“Səbrim, iradəm, ən əsası elmə
sevgimlə maneələri aşa bilmişəm...”
Pərvinin
həmsöhbəti Filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilovdur.
Buludxan Xəlilov
1966-cı il iyulun 25-də Qərbi Azərbaycanda
Amasiya rayonunun Ellərkənd kəndində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı
fakültəsində təhsil alıb. Tələbəlik
illərini “Cəfər Cabbarlı” adına
olan təqaüdlə oxuyub. Əmək fəaliyyətinə
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Müasir Azərbaycan
dili kafedrasında laborant kimi başlayıb. Hazırda həmin kafedranın professoru və
Filologiya fakültəsinin dekanıdı. “Filologiya
məsələlərinə dair tematik toplu”nun redaktorudur.
Ədəbi dilin tədqiqinə dair 25
kitabın – monoqrafiyaların, dərsliklərin, dərs vəsaitinin
300-dən çox elmi, elmi – publisistik məqalənin müəllifidir.
90-cı illərdən dövri mətbuatda elmi,
elmi-kütləvi məqalələrlə, publisistik esselərlə
çıxış edir.
Pərvin:
Buludxan müəllim, ictimaiyyət sizi kifayət qədər
tanıyır, əsərlərinizi, televiziyadan
çıxışlarınızı izləyirlər, bilirlər.
Amma istərdim söhbətimizə lap əvvəldən
başlayaq. Bioqrafiyanızda maraqlı məqamlardan biri kənd
orta məktəbini bitirməyinizdi. Ümumiyyətlə,
“harada oxumaq?” məsələsi son günlərdə xeyli dəbə
düşüb. Valideynlər
uşaqlarını mərkəzdə oxutmaq üçün
çox çalışırlar. Və belə fikirlər
də var ki, insan elmə gəlmək istəyirsə, şəhərdə,
elmin mərkəzində yetişməlidi...
Buludxan Xəlilov:
Çox maraqlı bir məsələyə toxunursunuz. Hesab
edirəm ki, oxumaq istedadı, həvəsi, bacarığı
olan adam üçün məkanın fərqi
yoxdu, bu mənada bəzən canfəşanlıq edib məktəb
axtaran valideynləri başa düşmürəm. Məktəbin harda olması önəmli deyil, orda dərs
deyən müəllimlərin səviyyəsi önəmlidir.
Bax, mənim bəxtim məhz burda gətirib.
Bəli, mən ucqar bir kənddə, düz
Türkiyənin sinirlərində, Qərbi Azərbaycanın
Amasiya rayonunun kənd orta məktəbini bitirmişəm.
Amma tam səmimi deyirəm ki, həmin məktəb
akademik bir təhsil ocağı idi və əlimdə imkan
olsaydı, o zamanlar orda dərs deyən müəllimlərə
akademik adı verərdim. Məsələn,
həmin məktəbdə mənə ədəbiyyatdan Məcnun
müəllim dərs deyirdi. O cür hərtərəfli
biliyə, dünyagörüşünə malik adamlar
çox azdı. Təsəvvür edin ki, Məcnun müəllim ədəbiyyat,
incəsənət, musiqi, aşıq sənəti, teatr, kino
və başqa sahələr üzrə mükəmməl
biliyə sahib idi və bu biliklərini çox böyük səxavətlə
bizə ötürür, bizi elmə, təhsilə,
yaxşı mənada rəqabətə həvəsləndirirdi.
Eləcə də başqa müəllimlərim.
Bəzən
insanlar zahiri parıltılara aldanırlar, məktəbin təmiri,
yeri və s. maraqlandırır onları. Ancaq gəlin
görək elmi mühit bunlardanmı asılıdı? Şübhəsiz ki,
yox. Mənim oxuduğum məktəbdə şagirdlər üçün hər
cür şərait yaradılmışdı, yəni, təmiri,
görünüşü, maddi-texniki bazası, idman zalı,
hamısı ürəyimiz istəyən kimiydi. Orda əsasən say-seçmə uşaqlar təhsil
alırdı və bizim bütün fikrimiz dərsdəydi.
Bir məqamı da deyim ki, biz yay tətilində əvvəl
oxuduğumuz proqramı təkrarlayırdıq, birdən
müəllim ötən illərdə keçdiklərimizdən
sual verər... Bütün bu xatirələrimin
içindən indiki mühitə və uşaqlara baxanda təəssüflənirəm.
Pərvin:
Çoxmu seçilirlər sizin həmyaşıdlarınızdan?
Buludxan Xəlilov:
Bilirsiz, indi də vicdanlı müəllimlər, hətta əyalətlərdə
də, ucqar kəndlərdə də, elə şəhərdə
də az deyil, yaxşı məktəblər
də çoxdu. Savadlı uşaqlar da var. Amma
bizim vaxtımızda bu qədər boş, mənasız
işlər zəbt eləməmişdi dünyanı. Təsəvvür edin ki, biz bütün jurnallara
abunə yazdırırdıq, kitabxanamız vardı, amma elə
zəngin deyildi, ona görə yeni çapdan çıxan
kitabları alırdıq. Şəhərdən
bağlama gələndə bayramımız idi. Xüsusən, uzun qış gecələrində.
İndi o günləri yadıma salanda xeyli
nostalji keçirirəm. Hava çox soyuq
olurdu bizim tərəflərdə, artıq payız aylarından
qar yağırdı, hətta boran olurdu. Evdə
kömür sobası vardı. Anam səhərə
kimi kitab oxuduğumu bilirdi. Ona görə o sobanı elə
qalayırdı ki, bütün gecəni ev
imisti olurdu və mən elə o sobanın
işığında mütaliə edirdim. Məktəbdə
də bu oxuduqlarımızı müzakirə edirdik, bəzi əsərləri
səhnələşdirirdik hətta. İndi
mən sizə sual verirəm, bu cür şövqlə oxuyan
uşaqlar varmı bu zəmanədə? İnternet,
sosial şəbəkələr, bayağı saytlar gəncliyin beynini sürətlə
korşaltmaqdadı. Mən hətta
övladlarıma irad tuturam, “iki saat kompyuterin qabağında
oturdun, nə yadında qaldı?!” – soruşuram...
Əlbəttə ki, heç nə. Bizim məktəb
və mühit tamam başqaydı...
Pərvin:
Dediklərinizdən belə nəticəyə gəlmək
olar ki, mühitin rolu böyükdü. Bu da maraqlıdı
ki, bəzən eyni məktəbdə bir neçə alim,
yaxud şair, yazıçı yetişir...
Buludxan Xəlilov:
Əlbəttə, gəlin elə götürək Qori Müəllimlər
Seminariyasını. Necə böyük şəxsiyyətlər
yetirdi bu təhsil ocağı?! Üzeyir Hacıbəyov.
Özü də bu böyük insan təkcə musiqi sahəsində deyil, ədəbiyyat
tariximizdə, mədəniyyətimizdə, publisistikamızda
xidmətləri olmuş dahidir. Bundan başqa, Mehdixan Vəkilov,
yaxud Qazax filialını bitirmiş Səməd Vurğun və
s. Həmin insanları yetişdirən, onlara ruh, bilik verən
o mühit idi. İsmayıl Şıxlı öz seminariya illəri
ilə bağlı xatirələrində yazırdı ki, mənim
Yunis Əyyubov adlı bir riyaziyyat müəllimim vardı, o
bizə hər hansı riyazi məsələnin o qədər
həll yollarını göstərirdi ki, hətta ən zəif
şagird də
tapşırığın öhdəsindən gələ
bilirdi. Yunis müəllim uşaqlara dərsi
ürəyi istəyən kimi öyrətməmiş evə
getmirdi, bəzən hətta elə gecəni də məktəbdə
qalırdı. Bunları oxuyanda öz
müəllimlərim yadıma düşür. Mənim müəllimlərim dərsdən sonra da
qalıb bizimlə, sanki indiki repetitorlar kimi saatlarla məşğul
olurdular, özü də tam təmənnasız. Bu mənada vicdan, cəfakeşlik çox vacib
xüsusiyyətdir. Etiraf etməliyəm
ki, orta məktəbdə aldığım biliyi, təhsili mən
həm universitetdə tələbəlik illərimdə, həm
də elmi işlə məşğul olanda öyrəndiklərimdən
qat-qat üstün bilirəm.
Pərvin:
Yeri gəlmişkən, tələbəlik illəriniz haqda
soruşmaq istəyirəm. Bakıdan ən uzaq
bir bölgədə yaşamısınız. Adətən, əyalət uşaqlarının
paytaxta aid müəyyən xəyalları olur. Siz o dediyiniz ucqar, sakit, amma son dərəcə elmi
mühitdən çıxıb şəhərə gələndə
necə gördünüz, necə hiss etdiniz buraları?
Buludxan Xəlilov: Bilirsiz, təvazökarlıqdan uzaq
olsa da, deməliyəm, mənim özümə inamım artdı bu mühiti
görəndən sonra, anladım ki, tələbə yoldaşlarımla müqayisədə
çox zənginəm, üstünəm, erudisiyam
güclüdü, onlardan qat-qat çox bilirəm. Bir misalı deyim, bizə professor Xeyrulla Məmmədov
dərs deyirdi, o mühazirələrində, seminarlarında məni
kitabxanaya göndərirdi, “sən onsuz da bunların
hamısını bilirsən, get kitabxanada başqa kitablar oxu,
mütaliə elə...” – söyləyirdi. Yenə
də təhsil aldığım məktəbi yadıma
salıb deyirəm ki, o məktəbə də, müəllimlərə
də minnətdaram, borcluyam. Bir də
şübhəsiz valideynlərimə. Məncə,
valideynlərimin yaratdığı şərait, mənə
yaşatdıqları zəngin, hərtərəfli, romantik
uşaqlıq da az rol oynamayıb. Bu sanki xarakterimə çevrilmişdi, sonralar tələbəlik
illərimdə də tələbə yoldaşlarımı
bu auraya, ovqata çəkirdim. Məsələn, dəstə
ilə filmlərə baxmağa gedirdik, sonra müzakirə
edirdik həmin o romantik, dərin, fəlsəfi kinoları... Heç iki nəfər kinoya getməyimiz yadıma gəlmir.
Həmişə qrupla birgə baxırdıq
filmlərə, mübahisələr edir, fikir mübadiləsi
aparırdıq.
Pərvin:
Amma kinoteatra ikilikdə getməyin də öz yeri var, deyilmi?
Buludxan Xəlilov:
(gülür) Nəyə işarə etməyiniz
aydındı. Əlbəttə, bunun da öz
yeri və gözəlliyi var. Amma tələbəlik illərində
mənim beynimi, düşüncəmi başqa mövzular
tutmuşdu. Sevgi, filan daha sonralar
yaşandı. Lakin böyüdüyüm
mühit, oxuduqlarım, baxdığım filmlər qəribə
bir romantik ovqat yaratmışdı məndə. İndi isə filmlər, televiziya verilişləri
yalnız dava, boevik, murdarçılıq nümayiş
etdirir. Və məncə, çağdaş nəslin
yetişməsinə, xarakterinə olduqca mənfi təsir
göstərir bütün bunlar.
Pərvin:
Bioqrafiyanızda maraq doğuran məsələlərdən
biri də 33 yaşında doktorluq dissertasiyası müdafiə
etməyiniz və bir-iki il sonra professor vəzifəsinə
seçilməyinizdir. Nədisə, bəlkə də sovet
dövründən qalma bir düşüncə var ki, alimin
yetişməsi üçün uzun zaman lazımdı,
yazdığını bir müddət “dincə
qoymalıdı”, qoltuğunda qovluqlar xeyli gəzməlidi, bəzi
adamlardan xahiş-minnət eləməlidi və s... Başqalarının çətinliklə, uzun
zamana gördüyü işi qısa vaxtda görməyi necə
bacarmısınız?
Buludxan Xəlilov:
Düzü, bəzən özüm də keçdiyim yola nəzər
salanda müəyyən məqamlara təəccüblənirəm.
Düşünürəm ki, bütün
nailiyyətlərimin arxasında iradə, qətiyyət,
prinsipiallıq, dözümlülük və zəhmətsevərlik
durur. İnsan özünə inamlı
olanda, yorulmadan çalışanda, hər cür çətinliyə
səbrlə yanaşanda istəyinə çatır, mütləq
çatır. Açığını
söyləyim ki, “əziyyət çəkirəm, amma nəticəsi
olmur” deyən kəslərə inana bilmirəm. Görünür, hansısa qətiyyət, ya zəhmətsevərlik
çatışmır ki, insan arzuladığı pilləyə
qalxa bilmir. Maneələr, qəliz keçidlər,
aşırımlar isə mütləqdi, bunlarsız olmaz...
Pərvin:
Yəqin elə həyatın
qanunu budu. İnsan nəyəsə nail olmaq istəyirsə,
mütləq əziyyət çəkməlidi... Asan yolla
qazanılan uğurun heç mənası da olmaz...
Buludxan Xəlilov:
Əlbəttə. Siz tarixə, görkəmli şəxsiyyətlərin
bioqrafiyasına da nəzər salsanız, bunu görə bilərsiniz.
Onların da həyat yolları enişli,
yoxuşlu olub. İnsan öz seçdiyi
yolla gedir və çalışır ki, kimlərsə, nələrsə
ona maneçilik etməsin. Amma adamın
özündən asılı olmadan onunla uyuşmayan, arzu və
istəklərinə məhəl qoymayan insanlar
çıxır qabağına, bəzən bilərəkdən,
bəzən bilməyərəkdən əngəllər
törədirlər. Bəziləri o
yollarda daşa, kəsəyə, hətta qayaya çevrilirlər,
tikan olub bitirlər. Onda insan səbrlə,
təmkinlə o daş-kəsəyi adlamalıdı,
tikanları öz yolundan təmizləməlidi. Əlbəttə, iradəsiz insan baryerlərdən
qorxur, bezir və dayanır, davam edə bilmir. Bu mənada mən deməliyəm ki, həyat yolum
heç də hamar olmayıb və yalnız səbrim, iradəm,
ən əsası elmə sevgimlə maneələri aşa
bilmişəm.
Pərvin:
Mərhum dilçi alim, professor Afad Qurbanov haqda
yazdığınız “Elm adamları ölmür” məqalənizdə
bir vaxtlar Afad müəllimin sizə dəstək
olmasından, müdafiə etməsindən söz
açmısınız. Ümumiyyətlə,
sizə mane olanlar çox olub, ya kömək edənlər?
Buludxan Xəlilov:
Məncə, mane olanlar az deyil, amma kömək
eləməyə çalışanlar da çoxdu. Bədxahlar da kifayət qədərdi. Amma nədisə, gələcəyi olan,
çalışan adamlara daha çox daş atırlar,
ayaqlarının altını qazırlar. Gücsüz
adamın heç oppozisiyası da olmur. Əslində,
hansısa mənada minnətdaram bu cür adamlara,
çünki onlar bizi bərkidirlər, güclü edirlər.
Amma əsas umacağım odu ki, hərə
öz çəkdiyi yükü bilsin, özünü dərk
eləsin. Bəzən elə adam səninlə
rəqabətə girir, özünü tərəf
müqabili hesab edir ki, məəttəl qalırsan. İnsanın hər hansı bir sözü deməyə
də, yazmağa da mənəvi haqqı olmalıdı.
Təəssüf ki, meyarlar itib və B.Vahabzadə demiş,
tazıların üstünə dovşanlar gülür... Yaxşı ki, xeyirxah adamlar var. Mən bu cür
adamları, yəni yanında, ətrafındakı insanlara
kömək əlini əsirgəməyənləri
Allahın seçilmişləri hesab edirəm. Onlar sanki qorumaq, yardım etmək missiyası ilə
göndəriliblər dünyaya. Bu mənada namizədlik
dissertasiyamı yazanda elmi rəhbərim olmuş Həsən Mirzənin
adını xüsusi vurğulamaq istəyirəm. Elmə ilk qədəm qoyduğum zamanlarda Həsən
müəllim çox kömək olub mənə, ona minnətdaram
buna görə.
Pərvin:
Buludxan müəllim, alimlik adətən, təkliyə
çəkilməyi, masaya bağlanmağı tələb
edir. Sizi televiziya verilişlərində, tədbirlərdə
tez-tez görürük, bundan əlavə dekan vəzifəniz
də yəqin xeyli vaxt alır. Bütün
bu işlər bir-birinə mane olmur ki?
Buludxan Xəlilov:
Bilirsiz, cəmiyyətdən tam təcrid olunub yazan adamın
apardığı tədqiqat da quru, duzsuz olur. Alim
də, qələm adamı da insanlarla təması, ictimaiyyətlə
əlaqəni kəsməməlidi. Cəmiyyətlə,
həyatla nəfəs almaq, bu sahədə tədqiqat aparan
insanlarla ünsiyyətdə olmaq lazımdı. Məsələn, mən auditoriyaya girəndə tələbəyə
öyrətməyə yox, həm də ondan öyrənməyə
gedirəm. Çünki bəzən ən
hazırlıqsız tələbə belə, dərsdə elə
fikir səsləndirir ki, sən günlərlə kitab oxusan
da, o fikrə gələ bilməzsən. Ümumiyyətlə,
həyata yanaşmam budu ki, hamıdan, uşaqdan böyüyə
hər kəsdən öyrənməyə hazıram. Bir hadisə yadıma düşür bu məqamda.
Bir dəfə yayda Qubanın ucqar kəndinə getmişdik. Qonaq qaldığımız evin adamlarıyla
söhbət edirdik. Kəndin havasından, suyundan, təbiətindən
danışdıq, “inşallah, buralara yaxşı yol da
çəkilər...” deyəndə balaca bir uşaq elə
cavab verdi ki, mən sadəcə mat
qaldım, heyrət elədim. Uşaq dedi ki, müəllim, qoy
bizim yolumuzu çəkməsinlər, çünki
ordan-burdan gələn çox olacaq, abrımız-həyamız
əldən gedəcək. Mən bunu gündəliyimə
qeyd elədim və növbəti məqalələrimdən
birini işləyəndə o uşaq yadıma da
düşdü. Bu mənada məncə
istər alim olsun, istərsə də yazıçı,
şair, xalqdan aldığını, ondan öyrəndiklərini
cilalayıb ona qaytarmalıdı. Məsələn, Səməd
Vurğun, yaxud Bəxtiyar Vahabzadə niyə çox sevilir,
çox oxunurlar, çünki xalq ruhunda yazır, xalqdan
qaynaqlanırlar.
Pərvin:
Müsahibələrinizdən birində “Əsas məqsədim
dili sevdirməkdi”- deyirsiz. Bunu oxuyanda tələbəlik
illərim yadıma düşür. Yadımdadı
ki, auditoriyada əcnəbi sözlər, xüsusən rus
sözləri işlədən tələbələrə
dilimiz haqda xeyli danışır, öz dilində səlis
danışmağın üstünlüyünü izah
edirdiz. Məncə, müəllim kimi də, “Dil-söz çələngi”,
“224 qədim türk sözü”, “Azərbaycan dili
antalogiyası” və s. kitabların müəllifi kimi də
bu məqsədə xidmət edirsiz. Maraqlıdı
ki, arzuladığınız nəticəni əldə edə
bilirsinizmi?
Buludxan Xəlilov:
İstənilən sahədə sevgi çox önəmlidi. Dili də öyrətməyin əsas yolu ona sevgi
yaratmaqdan keçir. Biz bəzən quru, akademik bir formada
tədris edirik dili, bu yanlış yanaşmadı... Bilirsiz, dünya inkişaf edir, qloballaşma, filan
bunlar hamısı var. Dilə yeni sözlər gəlir, bəziləri
vətəndaşlıq qazana bilir, bəziləri qazana bilmir.
Bunlar təbiidi
və dilin zənginliyi imkan verir ki, ondan lazımi kimi istifadə
edəsən.
Pərvin:
Yəqin ki, dili sevdirməyin əsas yollarından biri də bədii
ədəbiyyatı sevdirməkdən keçir. Məncə, çağdaş dövrdə əsas
problemlərdən biri klassik ədəbiyyatımızın
indi, hər kəsin anladığı dildə olmaması və
tərcümələrin zəifliyidir. Bayaq
gənclərin mütaliəsizliyindən danışdız.
Yaxşı bilirik ki, bəlkə, müasir əsərləri
az-çox oxuyurlar, amma klassik ədəbiyyatdan xəbərsizdilər,
çünki qəlizdi onlar üçün...
Buludxan Xəlilov:
Tamam doğru deyirsiz bunu. Mənə görə, klassik ədəbiyyat oxumayan
filoloq bir növ təməlsiz ev kimidir. Klassik ədəbiyyatımızı
oxumaq istər dilimizin zənginliyini anlamaq, istər
dünyagörüşümüzü artırmaq
üçün çox vacibdir. Əsas
çıxış yolu lüğətlərin tərtibindədir.
Elə şairlər var ki, onları heç vəchlə
tərcümə etmək olmaz. Məsələn,
Füzulinin bir sözünü belə dəyişə bilərikmi?
Onda onun bütün melodiyası, ahəngi
pozular. Amma xüsusi institutlar, qruplar
ayrı-ayrı klassiklərin əsərlərindəki
arxaizmləri, ərəb-fars ifadələrini,
anlaşılmaz sözləri araşdırıb lüğətlər
hazırlamalıdırlar. O zaman klassikləri oxumaq,
onların dilini anlamaq daha asan olar və o zəngin xəzinədən
hər kəs yararlana bilər.
Ərəbdilli, farsdilli ədəbiyyatımızın
isə tərcüməsi çox ciddi məsələdir. Əlbəttə,
biz indiyə qədər olunmuş tərcümələrə
heç bir irad bildirmirik. Amma
çağdaş zamanda bu sahədə pərakəndəlik
var. Bəzən tərcümə görkəmli bir sənətkarı
heç edir, bəzən də əksinə. Məncə, bununla qrup şəklində məşğul
olmaq lazımdı. Həvəskar tərcümələr
çoxdu, amma təəssüf ki, peşəkarlıq
çatışmır.
Pərvin:
Müasir zamanda ədəbi tənqidin vəziyyətini necə
dəyərləndirərdiniz? Məncə, ədəbiyyatı
sevdirmək həm də tənqidin üzərinə
düşən vəzifədi...
Buludxan Xəlilov:
Çağdaş ədəbi tənqidin vəziyyətinə
baxanda çox pərişan oluram bəzən. İndi ədəbi
tənqid tənqidlə yox, təriflə məşğul olur. Kitab təqdimatlarında, tədbirlərdə
iştirak edirəm və heyrətlənirəm. Yəni bu yeni yazılmış kitabın bir dənə
də olsun qüsuru yoxdumu? Hamı tərifləyir,
alqışlayır, vəssalam. Və
indiki zamanda qəribə bir tendensiya da yaranıb. Bir də görürsən ortadan da aşağı
səviyyəsi olan bir adamı beş-on nəfər elə
göylərə qaldırır, elə sanbala mindirirlər
ki, çaşıb qalırsan. Onda meyar
itir, dəyərin özü gözdən salınır.
Belə olanda mən sual verirəm ki, bu adama dəyər
verən adamlar özləri dəyərlidirlərmi? Bəzən ərkim çatan adamlardan soruşuram
da, axı nədi burda tərifli olan?! Cavab
verirlər ki, yaxşı oğlandı. Axı,
yaxşı oğlan yaxşı yazıçı,
yaxşı alim demək deyil. Yaxşı
oğlandı məclisdə badə qaldır onun şərəfinə,
toyunda iştirak elə, xoş münasibət göstər,
daha “böyük yazıçısan, böyük alimsən”
– deyib niyə çaşdırırsan adamları?! Bu mənada cəmiyyətdə
taraz, meyar, ölçü pozulub. Ədəbi
tənqidçi elə bilir ki, əsərin qüsurunu deməklə
ziyan etmiş olacaq müəllifə və özünü
pis eləmək istəmir. Amma belə
deyil axı. Məgər indi böyük bildiyimiz, sənətinə
hörmət bəslədiyimiz, sevə-sevə oxuduğumuz Rəsul
Rza, Anar, Elçin, İsa Muğanna, Mövlud
Süleymanlı zamanında tənqid olunmayıblarmı?!
Haqlı tənqidin, dürüst iradların yalnız xeyri ola bilər yazıçıya. Amma indi ya
şit tərif var, ya qərəzli tənqid, ya da təhqir.
Pərvin: Müxtəlif şairlərin, yazıçıların, məsələn, Rəsul Rzanın, Mirzə İbrahimovun, Səməd Vurğunun dilçilik görüşlərindən, əsərlərinin dilindən yazmısınız. Şairlərin, yazıçıların fərdi üslubunu, dilini araşdırmaq dilçilərin boynuna düşən vəzifədir. Amma nədənsə bu cür əsərlər çox az yazılır...
Buludxan Xəlilov: Elədir! Məncə, bu çox zəhmət tələb edən bir məsələdir. Məsələn, bu yay mən Bəxtiyar Vahabzadənin dilçilik görüşləri, dilə aid məqalələri, çıxışları haqda kitab yazmışam, yaxın günlərdə nəşriyyata təqdim edəcəyəm. Bir mütəxəssis kimi deməliyəm ki, Azərbaycan dilinin fonetik, leksik, sintaktik üslubiyyatı yenidən işlənməlidir. Hələ də Ə.Dəmirçizadənin kitabından istifadə olunur. Ayrı-ayrı yazıçıların, şairlərin üslubu, dili araşdırılmaqla ümumiləşdirilmiş üslubiyyat kitabları hazırlanmalıdı. Dili də yeni metodlarla, bədii mətnin təhlili üsulu ilə tədris etmək lazımdı. Haqlısınız ki, bu sahədə dilçilərin üzərinə böyük məsuliyyət düşür.
Pərvin: Buludxan müəlim, böyük bir fakültəyə, ADPU-nun Filologiya fakültəsinə rəhbərlik edirsiz. Ədalət naminə demək lazımdı ki, bu fakültə səviyyəsinə, burdakı elmi mühitə görə ölkəmizdə nüfuz qazanıb və xeyli seçilir. Nədi əsas iş prinsipiniz?
Buludxan Xəlilov: İlk növbədə məsuliyyət və özünətələbkarlıq. Dərk edirəm ki, bu işlər mənim boynuma düşür və onları yerinə yetirməyə çalışıram. Hər gün imkanım daxilində özümə hesabat verirəm ki, nəyi düz, nəyi səhv elədim. Bir də ədalətli olmalısan. Ədalət sadəcə söz deyil. Ədalətlilik odu ki, qərar çıxaranda özünü qarşı tərəfin yerinə qoyasan. Vicdan isə ədalətlə məsuliyyətin tərəzisidir. Hər işə vicdanla yanaşanda nəticə gözəl olur. Belə olanda birgə işlədiyin adamlar da, kollektiv də sənin auranda olur. Əlbəttə mən əksəriyyətdən danışıram, dünyanı qaranlıq görən beş-üç faiz həmişə var.
Pərvin: Deyirlər, filoloqlar xaraktercə qəliz olurlar bir qədər. Çünki onlar söz adamlarıdı. Söz isə münasibətlərdə maraqlı bir “silah”dı. Bu qədər filoloqla işləmək çətin deyil ki sizə?
Buludxan Xəlilov: (gülür) Filoloqlarla söz oyununa hazır olmaq lazımdı həmişə. Bəzən adi bir söz onlara toxuna, incidə bilər. Mən deyərdim ki, onlar həm də çox kövrək, həssas, zərif adamlardı. Bu mənim peşəm olduğu üçün çətin deyil. Amma onlarla işləmək çox diqqət tələb edir. Onlar elə söz qədər azaddırlar. Çalışıram ki, heç kəsin azadlığına toxunmayım, amma bu sərbəstlikdən xaos da yaranmasın.
Pərvin: Ümumiyyətlə, həm müəllim, həm də valideyn kimi son illərdə təhsil sahəsindəki yenilikləri, aparılan islahatları necə dəyərləndirərdiniz?
Buludxan Xəlilov: Çox yüksək! Azərbaycanda gənclərin müasir biliklərə və texnologiyalara yiyələnməsi üçün hər cür şərait yaradılır. Müasir dövrdə yaxşı təhsil almağın vacib olduğu dövlət başçımız tərəfindən diqqət mərkəzində saxlanılır. Dövlət başçısı İlham Əliyev təhsili inkişaf etdirmək məqsədilə söyləyibdir: “İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki, o ölkələr inkişaf edib ki, orada təhsil yüksək səviyyədədir. Dünyada gedən tərəqqinin əsas əlaməti də bilik, savaddır. Ona görə Azərbaycanda yeni gənc nəslin yetişdirilməsi və tərbiyə olunmasında təhsilin çox böyük əhəmiyyəti var”. Bu mənada qloballaşan təhsil sahəsi üzrə Boloniya prosesinə üstünlük verilir. Bu proseslə bağlı olaraq Boloniya Deklarasiyası qəbul olunmuşdur. Boloniya Deklarasiyası 19 iyun 1999-cu ildə 29 Avropa dövlətləri tərəfindən keçirilən görüşdə baş tutmuşdur. Boloniya prosesinə qoşulmaqda məqsəd ondan ibarətdir ki, təhsilin keyfiyyəti artsın, Avropa Universitetləri bir-biri ilə inteqrasiya olunsun, vahid kreditlər sistemi yaransın, ali təhsil sənədləri və ixtisasları Avropa məkanında qarşılıqlı tanınsın, tələbələrin mobilliyi təmin olunsun və s.
Universitetimizin rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədovun Filologiya fakültəsinin I kurslarının 2006/2007-ci tədris ilindən kredit sisteminə keçmələri barədə əmri olmuşdu. Universitetimizdə ilk dəfə kredit sistemi Filologiya fakültəsində tətbiq olunub. Və kredit sisteminin ilk məzunları (2009-2010-cu tədris ilində) Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasının tələbələri olmuşdur. Bizim fakültəmiz bu sistemlə tədris prosesinin aparılması üçün yeni tədris planı hazırlamış, tələbələrə yaddaş kitabçaları paylamış və müntəzəm olaraq kredit sisteminin tələblərinə uyğun olaraq öz işini davam etdirir. Ən təcrübəli müəllimlər kredit sistemində dərs deməyə cəlb olunur. İlk təcrübə olduğu üçün tez-tez tələbələrimiz və müəllimlərimizin iştirakı ilə seminarlar keçirilir, bu istiqamətdə maariflənmə işi aparılır.
Kollektivimizin hər bir üzvü öhdəsinə düşən vəzifələri ləyaqətlə yerinə yetirir, Universitetimizdə tədrisin, təhsilin inkişafı üçün rektorumuz, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədovun rəhbərliyi altında əməkdaşların hər biri əllərindən gələni əsirgəmirlər.
Pərvin: Artıq bir neçə gündür ki, yeni tədris ili başlayıb. Filologiya fakültəsi bu tədris ilinə tam hazırdımı?
Buludxan Xəlilov: 2013-2014-cü tədris ilinə bütün gücümüzlə, şövqlə hazırlaşmışıq. Artıq kafedralarda hər bir müəllim dərs bölgüsünü, cədvəlini bilir, əvvəlcədən hazırlıq gedib, dərslərə həvəslə başlanılıb. Bu il əyani şöbədə bir birləşmə də artıb. Xeyli sevindirici haldır ki, tələbələr əsasən əyani təhsilə, universitetlə, müəllimlə gündəlik ünsiyyətə üstünlük verirlər. Mən belə hesab edirəm ki, bu tədris ili fakültəmiz üçün xeyli uğurlu olacaq. Bu fakültə cəmiyyətlə nəfəs alır və onu stimullaşdırır. Mən hər kəsə bu yeni tədris ilində uğurlar arzulayıram.
525-ci qəzet.-
2013.- 21 sentyabr.- S.14-15.