Azərbaycandakı məscidlər: mənəviyyat
və tarixi-memarlıq abidələri (davamı)
Azərbaycan tarixən müxtəlif inancların, fərqli dini konfessiyaların birgə və əmin-amanlıq şəraitində
yaşadığı ölkədir. Respublikamızda kilsələr, sinaqoqlar, məscidlər və müxtəlif dini məbədlər eyni vaxtda yanaşı fəaliyyət göstərir.
Keçən silsilə yazılarımızda
şəxsi müşahidələrimizə,
müxtəlif mənbələrə,
o cümlədən də
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
rəsmi saytına əsaslanaraq ölkə ərazisində mövcud olan qədim alban məbədləri haqqında oxucularımıza
məlumat vermişdik.
İndi isə Azərbaycan əhalisinin böyük əksəriyyətinin
–təxminən 95 faizdən
artığının etiqad
etdiyi islam
dininin müqəddəs
ibadətgahlarından –məscidlərdən
söhbət açacağıq.
Ölkə ərazisində, demək olar ki, hər bir
rayon və şəhərdə
böyük və kiçik olmaqla onlarla məscid fəaliyyət göstərir.
Növbəti silsilə yazılarımızda
paytaxt və Abşeron yarımadasından
başlamaqla ölkə
ərazisində fəaliyyət
göstərən məşhur
məscidlərimizdən bəhs
edəcəyik.
Bakının möhtəşəm məscidlərindən
biri də Səməd Vurğun küçəsində yerləşən
Hacı Əjdərbəy
məscididir. Məscid 1912-1913-cü illərdə inşa edilib. Məscidin memarı Zivər bəy Əhmədbəyov
olub. Məbədin günbəzi göy
rəngdə olduğundan
xalq arasında ona “Göy məscid”
də deyilir. Sovet hakimiyyətinin ilk illərində
məbəd əsgər
kazarması kimi istifadə olunub,
1944-cü ildə Təzəpir
məscidi ilə birlikdə fəaliyyətini
bərpa edib. İbadət
evini tikdirən və xeyriyyəçi kimi tanınmış Hacı Əjdərbəy
İbrahimbəyovun qəbri
məscidin girişindədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü
və qayğısı
nəticəsində Hacı
Əjdərbəy məscidinin
də əsaslı təmir-bərpa edildikdən
sonra 2011-ci ildə açılışı olub.
İçərişəhərdə yerləşən “Sınıq
Qala” Məhəmməd
məscidi də seçilən dini abidələrimizdəndir. “Ustadi-rəis Məhəmməd
Əbubəkr oğlu”nun
tikdiyi məscidin giriş qapısının
sol tərəfində, şimal
divarında əhəngdaşı
üzərində qabarıq
şəkildə həkk
olunmuş dörd sətirlik kufi kitabədə məbədin
tikilmə tarixi qeyd olunub. Bu yazıdan məlum
olur ki, məbəd 1078-1079-cu illərdə
tikilib. İçərişəhər ərazisində üzərində
ən qədim epiqrafik yazısı olan Məhəmməd məscidi möhtəşəm
görüntüyə malik
olub tam müdafiə qalasını xatırladır.
Xalq arasında “Sınıq Qala” adı 1723-cü ildə yaranıb. Belə ki, Xəzər sahili boyunca işğalçı yürüşlərə
çıxan I Pyotrun
artilleriyası həmin
ilin iyunun 26-da Bakını atəşə
tutanda şəhərin
ən qədim məscidinin minarəsi zədələnib. Top mərmisinə qala bürcü kimi duruş gətirən minarə həmin vaxtdan xalq arasında
“Sınıq Qala” adını qazanıb. 1988-ci ildə arxeoloji
qazıntılar nəticəsində
alçaq formalı olan minarə kvadrat bünövrə üzərində tikilmiş
bir tikili kimi canlanıb. İbadət
zalının altından
daş çatma qübbə ilə örtülmüş otaq
aşkarlanıb.Döşəmənin altından İslama qədər dini ayinlərin elementləri tapılıb. Buna əsasən alimlər güman edirlər ki, məscid İslamaqədərki atəşgahın
bünövrəsi üzərində
inşa edilib.
Buzovnadakı “Cümə” məscidinin inşasına isə
1896-cı ildə başlanıb,
tikinti 1900-cü ildə
yarımçıq qalıb. 1918-ci ildə tikinti işlərinə yenidən
başlansa da tam yekunlaşmayıb. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bu məscidin binasından anbar və dükan kimi istifadə olunub. 2007-ci ildə Buzovna sakinləri Cümə məscidində bərpa işlərinin başa çatdırılması ilə
bağlı Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət
ediblər. Həmin ilin
fevralında başlanan
yenidənqurma işləri
qısa vaxtda başa çatdırılıb,
məscid dekabrın
19-da istifadəyə verilib.
Məscidin açılış mərasimində Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.
Əmircandakı 100-dən artıq yaşı olan Qoşaminarəli məscidin tikintisi isə neft milyonçusu
Murtuza Muxtarovun adı ilə bağlıdır. 1901-ci ildə
yerli əhali məscidin tikintisinə başlasa da, sonradan maliyyə vəsaiti tükənir.
Əhali
yardım üçün
neft milyonçusu M.Muxtarova müraciət edir. Xeyriyyəçi milyonçu razılaşır
və beləliklə,
1908-ci ildə məscid
məşhur memar Zivərbəy Əhmədbəyovun
layihəsi əsasında
inşa olunur. M.Muxtarovun tikdirdiyi əzəmətli
məscid nadir memarlıq
üslubuna malik tarixi tikililərdəndir.
Məscidin 47 metr hündürlüyündə
olan 2 minarəsi o dövrdə digər məscid minarələrindən
fərqlənirdi. Minarələrə qalxan pilləkənlərin
sayı 140-a çatır.
Məscidin 2 qülləsindən dindarlar azan vermək üçün istifadə
edirdi. İstər qüllənin aşağı,
istərsə də yuxarı hissəsində
azan verilə bilər.
Məscidin 2-ci mərtəbəsində qadınların namaz qılması üçün
xüsusi otaq var.
Deyilənlərə görə, o illərdə mütəmadi məscidə gələn milyonçu burada namaz qılar, dualar edərmiş. Hətta M.Muxtarov Əmircan məscidinə məxsusi müqəddəs Qurani-Kərim hədiyyə etdiyi də məlumdur. Sovet dövründə məsciddən toxuculuq sexi, 1985-1988-ci illərdə Azərbaycanın məşhur rəssamı Səttar Bəhlulzadənin sərgi salonu kimi istifadə olunub. 1989-cu ildən məscid yerli sakinlərin ixtiyarına verilib.
Novxanıdakı “Hacı Səfəralı” məscidi də diqqətçəkən ibadətgahlardandır. Məscid 1865-ci ildə usta Ağa Məhəmməd Qulu oğlu tərəfindən inşa edilib. Məscid ilk vaxtlar kiçik bir təkyədən ibarət olub. 1904-cü ildə kənd sakini Hacı Səfəralı buranı genişləndirərək böyük bir məscid tikdirib. Məscidə qərb tərəfdən birmərtəbəli mədrəsə bitişikdir. İbadətgahlara qarşı mübarizə Səfəralı məscidindən də yan keçməyib, keçən əsrin 30-cu illərində məscid bağlanıb. Repressiyalara baxmayaraq, novxanılılar məscidin tam məhv edilməsinə icazə verməyiblər, məscidin taxıl anbarına çevrilməsinə nail olublar. 60 illik fasilədən sonra – 1988-ci ildə məscid kənd dindarları tərəfindən bərpa edilib istifadəyə verilib.
Müstəqillik illərində məscid Abşeronun memarlıq ənənələrinə uyğun təmir olunaraq ona iki minarə əlavə edilib. Məscidin ərazisi abadlaşdırılıb, dindarlara lazım olan bütün texniki məsələlər yüksək səviyyədə həll olunub, yenidənqurma işləri 2007-ci ildə başa çatdırılıb. Səfəralı məscid kompleksi memarlıq baxımından Abşeronda ən möhtəşəm dini ocaqlardan hesab olunur.
lll
Azərbaycan xalqı tarixən öz dini və milli dəyərlərini uca tutub, onları qoruyaraq zamanın sınağından keçirməyi bacarıb. Prezident İlham Əliyev Şamaxıdakı Cümə Məscidinin açılışı zamanı söylədiyi fikirlər bunu bir daha sübut edir: “Biz bütün işləri möhkəm təməl üzərində, dəyərlər üzərində qururuq. Milli-mənəvi dəyərlər bizim üçün hər şeydən üstündür. Biz öz dini və milli dəyərlərimizə sadiqik. Bu möhkəm təməl üzərində müasir dövlət, müasir Azərbaycan qururuq”.
(Ardı var)
S.Abdullayeva
525-ci qəzet.-
2013.- 25 sentyabr.- S.6.