siqlətinə yetişdirən Firidun bəyin bunu
hansı şərtlər və hansı tarixi gerçəklik
çərçivəsində edə bildiyini
düşünərkən buna möcüzə də,
qeyri-adi qəhrəmanlıq adı da vermək olar.
İyirmi
dörd söz nəhəngini bir ox ətrafında birləşdirdiyinə
və bunun nəticəsi olaraq “Söz heykəli”ni ortaya qoyduğuna görə mən qələm
dostumun zəhmətini də elə bu sözlərlə təqdir
eləyərdim.
Məncə, gərək Firidun bəy Köçərlini
Azərbaycan ədəbiyyatşünaslığının
banisi kimi qəbul edəndə Abbasqulu ağa Bakıxanovu –
Qüdsini də unutmayaq. Axı hələ
sağlığında müəllifinə şöhrət
gətirən “Gülüstan-i İrəm” həm də ədəbi
materiallardan qaynaqlanıb.
Rafael
Hüseynovun Qüdsiyə rəğbəti isə “Pərvərdigarın
verdiyi orden” bölümündə hər kəlmədən
duyulur: “Bakıxanov kimi dəyərli vətən
oğullarına münasibətdə həmişə son dərəcə
ehtiyatlı olmalı, onları qiymətləndirərkən ən
əvvəl gördükləri xalqa lazım işləri nəzərə
almalıyıq”.
Daha sonra
Qüdsinin dərin savadından, həm Şərqə, həm
Qərbə kifayət qədər bələd olmasından
söz açan Rafael Hüseynov yazır ki, “Abbasqulu ağa elə
gur işığa, ən müxtəlif elmlər sahəsində
elə ucu-bucağı görünməyən məlumata, elə
mərifətə və elə yapışıqlı nitqə
malik olub ki, onunla ixtilat edənlərimiz – vaxtın tez
qurtardığına, bu nadir zəkanın onlarla birgə
olmamasına, füsunkar təmas dəqiqələri bitincə
Bakıxanovun onları tərk etməsinə...” təəssüflənib.
Görəsən, Qüdsinin Puşkin ailəsi ilə
yaxınlığı Rafael Hüseynova haçandan məlum
imiş? Bəs bu yaxınlığı sübut eləyən
məktubları o, hansı arxivlərdən tapa bilib?
Ümumiyyətlə, “Söz heykəli”ndə Rafael Hüseynovun fakt müstəvisi ayrıca bir söhbətin mövzusudur. Elə bu faktlara görə də “Söz heykəli” Azərbaycan ədəbiyyatı tarixi ilə maraqlanan hər bir kəsin stolüstü kitabı olmalıdır.
Əgər Qətran Təbrizi, Fələki Şirvani, Zülfiqar Şirvani, Nəsirəddin Tusi, Məhəmməd xan Bayram, Şakir Şirvani, Seyid Əzim, Əliağa Vahid, Seyid Hüseyn, Mikayıl Müşfiq, Abbas Səhhət, Məmmədağa Sultanov, Turxan Gəncəyi, Həmid Araslı, Əkrəm Cəfər, Soltan Nəcəfov, Saib Təbrizi, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli, Firidun bəy Köçərli kimi nəhəng simaların haqqında daha nə isə öyrənmək üçün axtarışa başlasanız, “Söz heykəli” bu məqamda sizə ən etibarlı bələdçi olacaq. O ki qaldı “Söz heykəli”ni oxuyarkən alacağınız həzzə, bu, zövqün elə üstün səviyyəsidir ki, onu hələm-hələm hər kitabdan tapmaq olmur!
“Söz heykəli” bir söz dəryasına bənzəyir. Dərya isə qəvvas istəyir ki, onun dibinə baş vursun və görsün ki, orada nə var, nə yox?
Rafael Hüseynov müasir ədəbiyyatşünaslığımızda, mədəniyyətşünaslığımızda mənim tanıdığım tək alimdir ki, eyni peşəkarlıq və asudəliklə min illik bir dövrün mənəvi sərvətlər dəryasına asudə baş vuraraq araşdırmalar aparmağa qadirdir. O, XI-XII yüzillərin söz sərvətlərini və həmin dövrləri necə dərindən bilir və ustalıqla tədqiq edirsə, yeni və müasir ədəbiyyatın qaynaqlarına da eyni məharətlə nüfuz etmək, eyni yüksək professionallıqla təhlillər aparmaq gücündədir.
Parlaq tədqiqlərini sözə çevirməkdə, cazibədar bir plastikada ifadə etməkdəsə, Rafael təkrarsızdır.
Rafael Hüseynovun “Söz heykəli” əsəri Azərbaycan ədəbi-mədəni həyatında, ziyalı gerçəkliyimizdə mühüm hadisədir. Bu kitabı sadəcə oxumaq yox, bütün əzəməti ilə görmək və dəyərləndirmək özü də bir vicdan borcudur.
Vətənə və millətə layiqli xidmət nümunəsi olan bu kitabı gərək hər həmvətənimiz oxuya!
Bu kitabdakı ulularımızı daha yaxından duyduqca özünüz də içəridən böyüyəcəksiniz!..
Məmməd Oruc
525-ci qəzet.-
2013.- 14 sentyabr.- S.18-19.