İnsan, din və inanc anlayışı:
tarixin ibrət dərsləri
İlk ibtidai din paleolit dövründə (qədim
daş dövrü) meydana çıxdı. İnsanlar təbiət
hadisələrini şərh və dərk etməkdə aciz
idilər. Qorxu onların bütün
içini bürümüşdü. Və
bu qorxular inancları formalaşdırdı. Yəni, ibtidai insan qorxduğu və ona güc gələ
bilmədiyi şeyləri ilahiləşdirdi. Onun şərəfinə qurbanlar verməyə,
şənliklər təşkil etməyə başladı.
İbtidai dinin ilk formaları yarandı: totemizm, animizm,
fetişizm, şamançılıq...
Qədim
insanın təsəvvürünə görə hər şeydə
Allah varıydı və hər
şeyin öz Allahı vardı: dəniz allahı,
göy allahı, ölüm allahı...
Zaman keçdikcə qədim
insanın düşüncəsindəki allahların sayı
azaldı. Daha əvvəlki kimi allahların
şərəfinə dini mərasimlər təşkil etmir,
onun şəninə qurbanlar vermir, ondan əvvəlki kimi
qorxmurdular. Qədim insanın zaman-zaman
inkişaf etməsi, öz qorxularına qalib gəlməsi onun
Allaha qarşı qorxusunu azaltdı. Artıq
təbiət hadisələrini dərk etməyə,
daşqından, şimşək çaxmasından
qorunmağın üsullarını tapan insan ilahiləşdirdiyi
qüvvələrə ehtiyac duymadı.
Elə bir zaman gəldi ki, insanlar daha hər şeyin
ayrıca öz Allahı yox, bircə Allahın olduğu qənaətinə
gəldilər. Yəni, təktanrıçılıq
yarandı. Bəlkə də, yüzlərlə
Allaha sitayiş qədim insanı təktanrıçılığa,
vahidə gəlməyi üçün hazırlıq mərhələsi
idi. Şübhəsiz ki, bu mexanizm kortəbii
surətdə yox, şüurlu şəkildə baş verib.
Və bütün bunlar insandan yuxarıda duran
İlahi varlıq tərəfindən təşkil olunub.
Orta dövrdə din
və dövləti bir-birindən ayrı təsəvvür
etmək mümkün deyildi. Hakimiyyəti əldə saxlamaq
üçün dindən istifadə olunurdu. Dinin
insanlara təsiri o qədər güclü idi ki, hətta əksər
hallarda krallar belə kilsədən çəkinir, kilsənin
könlünü xoş tutmağa
çalışırdılar. Mərkəzi
hakimiyyətin saxlanması naminə saray həmişə kilsəyə
güzəştə gedirdi. Qısaca desək,
bir ölkənin iki hökmdarı vardı – papa və kral.
Bu cür vəziyyətdən istifadə edən
kilsə insanlara qarşı daha amansız rəftar edir,
onların var-dövlətini talayırdı. İnsanların içindəki inkivizasiya qorxusu
onları susmağa vadar edirdi. Kilsənin bu cür rəftarı
insanların dinə və Allaha olan inamını bir az da azaltdı.
Yeddinci əsrdə yeni
bir din yarandı – islam. Bu dinin şərtləri
daha humanist, daha ədalətli idi. Və
insanların bu dinə pənah gətirməsinin səbəblərindən
biri də bu idi.
Peyğəmbərin
vəfatından az sonra hakimiyyət
uğrunda çəkişmələr başlayır. Xəlifələr dindən getdikcə
uzaqlaşır, rəiyyətin üzərinə ağır
vergilər qoyur, işğalçı müharibələr
aparırdılar. Əməvilərin
zamanında insanlara zorla islamı qəbul etdirir, vergiləri ədalətsiz
olaraq artırırdılar. Vaxt o vaxt idi
ki, Ərəb imperiyası dünyaya meydan oxuyurdu və elə
bu işğalları başlamaqla artıq islamın bir şərtini
pozmuşdu – zülm etməmək. Lakin digər
tərəfdən Bizans-İran müharibəsi insanları
yorduğundan onlar ərəblərə xilaskar kimi
baxırdılar. Ərəb xəlifələri
çox keçmədi ki, islamın digər şərtini də
pozdular – könüllülük prinsipi. Əslində,
bu prinsip zahirən qorunurdu. Ərəblər
işğal etdiyi ölkələrdə müsəlman
olmayanların mülklərini müsadirə edir, onların
üzərinə artıq vergi qoyurdular. Bu səbəbdən
mülkədar mülkünü qorumaq üçün,
aşağı təbəqə isə can vergisindən (cizyə)
azad olmaq üçün ərəblərin gətirdiyi yeni
dini qəbul etdi. Yenə də insan Allaha məcburən
“yaxınlaşdı”.
Bir məsələ də
vardı ki, ərəblərin arasında belə yeni yaranan
dini dərindən bilən, işğal olunan yerlərdə
onu təbliğ edəcək
gücdə olan adamlar az idi. Ancaq insanlar islam
dininə yaxınlaşdıqca, bu dinin müqəddəs
kitabı olan “Qurani-Kərim”i dərindən bilən
adamların sayı artdıqca elm inkişaf etməyə
başladı.
Bu din ədəbiyyata da təsirsiz ötüşmədi. Ənənəvi
olaraq klassik əsərlər Allahın təkliyi (Tövhid),
Allahın (Minacat) və Peyğəmbərin (Nət) mədhi
kimi rəsmi hissələrlə başlayırdı. XII
əsrin dahi şairi Nizami Gəncəvinin “Xəmsə”si
Quranın ilk cümləsi ilə başlayır:
Bismillahir-Rahmanir-Rahim (Mərhəmətli və Rəhmli
Allahın adı ilə). Qərbdə isə əksinə
– insanlar kilsədən uzaqlaşdıqdan sonra elm inkişaf
etməyə başladı.
Kilsədən uzaqlaşmaq demişkən, elə bu yerdəcə
yazımın ümumi süjetindən bir balaca uzaqlaşmaq
istəyirəm. Bu uzaqlaşmaq sözü məni XVI əsrə
qaytarır: problemdən qaçmaqla onu həll etmək olmur. Sən onlardan qaçırsan, onlar da ki, sənin
dalınca. Və iş o yerə gəlib çatır
ki, onlar getdikcə çoxalır və bir gün səni
küncə sıxışdırıb təkləyirlər.
Elə sözügedən əsrdə almanlar da
problemdən qaçmağı yox, onunla vuruşmağı
seçdilər. Kilsənin “cənnət qəbzi”nin satışını genişləndirməyi
insanların içində çoxdan hazır olan üsyan
dalğasını hərəkətə gətirdi. Martin Lüterin başçılıq etdiyi bu
mübarizədə kilsə məğlubiyyətə
uğradı. Çünki xalqın vahid
məqsədi vardı – kilsəni devirmək. Kəndli borc içində üzdüyündən,
cəngavər kilsə torpaqlarına göz dikdiyindən,
feodal şəriksiz ağa olmaq istəyindən kilsəyə
qarşı mübarizə aparırdı. Səbəblər fərqli olsa da, məqsəd
biriydi. Bu qədər, qayıdaq
yazımıza. Hələ insanın
inancına vurulan kosmik, bioloji, psixoloji zərbələr
haqqında söhbətimiz irəlidədir. Narahat olmağa dəyməz, adları belə
adamı vahiməyə salan bu zərbələr haqqında
qısaca danışıb yazını bitirirəm.
1. Kosmik zərbə
Qədim
insan yaşadığı yeri bütün
dünyanın mərkəzi hesab edirdi. Çünki
burada insan yaşayırdı. Çünki
insan Allahın yaratdığı ən kamil varlıqdır və
o, bu dünyanın mərkəzində yaşamalıydı.
Lakin XVI əsrdə Kopernik bu düşüncələrə
kökündən zərbə vurdu. O,
apardığı araşdırmalara əsasən Yerin yox,
Günəşin mərkəzdə olduğunu və
bütün planetlərin Günəş ətrafına
fırlandığını bildirdi. Kopernikin irəli
sürdüyü heliosentirik (Günəşin mərkəz
olması) sistem bir ucu Ptolomeyə gedib çıxan və kilsənin
qəbul etdiyi geosentirik (Yerin mərkəz olması) sistemi ilə
daban-dabana zidd idi. Bu sistem kilsənin
avtoritetliyinə kölgə sala bilərdi. Heliosentrik sistemin kilsə tərəfindən kəskin
narazılıqla qarşılanacağını bilən
Kopernik “Göy cisimlərinin fırlanması haqqında”
kitabını dostlarının təkidi ilə
ömrünün sonuna yaxın (1543) çap etdirir. Beləliklə, Aristotel və Ptolomeyin zamanından
Kopernikə qədər müqəddəsləşdirilmiş
və kilsə tərəfindən qəbul olunmuş
geosentirik nəzəriyyə alt-üst oldu. İnsanlar özlərini sonsuz kainatın bir zərrəsi
kimi görməyə başladılar. Sonra
isə Kepler Kopernikin fikirlərini daha da sadələşdirdi,
günəş sisteminin uzaqlığını hesabladı və
ulduzların hərəkət xəritəsini göstərən
ilk astronomik təqvimi nəşr etdirdi. Q. Qalileyin
araşdırmaları, Nyutonun ümumdünya cazibə qanunu və
digər tədqiqatlar heliosentirik sistemin doğruluğunu
şübhə altında qoymadı.
1616-cı
ildə Papa
Beşinci Paul Qalileyin kitablarının tədqiqi
üçün xüsusi komissiya yaratdı. Komissiya
Qalileydən dünyanın öz oxu ətrafında
fırlanması fikrindən imtina etməsini istədi və o
da razılaşdı. Cordano Bruno isə
kainatın sonsuz olduğunu, hətta günəşin belə
dünyanın mərkəzi olmadığı fikrini irəli
sürdü. Kilsə məhkəməsinin ona verdiyi səkkiz
il həbs cəzası və ağır
işgəncələrə baxmayaraq Bruno fikrindən dönmədi.
1600-cü ildə onu tonqalda yandırdılar.
2. Bioloji
zərbə
İkinci zərbənin banisi Çarlz Darvindir. Darvinə qədər
insan yaranışının yer üzündəki
bütün canlılardan fərqli olduğunu
düşünürdü. Darvinin nəzəriyyəsinə
görə insan təbii seçmənin gedişində
yaranan bir çox növlərin yalnız biridir. Yəni, insan da digər bioloji növlərin
yarandığı yolla yaranmışdır. Bu fikir isə insanı digər canlı varlıqlara
nisbətdə imtiyazlı mövqedən məhrum edir, onun digər
bioloji bir növlə qohumluq əlaqələrini üzə
çıxarırdı. İnsanın meymundan əmələ
gəlməsi fikri isə insanın Allaha olan inamı bir az da sarsıtdı.
3.
Psixoloji zərbə
Heç bir şərh vermədən bu haqda sadəcə məlumat verib, nəticə çıxarmağı sayğıdəyər oxucuların ixtiyarına buraxıram. Yəqin ki, psixoloji zərbə dedikdə çoxunuzun yadına Ziqmund Freyd düşdü. Doğrudur. Psixoanalizin banisi Freydin apardığı uzunmüddətli araşdırmalardan sonra o, insanın bütün əməllərinin əsasında boğulmuş seksual motivlərin yatdığını deyirdi. Onun fikrincə, insanı alt şüur, heyvani instiktlər idarə edir. Yəni, hərəkətlərimiz bizə şüurlu görünə bilər, lakin şüurlu görünən tərəflər yalnız aysberqin üst hissəsidir. Aysberqin altı isə şüursuzluqdur.
Beləliklə, Kopernik, Darvin və Freyd əl-ələ verib insanın inancına atom bombası atdıqdan sonra aldığı zərbələrdən başı gicəllənənlər də oldu, “ölənlər” də, müvazinətini saxlamağı bacaranlar da. Və bu zərbələrin fonunda Nitşenin dediyi kimi, insanlar Allahı “öldürdülər”. Hər şeydən öncə isə ağlımız kəsəndən bizə daha çox Allahı sevməyi yox, ondan qorxmağı öyrətdilər. Qədim insan da Allahı sevmədi, ondan qorxdu. Baş çıxara bilmədiyi təbiət hadisələri, onun iradəsindən asılı olmayanlar qədim insanı buna vadar etdi. Bir növ onların Allaha olan münasibəti zərurətdən yaranmışdı. Zərurət yox olduqdan sonra isə bu münasibət də pozuldu. İnsanın içindəki qorxu getdikcə böyüdü, nəticədə isə qisasa və inkarçılığa çevrildi.
Bütün bunlarla yanaşı inancın sarsılmasında dünya müharibələrinin də rolu az deyil. Bu müharibələr insanların içindəki az-çox inamı da məhv etdi. Və bundan sonra insanların beynində bir çox suallar yarandı ki, heç kim barmağını qaldırıb bu sualların cavabını bildiyini deyə bilmədi: – Deyək ki, Allah yoxdur. Bəs, insan ki var, biz ki varıq və hər şeyi başa düşürüksə, niyə bir-birimizi öldürür, bu qədər qırğınlar törədirik?
Və sonda Keplerin dediyi kimi:
“Yaradıcını anlamaq üçün sahib olduğunuz
bütün duyğularınızdan istifadə edin”. İnsan
Onu nə qədər inkar etsə də, Ondan nə qədər
uzaqlaşsa da, bir şeyi yaddan çıxarmayaq ki, O bizə
şah damarımızdan daha yaxındır.
Ramil Əhməd
525-ci qəzet.-
2013.- 21 sentyabr.- S.30.