Görünən dağa nə bələdçi?

 

BİNƏQƏDİ – SİMASINI DƏYİŞƏN, GÖZƏLLƏŞƏN MƏKAN 

 

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası nəticəsində Azərbaycan qüdrətli, nüfuzlu dövlətə çevrilib. Sürətli inkişaf nəticəsində dünyada söz sahibinə çevrilən Azərbaycanın əldə etdiyi nailiyyətlər öz növbəsində Bakı və Bakıətrafı rayonların, o cümlədən regionların sosial-iqtisadi inkişafına güclü təkan verib. Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə aparılan siyasət inkişafın Azərbaycan modelinin əsas tərkib hissələrindən birini təşkil edir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində həyata keçirilən uğurlu islahatların, yenidənqurma işlərinin nəticəsidir ki, hazırda Azərbaycanın bütün bölgələrində inkişafa nail olunub, regionların siması, insanların sosial həyatı əhəmiyyətli dərəcədə dəyişib. Dövlət başçısının davamlı olaraq bölgələrə səfərlər etməsi aparılan tikinti-quruculuq işlərinə onun nə dərəcədə böyük əhəmiyyət verməsinin təzahürüdür. Məhz sistemli və davamlı xarakter alan bu səfərlər regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, bu səfərlər hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran vəzifələrin müəyyənləşdirilməsini və həyata keçirilməsini təmin edir. Heç şübhə yox ki, bütün bunlar insanların rifahının yüksəlməsinə xidmət edir. Məhz prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycanda hər bir məmurun başlıca vəzifəsi xalqa, vətəndaşlara layiqli və vicdanlı xidmət olmalıdır. Fəaliyyətini bu prinsip əsasında quran Binəqədi rayon İcra Hakimiyyəti, başda rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov olmaqla dinamik yüksəliş üçün bütün zəruri tədbirləri həyata keçirməyə, ölkədəki inkişaf prosesinə layiqli töhfə verməyə var qüvvəsi ilə çalışır. Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə özü üçün güclü istehsal potensialı, zəngin infrastruktur formalaşdırmış Binəqədi rayonu prezident İlham Əliyevin diqqət və qayğısı ilə böyük uğurlar əldə edərək bu gün daha da müasirləşib. Binəqədi, demək olar ki, inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır. Rayon sakinlərinin razılığına səbəb olan quruculuq tədbirləri təkcə Binəqədi rayon mərkəzində deyil, ətraf qəsəbələrdə də qabarıq şəkildə hiss olunur. Dövlət başçısının 2013-cü il aprel ayının 23-də imzaladığı “Bakı şəhəri Binəqədi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamından irəli gələn bütün tədbirlərin icrası uğurla həyata keçirilir. Həmin sərəncama uyğun olaraq Binəqədi rayonunun Xocasən və Biləcəri qəsəbələri ərazisində iyirmi üç min nəfər əhalinin istifadə etdiyi, ümumi uzunluğu 5,7 kilometr olan qəsəbədaxili avtomobil yollarının yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsindən Binəqədi rayon İcra Hakimiyyətinə 2 milyon manat vəsait ayrılıb. Azərbaycan prezidentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi Binəqədi rayonunun bundan sonra daha böyük uğurlara imza atacağına əsas verir. 2013-cü ilin yanvar-mart aylarında rayonun sənaye sahəsində 32 milyon 979 min manatlıq sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. 2013-cü ilin yanvar-mart aylarında Binəqədi rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 1 milyon 459 min manat məbləğində investisiya yönəldilib və bu məbləğin 259 min manatı tikinti-quruculuq işlərinə sərf edilib.

Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 59 milyon manat təşkil edib. 2013-cü ilin yanvar-mart aylarında əhaliyə göstərilən xidmətlərin  21,5 faizi dövlət müəssisələrinin payına düşüb. Bu ilin birinci rübü ərzində orta aylıq nominal əməkhaqqı keçən ilin müvafiq dövrünə nisbətən 3,8 faiz artaraq 346,6 manata çatıb.

Həmçinin yeni yaşıllıq ərazilərinin salınması istiqamətində, ümumilikdə rayon ərazisində 36 min 728 kvadratmetr çəmənlik (qazon) salınaraq, 48 min 700 ədəd müxtəlif növ gül-çiçək, dekorativ kollar və 3 min 838 ədəd ağac əkilib.

Ümumiyyətlə, Binəqədi rayonunda müşahidə olunan böyük canlanma və tərəqqi ilk növbədə sistemli, ardıcıl və yeniliyə əsaslanan mütərəqqi iş üslubunun bəhrəsidir. Rayon rəhbərliyi ölkə başçısının çevik və səmərəli iqtisadi islahatlar strategiyasını rəhbər tutaraq idarəçilikdə mütərəqqi üsulların tətbiq edilməsinə nail olub. Rayonun illik inkişaf planı hazırlanaraq təsdiq olunub, bu sənəddə hər rüb üzrə görülməli işlər, onların maliyyələşdirilməsi mexanizmləri dəqiq əksini tapıb.

Bakının şimal istiqamətində magistral yolun Binəqədi ərazisindəki hissəsinin hər iki tərəfinin abadlaşdırılması, xiyaban və parkların, yaşıllıqların salınması rayon rəhbərliyinin təşəbbüsü əsasında həyata keçirilib və ümumilikdə paytaxt sakinləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Hazırda şəhərin şimal istiqamətində hərəkət edən hər bir vətəndaş qısa müddətdə necə böyük və uğurlu bir layihənin reallaşdırıldığının şahidinə çevrilir. Ölkənin şimal və şimal-qərb bölgələrindən paytaxta gələn qonaqlarda şəhər haqqında ilk xoş təəssürat yaradan Biləcəri qəsəbəsi simasını göz oxşayan bir şəkildə dəyişib. İnsanlar Biləcəridə davam edən tikinti-quruculuq və bərpa işlərini məmnunluqla qəbul edirlər.

Binəqədi həm də bir neçə mikrorayonun yerləşdiyi rayondur. Mikrorayonların isə daha çox diqqət və qayğı tələb etdiyi hamıya məlumdur.  Bu səbəbdən rayon ərazisində yerləşən mikrorayonlarda evlərin istilik sistemlərinin böyük hissəsi yenilənib. Həmçinin metronun “Azadlıq prospekti” stansiyasının ətrafında böyük abadlıq işləri aparılır. Bu ərazidəki binaların istilik, su, işıq, qaz xətləri dəyişdirilir və bu işlər davam edir. 2013-cü ilin birinci rübü də daxil olmaqla, rayon ərazisində 24 xeyir-şər evi tikilib və hazırda yeni xeyir-şər evləri tikilməkdədir. Bununla yanaşı son illərdə rayon ərazisində 6 yeni park salınıb və hazırda bəzi parklarda abadlıq-quruculuq işləri aparılır.

6 fevral 2013-cü il tarixdən “Sakinlərin Müraciət Xidməti-1646” rayon sakinlərinin istifadəsinə verilib. “Sakinlərin Müraciət Xidməti”nin yaradılmasının məqsədi vətəndaşlara göstərilən xidmətlərin yüksəldilməsinə, qarşılaşdıqları problemlərin həllinə operativ münasibət göstərərək onların etimadının qazanılmasına və dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəvidə inkişafına xidmət etməkdir. 11 fevral 2013-cü il tarixdən isə Binəqədi rayonunda qeydiyyatda olan vətəndaşlar Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” Mərkəzinin xidmətlərindən yararlanmağa başlayıblar. Rayonun sakinləri 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə gəlmədən internet və ya telefon vasitəsilə bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta, mərkəzin fəaliyyəti ilə bağlı təkliflərini deyə bilirlər.

Hazırda 2009-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramının layiqincə yerinə yetirilməsi əvvəlki kimi xüsusi diqqət mərkəzində qalmaqda davam edir. Bu istiqamətdə görülən işlər yüksək nəticələrini verir. Bütövlükdə rayonun həyatında dinamik sosial-iqtisadi tərəqqi qeydə alınır. Demək olar ki, şəhərin sosial-iqtisadi inkişafına dair dövlət proqramının icrası sahəsində Binəqədi rayonunda böyük nəticələr əldə edilib. Binəqədidə bütün sahələr üzrə görülən işləri, aparılan abadlıq-quruculuq prosesini, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımları görən hər bir kəs fəxrlə deyə bilər ki, bu rayon inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır.

Uğurla həyata keçirilən abadlıq və yenidənqurma işləri Binəqədi rayonunun simasını tamamilə dəyişib. Havaların isti keçməsi ilə əlaqədar rayonda yaşıllıqların qorunması istiqamətində ciddi tədbirlər görülür. Rayon ərazisində zibil qutularının yerləşdirilməsi üçün xüsusi yerlər inşa olunub. Binaların qarşısına asfalt döşənib və maşınların park edilməsi üçün xüsusi yerlər ayrılıb. Kanalizasiya sistemləri yenilənib, qaz və su və işıqla bağlı problemlər aradan qaldırılıb. Parklarda uşaqlar üçün əyləncə yerləri, ağacdan hazırlanmış oturacaqlar quraşdırılıb. Məhəllələrdə yaşlı insanlar üçün stolüstü oyun guşələri inşa edilib. Sakinlərin gecə saatlarında parkda normal istirahət etmələri üçün burada müasir işıqlandırma sistemi quraşdırılıb.

Binəqədi rayonu ərazisində sanitar təmizliyini təmin edilməsi istiqamətində də ciddi işlər görülməkdədir. Son bir il ərzində  rayon ərazisində sanitar normalara əməl olunması və ərazilərin təmizliyinə  nəzarət etmək məqsədilə görülən tədbirlər artıq öz müsbət nəticələrini verməkdədir. Belə ki, 2013-cü ildə bu sahədə istifadə olunan avadanlıq və texniki qurğuların sayının artması işlərin intensivliyinin və keyfiyyətinin artmasına səbəb olub. Məişət tullantılarının yığıldığı ərazilərin abadlaşdırılması, tullantıların vaxtında götürülməsi, texnika və avadanlıqlardan səmərəli istifadə təmizliyə zəmanət verir.

Görülən işlər sakinlərin tam ürəyincə olaraq, onların razılığına səbəb olub. Əvvəllər ərazidə yaşıllıqlar olsa da, indiki kimi gözəllik yox idi. Sakinlər qaranlıq küçəyə çıxmaq belə istəmirdilər. Onlar asudə vaxtlarında istirahət üçün şəhərdəki parklara getməli olurdular. Buna da hamının imkanı yox idi. İndi sakinlərin istirahət etmələri üçün hər cür şərait mövcuddur və onların yol qət edərək mərkəzi parklara üz tutmasına ehtiyac yoxdur.

Sakinlərin razılığına səbəb olan məqamlardan biri də rayon icra hakimiyyətinin başçsı Xaləddin İsgəndərovun mütəmadi olaraq sakinlərlə səyyar görüşlər keçirməsidir. Rayon rəhbəri ilə yanaşı, icra hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərlərinin də iştirak etdikləri həmin görüşlərdə sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilir.

Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin, sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər Binəqədi rayonunda da özünü parlaq şəkildə nümayiş etdirir.

 

 

Nazim ABDULƏZİMOV

Bakı şəhəri Binəqədi rayon sakini

525-ci qəzet.- 2013.- 17 sentyabr.- S.4.