“Tarixin hər bir mərhələsində Azərbaycanda bütün xalqların hüquqları bərabər olub” (davamı)

 

 

“AZƏRBAYCAN ƏRAZİSİ ƏSRLƏRDƏN BƏRİ MÜXTƏLİF DİNLƏRİN VƏ İNANCLARIN YANAŞI MÖVCUD OLDUĞU NADİR YERLƏRDƏNDİR”

Müsahibimiz fəlsəfə elmləri namizədi, ilahiyyatçı-filosof Elsevər Səmədovdur. Bu yaxınlarda ABŞ-dan bir aylıq səfərdən qayıdan gənc alimlə söhbətimizin məğzini qonaq olduğu ölkənin milli və dini münasibətlər baxımından Azərbaycanla müqayisəli təhlili, bu aspektdən oxşar və fərqli cəhətlərin, eləcə də ümumilikdə tolerantlıq anlayışının fəlsəfi dəyərləndirilməsi, həmçinin Azərbaycanda qədim dövrlərdən başlayaraq bugünümüzədək təşəkkül tapıb yayılan müxtəlif dinlər, məzhəblər haqqında tarixilik prinsipi izlənməklə fəlsəfi mülahizələr, dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlər, milli təhsil sistemində dini biliklərin tədrisinin vacibliyi və bununla bağlı təkliflər təşkil edir.

Dini təhsilin ayrı-ayrı qrup və təşkilatlar tərəfindən deyil, bilavasitə təhsil sistemi içərisindən və mərkəzdən idarə edilərək tədrisi ən mühüm şərtdir. Elsevər Səmədovun fikrincə, məsələyə bu baxımdan yanaşdıqda bir çox suallar ortaya çıxır. Dini təhsil nə üçün lazımdır? Əgər lazımdırsa, o halda necə bir dini təhsil tədris olunmalıdır? Tədris olunacaq bu dini təhsilin hədəfləri nələrdir? Bu kimi sualları nəzərə alaraq təklif olunan dini təhsil şüurlu, planlı, nəzarət edilə bilən, milli-mənəvi dəyərlərə sahib və dövlətin qanunlarına bağlı həyata keçirilməlidir. Təhsil Nazirliyinin nəzdində sırf dini təhsillə bağlı komissiya təşkil edilməli, bu pedaqoji komissiya məktəblərdə din dərsinin proqram və planlarını təyin etməklə yanaşı, eyni zamanda din dərslərinin məhsuldarlığına da nəzarət edilməlidir. Din dərslərinin proqramı məzhəb fərqi qoyulmadan tərtib edilməli: ibtidai, orta və əsas təhsil şagirdlərinin şüur səviyyələri nəzərə alınaraq hazırlanmalı, ibtidai təhsildə mövzular daha çox insani davranışlar- doğru danışmaq, səmimilik, dürüstlük, ata-anaya və böyüklərə hörmət göstərmək, azyaşlılara mərhəmət kimi xüsusiyyətləri əhatə etməlidir. Orta təhsil şagirdlərinə isə daha çox düşündürücü mövzular-yaradılışın məqsədi, insanın vəzifəsi, bundan başqa milli-mənəvi dəyərlərə hörmət və ehtiram aşılanmalıdır. Bununla bərabər Allah, peyğəmbər, axirət, qədər və qəza, mələklər kimi etiqadi mövzular da tədrisdə yer almalıdır. Əsas təhsildə isə daha çox dini-fəlsəfi mövzulara yer verilməlidir. Dərs saatları təhsil mərhələlərinə görə dəyişərək bu şəkildə olmalıdır: ibtidai təhsildə 2 saat, orta təhsildə 2 saat əsas təhsildə 1 və ya 2 saat. Məktəblərdə ixtisas sahibi olmayan müəllimlərin dərs keçməsinin qarşısını almaq məqsədilə din dərsi müəllimlərinin ilahiyyat məzunları olmaları və Təhsil Nazirliyində dini təhsillə bağlı təşkil olunacaq müvafiq şöbənin icazəsi əsasında fəaliyyət göstərmələri əsas şərt kimi qoyulmalıdır (Qərb ölkələrində olduğu kimi) və bu müəllimlər üçün müntəzəm olaraq ixtisasartırma kursları təşkil olunmalı, onların pedoqoji səviyyələrinə nəzarət edilməlidir. Xüsusi olaraq müəllim yetişdirən bütün universitetilərdə dini biliklər və din pedaqogikası dərsləri qoyulmalıdır”.

E.Səmədov dini təhsil mövzusunda vətəndaşın tələbatına cavab vermək üçün kütləvi dini təhsilin inkişaf etdirilməsinin, dövlət TV və radiosunda xalqa ünvanlanan tərbiyəedici dini proqramların təşkilinin vacibliyini diqqətə çatdırıb: “Bu cür proqramlar eyni zamanda azyaşlı uşaqlar üçün də nəzərdə tutulmalıdır. Xəstəxanalarda xəstələrə mənəvi dayaq vasitəsilə xüsusi yetişdirilmiş din xadimləri olmalıdı. Bu vəzifəni yerinə yetirəcək olanlar üçün xüsusi kurslar təşkil edilməlidir. (ilk növbədə mərkəzi xəstəxanalarda tətbiq etmək olar). Həbsxanalarda, xüsusən də azyaşlılar üçün olan islah əmək müəssisələrindəki məhkumlara mənəvi dayaq olmaq məqsədilə ixtisaslı din xadimləri fəaliyyət göstərməlidir”.

Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsindən də söhbət açan alim bununla bağlı fikirlərini bölüşüb: “Azərbaycan dünyəvi dövlətdir. Dinin dövlətdən, dövlətin dindən ayrı olması konstitusiyada göstərilib. Buna görə də deyə bilərik ki, dövlətin sosial, siyasi, iqtisadi və hüquqi fəaliyyətini müəyyən edən qanunlar qəbul edilərkən dinin bu mövzudakı əmr və qadağanlarına görə deyil, sosial ehtiyaclara görə edilir. Dövlət quruluşunun əsası olan dünyəvilik, din və vicdan azadlığını dövlət təminat altına alır. Həqiqi din azadlığı ancaq dünyəvi bir dövlətdə ola bilər. Çünki ancaq belə bir dövlətdə vətəndaşlar heç bir müdaxilə olmadan öz dinlərini seçə bilirlər və bu dinlərin qaydalarına lazımi ölçüdə əməl edirlər. Dünyəvi bir dövlət din azadlığı, hər hansı dinə inanma və onun ibadətlərini yerinə yetirmə azadlığını təmin etdiyi kimi, vətəndaşların istərsə heç bir dinə inanmama və heç bir dinin ibadətləri yerinə yetirməmə azadlığını da təmin edir. Dövlətin vətəndaşı ilə münasibəti dini və ideoloji deyil, ədalət çərçivəsində olmalıdır. Dövlət cəmiyyətin mənəvi dəyəri olan dinə hörmətlə yanaşır. Vətəndaş istərsə cəmiyyətin dini dəyərlərini öyrənə bilər və bu dəyərlərlə yaşaya bilər. Dövlət içində din və vicdan azadlığı hakimdir. Hər bir şəxs istədiyi dinə etiqad edə bilər. Eyni dini qəbul edənlər öz aralarında dini icmalar qura bilərlər. Dövlət, ictimai ədəb və əxlaq, hüquqi nizam və təhlükəsizlik baxımından problem yaratmadıqca heç bir dini qadağan etmədiyi kimi heç bir dinə qarşı xüsusi bir himayə də göstərə bilməz. Dövlət dinlərə qarşı tamamilə qərəzsizdir. Dövlət cəmiyyətin siyasi üstqurum hadisəsi olaraq dinlərin fövqündə duran bir sistemdir. Azərbaycan Respublikasının Konstitusiyasında din və vicdan azadlığı, din-dövlət münasibətləri bu anlayış üzərində qurulub. Azərbaycan Respublikasında dövlət iki qurumla vətəndaşların dini hüquqlarını təmin edir, bu sahədəki məsələləri tənzimləyir. Birincisi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidir. Bu qurum daha çox dövlətin din sahəsindəki rəsmi mövqeyini təmsil etməklə, dövlətin dinlə bağlı siyasətinin qurulmasına xidmət edir. Bu rəsmi dövlət qurumu din-dövlət münasibətlərini əsaəs üç amillə tənzimləyir- azərbaycançılıq, dünyəvilik və milli- mənəvi dəyərlər. Bu kontekstdə inkişaf etdirilən din-dövlət münasibətləri cəmiyyətimizin müsbət istiqamətdə inkişafına təkan verir. Dövlət din münasibətlərini tənzimlənməsində ikinci qurum isə Qafqaz Müsəlmanları İdarəsidir. Sovet dövründə qurulan bu qurum Azərbaycandakı şiə və sünni müsəlmanların dini ehtiyaclarını qarşılayan, hətta vəzifə səlahiyyətləri ölkənin xaricini əhatə edən dini bir qurumdur. Bu qurum rəsmi dövlət qurumu olmasa da dövlət maraqlarına bağlı olaraq ölkədə dini həyatın inkişafında birbaşa təsiri olan bir qurum kimi çox əhəmiyyət daşıyır. Bundan başqa Azərbaycanda səmavi dinlərdən xristian, yəhudi və eləcə də digər qeyri-ənənəvi dinlərə aid dini quruluşlar da fəaliyyət göstərir. Qeyd edək ki, Azərbaycanda yaşayan xristian, yəhudi və digər din mənsubları qanun çərçivəsində öz dinlərini yaşamaq və yaşatmaq haqqına sahibdirlər. Ancaq xaricdən gələn dini təşkilatlar əsasən missionerliklə məşğul olurlar. Bu təşkilatlar öz din mənsublarına xidmət etmək məqsədilə gəldiklərini söyləsələr də bu bir həqiqətdir ki, onların fəaliyyətləri Azərbaycan dövlətçiliyinə və əhalinin 96 faizini təşkil edən müsəlmanlara qarşı yönəlmiş fəaliyyətlərdir. Ancaq əminəm ki, müsəlman olaraq öz dinimizə, adət-ənənəmizə, milli və mənəvi dəyərlərimizə bağlı qalsaq, heç bir missioner fəaliyyət bizi tutduğumuz yoldan döndərə bilməz. Azərbaycan Respublikası vətəndaşlarına din-dövlət münasibətlərini təyin edərək inanc və ibadət, dini təhsil, dini təşkilatlanma və dini mətbuat haqları verib. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasında din-dövlət münasibətləri demokratik dəyərlərlə nizama salınıb”.

Sonda həmsöhbətim “Milli və dini birliyimizi qoruyub saxlamaq üçün hansı addımların atılması zəruridir” sualımızı da cavablandırıb: “Düşünürəm ki, bunun üçün Amerika modelinə müraciət etmək olar. Çünki Amerika da çoxmillətli və çoxdinli bir dövlətdir. Orada olduğum bir müddətdə həm buddist, həm induist, həm xristian, həm müsəlman icmaları ilə görüşlərim oldu. Hamısında da bu qənaətə gəldim ki, burada din ancaq insanların mənəvi ehtiyaclarını təmin etmək üçündür. Yəni heç bir siyasi-ideoloji təsir gücü yoxdur. İnsanlar burada ancaq mənəvi ehtiyaclarını ödəyirlər. Milli məsələdə amerikan kimliyi üstündür. Artıq kimin burada hansı etnosun daşıyıcı olması heç bir önəm kəsb eləmir. Amerikan pasportunu daşıyan hər kəs Amerikaya xidmət edir- orada insanlarda bu təfəkkür formalaşıb.Onların hər bir vətəndaşı bütöv – çoxmillətli və çoxdinli Amerikanı sevir. Bizdə də bu təfəkkürü inkişaf etdirmək lazımdır. Əslində bizdə ümummilli ilder Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası elə buna xidmət edir. Bu baxımdan azərbaycançılıq ideologiyası həmin Amerika təfəkkürü ilə çox oxşardır. Bu gün güclü Azərbaycan dövləti var. Bu heç də bir millətin adını ifadə eləmir, bu bütövlükdə bir coğrafi məkanın adıdır. Burada yaşayan bütün millətlərin nümayəndələri ölkəmizin vətəndaşı olaraq bərabərhüquqludur. Biz bu gün Azərbaycanı türk, talış, ləzgi, saxur, yəhudi, inqiloy, kürd olaraq da yaşatmalıyıq, Azərbaycana xidmət eləməliyik, öz fəaliyyətimizi azərbaycançılıq ideologiyası üzərində daha da dərinləşdirməliyik. Bizim milli və dini birliyimizin qorunmasının əsas yolu azərbaycançılıq ideologiyasından keçir”.

 

Sevinc MÜRVƏTQIZI

525-ci qəzet.- 2013.- 20 sentyabr.- S.7.