Bir şeirdəki haray notları

 

 

 

Ermənistan ordusu tərəfindən Qarabağ torpağının 20 faizinin işğalından sonra səfalət içərisində yaşayan bəzi insanların acı  taleyi xalqımızın həyatına silinməz qara izlər salmışdır. Başımıza gətirilənləri yada salanda insan daxilən sarsılır, düşmənə nifrəti birəbeş artır.

Yazarlarımızın  əsərlərində Qarabağ faciəsi canlı boyalarla təsvir edilmiş xalqımızın əbədi yaddaş abidəsi kimi heykəlləşmişdir. Belə məqamları ehtiva edən  şeirlərdən biri Ramiz MəmmədzadəninƏmənoğlu Cabbarşeiridir. (“Azərbaycanjurnalı, 2012, ¹ 9) Şeir bir insan ömrünün olaylarını göz önündə canlandırır:

 

Ağdam bazarında

Əmənoğlu Cabbarın

Dəmirçixanası  vardı.

Dipdiri dəmiri,

Köz-köz yanan kömürü,

Gur küləkli körüyü  bəxtiyardı.

Əlləri yaradanın

Əllərinə bənzərdi.

Göylərdən buyruq gəlsəydi

Dəmirdən adam düzəldərdi.

Lap elə nəfəs verərdi...

 

Qarabağ müharibəsindən  əvvəl Ağdam bazarında Əmənoğlu Cabbarın dəmirçixanası  vardı. Dəmirdən hər sifariş edilsə hazırlamağı bacarardı. Sanki dəmirə həyat verərdi Əmənoğlu Cabbar. Sözündə düz adamdı,camaatın xeyir-şərindən qalmazdı. Toylarda baməzə hərəkətləri ilə hamını məftun edərdi, şadlandırardı. Əmənoğlu Cabbar belə bir məğrur kişi idi:

 

Toydan, yasdan qalmazdı

Qəribə, baməzə  ovqatı vardı.

Yeriyəndə Yer tərpənərdi.

Gülüşündən Günəş doğardı

Əmənoğlu Cabbarın!..

 

Alman faşistlərinə  qarşı qəhrəmanlıqla döyüşərək orden-medallarla təltif olunaraq geriyəVətəni Qarabağa qayıtmışdı Əmənoğlu. Qayıtdıqdan sonra da keçmiş dədə-baba dəmrçi peşəsini doğma şəhəri Ağdamda davam etdirməyə başlamışdı. Beləliklə, yenidən öz el-obasında xoşbəxt güzəran keçirməkdəydi. Ötüb keçən bu qayğısız illərdə Əmənoğlu Cabbar bəxtəvər maraqlı bir ömür sürmüşdü. Belə şad-xürrəm yaşadığı bir vaxtda erməni vəhşiləri yurd-yuvasını işğal etdi. Yüzlərlə həmvətənlərimiz kimi Əmənoğlu Cabbar da didərgin düşdü. Hər şeyi tarmar oldu: yurd-yuvası da, el-obası da, doğma şəhəri , dəmirçixanası da...Ömrünün xoşbəxt anlarından bir nişanə qalmadı:

 

Amma, bu çərxi-fələyin

Kələyindən yoxmuş  xəbəri...

Toplara, mərmilərə tutdular

Yurd-yuvasını

Bir yay səhəri.

Dəmiri düzəlmədi,

Kömürü közərmədi,

Körüyü havalandı

Bazarı, çəkici, zindanı yandı

Əmənoğlunun.

 

Ömrünün ahıl çağında qaçqın-köçkün həyatı yaşayan Əmənoğlu Cabbar Bakı küçələrinə sığışmadı...

 

...Günlərin bir günü

Küçədə qarşıma çıxdı

Əyin-başı süzülmüş,

Ordeni, medalları

Pencəyinin əyri yaxasına düzülmüş

Əmənoğlu Cabbar.

İşıqfor dirəyinin kölgəsinə bürünüb

Keçib gedən maşınlara

Əlini açan gördüm...

Kömürü qaralmış,

Dəmiri ovulmuş,

Körüyü sovulmuş

Əmənoğlu Cabbarı...

 

Ramiz Məmmədzadə  Qarabağ torpağını dərin məhəbbətlə sevdiyini əksər şeirlərində dönə-dönə alovlu bir istəklə  tərənnüm etmişdir. Qarabağdan sönməz bir məhəbbətlə  söz açan şair onun hər qarış torpağı üçün canını  fəda etməyə hazır olduğunu poetik dillə özünəməxsus şəkildə bəyan edir. Əmənoğlu Cabbarşeirində R.Məmmədzadə qəmli bir insan həyatının şirinli-acılı illərinin böyük, təsirli epopeyasını yarada bilmişdir. Ramiz Məmmədzadə Qarabağ dərdinin haray notlarını olduqca təbii bir lövhə kimi canlandırmışdır. ŞairƏmənoğlu Cabbarşeiri ilə xalqımızı mənfur erməni cəlladlarına qarşı mübarizəyə səsləyir müqəddəs Qarabağımızı düşmən tapdağından azad etməyə haraylayır.

 

525-ci qəzet.- 2013.- 21 sentyabr.- S.16.