Cavidşünaslığın hüdudları

 

Klassik irslə bağlı araşdırmaların müəyyən sistem təşkil etməsi ədəbiyyatşünaslığın nəzəri-tarixi imkanlarının artdığını sübut edir. Ədəbiyyat tarixində mərhələ yaratmış ayrı-ayrı sənətkarların mühiti, həyatı, yaradıcılığının müxtəlif problemləri ilə bağlı tədqiqat və məqalələrin, hətta ən yığcam mülahizələrin toplanılıb nəşr edilməsi ədəbi-nəzəri fikrin hüdudlarını genişləndirir, yeni istiqamətlər formalaşdırır. Çağdaş Azərbaycan ədəbiyyatşünaslığında Qorqudşünaslıq, Nizamişünaslıq, Füzulişünaslıq kimi elm sahələri artıq, necə deyərlər, müstəqillik statusu qazanıb. XXI əsrdə belə status almış sahələrdən biri də Cavidşünaslıqdır. AMEA-nın Hüseyn Cavidin Ev Muzeyi tərəfindən böyük tədqiqatçılıq zəhməti hesabına çap olunmuş on cildlik “Cavidşünaslıq: araşdırmalar toplusu” Cavidşünaslığın müstəqil elm olduğunu əks etdirən qiymətli nəşrdir. Bu fundamental toplu muzeyin direktoru, tərtib, transliterassiya, lüğət və ön sözün müəllifi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının fədakar əməyi, öz işinə və şübhəsiz ki, H.Cavid sənətinə və şəxsiyyətinə böyük məhəbbəti sayəsində meydana gəlmişdir. On cildlik dəyərli bir tarixi sənədlə – Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin 16 fevral 2012-ci il tarixli “Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı” ilə açılır. Faktiki olaraq on cildlik “Cavidşünaslıq” muzeyinin həmin sərəncama layiqli cavabıdır. “Cavidşünaslıq” araşdırmalar toplusu Cavidşünaslığın əsas mərhələlərini əks etdirir. Çoxcildliyə daxil olan birinci yazı M.Məsud adlı ziyalının “İqbal” qəzetini 1 iyun 1912-ci il sayında çap olunmuş İrəvandan məktubudur. Məktubda deyilir: “Möhtərəm atalar! Balalarımızın əhvalına acıyınız, bədbəxt etməyiniz. Hüseyn Cavid, Ömər Faiq kimi türk ədəbiyyatının anası olan və darülfünun görmüş müəllimlər gətirilməsini məktəblər müdiriyyətindən xahiş edərək, iqtidarsız müəllimlərin istefa verməsini tələb edin”. Göründüyü kimi 1912-ci ildə H.Cavid bir ədəbi şəxsiyyət və pedaqoq kimi məşhur idi, məktub müəllifi onu (və Ömər Faiqi) “Türk ədəbiyyatının anası” kimi yüksək sözlərlə dilə gətirir. Çünki bu çağa qədər Hüseyn Cavidin silsilə romantik şeirləri, “Ana” (1910) və “Maral” (1912) kimi dram əsərləri yazılmışdı. “Ana” poetik pyesi ilə o mənzum dramaturgiyanın əsasını qoymuş, “Maral” əsəri Azərbaycanda və Krımda səhnəyə qoyularaq məşhurlaşmışdı. Çoxcildliyin I cildinə H.Cavid haqqında 1912-1925-ci ildə yazılmış müxtəlif janrlı yazılar, məktub, resenziya, məqalə, müzakirə, şeirlər, müxtəlif məlumatlar daxil edilmişdir. Bu cildin geniş və məzmunlu ön sözündə Cavidşünaslığın nəzəri-tarixi mahiyyətindən, çoxcildliyin tərtib prinsiplərindən bəhs olunur.

Azərbaycan Cavidşünaslığının real nəzəri-tarixi vəziyyəti aşağıdakı kimi təsnifat aparmağa imkan verir:

I mərhələ: Cavidşünaslığın təşəkkülü 1920-1930-cu illər (1936-ya H.Cavid tutulana qədər; 1936-1956 Yasaq dövrü. Siyasi bəraətə qədər.

II mərhələ:Cavidşünaslığın nəzəri-tarixi təkamülü: 1956-1981.

III mərhələ: Cavidşünaslığın Milli müəyyənlik mərhələsi. (H.Cavidin anadan olmasının 100 illiyi haqqında Azərbaycan KPMK-nın 21 iyul 1981-ci il tarixli qərarından 1991-ci ilə istiqlal dövrünə qədər) Oncildlik 1983-cü ilə qədərki materialları əhatə edir. Son 30 ilin Cavidşünaslıqı hələlik öz nəşrini və tədqiqini gözləməkdədir.

IV Mərhələ: Cavidşünaslığın istiqlal dövrü mərhələsi (1991-2012).

V Mərhələ: Cavidşünaslığın nəşr və nəzəri metoloji mərhələsi (H.Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında Sərəncam və 10 cildliyin nəşrindən başlanır).

Əsas məsələ budur ki, oncildlik böyük romantik şair və filosof Hüseyn Cavid haqqında 70 illik möhtəşəm bir dövrün tarixini bəzi istisnalarla əks etdirir. Belə ki, birinci cild 1912-1925-ci illərdə milli dövlətçilikdən “qırmızı qaranlıqlar”a (Ə.Hüseynzadə) keçid dövrünün yazılarını əks etdirirsə, ikinci cild 1926-30-cu illərin siyasi-ədəbi mübahisələr dövrünün materiallarını əhatə edir. Üçüncü cilddə isə 1930-1937-ci illərin ədəbi-siyasi ittihamlar üstə köklənmiş qəzəbli və qərəzli yazıları yer alır. Bu, Cavidşünaslığın ən mürəkkəb və ziddiyyətli epoxası təşəkkül mərhələsidir. 1920-30-cu illərdə H.Cavid həm mükafat alır, həm dərindən təhlil olunur, həm də totalitar rejimə boyun əymədiyinə görə təzyiqlərə və təhqirlərə məruz qalırdı. Hüseyn Cavid zəmanəsinin, kommunist ideologiyası üzərində bərqərar olmuş Sovet rejimini ən çox qorxduğu türkçülüyün sənətdə ifadəsi olan Azərbaycan romantizminin baniyi-karı oldu.

“Cavidşünaslıq” H.Cavid haqqında müfəssəl tarixi-xronoloji məlumat verən, onun ədəbi-bədii düşüncə tariximizdəki yerini görməyə və göstərməyə imkan yaradan sənədlər toplusudur. Toplunun dördüncü cildində 20 illik (1936-1956) yasaq dövründən, o amansız boşluqdan sonrakı beş ildə qələmə alınmış ilk yazılar yer alır. Buraya M.Hüseyn, R.Rza, M.Cəfər, Ə.Ağayev, C.Xəndan, A.Zamanov, M.Əlioğlu kimi bu dövrün fəal şair və tənqidçilərin məlum və məşhur imzaları ön planda görünür. Yeri gəlmişkən qeyd edək ki, Cavidşünas alim Gülbəniz Babaxanlı hər cildə orada toplanmış materialların çevrələdiyi dövrün ruhuna uyğun ön söz yazıb. Məsələn, I.II.III cildlər əgər sadəcə “Ön söz”lə açılırsa, IV cild “Bəraətdən sonrakı beş ilin Cavidşünaslığı” V cild “Rəsmi bəraətin ardınca mənəvi bəraət”, VI cild “Ulu öndərin gəlişi öncəsi”, VII cild “Yeni yüksəliş illəri”, VIII “Adının mənasını doğruldan sənətkar”, IX cild “100 illik yubiley ili” və nəhayət X cild “100 illiyin davam etdiyi il” kimi müqəddimələrlə oxucu və mütəxəssislərə ünvanlanır.

Oncildliyin son dörd cildi Ulu öndər Heydər Əliyevin Hüseyn Cavid konsepsiyası işığında təqdim olunur. Heydər Əliyevin konsepsiyasının nəzəri–fəlsəfi mahiyyəti belədir:

“Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişaf etməsində misilsiz xidmətlər göstərmişdir. Hüseyn Cavid Azərbaycan xalqının, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır. Hüseyn Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızın azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çatdırıbdır. O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsilə millətinə sadiq olmuşdur, millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur”.

Hüseyn Cavid yaradıcılığına münasibətdə həlledici mərhələ XX əsrin 60-80-ci illərini əhatə edir. Əgər ümumən Cavidşünaslığın və təşəkkül dövrü 20-30-cu illər Cavidşünaslığının banisi Hənəfi Zeynallını hesab etmək olursa, təkamül mərhələsi 60-80-ci illər Cavidşünaslığının banisi olaraq “Hüseyn Cavid” (1960) və “Azərbaycan ədəbiyyatında romantizm” (1963) kimi fundamental monoqrafiyaların müəllifi akademik Məmməd Cəfəri göstərmək olar. Bu illərdə bir sıra dəyərli tədqiqatlar- M.Əlioğlunun “Hüseyn Cavidin romantizmi”, Z.Əkbərovun “Hüseyn Cavidin “Şeyx Sənan” faciəsi, Ə.İbadoğlunun “Hüseyn Cavidin “İblis” faciəsi, Y.Qarayevin “Faciə və qəhrəman”, T.Əfəndiyevin “H.Cavidin ideyalar aləmi”, M.Məmmədovun “Cavidanə sənətkar”, “Azəri dramaturgiyasının estetik problemləri” Azərbaycan Cavidşünaslığını ümumən ədəbiyyatşünaslığımızı zənginləşdirdi. Əgər təşəkkül mərhələsində Cavidşünaslığı ədəbi mübahisələr, ziddiyyətli, fikirlər, ədəbi-siyasi ittihamlar, pantürkizm və panislamizm yarlıqları səciyyələndirirdisə 60-80-ci illəri H.Cavidin sakit və təmkinli elmi-nəzəri dərk xarakterizə edirdi. Çünki bu mərhələnin başında Cavidi sevən və dərindən bilən hər cür çılğınlıqdan konyunkturadan uzaq nəzəriyyəçi alim akademik Məmməd Cəfər dayanırdı. M.Cəfər və onun müasirləri Cavidin Azərbaycan milli romantizminin banisi dünya romantizminin korifeylərindən biri kimi sanballı elmi-nəzəri tədqiqata cəlb edib onun sənətinin böyüklüyünü göstərə bildilər.

H.Cavidin taleyində  ən böyük rol oynamış şəxsiyyət Heydər Əliyev olmuşdur. O, misilsiz fədakarlıq göstərərək, bütün maneələrə sinə  gərib böyük romantik şair və türkçü filosof H.Cavidin nəşini uzaq Sibirdən doğma vətənə gətirdi, doğulduğu ulu Naxçıvanda torpağa tapşırdı. İndi Cavidlər burada müqəddəs bir məqbərədə uyuyur. H.Əliyevin möhtəşəm fəaliyyəti, verdiyi qərar və sərəncamlar özünəməxsus tarixi, nəzəriyyəsi və estetik hüdudları olan bir elm kimi Cavidşünaslığın da inkişafına güclü təkan verdi.

XX əsrin 70-ci illərinin ədəbi-tarixi mühitinin demokratik əsaslarla formalaşması    inkişafı H.Əliyevin adı  ilə  bağlı  olmuşdur. O, 60-  illərin fəallığını öləziməyə qoymadı, sonrakı onillərdə də onu alovlandırdı, ədəbiyyat və mədəniyyət günləri keçirdi, ədəbiyyat və mədəniyyət klassiklərinin o zamanın ən ali dövlət mükafatı alan Sosialist Əməyi Qəhrəmanı adını almalarına nail oldu. O, müasiri olan xadimlərlə bərabər artıq  tarixə daxil olmuş klassiklərin- Nizaminin, Nəsiminin, Füzulinin, Vaqifin, Axundzadənin, Mirzə Cəlilin, Sabirin, C.Cabbarlının, S.Vurğunun... “Kitabı Dədə–Qorqud” eposunun, “Əkinçi” qəzetinin, “Molla Nəsrəddin” məcmuəsinin, Azərbaycan teatrının və böyük Hüseyn Cavidin yubileylərini təntənə ilə qeyd  etdi.

Möhtəşəm bir nəşr olan oncildlik “Cavidşünaslıq” toplusu təkcə nəzəri ədəbiyyatşünaslıq faktı deyil, bütövlükdə tarixi-mədəni hadisədir. Bu nəşrin əhəmiyyəti aşağıdakı cəhətlərlə bağlıdır:

1.“Cavidşünaslıq”  toplusu bu elmin nəzəri-tarixi problemlərini işləyəcək tədqiqatçıların  əməyini yüngülləşdirən etibarlı, əsaslı məxəzdir.

2. Bu toplu ədəbi-tənqidi və nəzəri-estetik fikrin böyük romantik şair və filosof H.Cavidə münasibətini əks etdirir. Faktiki olaraq mütəfəkkir şairin ədəbi portretini təsəvvür etməyə imkan verir.

3. Toplunun XX əsrin 20-30-cu illərini əhatə edən cildləri bu mürəkkəb, zəngin və ziddiyyətli dövrün ədəbi mübahisələrini, mübahisələrin hansı problemlər ətrafında getdiyini, H.Cavidi 37-nin repressiyasına aparan səbəbləri bir ədəbi-tarixi epoxa kimi ədəbi tənqidin nəzəri-metodoloji səhvlərini Cavidə münasibətdə ədəbi tənqidin sosioloji cılızlığını aydınlaşdırmağa material verir.

4. Toplu H.Cavidin bir filosof sənətkar kimi özünütəsdiq üçün hansı mərhələlərdən, çətinlik və böhtanlardan keçdiyini Hüseyn Cavid şəxsiyyətinin yenilməzliyini, bütövlük və əzəmətini əks etdirir.

5. “Cavidşünaslıq”  təkcə Hüseyn Cavidə yox, ümumən klassik bədii irsə, sənətkara münasibətdə Azərbaycan ədəbiyyatşünaslığının nəzəri-tarixi imkanlarını, sosioloji tənqidin metodoloji gücsüzlüyünü ortaya qoyur.

AMEA-nın Hüseyn Cavidin Ev Muzeyinin on cildlik “Cavidşünaslıq” nəşri çağdaş ədəbi fikrə mühüm tarixi xidmətdir. Ümid edirik ki, kollektiv bu nəcib işi davam etdirəcək. Həm 1983-cü ildən sonrakı 30 ilin Cavidşünaslığı, həm də 20-30-cu illər ədəbi məhkəmələri, ifrat tənqidi yazılar da yeni toplularda işıq üzü görəcək, ədəbi ictimaiyyətə çatdırılacaq.

 

 

Gülşən ƏLİYEVA-KƏNGƏRLİ

Filologiya elmləri doktoru, professor

525-ci qəzet.- 2013.- 21 sentyabr.- S.22.