Vətəndaş cəmiyyəti dövlətçiliyin dayağıdır

 

Demokratik münasibətlərin və demokratik həyat tərzinin formalaşması özü-özlüyündə güclü dövlət və sağlam yönümlü vətəndaş cəmiyyətini nəzərdə tutur. Güclü dövlətin strateji istiqamətləri çoxsahəli olsa da, əsas məqsəd insanın rifahı və sağlamlığıdır. Bunu aydın şəkildə ölkə Prezidenti İlham Əliyev II Beynəlxalq Bakı forumunda qeyd etmişdir: “... bizim bütün işlərimizin təməlində insan amili dayanır. Hesab edirəm ki, bu hər bir dövlət üçün ən vacib yanaşmadır. Çünki hər şey insan üçün edilir. Onun azadlığı, təhlükəsizliyi, sağlamlığı, işlə təmin edilməsi, rahat yaşaması dövlətin başlıca qayğısıdır”.

Dövlət başçısı tərəfindən səsləndirilən bu aparıcı məqsəd qeyri-hökumət təşkilatlarının öz istiqamətlərinə uyğun fəaliyyətlərində nəzərə alınmalıdır. İnsan, onun siyasi və vətəndaş yetkinliyi, milli-mənəvi dəyərlərin daşıyıcısı kimi formalaşması istiqamətində həm dövlətin, həm də QHT-lərin birgə səyləri bu günümüzün zərurətidir.

Ziddiyyətli sınaqlarla keçən son iyirmi ilə nəzər salsaq görərik ki, millətimizin  qabaqcıl nümayəndələri vətəndaş cəmiyyətinin inkişafı uğrunda QHT-lərin tərkibində hər zaman iştirak etmiş və bu gün də məsuliyyətli vətəndaş mövqeyindən çıxış edərək işlərinin davam etdirirlər. Güclü dövlətin dayanıqlı inkişafı yollarında xalqımıza öz bilik və bacarıqlarını ötürür, real gündəlik fəaliyyətlərində maariflənmə işini davam etdirirlər.

Bir sosioloq və vətəndaş kimi iyirmi il ərzində QHT-lərlə bağlı sosioloji müşahidələrimi, bəzi illərdə isə QHT-lərin işində iştirak edən insan kimi bir sıra ümumiləşdirilmiş mülahizələrimi oxucularla bölüşmək istərdim. Konkret olaraq, söhbətim “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyi, onun məqsədləri, istiqamətləri və iş metodları haqqındadır.

Burada irəli sürülən əhəmiyyətli ideyalar özü-özlüyündə gündəlik, çoxşaxəli fəaliyyətin həyata keçirilməsinin konturlarını açıq-aydın göstərir. Bu ideyalar dövlət və vətəndaş institutlarına, onların gündəlik fəaliyyətinə yönəlmiş vətəndaş çağırışlarıdır. Azərbaycan üçün tale yüklü “güclü dövlət” ideyası hər birimizin maraq dairəsindədir. Başqa sözlə, bu prinsiplər həm dövlət həm də vətəndaş cəmiyyəti strukturlarında çalışanları düşündürməyə bilməz.

Bununla bağlı, məqalədə konkret olaraq “Aydınlığa doğru” qadın təşkilatı haqda öz düşüncələrimizlə bölüşmək istərdik. Təşkilat 2008-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçdikdən sonra telejurnalist Solmaz Əmirlinin rəhbərliyi ilə öz fəaliyyətinə başlamışdır. Birliyin irəli sürdüyü strateji əhəmiyyətli ideyalar, gündəlik çoxistiqamətli işlərin həyata keçirilməsinin prinsipləri, məqsəd və vəzifələri şəffaf şəkildə müasir vətəndaş cəmiyyətimizn inkişafına yönəlib. Burada dövrün tələbinə, zamanın ahənginə uyğun biliklərə yönəltmək, milli-mənəvi dəyərlərimizin öyrənilməsi və tətbiqi istiqamətlərində çoxşaxəli, məqsədyönlü, davamlı maarifləndirmə işi və praktiki fəaliyyət həyata keçirilməkdədir. Sözsüz ki, bir məqalədə “Aydınlığa doğru” kimi geniş fəaliyyəti olan qeyri-hökumət təşkilatının bütün işləri barədə yazmaq qeyri-mümkündür. Birliyin  fəaliyyətində əsas istiqamət – dövlətimiz və cəmiyyətimiz üçün böyük önəm daşıyan problemlərlə bağlı sağlam maariflənmədir.

Belə bir birliyi çoxşaxəli və elmi səpgidə qurmaq və uğurla onu davam etdirmək sözsüz ki, rəhbərdən öncə liderlik bacarığı, öz ətrafına mütərəqqi düşüncəli komandanı toplamaq, geniş diapazonlu dünyagörüşü ilə müasirliyi duymaq və onun problemlərindən çıxış etmək bacarığını tələb edir. Bu cəhətləri biz məhz “Aydınlığa doğru” İctimai Birliyini quran və ona rəhbərlik edən Solmaz xanım Əmirlinin şəxsiyyətində görürük.

“Aydınlığa doğru” İctimai Birliyinin dəyərli tərəfi ondadır ki, bu qurum  yaranan vaxtdan bu günə qədər öz fəaliyyətini Azərbaycan Respublikasının istər aidiyyatı dövlət orqanları, istərsə də qeyri-hökumət təşkilatları ilə sıx əlaqəli şəkildə həyata keçirir. Burada yaranan çoxşaxəli iş modeli bir neçə istiqamətdə fəaliyyətini göstərməkdədir. 2009-cu ildən start götürmüş “Ziyalı ünsiyyəti” layihəsində görüşlər  geniş mövzuları əhatə edən, dialoq və təkliflərlə müşayiət olunan gözəl  ünsiyyət mühitində keçir. Burada müxtəlif sahələrdən gələn ziyalıları görə bilərsiniz: yazıçılar, alimlər, bəstəkarlar, ilahiyyatçılar, xeyriyyəçilər, müəllimlər. Demək olar ki, burada dövlət və millət qarşısında vətəndaşlıq məsuliyyəti olan ziyalılar üçün gündəmdəki problemlər ətrafında (milli-mənəvi dəyərlərimizin qorunması, yeni təfəkkür tərzinin formalaşması və s.) düşünməyə və təkliflər irəli sürməyə səmimi ünsiyyət mühiti yaranır.

Digər ictimai qurumlarla  məhsuldar  iş aparan “Aydınlığa doğru”  2  il əvvəl “Yeni Yol” gənclərin maarifləndirilməsi İctimai Birliyi ilə birgə maraqlı bir layihəyə imza atdı. Sosioloq və psixoloqların köməkliyi ilə tərtib edilmiş şəxsiyyət, təhsil, əks cinslə münasibət, ailə mövzusunda 50 sualdan ibarət sorğu anketləri Bakı və Sumqayıt şəhərlərindəki ali və orta ixtisas məktəblərində oxuyan 5764 gənc tərəfindən anonim şəkildə cavablandırıldı. Sorğunun nəticələri ekspertlər tərəfindən araşdırıldı və adı çəkilən sahələrdə gənclərimizi narahat edən əsas problemlər müəyyənləşdirildi.  6 mart  2011-ci il tarixdə bu problemlərin və onların həlli yollarının müzakirə edildiyi, “Birləşək, həll edək!” devizi altında “Gənclərimizin gələcəyi Vətənimizin gələcəyidir” adlı konfrans keçirildi ki, bu konfransın nəticəsi kimi hazırlanan təkliflər paketi Strateji Araşdırmalar Mərkəzinə təqdim olundu.

“Aydınlığa doğru”nun uğurlu işlərindən biri Ramazan orucunun mahiyyətini hərtərəfli şəkildə – dini, tibbi, sosial, psixoloji və s. yönlərdən açıqlayan, onun digər dinlərdəki oruclardan fərqini göstərən “Ramazan dalğası” adlı elmi-kütləvi filmidir (ssenari müəllifi Aydın Talıbzadə və rejissoru Elçin Musaoğlu). Bu elmi-kütləvi film 4 ölkədə  – Rusiya, Türkiyə, Misir və Azərbaycanda çəkilmiş, fərqli dinlərdən olan din xadimlərinin, elm adamlarının fikirləri alınmışdır.

Təməli bu təşkilatın tərkibində qoyulan, sonra böyüyərək QHT kimi  müstəqil fəaliyyətə başlayan “Pətək” yeni nəslin mənəvi tərbiyəsi İctimai Birliyi Sevinc Əsgərovanın sədrliyi altında öz fəaliyyətini günümüzün aktual problemlərindən biri olan uşaqların mənəvi tərbiyəsi məsələlərinə həsr etmişdir. Burada təcrübəli müəllimlərin və psixoloqların işə son dərəcə həssas münasibəti, uşaq tərbiyəsi sahəsində valideynlərə və məktəbə köməyi bir vətəndaş kimi məni çox sevindirir. Öz vəzifəsinə belə gözəl münasibətin nəticəsidir ki, artıq “Pətək” İctimai Birliyində aparılan işlər bəhrəsini verməkdədir. Belə ki, 2013-cü il 3-7 aprel tarixində Bakıda keçirilən ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq İNEPO – AVRASİYA Layihə Olimpiadasında “Pətək” İB Ətraf mühitin mühafizəsi nominasiyası üzrə I yerə layiq görülmüşdür.

“Pətək” İctimai Birliyinin fəaliyyətini sosial-psixoloji tərəfdən nəzərdən keçirərək və oraya dəvət olunmuş ekspert kimi deyə bilərəm ki, burada gələcəyin uğurlu nəsli böyüməkdədir. Onların son 4 ildə topladığı təcrübə təqdirə layiqdir. Mərkəzin rəhbəri Sevinc xanım deyir: “Üzərimizə düşən məsuliyyəti hiss edir və uşaq tərbiyəsi sahəsində vəziyyətin təkmilləşdirilməsi üçün dövlətimizə kömək etməyə çalışırıq”.

“Aydınlığa doğru” İctimai Birliyinin nəzdində xeyriyyə dərnəyi kimi yaranan və daha sonra qeyri-hökumət təşkilatı kimi müstəqil fəaliyyətə başlayan daha bir qurum “Damla” aztəminatlı ailələrə qayğı İctimai Birliyidir.  Mərkəzin əsas məqsədi xeyriyyəçilik mədəniyyətinin bərpa olunması və cəmiyyətimizdə tətbiqidir. 2010-cu ildə rəsmi qeydiyyatdan keçən bu təşkilat artıq xeyli işlər görə bilmişdir. Həm Azərbaycan məkanında aztəminatlı ailələrə, yetim uşaqlara, imkansız tələbələrə, təbii fəlakətlər zamanı zərər dəymiş bölgələrin əhalisinə edilən yardımlar, həm də Azərbaycanın xaricində, uzaq Somalidə yeddi su quyusunun istifadəyə verilməsi və daha ikisinin istifadəyə hazırlıq mərhələsində olması “Damla”nın qısa müddətdəki fəaliyyətinin necə səmərəli olduğunun göstəricisidir. Az müddətdə geniş xeyriyyəçilik fəaliyyəti göstərmək yardımsevər vətəndaşlarımızın yaxından iştirakı ilə baş tutur. Birliyin sədri Nigar Abdullayevanın qeyd etdiyi kimi: “Damla”nın  gücü könüllülərdədir. Onlar bizə yardıma ehtiyacı olanlarla xeyriyyəçilər arasında körpü yaratmaqda, böyük vəsait tələb edən əməliyyatlar üçün sponsorların tapılmasında yaxından kömək edirlər”.

Güclü dövlətin yaranması və onun qorunub saxlanılması hər birimizdən düşünülmüş səylər, zəmanənin tələbinə cavab verən bacarıq və istedad tələb edir. Müstəqil Azərbaycanın strateji istiqamətləri və bilavasitə hər birimizin bacarıqları konkret olaraq gündəlik fəaliyyətimizdən praktiki həyatımıza köçürülməlidir. Sözsüz ki, bu prosesdə vətəndaş cəmiyyətlərinin səyləri öz ətrafında müasir, sağlam təfəkkürlü (vəzifəsindən asılı olmayaraq) insanları birləşdirmək, fəaliyyətlərini dövlət maraqları əsasında qurmaq, müasir Azərbaycanı dünyəvi proseslərə inteqrasiyasını dərinləşdirərək hər zaman dövlətin  maraqlarını qorumaqdır.

Son illər ərzində “Aydınlığa doğru” İctimai Birliyinin fəaliyyətini müşahidə edərkən, inamla onu deyə bilərəm ki, burada nəsillərarası (yaşlı və gənclər) ünsiyyət və maariflənmə daima  paralel olaraq həyata keçirilir.

 

 

 

Rəfiqə Əzimova

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Sosiologiya və Sosial  psixologiya şöbəsinin müdiri, 

fəlsəfə elmləri doktoru, əməkdar elm xadimi

525-ci qəzet.- 2013.- 20 sentyabr.- S.4.