Mənəviyyatdan işıq və
güc alan poeziya
Məmməd Araz – 80
Mənəviyyat “mən” sözündən
başlanır. Bəlkə də bu, adi bir təsadüf
deyil. Hər bir insanın “mən”i nədirsə,
onun mənəviyyatı da odur. Mənəviyyat
insan xarakterinin tərkib hissəsindən çox, elə
özüdür. Onu da formalaşdıran
mühit və şəraitdir. Sağlam
mühit və şərait sağlam, xəstə mühit və
şərait təbii ki, xəstə mənəviyyat
formalaşdırır, tərbiyə edir.
Bütün ictimai şüurun hər birinin insanın
formalaşmasında, kamilləşməsində özünəməxsus
rolu və funksiyası var. Amma etiraf edək ki, insan mənəviyyatına
daha çox təsir edən, onu stimullaşdıran
mühüm vasitələrdən biri söz sənəti olan
bədii ədəbiyyatdır. İnsanda adı kimi “ədəb”-
ərkan yaratmağı qarşıya məqsəd qoyan ədəbiyyatın
da meyarlarını, qanunauyğunluqlarını zaman, mühit
və şərait, ictimai-siyasi münasibətlər tənzimləyir,
müəyyənləşdirir. Ona görə
də türk istiqlal şeirinin yaradıcılarından olan
M.A.Ersoybu qənaətdədir ki, “ədəbsizliyin
başlandığı yerdə ədəbiyyat bitir”. Bu fikirdə reallıq var. Amma unutmaq lazım deyil ki,
söz sənəti ədəbiyyatın ana işi elə cəmiyyətdə,
ictimai mühitdə özünü göstərən mənfi
təzahürlərə, ədəbsizliklərə
qarşı mübarizə aparmaqdır. Ədəbsizlik
də mənəviyyatsızlığın son həddi
olduğu üçün insanda mənəviyyat tərbiyə
etməklə ədəbsizliyi aradan qaldırmaq olar.
Bu məqamda
– yəni şairin, böyük mənada ədəbiyyatın
zaman və cəmiyyət qarşısında cavabdehliyindən
danışarkən başqa bir məşhur türk şairi
Mehmet Emin Yurdakul ( 1869-1944) yada
düşür:
Bırak beni haykırayım, susarsam sen matem et,
Unutma ki,
şairləri haykırmayan bir millət
Sevənləri toprak olmuş öksüz cocuk kimidir.
Bu bir həqiqətdir ki, Zaman, Həyat, Dünya
anlamlarını bir nöqtədə birləşdirən
başlıca faktor insandır. Çünki “zaman dəyişib”,
“həyat dəyişib”, “dünya dəyişib”
anlamlarının mərkəzində “insan dəyişib”
anlamı dayanır. M.Araz deyəndə ki,
dünya-düzəlmir ki, düzəlmir, babam” onda gerçək
dünyadan çox mənəvi dünyamızın əsas
atributu olan “insan düzəlmir” anlamı özünü
doğruldur.
Poeziyamızda ta qədimlərdən bu günə qədər
Zaman, Həyat, Dünya konsepsiyaları fəlsəfi
düşüncənin və həmçinin onun ayrılmaz
tərkib hissəsi olan bədii düşüncənin
başlıca konsepsiyasına çevrilib və bu kontekstdə
insanın arzu və istəkləri, mənəvi aləmi
ön plana çəkilib. Çünki insan elə
bir varlıqdır ki, bütün ictimai-siyasi dəyişikliklər
yalnız onun üzərində qurulur. Allah-tala
bütün varlıqları insan üçün
yaratdığı halda, insan xarakteri bunun əksinə olaraq
özü öz azadlığını əlindən
alır, bir çox hallarda öz həmcinsini kölə və
vasitəçiyə çevirir. Ancaq şüurlu və
mənəviyyətli insan Allahın iradəsinə tabe olaraq
bilməlidir ki, M.Araz demişkən:
...Bütün
vəzifələr, bütün qanunlar
İnsana,
insana xidmət üçündür .
İnsanın xarakterinə, mənəviyyatına təsir
edən iki başlıca mənbə var ki, onlardan biri təbiət,
digəri isə təbiətin ayrılmz tərkib hissəsi
olan insanın yaratdığı cəmiyyətdir. Bu iki amil həmişə
aparıcı olub və bu gün də aparıcıdır.
Poeziyamızın son əlli illik tarixinə nəzər
salsaq, görərik ki, bir çox ciddi qələm sahibləri
ilə yanaşı M.Araz yaradıcılığında da
insana münasibət, onun mənəvi dünyasının
görünən və görünməyən tərəfləri
daima bir qırmızı xətt kimi keçir. Xüsusilə ötən əsrin
80-ci illərinin axırı, 90-cı illərin əvvəllərində
Azərbaycanda və keçmiş sovetlər birliyində
“hökmranlıq edən” xaos, hərcmərclik insan
psixologiyasında, xarakterində gözlənilməz
deformasiyalar yaratdı. “İnsandan-insana
körpümüz sındı” (M.Araz), insanlığın
barometri olan mənəviyyat çökməyə
başladı. Bu da Zamanın, Həyatın, Dünyanın
yeni bir təzahürü idi. Əgər M.Araz 70-ci illərin
axırında yazdığı “Dünya gözəl
dünyadı” şeirində
... Kimə
gülzar, kimə xəzəl dünyadı,
Dünya gözəl, dünya gözəl
dünyadı.
deyirdisə, 90-cı illərin əvvəllərində
yazdığı “Gözəllik saxladı ölümdən
məni” şeirində
“Bu
dünya sevgilər dünyası deyil,
itlər
dünyasıdır, quduran itlər”
deyirdi. Bu da zamanın yeni insan təfəkkürünün
şair qarşısında qoyduğu real seçimin nəticəsi
idi.
M.Arazda sosial mühitə, ədalətsizliyə
qarşı münasibət həmişə birmənalı
olub. O,
bütün yaradıcılığı boyu mütləq həqiqəti
aramaq üçün cəmiyyəti, insanları yaxından
tanımağa, dərk etməyə çalışır və
bir çox hallarda da şairin gəldiyi qənaət belə
olur ki:
...Kimi
dağ qaldırır çiyinlərilə,
Kiminə misqaldan yüngül yük düşür.
Elə də
olur ki, kül qabı ilə,
Gül qabının yeri dəyişik düşür.
Təbii
ki, cəmiyyətdə bəzən sosial ədalətin
pozulması nəticəsində “kül qabı ilə gül
qabının yerinin dəyişik düşməsi “iti
bazarında atından baha” meyarına xidmət edən bir mənəvi
dünya yaradır ki, bu da insan psixologiyasına, mənəvi
durumuna ağır zərbələr vurur. Ən nəhayətdə
də:
Ölüm
adiləşir... kallaşır insan,
Onsuz da “ah” “vayı”, ölü eşitmir.
Kallaşa-kallaşa
karlaşır insan
İçinin
səsini çölü eşitmir
Bu da insanlığın mənəvi faciəsinin son həddindənbaşqa
bir şey deyildir.
Ayrı-ayrı
fərdlərdə mənəviyyatsızlıq baş
qaldırdıqda və bunun qarşısı vaxtında
alınmadıqda, şairin özü demişkən
“yaxşı yamanlığın çəki daşı
itir”, onda bu ağrını tək-tək fərdlərdən
çox, bütün bir millət çəkməyə məcburdur.Lakin
şair bəzi məqamlarda nikbindir, ona görə ki, həyat
əksliklərin vəhdəti və mübarizəsindən
ibarətdir – mənəviyyatsızlığın baş
qaldırdığı yerdə mənəviyyat cücərtiləri
də pöhrələyir. “Dağ yaddaşında yazı”
şeirində olduğu kimi:
Birisini
çıxardılar uca bir yerə,
Tez
aşağı daş hellədi:
–
Baxın, hardayam !...
O birisi
özü qalxdı bu yüksəklərə,
Heç
demədi: “Mən də varam,
mən
də burdayam”
Yazı
gördüm dağ döşündə,
dağ
yaddaşında;
birincinin
helləncinin
çuxuru qalıb,
ikincinin
ayağının cığırı qalıb.
M.Araz birqələm, düşüncə və fikir
adamı olmaqla öz həddini, səddini bilən şairdir. Bəlkə də
onu ucaldan, sevdirən başlıca məziyyətlərdən
biri elə bununla bağlıdır. O, insanın
özünə nəzarət hissini itirməməyə
çağırır. Və bəzən də
bu hissi, duyğunu insana təlqin etməkdən də çəkin-mir.
Düşün
ki, bu günlə qurtarmır zaman,
Sabah var, sabahın sabahı da var.
Günlərin
birində tutub qolundan
Yenidən kürsüyə çıxaracaqlar.
Boşdur
görəcəklər öz çinədanın
Daşqır eləməyə dən qalmayacaq.
Onda deyəcəklər
yerini tanı,
Onda üz tutmağa yön qalmayacaq.
Bütün bunlarla bərabər, M.Araz insanda vətəndaşlıq
mənəviyyatını oyatmaq, tərbiyə etmək
üçün də müxtəlif məqam və
situasiyalardan istifadə edir. “Vətən daşı olan hər
bir kəşi“ haqqın divanına gətirir,
ondan kimliyini və məsuliyyətini dərk etməyi tələb
edir.
Keçək
dərələrin boğanağından,
Keçək
dolayların doğanağından,
Günəşin
zirvədə doğan anından,
Nur
alıb bu yurda səpələməsək,
Sən kimə gərəksən, mən kimə gərək.
Kamil insanın başlıca mənəvi dəyəri
onun düşdüyü mühit və şəraitdən
asılı olmayaraq əxlaqlı və halal
yaşamağındadır. Əməkdar elm xadimi, fəlsəfə
elmləri doktoru Camal Mustafayevin bu məqamda bir fikrini
xatırlamaq yerinə düşər: “Əxlaq dərsi vermək,
ağıl öyrətmək görünməmiş hünər
deyil. Ən çətini əxlaqa və həqiqətə
uyğun yaşamaqdır”.
Bizcə, M.Araz poeziyasının əsas ideyasını
da bu konsepsiya ifadə edir. Şairin yaradan
qarşısında bir növ hesabatı olan və 90-cı
illər poeziyasının uğurlarından biri kimi dəyərləndirən
“Ya Rəbbim, bu dünya sən quran deyil” şeirində
halal-haram anlayışı qarşılaşdırılır.
İnsanlığın mənəvi tənəzzülünü
ön plana çəkən şair son əlac və son
ümid kimi Rəbbə üzünü tutur:
Özündə
özünü itirib insan,
Didişmə dişləri bitirib insan.
İçdiyi
zəhərdir, qusduğu zəhər,
Qəhəri
bəhərdir, bəhəri qəhər,
Ya Rəbbim, bizlərə qaytar bizləri.
Bu
şeirində M.Araz şairlik missiyasından çox, Rəbbin
yerdəki görəvlisi kimi çıxış edir, yerdəki
mütləq əksəriyyətin dərdini, mənəvi
iztirblarını haqqa bəyan edir, insanlıqdan
çıxan insanlığı özünə qaytarmaq
üçün Rəbbə üz tutur, sonda şair bu qənaətə
gəlir ki, insana insanlığını qaytarmaq
münkün olmasa, onda
Adını,
soyunu dəyiş dünyanın,
Odunu, suyunu dəyiş dünyanın.
Yolunu,
yönünü dəyiş dünyanın
... Fəzada yerini dəyiş dünyanın.
Tarixən bir tikə gödənlik üçün hər
kəsin közü öz qabağına çəkdiyi bir
zamanda dünyanın – insan və insanlığın düzəlməyi
xəyaldan, utopiyadan başqa bir şey deyil.
Gedir yal
davası, sümük davası,
Gedir
vurhavurla çəpik davası
Gedir
milyonçunun qəpik davası
Çürük
fikirlərin çürük davası
Dünya düzəlmir ki, düzəlmir, baba.
Bu bir həqiqətdir ki, şairlər
yaşadığı cəmiyyətin və zamanın nəbzidir. Nəbz ürəyin
fəaliyyətinin göstəricisi olduğu kimi, əsl
şairlərin yaradıcılığı da cəmiyyətin,
mühit və zamanın döyünən nəbzidir. M.Araz yaradıcılığı bütün siqləti
ilə mənsub olduğu millətin, zamanın yaddaş nəbzidir.
Çünki o, profesor Firidun Hüseynov
demişkən “... ədəbiyyata həyatın qaynar
qazanından, qızmar kürəsindən çıxıb gəldi”.
Buna görə də M.Araz şair mənəviyyatını,
şair əxlaqını həmişə uca tutaraq, xalq və
Vətən qarşısında cavabdehliyini
aşağılamadan yazırdı:
Dərdim
min olsa da, sönməz çırağım,
Səsim öz səsimdə bata, qorxuram.
Şairi
yalana yatan yığnağın
Özü də palana yata, qorxuram.
1989-cu ildə, Qarabağ hadisələrinin
tüğyana gəldiyi bir vaxtda yazılmış “Qorxuram”
adlı şeirdən aldığımız bu nümunə qələmin
və sözün mənəvi qüdrətinə dəlalət
edən şair cavabdehliyinin faktıdır.
Zaman, Həyat, Dünya konteksində mənəviyyat məsələlərinə
münasibət M.Araz yaradıcılığının ana xəttini
təşkil etsə də, şairin xüsusilə 80-cı
illərin axırı və 90-cı illər
yaradıcılığında bu problemə
qayıdış daha çox diqqəti cəlb edir. Bu illərdə
yazılmış və poeziyamızın inciləri hesab
olunan “Dünya düzəlmir”, Belə dünyanın”, “Ya Rəbbim,
bu dünya sən quran deyil”, “Güzəşt”, “Qorxuram”, “Yol
ayrıcında söhbət”, “İnsan yalan
danişır”,“Çıxıb getmək istəyirəm”,
“Nişançı özümüz, hədəf
özümüz”, “Bu insan adlanan insan” və sair kimi onlarla
şeirində problemin həllinə şair müdaxiləsi
daha qabarıq diqqəti cəlb etməkdədir. Zaman kəsiyi baxımından yanaşanda da
80-90-cı illər xalqımızın tarixi taleyində,
qlobal şəkildə götürdükdə bəşəri
düşüncə tərzinin formalaşmasında, sanki yeni
eranın başlanğıc illəridir – insan təfəkküründə,
mənəviyyatında, silkələnmə, durulub təmizlənmə
illəridir. Buna görə də bu problem
Zaman, Həyat, Dünyanın ümumən poeziyamızın,
bədii düşüncəmizin qarşısında
qoyduğu problemlərdir. Təbii ki, hər
bir qələm və düşüncə adamı “öz
çəki daşı” səviyyəsində üzərinə
düşən missiyanı yerinə yetirməyə səy
göstərir, münasibət bildirir. Qeyd
etdiyimiz kimi M.Araz prizmasından baxış daha qlobal, daha bəşəridir.
Yüz il qulağımın dibində
qışqır,
Ürək eşitməsə, qulaq eşitmir.
İnsan mənəviyyatına bu cür yeni münasibətlə yanaşma M.Araz yaradıcılığının həmişə aparıcı istiqamətidir. Bu iki misrada dərk etdiyimiz həqiqət budur ki, heyvanlar qulaqları, insanlar ürəkləri ilə eşidir. M.Müşfiq demişkən: “... Gözdən yaş çıxarmı ürək yanmasa”. Ürək də o vaxt yanarlıq hissini qoruyub saxlayır ki, insanın vicdanı diri və oyaq olsun...
İnsanın mənəviyyatsızlığı vicdanın ölümündən başlanır. Vicdanın ölümüylə ləyaqət hissi tükənir və son anda mənəviyyatsızlıq hakim kəsilir. Ona görə də M.Araz fəlsəfəsində də əsas hədəf odur ki, “özün öz yoluna özül olmazsan...” onda
Noxtası quşquna bağlı yol gedən...
Sonrası? – Beləcə adət, öyrəniş!..
Sonrası? – ləyaqət gedər əlindən,
Sonrası? – alçalış,
Sonrası? – hər iş...
kimi qeyri-insani həyat yaşamağa məcburdur.
Mənəviyyat məsələsi, geniş aspektdə şairin poemalarında da daha kəskin şəkildə qoyulur. Xüsusilə “Paslı qılınc”, “Üç oğul anası”, “Mən də insan oldum”, “Atamın kitabı” kimi poemalarında Zaman, Həyat, Dünya anlayışlarının insan mənəviyyatına təsiri və bu təsirin insanın fərdi və sosial həyatındakı inkişafı ön plana çəkilir ki, bu da ayrıca bir tədqiqat işinin mövzusu ola bilər.
...Akademik İsa Həbibbəyli Məmməd Araz sənətinin böyüklük və ucalığından danışarkən haqlı olaraq bu qənaətə gəlir ki, “...Məmməd Araz sənəti əsrin birinci yarısındakı Səməd Vurğun məktəbi ilə sonrakı dövrün şeir üslubu və ənənələri arasında çox etibarlı və möhkəm varislik körpüsüdür. Poeziyamızın artıq bir neçə nəsli böyük sənət meydanına həmin poetik körpüdən keçərək gəlmişdir”. Akdemik İsa Həbibbəyli fikrinə şərik olmaqla bərabər, demək istəyirik ki, M.Araz yaradıcılığı təkcə nəsillər arasında sənət körpüsü yox, sözün gerçək mənasında həm də böyük mənəviyyat körpüsüdür ki, bu körpünün bünövrə daşı Azərbaycan xalqının min illik tarixi yaddaşından süzülüb gəlir.
Xanəli KƏRİMLİ
Filologiya üzrə fəlsəfə
doktoru, dosent
525-ci qəzet.-
2013.- 17 sentyabr.- S.6.