Savalanın məğrur şairi
Mühacir
Azərbaycan şairi Əli Tudə (Əli Ələmqulu
oğlu Cavadzadə) 1924-cü il
yanvarın 31-də Bakı şəhərində anadan olub. Əslən Cənubi Azərbaycandan olan valideynləri
XX əsrin əvvəllərində Bakıya
köçüb, atası neft sahəsində fəhləlikdən
başlayaraq buruq ustalığına qədər yüksəlib.
Şair bir yaşında ikən atasını, beş
yaşında isə anasını itirib, nənəsinin himayəsi
altında böyüyüb. 1938-ci ildə əslən
İrandan olduqlarına görə nənəsi ilə birlikdə
İrana sürgün edilib. 1946-cı ildə
İranda Cənubi Azərbaycan Milli Hökuməti süquta
uğradıqdan sonra yenidən Sovet Azərbaycanına
qayıdıb. 1996-cı il
fevralın 26-da vəfat etmiş şair ömrünün
sonunadək mühacir pasportu daşımalı olub.
1958-ci ildən SSRİ Yazıçılar
İttifaqının üzvü olan şair 1960-cı ildən
Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin
üzvü seçilib.
Əli Tudənin “Cənub nəğmələri” adlanan
ilk kitabı 1950-ci ildə Bakıda çapdan
çıxıb. Elə həmin ildə “Bakının
işıqları”, daha sonra isə “Vətən sevgisi” (1951),
“Məhbusların son sözü” (1952), “Şimal həsrəti”
(1953), “Arazın o tayında” (1954), “Şeirlər” (1955),
“Şairin düşüncələri” (1956), “Qartal” (1959), “Qəzəb”
(1959), “Şairin kitabxanası” (1962), “Buludlar” (1964) və
başqa şeir kitabları nəşr olunur. Məhsuldar
şairin 36 kitabı işıq üzü görüb.
Şair 50-dən çox poemanın müəllifidir
ki, bunu da zamanla hesablasaq, yaradıcılıqla məşğul
olduğu hər ilə təqribən bir poema
düşür. Onlardan ikisi – “Məhbusların
son sözü” (1952) və “Arazın o tayında” (1954)
poemaları ayrıca kitablar şəklində nəşr
edilib.
1938-ci ildə
Bakı şəhər Mərkəzi Pionerlər Evinin
almanaxında “Oktyabr rayonu 150 nömrəli məktəbin
yeddinci sinif tələbəsi Heydər Rzazadə” imzası ilə
Əlinin iki şeiri şəkli ilə birgə çap
edilib. Əlinin ilk şeirləri məhz bu ad
altında – Heydər Rzazadə imzası ilə çap olunur.
Bu imza ilə 1937-ci ildə onun “Sovet Konstitusiyası” şeiri
Bakıda çıxan “Kommunist”, “Vətən nəğməsi”
şeiri isə “Yeni yol” qəzetlərində dərc edilir. Şairin Cənubi Azərbaycanda çap olunmuş
ilk şeiri isə 1944-cü ildə Təbrizdə
çıxan “Vətən yolunda” qəzetində dərc
edilmiş “Stalin” şeiri olur.
Yeniyetmə müəllif şah üsuli-idarəsinin
hökm sürdüyü bir dövrdə İran kəndlilərinin
ağır və məşəqqətli həyatına
acıyırdı. Bir dəfə o, bu qəbildən olan
“Cütçü” şeirini yazır və ilk dəfə onu
nənəsinə oxuyur. Bu şeirdə əkib-biçən,
zəhmətə qatlaşan cütçünün
ağır zəhmətindən və sonda da
yığdıqları məhsulu ağaların onun əlindən
tutub almasından danışılır. Şeirin
mənası budur ki, əkinçilər olmasa şah məmurları
acından ölər. Elə məhz buna görə də
üsyan qaldırıb haqqını tələb etmək,
“ağalıq qəsrini dağıtmaq” lazımdır:
...Əgər
istəsən ki, təmin olasan
Torpaqla, məhsulla,
suyla, toxumla,
Xışı
at, kotan tap, nəhəng bir kotan,
Qabaqca
ağalıq qəsrini şumla!
Əli İranda məşəqqətli günlər
keçirir. Miyana-Zəncan dəmir yolunda fəhləliyə
başlayır. Ağır iş şəraitində
çalışan fəhlələr dağ yarır, qaya
çapır, daş daşıyırdı. Bu zaman
yazdığın şeirlər Ərdəbil şəhərində
çıxan “Yumruq”, “Ziddi-faşist”, “Cövdət”, Təbrizdə
buraxılan “Vətən yolunda”, “Azərbaycan” qəzetlərində,
“Şəfəq” məcəlləsində çap edilirdi. 1946-cı ilin yazında Azərbaycan milli hökuməti
İran tarixində ilk dəfə olaraq Təbrizdə Azərbaycan
Dövlət Filarmoniyası açılması barədə
qərar verir. Bu yeni sənət
ocağına 22 yaşlı Əlini müdir təyin edirlər.
Lakin çox keçmir ki, Milli hökumət
dağıdılır. 1946-cı ilin
dekabrında yenidən Bakıya qayıdan Əli Tudə
növbəti dəfə mühacir həyatı
yaşamalı olur.
1950-ci
ilin dekabr ayında Moskvada keçirilən Azərbaycan ədəbiyyatı
ongünlüyündə iştirak edən Ə. Tudə tədbir
ərəfəsində məşhur rus şairi Pavel Antakolski
ilə görüşüb tanış
olur. P. Antokolski ilk olaraq Əli Tudənin şeirlərini rus
dilinə tərcümə edir. Şairin 3
kitabı Moskvada “Sovetski pisatel” nəşriyyatı tərəfindən
rus dilində çap olunub. Qeyd edək ki,
hər üç kitabda yer almış şeirlər yüksək
peşəkarlıqla, oxucuların anlaya biləcəkləri
səviyyədə tərcümə edilmişdir. Əli Tudənin şeirlərini ilk dəfə rus
dilinə çevirib vaxtaşırı olaraq “Bakinskiy
raboçiy” qəzetinin səhifələrində çap
etdirən isə Aleksandr Xaldeyev olmuşdur. A. Xaldeyev
şairin yaradıcılığı haqqında bir sıra məqalələrin
müəllifidir. Onun məqalələrində
şairin ayrı-ayrı şeirləri təhlil edilir və
yaradıcılıq məziyyətlərindən söhbət
açılır.
Moskvada rus dilində nəşr edilən kitabları
şairin bəşəri hisslərinin, azadlıq
duyğularının daha geniş coğrafi məkanda
yayılmasına zəmin yaratmışdır. “Moskovskiy pisatel” nəşriyyatında
işıq üzü görən əsərləri sayəsində
keçmiş Sovet İttifaqının rusdilli oxucuları
görkəmli şairin yaradıcılığı ilə
yaxından tanış olmuşlar.
Əli Tudə öz yaradıcılığında rus ədəbiyyatına
böyük önəm vermişdir. O, bu ədəbiyyatın klassiklərini
səmimiyyətlə xatırlayaraq onların
yaradıcılığına dəfələrlə
müraciət etmiş, ithaf tərzində bir sıra sənət
əsərləri yaratmışdır. O, Puşkinə həsr
etdiyi şeirində deyir:
Puşkin!
Rus şeirinin ölməz dühası,
Düşmənin kəsilmiş zəngin saraylar.
Səni
izlədikcə çarlar dünyası,
Qəlbini çeynəmiş ahlar, haraylar.
15 bənddən ibarət olan “Puşkin” şeiri müəllifin
rus poeziyasına məhəbbətindən yoğrulmuşdur. Əli Tudə Lermontova həsr
etdiyi “Şeirin səmasında” şeirində böyük rus
şairini “Şeirin səmasında bir ülkər”
adlandırmış, görkəmli söz ustası
haqqında səmimiyyətlə yazmışdır:
Şeirin
səmasında o bir ülkərdi,
Tez çıxdı, tez yandı, tez batdı getdi.
Əfsus
ki, üzünü azca göstərdi,
Fəqət bir dünyanı parlatdı getdi.
Əli Tudə poeziyasında Vətən və
ayrılıq motivləri üstünlük təşkil edir. O həm də Vətən
təbiətinin əsrarəngiz gözəlliklərini,
insanın sevgi duyğularını vəsf edən xeyli sayda əsərlərin
müəllifidir. O, ana, Vətən, təbiət, məhəbbət,
dostluq, birlik, azadlıq, insanpərvərlik kimi nəcib bəşəri
duyğuları uşaqlar üçün yazdığı
silsilə şeirlərində də nəzərə
çarpdırmışdır. Kitablarının
əksəriyyəti şeir və poemalardan ibarət olsa da
şair qələmini nəsrdə də müvəffəqiyyətlə
sınamışdır. Filologiya elmləri doktoru, professor Mahmizər Mehdibəyova Ə.Tudəni
həm də “hekayə ustası” kimi təqdim edir.
“Tellərdə
çırpınan həsrətlər” (1983) və “Mənə
elə baxma” (1990) kitablarında ədibin povest və hekayələri,
“Öz gözlərimlə” (1986) əsərində isə Cənubi
Azərbaycanla bağlı xatirələrinin müəyyən
bir qismi toplanmışdır. Şairin Milli
hökumət dövründəki bir illik fəaliyyəti,
yaradıcılığı, mübarizəsini əks etdirən,
avtobioqrafik məlumat səciyyəsi daşıyan bu əsər
oxucuya geniş tarixi bilgi verir. Ümumiyyətlə,
Əli Tudənin ədəbi qəhrəmanlarının əksəriyyəti
ömrü mübarizələrdə keçmiş həyat
qəhrəmanı – şairin həmvətənləridır.
Mövzusu əsasən Cənubi Azərbaycan həyatından
götürülmüş bu əsərlər qlobal bəşəri
ideyalar təlqin etməklə yanaşı həm də
insanların gündəlik əmək, məişət
qayğılarından da söz açır. Nəsr əsərlərində qarşıya qoyulan
problemlər müvəffəqiyyətlə öz bədii həllini
tapır.
Əli Tudə nəsrinin bir özünəməxsusluğu
da ondadır ki, o, bəzi hallarda öz şeirlərini hekayə
daxilində verməklə bərabər, həm də bir
sıra hekayələrində özünün poetik misralarını
epiqraf kimi işlədir. Bu əsərlərin ədəbi-bədii
qayəsi müasir oxucunu düşünməyə vadar edir,
onun mənəvi tələbatını ödəyə
bilir.
Əli Tudənin müxtəlif illərdə qələmə
aldığı poemalarında Cənub mövzusu
qırmızı xətlə keçir. Bu poemalar
yazıldığı zaman baxımından yarım əsrlik
bir dövrü əhatə etsə də ideya və məzmun
etibarilə minilliklərdən tutmuş günlərimizədək
və hətta, deyərdim ki, gələcək dövrləri
də əhatələyə bilir. İnsanın
azadlıq ideyaları, Vətən həsrətli kövrək
düşüncələr, doğma yurda bağlılıq,
səmimi sevgi duyğuları Əli Tudə poeziyasının
mayasını təşkil etsə də əksəriyyətinin
sonluğunda gələcəyə yönələn nikbin ruh
hökm sürür.
Mövzu müxtəlifliyi baxımından bir-birindən
fərqlənən Əli Tudə poeziyası müasir ədəbiyyatı
səciyyələndirsə də şairin poetik deyim tərzi,
bədii peyzajları, axıcı təhkiyəsi şifahi
xalq ədəbiyyatından, klassiklərin
yaradıcılığından faydalanmışdır. Poetik
müşahidələrin dərinliyindən və itiliyindən,
bəzən şirin, bəzən də
ağrılı-acılı düşüncələrin, bəzənsə
küskün hisslərin vəhdətindən yaranmış
bu poeziya nümunələrində Azərbaycan ədəbiyyatının
özünəməxsus ahəngi apaydın duyulur. Bədii ifadə vasitələrindən
yerli-yataqlı istifadə edən, xalq
yaradıcılığından yetərincə yararlanan
şairin yaradıcılığı ideya-bədii cəhətdən
də özünəməxsus dəst-xəttilə
seçilir. İdeya-məzmun xüsusiyyətlərinə
görə Azərbaycan ədəbiyyatında özünə
layiqli yer tutmuş əsərlərin müəllifi xalqın
canlı danışıq dilinə poetik çalarlar qataraq bədii
dilin xüsusiyyətlərinə xələl gətirmədən
qəhrəmanlarını özünəməxsus şəkildə
dilləndirməyi bacarmışdır.
Əli Tudə poeziyası günümüzdə də
öz aktuallığını qoruyub saxlamış və
çağdaş oxucuların bütün təbəqələri
üçün böyük əhəmiyyət kəsb edir.
Şair məhəbbətdən, təbiətdən, sadə
insanlardan... cild-cild kitablar yazmışdır. Onun şeirlərinin,
poemalarının, povest və hekayələrinin qəhrəmanlarının
əksəriyyəti sadə insanlardır. Mənə elə gəlir ki, istər şeir, istərsə
də nəsr əsərlərinin qəhrəmanı elə
Əli Tudənin özüdür. Müəyyən
bir hadisəni, söhbəti, təbiət gözəlliklərini,
doğma el-obanın məişət duyğularını bu
cür həssaslıqla qələmə almaq, həmin
anları olduğu kimi yaşamış bir adamın hissləridir
– qənaətinə asanlıqla gəlmək olur.
Əli Tudə yaradıcılığında ədəbiyyatşünaslıq
məsələləri, eləcə də publisistika önəmli
yer tutur. Məhsuldar şair vaxtaşırı olaraq mətbuat
səhifələrində ədəbi-tənqidi məqalələrlə
çıxış etmiş, bir çox kitablara ön
söz, gənc şairlərə uğurlu yol, müxtəlif
səpkili bədii əsərlər haqqında rəy və
resenziyalar yazmış, öz qələmini publisistika sahəsində
də sınamışdır.
Sağlığında işıq üzü görmüş 30-dan çox kitabının üçü nəsr əsərlərini əhatə edir. “Öz gözlərimlə” kitabında ədibin xatirələri toplanmışdır. Həmin xatirələr ədəbiyyatşünaslıq və tarix baxımından memuar ədəbiyyatın gözəl nümunələridir. Şair Vətən mövzusunda çoxsaylı şeirlərin müəllifidir. Vətənin azadlığı, müstəqillik arzusu başlıca yer tutan bu şeirlərdə Cənub həsrəti, istiqlal nəğmələri, azadlıq hissləri geniş şəkildə qələmə alınmışdır. Vətən mövzusunda yazılmış şeirlər şairin yaradıcılığında başlıca yer tutur. Bu əsərlərin əsas leytmotivi Vətənə bağlılıq, milli oyanış və azadlıq uğrunda mübarizənin tərənnümüdür. Poeziya yaradıcılığında siyasi lirikaya böyük önəm verən şair Cənubi Azərbaycan demokratik ədəbiyyatının yaradıcılarından biri olmuşdur.
Ana, Vətən kimi müqəddəs duyğulardan sonra şairin ən çox müraciət etdiyi mövzulardan biri də doğma yurdun təbiətinin tərənnümüdür. Əli Tudə şeirlərinin səciyyəvi xüsusiyyətlərindən biri də məhz budur ki, o, nəzmə çəkdiyi bütün təbiət abidələrini dilləndirməyə, onların poetik lövhəsini yaratmağa müvəffəq olmuşdur.
Şairin şeirləri içərisində insanın sevgi duyğuları öz ülviliyi, müqəddəsliyi, tərbiyəvi xüsusiyyətləri ilə diqqət çəkir. Bu əsərlərdə təmiz məhəbbət, ülvi eşq, saf düşüncə sahibi olan sevgililərin gənclik hiss və duyğuları ön planda verilir, insanlara həqiqi məhəbbət yolunda sədaqətlilik, dönməzlik, mübarizlik, qətiyyətlilik kimi mənəvi keyfiyyətlər aşılanır.
Uşaqlar üçün yazılan şeirlərin də böyük tərbiyəvi əhəmiyyətini vurğulamaq lazımdır. Böyüklərə hörmət, ata-anaya məhəbbət, doğruçuluq, dürüstlük, vətənpərvərlik, doğma yurda bağlılıq kimi nəcib insani keyfiyyətlərin baçlıca yer aldığı bu poetik parçalarda dilin təmizliyi, anlaşıqlı ifadə və deyim tərzi başlıca meyar kimi diqqət çəkir. Şairin şeirləri orijinal obrazlılıq tərzi, üslub xüsusiyyətləri və poetik axıcılığı sayəsində oxucuların rəğbətini qazanmışdır.
Bir sözlə, Əli Tudə yaradıcılığının böyük əhəmiyyət daşıdığını haqqında yazılıb çap edilmiş məzmunlu məqalələr də sübut edir.
Ağahüseyn
ŞÜKÜROV
“Elm” qəzetinin
müxbiri.
agahuseyn.shukurov@mail.ru
525-ci qəzet.-
2013.- 26 sentyabr.- S.7.