“Xalq Əmanəti”nin daha bir təntənəsi
– bu dəfə Nizami Yurdunda
Azərbaycan ədəbiyyatı və
incəsənətinin təbliğinə
yönələn “Xalq
Əmanəti” layihəsi
çərçivəsində son illərdə ardıcıl olaraq bir sıra uğurlu
tədbirlər həyata
keçirmiş
Xalq Bank bu silsilədən növbəti
– 9-cu nəşrin təqdimatını
sentyabrın 18-də Gəncədə
gerçəkləşdirdi. Həmin gün Xalq Bankın “Gəncə” filialında həyat və yaradıcılıqları Nizami
Yurdu ilə bağlı olan beş sənətkara – rəssamlar Rza Məmmədov (1918-1994), Xalidə
Səfərova (1926-2005), Gennadiy
Brijatyuk (1935-2008), Fazil
Əliyev (1947-1993) və
heykəltəraş Qorxmaz
Sücəddinova (1932-2010) həsr
edilmiş bədii albomun təqdimatı keçirildi.
Mədəniyyətimizin zənginləşməsinə, inkişafına böyük
töhfələr vermiş,
incəsənətimizin tərəqqisi
naminə mühüm
xidmətlər göstərmiş
bu görkəmli sənətkarların yaradıcılığı
xalqımızın tarixi
və milli mədəni irsi ilə qırılmaz tellərlə bağlıdır. Onların yaratdıqları
dəyərli əsərlər
hazırda şəxsi
kolleksiyalarda, dünyanın
müxtəlif qalereya
və muzeylərində
layiqli yerlər tutmaqdadır. “Xalq Əmanəti” silsiləsindən
təqdim olunan “Gəncə rəssamları”
adlı bədii albomda R.Məmmədov, X.Səfərova, G.Brijatyuk,
F.Əliyev və Q.Sücəddinovun müxtəlif
illərdə yaratdıqları
misilsiz sənət nümunələri, onların
gündəliklərindən parçalar, eskizlər və digər maraqlı məlumatlar öz əksini tapıb.
Diqqətəlayiq hadisədir ki, albomun təqdimatının
keçirildiyi Xalq Bankın “Gəncə” filialının yeni binasının bədii qalereyası bundan sonra daim fəaliyyət
göstərəcək və
burada Azərbaycan sənətkarlarının əsərləri
sərgilənəcək. Açılış
günündə Gəncənin
beş sənətkarının
müxtəlif muzeylərdən
və şəxsi kolleksiyalardan toplanmış
əsərlərinin sərgisi
təşkil olunmuşdu.
Maraqlı və önəmli
məqamlardan biri də budur ki,
sərgi üçün
heykəltəraş Qorxmaz
Sücəddinovun səkkiz
əsəri uzaq xaricdən doğma yurda gətirilmişdi.
Bu əlamətdar hadisə münasibətilə,
“Xalq Əmanəti” üzrə növbəti nəşrin təqdimatında
və sözügedən
sərginin açılış
mərasimində
iştirak üçün,
Azərbaycan Rəssamlar
İttifaqının sədri
Fərhad Xəlilov başda olmaqla, ölkənin adlı-sanlı
rəssamlarından, heykəltəraşlarından
ibarət geniş bir heyətin Gəncəyə səfəri
təşkil edilmişdi.
Tədbirin aparıcısı – tanınmış telejurnalist
Yusif Günaydın öncə şəhər rəhbərliyinin
və yerli ictimaiyyət nümayəndələrinin
timsalında gəncəliləri
salamladı, Nizami yurdunda belə bir mühüm mərasimə qatılmağın
hər kəsdə fərəh hissi doğurduğuna əminliyini
vurğuladı. “Xalq Əmanəti” layihəsinin əhəmiyyətini
xüsusi qeyd edən Y.Günaydın bu layihə çərçivəsində həyata keçirilən
tədbirlərin Azərbaycan
mədəniyyətinin təbliği
işinə qiymətli
töhfələr olduğunu
bildirdi. O, layihə
üzrə bu növbəti tədbirin Gəncədə keçirilməsini
“Xalq Əmanəti”nin, bölgələr
də daxil olmaqla, artıq bütövlükdə Azərbaycanı
əhatə etməsinin
bariz təzahürü
kimi səciyyələndirdi.
Xalq Bankın Müşahidə Şurasının
sədri Asim Məmmədli öz çıxışında Azərbaycanda
ölkə rəhbərliyinin
iradəsi ilə nail olunan yüksək sosial-iqtisadi inkişafın,
böyük quruculuq işlərinin Gəncədə
də hərtərəfli
şəkildə özünü
göstərdiyini önə
çəkdi. Bu şəhərin
Azərbaycanın mədəni
həyatında da xüsusi yer tutduğunu deyərək,
“Xalq Əmanəti” layihəsi çərçivəsində
növbəti tədbirin
Gəncədə təşkilinin
sevindirici hal olduğunu bildirdi.Gəncə
şəhər
İcra Hakimiyyətinin
başçısı Elmar
Vəliyev Azərbaycanın
dəyərli sənət
adamları ilə görüşdən, belə bir tədbirdə iştirakdan
duyduğu məmnunluğu
dilə gətirdi. Şəhərdə mədəniyyət, incəsənət və ədəbiyyatla bağlı
keçirilən tədbirlər,
yubiley mərasimləri,
eləcə də nəzərdə tutulan digər mədəni hadisələr barədə
danışan E.Vəliyev
ölkə rəhbərliyinin
bu sahəyə göstərdiyi diqqət və qayğının Gəncədə də layiqincə öz əksini tapmasına çalışdıqlarını qeyd etdi.
Azərbaycan Rəssamlar İttifaqının
sədri Fərhad Xəlilov “Xalq Əmanəti” layihəsi üzrə görülən
işləri, gerçəkləşdirilən
tədbirləri yüksək
dəyərləndirərək, bu mərasimin də onların uğurlu davamı, eyni zamanda gəncəli
sənətkarlara ehtiram
nümunəsi olduğunu
diqqətə çatdırdı:
“Mən bu gözəl təşəbbüsün,
uğurlu layihənin davam etdirilməsini arzulayıram. Çünki “Xalq Əmanəti”
layihəsi Azərbaycan
mədəniyyətinin, incəsənətinin,
xüsusən rəssamlıq
sənətimizin həm
gələcək nəsillərə,
həm də bütün dünyaya çatdırılması baxımından
böyük əhəmiyyətə
malikdir. Ustad sənətkarlara,
əsl istedad sahiblərinə layiqincə
qiymət verilən bu layihənin indi də Gəncənin
sənət mühitini,
bu qədim şəhərlə bağlı
olan rəssamları əhatə etməsi çox mühüm hadisədir”.
Albomda və sərgidə yaradıcılığına
yer verilən rəssamlardan Rza Məmmədovun və Fazil Əliyevin ailə üzvləri söz alaraq, sənətə, sənətkarlara göstərilən
bu diqqətə görə minnətdarlıq
etdilər.
Mərasimin sonunda ekspozisiya baxış keçirildi, iştirakçılar sərgiyə çıxarılan əsərlərlə tanış oldular.
Xatırladaq ki, “Xalq Əmanəti” layıhəsi milli mədəni irsin qorunub gələcək nəsillərə çatdırılması, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədi ilə Xalq Bank tərəfindən 2010-cu ildə yaradılıb. Üç il ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova və Mahmud Tağıyevin əsərlərindən ibarət bədii albomlar nəşr edilib. Həmçinin Xalq şairləri Məmməd Arazın, Hüseyn Arifin, eləcə də ədəbiyyatımızın, poeziyamızın unudulmaz nümayəndəsi Mikayıl Müşfiqin seçilmiş əsərləri və görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı çap olunub. Bu seriyadan olan nəşrlər hədiyyə üçündür, kitablar üç dildə – azərbaycanca, ingiliscə və rusca işıq üzü görür. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evlərinə və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Layihə Azərbaycan mədəniyyətinin parlaq simalarının yaradıcılığına müraciət olunması və onların təbliği baxımından mədəni ictimaiyyətin, sənətsevərlərin dərin rəğbətini qazanıb. Nəşr olunan kitabların yüksək bədii dəyəri və nəfis tərtibatı onların istənilən kitab rəfində layiqli yerlər tutacağına əminlik yaradır.
Gəncə sənətkarlarının əsərlərindən ibarət sərgi Xalq Bankın Gəncə şəhəri, Zərrabi küçəsi 4, ünvanda yerləşən “Gəncə” filialında sentyabrın 19-dan dekabrın 20-dək fəaliyyət göstərəcək. Sərgini iş günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri saat 10:00-dan 16:00-dək ziyarət etmək mümkündür. Ekspozisiyaya giriş sərbəstdir.
S.SƏFƏROV
525-ci qəzet.-
2013.- 21 sentyabr.- S.20.