Milli Kitabxananın 90 illik yubileyi qeyd edilib
Sentyabrın 25-də Opera və Balet Teatrında
Azərbaycan Milli Kitabxanasının 90 illik
yubileyi ilə bağlı mərasim keçirilib. Tədbiri giriş sözü ilə açan mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev ölkə başçısı
İlham Əliyevin kitabxana işçilərinin
“Tərəqqi” medalı
və “Əməkdar mədəniyyət işçisi”
fəxri adı ilə təltif olunması haqqında sərəncamlarını oxuyub.
Əbülfəs Qarayev Milli Kitabxananın müasir Azərbaycanın mədəni
və elmi həyatında mühüm
yeri olduğunu vurğulayıb.
Baş nazirin müavini, Xalq yazıçısı
Elçin Əfəndiyev
Milli Kitabxananın keçdiyi tarixi yol haqqında məruzə ilə çıxış edib:
“Milli Kitabxananın 90
illik yubileyi lokal mədəni hadisə deyil. 90 il əvvəl
bu böyük kitabxananın yaradılması
müasir Azərbaycanın
fikir tarixinin ən sanballı səhifələrindəndir. Şəxsi təşəbbüslər
nəticəsində xüsusi
kitabxanalar yaransa da, dövlət səviyyəli kitabxananın
yaradılması yalnız
1920-ci ildə Azərbaycan
Respublikası Xalq Ali Komissarlığının 13 noyabr
tarixli iclasında müzakirə olunub.
Ancaq kitabxananın yaranması prosesi üç ilə yaxın vaxt apardı. O zamanlar Milli Kitabxananın on üç
nəfərdən ibarət
kollektivi vardı. Məhz bu on üç nəfərin vətəndaş
sədaqəti, onların
kitaba sevgisi, dəyəri bizim bugünkü Milli Kitabxanamızın əsasını
qoydu. Yaranandan on
il sonra
artıq kitabxananın
otuz dörd min üç yüz doxsan dörd oxucusu olub. Bəlkə də
bu rəqəm indi sadə görünür, ancaq o dövr üçün
son dərəcə böyük
əhəmiyyətli rəqəmdir.
Bu gün kitabxanada
çox qədim və nadir kitablar saxlanılır. 1998-ci ildə respublikada ilk
internet zalı məhz
Milli Kitabxanada açılıb. Milli Kitabxana
statusu aldıqdan sonra kitabxananın fəaliyyət dairəsi,
beynəlxalq əlaqələri
xeyli dərəcədə
genişlənib. Milli Kitabxana
Türkiyədən tutmuş
Çexiyaya qədər,
Fransadan, Hollandiyadan tutmuş İran İslam Respublikasınacan
və digər xarici ölkələrin kitabxanaları ilə
30-dan çox memorandum imzalayıb.
Son illər ərzində
Milli Kitabxananın təcrübəsində virtual oxucu termini daxil olub. 2006-cı ildən etibarən onun elektron kitabxanası
oxucuların ixtiyarına
verilib. Hazırda Azərbaycan Milli
Kitabxanasının 60-dan çox
xarici kitabxana ilə əlaqələri
var. Kitabxana bir gündə 1500 oxucuya xidmət edir”.
Sonra çıxış
edən Milli Kitabxananın direktoru Kərim Tahirov bu mədəniyyət ocağının bir neçə Azərbaycan ziyalı nəslinin yetişməsində böyük
rol oynadığını
vurğulayıb. O, ölkə başçısına kitabxana
işçilərini təltif
etdiyinə görə
minnətdarlığını bildirib: “Cənab prezidentin bu sərəncamı təkcə
bizim kollektivimizə yox, bütövlükdə
Azərbaycanın kitabxana
ictimaiyyətinə, elmin,
təhsilin inkişafına
verdiyi dəyərdir.
Bu gün təqaüddə
olan bizim keçmiş işçilərimizin
hamısı bu yubiley gecəsinə dəvət olunmuşdur.
İlk növbədə onlara təşəkkür edirəm.
Onlar bizim bu uğurlarımızın
özülünü, təməlini
qoyub, bu günümüzə çatdırıblar”.
Daha sonra Avropa Milli Kitabxanaları Komitəsinin sədri, Fansa Milli Kitabxanasının direktoru Bruno Rasini, Asiya Milli Kitabxanaları Komitəsinin sədri Aleksey Bisney də çıxışlarında ölkəmizə gəlməkdən məmnun olduqlarını bildiriblər və Milli Kitabxananın Azərbaycanın mədəni həyatındakı əvəzsiz rolundan, mədəni irsimizin qorunmasının vacibliyindən danışıblar.
Bununla da yubiley gecəsinin rəsmi hissəsi başa çatıb. Tədbirin bədii hissəsində isə Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun və digər görkəmli bəstəkarların əsərləri səsləndirilib. Azərbaycan Dövlət Rəqs Ansamblı “Yallı” və “Cəngi” rəqslərini ifa edib.
RAMİL
525-ci qəzet.- 2013.- 27 sentyabr.- S.7.