Bakı və Azərbaycan tarixinə dair əsərlər
(1918-1919)
M.Ə.Rəsulzadənin
oxuculara təqdim etdiyimiz bu kitabına onun Bakı və Azərbaycan
tarixi ilə əlaqədar Cümhuriyyətin
varlığının ilk ilində yazdığı əsərləri
daxil edilmişdir. Onlardan biri Bakı
hələ azad edilməmişdən, 1918-ci ilin
sentyabrından əvvəl İstanbulda nəşr olunan “Tərcümani-həqiqət”
qəzetində Bakı ilə əlaqədar verdiyi bəyanat,
1918-ci il noyabrın əvvəllərində İstanbuldan vətənə
döndükdən sonra, 1918-ci il dekabrın 2-dən
başlayaraq “Azərbaycan” qəzetində “Azərbaycan
paytaxtı” sərlövhəsi ilə dərc olunan elmi
araşdırmaları, habelə müstəqil dövlətimizin
Azərbaycan adlanması ilə əlaqədar İran
iddialarına cavab olaraq yazdığı “İran və biz”,
“Azərbaycan və İran”, “İran – Azərbaycan” sərlövhəli
məqalələri, həmçinin Cümhuriyyətin bir
illiyi ilə əlaqədar “İstiqlal” məcmuəsində dərc
olunmuş “Azərbaycan Cümhuriyyəti” adlı əsəri
daxil edilmişdir. Zənnimizcə, oxucular
üçün faydalı olacaqdır.
Araşdırıb
toplayanı, ərəb
əlifbasından latın qrafikasına çevirəni,
ön sözün müəllifi, lüğətin tərtibçisi:
Şirməmməd Hüseynov
Transliterasiyanın
redaktorları: professor Şamil Vəliyev, elmi işçi
Samir Xalidoğlu (Mirzəyev)
Redaktor:
filologiya üzrə fəlsəfə doktoru Aygün
Əzimova.
Ön
söz
Milli müstəqillik, milli paytaxt, milli bayraq, milli
dövlət xalqların arzu etdikləri və nail olmaq istədikləri
ən böyük və müqəddəs nemətdir. 1923-cü ildə
M.Ə.Rəsulzadənin İstanbulda “Azərbaycan Cümhuriyyəti”
kitabı işıq üzü görmüşdür.
Bu nəşr ilə Türkiyə Cümhuriyyətinin qurucusu
Mustafa Kamal Paşa da tanış
olmuşdur. O demişdir: “Mən dünyaya səndən
üç sənə erkən göz açmışam,
ancaq bütün türk aləmində Türkün istiqlal
bayrağını sən qaldırmısan və bayraq enməsin
deyə mən sənin əlindən alıb Türkiyə
üzərində dalğalandırmışam. Enməzdemisən bu bayraq, enməyəcəkdir!”
Məlumdur ki, 1918-ci il mayın 28-də
Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin
yaradıldığı elan edilmişdi. Müstəqilliyin
elanı əgər millətin əksəriyyəti tərəfindən
rəğbətlə qarşılanmışdısa, onun əleyhinə
çıxanlar da az olmamışdı. Xüsusilə, Bakıda hakimiyyəti ələ
keçirmiş bolşevik-daşnaq güruhi, ona qoşulan
bolşevik hümmətçilər, şovinist ruslar, həmçinin
İran rəsmiləri bu tarixi aktı qəbul etmək istəmirdilər.
M.Ə.Rəsulzadənin yazdığı kimi
“Azərbaycan istiqlalının düşmənləri
dostlarından çox idi. Türk olmayan
bütün rus firqələri və rus təmayülündə
olan digər xristian firqələr bu fikrə tamamilə əks
idilər. Rus burjua firqələri Bakı sərvətindən
əl çəkmək fikrilə heç bir növlə
ülfət edə bilmirdilər” “Azərbaycan” qəzetinin
Bakıda nəşr olunmağa başlayan 3 oktyabr tarixli 5-ci
nömrəsində “Bakı məsələsinə dair
mülaqat” sərlövhəli bir yazı dərc
edilmişdir. Məqalədə oxuyuruq: “Bakı
alınmamışdan əqdəm bizim bədxahlarımız
tərəfindən Bakını Azərbaycandan ayırmaq
üçün cürbəcür vasitələr,
dürlü-dürlü hiylələr aranıyordu”.
Tiflis
saxta sosialist vərəqələri və erməni qəzetləri
“Bakı Azərbaycanın olmuyub “sərbəst” şəhər
(volnı qorod) olsun şüarını təbliğ edirdilər.
Avropa siyasi dairələrinin diqqətini də Bakı məsələsinə
cəlb etmək istəyirdilər. Həmin məsələ
xüsusunda İstanbulda nəşr edilən “Tərcümani-həqiqət”
qəzetəsi mühərrirlərindən birini İstanbulda
olan Azərbaycan nümayəndə heyətinin sədri
M.Ə.Rəsulzadənin yanına göndərmiş, ondan bəyanat
istəmişdi. Biz həmin bəyanatı
da kitabçaya daxil etmişik. “Bakı Azərbaycanın,
Azərbaycan da Bakınındır. Bakını Azərbaycandan
ayırmaq istəyən kim olursa-olsun Azərbaycanın
həyatına qəsd etmişdir. Bakısız
Azərbaycan təsəvvür olunamaz” – M.Ə.Rəsulzadənin
hökmü belə idi. Hətta M.Ə.Rəsulzadənin
təəssüflə yazdığı kimi “müsəlman
sosialistlərin ələmdarı bulunan “Hümmət” firqəsi
başda doktor Nəriman olmaq üzrə Azərbaycan muxtariyyətinin
ən güclü düşməni (ədüvv-canı) idilər.
“Hümmət”ə görə guya
istiqlalçılar milləti fəlakətə çəkir”.
Azərbaycan fikri türklük iddiaları xəlqin
degil, bir takım burjuapərəst “boşboğaz”ların
imiş. Müsəlmanların mənfəəti
“qırmızı əmələ bayrağının”
altına toplanmaq və “Rusiya demokratiyasından ayrılmamaq
imiş”. İslamçıların nəzərində
də müsavatçılar həqsiz idilər. O
zamankı “Rusiyada müsəlmanlıq” istiqlal tərəfdarlarını
təfriqəçilikdə, milləti-islamı parça-parça
eləməkdə ittiham edirdilər. Fəqət
müsavatçılar bütün bu hücumlara,
bütün bu ittihamlara rəğmən: “Yaşasın Azərbaycan!”
deyirdilər. Məlumdur ki, 1918-ci il avqustun
27-də Almaniya ilə Sovet Rusiyası arasında Türkiyədən
gizli bir saziş imzalanmışdı.
Onun 6-cı fəsli Qafqaza aid idi. Saziş ilk
növbədə Azərbaycan Cümhuriyyətinin ərazi
bütövlüyünə qarşı yönəlmişdi.
Belə ki, Almaniya Bakının Sovet Rusiyası tərkibində
qalmasının tərəfdarı idi. Bir şərtlə ki,
Rusiya hər ay çıxarılan neftin dörddə
bir hissəsini
Almaniyaya versin. İstanbul mətbuatında bu
gizli saziş barədə məlumat verildi. Sentyabrın
1-də İstanbulda olan Azərbaycan nümayəndə heyətinin
başçısı M.Ə.Rəsulzadə Azərbaycan
xarici işlər naziri M.H.Hacınskiyə bu barədə
xüsusi məktub göndərmişdi. Orada deyilirdi: “Berlindən
alınan məlumatlara görə bolşeviklərlə
Almaniya arasında əlavə müqavilə
imzalanmışdır. Qafqaz dövlətlərindən
bolşeviklər yalnız Gürcüstanın müstəqilliyini
tanımışlar və almanlar isə Bakıda
çıxarılan neftin bir hissəsini almaq müqabilində
Bakını və onun neft rayonlarını özündə
saxlamaq arzularına etiraz etməmişlər. Bu xəbər hamımızı sarsıtdı, qəzetlər
onu hiddətlə çap edir. Tələt
Paşa Berlinə getməyə hazırlaşır. Necə olursa olsun Bakını almaq, almaq və almaq
lazımdır” (Bu barədə daha ətraflı bax. C.Həsənli “Azərbaycan Xalq Cümhuriyyətinin
xarici siyasəti (1918-1920)” B., 2009, səh.152-155). Sentyabrın 12-də İstanbulda olan Azərbaycan
nümayəndələri Almaniya səfirliyinə Azərbaycan
hökumətinin etiraz notasını təqdim etdilər.
Nota həmçinin bitərəf ölkələrin
də nümayəndələrinə verildi. M.Ə.Rəsulzadənin imzası ilə hökumət
adından verilən bu notada Bakının tarixi, coğrafi,
etnoqrafik və iqtisadi cəhətdən Azərbaycanın
ayrılmaz tərkib hissəsi, paytaxtı olduğunu geniş
şərh edilirdi. M.Ə.Rəsulzadənin
təqdim etdiyimiz “Azərbaycan paytaxtı” sərlövhəli
əsəri də məhz bu münasibətlə qələmə
alınmışdır.
1918-ci il noyabrın 7-də M.Ə.Rəsulzadə
İstanbuldan Bakıya qayıtdıqdan sonra müstəqil Azərbaycana
qarşı təxribatların hələ də davam etdiyi bir
şəraitdə İstanbulda yazmağa
başladığı tədqiqatlarını “Azərbaycan” qəzetində
dərc etdirməyə başlayır. Bu tədqiqatlar
“Bakının tarixi” əsərinin müəllifi görkəmli
tarixçi alim Sara xanım Aşurbəylinin qeyd etdiyi kimi bu
sahədə “ilk təşəbbüs” idi.
1918-ci il
noyabrın 8-də “Azərbaycan” qəzeti oxuculara xatırladırdı
ki, İstanbulda olan M.Ə.Rəsulzadənin
başçılıq etdiyi Azərbaycan nümayəndə
heyəti Bakıya gəlmişdir. Bu xəbərdə
onlarla birlikdə Əhməd bəy Ağayevin də
Bakıya gəldiyi bildirilirdi. Maraqlıdır ki,
noyabrın 10-da “Azərbaycan” qəzeti M.Ə.Rəsulzadə
və Ə.Ağayevin vətənə qayıtması ilə
əlaqədar “Vətənimizin iki simayi-möhtərəmi”
sərlövhəli təqdimat səciyyəli iki maraqlı
yazı vermişdi. Bunlardan “Ağaoğlu
Əhməd bəy” sərlövhəli yazının müəllifi
Ü.Hacıbəyli, “Rəsulzadə Məhəmməd
Əmin” sərlövhəli ikinci yazının müəllifi
isə Xəlil İbrahim idi. Bu vaxta qədər
tədqiqatçılarımızın nəzərindən
yayınmış bu yazıları da kitabda verməyi
faydalı saydıq. Məlumdur ki, Bakı
Qafqaz İslam Ordusu tərəfindən azad edildikdən sonra
da Bakını və Abşeronu Rusiyanın tərkib hissəsi
hesab edənlər də vardı. 1918-ci il
noyabrın 17-də ingilis hərbi hissələri ilə
İranın Ənzəli şəhərindən Bakıya gələn
ağqvardiyaçı general Biçeraxovun təyyarəsi
şəhər üzərinə xüsusi vərəqlər
tökmüş və Bakını Rusiya şəhəri
elan etmişdi. Rusların və erməni fəhlələrinin
çoxluq təşkil etdikləri Bakı Fəhlə
Konfransı Azərbaycan hökumətini
tanımadığı barədə qətnamə qəbul
etmişdi. İran rəsmi dairələri
isə müstəqil Azərbaycanı tanımamaq siyasətində
israr edirdilər. M.Ə.Rəsulzadə
onların da iddialarının əsassız olduğunu tarixi dəlillərlə
sübut edirdi.
Aparılan çox böyük tarixi və elmi dəlillər
öz nəticəsini də verirdi. Məsələn, Azərbaycan
istiqlalının və Bakının Azərbaycan paytaxtı
olmasının ən böyük düşmənləri
sayılan ermənilər 1919-cu il
yanvarın sonunda Azərbaycan hökumətinə rəsmi
müraciət etmiş, hökumət və parlamentin fəaliyyətində
iştirak etmək arzusunda olduqlarını bildirmişdilər.
“Azərbaycan”
qəzeti 1919-cu il yanvarın 31-də
(102-ci nömrədə) belə bir xəbər dərc
etmişdi: “Ermənilər Azərbaycan hökumət və
parlamanında”. Burada deyilirdi: “Bakı erməni milli komitəsi
rəisi-vükəla həzrətlərinə bir məktub
yazaraq ermənilərin Azərbaycan hökumət və
parlamanına daxil olmaq istədiklərini bildirmişdir”. Kitaba M.Ə.Rəsulzadənin Cümhuriyyətin bir
illiyi ilə əlaqədar nəşr olunmuş “İstiqlal”
məcmuəsindən onun “Azərbaycan Cümhuriyyəti” əsərini
də oxuculara təqdim edirik. Bu əsərlər zənnimizcə
Cümhuriyyət dövrü və bütövlükdə Azərbaycan
tarixi ilə məşğul olanlar və bu məsələlərlə
maraqlananlar üçün faydalı ola
bilər. Onu da deyim ki, bu məqalələr
M.Ə.Rəsulzadənin əsərlərinin 5-ci cildinə də
daxil ediləcəkdir.
Məhəmməd
Əmin Rəsulzadə
Xan
Sarayının təslimi
Xan sarayının “Asari-Ətiqə
cəmiyyəti” tərəfindən təhvil alınması və
bu münasibətlə şəhərdə böyük bir təntənəli
nümayiş qurulduğu dünki nömrəmizdə təsvir
edilərək nitqlərin təfsilatını bu günə
buraxmışdıq. Şimdi “AsariƏtiqə” cəmiyyətinin
bir təşəbbüsü halından çıxaraq cəmaətin
hərəkət və əhvali-ruhiyyəsinin təsirilə
böyük bir milli bayram surəti almış bu
nümayişdə irad edilmiş olan nitqlərdən bəzi
mühümlərini müxtəsər dərc ediyoruz:
Məhəmməd
Əmin Rəsulzadə əfəndinin nitqləri:
1. Xan sarayı həyətində:
Millətdaşlar, inqilab sayəsində biz azad
olduğumuz kibi bizim sabiqki hürriyyətimizə bir
nişangah olan bu bina da azad oldu. Mütəxəssislər
yüz illik əsarətindən sonra xilas olan bu binada sənətkaranə
incəliklər buluyorlar. Fəqət bu
gördügümüz şey mədəniyyəti-islamiyyə
dəryasından alınmış kiçicik bir qətrədir.
Bu bir güldür. İslam
mədəniyyəti bustani-nəqqaşəsindən dərilmə
soluq bir yapraqdır. Cəmaət, islam
mədəniyyəti nədir? O, islamla müşərrəf
olan millətlərin yetişdirmiş olduğu dahilər, tərbiyə
elədigi ərbabi-sənət və fənnin toplamış
olduqları bir güldəstədir. Qərnətə, Qərtəbə,
Bağdad, Buxara, Səmərqənd kibi baxçalardan dərilən
güllərdən ibarət olan bu güldəstəyə ərəblər
– İbn Rüşd, İbn Xəldun kibi, farslar Əbülfərəc
Zəməxşəri kibi, türklər də Fərabi,
İbn Sina, Uluğ bəylər kibi çiçəklər
bağışlamışlardır.İslam mədəniyyətinin
süqutu ilə islam hökumətlərinin süqutu
arasında bir münasibət vardır. Mədəniyyəti-islamiyyə
ümumi degil idi. Elm, fənn, sənət
və ədəbiyyat salonlara, böyük məhfillərə,
xəlifə, soltan və əmirlərə yaxın dairələrə
məxsus idi. Yalnız mədəniyyət
degil, bununla mütənasib olaraq hakimiyyət də millətdə
degil, sinfi-mümtazda, məhdud əllərdə idi. Bu bilxassə ərəb olmayan millətlərə təsir
ediyordu. Türklər islam ülum və
fünununa aləmcə məşhur böyük dahilər bəxş
etmişkən, öz millətlərinə heç bir şey
verə bilməmişlərdi. Çünki ərəbcə
yazmış, farsca nəzm söyləmiş, ərəbləşmiş,
farslaşmış və son zamanlarda isə
ruslaşmışlardı. Millət ilə
üləması arasında irtibat yox idi. Elm,
fənn və ədəbiyyat milli degil idi. Bunun üçün hökumət də milli və
ümumi degil idi. İştə,
görüyorsunuz müəlləq istiqlalımızdan bizə
ancaq bir Xan sarayı qalmış. Bu saray
bizə göstəriyor ki, biz keçmişə malik bir millətiz.
Fəqət hala ərəbcə və rusca
söyləmək məcburiyyətində olan halımız
bizə göstərməlidir ki, istiqbalı hənuz xətərlər
içində bulunan bir millətiz. Əgər
istiyorsan ki, muxtariyyətimiz əlimizə gəlsin, əgər
istiyorsan ki, asari-ətiqəmiz daima özümüzdə
qalsın, o zaman çalışmalıyız ki, hakimiyyət
xanlara məxsus olmayıb ümummillətə keçsin, elm,
fənn, bilik dəxi kahinlərin, mollaların mülki-məxsusi
olmayıb ümumiləşsin. Bu isə
yalnız türkləşmək və milliləşməklə
olur. Yaşasın milli muxtariyyət, yaşasın
türklük! (Alqışlar). İştə,
cəmaət, bən sizi və bugünki təntənənin
sahibi olan “Asari-Ətiqə” cəmiyyətini təbrik edərək
diyoram: bayramınız mübarək olsun, çünki bu
gün böyük ibtidaların ibtidasıdır!
(Gurultulu alqışlar).
2. Tazə
Pir həyətində birinci dəfə:
Millətdaşlar!
Siz bu gün şəhərimizdə
böyük bir şənligə səbəb olan binanı
gördünüz. Ondan daha böyük, daha ehtişamlı binalar
şəhərimizdə çoxdur. “İsmailiyyə”
binasının yanında o nədir ki!.. Əcəba, bizi oraya götürən nə idi?
Şübhəsiz ki, o daşlar degil, o daşlardakı
məna idi. Burada sizə bir həqiqət ərz
etmək istiyorum. Vəqtilə şəhər
idarəsi canişinə müraciət edib istəmişdi ki,
Xan sarayını onun təhvilinə versinlər, tainki orada
muzey düzəltsinlər, buna icazə verilmədi. Bu məsələ
sərdar divanxanasında müzakirə edildigi zaman
istibdadın ərkanlarından (məşhurdur) biri demişdi
ki: “Xan sarayının qapısı açıla bilməz,
çünki o açılarsa Bakı müsəlman şəhəridir,
cəmaət gedər görər, keçmişi yadına
düşər, oyanar, həyəcanimilliyyəsi təhrik
olunar”. Görüyorsunuz ki, istibdad həyatimilliyyədən
nə qədər qorxuyordu. Bunu siz özünüz də
çox kərə idi böyük bir təntənə ilə
təslim olunan binanın yanından keçərkən örmüşsünüz
ki, oradakı qaravullar adamı süngü ilə qorxudurdular. Fəqət inqilabçı demokratiya hökuməti
hissiyyati-milliyyədən qorxmuyor. O yalnız asari-ətiqəni
degil, millətin qəsb olunmuş hüququnu belə
qaytarıyor. Demokratiya hökuməti açıq bir alın
ilə elan ediyor ki, “hər hanki millət nə cür istiyorsa
o cür öz işlərini aparsın, istiyorsa muxtar, istiyorsa
müstəqil olsun, hətta istiyorsa ayrılsın!”. İştə, aradakı fərq
(Alqışlar). Bunu biz bilməli, təqdir
etməliyiz. Bilməliyiz ki, hürriyyət
və inqilabçı demokratiyaya endirilən zərbə millətlərə
endirilmiş bir zərbədir. Əgər
istiyorsaq ki, Xan Sarayının əsirlikdən xilası bu millətin
əbədilikcə əsirlikdən xilasına həqiqi bir
ibtida təşkil eləsin, o zaman inqilabın, hürriyyətin
müdafiəsinə hazır olalım, dostumuzla düşmənlərimizi
tanıyalım. Yaşasın inqilab.
Var olsun demokratiya! (Alqışlar).
3. Tazə
Pirdə ikinci
dəfə:
Cəmaət!
Təkrar sizin hüzurunuza çıxmaqdan məqsədim
buradan getmədən əvvəl xatirimə gələn bir
nöqtəni sizə ərz eləməkdir. İmdi siz Xan Sarayından gəliyorsunuz. Gördünüz oradakı o bizim tazə əsarətdən
xilas olmuş binamızı. Gördünüz
ki,
saxsı qırıqlarına, süpürgə
töküntülərinə, bilməm nə anbarlarına təxsis
edilmiş yıxıqtökük bir saraya varis olmuşuz. Siz əgər
o möhnətdidə divarlara diqqətlə baxsaydınız
şadlığınızdan bir az
fariğ olub da Xan sarayındakı xizzəti görsəydiniz,
heç şübhəsiz ki, “sənə nə oldu bu günə
düşdün!” – deyə
sorardınız. Və əmin olunuz ki, o daşlar dilə gələr,
sizə deyərdilər ki: bənim əsirligimdə əsir
edənlərdən ziyadə təqsir bəni əsir verənlərdədir.
Kənardan gələn hücumlara qarşı
içəridə hökm sürməkdə olan xanlar birləşməgi
bilmədilər.
Bakı öz başına, digərləri də öz
başlarına hərəkət etdilər. Onlar ancaq
öz nəfslərini gördülər, xəlqi
düşünmədilər. Əvət,
biz o daşları, o bizə əsarətimizi təmsil edərək
daş halına gələn o binanı dindirsəydik bundan
başqa cavab alamazdıq. Bu cavabdan
alacağımız ibrət nədir? Bəlli: birləşməli,
ittifaq etməli. Xilasımızı, müdafiəmizi
başqalarından, ağalardan, varlılardan
gözləməməli, bütün millət
özünü qazanmaya, özünü saxlamaya hazır
olmalıdır. Bilməlidir ki, yalnız
ağaların, yalnız böyüklərin və yalnız
varlılar himməti ilə xilas olan millət həqiqi surətdə
xilas olamaz. Öz xilaskarlarına əsir
olar, böylə bir hal isə təkrar daşları
ağladar, dilə gətirər. Bu millət
muxtar olmalı, fəqət bilməlidir ki, millətin
işini ancaq millət özü görməlidir.
Bundan sonra tikdigi evləri xanlara degil, millətin
özünə məxsus olaraq tikməlidir. Bunun üçün də
lazımdır ki, millət ümumiyyət etibarilə fədakarlığa
hazırlaşsın. Var olsun fədakar millət! (Gurultulu alqışlar).
“Açıq
söz”, 25 dekabr 1917, ¹637
Bakı məsələsinə
dair mülaqat
Bakı alınmamışdan əqdəm bizim bədxahlarımız
tərəfindən Bakını Azərbaycandan ayırmaq
üçün cürbəcür vəsilələr,
dürlü-dürlü hiylələr aranıyordu. Bu xüsusda
Tiflis “məhafili” ən ciddi iqdamatda bulunur idi. Həmin “məhafildən” Bakı Azərbaycanı
olmuyub, “sərbəst” şəhər (volni qorod) olsun
şüarı dəxi çıxmış idi. Həmin şüara Tiflis saxta sosialist vərəqələri
və erməni qəzetləri rövnəq verib Avropa siyasi məhafilinin
diqqətlərini Bakı məsələsinə cəlb etmək
iddiasında bulunuyorlardı. Həmin məsələ
xüsusunda İstanbulda nəşr edilən “Tərcümani-həqiqət”
qəzetəsi mühərrirlərindən birini İstanbulda
Azərbaycan heyəti-mürəxxəsəsi rəisi Məhəmməd
Əmin Rəsulzadə əfəndilərinin nəzdinə
göndərib, bəyanat istəmişdir. Bakı alınmış isə də Məhəmməd
Əmin cənablarının bəyanatının əhəmiyyəti
itməmiş. Buna görə də onun bəyanatını
burada dərc ediriz.
Məhəmməd
Əmin bəy demişdir: Bolşeviklərlə azərbaycanlılar
arasında axıdılan qan yalnız Azərbaycan məqsədinin
hüsulunu təmin etmək şərtilə
dayandırıla bilər. Bunu biz səmim qəlb
ilə arzu ediriz. Çünki əfəndim,
Bakı Azərbaycanın, Azərbaycan da Bakınındır.
Bakını Azərbaycandan ayırmaq istəyən kim olursa Azərbaycanın həyatına qəsd
etmişdir. Bakısız Azərbaycan təsəvvür
olunamaz. Bakı tarixən də, halən də
bir türk şəhəri və müsəlman bələdəsidir.
İstiqbalən də öylə olaraq Azərbaycanın
paytaxtını təşkil edəcəkdir. Azərbaycan ismi belə ehtimal ki, Bakının petrol
ocaqlarından ol dünyanın uzaq guşələrindən kəndisinə
zairlər cəlb edən daim yanar təbii atəşlərindən
alınmışdır.
Azərbaycan bugünkü milli və mənəvi işığını dəxi Bakıdan alıyor. Burası Qafqaziya islamlarının mərkəzi-ürfanıdır. Azərbaycanın qabiliyyəti-həyatiyyəsini təmin edən vardatimühümmə buradan hasil oluyor. Burası məmləkətimizin yeganə limanıdır. Bakı Azərbaycanın qapısıdır. Bütün aləmin iştəhasını cəlb edən petrolu olmadığı zamanlar belə Bakı Şimali Azərbaycandan ötrü əhəmiyyəti-ticariyyəyə malik mühüm bir nöqtə təşkil edirdi. İndi dəxi o əhəmiyyəti haizdir. Bunların həpsinə bərabər Bakı, əksəriyyət nüfuz etibarı ilə müsəlmandır. Bakıda mövcud bulunan ərazinin, əmlakın, əfar və müstəqfatın qismi-küllisi müsəlmandadır. Ətrafında bulunan köylər tamamilə müsəlman köyləridir, azəri türkləridir. Xülasə, Türkiyə üçün İstanbul, Almaniya üçün Berlin, Rusiya üçün Moskva nə isə Azərbaycan üçün də Bakı ondan artıq olmasa da, odur. Bu o qədər aydın bir məsələdir ki, bunu məsələ olaraq ortaya qoymaq həqiqətən də mövcübi-heyrətdir. Bakı bolşeviklərinin – rus imperialistlərinin Qafqaziyadakı yardaqçılarının bu fikirdə olduqlarını, azərbaycanlıların haqlarını inkar üçün bu şəkli ilti16 zam etdiklərini bilirdik. Əksəriyyəti kimlərdən ibarət olduğu məlum bulunan Bakı bolşeviklərinin ingilislər tərəfindən dəxi müzahirat görərək bu yolda təhrikatda bulunduqlarını duymuşuq.
Fəqət Almaniya dövləti-fəximəsinin bu fikrə zahir və məhmi olacağını qətiyyən kəsdirəməzdik. Tiflis qəzetəsindən nəql etmiş olduğunuz xəbərdə mütləqa bir yanlışlıq olacaqdır.
Şübhəsiz ki, Bakı petrollarının aləmşümul bir əhəmiyyəti vardır. Əlbəttə ki, bu petrol məsələsi rusları da, Qafqaziyadakı məktəbləri də, Türkiyə ilə müttəfiqlərin də əlaqədar ediyor. Madam ki, Bakı ilə əlaqə petrola bağlı bir əlaqədir, demək ki, iqtisadi və ticari məsələ qarşısında bulunuyoruz. Bəhri-Xəzər kənarında bulunan Azərbaycan petrolu su yerində işlədəcək deyildir. Petrol Azərbaycanın ən böyük ixracatını təşkil edir. Şübhəsizdir ki, Azərbaycan əcnəbi sərmayəsindən istifadə edəcək və bu sərmayənin Bakı ərazisində tətbiqin dəxi hər dürlü vasitələrlə təshil və təminə çalışacaqdır. Petrolun əhəmiyyəti-beynəlmiləliyəsindən istifadə üçün Azərbaycan hökuməti ilə anlaşmaq və bağlaşmaq mümkün ikən qafanı bədəndən ayıracaq qədər qanlı tədabirə əcəba, nədən ehtiyac görülsün? İştə bunun üçün bu etiqaddayam ki, Tiflis qəzetələri ilə nəşr olunan şayiə qərini-həqiqət olmasa gərək. Çünki düşünüyoram: sərbəst bir şəhər elan etmək surət ilə təmini təsəvvür olunan fəvaidi-müştərəkə Azərbaycan hakimiyyəti təxtində dəxi təmin edildikdən sonra Almaniya diplomasisi əcəba, nə üçün Azərbaycan həyati-milliyyə və mənafeyihəyatlarına səbəbsiz bir surətdə qəsd etsin?!
“Azərbaycan”,
3 təşrini-əvvəl (oktyabr) 1918, ¹5
Bakı həqqində Azərbaycan hökumətinin notası
İstanbul qəzetələrində sentyabr ayı ortalarında Azərbaycan sülh heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə tərəfindən təqdim edilmiş və eyni zamanda surəti bitərəf və mərkəzi hökumətlər səfarətlərinə göndərilmiş bir nota dərc edilmişdir. Almaniya ilə Rusiya arasında əqd edilən əlavə müahidənamədə Bakının şura hökuməti əlində saxlanması həqqindəki maddəyə görə məzkur notada Azərbaycan hökumətinin Bakı şəhərinə tarixi bir həqqi olduğunu isbat etmək üçün şəhərin tarixi həqqində müfəssəl məlumat verilmişdir.
Bu tarixi hüquq coğrafi, iqtisadi və milli təsəvvürat ilə isbat edilməkdədir. Həmçinin notada göstərilir ki, Bakı şəhəri elm, mədəniyyət və sənaye cəhətincə də Azərbaycan ilə əlaqədardır. Çünki ümumsiyasi, iqtisadi, ictimai, dini və xeyri müsəlman müəssisələri Bakıdadırlar. Məzkur notada Almaniya ilə Rusiya arasında aqd edilən əlavə müahidənamə və millətlərin istiqlaliyyəti əsasına istinad edilməsi
həqqində təəccüb izhar edilir. Rusiya inqilabı tərəfindən elan edilib və Brest-Litovsk əhdnaməsində təsdiq olunmuş əsasa istinadən ki bu əsas üzərinə hər millət öz müqəddəratını həll etmək ixtiyarına malik olur, Azərbaycan milləti mərkəzi dövlətlərin hüsni-münasibatına etimad edərək əsrlərdən bəri təzyiqi altında qaldığı Rusiya istibdadını yıxıb özünü müstəqil elan etdi. Azərbaycan milləti Almaniya hökumətini əlavə müahidənamə ilə Azərbaycanın ruhani, iqtisadi və siyasi mərkəzi, paytaxtı olan Bakı şəhərinin Rusiya əlində qalmasına rizasından xeyli narahat olmuş idi. Notanın axırında ümidvarlıq bəyan edilir ki, Almaniya dövləti Azərbaycan hökuməti və millətinin Bakı şəhərinə malik olmaları hüququnu ciddi surətdə nəzərə alar.
“Azərbaycan”,
5 təşrini-sani (noyabr) 1918, ¹31
Bakı xəbərləri
Azərbaycan Cümhuriyyətinin İstanbul konfransı mürəxxəsləri Məhəmməd Əmin Rəsulzadə, Aslan bəy Səfikürdski, Əhməd bəy Pepinov və Şüyxülislamov cənabları dün təşrini-saninin 7-də Bakıya varid olmuşlardır. Məşhur mühərrir və cəmaət xadimi Əhməd bəy cənabları dəxi Bakıya gəlmişlərdir.
“Azərbaycan”,
8 təşrini-sani (noyabr) 1918, ¹34
(Ardı var)
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.-
2013.- 21 sentyabr.- S.26-27