Postmodernizm – müasir dövrün intellektual və emosional ifadəsi

 

 

 

Postmodernizm poststrukturalizm nəzəriyyəsinin, dekonstruktivizmin ədəbi-tənqidi təhlil təcrübəsinin və müasir incəsənətin bədii təcrübəsinin sintezi kimi təfəkkür tarixinə qədəm qoyub. Bu sintez dünyaya tamamilə fərqli, yeni bir baxış statusu iddiasını özündə daşıyır. Qeyd etmək lazımdır ki, bu iddia son bir neçə onillikdə o qədər güclü təsirə malik olmuşdur ki, ədəbiyyatda, sənətdə “yenilik”, “orijinallıq”, “müasirlik” və s. anlayışları “postmodernizm” termini ilə sanki sinonim səciyyəsi daşımağa başlamışdır. “Postmodern” yarlığı, “postmodern” klişesi vurulmayan hər hansı bir sənət əsəri diqqətdən kənarda qalır, əksinə, bu ad altında yaranan hər hansı bir əsər isə, əvvəlcədən, heç bir bədii, sənətkarlıq, fikir və məzmun xüsusiyyətlərinə baxmayaraq, ədəbiyyat və sənət məkanında özünə yer tapmış sayılır. Müasir ədəbiyyat olimpinə iddialı olan hər hansı bir əsər hökmən postmodernist səciyyə daşımalıdır.

Belə bir təmayül son illər Azərbaycan ədəbiyyatında da özünü çox bariz şəkildə göstərir, hətta, qəribədir, həmişə olduğu kimi yenə də gecikmiş şəkildə bütün dünyada “postmodernizm” dalğası aşağı düşüb sakitləşməyə, durulmağa başladığı bir vaxtda Azərbaycan ədəbiyyatında bu, yeni nəslin yeni nihilist çılğınlığı, özünütəsdiqi kimi meydana çıxır.

Yarım əsrdən artıq bir dövr ərzində yaranmasına və demək olar ki, nəinki ədəbiyyat və sənətə, həmçinin ictimai həyatın və təfəkkürün bütün sahələrinə sirayət edən bu anlayış bir problem kimi tədqiqatçıların hələ də həll edə bilmədikləri, daha doğrusu, həllində yekdil fikrə malik olmadıqları bir çox suallar doğurub. Hələ bir çoxları postmodern fenomeninin varlığını qəbul etmir, onu növbəti bir fiksiya, müasir bədii prosesin gerçəkliyində deyil, daha çox bəzi Qərb sənət nəzəriyyəçilərinin təsəvvüründə var olan sönük nəzəri qurğuların nəticəsi kimi qəbul edirlər. Postmodernizm mürəkkəb, eklektik, yekcins olmayan bir hadisədir. Postmodernist problematika nitsşeçilik, marksizm və freydizmin daha dərin və müxtəlif yönlü dərki ilə təşəkkül tapıb. Lakin postmodernizm bir təfəkkür istiqaməti olaraq universal fəlsəfi nəzəriyyə yaratmaq iddiasında olmayıb. Böhran səciyyəsi olaraq postmodernizmə pessimizm xasdır, onun üçün dünyanın və mədəniyyətin sabitliyini, möhkəmliyini şübhə altında qoyan apokalipsis situasiyasının dərki ilə Ümuminin aydınlaşdırılmasından daha çox, Xüsusinin oyunlarının təsviri səciyyəsidir. Onun perspektivindən insanın gördüyü hər iş, bağlı olduğu hər şey mahiyyət etibarilə illüziyadır, insanın etdiyi seçim isə pisə nisbətən daha az pisin üstün tutulmasıdır. “Subyekt”in, “məna”nın itirilməsi, əvvəlki dövrlərin üslub və mənaları ilə oyun, “hadisəlilik və bədənlilik konteksti”nə çıxışın nəzərdə tutulması, bununla da özündən əvvəlki idealist təfəkkür istiqamətlərinin loqomərkəzçiliyinə qarşı duruş bu istiqamətin əsas xüsusiyyətlərindəndir. Postmodernizmə görə, “əşyaların dərin müqaviməti” dünyanın dərkinə imkan vermir. Bu müqavimət bir məsafə yaradır. Obyektin mövqeyinə keçid tələbatı yaradır, bu da dünyanın rasional şəkildə dərkini və eləcə də onu dəyişməyi mümkünsüz edir. Ona görə də postmodernistlər dünyanın, varlığın dərki ilə bağlı pozitivist ontologiyasından imtina edir və onu rasional idrak baxımından mütləq şəkildə tükənmiş hesab edirlər. Bu nöqteyi-nəzərdən postmodernist dünyagörüşü post qeyri-klassik elmin idealları ilə səsləşir, onun yaratmağa cəhd etdiyi qeyri-klassik ontologiya ənənəvi təfəkkür paradiqmaları çərçivəsində məlum anlayışlarla ifadə olunan bitmiş açıq dinamik sistemlərə yönəlmiş olaraq öz anlayışlarını doğurur.

 

Postmodernizm özünün ilkin formalarında nisbətən dar fəlsəfi-ədəbi maraqlar sferası ilə məhdudlaşan poststrukturalizmdən fərqli olaraq, yarandığı gündən  həm ümumiyyətlə müasir sənətin ümumi nəzəriyyəsinin, həm də özünəməxsus postmodernist mentalitetin – “postmodernist hissiyyatlılığın” ifadəsi olmağa iddiaçı olmuşdur. Postmodernizm insan fəaliyyətinin bütün sahələrində – ədəbiyyat və sənət, sosiologiya, fəlsəfə, elm, iqtisadiyyat, siyasət və sairədə “zamanın ruhu”nun ifadəsi kimi qəbul olunmuşdur.

Postmodernizm dünyaya estetik baxış, ictimai və əqli fəaliyyətdə, bədii yaradıcılıqda ortadoksal dinin və loqomərkəzçi təfəkkürün buxovlarından uzunmüddətli azadlıq prosesinin məhsulu, həmçinin insanın dünyada mərkəzi mövqe tutması ideyasından imtinadır. İntibah dövründə formalaşmış antropomərkəzli universum, insanın yaradılışın mərkəzi olması haqqında təsəvvürləri artıq son iki əsrdə müdafiə etmək getdikcə çətinləşirdi. Zamanla tamamilə aydın olmağa başladı ki, “insan heç də kainatın mərkəzi deyil, o, təbiətin kaprizindən başqa bir şey deyil”.

Postmodernizm eyni vaxtda Amerika və Avropanın bir neçə inkişaf etmiş ölkəsində yaranmışdır. O, bir tərəfdən modernizmin davamı, digər tərəfdən isə onun dəf edilməsidir. Yeni dövrün sənəti ilə tam qarşılaşdırdıqda postmodernizm öz sələfinə – modernizmə daha yaxın durur.

İlk dəfə “postmodernizm” termininə R. Panviçin “Avropa mədəniyyətinin böhranı” adlı əsərində (1917) rast gəlinir. 1934-cü ildə F. de Onis onu modernizmə müasir reaksiyanın mənalandırması kimi tətbiq edir, postmodernizmə ədəbiyyatın inkişafında aralıq mərhələ (1905-1914) kimi baxılır. A. Toynbi “Tarixin dərki” (1947) kitabında bu terminə kulturoloji məna verir.

Postmodernist sənət çoxobrazlı, parçalanmış və ziddiyyətli səciyyə daşıyır. Onun enerjisi, R.Kraussun yazdığı kimi, özündən  əvvəlki bir neçə onilliyin sənətindən fərqli olaraq hər şeyi əhatə edən, məsələn, “abstrakt empressionizm” və ya “minimalizm” adlandırıla bilən bir terminlə vahid bir məcraya yönəlmişdir.

Bədii “cərəyan” ideyasının əsasında duran sənətkarların kollektiv fəaliyyəti və birliyi anlayışının əksinə olaraq postmodernist sənət özünün müxtəlifyönlülüyü, çoxistiqamətliliyi ilə fərqlənir. Onun əhatə etdiyi müxtəlif növlü axınların prototipi kimi çıxış edən şəxsi azadlıq obrazı  sənətkarı artıq yaranmış imkanların müxtəlifliyindən  seçim hüququna malik edir. Əvvəllər  isə bu imkanlara gedən yolu bədii üslubun repressiv anlayışı kəsirdi.

Bədii mədəniyyət zəminində yaranan postmodernizm tezliklə fəlsəfə, estetika və humanitar elmləri əhatə edən çox  geniş bir sahəyə hakim olmuşdur.

Postmodernist əhval-ruhiyyə özündə, N.B.Mankovskinin yazdığı kimi, İntibah və Maarifçilik ideal və dəyərlərinə, onların tərəqqiyə olan inamına, ağlın təntənəsinə, insan imkanlarının hədsizliyinə olan məyusluğun möhürünü özündə daşıyır. O, müasir dövrün esxatoloji əhval-ruhiyyəsi, estetik mutasiya, “böyük” bədii üslubların silinməsi, bədii dilin eklektik qarışığı ilə səciyyələnən “yorğun”, “entropiyalı” mədəniyyət sayılır.

“Yeniliyə avanqard meyllilik dünya bədii mədəniyyətinin bütün təcrübəsini onun ironik sitatlaşdırması yolu ilə müasir sənətin orbitinə daxil etməsinə qarşı durur. Dünyanın xaos kimi modernist təsəvvür düşüncəsi, oyun kimi mənimsənilməsi təcrübəsi onun insanın məskunlaşması mühitinə çevrilməsinə qarışır. Tarix üçün darıxmaq “estetika və siyasət” mövzusunun maraqlar mərkəzini “estetika və tarix” problemi ilə əvəzləyir. Postmodernizmdə keçmiş sanki onun haqqında təbəqələşmiş stereotiplərin arasından işıqlanır”.

Postmodernizmin aparıcı nəzəriyyəçilərindən biri J.F.Liotar hesab edir ki, cəmiyyətin postsənaye, mədəniyyətin isə postmodern adlandırılan dövrünə keçid keçən əsrin 50-ci illərinin sonundan – Avropanın İkinci Dünya Müharibəsindən sonrakı bərpasının ardından başlamışdır. Modern proyekti unudulmamış, “ləğv edilməmiş”, məhv edilməmişdir. O, razılığa, konsensusa, müxtəlifliklərin kənarlaşdırılmasına deyil, ixtilafa, müxtəlif diskusları, müxtəlif “dil oyunlarını” qoruyub saxlamağa müsaidə edən narazılığın razılıq qarşısında prioritetinin təsdiqinə yönəlmişdir. Bizim müasirliyimiz intibah dövrü ilə açılır, postmüasirlik hadisələrin əvvəlki gedişinin davamıdır. Ona görə də postmodern modernin antitezi deyil, əksinə, modernə daxil olub artıq çoxdan implisit şəkildə saxlandığı onun bir tərkib hissəsini təcəssüm etdirir.

Liotar “post” ön şəkilçisinə geriyə qayıdış kimi deyil, sənətin inkişafının əvvəlki dövrlərini yenidən xatırlama və yenidən baxış kimi nəzər salmağı təklif edir. Postmoderni modernin tarixi antitezi kimi təqdim etmək fikrindən qaçmağa cəhd edərək, Liotar hətta posmodern üçün yeni ad belə təklif edir: “redaktə olunmuş modern”. “Post” ön şəkilçisi tərsinə, geriyə hərəkəti, təkrarı bildirmir, daha çox konversiyanı-istiqamətin dəyişməsini, əvvəlkinin əvəz olunmasını göstərir. Postmodernizm modernizmin sonu, yeni epoxa deyil, modernizmin növbəti mərhələdə yeniləşməsidir. Modernin antitezi postmodern deyil, klassikadır.

“Post” ön şəkilçisi ilə olan terminin uğursuzluğu postmodernizmin tədqiqatçılarının bir çoxunu narahat etmişdir. Bu narahatçılığı doğuran əsas səbəb odur ki, postmodernizmə modernizmin yerinə gələn yeni, müstəqil bədii üslub kimi baxılır. Lakin postmodernizmi indi, yaranmasından bir neçə onillik keçəndən sonra haqqında müstəqil bədii üslub kimi ciddi şəkildə danışmaq  üçün çox gənc hesab edirlər.

Postmodernizmin tətbiqinin müvəqqəti çərçivələri daima genişlənir, həm də bu heç bir ciddi əsas olmadan edilir. Umberto Eko 1983-cü ildə yazırdı ki, “Postmodernizm” hər bir hal üçün yararlı termindir. Bu termini işlədən hər bir şəxs həmişə nəyisə tərifləmək istədikdə ona müraciət  edir. Əvvəlcə bu termin axırıncı 20 ilin yazıçı və sənətkarları üçün işlədilirdi. Sonra yavaş-yavaş əsrin əvvəllərinə yayılmağa və sonra başqa zamanları da əhatə etməyə başladı. Ekonun dediyi kimi, “dayanacaq görünmür, tezliklə postmodernizm kateqoriyası Homeri də əhatə edəcəkdir”.

Postmodernizmin, demək olar ki, həmişə mövcud olduğu və onun hər yeni bədii üslubun qaçılmaz mərhələsini təmsil etməsi fikri – söz oyunundan başqa bir şey deyildir. Buna Ekonun özü də aludə olmuş və gözlənilməz bir fikir irəli sürmüşdür ki, postmodernizm çoxdan keçmişə gömülmüş manyerizmdir.

Postmodernizm sözü, beləliklə, iki əsas mənanı ifadə edir. Birincisi, müasir sənətin istiqaməti. İkincisi isə müasir dövr haqqında ümumi təsəvvür, özünəməxsus intellektual əhval-ruhiyyə, keçən əsrin sonlarına və müasirliyə xas olan zamanın ruhunu mücərrəd anlayışlarda ifadə etmək cəhdi.

Birinci mənada postmodernizm “bədii postmodernizm”, ikinci mənada isə “fəlsəfi postmodernizm” adlandırılır. Nəzərə almaq zəruridir ki, fəlsəfi postmodernizm bir neçə  elmi fənnin – linqvistika, fəlsəfə, estetika, psixologiya, tarix, sosiologiya və s.nin sərhədində yerləşən kompleks konsepsiyaları təmsil edir.

Bədii postmodernizm 1950-ci illərin sonlarında –1960-cı illərin əvvəllərində təşəkkül tapmağa başlamışdır. Fəlsəfi postmodernizm isə nəzərə çarpacaq dərəcədə gec – 1970-ci illərin sonlarında yaranmışdır. Fəlsəfi postmodernizmin formalaşmasında J.Derrida, M.Fuko, J.Delez, J.F.Liotar, J.Bodriyar, F.Qvattari, Y.Kristeva, P. de Mann və başqalarının ideyaları əhəmiyyətli rol oynamışdır.

Yalnız sənətdəki axını deyil, həm də bütün müasir mədəniyyətə aid olan müəyyən intellektual əhval-ruhiyyəni əhatə etməsi baxımından postmodernizmin genişləndirilmiş şərhi ciddi etirazlar doğurur. Bəzi tədqiqatçılar hesab edir ki, “postmodernizm” termini başlıca olaraq ədəbiyyatda və sənətdəki üslub və istiqamətlərə aiddir.  Postmodernist təsəvvürlərin iqtisadiyyat, sosial və siyasət münasibətləri sferasına yayılmasının əsaslılığını inkar edən bu tədqiqatçılar məzmununa görə fərqlənən “modernitə” və “postmodernitə” anlayışlarını istifadə edir. “Postmodernitə” müasir dövrün bir çox əlamətlərini bildirir, o cümlədən o əlamətləri də ki, “yəqin ki heç nəyi bilmək olmaz, belə ki, epistemologiyanın bütün əvvəlki “əsaslarının” etibarsızlığı aydın olmuşdur; tarix teleologiyadan məhrum olmuş və deməli, “tərəqqinin” heç bir versiyasını etmək olmaz...”

Çoxları tərəfindən qəbul edilən “postmodernitə” konsepsiyası üçün bu əsrin yarısını əhatə edən inkişafın Qərb modelinin dünya liderliyi, birqütblü dünyanın formalaşması inamı xasdır. Bu təqdirdə  fəlsəfi postmodernizm tərəfindən bəyan edilən heç bir rəy və mövqelərin plüralizmindən danışmaq olmaz. “Postmodernizm zamanın ruhuna daha adekvat olaraq dövrün intellektual və emosional ifadəsi kimi daxilən qeyri-ardıcıldır. O, birləşməyəni birləşdirməyə çalışır. Bir tərəfdən bu müasir dövrün bütöv dərkinə şüursuz (şüuraltı) cəhddir. Digər tərəfdən isə müasir (açıq) cəmiyyətin və onun fərdlərinin həyatı haqqında ilkin fraqmentarlılığın və təsəvvürlərin prinsipial sintez olunmamalarının aydın dərkidir”.

Fəlsəfi postmodernizm fəlsəfədə xüsusi istiqamət deyildir. Onda ideyaların vahid kompleksi yoxdur. Fəlsəfədə yeni istiqamətlərin inkişaf etməsi üçün iştirakı mümkün olan hər hansı bağlayıcı konsepsiya yaratmayıb, müxtəlif müəlliflər arasında  fərq o qədər böyükdür ki, əgər onlardan biri “postmodernist” adlandırılsa, bütün başqalarını az qala postmodernizmdən çıxarmaq lazım gələr. Bu istiqamətləri birləşdirən bir ümumi cəhət vardır ki, onların hamısı yalnız nihilist tənqidə istiqamətlənir və heç bir pozitiv cavab vermirlər.

Son bir neçə onillik ərzində fəlsəfi postmodernizm tərəfindən sənət, ədəbiyyat haqqında bir çox mühüm şeylər deyilmişdir. Lakin müasir sənətin vahid, bağlayıcı və ardıcıl posmodernist estetik konsepsiyası yoxdur. Tədqiqatçıların bir çoxunun da eyni fikirdə olduğu kimi, fəlsəfi postmodernizm müasir sənət haqqında özünün ayrı-ayrı mühakimələrində nə qədər maraqlı olsa da, bədii postmodernizmin estetikası ola bilməmişdir. Bununla bərabər fəlsəfi postmodernizmin konstruktiv postmodernizm adlandırılan yeni cücərtiləri də var. O, həmçinin modernizmin dəf olunmasına yönəlmişdir, ancaq nə isə gizli dekonstruksiya ilə yox, müasir düşüncə təhlili, modernizmin və ondan əvvəlki yeni dövrün dünyagörüşünün ilkin şərtlərinə yenidən baxılması vasitəsilə. Konstruktiv postmodernizm elmə müasir düşüncənin qeyri-adekvatlığının şahidi kimi baxmır. Cəmiyyətin yeni dərkini o, ekoloji hərəkata, sülh uğrunda hərəkata, feminizmə, zəmanəmizin cürbəcür azadlıq hərəkatlarına ümidlə əlaqələndirilmiş şəkildə təsəvvür edir. İstehlak cəmiyyətinin ümumi tənqidi ilə məhdudlaşmayaraq konstruktiv postmodernizm qeyd edir ki, müasir dövr bir çox pozitiv nailiyyətlərə gətirib çıxarmışdır. Konstruktiv postmodernizm elmi, etik və estetik intuisiyaların yeni birliyini nəzərdə tutan konsepsiyaların yaranmasına cəhd edir.

Bədii postmodernizm müqayisə olunacaq dərəcədə qısa vaxt ərzində mövcuddur. Olduqca müxtəlif istiqamətlidir, intensiv inkişaf prosesindədir. İnkişaf xətti isə hələlik qeyri-müəyyənliyə aparır. Onun, məhz postmodernist sənətkarların öz əsərləri ilə ifadə etmək istədikləri kimi, auditoriya ilə tam başa düşülməyən əlaqəsi zəifləmişdir. Bu, əhəmiyyətli dərəcədə postmodernizmin estetikasının sistemləşməsinə mane olur.

Bədii ədəbiyyatda postmodernizmi xüsusi “yazı üslubu” kimi fərqləndirirlər. Lakin bu üslubun modernizmin daxilində onun inkişafı boyu yaradılmış üslubi xüsusiyyətlərindən nə qədər mühüm şəkildə yeni bir cərəyan və istiqamətin yaradıldığı dərəcədə fərqləndiyi tədqiqatçılar və nəzəriyyəçilər arasında hələ də mübahisəlidir. Modernizmlə postmodernizm arasında “epistemoloji qırılma” nöqtəsi mövcuddur. Bir çox tədqiqatçı iki epistemin – subyektivliyin və  subyektivliyin itirilməsinin qarşıdurmasında əks olunan modernist və postmodernist ədəbiyyatlar arasında radikal ayrılmanın mövcudluğunu qeyd edir, digərləri isə  hesab edirlər ki, modernizmə qarşı qoyulan “postmodernizm reaksiya” hər şeydən əvvəl tənqidi mifdir və məhdud amerikan ədəbi situasiyasının reaksiyasıdır.

Ədəbiyyatda “postmodernizm” termini bir neçə mənada işlədilir. Modernizmdən postmodernizmə doğru hərəkətin səciyyəvi olduğu, yəni artıq modernizmin öz ifadə formalarını tükədib arxada qaldığı müəyyən dövrü – keçən əsrin birinci yarısında hakim olan modernizmin son həmlələri keçən əsrin 40-50-ci illərində “antiroman” və “antidram” ədəbiyyatı şəklində özünü göstərdi. 60-cı illərdə isə postmodernizmin cizgiləri aydın şəkildə görünməyə başladı. Həmin illərdə Azərbaycan ədəbiyyatında bu dalğa 60-cı illər ədəbi nəslinin yaranmasını şərtləndirdi. Bu nəsil artıq ədəbiyyat  tarixi səhnəsində inkişafının pik nöqtəsində olan və yavaş-yavaş öz yerini adına “post” önşəkilçisi artıraraq onu davam etdirən, nə qədər paradoksal görünsə də həm də inkar edilən modernizmin xüsusiyyətlərini mənimsəyərək özünəməxsus yeni bir ədəbiyyat yaratmağa başlamışdı. Əlbəttə,  60-cı illər Azərbaycan sovet gerçəkliyi postmodernizm doğurmamışdır, ədəbiyyatın  həm də həyatın bütün ünsürləri kimi ənənələr üzərində doğulmaqla həmin ənənəni dağıda bilən bir həyat gerçəkliyi olduğunu nəzərə alsaq, sosializm realizminin o dövrə qədərki Azərbaycan ədəbiyyatını nə qədər  buxovladığını və dünya ədəbi-fəlsəfi təfəkkür axınından nə qədər uzaq tutduğunu nəzərə alsaq, 60-cı illər Azərbaycan ədəbiyyatının, əlbəttə ki, Avropa və Amerikada yaranan “postmodernizmi” doğura bilməyəcəyini anlamaq mümkündür. “Postmodernizmin özünəməxsus dünyagörüşü və mədəniyyət haqqında təsəvvür kimi yaranması üçün XX əsrin sosial-tarixi və estetik təcrübəsi zəruri idi”.

Ədəbiyyatda “postmodernizm” termininin digər bir müəyyənləşdirici mənası da modernizmin inkişafının müasir, eyni zamanda artıq son, tamamlanma mərhələsini bildirir. Bu mənada postmodernizm modernizmin əsas təməl prinsiplərinin son həddə gətirilməsi ilə səciyyələndirilir. Əgər modernistlər tanrının ölümü haqqında Nitsşenin fikrini insan həyatının mənasızlaşması, dəyərlərin aşınması, absurdun, metafizik qiyamın sərhədlərinə gətirib çıxarırdısa, postmodernistlər bunu total xaos, hər cür  “bilik”dən, hər bir “izahedici sistem”dən imtina həddinə çatdırırlar. Postmodernist mətn subyektiv montaj hakimiyyətlidir, xaosun analogiyasıdır, qeyri-sistemli, fraqmentar, eklektik, müxtəlif üslubludur. Modernizm özü də, postmodernistlərə görə, müxtəlif “sistem”lərin məcmusu, xaosun müxtəlif üsullarda təşkili olduğuna görə şübhə altına qoyulur. Lakin eyni zamanda postmodernizm plüralist mahiyyət daşıyır, modernizmdən fərqli olaraq əvvəlki mədəniyyətləri, düşüncə və ifadə tərzlərini rədd etmir, onların  üzərində qurulur. Bu baxımdan postmodernizmdə Y.V. Poqrebnayanın qeyd etdiyi kimi, iki dominant keyfiyyəti fərqləndirmək olar. Birincisi “aysberq prinsipi”, yəni mətnin kökləri ilə tarixin və mədəniyyətin dərinliklərinə gedişi, ikincisi isə mədəniyyətin gerçəkliyə deyil, mədəniyyətin özünə oriyentasiyasını. Postmodernizm   yalnız insanların  və əşyaların deyil, həm də insanların yaratdığı obrazların gerçək həyat yaşadığı yeni gerçəkliyi, buna müvafiq olaraq da yeni axını formalaşdırır.

Postmodernizm bu və ya digər dünyagörüşü paradiqmalarını müəyyənləşdirən real hadisə və faktlarla, məlumatlarla deyil, artıq, bilinənlərin işarələnənlərin qalığı  ilə, dərk olunmayan, müəyyən olunmayanlarla maraqlanır. Buna görə də rasional düşüncə istiqamətində gnesooloji fəaliyyətin mərkəzi olan dərk edən subyekt “əriyib”  “dünyanın siması”nı açır. Bu zaman gerçəklik, dünya vahid sonsuz mətn kimi qəbul edilir. Bu sonsuz mətn özündə metaforalar, allüziyalar, sitatlar, üzərində oynanılan mənalar saxlayır. Dəyərlər sisteminin, ümumiyyətlə heç bir dəyərləndirmənin olmaması, ədəbi-fəlsəfi marginallıq, prinsip səviyyəsinə qaldırılmış deskriptivlik postmodernizmin klassik fəlsəfi dəyərləndirmələrdən hər hansı bir idraki sistem yaratma cəhdindən imtinanı təsdiq edir. O, müxtəlif epistemlərdə, kontekstual tranformasiyalarda tədqiq edilənlərin, öyrənilənlərin sonsuz  metamorfozunu yaradır, anlamaq istədiyi predmetə  və ən müxtəlif elmi-bədii düşüncə sistemlərinə münasibətdə tolerantlıq və plüralizm apofeozuna gətirib çıxarır. Yaradıcılığa “bərpaetmə”, “yenidən istehsal etmə” kimi özünəməxsus şərhlə yanaşma onun rasional idrakdan şüurlu şəkildə imtina etməsinə və artefaktları manipulyasiya etməyə, özündən əvvəl müxtəlif dövr və üslublarda yaradılmış əsərlərin üzərində özünəxas texnika və üsulla oynamasına yönəldir. Postmodernizmin mövcudluq və inkişaf əsaslarından olan plüralizm loqomərkəzçi  baxışların əksinə olaraq hər cür meyarlılıq prinsipinin əhəmiyyətinin itirilməsi ilə gerçəkləşir. Özündən  əvvəlki elm – qeyri elm, bilik – qeyri bilik, mədəniyyət – qeyri mədəniyyət, sənətqeyri sənət fərqləndirmələrini rədd edərək, hansı prinsip, metod, meyara əsaslanmağından asılı olmayaraq hər cür fikir və yaradıcılıq fəaliyyətinin varlığına haqq qazandırır, onlara eyni məsafədən yanaşır. Ümumiyyətlə, postmodernizm özünəqədərki ədəbi-fəlsəfi estetik düşüncənin əsas prinsiplərindən olan “binar münasibətləri”, dialektikanın təməlində duran ziddiyyət, eyniyyət qanunauyğunluqlarını inkar edir, belə yanaşmanın həqiqiliyini isbat edəcək əsasların olmadığını, hələ xaosun hökm sürdüyü böhran situasiyalarında, açıq dinamik sistemlərdə ənənəvi təfəkkür anlayışlarının yararsız olduğunu iddia edir.

Bunun müqabilində postmodernizm ədəbiyyat və fəlsəfəni bir sonsuz mətn kimi və ya danışıq aktı kimi anladan “total kritisizm”, “əksfəlsəfi diskurs” anlayışlarını meydana qoyur və iddia edir ki, gerçəkliyi “binar münasibətlər”, ziddiyyətlərin qarşılıqlı əlaqəsi çərçivəsində öyrənmək istəyən dil heç bir zaman dəqiq təcəssüm və obyektiv nəticə kimi çıxış edə bilməz. Bu baxımdan obyektivlik subyektivliklə, vahidlik – sonsuz yenidən istehsal etmə ilə, yeninin yaradılması kimi həqiqi yaradıcılıq imkanı artıq kəşf edilmişin kəşfi şəklindəki yaradıcılıqla, sonsuz  sitatlar, kompilyasiya, kollaj fəaliyyəti ilə kinayənin apologiyasına aparan əvvəlki yaradılmışlarla oyunla əvəz olunur. Postmodernizm bütün mənaları mühakimə edir. Tarixi artıq yaşanmış, bitmiş, tükənmiş sayır. O, dünyagörüşün paradiqmalarını müəyyən edən, dünyanın hər hansı bir elmi, fəlsəfi, bədii mənzərəsinin əsasında duran “olmuş”lardan, “verilənlər”dən çox,  dərkedilməyənlərlə, ifadə edilə bilməyənlərlə, müəyyən edilə bilməyənlərlə  maraqlanır. Ona görə də postmodernist baxışda idrak fəaliyyətinin mərkəzi olan dərk edən subyekt anlayışı əriyir, yox olur, onun yerinə “dünyanın siması” açılır. Bütün gerçəklik vahid sonsuz mətn kimi çıxış edir. Bugünə qədər dünyanın hansı formada olursa olsun, elmi, fəlsəfi, bədii, estetik, dini və s. dərkinin nəticəsi yazı formasındadır. Dünya idrak obyekti kimi yanaşıldığına görə, dünyaya bütün metaforaları, allüziyaları, sitatları, düşüncələri, üzərində oynanılan mənaları özündə saxlayan mətn kimi baxılır. Özünü dərketmə də mədəniyyət adlandırdığımız bir-biri ilə qarşılıqlı əlaqədə olan “mətnlər məcmusu”dur. Ümumiyyətlə, hər şey mətnin içində mövcuddur, postmodernizmin əsas yaradıcı simalarından biri olan Derridanın dediyi kimi, “heç nə mətndən kənarda mövcud deyil”.

 

Afaq Əsədova

525-ci qəzet.- 2013.- 27 sentyabr.- S.7.