“Bu bir faktdır ki, teatr sənəti sahəsində
mükəmməl dramaturgiya qıtlığı var”
Müsahibimiz Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrının direktoru İsrafil İsrafilovdur.
–İsrafil müəllim, teatrınız yeni
mövsümə başladı. Bu mövsümdə
tamaşaçıları nə ilə sevindirəcəksiniz?
– Hər
teatr mövsümü böyük ümidlər,
yaradıcılıq arzuları, bədii axtarışlarla
maraqlı olur. 2013-2014-cü illəri əhatə
edən 141-ci teatr mövsümünün də bu baxımdan əlamətdar
olacağına əminəm.
Teatr yeni mövsümü 15
sentyabr tarixində İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında
hazırlanan “Qarabağnamə” tamaşası ilə açdı. Bildiyiniz kimi,
10 ildən artıqdır ki, teatr hər il
bu tamaşa ilə mövsümü açır və
bağlayır. Azərbaycanın ən
ağrılı problemi olan Qarabağdan bəhs edən
tamaşa mövzu-problematika baxımından aktual mahiyyət kəsb
edir.
Torpaqlarımızın 20 faizindən
artığının işğal altında
qaldığı, Qarabağ probleminin xalqımızın ən
böyük dərdi olduğu bu günümüzdə
sözügedən tamaşa xüsusilə böyük aktual
mahiyyət kəsb edir. Qarabağ həqiqətlərinin təbliği,
dünyaya çatdırılması, ibrətamiz həqiqətlərlə
dolu tariximizin öyrənilməsi baxımından
mühüm əhəmiyyət daşıyan “Qarabağnamə”
tamaşası əvvəlki mövsümlərdə
olduğu kimi bu mövsüm də Akademik Milli Dram
Teatrının repertuarında olacaq. Tamaşanın
quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov,
quruluşçu rəssamı Əməkdar rəssam
İsmayıl Məmmədov, musiqi tərtibatçısı
Həmid Kazımzadədir.
Teatrda
141-ci mövsümdə də qızğın
yaradıcılıq prosesi səngimədən davam edəcək.
Teatr cari mövsüm ərzində həm müasir, həm də klassik Azərbaycan
və dünya dramaturgiyası nümunələrini repertuar
planına daxil edib. Bu mövsümdə
hazırlanması nəzərdə tutulan digər pyes H.Cavidin
“Topal Teymur” əsəridir. Türk
dünyasının böyük sərkərdəsi Teymurləngin
həyatından bəhs edən tamaşanın
quruluşçu rejissoru Mehriban Ələkbərzadədir.
Eduardo de Filipponun “Neapol milyonçular şəhəri”
adlı pyesi də bu mövsümün repertuar planına daxil
olan əsərlər siyahısındadır. Pyesə
gürcü rejissoru, Azərbaycan
tamaşaçısının Dövlət Musiqili Komediya
Teatrında hazırlanan “Xanuma” tamaşasından
tanıdığı Qoça Kapanadze quruluş verəcək.
Fikirlərimi ümumiləşdirərək, deyə bilərəm
ki, bu mövsümün repertuar tərtibində klassik əsərlərə
başlıca yer ayıracağıq. Belə ki, H.Cavid, C.Cabbarlı,
U.Şekspir, Esxil, N.Qoqol, E. De Filippo kimi məşhur müəlliflərin
pyeslərinin səhnə təcəssümü ilə bərabər,
Dədə Qorqud eposunun bir boyu əsasında tamaşa
hazırlamaq niyyətindəyik. Yeri gəlmişkən,
əlavə edim ki, həmin tamaşanı Türkdilli Dövlətlərin
teatr festivalına təqdim etməyi
düşünürük.
– Bəs
müasir dramaturgiya?
–Müasir
dramaturgiya nümunələri üzərində seçim
aparırıq. Teatrın perspektiv repertuar planında hələlik
Afaq Məsudun, Samid Ağayevin və Günel
Anarqızının pyesləri var. Əlavə edim ki, gənc
dramaturqların Moskvada nəşr olunan topluya daxil edilmiş
pyesləri də diqqətimizdədir.
Gənc dramaturq Samid Ağayevin “Xəlifənin anası”
pyesi cari mövsümün repertuar planına daxil edilib.
141-ci mövsümün planlarından danışarkən
bir məqamı da vurğulamaq lazımdır. Belə ki, bu
mövsümdə dünyaca məşhur Polşa rejissoru
Kşiştof Zanussinin Akademik Milli Dram Teatrının səhnəsində
tamaşa hazırlaması planlaşdırılır. Teatr və kino rejissoru kimi dünya miqyasında
tanınan və qəbul edilən Kşiştof Zanussi azərbaycanlı
aktyorlarla özünün yazdığı “Asi” adlı əsərini
tamaşaya qoyacaq.
– Yeri gəlmişkən,
mövsümün açılması ilə bağlı
keçirdiyiniz mətbuat konfransı bir az
səs-küyə səbəb oldu...
–Sonluğu
yaxşı dediniz. Küyü çox oldu.
Amma təəssüf edirəm. Təəssüf edirəm ki, biz hələ fərqli
baxışa, opponent fikrinə qarşı tolerant mövqe
göstərə bilmirik. Məsələ
burasındadır ki, həmin mətbuat konfransında mən
teatrımızın qarşısında duran vəzifələrdən,
o cümlədən, dövlət
başçısının xüsusi Sərəncamla təsdiq
etdiyi “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət
Proqramının həyata keçirilməsi istiqamətində
Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər
planı çərçivəsində görəcəyimiz
işlərdən danışdım və bu zaman mövcud
obyektiv problemlərə, dramaturgiya problemləri və digər
yaradıcılıq məsələlərinə toxundum.
Həmin
konfransda iştirak edən mətbuat nümayəndələrinin
materiallarından
isifadə edərək orada iştirak etməyənlər
deyilənləri kontekstdən çıxararaq onlara sərf
edən tərzdə təqdim ediblər. Bununla
kifayətlənməyib, ayrı-ayrı şəxslərə
zəng edərək münasibət bildirmələrini təkid
ediblər.
Bu bir
faktdır ki, teatr sənəti sahəsində mükəmməl
dramaturgiya qıtlığı var. Baxın, ölkəmizdə
27 teatr fəaliyyət göstərir. Sadə
hesab məsələsidir. Əgər hər
birinə ildə (müxtəlif janrda yazılmış) bir
orijinal pyes (təbii ki, mükəmməl) lazımdırsa,
onda ildə 27 orijinal pyes yazılmalıdır. Məgər bu sayda pyes yazılır? Milli dramaturgiya heç kəmiyyətcə belə
teatrları təmin edə bilmir. Digər
tərəfdən hər yazılan pyes Akademik Dram
Teatrının səhnəsində tamaşaya
hazırlanmalıdır? Təəssüf
ki, bizim yazarlar bu iddiadadır. Bu halda,
teatrın Bədii Şurası nə etməlidir? Həmin yazarların teatrdan razı qalmaları
üçün bütün bədii meyarları, estetik
prinsipləri bir kənara qoyub, həmin pyeslərə
yaşıl işıq yandırmalıdır?
–
Repertuarınızda əsasən hansı müəlliflərə
üstünlük verirsiniz?
–Bu
gün teatrımızın repertuarında, əsasən,
İlyas Əfəndiyevin, Elçinin, Kamal Abdullanın, Afaq Məsudun,
Əli Əmirlinin, Hüseynbala Mirələmovun pyesləridir.
İlyas Əfəndiyev XX əsr ədəbiyyatımızın
klassiki olaraq milli teatrımızın uzun illər repertuar təminatçısı
olmuş, səhnəmizi yeni üslubla, yeni mövzularla,
obrazlarla zənginləşdirmiş böyük dramaturqdur.
Elçinin dramaturgiyası, mükəmməl bədii
konstruksiyaya malikdir, ideyası və ali məqsədi
baxımından qüsursuzdur. Bu dramaturji material
milli dramaturgiyamızın Ə.B.Haqverdiyev, C.Cabbarlı, C.Məmmədquluzadə
əsərlərinin zənginliyini, xarakter yaratmaq
ustalığını, İ.Əfəndiyevin lirik-psixoloji
teatr poetikasını keyfiyyətcə yeni ideya-bədii məzmun
qatında, açıq teatr estetikasında təqdim edir.
Onun dramaturgiyası rejissor dilinin
obrazlılığını, aktyor ustalığının
məharət dərəcəsini gücləndirməyə
qadirdir. Kamal Abdullanın dramaturgiyası,
bütövlükdə, bədii yaradıcılıq
dünyası (bu barədə çox və sanballı
yazılar, dəyərli elmi qənaətlər var) zəngin
və çoxqatlıdır. Onun
dramaturgiyası özlüyündə yeni teatr mənalarının
yaranmasına, tamamilə fərqli rejissor
üslublarının, aktyor ifadəliliyinin
formalaşmasına həlledici təkan verir. Alim Kamal
Abdulla, yazıçı Kamal Abdulla, dramaturq Kamal Abdulla vahid
teatr poetikasında birləşməyi bacarır, bizləri
möcüzəli şəkildə (çünki mən hələ
bilmirəm bu necə baş verir) bəlli teatr fəlsəfəsini
dəyişməyə sövq edir. Afaq Məsudun
dram əsərləri özünəməxsus bədii enerjiyə
malikdir. Onun səhnə obrazlarının
yaşam tərzi, əməl məntiqi, düşüncə
ziddiyyəti ilk baxışda anlaşılmazdır, amma dərin
teatral mahiyyətlidir. Odur ki, rejissorlar kimi,
aktyorlar da həmin dramaturji materialda “batmaqdan” məmnundurlar.
Əli Əmirliyə gəlincə, onun əsərləri
təkcə ölkəmizdə deyil, xarici səhnələrdə
də uğurla tamaşaya qoyulur, müxtəlif üslublu
rejissor yozumlarına imkan verir. Bu dramaturgiya
çoxcəhətli və aktual olduğu üçün
teatrları cəlb edə bilir.
Hüseynbala
Mirələmovun pyesləri mövzu aktuallığı
baxımından və səhnə təcəssümü etibailə
repertuarda mühüm yer tutur.
–
Repertuarın tərtibi hansı prinsiplərə əsaslanır?
Başqa sözlə, repertuara pyeslər necə
qəbul edilir?
–Hər
teatrın, təbii olaraq, qarşısına qoyduğu təşkilati,
həmçinin bədii-estetik məqsədləri
mövcuddur. Belə ki, repertuar teatrın siması hesab
edildiyindən, bu zaman burada yer alan pyeslər
truppanın yaradıcılıq potensialını
aşkarladığı kimi, bir küll halında,
götürsək, teatrın strateji estetik niyyətini biruzə
verir. Yəni teatr repertuar tərtib edəndə bir sıra
yaradıcılıq məqsədlərini, o cümlədən
mövzu, üslub və forma axtarışlarını həyata
keçirməklə bərabər, istər ayrı-ayrı
rejissorların, istərsə də yaşlı və gənc
nəslə mənsub olan aktyorların fərdi
yaradıcılıq imkanlarını təkmilləşdirmək,
ifa məharətini, səhnə oyunu texnikasını cilalamaq
imkanlarını artırmaq barədə
düşünür. Bu zaman teatr, heç
şübhəsiz ki, tamaşaçı auditoriyasını,
onun qavrayış imkanlarını da nəzərdə
saxlayır.
Pyeslərin teatra qəbul edilməsinə gəlincə,
deməliyəm ki, teatrda ölkəmizin tanınmış
ziyalılarından, teatr mütəxəssislərindən
ibarət Bədii Şura fəaliyyət göstərir. Teatra daxil olan, həmçinin
səhnə təcəssümü
nəzərdə tutulan pyeslər Bədii Şura tərəfindən
oxunur, yaxud dinlənilir, sonda bu və ya digər qərar qəbul
edilir.
– Əgər belə demək mümkünsə, həlledici
söz kimə məxsusdur?
–Mən Bədii Şuranın sədriyəm. Amma hər kəsin
sözü həlledici ola bilər. Çünki həmin prosesdə arqumentlər əsaslıdırsa,
son qərar şübhə doğurmur. Yəni,
yekdilliklə qəbul edilir.
Mənə
qalırsa, fərdi qaydada pyeslər oxuyuram və Bədii
Şuranın hər bir üzvü kimi müzakirəyə bu
və ya digər pyesin çıxarılması təşəbbüsü
qaldırmaq səlahiyyətim var. Burasını da qeyd edim ki,
mən uzun illər dramaturgiya sahəsində tədqiqatlar
aparmış, 1985-ci ildə filologiya üzrə alimlik dərəcəsi
almışam. 2004-cü ildə isə teatr sənəti
sahəsindəki tədqiqatlarımın nəticəsi olaraq
sənətşünaslıq üzrə alimlik dərəcəsi
qazanmışam. Odur ki, dramaturji
materialın səhnə təcəssümünə
müvafiqliyini müəyyən etmək mənim ixtisasıma
aid məsələdir.
– Bəs
rejissorların seçimi hansı prinsiplər əsasında
aparılır?
–Bilirsiz,
yuxarıda qeyd etdiyim məlum Dövlət Proqramında nəzərdə
tutulan teatr sənəti sahəsindəki islahatlar müstəvisində
rejissorlarla qonorar əsasında yaradıcılıq münasibətləri
qurulur. Bu, onların istər maddi təminatı,
istərsə də yaradıcılıq azadlığı
baxımından əlverişlidir. Son illərin
təcrübəsi bunu əyani sübut edir. Başqa bir məsələ hansı rejissorların
quruluş üçün dəvət edilməsidir. Bu zaman əsasən teatrın bədii-estetik məqsədlərinin
realizə edilməsinə müvafiq olan rejissorlara
üstünlük verilir. Yəni həmin rejissor
teatrın yaradıcı heyətinin potensial estetik
imkanlarının bədii təcəssüm prosesində
uğurlu təzahürünə nail olmalıdır. İşimizin əlamətdar faktı kimi qeyd edə
bilərəm ki, ayrı-ayrı tamaşaların
hazırlanması prosesinə cavan rejissorların, teatr rəssamlarının
cəlb edilməsini təmin etmişik. Həmin
rejissorlardan Mehriban Ələkbərzadənin, Gümrah Ömərin,
Mikayıl Mikayılovun, Nicat Kazımovun, Namiq Ağayevin, rəssamlardan
Mustafa Mustafayevin, Ülviyyə Zərbəliyevanın səhnə
işləri teatr ictimaiyyətinin ciddi marağına səbəb
olub.
–
Teatrınızın ölkəmizdən kənardakı fəaliyyəti
ilə bağlı nə deyə bilərsiniz?
–Ötən mövsümdə teatrımız bir neçə beynəlxalq teatr festivalında və qastrol səfərlərində oldu. 2013-cü ilin may ayında teatrımız tarixində ilk dəfə olaraq İsveçdə, Stokholm şəhərində qastrol səfərində oldu və orada M.F.Axundzadənin eyniadlı əsəri əsasında mərhum Vaqif İbrahimoğlunun quruluş verdiyi “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşasını göstərdi. Hazır ki, 141-ci teatr mövsümünün açılışı ərəfəsində – 8-11 sentyabr tarixlərində kollektivimiz Belarus Respublikasının Brest şəhərində keçirilən XVIII “Belaya Veja” beynəlxalq teatr festivalında iştirak edib.
7-14 sentyabr tarixlərində keçirilən festivala Akademik Milli Dram Teatrı ilə yanaşı, İsrail, İsveç, Çexiya Respublikası, Yaponiya, Polşa, Belarus, Rusiya, Yunanıstan, Misir, Ukrayna, Latviya və Slovakiyadan müxtəlif teatr kollektivləri qatılmışdı. Festival çərçivəsində müxtəlif seminarlar, treninqlər və pyeslərin teatrallaşdırılmış oxunuşu da həyata keçirildi.Akademik Milli Dram Teatrı Festivalda Hüseynbala Mirələmovun pyesi əsasında hazırlanan “Xəcalət” tamaşası ilə çıxış etdi. 9 sentyabr tarixində nümayiş olunan tamaşa tamaşaçılar tərəfindən maraqla qarşılandı.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2013.- 21 sentyabr.- S.19.