Elmin məbədi
Elm aləminin insanı cəlb edən
mühiti, xüsusi qoxusu var
Bu məbəd eynilə dini ibadətgah kimi özündə
əbədiyyəti əks etdirir. Həyatın
yaranış sirrini öyrənməyin yolu həmin məbəddən
keçir. Təbii ki, incəsənətin nailiyyətlərindən
yararlanmaqla.... İncəsənət və elmin
köməyi olmadan həyatın mahiyyətini dərk etmək
mümkün deyil. Zənnimcə, zirvəyə
yüksəlmək ideyasının əsasında məhz bu
üç anlayış durur – elm, incəsənət və
bizə yaranışın mahiyyətini izah edən din.
Dünyanın üçölçülü məkan
daxilində mövcudiyyəti barədə dəfələrlə
həm danışıb, həm də yazmışıq. Ətrafda
gördüklərimizin hamısını
“üçlülük” baxımından şərh edə
bilərik. Dördüncü
ölçü hələ ki, bizə məlum deyil. Ona yalnız xəyalpərəst
yazıçıların romanlarında rast gəlmək
mümkündür. Biz heç Yerdəki
bütün canlıların enerji mənbəyi olan Günəşlə
də birbaşa əlaqəyə girmir, ona “sən” deyə
müraciət etmirik. Günəş-Yupiter-Yer.
Bu üçbucaqdan bizə gəlib çatan təkcə
Günəş şüalarıdır. Təbii ki, bu
şüalar öldürücü təsiri neytrallaşdıqdan
sonra Yerə yönəlir. Bu baxımdan
Yupiter Yerlə Günəş arasında vasitəçi
rolunu oynayır. O, Yerə yalnız yaşamaq
üçün lazım olan qədər şüa
ötürür.
Üç
məfhumun birliyinə aid sonsuz sayda nümunələr
göstərə bilərik: kişi-qadın-uşaq, hakimiyyət-cəmiyyət-din
və s. Amma
ideyanın əsasında təbii ki, Günəş-Yupiter-Yer
üçbucağı durur. Bu
üçlüyün vəhdəti olmasaydı, Yerdə həyat
tamam başqa cür olardı.
Qayıdaq yenidən məqalənin girişində
söhbət açdığımız elm-incəsənət-din
üçlüyünə. Bu elementlərin
qarşılıqlı əlaqə və bir-birini tamamlama
xüsusiyyəti insanın cəmiyyətdə rahat
yaşayışı üçün hər cür şərait
yaradır. Sivilizasiyalı cəmiyyət
bu üç anlayış arasında balans
formalaşdırmağı hər zaman bacarıb. Onlardan birinin olmaması bizim eyni cəmiyyət və
dövlət daxilində birgə
yaşayışımızın ritmini poza bilər. Bu üç məfhum bəzən ailə
münasibətlərinə də təsir göstərir.
Elm həyatın
bütün sahələrinin inkişafına xidmət etməklə
yanaşı, həm də ayrı-ayrı sahələr
üzrə gedən proseslərin
iştirakçılarının cəmiyyətə inteqrasiyasına,
onların funksiyalarının müəyyənləşməsinə yardım edir.
İncəsənət
əsas etibarı ilə insanın müxtəlif üsullarla
– musiqi, rəsm, teatr, kino və s. vasitələrlə əylənməsinə,
həyatdan zövq almasına xidmət edir. Bəziləri
incəsənəti üçbucağın əlavə
iştirakçısı kimi gözdən keçirsələr
də, əslində o, bu fiqurun ayrılmaz mühüm hissəsidir.
Heç bir insanın həyat və fəaliyyətini
incəsənətsiz təsəvvür etmək mümkün
deyil. Çünki istənilən halda hər
bir subyektin, ələlxüsus da insanın əsas məqsədi
həzz almaq instinktidir.
Burada bir haşiyə çıxmaq istərdim. Bizim hər birimizin həyatı
illərdir ki, öz mahiyyətini itirməyən iki
xüsusiyyətdən ibarətdir: zövq almaq (fərq etməz
fiziki, yoxsa mənəvi) və bu hissin yoxluğu. İnsanın həyat və
yaradıcılığı məhz bu iki mühüm amildən
ibarətdir. Sevinc və kədər – bu
iki anlayış bir-birinə zidd olsa da, psixikamızı hər
zaman etiraz etmək, hücuma keçmək, əldə
olanı qoruyub saxlamaq kimi reaksiyalara hazır vəziyyətdə
saxlayır. Həmin iki məfhum
arasındakı qırmızı xətt, daha dəqiq desək,
közərmiş spiral daima ikitərəfli təzyiqlərə
məruz qalır. Bu qızmar spiralın
soyuması çox təhlükəlidir. Çünki
onun boşalmış yerini laqeydlik, biganəlik hissi tuta bilər
ki, bu da arzuolunan deyil. Deyilən baş verərsə,
bizim üçün həyatın bütün mənası
itər. Ən böyük bəlalardan
biri, əlbəttə, biganəlikdir. Biz
onun fəsadlarının şahidiyik. Yaxın
və Orta Şərq ölkələrində davam edən
qanlı qarşıdurma, Avropada həyatın bütün sahələrini
əhatə edən böhran insanları biganəliyə
sürükləyir. Demək olar ki, bu
gün özünü dünyanın sahibi kimi aparan Qərb
sözügedən təhlükənin astanasındadır.
Din – insan
övladını inkişafa aparan yolun üç əsas
şərtindən biridir. O, özündən əvvəlki
iki – incəsənət və elm anlayışlarını
sanki tamamlayır. Yuxarıda qeyd etdiyimiz təhlükəli
hal yaşandığı – ümidlərimiz boşa
çıxdığı və məyus olduğumuz zaman din
bizə yeni mənəvi, təsəlliverici imkanlar yaradır.
O, insanı ruhən sakitləşdirən, ona yaşamaq
ümidi verən, müqəddəs kitabların, ibadət və
ayinlərin köməyilə səbrli olmağı öyrədən
vasitədir. Bütün bunlar bizə öz ruhi
vəziyyətimizi səliqə-sahmana salmağa, əvvəlki
balans və harmoniyanı bərpa etməyə yardım edir.
Özü də bu, təkcə yaşlı nəslə
aid deyil. Böyüdükcə uşaqlar
da elm, incəsənət və dinin vəhdətini dərk edə
bilərlər. Sadəcə, dərk etmə
səviyyələri müxtəlifdir və mərhələlərdən
ibarətdir.
Belə bir deyim var ki, elm məktəbdə parta
arxasından başlayır. İnsanın sahib
olduğu bütün biliklərin əsası məktəbdə
qoyulur. Amma diqqət yetirmək
lazımdır ki, məktəbdə haqqında bəhs
etdiyimiz üçlüyün sərhədləri dəqiq və
düzgün müəyyənləşdirilsin. Əslində heç onları bir-birindən
xüsusi yolla ayırmağa ehtiyac da yoxdur. Təbii ki,
bu üç anlayış ayrı-ayrılıqda, müstəqil
şəkildə fəaliyyət göstərir. Lakin onlar arasında gözlə çətin
görünən sərhədlər var. Biz onları yeniyetmələrə
– şüurları tam formalaşmamış 12 yaşadək
olan məktəb şagirdlərinə
çatdırmalıyıq.
Mənim
üçün danılmaz bir həqiqət var: elm ilahi
enerjinin və hətta incəsənətin bir parçası
olan musiqinin vasitəsilə insanın qanına, canına hələ
ana bətnində olarkən hopur və bütün həyatı
boyu onu müşayiət edir. Buna görə də
bütövlükdə həyata baxışı müəyyənləşdirmək
məqsədilə incəsənət, elm və dinlə
ayrı-ayrılıqda məşğul olmaq onların həyati
əlaqələrinə heç də mənfi təsir etmir.
Bu üç məfhumun vəhdəti gec-tez həyatın
müəyyən mərhələsində özünü
biruzə verir. Dərinliyinə varsaq,
görərik ki, bütün elmi kəşflər həyatı
yaxşılaşdırmaq, rahatlaşdırmaq və
insanı kamilləşdirməkdən ötrü
lazımdır. Biz oxuyub öyrəndikcə
daha çox bilir, özümüzü kainata, onun
energetikasına daha yaxın hiss edirik. Bu
nöqteyi-nəzərdən elm də, din də eyni amala xidmət
edir, eyni istiqamətdə irəliləyir.
Nədənsə elm dedikdə çox zaman
ağlımıza ilk gələn Elmlər Akademiyası, onun
cəmiyyətdəki yeri və rolu olur. Şəxsən
mənim üçün o məkan elmin məbədidir.
Çox məmnunam
ki, düz 25 il bu məbəddə elm
axtaranlardan olmuşam. İndinin özündə də bu böyük
ziyalılar ailəsinin üzvüyəm. Onların arasında
adı bütün dünyada tanınan,
sayılıb-seçilən istedadlı alimimiz var.
Akademiya – müqəddəs elm məbədi, Azərbaycanda
doğulub boya-başa çatmış yüzlərlə elm
adamının bir araya gəldiyi məkandır. Uzun illər ərzində
ölkənin, dövlət və cəmiyyətin həyatında
çox şey dəyişsə də, bütün sahələrdə,
o cümlədən də təhsildə böyük islahatlar
həyata keçirilsə də, Akademiya bu günə kimi
insanlar arasında öz hörmətini və nüfuzunu
qoruyub saxlamağa nail olub.
Elm bağının xüsusi aurası,
insanı cəlb edən qoxusu var.
Dediklərimə
gülməyin! Bütün anlayışlar kimi, biliyin də
gücü, cazibə qüvvəsi, özünəməxsus,
təkrarolunmaz xoş ətri var. Buna görə də Elmlər
Akademiyası adlı elm məbədinin divarları arasında
baş verənlər elm tariximizin bünövrəsidir və
cəmiyyətin diqqətinə, hörmətinə layiqdir.
Məqalənin
lap əvvəlində qeyd etdim ki, elm məbədi də eynilə
dini ibadədgah kimi əbədidir. Bəs
görəsən onları bir-birindən fərqləndirən
nədir? Zənnimcə, Akademiya elm məbədi olmaqla
şəxsiyyət kimi
insanın özünə, gələcək nəsillərə
xidmət edir. Dini məbəd isə insanın ruhi və cismi
durumunu qoruyub saxlamaq üçün Allaha ibadət etməsinə
yardımçı olur, ona şərait yaradır.
Zənnimcə, insan zamanla ətrafda baş verənlərin
dərininə vararaq sahib olduqlarına, ona rahatlıq və
sevinc gətirməklə yanaşı, həm də əzab
çəkməsinə səbəb olan anlayışlara daha
böyük dəyər verməyə başlayır. Əminəm
ki, bununla bağlı bizim bilmədiyimiz, yaxud da görüb dərk
etmədiyimiz xeyli həqiqətlər mövcuddur. Dünyanı tam dərk etməmək hissi sanki insan
qəlbinə müəyyən rahatlıq gətirir və onu
sakitləşdirir, kainatın nəhayətsiz sirlərinin nə
vaxtsa aydınlaşacağına ümidini artırır.
Bu, mənim akademik məbəd haqqında şəxsi
fikrimdir. Orada alimlər məktəbli kimi oxumurlar. Bilik
vermək məktəblərin, ali təhsil
ocaqlarının işidir. Akademiyada isə
kamilləşmənin, mükəmməlləşmənin
son mərhələsi başlayır. Elm
bir növ bütün biliklərimizin məcmusudur. Bu xəzinədə hərənin öz payı və
yeri var. Ona görə də elm məbədi kənardan olduqca
əzəmətli görünür. Bu məbədin
qapıları ümumi kütlədən ayrılıb
şablon tərzə “yox” deyib, özünəməxsus fikir
formalaşdırmaq, fərdi yol ilə getmək istəyən
hər kəsin üzünə açıqdır. Əlbəttə ki, söhbət Elmlər
Akademiyasına xoş niyyətlə üz tutanlardan gedir.
Şəxsən mənim üçün Elmlər
Akademiyası dünyanın ən möhtəşəm məbədidir.
O, hər zaman hamı kimi mənə də
bacardığı köməyi əsirgəməyib, bu şərəfli
yolda uğurla irəliləməyimə təkan verib və
sahib olduqlarını təmənnasız şəkildə
bölüşüb.
Elm məbədini
ibadətgahla müqayisə etm
əyim
təsadüfi deyil. Yəqin fikir vermisiniz,
müqəddəs yerlərin mühitində hər zaman
Tanrının ruhu hiss olunur. Elm məbədi bu
baxımdan ona çox bənzəyir: Allahın bəzilərinə
bəxş etdiyi istedad həmin məkanda üzə çıxır. Burada bütün elmi
nailiyyətlər qeyd-şərtsiz hər kəs
üçün əlçatandır. Bir
sözlə, özündə fitri-istedad görən, elmə
xidmət etmək istəyən hər kəs bu məbədə
gəlib bütün bilik və bacarıqlarını ortaya
qoya bilər. Həyatını elmə həsr
edən şəxslərin olduqca müsbət energetikası
olur. Onlarla eyni mühiti paylaşmaq kifayətdir
ki, bu xoş auranın cazibəsinə
düşdüyünü hiss edəsən.
Haqqında gözəl sözlər dediyim elm məbədi,
eləcə də orada xidmət etmək xoşbəxtliyinə
nail olanlar və elm xəzinəmizə misilsiz töhfələr
bəxş edənlərlə məni yalnız xoş xatirələr
bağlayır.
Əziz oxucular, mən çox gözəl bilirəm ki, Elmlər Akademiyası ilə bağlı sizin öz düşüncələriniz var. Bir dəfə dostlarımla söhbət edərkən belə bir fikri onlarla bölüşdüm: “Alimlər – Elmlər Akademiyasının övladlarıdır. Həmin məkan onların düşüncələrinin formalaşmasında, qəlblərinin rahatlıq tapmasında, əzablarının yüngülləşməsində müsbət rol oynayır və böyük ümidlər verir”. Dostlarım mənimlə razılaşdılar, dediklərimə dəstək verdilər.
Bəli, elm müxtəlif hündürlükdə bir neçə zirvəsi olan dağ silsiləsini xatırladır. Elm ideyasına mübtəla olmuş insan bu yolda ilk uğurlu addımını atdısa, onda yeni zirvələri fəth etmək istəyi yaranır və o, artıq bu yoldan geri dönə bilmir. Onun qarşısında hər dəfə yeni macəralarla dolu fərqli bir mənzərələr açılır, elmin ətri onu öz ardınca elə hey aparır.
Elm məbədi əbədiyyət rəmzidir. Tarixin bütün mərhələlərində, hətta inkvizisiya dövründə alimlərin tonqalda yandırıldığı zaman da cəmiyyətin hər bir üzvünün elmə böyük ehtiyacı olub. Elə buna görə də bizim elm məbədimiz uzun illərdir yaşamaqda davam edir.
P.S. Tanrını dərk etməyin yolu da elm və incəsənətdən keçir. Yaranışın sirləri məhz bu üç məfhumda – elm, incəsənət və dinin vəhdətində gizlənib.
Rafiq Əliyev
Fəlsəfə elmləri doktoru,
professor
525-ci qəzet.-
2013.- 25 sentyabr.- S.7