Yol olmaq
missiyası
NURƏNGİZ Quliyevanın dünyaya gələn GÜNünə təbrik
yazısı
Alman alimi Emil Krepelin yazır ki, qadın kitaba bənzəyir, onu sevərək və diqqətlə oxumaq lazımdır.
Sözün bütün mənalarında yazan qadını oxumaq isə yəqin ki ikiqat məsuliyyət,
diqqət və sevgi tələb edir.
Yazdığı şeirlərlə ədəbiyyat
tariximizə adını
yazmağı bacaran bir xanımın – Nurəngiz Günün bu gün doğum tarixidir. Əslində mükəmməl
qadının yaşını
təyin etmək olmur. Çünki mükəmməl qadın zahirən gənc və gözəl, daxilən müdrik olduğundan həmişə ziddiyyətin
yaratdığı əsrarəngiz
bir cazibədarlığı
daşıyır özündə.
Hələ üstəlik qadın
həm də bütün sahələr
üzrə yaradıcıdırsa,
onda mükəmməllik
simfoniyası alınır.
Budda da əbəs yerə deməyib ki, qadın hər şeyi fitrətən bilir. Amma ulu Yaradan
bu fitrətindən kiminə
az, kiminə bir qədər çox pay verib.
Bəlkə də dünyaya
təşrifi payızın
gəlişi ilə üst-üstə düşdüyündən
Nurəngiz Günün
şeirlərində də
bir xəzəl xışıltısı, xəzan
pıçıltısı eşidilir. Zamana meydan oxuyan Nurəngiz Günün həm qadın, həm də şair olaraq orijinallığı sevilməyinin
qarantı olub həmişə. Onun zamansızlığının
əsas göstərgəsi
poeziyasıdır. Zahiri qədər
gözəl, daxili qədər orijinal poeziyası. Nurəngiz Günün
mükəmməl qadın,
səmimi həmsöhbət,
zamansız şair olmasından danışmaq
üçün yenə
də şeirlərinə
dalmaq lazımdır.
Bu ifadə sözgəlişi
seçilməyib. Çünki
onun hisslər aləmi ilk başvurudan sonra adamı elə sarır ki, professor Teymur
Kərimlinin də qeyd elədiyi kimi – “Nurəngiz Günün şeirləri
oxucuya poetik bir başlanğıc yoluxdurmaq qabiliyyətinə
malikdir. Bu mənada onun əsərlərini oxumaq bir qədər
də “təhlükəlidir”
– bundan sonra onun kimi düşünmək,
onun kimi şeir demək, onun kimi pıçıldamaq
və onun kimi hayqırmaq istəyirsən”.
Orijinallıq, azadruhluluq fərqliliyin göstəricisidir. Nurəngiz Gün təkcə
qadın kimi yox, həm də
şair olaraq fərqlidir. Şeirlərinin obrazlılığından çox
yazılıb, çox
deyilib. Məncə, onun şeiriyyəti
özü bütövlükdə
bir obrazdır. Sevən, iztirab çəkən, yanan, pıçıldayan,
nalə edən, süst düşən, hayqıran, ən əsası da Ali Həqiqəti axtaran bir insanın poetik obrazı. Nurəngiz Gün bütün yaradıcılığı
boyu bu obraza sadiq qalmağa çalışıb.
Ali Həqiqət axtarışı hərdən
nağıl sonluğu
ilə bitib, hərdən də ümidsiz çırpıntılarla.
“Gözəllik” şeirində
lirik qəhrəmanın
həyata baxışı ortaya qoyulur: “uşaq ikən xor xor
yatan pişiyi, cuqqulu gəlincikli ev eşiyi, cavan ikən enlikürək, ucaboy, qara telili, qatır
yelli bir igidi” gözəllik hesab edən lirik obraz həyatı
yaşadıqca “anlayır”:
“pişiyin vəfasını,
igidin cəfasını,
yalançı gəlincikli
yalançı evciyin
müvəqqəti səfasını”.
“Yep-yekə” adam
olur, böyüyür
sözün hər mənasında və gözəllik anlayışı
dəyişir:
Yenə
soruşun məndən,
Soruşun, insanlar, soruşun,
gözəl nədir?
Gözəl: sərgüzəştini göyçək
Jaləmə nəql etdiyim
damda yaşayan Karlson.
Paris Notrdam Kilsəsinin
Kvazimodası.
Gözəl: Kozettanın oduna
yanan,
yaxşılığına sədəqə almayan
Jan Valjan.
Niyə məhz bu obrazlar
sonda gözəlliyin simgəsi kimi seçilir? Anlayana təxmin etmək
çox da çətin olmasın gərək. Əslində
hər kəs öz
düşüncəsi boyunda
qavrayır hər şeyi. Niyə damda yaşayan
Karlson? Bəlkə saf ürəkli
sadəlövh bir uşağın uydurması
olduğu üçün?
Bəlkə elə bizim
bütün xoşbəxtliklərimiz
və sevgilərimiz də beləcə bir uydurmadır? Bəs elədirsə, niyə məntiqi həll kimi ardınca məhz Paris Notrdam kilsəsinin Kvazimodası oxucuya təqdim olunur növbəti mənəvi gözəllik
kimi? Niyə məhz ürəyi,
hissləri, mənəviyyatı,
o böyüklükdə eşqi
yox, qozbeli nəzərə çarpan
Kvazimoda? Deməli, müəllif
əmindir sevginin və humanizmin uydurma olmadığına.
Və bu əminlik oxucuya da elə
ustalıqla aşılanır
ki, ülviyyətin uydurma olduğuna inandığın üçün
özünü qınamalı
olursan. Ona görə qınamalı
olursan ki, həyatını təmənnasız
bir sevgiyə həsr eləyən, cismi qədər nəhəng ürəyə
malik bir Jan Valjan da var
axı... Qızmış dəmiri qoluna
basacaq qədər şirürəkli və kövrək bir çocuğun halına ağlayacaq qədər uşaqqəlbli qutsallıq
mücəssəməsi. Amma bunlar həyatda olduğu kimi şeirində də ironiya ilə silahlanan bir şairin poetik istehzası olmasın?
Axı bu obrazlar da
özlüyündə hansısa
yazarın fantaziyasının
məhsuludur. Kim onların həqiqiliyinə
zəmanət verə
bilər?
Bu nə dolambac poeziyadır belə – uydurmalara inandırır və eyni zamanda
həqiqətə aparır...
Nurəngiz Günün şeirləri
sadəcə ovqat məhsulu deyil. Geniş mütaliənin, aydın düşüncənin və
real yaşantıların bəhrəsidir.
Onun hər şeirinə dönə-dönə
qayıdırsan və
hər dəfə də yeni nüanslar
tapırsan- sirayətedici,
təsirli, bəzən
də zəlzələ
effekti yaradan nüanslar; obrazlı deyimlər, təptəzə,
dipdiri mükalimələr...
Özlüyündə elə
təkcə adı bütöv bir şeir olan “Ayrılıqlar boyum biçimi” şeirində
olduğu kimi:
Gecə
yalqızlıq laylası
deyir,
uyuyur qollarımda meh əsimi,
xatirə yelləyirəm
beşik kimi,
kimsə yoxmuş,
beşik bomboş,
kimsəsizlik yeyir içimi,
ayrıılıqlar boyum biçimi...
Bundan da artıq təklik, kimsəsizlik, tənhalıq
olarmı?
Bu tənhalıq BÖYÜKLƏRin
boyuna biçilib ... Yaşının hansı
dönəminə gəlib
çatmasından asılı
olmayaraq hələ də daxilindəki uşağı qoruyub saxlayan BÖYÜKLƏRin...
Onların təəssüfü
də çox ağrıdıcıdır:
Qucub acı həsrətləri
saralmazdım,
saralmazdım,
Əgər başdan qəm
dağıdan
dəli bir külək olsaydı...
Sanıb
ilğımları səfa
ağlamazdım,
çağlamazdım,
Əgər bu uşaq könlümü anladan olsaydı...
Bu nə ağrı, bu nə işgəncə poeziyasıdı belə?
Nurəngiz Günün poeziyası ümumilikdə hərəkətedici və hərəkətverici poeziyadır. Hərəkətsizlik, sükunət Nurəngiz Gün yaradıcılığına yaddır. “Qaçıram” şeirində buna bir daha əmin oluruq- “Boş haylardan, haraylardan, təmtəraqlı otaqlardan, saraylardan, yersiz gülüşlərdən, saxta yaltaq öpüşlərdən, qazanc güdən, söz üyüdən görüşlərdən, əli baltalı qollardan, dolam- dolaşıq yollardan, boş küylərdən, kələklərdən” qaçış poeziyası açılır göz önündə. Bu hərəkətlilik oxucunun hisslərini, duyğularını da hərəkətə gətirmək qüvvəsinə malikdir. Bu gediş və qaçış motivləri bizi dönə-dönə Nurəngiz Günün poeziyasına qaytarır.
Haqqında çoxlarının fikir bildirdiyi “Yol gedirəm” şeiri bu baxımdan ovsunu xatırladır. Oxucunu çəkir aparır və bir də baxırsan ki, bu şeirdəki kimi hərəkətdəsən, yoldasan artıq-Nurəngiz Günün bələdçilik etdiyi yolda. Bu şeir təkcə yazılma texnikasına görə deyil, həm də poetik və tematik baxımdan da elə mükəmməldi ki, haqqında nə qədər yazsan da şeirin özü qədər kamil olmaz, ola bilməz. Amma oxuduqca insanın içində bir istək baş qaldırır özündən asılı olmayaraq: istəyirsən şeiri bir də öz oxucu qəlbindən keçirib müəllifin fikriylə öz duyğularının necə doğmalaşmasına, çulğaşmasına bir daha şahid olasan. “Yol gedirəm” Nurəngiz Günün həyat və yaradıcılıq kimliyidir, poetik pasportudur –desəm, yanılmaram yəqin. Hər şair ədəbiyyatda dillər əzbəri olan ən azı bir şeirə iddialıdır hər halda. Məncə, “Yol gedirəm” bu iddianın tam təminatçısı ola bilər:
Dodaqlarımda təbəssüm,
Bəbəklərimdə ümid və qürur,
İçimdə ağlamaq ehtiyacı,
Yol gedirəm yorulanadək...
Bu nə yoldu ki, yolçusunu bu qədər yüklə getməyə vadar edir? Cavab birdi: həyat yolu. Bu şeir Nurəngiz Günün kəlmələrdən məharətlə çəkdiyi, ifadələrlə rənglədiyi, Salvador Dali sayaq rəmzlərlə işarələyib bəzədiyi mükəmməl söz tablosu... Dodaqdakı təbəssüm bağlı qapıları açacaq. Gözdə yox, məhz bəbəkdə ümid və qürur. Nə qədər dərində və gizlində. Bu ümidi və qüruru hər kəs görə bilməz ki bəbəyin içində- o dərinlikdə...O dərinliklərdən gələn bir ağlamaq ehtiyacı da var hələ üstəlik... Bu nə yorucu yol oldu belə? Ancaq bu da hələ yükün heç yarısı deyil ki...
Saçlarımda rüzgarım,
Ruhumda ana laylası.
Başımda məğlub eşqim
Yol gedirəm sinəm qaralanadək.
Başdakı məğlub eşqdən daha ağır bir yük varmı görəsən? Ya eşqin qalibi oldumu heç, eşq həmişə hansısa məğlubiyyətə, hansısa itkiyə aparmırmı sonucda? Uduzduğumuz sevgi oyununda ruhumuzun ana laylasından başqa nə tutalğacı ola bilər ki, təngnəfəslikdən sinəmiz qaralmasın, bu qaçaqaç, qovaqov dünyasında?
Ovcumda sirr,
Barmaqlarımda qabar,
Ürəyimdi varım yoxum...
Yol gedirəm saplağından qırılanadək...
Ovucda sirr gizlənibsə, əllər yumruqlanıb demək, həm də ağır həyatın simgəsi olan qabarlı barmaqların sıxılmasından yumruqlanıb. Amma bu yumruqlardan heç kimə ziyan gəlməz, heç kimin başı üstünə qalxmaz bu yumruqlar. Çünki varı yoxu ürəkdən ibarət olanın kiminsə başı üstündə yumruq düyməyə ürəyi gəlməz...Beləsinin gücü yalnız öz saplağına çatar, vəssalam.
Önümdə silsilə dağlar,
Sərt qayalar, soyuq dəniz,
Qərib canla bu tək cana qürub çağı
Yol gedirəm öləziyib saralanadək.
Hələ bu yolun önündə aşılası silsilə dağları, dizləri qanadası sərt qayaları, keçiləsi soyuq dənizləri varsa və həm də bu yolda elə kimsəsiz, elə qəribsənsə, bu yol öləzimiş, saralmış bir qüruba aparırsa... bu qədər də olmaz axı...Bunu daşımaq nə qədər ağır olmalı- fərqindəyik. Oxuyan fərqindədirsə, yazan də fərqindədir hər halda. Amma geriyə dönüş də yoxdu. “Uzun, incə bir yol” qət edilməlidir sonucda:
Arxamda sarp enişlər,
Çiynimdə Günəş tayası,
Ağuşumda Jaləm və titrəyişim,
Yol gedirəm yol olanadək.
Geriyə dönsən, kəskin enişlərə yuvarlana bilərsən, ümid irəliyədir. Ümid çiynindəki Günəşədir, işığadır. Bircə bu ümidin ətəyindən tutub laübalı bir titrəyişlə ağuşunda həyat verdiyin və həyatının mənasına çevrilən ən dəyərli varlığınla gedəcəksən, gedəcəksən... Bütün bu əziyyətlər, əzablar, iztirablar, enmələr, qalxmalar, sapmalar, titrəmələr, məğlubiyyətlər, qalibiyyətlər izsiz ötüşməyəcək, bunları yaşayacaqsan və bütün bunların məntiqi nəticəsi var – YOL OLMAQ. Bunu da müəllif elə zamanda və elə yerdə işlədib ki, iki anlamda qavranılır istər-istəməz- ya səni keçib gedəcəklər yol kimi, ya da sən bir yol olacaqsan, öz cığırını açacaqsan. Zatən bu deyilmi yaşanılanların mənası?
Mətndə müəllifi axtarmağın əleyhinəyəm həmişə, amma əgər müəllif israrla bunu istəyirsə, öz dili ilə, maraqlı ifadələrlə həyat hekayətini danışırsa və üstəlik bu, oxucunun da düşüncələrinə tən gəlirsə, niyə də olmasın?
O şair xoşbəxtdir ki zamandan və məkandan asılı olmayaraq özünü-sözünü bilir, ÖZÜ SÖZÜndə yaşayır. İndiyədək Nurəngiz Günü nə belə yazılar, nə oxucu rəyləri, nə publisist düşüncələri tanıtmadı ki, anlatmadı ki...Onun SÖZÜ ÖZÜnü anlatdı, tanıtdı, əvvəl də, indi də, sonra da... SÖZÜnün onun ÖZÜnə ehtiyacı olmadı heç vaxt.
Dünyaya gələn GÜNünüz mübarək Nurəngiz xanım!
Sevinc Mürvətqızı
525-ci qəzet.- 2013.- 21 sentyabr.- S.25.