Azərbaycan folkloruna aid daha bir kitab nəşr olunub

 

AMEA-nın Folklor İnstitutu tərəfindənMasallı folklor örnəkləri (1-ci kitab)” kitabı nəşr edilib. İnstitutun Elmi Şurasının qərarı ilə çap olunmuş bu kitab Azərbaycan şifahi xalq yaradıcılığının öyrənilib təbliğ olunması işində növbəti addımdır. Qeyd edək ki, elmi-tədqiqat müəssisəsində buna qədər müxtəlif bölgələri əhatə edən bir neçə kitab  işıq üzü görmüşdür ki, bu da təqdirəlayiq hal hesab edilməlidir.

Oxuculara filologiya üzrə elmlər doktoru, professor Füzuli Bayatın toplayıb tərtib etdiyi, filologiya üzrə elmlər doktoru Muxtar Kazımoğlunun (İmanov) redaktorluğu ilə təqdim olunan bu kitab 2012-ci ildə  Masallı şəhərinin Azərbaycanın folklor paytaxtı elan olunması münasibətilə hazırlanıb. Folklor nümunələrinin cəmi bir neçə aya toplanılıb nəşr edilməsində institutun bir qrup əməkdaşı da böyük əmək sərf edib. Əsərin qısa müddətdə hazırlanıb oxuculara çatdırılmasını ancaq fədakarlıq adlandırmaq olar. Kitabda tarixini folklorunda, sözünü tarixində yaşadan Masallı diyarının müxtəlif səpkili folklor nümunələri yer alıb.

Professor Füzuli Bayat kitabın giriş hissəsində rayonun tarixinə qısa səyahət etmiş, bu diyarın folklorunun özünəməxsusluğu haqqında ətraflı bəhs edib. Məlum bir həqiqətdir ki, əski türk dünyası üçün spesifik olan tayfa tirələrə bölünmə, qəbilə quruluşunu saxlama, adət-ənənəyə bağlılıq ümumilikdə cənub bölgəsində, xüsusilə Masallıda daha yaxşı qorunub ki, bu da ərazinin folklor nümunələrində rəngarəngliyə gətirib çıxarıb. Folklora ümumazərbaycan çərçivəsində nəzər yetirən müəllif haqlı olaraq qeyd edir ki, folklorun regional kontekstdə bölgələr üzrə toplanması gələcəkdə folklor atlaslarının yaranmasına, folklor fondunun tərkibinin təyin təsbit edilməsinə, şifahi xalq ədəbiyyatı janrlarının yayılma sahəsinin tezliyinin öyrənilməsinə yardım edəcək. Azərbaycan şifahi xalq ədəbiyyatının özəlliklərindən danışarkən maraqlı bir faktı qeyd etmək yerinə düşür ki, Masallı bölgəsinin el arasında Muğan deyilən hissəsində, müəllifin bidirdiyi kimi, bəzi bölgələrdə daha qabarıq nəzərə çarpan əsaslı şivə özəlliyi yoxdur.

Kitabda inanclar, dini rəvayət nəsihətlər, əfsanələr, həm məzəli, həm qəribə əhvalatlar, layla oxşamalar, bayatı, ağı adət-ənənələr s. ayrı-ayrı bölmələr üzrə paylanıb. Maraqlı faktdır ki, bu kitaba folklor antologiyası tarixində ilk dəfə olaraq “Yaxın keçmişlə bağlı əhvalatlar” adı ilə ayrıca bölmə daxil edilmişdir ki, bunu da sözlü tarixin bir qolu kimi başa düşmək olar. Lakinsözlü tarix” anlayışı bir elmi istiqamət kimi araşdırılmadığından kitabın tərtibçisi həmin nümunələri “Yaxın tarix” başlığı altında toplamışdır. Halay” adlı bölmədə bir sıra türk, eləcə də talış kəndlərində halayın məziyyətləri haqqında danışılır, həmçinin halay nümunələri verilir ki, bu şifahi xalq nümunələri də bir sıra özəl xüsusiyyətləri ilə bir-birindən fərqlənir.

Əsərin sonuncu – “Xalq sənətləri” bölməsində vaxtilə rayon ərazisində geniş yayılmış dulusçuluq, həsirçilik, səbətçilik, zənbilçilik, qavalçılıq, kəndirçilik, camçılıq və digər xalq sənətləri barədə məlumat xarakterli qısa məqalələr verilir.

Ümid etmək olar ki, “Masallı folklor örnəkləri” kitabı Azərbaycan şifahi xalq yaradıcılığı ilə bağlı son illərdə işıq üzü görmüş əsərlər içərisində özünə layiq xüsusi yerini tutacaq. Beləliklə də müəlliflərə uğur diləyərək kitabın ikinci cildini gözləyirik.

 

Ağahüseyn Şükürov

Elm” qəzetinin müxbiri

525-ci qəzet.- 2013.- 20 sentyabr.- S.7.