Təbabət və insan bədəninin
mikroflorası (davamı)
Təbabət
başlanğıcdan və ilk inkişaf dövrlərindən əsasən empirizmlə
qidalanmış, təcrübənin biliyin yeganə həqiqi mənbəyi olması
ideyasını əsas götürməklə, utancaq
addımlarını atmışdır. Ona
görə də xəstəliklərin gözə
görünən, anlaşılan simptomları əsasən
ön plana çəkilirdi. Sonrakı
dövrlərdə isə digər sahələrdə
olduğu kimi, burada da rasionalizm üstün mövqelərə
yiyələnməyə başladı.
Təbabət, insanların
sağlamlığının qoruyub saxlamağa, xəstəliklər
barədə xəbərdarlıq edilməsinə və
onların müalicəsinə yönəldilmiş elmi və
praktiki fəaliyyət sahəsi hesab olunur. Bir çox əsrlər
ərzində bu sahə yalnız təcrübə əsasında
müalicə yolları və vasitələrini
toplamış, onlar xalq təbabətinin əsasını təşkil
etmişdir. Tarixin atası sayılan Herodot
özünün məşhur “Tarix” kitabında yazırdı
ki, Assuriyada xəstənin çarpayısını şəhərin
baş meydanına qoyuldular. Meydandan gəlib
keçənlər xəstəyə öz başlarına gələnlərdən
danışıb, məsləhətlər verirdilər və
bu nəsihətlər xəstəliyin sağalmasına
köməklik göstərirdi. İlkin
daha inkişaf etmiş sivilizasiyalarda digər elmlər təşəkkül
tapmağa başladığı kimi, təbabət də elmi
relslər üzərinə keçməyə başladı.
Qədim dünyadakı həkim
sənətinin zirvəsini, bu sahənin pioneri sayılan
Hippokratın fəaliyyəti təşkil edir. Bizim
eradan əvvəl V-IV əsrlərdə yaşamış qədim
yunan həkimi Hippokrat antik təbabəti ilk dəfə
islahata uğratmışdı. Onun bu fəaliyyətini
b.e.ə. VI əsrdə Afinanın siyasi sistemini islahata məruz
qoymuş, yeddi müdrikdən biri hesab olunan Solonun nəcib
işi ilə müqayisə edilə bilər. Qədim yunanlar cəmiyyətin, onun üzvlərinin
sağlamlığına qayğı göstərmələri
ilə seçilirdilər. Təsadüfi
deyildir ki, təbabətin əhəmiyyətini nəzərə
alaraq öz mifologiyalarındakı allahlar arasında həkimlik
allahı Asklepiyə də pərəstiş qaydasında
yanaşırdılar (Qədim romalılar isə digər
mifoloji personajlar kimi, onun da adını dəyişdirib,
Eskulap adlandırırdılar). Mifologiyasında
həkimlik edən allahın mövcudluğunu etiraf edən
bir xalq hökmən onun inqilabı qaydada inkişafına
qayğı göstərməli idi və göstərdi.
Hippokratın əsərlərində təsvir edilənlər
kliniki təbabətin sonrakı
inkişafının əsasını qoymaqla, orqanizmin
bütövlüyü barədəki
anlayışı, xəstə və onun müalicəsinə fərdi yanaşma qaydasını
irəli sürürdü. Müalicədə
üç tərəfin – xəstəliyin, həkimin və xəstənin
iştirak etdiyini təsdiq etməklə, müalicənin
uğurlu nəticəsinin, xəstənin həkimə köməklik
göstərməsi ilə baş verdiyini
vurğulayırdı. Anamnezi – xəstəliyin
inkişafı barədəki və digər əlaqədar məlumatların
məcmuu kimi xəstəliyin diaqnozu, müalicəsi və
profilaktikası üçün istifadə edilən bir metod
kimi praktikaya daxil etmişdi. Bundan əlavə
o, xəstəliyin səbəbləri barədə təlimin
müəllifi hesab olunur. Onun adı həkimin yüksək
mənəvi siması və etik davranışının
nümunəsi kimi qəbul edildiyindən, həkimlər bu sənət
üzrə işləməyə başlamamışdan əvvəl
“Hippokrat andı”nı içirlər, onu pozmaq bu müqəddəs
sənətə xəyanət etmək kimi qiymətləndirilir.
Bizim
eranın II əsrində yaşamış romalı
Qalen antik təbabətin anlayışlarını sistemləşdirmişdi.
Doqquz əsr sonra İbn Sina buna mühüm əlavələr
etmişdi. Onun “Həkimlik elminin kanonu”
kitabı Avropada böyük əks-səda doğurmuşdu.
Qalenə gəldikdə, onun sistemi Yeni tarixin əvvəllərinə
qədər təbabətdə hökmranlıq etmişdi.
Qladiatorların cərrahı olan Qalen böyük təcrübə
əldə etməklə, ilk dəfə olaraq bütöv
insan orqanizminin anatomik – fizioloji təsvirini vermişdi, anatomiya və fiziologiyanın elmi
diaqnostikanın, müalicənin və profilaktikanın əsası olduğunu
bildirmişdi. O, damarlarda havanın cərəyan etməsi barədəki
yanlış fikirləri rədd edib, orada qanın
axdığını tibb elminə daxil etmişdi. İngilis həkimi, müasir fiziologiyanın və
embriologiyanın banisi olan Uilyam Harvey (1578-1657-ci illər) qan
dövranının böyük və kiçik dairələrini
təsvir etdi, qan barədə təlimini işləyib
hazırladı.
Sonrakı
tibbi kəşflər, praktikanın təkmilləşməsi
bu dahi insanların yaratdıqları möhkəm əsaslar üzərində
meydana çıxmaqla, təbabətin inkişafına müəyyən
ardıcıllıq verdi.
Müasir
dövrdə isə
tibb elmi və praktikası qarşısında daha
böyük vəzifələr, hələ də
bağlı qalan sirlərin açılması işi durur. Təəssüf ki, elmi axtarışların
mikroorqanizimlər aləminə müdaxiləsi də zəif
getmişdir. Yalnız son onilliklərdə gen mühəndisliyinin
nailiyyətləri gözə görünməyən, lakin
insan üçün nəhəng əhəmiyyətə
malik olan təəccüblü, sıx məskunlaşmış
mikroorqanizimlər dünyasına kiçik də olsa, pəncərə
açmağa imkan verdi. Kainatın
öyrənilməsi çətin və mürəkkəb
olduğu kimi, insan bədəni də məchul sayılan sirlərlə
doludur. Bizim daxilimizdə və ətrafımızda
bakteriyalar, göbələklər və viruslar dünyası
məskunlaşmışdır. Alimlər
bunu “mikrobiom” adlandırırlar. Onların
ağlasığmayan çoxluğuna görə belə bir
qənaətə gəlmək olar ki, Yer kürəsi
insanlara, heyvanlara, quşlara, həşəratlara məxsus
olmaqdan daha çox məhz bakteriyalar planeti hesab edilməlidir.
Doğrudan da Yer kürəsi əhalisinin
sayı 7 milyard olduğu halda, təkcə bir insan bədənində
sayı on trilyonlarla ölçülən mikroorqanizmlər
vardır. Onların planetdəki
sayının isə həddi bilinməyən bir rəqəmlə
də ifadə etmək olduqca çətin işdir. Yer
üzündə insan sakinləri ilə bakteriya sakinləri
arasında birincinin ziyanına olan belə nəhəng say fərqinə
görə, planetimizi daha çox bakteriyalar məkanı
adlandırmaq olardı. Sualtı dünyanın məşhur tədqiqatçısı,
fransız alimi Jak İv Kusto da Yer kürəsinin əsas hissəsini
okeanlar və dənizlər təşkil etdiyinə görə,
planetimizi “Su kürəsi” adlandırmağı təklif
edirdi. Bakteriya məkanı titulu kimi, belə
adlanmanın özü də xeyli dərəcədə həqiqətə
uyğun olardı.
Son 150 il ərzində tibb
elmi və praktikası nə qədər inkişaf etsə də, mikrobiom əsasən
qalın naməlumluq dumanı arxasında gizlənmiş olaraq qalmışdır, onun tədqiq
edilməsi sahəsindəki işlər məhz buna görə
güclü təkan təsiri bağışlayır və belə kəşflər təbabətə
olduqca böyük fayda verə bilər. İndi alimlər
anlayırlar ki, mikroblar insanın nəinki düşməni,
həm də onun müttəfiqi ola bilər.
Mikroorqanizmin düşmən kimi qiymətləndirilməsinə
gəldikdə, latın dilində “virus”
sözü “zəhər” mənasını verir.
İnsan bədənində mikrofloranın
tarazlığı mühüm əhəmiyyətə malik
olduğundan, alimlər ona nəzarət etməyi öyrənmək
istəyirlər. Bu məqsədlə yüzlərlə növdəki
mikroorqanizmlərin xüsusiyyətlərini aşkar etməyə
can atırlar. Əsas hədəf isə
heç də bu deyildir, virusların və bakteriyaların
hansısa bir qatilinin törədicisini tapmaq daha vacib vəzifə
hesab olunur.
İndiyə qədər belə bir təsəvvür
hakim kəsilmişdir ki, insan yalnız hüceyrələrin məcmuudur,
insan bədəni onlardan düzəlir. Bu hüceyrələrin
sayı 10 trilyondan yuxarıdır, lakin bu rəqəmə 100
trilyon hüceyrəni də əlavə etmək
lazımdır, axırıncılar insan bədənində məskunlaşan
mikroorqanizmlərdən ibarətdir. Buradan belə
bir nəticəyə gəlmək olar ki, tədqiq edilən
insan ona bilavasitə məxsus olan hüceyrələrin 10
faizini özününkü hesab edir. Deməli,
güzgüyə baxan hər kəs yalnız hüceyrələrin
birlikdə təşkil etdiyi on faizdən əmələ gələn
bədəni müşahidə etmək imkanına malik olur.
Müasir
dövrdə, irsiyyət nəzəriyyəsinə, genlərin
təsirinə maraq böyük olduğundan, bu irsiyyət
daşıyıcılarının miqdarı da az əhəmiyyətli məsələ
deyildir. İnsan orqanizmində genlərin sayı
təqribən 21 mindir. Bu rəqəmin
üzərinə insan bədənində məskunlaşan 8
milyon geni də əlavə etmək lazımdır və onlar
insan bədənindəki mikroorqanizmlərdən ibarətdir.
Axırıncılar heç də həyat səhnəsindəki
laqeyd statistlər olmayıb, böyük fəaliyyət
subyektləridir. Onlardan çoxu qidanı
həzm etməkdə, immun sistemimizi möhkəmləndirməkdə,
genləri işə salmaqda və “dayandırmaqda” bizə
kömək edirlər – bir sözlə,
yaşamağımıza köməklik göstərirlər.
Burada ingilis şairi Con Donnun yazdığı
“heç bir insan özünə qapılmış ada
deyildir. Hər bir insan materikin bir hissəsidir”
kimi müdrik sözlər necə də yerinə
düşür. Heç də təsadüfi
deyildir ki, Nobel mükafatı laureatı, amerikan
yazıçısı Ernest Heminquey özünün “Zənglər
kimin üçün çalınır” romanına bu kəlamı
epiqraf kimi seçmişdi.
Onu da qeyd etmək lazımdır ki, insan genomunun öyrənilməsinə
böyük ümidlər bəslənsə də, bu tədqiqatlar
gözlənilənlərin əksinə, heç də yeni
müalicə metodlarının meydana çıxmasına gətirib
çıxarmadı. Onlar, nəzəri cəhətdən
mikroorqanizmlərin ayrı-ayrı qruplarını idarə etmək
üsullarını tapmağa kömək etməlidir. Mikrobiomu tədqiq etmək lazımdır ki, diabet və
həddən artıq kökəlmə problemlərini həll
etmək mümkün olsun.
İnsan mikrobiomunun xəritələşdirilməsi təbabət
üçün nəhəng fayda verə bilər. Tədqiqatlar göstərir
ki, hər bir adam yalnız ona məxsus olan
unikal mikrofloraya malikdir. Ayrıca bir adamın
mikroflorasının xarakteristikaları arasındakı fərq
onun fərdi qida rejimindən, ailəsinin tərkibindən, xəstəliyinin
tarixindən, milli və regional mənsubluğunun xüsusiyyətlərindən
asılıdır. Bura həm də
çox sayda başqa xüsusiyyətli faktorları da əlavə
etmək olar və onların hamısı bu və ya digər
dərəcədə rol oynamamış qalmır. Məsələn, insanın bağırsaqlarında
bəzi elə bakteriyalar məskunlaşa bilər ki, onlar bir
sıra dərman preparatlarının müalicə effektinin
xarakterini, ümumiyyətlə, dəyişdirər, elə edə
bilər ki, həmin dərman preparatı neytrallaşsın, təsirsizə
çevrilsin. Əgər xəstənin fərdi
mikrobiomu öyrənilsə, bu vaxt dərmanın seçilməsi,
heç şübhəsiz, xeyli sürətlənəcək
və onun təsiri daha səmərəli olacaqdır.
Yaxşı cəhət orasındadır ki, son vaxtlar arıq hətta mütəxəssis olmayanlar da mikrobiom haqqında müəyyən məlumatlara yiyələnmişlər. Bəzi tədqiqatlar bu məsələyə marağı xeyli artırmışdır. Vaşinqton Universitetinin apardığı bir tədqiqatın, həddən artıq kökəlmə ilə bağırsaqların mikroflorasının keyfiyyəti arasındakı əlaqəni müəyyən etməsi, buna misal ola bilər. Tədqiqat aşkar etdi ki, izafi çəkidən əziyyət çəkən siçanların bağırsaqlarında bir növ, arıq siçanlarınkında isə tam başqa növ bakteriyalar vardır. Onları eyni dieta ilə yemləyirdilər, lakin birinci qrup qidadan daha çox kalori mənimsəyirdi və bu vaxt xeyli piy yığırdı. Eyni vəziyyət insan orqanizmində də baş verir. Aydın oldu ki, nəyə görə çox sayda adam yeməyin adicə iyindən kökəldiklərindən şikayətləndikləri halda, onların arıq dostları həmin yeməyi heç bir problemlərlə üzləşmədən asanlıqla udurlar.
Belə eksperimentlər insan mikrobiomuna olan münasibətdə, onun öyrənilməsinə böyük həvəs göstərməklə xarakterizə olunan dəyişiklik yaratdı, əvvəllər isə alimlərin çoxu ona müəyyən iyrənmə qaydasında yanaşırdı. Bu ona bənzəyir ki, oxucular Conatan Sviftin “Qulliverin səyahəti” əsərindəki bir hissəyə görə onu sevəydilər, bu hissədə isə bir tələbənin insan ekskrementindən onu əmələ gətirən maddələri təkrarən bərpa etmək sahəsində apardığı təcrübə təsvir edilir. Belə bir hadisəyə rus yazıçısı Vladimir Voynoviçin satirik “Əsgər İvan Çonkin” romanında da rast gəlinir. Həvəskar bioloq olan kolxoz mühasibi eyni xassəli bədən tullantısından spirt çəkir və həmin içki ilə əsgər Çonkini qonaq edir. Hər iki hadisə iyrənc, ikrah doğuran hisslər yaratsa da, belə qəribə “əlkimyaçılıqları” təsvir edir. Mikrobioma da əvvəllər vasvası qaydada münasibət bəsləyənlərin bəzilərinin öz mövqelərini dəyişib, bu problemə ciddi yanaşmaları yalnız rəğbət hissləri doğura bilər.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.-
2013.- 21 sentyabr.- S.18.