Mənim yaşıdım şəhid
Moskva
Ülvi
Bünyadzadənin unudulmaz
xatirəsinə...
23 sentyabr 1969-cu il
– 19 yanvar 1990-cı il.
Budur bir ömür – iki tarix! Qısa,
göz-açıb yumunca
ötüb keçən,
lakin hələ də və bundan sonra da
yaddaşlarda, qəhrəmanlıq
səhifələrində yaşayacaq
bir ömür!
...Ülvinin şəhid olduğu, eləcə də onun kimi
yüzlərlə cavanlarımızın
şəhid olduğu
1990-cı ildə mənim
21 yaşım vardı
– Ülvi kimi. Bəli, biz bir ildə dünyaya
gəlmişik. Mənimlə yaşıd bir gəncin həyatına
son qoyan o dəhşətli
gecədən sonra mən hələ 23 ildir daha yaşadım.
23 il daha
zamanım oldu nələrisə etməyə,
nələrəsə çatmağa,
arzularımın bəhrəsini
görməyə, dünyanın
gözəlliklərini seyr
etməyə... Onunsa buna zamanı olmadı!
Ülvi,
öz qələmiylə
insanları sevməyə,
sevilməyə, daha yaxşı və daha ədalətli, mübariz və cəsur olmağa çağırırdı, elə
o yaşlarında:
“Mən qorxmuram uzaq yola çıxmaqdan,
Bu yolun
şaxtasından, soyuğundan
mən qorxmuram.
Mən qorxmuram uzaq yola çıxmaqdan,
Bu yolun,
acısından, ağrısından,
“Ölüm” adlı
yuxusundan mən qorxmuram”.
Bunlar, onun
1989-cu ildə qələmə
aldığı sözlərdir.
6 yaşından şeir yazan, 21 yaşındaykən
povestlərin, poemaların,
hekayələrin müəllifi
olan bu gənc,
yaşasaydı, neçə
ünlü bir şair, publisist olacaqdı! Yaşasaydı,
bir qızı xoşbəxt edəcək,
vəsfinə muncuq kimi misralar düzəcəkdi...
Yaşasaydı, özünə bənzər, gözəl,
istedadlı, yüksək
mənəviyyatlı övladları
dünyaya gələcəkdi.
Yaşamadı, sevmədi,
sevilmədi..., amma gözəl şair ola bildi!
Nədəndirsə, mənimlə bir ildən olan sənət adamlarına xüsusi məhəbbətim var. Bu sıradan:
şair və publisist Qulu Ağsəsin, yazıçı
Aygün Bünyadzadənin,
musiqiçi Əzizə
Mustafazadənin adlarını
çəkə bilərəm.
Bəlkə bu ona görədir ki, biz eyni dövrün, ilin, eyni düşüncələrin
məhsullarıyıq?! Eyni mühitin və zamanın yetirmələriyik?!
Bu dövrün bütün dəyişiklikləri
və düzəlişləri
bizim üstümüzdə
sınaqdan çıxıb?!
Qismətimizə dolaşıq bir dövran düşdü. Öncə,
fikirləri çərçivəyə
salan, lakin haradasa, murdarlıqlardan və meşşanlıqdan
uzaq Sovet dövrü, sonra onun süqutu, dağıntılar, yenidənqurmalar,
yerdəyişmələr, sonra 20 Yanvar, şəhidlər, torpaqlarımızın
işğalı, yenə
də şəhidlər,
şəhidlər..., qaçqınlar,
qan bahasına düşüncələrimizdə tapdığımız, mənəviyyatımızda
itirdiyimiz müstəqilliyimiz
və qələbənin
hələ də gəlməyən sorağını
gözləmələr...
Bu başıbəlalı ildə
Azərbaycanın Laçın
rayonunun Qaragöl ərazisinin, Qubadlı rayonunun Çayzəmi ərazilərinin, Qazax rayonunun Kəmərli kənd ərazilərinin,
Kəlbəcər rayonunun
Zod qızıl yatağı ərazilərinin
bir hissəsi SSRİ Mərkəzi Komitəsinin
qərarı ilə Ermənistana verilir. Necə də asanmış candan can ayırmaq sanki?!
Ximkidə yaşayan bir həkim həmkarım, Rusiyadakı soydaşlarına hər cür yardıım və dəstək verən gözəl insan – Məhsəti xanım keçən il, 20 Yanvar gecəsinin anımı tədbirində öz taleyindən mənə bir qəribə əhvalat danışmışdı: “Bakıda yaşayırdıq. 20 Yanvar gecəsi, hər yan al qana boyandığında hamilə idim. Qorxudan və həyəcandan ağrılarım başladı və ilk oğlum elə həmin gecə dünyaya gəldi – Bakının və bakılıların qəlbi qan ağlayarkən! Sevinmək istəyirdim, ana olmuşdum, lakin sevinməyi özümə ar bilirdim, çünki yüzlərlə ana oğul itirmişdi. O şəhidlər bizim idi. Hamımız onların ana-bacısıydıq, necə sevinə bilərdim ki? Və həyat elə gətirdi ki, düz 20 il sonra, həmin oğlum 8 mart günündə qəzada öldü. Qadınlar günündə, bütün qadınlar sevinərkən – mən ağlayırdım. Və mən indi, həmin oğlumu şəhid hesab edirəm. Çünki şəhid anası olmaq qürurdur. O 20 Yanvar günündə dünyaya gəlməklə, elə həmin ölümünə imza atıbmış. Bəlkə də cəfəngiyyatdı, amma bu mənə təskinlik verir! Və mən həmin gündən, öz ömrümü gənclərin, azərbaycanlı balalarımızın rifahına həsr etməyi qərara almışam!”
Həmkarımın bu sözlərini qələmə almaqla istəyim nədir?
Ey şəhid anaları! Kimsə sizə övladlarınızı əvəz edə bilməz! Amma siz, biqeyrət “oğul”ların, veyil-veyil gəzib tinlərdə nəşə çəkən, öz evindən oğurluq edib ana-bacılarımıza sataşan, namus nə olduğunu bilməyərək namusa and içənlərin anası deyilsiniz! VƏTƏNİNİ, ANASINI, MİLLƏTİNİ sevən Oğulların anasısınız! Başınızı dik tutun! Əlbəttə bu yetənəksiz bir təsəlli sayıla bilər, lakin baxın! –Mübarizlərimiz hələ də öz canlarını Vətənə qurban edirlərsə, deməli burada kimlərinsə anlaya bilmədiyi bir həqiqət, bir möcüzə, bir tapıntı var. Bu hər adama nəsib olan xoşbəxtlik deyil.
Şəhid olmağa – Vətən böyda ürək gərək! Şəhid olmağa – vicdan, qeyrət, namus gərək! Şəhid olmağa – qismət gərək!
Ülvinin son illər yaşadığı küçəyə (babasının evi yerləşən küçəyə) “Ülvi Bünyadzadə küçəsi” adı verilib. Həmin evin divarına “Burada 20 Yanvar şəhidi, şair Ülvi Bünyadzadə yaşamışdır” yazılı barelyef-lövhə vurulmuşdur.
Bugünlərdə şair Ülvinin 44 yaşı olur – həyatının ən gözəl və ən məhsuldar dövrü olacaqdı. Hər birimizin anası olan müqəddəs Ədəbiyyatın şəhid balasına “Allah rəhmət eləsin!” deyirəm! Sözlərimi isə onun xatirəsinə həsr etdiyim “Şəhid qardaş!” şeirimdən bir parçayla bitirirəm (şeir, bir zamanlar Ülvinin oxuduğu Xarici Dillər Universitetində Ülvi Bünyadzadə muzeyində türk və fransız dillərində saxlanılır):
...Arzuları, diləkləri nakam qalan
Şəhid qardaş!
Mənim ilə yaşıd qardaş!
Mən sənin də əvəzinə yaşayıram...
Acılardan tar-mar olan bu sinəmdə
iki ürək daşıyıram.
Rahat uyu!
Yazacağam ikimizin yerinə
mən!
Yazacağam Vətənimdən, millətimdən...
Hər nə yazsam düz yazacam...
Namərdlərin sinəsinə basacağam
köz, yazacam!
Dönməyəcəm öz yolumdan!
Elə mən də şəhid olum – söz yolunda!
Qoy, bir kimsə deyəmməsin
hisslərimdə yalançıyam.
Bilsinlər ki, Nizamilər kökündənəm,
Nəsimilər soyundanam!
Üsyançıyam!
Üsyançıyam!
19.09.2013
Afaq Şıxlı
525-ci qəzet.- 2013.- 24 sentyabr.- S.8.