Oralarda kimlər
var- PUBLİSİST ZÖHRAB ƏMİRXANLI-3
PUBLİSİSTİN
“PAPAQ” ADLI YAZISINDAN ALINTI
(Sonradan əlavə olunub)
Onsuz da hamımız öləcəyik
– gec, ya tez, vaxtlı, ya vaxtsız. Əsas olanı odur ki, sonda hamımız rahat
və ucuz ölüm axtarır, bu dünyadan sakit
köçmək istəyirik. Və heç birimiz 18 il əvvəl
fevralın 25-dən 26-na keçən gecə Xocalıdan
Ağdama qədərki qısa məsafədə
canını tapşıran 613 nəfər kimi əzabla,
müsibətlə, təhqir olunaraq ölmək istəmirik.
Mən hələ əsir götürülən 1275 binəsibdən
danışmır, itkin düşmüş 150 talesizin
adını tutmuram...
O gecə
– o
qarlı-şaxtalı gecədə lüt-üryan yola
çıxanların hər biri mənim övladım,
bacım, evimizin gəlini, əlindən öpməyə
hazır olduğum ağbirçəyim, qarşısında
bağrına basıb baş endirdiyim ağsaqqalım idi. Ağdama gəlib çata bilmədilər. O
gecə Allah yatmışdı. Bunlardan xəbəri yox idi...
...O gecə
erməni Azərbaycan kişisinin – sənin, mənim, onun –
hamımızın papağını başımızdan
alıb tulladı.
ELÇİN
HÜSEYNBƏYLİNİN “NAZLI-TOZLU QIZI”
–Yaxşı
deyəsən dediniz ki, həyat yoldaşınız da
jurnalistdir və siz bu sənətdən ayrılanda evdə nə
düşündülər, bu addımınızı necə
qarşıladılar?
Zöhrab:
Deyim ki, çox sevindilər.Mənim yazı üslubum və
yazı vaxtım
çox tərs bir zaman çərçivəsində
olurdu.İki otaqlı evimiz
vardı, mən mütləq gözləmliydim ki, uşaqlar
yatsın.Çünki siqaret çəkmək olmaz.Əslində
ağır ayaq qadının yükündən xilas olması
bundan daha rahatdı. Və hətta mən ən kiçik
informasiyanı belə məsuliyyətlə yazmışam.Mənim
redaktəmin qiyəmti yoxdu.Onlar bu zülümləri görəndən
sonra ki, gecələri yatmıram, səhər də doqquzda
işə gedirəm, dedilər ki,yaxşı eləyirsən.Belə
jurnalistika bizə lazım deyil, belə çörək pulu
qazanmaq bizə lazım deyil.Belə çörək yeməzlər.
Elçin
Hüseynbəyli yenə də deyir: axı sual yenə də
cavabsız qaldı.
Tofiq-Mən
belə başa
düşürəm ki, adam
jurnalistikadan gözlədiyini ala bilməyib. Daha nə
desin adam.Sən jurnalistikadan gözlədiyini ala bilməmisən.
Almalıydın, təbii. Sənə çox mane olublar, sənin
xarakterin tamam ayrı cür və bütün bu detallar da
öz işini görüb.Redaktor əlinə düşməmisən.Mühit
olmayıb.Sən “Bakı” qəzetinə gedəndə məhv
olmusan.Təbii, ağır şeydir.Amma...
Elçin
bir daha soruşur : sən indi
jurnalistikanı necə görürsən?
Yenə də o
nazlı-tozlu qız məsələsini ortaya atır.
Zöhrab:
Təbii ki, jurnalistika təkcə Azərbaycan mətbuatından
ibarət deyil.Moskvaya gedirsən, oradakı abi-havanı
görürsən və orda çıxan qəzet
okeanının içində boğulmamaq üçün
yol axtarırsan.Maraqlı burasıdır ki,orada adam yazmaq
haqqında fikirləşmir, oxumaq haqqında fikirləşir,
içini doldurmaq üçün oxumaq haqqında fikirləşir.Nə
qədər gözəl yazılar, nə qədər gözəl
qəzetlər çıxır.Azərbaycan mətbuatında
o şeylər yoxdur.Bizim mətbuatımızda bir az meyar itib
və dünən əlinə qələm alan birisi bir ənlik-kirşan
çəkir və redaktor da onun əlinə bir maqnitafon
verir, get, bala, get işə başla.Hərəyə bir vəsiqə
verilir və sən redaktorsan deyilir,qəzetçisən,
jurnalistsən deyilir.O gözəl qız indi
çındırı çıxmış bir qarı
kimidir mənim üçün.
ZÖHRABIN
ŞAİRLİYİ DƏ VARMIŞ
Elçin
Hüseynbəyli xatırladır ki, sən demə Zöhrab nə
vaxtlarsa şeir yazıb və onun dediyinə görə o
şeir heç də pis
şeir olmayıb və Zöhrab təbii ki,bu məsələni
ağartmaq istəmir və bir həvəs olaraq yazılan bir
şeir kimi bunun üstündən keçmək istəyir.Amma
Elçin inad eləyir və hətta o şeri Nüsrət Kəsəmənlinin
bir şeirinin təsiri ilə yazdığını da əlavə
edir:Nüsrətin “Açılma sabah, açılma”
şerinin təsiri ilə yazıldığını
vurğulayır və Zöhrab yazmışmış ki,
sabahın nə günahı var.Biz o şeiri çap edərik,
o şeirin səndə əl yazısı dururmu,biz onu Retro
rubrikamızda verə bilərik, sənin əl yazın durur?
Əslində
Elçin bu sualı belə qoymaqla Zöhrabdan daha ciddi bir ədəbiyyat
məsələsini də soruşur.Daha ciddi ədəbiyyat,daha ciddi yaradıcılıq onu daha çox
düşündürür.
Zöhrab: Mən çox səliqəsiz adamam,
sən indi mənə desən ki sənin yazılarından
birini yenidən çap edək,
vallah, o yazını tapmaq mənim üçün
müşkül bir iş olar. Mən çox
pinti və səliqəsiz adamam.
Elçin:
İnad etmə, söhbət o dövrün populyar bir
şeirindən gedir və bu da o dövrü xarakterizə etmək
üçün bir detaldır. Mən indi bilmək
istəyirəm ki, Zöhrabın ədəbiyyata və ədəbi
yaradıcılığa münasibəti bir həvəs
idimi, yoxsa başqa cür.
Zöhrab:
O şeir ötəri bir həvəs idi.Vəssalam.Təxminən
üç, dörd il davam etmiş ötəri bir həvəs.
Tofiq: Sən
bir ali məktəbə müəllim olaraq
çağırsalar, inşallah çağırmazlar, gedərsənmi?
Zöhrab:
Yox getmərəm.Mən pinti bir şeyəm, pinti bir yazaram.
Bir şey deyim,
Şirməmməd müəllim bir dəfə
sinfə girdi,Molla Nəsrəddinin 90 illiyi idi və ordan bir
şey oxumağa başladı və dedi : deyib e... Onun bir
şakəri vardı, oxuyurdu bir şeyi, sonra deyirdi: deyib e...
Mən dözmədim, dedim : nə deyib e, Şirməmməd
müəllim, bax ha...dedi,- Şirməməd müəllim ,mən
davam etdim: yox, Şirməməd
müəllim, kişi 90 il öncə deyib, indi bir əsrə
yaxın vaxt keçir, nə dəyişib o dediklərindən.Bu
millət bir əsrdi yarım addım qabağa getməyib.Faciə
qarşısındadır.Mən həmişə Allaha
yalvarıram ki, məni bu Azərbaycan adlı xarabadan
qırağa buraxma, amma gedib Moskvanı gəzəndən
sonra Azərbaycan bir kanalizasiya borusu kimi gəlir insana.Burda
acından ölmərəm, bir tikə çörək
taparam, yox... burda yaşamaq olmur.Burda küçəyə
çıxıb rahat gəzmək olmur.Baxırsan,
ağzı qara birisi qadın bilmir, uşaq bilmir, dəhşətli
bir söyüş söyür və mən dəli oluram.
Tofiq-Bəlkə sən
çox irəli getmisən?
Zöhrab:
Baxın, mənə
dəli deməyin, amma mən həmişə bu cəmiyyətdən
qabaqda olduğumu hiss eləmişəm.Mən çox istərdim
bir dağın çobanı olum, qoyunumu otarım, tövləmi
təmizləyim, amma tale başqa yerə apardı məni. Mən
də bu cəmiyyətin adamları kimi yaşamaq istəyirəm.Bir
şeyin yazılmasını çox istərdim, bir az öncə
qəzet məsələsi danışdım.Mən o qəzeti
buraxmaq üçün qardaşlarımın 6 min
dollarını göyə sovurdum, halbuki o pulla mən
kiçik bir dükan açardım,nə
bilim bir şeylər eləyərdim və yaşaya da bilərdim.Təbii
ki,bir çox məqamlarda düşünmək olar ki, qəzet
işi alver eləmək işindən asandır, amma burada bir
ata uşağı üçün bir şey eləyə
bilmirsə bu faciədir. Bu da var, Allah heç kimə mənim
Moskvada yaşadıqlarımı göstərməsin.Ehtiyac
adamı qabağına qatır.Sən gedib Moskvaya
çıxırsan, oturub arvad donu satırsan satırsan, eh nə
bilim daha nələr...
Elçin:
Bax, hər halda Azərbaycan imicini dünyaya tanıtmaq istəyən
vicdanlı,namuslu adlar da var.Niyə
onlar bir iş görə bilmirlər? Niyə
onlar əzab içində yaşayırlar? Onlar sağlam, güclü bir milllət istəyirlər.Bu
bir faktdır ki, ədəbi publisistika ilə məşğul
olan insanlar, milli mənəvi dəyərləri qiymətləndirən
insanlar hər zaman ehtiyac içinə düşürlər.
Zöhrab: Ən böyük faciə odur ki,sən
hansı duyğularla, hansı
düşüncələrlə işə
başlayırsan,amma nə alınır.Gedib
düşürsün bataqlığın ortasına və
burdan çıxmaq imkanı
yoxdur.İnanın ki, o boyda Moskva bazarında bir
normal,sağlam düşüncəli adam tapa bilmirsən ki, onunla oturub dərdləşəsən,
fikirlərini bölüşəsən. Rəqabət
Azərbaycan insanlarının öz aralarındadır.
Deyirlər: daha iki meyit gəldi, daha üç meyit gəldi.Bunları
eləyənlər hamısı özümüzkülərdir.Kim
daha çox qazanacaq davası gedir.Heç kim Azərbaycanın
düşməni- zadı deyil.Bax,Elçin, Mahir bir şeyi
düzgün vurğuladı, yəni professionallar geri çəkilməyə
məcbur olanda, kimsə gəlib onların yerini doldurmalıdır.İndi gözəl
professional yazar olan Hikmət
Sabiroğlu bədbəxt oğlu bədbəxt nə etsin,
hara getsin?Onun kimi bir jurnalist qalıb havada və biz bir
çox şeylərin qabağını ala bilmədiyimiz
kimi bunnu qabağını ala bilmədik.
MƏN
JURNALİSTİKADA ÇOX BÖYÜK ADAMAM
Tofiq-
Zörab, görüşümüzün sonuna
yaxınlaşırıq və bu yazını oxuyan elə
bir adam ola bilərmi ki, desin: axı, bu
Zöhrab Əmirxanlı kimdi ki, onun haqqında bu qədər
danışırlar və yazırlar.Elə adamlar ola bilərmi?
Zöhrab:
Mənim çəkim, boyum balaca, amma mən jurnalistikada
çox böyük adamam.Kim nə deyir, desin.
Tofiq- Sən alın yazısına inanırsan?
Zöhrab: Yox, inanmıram.
Tofiq- Bəs o zaman sən bu uğursuzluqlarını nədə görürsən?
Zöhrab: Tofiq müəllim, bilirsiz, nə təhərdi, mütləq bir bacarığın olmalıdı,zamanə adamı olmalısan, adamlarla yola getmək lazımdır.Baxın, bir “Şans” qəzeti yaratdıq və ora mən özümün şərtlərimlə ən yaxşı jurnalistləri topladım : Azər Hüseynbala, Qulu Ağsəs, Laura xanım Cəbrayıllı,Qurban Yaquboğlu, Sədi Əfəndi... Qəzeti buraxmağa başladıq, şərt də bu: adamlara 200-250 dollar maaş verəcəyik.Və razılaşdılar, maaş günü gələndə çıxarıb 5-6 şirvan pul verdilər.Dedilər : sonra olacaq.Olmadı.İndi necə işləmək olar. Ən tərbiyəsizlik odu ki,bu işləyənlərin pulu ilə gedib iyrənc şeylərlə məşğul olurdular. Mir Şahin bir gün dedi: sən hələ də sadəlövh olaraq qalmısan.
BİOQRAFİYASINDAN:
Şamaxıda doğulmuşam, 46 yaşım var.Şamaxı Pedoqoji Texnikumunu qurtarmışam, üç il müəllim işləmişəm, 82-ci ildə Bakı Dövlət Unversitetinə girib 87-ci ildə qurtarmışam, Jurnalistika fakültəsini bitirmişəm və ilk dəfə “Bakı” qəzetində işləmişəm, sonra “Respublika” qəzetində, “Səhər” qəzetində, “Millət” qəzetində işləmişəm, “Hürriyyət”in Baş redatkoru olmuşam, ordan gəlmişəm “Azadlıq”a, 4 il “Azadlıq”da işləmişəm, sonra “Müxalifət” qəzetində çalışmışam, sonra gedib Moskvada “Üçüncü Azərbaycan” qəzetini buraxmışam, qayıdıb “Millət” qəzetində üç ay baş redaktor olmuşam. Həyat yoldaşım jurnalistdir,beş il bir yerdə oxumuşuq, iki qızım bir oğlum var, Allah sizinkiləri saxlasın.Bir qızım Dövlət Unversitetində, bir qızım Əzim Əzimzadə Rəssamlıq Texnikmunda Dizayner fakültəsində oxuyur. Oğlum Mətin də balaca kişidir.
Tofiq ABDİN
525-ci qəzet.-
2013.- 21 sentyabr.- S.23.