“Özümü tək
sanardım...”- YÜZ GÖZƏL SEVGİ ŞEİRİ
Məktəb illərini unudan, məktəbli vaxtlarını xatırlayıb nostalji keçirməyən adam varmı?!
...Həyətdəki qollu-budaqlı zeytun ağacı, sınıq-salxaq
pilləkənlər, sinif
otağının divarından
asılmış əzik-üzük
dünya xəritəsi,
sərt, yaman sərt filankəs müəllimə, tənbəlliyindənmi,
ya paxıllığındamı,
heç nə öyrətmək istəməyən,
amma arada bir maraqlı hadisələr danışan
tarixçi, saçları
da təbaşirə bulaşmış, qəribə
gülüşüylə hamını çaşdıran
riyaziyyat müəllimi,
hay-küylü, mübahisəli
ədəbiyyat dərsləri,
“Nizaminin yoxsa Füzulinin Leylisi yaxşıdı?” sualının
10 il sürən müzakirəsi, “Vaqif” pyesinin məşqləri,
tədbir ssenariləri,
gözüyaşlı son zənglər...
“İnsafın olsun, əlin qurusun çalma bu zəngi...” misrasının
həm gülməli,
həm də ağlamalı təsiri... Çeçələ
barmaqları bir-birinə
calayıb sağa-sola
ləngər vuraraq “Əlvida məktəb” oxuma... Bu gün kövrəlib, az
qala hönkürüb
məktəblə vidalaşma,
sabah isə “Urrra! Yaşasın azadlıq!” şüarı
ilə yuxudan ayılma! Hələ məktəb yoldaşların...
Arabir görüşüb “ehhh,
yaxşı günlər
idi!” deyə o illərdə olub keçənləri xatırlamağınız.
Amma məktəb
illərinin şirin xatirələri yalnız həyət, sinif, pilləkən, lövhə,
dəftər, kitab, imtahanlarla bağlıdımı?! Əlbəttə
yox! Bu xatirələrin
bir hissəsi beynindən, başından
gəlirsə, digər
hissəsi də ürəyindən
gəlir! Hə-hə...
Ürəyindən! Çünki
o hiss qəlbinə ilk dəfə
məhz məktəbdə
düşüb.
...Vallah, heç özün
də bilmirsən necə baş verdi bu! Deyəsən, axı Nizaminin Leyli və Məcnununu
keçirdiz?! Müəllimə dedi ki, Leyli Məcnunu
məktəbdə tanımışdı,
məktəbdə aşiq olmuşdular bir-birinə...
Dinlədikcə xəyala
dalırdın! Məcnuna
paxıllığın da
tuturdu... Sadəlövh
uşaq suallarıyla dolurdu başın, hamısı da cavabsız... Ən gülməlisi də
“Görən kimi sevə bilərəm?!”
İndi özün də xatırlayanda gülürsən... “Uşaqlıq idi də!” – deyib
əlini yellədirsən.
Hərdən heç yadına
da sala bilmirsən,
məktəbdə necə
oldu vuruldun?! Hə, elə həmin mövzuda inşa yazmalıydız deyəsən, qabaqdakı qızı
çağırıb kömək
istəmişdin... Birdən
müəllimə (sərt
idi, yaman sərt) “ay qız, qabağa bax!” deyəndə qız cəld hərəkətlə çevrildi...
Saçının dalğasına...
Dəniz təki ləpələnməsinə, təzə
çalınmış otun
qoxusu kimi təravətli ətrinə
vuruldun! Bundan sonra səhərlər yuxudan sevincək ayılmağın, üzünü
yuyub sudan nurlandığını hiss eləməyin
də, köynəyinin
yaxasını ütüləməyin,
atanın saatını
oğurlayıb taxmağın
da, ayaqqabılarını
parıldayana qədər
silməyin, dərsə
hamıdan tez gəlməyin, evə qayıdanda yolunu iki dəfə artırmağın da, hamısı, hər şey ona görədi...
Hələ heç xoşlamadığın fizika
dərsini canfəşanlıq
edib oxumağın... Axı fizikadan dərs deyən onun anasıdı, necə hirsləndirmək olar müəlliməni?! Bir
sözlə, məktəbli
həyatın onun əlindədi, ürəyin
onun əlindədi, ona görə... Vay o gündən bir gün dərsə
gəlməyə! İllərdi
oxuduğun məktəbdə
yer tapa bilmirsən özünə,
sinif otağı dar, qaranlıq, yoldaşlarının zarafatları
şit, müəllimin
danışdıqları maraqsız
olur!
Zaman keçdikcə, böyüdükcə,
o illərdən uzaqlaşdıqca
həmin hisslərin nə qədər
uşaqsayağı görünsə
də, yenə şirin-şirin xatırlayırsan olanları,
xiffət də çəkirsən! Hüseyn
Arif “Sən dərsə gəlməyəndə”
şeirini elə həmin həsrət və xiffətlə yazıb... Şair bu günündən məktəbli vaxtlarına
baxır və yadına salır, o zamankı saf, cilasız, cilovsuz sevgisini... Hələ dünyanın kirindən,
yalanlarından xəbərsiz
balaca oğlanı.
Aşiq olduğu qız dərsə gəlmədiyindən duyduğu
uşaq tənhalığını,
çəkdiyi həsrəti!
Kiçik bir şeir sanki qısa, lap qısametrajlı film təsiri
bağışlayır. Oxuduqca məktəb həyətində yola boylanan, zəng vaxtı şənlənən yoldaşlarına
qoşulmayıb bir tərəfdə büzüşüb
oturan oğlan göz önünə gəlir. Və bütün bu hisslərin ibtidailiyindən,
sadəlövhlüyündən, paklığından riqqətlənməyə
bilmirsən!
...Zamanla sevgi də böyüyəcək
səninlə birgə,
dərinləşəcək fikirlərinlə
bərabər, bəlkə
ömrünün ən
gözəl duyğuları da qarşıdadı, səni
gözləyir, amma həmin gün dərsdən qaçmağını yadından çıxarmayacaqsan! Hüseyn
Arif də unutmamışdı, elə
belə də yazmışdı: “Qaçardım
mən də dərsdən, Sən dərsə gəlməyəndə...”
Nədənsə bu son misralardan sonra ağıla qısametrajlı filmin
son, şeirdə əksini
tapmamış səhnəsi
gəlir: Məktəbli
forması geyinmiş,
əlində iri çanta tutmuş oğlan həyəcanla, ora-bura boylanaraq fizika müəlliminin yaşadığı məhəllədə
var-gəl edir! Uzaqdan isə məktəb zənginin səsi gəlir!
Hüseyn
Arif: “Qaçardım
mən də dərsdən!”
Düşür yadıma hərdən
Məktəb həyətində mən
Yoluna göz dikərdim
Qəlbim
sızlardı birdən
Sən dərsə gəlməyəndə...
Durub-durub
anardım
Gizli-gizli
yanardım
Neçə dostun içində
Özümü tək sanardım
Sən dərsə gəlməyəndə...
Zəng
səsi ucalardı,
Uşaqlar söz alardı.
Gözlərim boş masanda.
Fikrim səndə qalardı
Sən dərsə gəlməyəndə...
Dözməyib buna bəzən
Düşüb gah da həvəsdən
Nə danım
həqiqəti???
Qaçardım mən də dərsdən
Sən dərsə gəlməyəndə...
PƏRVİN
525-ci qəzet.-
2013.- 21 sentyabr.- S.21.