YAŞASIN
ÜRƏK
Şeir ürəkdən süzülüb gəlir,
böyrəkdən yox. Şeir ürəkdə yazılır,
böyrəkdə yox. Ürək dostumdu,
böyrək düşmənim. Dostuma da,
düşmənimə də sözümü deyirəm.
Qoy hər ikisi öz payını
götürsün. Ürək deyir ki,
böyrəksiz yaşaya bilərsən, ürəksiz yox.
Oğulsan ürəkli şeirlər yaz, ürəklə
yaşa. Homerdən Aşıq Veysələ
qədər gözsüz şairlər tanıyıram ki,
onların əsərləri, səsi, sədası
dünyanı silkələyib. Əlsiz
şairlər tanıyıram ki, fələyin
acığına dişiylə yazıb əsərlərini.
Ayaqsız şairlər də tanıyıram.
Şeir onlar üçün əl-ayaq olub.
Qol-qanad olub, onları göyün yeddinci
qatına qaldırıb. Əlsiz rəssamlar
tanıyıram ki, zaman-zaman insanları öz bənzərsiz əsərləri
ilə heyrətdə saxlayıblar. Mən
də böyrəksiz şeirlər yazmışam. Onları əziz oxucularıma təqdim edirəm.
Ürək varsa, hər şey var, ürək
yoxsa, həyat yoxdur. Yaşasın ürək!
ÖLDÜRSÜN
Qar
yağırdı, qış günüydü
mən
olanda,
İndi məni
qoy çiçəkli
yaz
öldürsün.
Bir
şairi dağa salsın,
daşa
salsın,
Bir
gözəlin canındakı
naz
öldürsün.
Donur
ağac, solur yarpaq,
əsir
külək,
Basılır
göy, sınır qanad,
düşür lələk.
Zalımlığı
yerə qoysun
zalım
fələk,
Məni
böyük dərdlərimlə
az
öldürsün.
Köçüm
gedim əlim halal,
dilim
halal,
Allahıma
tez yetişsin
bu ərzi-hal.
Aşıq
gəlsin, əli qızıl,
söhbəti bal,
Son nəfəsdə qoy
məni bir
saz
öldürsün.
GÖNDƏRİŞ
Allah
beşik göndərir
uyumağa, yatmağa,
Allah layla
göndərir
qızılgülə
batmağa.
Ömrü
boyu böyüyür,
ucaldıqca ucalır,
İnsan
oğlu can atır
Allahına
çatmağa!
Allah bələk
göndərir,
körpəni qucmaq üçün,
Allah qanad
göndərir,
ucalıb
uçmaq üçün.
Allah
ağıl göndərir,
idrak,
düşüncə verir,
Bağlanmış
qapıları
açarsız açmaq üçün.
Əssə
də soyuq külək,
yağsa
da qar gözəldi,
Barlı
payız, qarlı qış,
güllü bahar gözəldi.
Aç
qoşa qollarını
Tanrı
üçün, ey insan,
Allahın
bəndə
üçün
hər
nəyi var, gözəldi!
İNSAN SEVİLƏNDƏ,
İNSAN SEVƏNDƏ
Göy nə
genişdi,
Günəş
nə
işıqlıdı,
Ay nə
nurludu,
Ulduz nə
yaraşıqlıdı,
Dünya
nə şirindi,
həyat
nə uğurludu,
Sular nə
nurludu,
bulaq nə
təmizdi,
Sevilənlər
nə gözəldi,
sevənlər nə əzizdi,
İnsan
seviləndə,
insan sevəndə!
Təpələr
nə ucadı,
dağlar
nə vüqarlıdı,
Bağlar
nə bərəkətli,
bağçalar nə barlıdı,
Kasıblar
nə dövlətli,
yoxsullar
nə varlıdı,
Dövran
nə etibarlı,
zaman nə
ilqarlıdı,
İnsan
seviləndə,
insan sevəndə!
Qədimlər
nə yenidi,
köhnələr nə təzədi,
Gözəlliklər,
gözəllər
yer
üzünü bəzədi.
Yaxşılıqlar,
yaxşılar
üz-üzə, göz-gözədi,
Həyat
qəm-kədər deyil,
həyat
meydi, məzədi,
İnsan
seviləndə,
insan sevəndə!
SUAL
Yuxu
şirin, həyat acı,
Yatmısanmı, oyaqsanmı?
Ey ruhumun
ehtiyacı,
Gözlərimə
çıraqsanmı?
Yanımda
qiymətin, qədrin,
Qəlbimdə
hörmətin, xətrin,
Adamı öldürür ətrin,
Çiçək dolu budaqsanmı?
Ömrüm-günüm
yaşıl tağdı,
Sevgin sağlam, eşqin sağdı.
Sinən üstü ağdan
ağdı,
Yazılmamış varaqsanmı?
İşıqlıdır
odun, qorun,
Sevgidədir gücün, zorun.
Yandırırsan
korun-korun,
Odu sönməz ocaqsanmı?
Birim,
pirim, bircə dənəm,
Sən sevilən, mən sevənəm.
Bu evin
sahibi mənəm,
Sən bir qərib qonaqsanmı?
İSTƏK
Damla da
var, dərya da
mənim
yaranışımda,
Mən
adi bir damlayam,
dəryamı istəyirəm.
Dünya
məni böyütdü,
yaşatdı insan kimi,
Mən
kiçik bir zərrəyəm,
dünyamı istəyirəm.
Gurlamışam,
çaxmışam
şimşəklərin içində,
Zərif
ömür sürmüşəm
çiçəklərin içində.
Şipşirin
bir arzu var
istəklərin içində,
Mənə
“işığım”
deyən
anamı
istəyirəm.
Nə
sözdən, nə nəğmədən,
nə
bulaqdan doymadım,
Nə
oddan, nə alovdan,
nə
ocaqdan doymadım.
Nə ana
təbiətdən, nə
torpaqdan
doymadım,
Həyat adlı
güzgünü,
aynanı
istəyirəm.
ACLIQ
Ac gəlmişdim,
ac gedirəm dünyadan,
Qismətimə düşən azdan doymadım.
Arı
kimi güldən-gülə dolaşdım,
Nə payızdan, nə də yazdan doymadım.
Can yandırdı köz
baxışlar, köz əllər,
Torpaq
oldu, tez töküldü xəzəllər.
Saymazyana
gəldi-getdi gözəllər,
Nə işvədən, nə də nazdan doymadım.
Nəğmələrlə
ürəyimi aldılar,
Şirin-şirin xəyallara daldılar.
Min bir yerdə min bir
hava çaldılar,
Nə aşıqdan, nə də sazdan doymadım.
GÖZƏLLƏR
Gözəllər
də buz
bulaqlar kimidi,
Öpüldükcə gözəlləşir, durulur.
Vurulanlar
elə-belə
vurulmur,
Bir könüldən min könülə vurulur.
Gözəllər
də göy
yaylaqlar kimidi,
Çəməni var, çiçəyi var, ətri
var.
Sevənlərin
ürəyində, ruhunda,
Sevilənin dağlar boyda xətri var.
Gözəllər
də gül
dodaqlar kimidi,
Ləzzəti var, nəğməsi var, sözü var.
Yer üzünə
neçə insan gəlibsə,
Hamısının dodaqlarda gözü var.
Gözəllər
də gur
ocaqlar kimidi,
İstisi var, işığı var, odu var.
Ürəkləri,
könülləri isidən,
Damaqlardan
heç getməyən
dadı var.
Gözəllər
də oyuncaqlar
kimidi,
Aldanan var, aldadan var, atan var.
Gözəlliyin
qiymətini bilməyib,
Dünyasını beş qəpiyə satan var.
ARZU
Dolandıqca
hey dolanam təbiəti,
Yola
çıxam, bu yollarda izim ola.
Qayalardan
sərtlik dərsi ala biləm,
Yoxuşlarda
bükülməyən dizim ola.
Fərhad
kimi dağlar yaram, qaya çapam,
Ucalmaqçün ucalıqla bir dil tapam.
Dağ başında
bir dağılmaz qala yapam,
Zirvələrlə
görüşməyə üzüm ola.
Bülbül
gərək dost bağında ötmək üçün,
Ürək gərək arzulara yetmək
üçün.
Torpaq
altda canı sulu
getmək üçün,
Can verəndə
canında bir dözüm ola.
Qollarıma
qüvvət verə dostum, yarım,
Ürəyimi üşütməyə
qışım, qarım.
Qalxan günü Allah
ola xilaskarım,
Enən günü düzəngahım,
düzüm ola.
Yer də,
göy də
sağ-salamat durmaq üçün,
Qurduğunu
sevdiyintək qurmaq üçün,
Yüz
illərə, min illərə varmaq üçün,
Bizdən
sonra dünya yenə bizim ola!
ŞAİRLİK
Bulaqların
dilində kövrək,
həzin nəğmədi,
Yarpaqların
dilində
pıçıltıdı şairlik.
Yaralı
gövdələrdə ağrıdı, göynərtidi,
Xəzəllərin dilində sızıltıdı
şairlik.
Çəmənlərin
dilində
çiçəklərin rəngidi,
Çiçəklərin içində təravətdi
şairlik.
Yerlərin
yaraşığı, göylərin ahəngidi,
Babalardan bizlərə əmanətdi
şairlik.
Çayların
axarında nərədi, hönkürtüdü,
Sellərin dodağında şırıltıdı
şairlik.
Göyləri
silkələyər hirsi, qəzəbi tutsa,
Şimşəklərin dilində gurultudu şairlik.
Cəmiyyət
ağlayanda ondan qabaq ağlayır,
İztirab, hıçqırtıdı, göz
yaşıdı şairlik.
Böyüklərin
qisməti edam, ya dar ağacı,
Ölümsüz bir ölümlə
yanaşıdır şairlik.
Gözünə
duz basıblar, heç azalmır ağrısı,
Heç zaman sağalmayan bir yaradı şairlik.
İnsanların
dərdini o çatdırır Allaha,
Allah bəndə arası
bir aradı şairlik.
MƏN OLSAM DA, OLMASAM DA
Dünya
hər gün tikiləcək,
söküləcək,
Dəniz
hər gün qabaracaq,
çəkiləcək,
Bu
dünyada mən olsam da,
olmasam
da.
Göylər
hər gün ələk
kimi
ələnəcək,
Torpaq hər
gün bərəkətə
bələnəcək,
Bu
dünyada mən olsam da,
olmasam
da.
Günəş
hər gün paylayacaq
öz
nurunu,
Dağ
tutacaq şaxlığını,
qürurunu,
Bu
dünyada mən olsam da,
olmasam
da.
Çətinləri
qoy çevrilsin,
asand
olsun,
Bu
dünyanın hər bir işi
avand
olsun,
Bu
dünyada mən olsam da,
olmasam
da.
DÜNYA VƏ MƏN
Dayanmışıq
yanaşı,
Dünyayla üz-üzəyəm.
Mən
deyirəm, o deyir,
Dünyayla söz-sözəyəm.
Yeri
yandırır, yaxır,
Göyü gurlayır, çaxır.
Mən
baxıram, o baxır,
Dünyayla göz-gözəyəm.
Hey
dalırıq xəyala,
Eh, kim ölə, kim qala.
O
anadı, mən bala,
Dünyayla diz-dizəyəm.
GÖZƏLLİK
Nə
nurludu, nə parlaqdı, nə gözəldi,
Nur
payıdır insanların ən gözəli.
Aydan
alır, Gündən alır işığını,
Baş tacıdır vicdanların ən gözəli.
Uzun sürən “Vətən-Qürbət
dastanı” var,
Qəhrəmanlıq, sevgi, həsrət dastanı var.
Hər ürəkdə bir
məhəbbət dastanı var,
Məhəbbətdi
dastanların ən
gözəli.
Gözəllikdi
halal şöhrət, halal maya,
Şükür olsun yaradandan gələn paya.
Suyu
öpür gözəlləşir sahil, qaya,
Dalğa
doğur tufanların
ən gözəli.
Qoca
dünya dadlı
olur, şirin olur,
Bir misaldı, axar sular sərin olur.
Dənizlərdən,
dəryalardan dərin olur,
Göz yaşıdır
ümmanların ən gözəli.
Həyat
orda, ən işıqlı gün ordadı,
Nəğmə orda, səs ordadı, ün ordadı.
İnsaf
orda, iman orda, din ordadı,
İnsanlıqdı irfanların ən gözəli.
BORCUM VAR
MƏNİM
Yaxşılıq
görmüşəm yaddan, yaxından,
Yaxına, uzağa borcum var mənim.
Ruhumu
uyudan, laylamı
çalan,
Beşiyə, qundağa borcum var mənim.
Bu
palıd ağacı, bu məğrur cökə,
İstəyir həmişə nazımı çəkə.
Sığallı
gövdəyə,
şirəli kökə,
Meyvəli budağa borcum var mənim.
Hər
barlı bağçaya, hər əlvan bağa,
Hər
dolu sünbülə, hər yaşıl tağa,
Çəmənə,
çiçəyə, ota, yarpağa,
Günəşə, torpağa borcum var mənim.
Zirvədi,
ətəkdi, bənddi, bərədi,
Hər görüş cənnətdən bir mənzərədi.
Vurğunu
olduğum dağdı, dərədi,
Hər elə, oymağa borcum var mənim.
Haqqın
yaratdığı
rəngə, naxışa,
Buluda,
şimşəyə, mehə, yağışa,
Alovlu
ürəyə, odlu baxışa,
Nəğməli dodağa borcum var mənim.
Verdim öz
ömrümü hissə,
duyğuya,
Yaşadım
dünyanı mən
duya-duya.
Udduğum
havaya, içdiyim suya,
Öpdüyüm bulağa borcum var mənim.
Hər
söz bir mətləbə, mənaya bağlı,
Hər daş bir guşəyə, xanaya bağlı.
Allaha,
ataya, anaya bağlı,
Müqəddəs ocağa borcum var mənim.
NƏ YAXŞI
Bizim
gözümüzün qabağındadı,
İşıqda Allah var, Allahda işıq.
Allahı
işığa yaraşdırmışıq,
İşığı Allaha
yaraşdırmışıq.
Arzuda, xəyalda,
həqiqətdədir,
Varlığın ləzzəti, varlığın
dadı.
Göylərə
ucalmaq, yerlərə enmək,
Bizim ruhumuzun varlığındadı.
İşıqdan
güc alır hər nəfəsimiz,
Qayalar yarmağa inadımız var.
Allaha
yetişir uca səsimiz,
Nə yaxşı uçmağa qanadımız var.
ANA DÜNYA
Anamın
yanına gəlmişəm Allah,
Bircə gün anasız eyləmə məni.
Ömrümün
mənası varlığındadır,
Heç zaman mənasız eyləmə məni.
Zəhməti,
cəfanı, dözümü görrəm,
Qaşımı,
üzümü, gözümü görrəm,
Onun güzgüsündə
özümü görrəm,
Güzgüsüz, aynasız eyləmə məni.
O uca bir
dağdı, mən kiçik təpə,
O
coşqun dalğadı, mən həzin ləpə.
Anasız
ömürlər dəyməz bir çöpə,
Zərrəyəm,
dünyasız eyləmə
məni.
Zirvənin
ağı var saçın qarında,
Eşqin meyvəsi var bağça-bağında.
Üzmək
istəyirəm ağ sularında,
Damlayam, dəryasız eyləmə məni.
Oğul
ana üçün bəydi, paşadı,
Ananın
eşqiylə
oğul yaşadı.
Analı
ömürlər toy-tamaşadı,
Toysuz, tamaşasız eyləmə məni.
AMAN ALLAH,
DÜNYA NECƏ ŞİRİNDİ
Bu
dünyadan doymaq olmur, İlahi,
Aman Allah, dünya necə şirindi.
Fəsil
gözəl, həftə gözəl, ay gözəl,
Aman Allah, dünya necə şirindi.
Kim bəxtindən,
taleyindən yarıdı,
Kimin bəxti axıracan sarıdı.
Dünya
çiçək, insan oğlu arıdı,
Aman Allah, dünya necə şirindi.
Göylərə
bax, göyü günlü, yağışlı,
Yerlərə bax, yeri güllü, naxışlı.
Gözəlləri
tülək tərlan baxışlı,
Aman Allah, dünya necə şirindi.
Baxmaq
üçün bərəsi var, bəndi var,
Gəzmək
üçün
şəhəri var, kəndi var.
Şəkəri
var, pətəyi var, qəndi var,
Aman Allah, dünya necə şirindi.
Səsli
gələn səssiz ölmək istəmir,
Heç
bir canlı
ölüb itmək istəmir.
Hamı gəlir,
gələn getmək istəmir,
Aman Allah, dünya necə şirindi.
NƏ DEMƏKDİR
Çox
yeriyin, çox dolanın, çox gəzin,
Ot
basmasın cığırları, izləri.
Gur suları
darıxmağa qoymayın,
Yol çəkməsin bulaqların gözləri.
İnsan
oğlu, qoy əlini qarşına,
Dolan hər gün doğma yurdun başına.
Güvənəndə
torpağına, daşına,
Yerə gəlməz pəhləvanın dizləri.
Yüz nədir
ki, yüz əllini
haqlayın,
Gözəlliyi
göz
üstündə saxlayın.
Ən
müqəddəs ocaq kimi qoxlayın,
Çiçəkləri, çəmənləri,
düzləri.
Gah
ağlarsız, gah göz yaşın silərsiz,
Gündə yüz yol dirilərsiz, ölərsiz.
Susuz
qalıb susayanda bilərsiz,
Nə deməkdir Zəlimxanın sözləri.
DAĞ OLMAĞIN
ŞAN-ŞÖHRƏTİ
Dağlarındı bu dərəlik, bu
dağlıq,
Dağlarındı bu sağlamlıq, bu
sağlıq.
Dağlarındı
yüksəklərdə bu ağlıq,
Dağ olmağın şan-şöhrəti
başqadı.
Yazda
qaçar çiçəklərin dodağı,
Çiçək açar gözəllərin
yanağı.
Yayda gələr,
sayagəlməz qonağı,
Dağ olmağın səxavəti başqadı.
Ətəyində
çökəklik var, tala var,
Zirvəsində əlyetişməz qala var.
Hər
daş altda bir canlı var, bala var,
Dağ olmağın təravəti başqadı.
Dizlər
üçün qüvvəti var, heyi var,
Gözlər üçün min naxışlı
göyü var.
Bulaqların
nəğməsi var, neyi var,
Dağ olmağın əzəməti başqadı.
Torpağında
dürlü-dürlü halı var,
Yaşılı
var, sarısı var, alı var.
Süfrəsində
qaymağı var, balı var,
Dağ olmağın ziyafəti başqadı.
Qorxusu yox
nə borandan,
nə yeldən,
Qorxusu yox
nə
yağışdan, nə seldən.
Ucadadı
hər obadan, hər eldən,
Dağ olmağın güc-qüvvəti başqadı.
Dastan
bağla, əsər yarat, kitab yaz,
Dağlar
üçün hər nə desən azdı, az.
Həm məclisdi,
həm söhbətdi, həm də saz,
Dağ olmağın şeiriyyəti başqadı.
İNDİ
Öldürdüm
özümü
öz içərimdə,
Özüm öz canıma bir qəsdəm indi.
Nədən
danışıram qırılır sözüm,
Sağlam ola-ola şikəstəm indi.
Göz
var, ondan ötrü
ocaq olmuşam,
Göz
var, ondan ötrü
bıçaq olmuşam.
Çətin
ağrılara calaq olmuşam,
Dərmansız
dərdlərə
peyvəstəm indi.
Qanlı
kəfənimi özüm biçmişəm,
Sualı,
Sıratı
çoxdan keçmişəm.
Dərdin
şərabını
elə içmişəm,
Şərab içənlərdən çox məstəm
indi.
GƏTİRİN
Ölüm
ayağında dirildin məni,
Çəmənin ətrini gətirin mənə.
Qoy
aşıq oxusun, qul Ələsgərin
Bir neçə sətrini gətirin mənə.
Zirvəsi
ucadı, dərəsi dərin,
Sevgisi istidi, suları sərin.
Yaşıl
yaylaqların, göy meşələrin
Kölgəlik çətrini gətirin mənə.
Uzaqdan,
yaxından alım səsini,
Eşidim zilini, duyum pəsini.
Ana təbiətin
hər müjdəsini,
Tükənməz xətrini gətirin mənə.
BULAQ
Elə
bulaq dedim, bulaq eşitdim,
Nə var bu dünyada bulaqdan gözəl.
Axdı
ürəyimə, axdı qəlbimə,
Yaxından yanğılı, uzaqdan gözəl.
Dərdləri,
qəmləri vurdum, taladım,
Ömrümə-günümə
ömür caladım.
Bulaq kənarında
ocaq qaladım,
Odlu duyğularım ocaqdan gözəl.
Yerlərə,
göylərə
vurulur insan,
Saattək təzədən qurulur insan.
Sulara
baxanda durulur insan,
Olur ləldən gözəl, dodaqdan gözəl.
Hər dərddən,
xəbərdən, hər sirdən agah,
Sökülür
dan yeri, açılır sabah.
Ana təbiətin
nəyi var, Allah,
Bu sudan, havadan, torpaqdan gözəl.
YAZILMALIDIR
Nəsillər
dəyişir, fəsillər ötür,
Qış getdi, dalınca yaz olmalıdır.
Bulaqlar
başına çıxanlar bilər,
Harda söhbət düşüb, saz olmalıdır.
Ətrini
yaydıqca yazın çiçəyi,
Artır düşüncənin, sözün
çiçəyi.
Çiçəyin
nazı var, nazın çiçəyi,
Çiçək olan yerdə naz olmalıdır.
Çox-çox
yazıları pozuram indi,
Ölüb getməyə də hazıram indi.
Tale
şeirləri yazıram indi,
Çox şeylər təzədən
yazılmalıdır.
GÖRƏSƏN
Ömrün
axırına nə qalıb görən,
Ömrü ömür kimi sürəcəyəmmi?
Ətirli çöllərin çıxıb qoynuna,
Yazda çiçəkləri dərəcəyəmmi?
Dünyaya dağılan şeirlərimi,
Ucalıb dağ olan şeirlərimi,
Təzəcə doğulan şeirlərimi,
Qəlbin süfrəsinə sərəcəyəmmi?
Qalmayıb dizimdə taqətim, heyim,
Susub birdəfəlik kamanım, neyim.
Bu gün-sabahlıqdı bəlkə taleyim,
Görəsən sabahı görəcəyəmmi?
QOCA DAĞ
Ay qoca dağ, gəldim sənə baş çəkim,
Sevincimi qəm eyləmə, sən Allah.
Kövrəlirəm
səni tutqun görəndə,
Üz-gözünü nəm eyləmə, sən Allah.
Fikir
çəkim, duman çəkim, çən çəkim,
Qayğıları tən daşıyım, tən
çəkim.
Nə dərdin
var, qoy çoxunu mən çəkim,
Sən kefini kəm eyləmə, sən Allah.
Yaxşı
qoru mərd duruşu, şaxlığı,
Gözəl
olur qocalığın
şuxluğu.
Bu vətəni,
bu bolluğu, toxluğu,
İtə-qurda yem eyləmə, sən Allah.
XATİRƏ QALSIN
Gözümüz nəyi görür,
Yazın, xatirə qalsın.
Bir
sözü min bir yerə,
Yozun, xatirə qalsın.
Baxın
torpağa, daşa,
Bu dünya bir tamaşa.
Dünyanı
başdan-başa,
Gəzin,
xatirə
qalsın.
Vurun şirin xalları,
Geniş açın qolları.
Yorun uzaq yolları,
Azın, xatirə qalsın.
Dodaqda oynasın səs,
Ömür keçməsin əbəs.
Dünyada bir müqəddəs,
Həzin xatirə qalsın.
MƏN
SƏNİ GÖRƏNDƏ
“Mən səni ilk dəfə görəndə
saçların qapqaraydı.
Bu saç-saqqalı nə tez ağartdın,
ay oğul.”
Həmayıl xanımın dediklərindən
Mən səni ilk görəndə
qapqaraydı saçların,
Qızılından bahaydı
şahlar qoyan tacların.
Ən
şirin meyvəsiydin
bar verən
ağacların,
İndi hanı o saçlar?
Hanı qapqara qaşlar?
Mən səni
ilk görəndə
üzdə qırış yoxuydu,
Qocalıq
yollarında
bir
çağırış yoxuydu.
Tutqun
payız yoxuydu,
boranlı qış yoxuydu,
İndi hanı şahlığın?
Hanı o gümrahlığın?
Mən səni
ilk görəndə
bulaqlardan
duruydun,
Alovlu baxışların
atəşiydin, nuruydun.
Düzlərin bərəkəti,
dağların qüruruydun,
Heyif o heyranlığa,
Heyif o cavanlığa.
Gənclik dönüb gələydi
nola bircə anlığa.
Mən səni ilk görəndə
əldə əsmə yoxuydu,
Ürəkdə bir titrəyiş,
bir tələsmə yoxuydu.
Ağrı özü yoxuydu,
ağrıkəsmə
yoxuydu,
Sağlam
bir an varıydı,
Ruhda,
gözdə, fikirdə,
bir həyəcan
varıydı.
İndi səni
görürəm
qartalmış qoca kimi,
İndi səni
görürəm
tüstüsüz baca kimi.
İndi səni
görürəm
xocasız xoca kimi.
Xocasan, xocan hanı?
Yanar odun,
alovun
tüstülü bacan hanı?
Səni
görmək istərəm
ucalan
bir dağ kimi,
Səni
görmək istərəm
qızılı bir çağ kimi,
Səni
görmək istərəm
millətə bayraq kimi.
Sənin
bu ağ
saçların
səni
bizdən almasın,
Cavan saxla
ürəyi,
ürəyin qocalmasın!
Zəlimxan Yaqubu
525-ci qəzet.- 2013.- 21 sentyabr.- S.28-29.