Azərbaycandakı məscidlər: mənəviyyat
və tarixi-memarlıq abidələri
Azərbaycan
tarixən müxtəlif inancların, fərqli dini
konfessiyaların birgə və əmin-amanlıq şəraitində
yaşadığı ölkədir. Respublikamızda kilsələr,
sinaqoqlar, məscidlər və müxtəlif dini məbədlər
eyni vaxtda yanaşı fəaliyyət göstərir. Keçən
silsilə yazılarımızda şəxsi müşahidələrimizə,
müxtəlif mənbələrə, o cümlədən də
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi
saytına əsaslanaraq ölkə ərazisində mövcud
olan qədim alban məbədləri haqqında
oxucularımıza məlumat vermişdik. İndi isə Azərbaycan
əhalisinin böyük əksəriyyətinin –təxminən
95 faizdən artığının etiqad etdiyi islam dininin
müqəddəs ibadətgahlarından –məscidlərdən
söhbət açacağıq. Ölkə ərazisində,
demək olar ki, hər bir rayon və şəhərdə
böyük və kiçik olmaqla onlarla məscid fəaliyyət
göstərir. Növbəti silsilə yazılarımızda
paytaxt və Abşeron yarımadasından başlamaqla ölkə
ərazisində fəaliyyət göstərən məşhur
məscidlərimizdən bəhs edəcəyik.
Dini
Qurumlarla iş üzrə Dövlət Komitəsinin rəsmi
saytında yer alan məlumata görə, Azərbaycanda 1834 məscid
(Naxçıvan Muxtar Respublikası və işğal
olunmuş rayonlar istisna olmaqla) mövcuddur. Qeyd edək ki,
sovetlər dövründə respublikada cəmi 17 məscid fəaliyyət
göstərib. Azərbaycan dövlət müstəqilliyini bərpa
etdikdən sonra, daha doğrusu, 1990-cı ildən indiyədək
ölkədə 814 məscid inşa olunub. Hazırda ölkədə
306 məscid dövlət tərəfindən tarixi abidə
kimi qorunur. 1993-2003-cü illər ərzində ölkədə
517 məscid inşa olunub, 200-ə yaxın məsciddə əsaslı
təmir işləri aparılıb, 16 məscid yenidən
qurulub. Dövlət vəsaiti hesabına 1998-ci ildə Bibiheybət
məscid-ziyarətgah kompleksinin yenidən qurulmasına
başlanılıb, 1999-cu ildə rəsmi
açılışı olub. 2003-2013-cü illər ərzində
ölkədə 216 məsciddə inşa və əsaslı
təmir və yenidən qurma işləri aparılıb, o
cümlədən dövlət vəsaiti hesabına 10 məscid
tikilib və ya əsaslı bərpa olunub. Azərbaycan
Respublikası Prezidentinin müvafiq Sərəncamlarına və
tapşırığına uyğun olaraq Bibiheybət məscid-ziyarətgah
kompleksində, Təzəpir məscidində, İçərişəhər
Cümə və Həzrət Məhəmməd məscidlərində,
Əjdərbəy məscidində əsaslı təmir, bərpa
və yenidənqurma işləri aparılıb. Bu ilin
mayında da prezidentin sərəncamlarına əsasən, əsaslı
təmir işi aparılan Şamaxı Cümə məscidinin
asılışı olub, prezident şəxsən məscidin
asılışında iştirak edərək nitq söyləyib.
Onu da qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondu tərəfindən
7 məscid və ziyarətgah – Daşkəsən şəhər
Cümə məscidi, Gəncə şəhər Şah
Abbas və Həzrət Zeynəb məscidləri, Xəzər
rayonu Buzovna qəsəbəsi Cümə məscidi, Mərdəkan
qəsəbəsi Pirhəsən ziyarətgahı, Binə qəsəbəsi
Möhsün Səlim və İmam Rza məscidləri
inşa və ya əsaslı təmir olunub.
Bakıda yerləşən ən məşhur məscidlərimizdən
biri və bəlkə də birincisi Təzəpir məscididir. 1904-cü ilin yayında Təzəpir məscidinin
tikintisinin Aşur xan nəslinin adlı-sanlı, dövlətli
xanımlarından olan
Nabat xanım Aşurbəyova tərəfindən
maliyyələşdirilməsi haqqında Bakı şəhər dumasının
rəsmi qərarı
elan olunub. Məscidin memarı Peterburqda təhsil almış ilk azərbaycanlı memar, əslən Şamaxıdan
olan Zivər bəy Əhmədbəyov
idi. 1905-ci ildə tikintisinə başlanılan Təzəpir
məscidi 1914-cü ildə
hazır olur. Sözügedən məscid
Bakıda ağ
daşla tikilmiş
ilk dini bina idi. Təzəpir sadəcə bir
məscid olmaqla qalmayıb, ümumilikdə
yarandığı vaxtdan
etibarən ölkəmizin
mühüm dini mərkəzi rolunu oynayıb. Sovet dönəmində bir sıra məscidlərin
mədəni-maarif müəssisələrinə
çevrildiyi və ya tamamilə məhv edildiyi vaxtda Təzəpir təyinatı dəyişdirilərək
saxlanılır. Sovet rejiminin
diqtəsi ilə məscid müxtəlif dönəmlərdə gah
çay fabriki, gah yay kinoteatrı,
gah da mağaza
anbarı kimi fəaliyyət göstərməli
olur. Prezident İlham Əliyevin
göstərişi əsasında
2005-ci ildə məscidin
bərpası və ətraf ərazilərin rekonstruksiyası layihəsi
hazırlanıb. Layihənin memarlıq
işləri Ə.Məmmədov,
bərpası F.Miralayev,
interyer tərtibatı
E.Mikayılov tərəfindən
həyata keçirilib.
2009-cu il, iyulun 6-da də yenidənqurma və tikinti işlərindən
sonra Prezident İlham Əliyevin iştirakı ilə təntənəli açılış
mərasimi keçirilib.
Bakıda yerləşən məşhur
məscidlərimizdən biri
də İçərişəhərdə
yerləşən Cümə
məscididir. İçərişəhərdə yerləşən məscid hicri 780-ci ildə (m. 1378-1379) qədim
atəşgah məbədinin
yerində ucaldılıb.
Məscid qalanın içərisində
yerləşir. 1899-cu ildə uçurularaq yerində yeni bina tikildiyindən onun barəsində fototəsvirlər əsasında
mühakimə yürütmək
olar. Bir qədər mürəkkəb
biçimli planı Cümə məscidinin bir neçə mərhələdə inşa
edildiyini və ətrafı yaşayış
məhəllələri ilə
əhatə olunmuş
məhdud ərazidə
genişləndiyini göstərir.
Məscid minarəsinin bünövrəsində
qoyulmuş əhəngdaşının
üzərinə dördsətirli
qabarıq kufi xəttilə yazılmış
kitabə həkk edilib. Məscidin divarına həkk olunmuş bir yazıda binanın inşası haqqında belə məlumat yer alıb: “709-cu ilin (1309-1310) rəcəb ayında Əmir Şərəf-Əddin Mahmud bu
tikilini yeniləmək
əmri vermişdir”. İçərişəhərdə qədimdən mövcud
məscid hicri tarixlə 1024-cü (1615) ildə
təmir edilib. XIX əsrin sonu,
XX əsrin əvvəllərində
Bakının varlı
adamlarından biri olan Hacı Şıxəli Dadaşov
xeyriyyə məqsədilə
qədim abidənin yerində yeni məscid ucaldıb. İçərişəhərin qədim tarixi
memarlıq abidələrindən
olan Cümə məscidi dövlət hesabına 2008-ci ildə əsaslı təmir və bərpa edilərək, dindarların
istifadəsinə verilib.
Bakının dini mənzərəsində
Nizami metrostansiyasının
arxasında yerləşən
“Hacı Sultanəli” məscidinin də öz yeri var. Məscid xeyriyyəçi
Hacı Sultan Əli tərəfindən 1904-1910-cu illərdə
inşa etdirilib. Hacı Sultan Əli məscidi də Bakının möhtəşəm dini
abidələrindən hesab
olunur.
Bakının daha bir məşhur
məscidi də “İmam Hüseyn” məscididir.1890-cı
illərdə xeyriyyəçi
Hacı Hacıbaba tərəfindən inşa
olunan dini abidə bolşevik çevrilişindən sonra
bir müddət fəaliyyətini dayandırıb. Lakin sonralar
yenidən açılıb
və Azərbaycan müstəqilliyini bərpa
etdikdən sonra təmir olunub.
Binə qəsəbəsində yerləşən “Möhsün Səlim” məscidinin maraqlı inşa tarixi var. Möhsün Səlimov adlı şəxs (Əmircanın neft milyonçuları olan Səlimovlar ailəsinin üzvü) Zabrat qəsəbəsində yerləşən Xanım Zeynəb məscidini yenidən bərpa etmək istəsə də Zabrat camaatı bildirir ki, işi dayandırsın və onlar özləri məscidi abadlaşdıracaqlar. Bu hadisədən sonra Möhsün Səlimov 1916-cı ildə eynilə həmin məscidin layihəsi əsasında Binə kəndində indi Möhsün Səlim adlanan məscidi inşa etdirir. Sovet hakimiyyəti dövründə məscidin fəaliyyəti dayandırılır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da yararsız olduğundan uzun müddət fəaliyyət göstərmir. Yenidən əhalinin istifadəsi üçün Heydər Əliyev tərəfindən 2006-ci ildə məscid əsaslı bərpa edilib.
lll
Azərbaycan xalqı tarixən öz dini və milli dəyərlərini uca tutub, onları qoruyaraq zamanın sınağından keçirməyi bacarıb. Prezident İlham Əliyev Şamaxıdakı Cümə Məscidinin açılışı zamanı söylədiyi fikirlər bunu bir daha sübut edir: “Biz bütün işləri möhkəm təməl üzərində, dəyərlər üzərində qururuq. Milli-mənəvi dəyərlər bizim üçün hər şeydən üstündür. Biz öz dini və milli dəyərlərimizə sadiqik. Bu möhkəm təməl üzərində müasir dövlət, müasir Azərbaycan qururuq”.
(Ardı var)
S.ABDULLAYEVA
525-ci qəzet.- 2013.- 24 sentyabr.- S. 6.