Beynəlxalq
Kitab Sərgi-Yarmarkasında “Qızıl
Kəlmə” mükafatçıları ilə görüş olub
Ötən gün III Bakı
Beynəlxalq Kitab Sərgi –Yarmarkası çərçivəsində Mədəniyyət və
Turizm Nazirliyinin “Qızıl Kəlmə” mükafatının builki
laureatları ilə görüş və “Müəllif günü”
keçirilib. Nazirliyin təmsilçisi,
şair Çingiz Əlioğlu tədbiri açaraq kitab–sərgi yarmarkasının möhtəşəm
təşkilindən, bu
çərçivədə keçirilən silsliə
maraqlı tədbirlərdən
bəhs edib. Bu ilin “Qızıl Kəlmə” mükafatı
laureatlarının yaradıcılıqlarını
yüksək dəyərləndirən
nazirlik rəsmisi onları çağdaş
Azərbaycan ədəbiyyatının
siması adlandırıb:
“Bu müsabiqə, bu mükafatlar həqiqətən
də bu gün Azərbaycan ədəbiyyatında-nəsrində, poeziyasında, ədəbi
tənqidində seçilən,
öz maraqlı, uğurlu axtarışları,
əsərləri ilə
fərqlənən yaradıcı
insanlara təqdim edilir”.
Tədbirdə çıxış edən
şair Əjdər Ol sərgi-yarmarka çərçivəsində keçirilən tədbirləri
yüksək qiymətləndirib. Mədəniyyət
və Turizm Nazirliyinin təsis etdiyi “Qızıl Kəlmə”nin mötəbər mükafat
olduğunu bildirən
Əjdər Ol ödülün layiqli sahiblərini tapdığını
deyib və bu ənənənin gələcəkdə də
davam edəcəyinə
əminliyinin ifadə
edib.
Mükafatın şeir nominasiyasında
qalib olmuş şair Adil Cəmil “Yurd yerim-dərd yerim” kitabına görə laureat seçildiyini vurğulayıb: “Bu kitabda
birinci səhifədən
axıra kimi bir yurd yanğısı
var. Yəni mənim itirdiyim yurd yerləri, uşaqlıq xatirələrim burada öz əksini tapıb. O nisgil, o hisslər həmişə
mənimlədir. Nədən
yazıramsa yazım, yenə o hisslərə qayıtmağa məhkumam”.
Şair çıxışını “Yaşamadım” şeiri ilə yekunlaşdırıb.
Nəsr
nominasiyasında laureatlardan
olan Mustafa Çəmənli
“Qızıl Kəlmə”
ilə “Ölüm mələyi” tarixi romanına görə mükafatlandırıldığını deyərək, kitabın ərsəyə gəlməsində
əməyi olanlara və mükafatı təqdim edən nazirliyə minnətdarlığını
bildirib: “Fürsətdən
istifadə edərək
demək istəyirəm
ki, “Öülm mələyi” sayca mənim ikinci tarixi romanımdı. Hələ sovet hökumətinin dağılmasına inanmadığım
bir dövrdə ilk dəfə olaraq Qarabağ xanlığının
tarixindən yazmışam.
Bunu deməkdə məqsədim
odur ki, tarixdən yazmaq çox məsuliyyətli
işdir. 500 il bundan qabaq yaşamış hansısa tarixi şəxsiyyət haqqında
yazan yazıçı
bu məsuliyyəti dərk eləməlidir. Tarixdən yazan yazıçının
yalan yazmağa, uydurmağa mənəvi haqqı yoxdur”.
Mükafatın daha bir nominantı
şair Elçin İsgəndərzadə də
çıxışını şeir üzərində
qurub.
Avrasiya Yazarlar Yaqub Öməroğlu tədbirdə iştirakından
məmnunluğunu ifadə
edib, “Qızıl kəlmə” mükafatı
laureatlarının bəzilərini
şəxsən tanıdığını,
yaradıcılıqlarına bələd olduğunu, onların ədəbi nümunələrinin “Qardaş
qələmlər” dərgisində
yayımlandığını bildirib. Mükafat sahiblərini gələcəkdə
də nüfuzlu ödüllərə sahib olmasını
arzulayıb.
Ədəbi tənqid üzrə
mükafat qazanmış
tənqidçi Rüstəm
Kamal bir daha Mədəniyyət və Turizm Nazirliyinə bununla əlaqədar minnətdarlığını
bildirib: “Mənim estetikam məlum və məşhur bir hədisə söykənir. İt leşindən hamının
iyrənib üzünü
çevirdiyi zaman peyğəmbər deyir
ki, onun ağappaq dişlərini görürsünüzmü? Bax, mənim
estetikam hər bir əsərdə o gözəlliyi, o işığı
görməkdi. Ümumiyyətlə, kitabda işığı
görmək lazımdı.
Bu da əslində
çox çətindi.
İşığı görmək üçün
böyük könül
yiyəsi olmalısan”.
Gənc
yazıçı Pərvin
Nurəliyeva “Qızıl
Kəlmə” mükafatını
alan zaman həyəcandan ürəyindəki
sözlərin yarıdan
çoxunu deyə bilmədiyini önə çəkərək, bu
gün ondakından da həyəcanlı olduğunu bildirib: “ Qızıl Kəlmə” mükafatının
təqdimatından sonra
xeyli vicdan əzabı çəkirəm,
çünki bir məqam var idi ki, mən
onu mütləq qeyd etməliydim, amma orada deyə
bilmədim. Bilirsiniz ki, hər nominasiya
üzrə bu il iki nəfər mükafata layiq görülüb. Nəsr nominasiyasında mən və Mustafa Çəmənli
mükafat almışıq.
Bir məqamı vurğulayım
ki, Mustafa müəllimin
bu nominasiya üzrə mükafatı
tamdır, ona görə ki, “Qar yağacaq” kitabının redaktorudur.
Ona görə mən həmin təqdimatda
Mustafa müəllimə təşəkkür
etməyi unutdum, amma təkrarən qeyd edirəm ki, Mustafa müəllimin nəsr nominasiyası üzrə mükafatı
tamdır, bütövdür”.
“Qızıl Kəlmə”nin yaradıcılığında
və bioqrafiyasında
rolundan söz açan P.Nurəliyeva bu mükafatın onun üçün düşərli olduğunu
vurğulayıb: “Ondan
sonra mən Beynəlxalq Rəsul Rza mükafatı aldım, daha sonra Milli Kitab
Mükafatında ikinci
oldum. Mən, deyəsən, ən
gənc “Qızıl Kəlmə” laureatıyam,
hesab edirəm ki, bu mükafatın
mənə verilməsi
müasir Azərbaycan
ədəbi prosesinin bir simvoludur. Deməli, müasir Azərbaycan ədəbi prosesində uğur qazanmağımıza
imkan var, mətbuat da, müsabiqələr də,
mükafatlar da gənclərin üzünə
açıqdır”.
“Qızıl Kəlmə” mükafatı çərçivəsində
“Şans” ödülünü
almış tənqidçi
Elnarə Akimova ədəbiyyat, ədəbi
proses barəsində fikirlərini dilə gətirib: “1990-cı illər,
bildiyiniz kimi, ədəbiyyatda da yeni mərhələ idi. Bədii-estetik meyarlar yeniləşmişdi,
ədəbiyyata baxış
tamamilə yeni meyllər formalaşdırmağı
tələb edirdi.
Bu baxımdan düşünürəm
ki, “Qızıl Kəlmə” mükafatı
çərçivəsində “Şans” ödülünə
layiq görülən
“Yeni təfəkkür
və ədəbi tənqid” kitabım məhz həmin meylləri qabartmaq nöqteyi-nəzərindən səciyyəvi
idi. Həmin kitabı dəyərləndirən
Mədəniyyət və
Turizm Nazirliyinə təşəkkür edirəm.
Bu, gənc qələmlərə
göstərilən diqqətlə
bərabər, həm
də ədəbiyyatımıza
göstərilən qayğı
və diqqətin nəticəsidir. Mükafat bizə
bir stimul olmaqla bərabər, həm də çiyinlərimizə çox
böyük bir məsuliyyət qoyur”.
Daha bir laureat, şair və tərcüməçi Akif Əhmədgil görüşü “Dəniz yaman şirindir” şeiri ilə yekunlaşdırıb. Sonda mükafatçılar oxucular üçün kitablarını imzalayıblar.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-
2013.- 26 sentyabr.- S.7.