Azərbaycanda idman və Olimpiya Hərəkati:
inkisaf tarixi, nəticələr və perspektivlər
Azərbaycan müstəqillik qazanandan sonra hökm
sürən ictimai-siyasi gərginlik başqa sahələrə
olduğu kimi, ölkədə idmanın inkişafına diqqəti
də arxa plana atmışdı. Bir çox
tanınmış idmançılarımız və potensial
vəd edən gənclərimiz xaricə üz tutmuş,
müxtəlif yarışlarda, o cümlədən
olimpiadalarda başqa respublikaları təmsil etmək məcburiyyətində
qalmışdılar. Onları yenidən Vətənə
qaytarmaq, yeni itkilərlə üzləşməmək, gənc
nəsli düzgün yönəltmək, Azərbaycanı
dünyanın idman arenasında tanıtmaq məqsədilə
olimpiya hərəkatının yaradılması vacib idi.
Hələ 1992-ci ildə qurulmuş Milli Olimpiya
Komitəsi (MOK) bu işin öhdəsindən lazımınca
gələ bilmirdi. Çünki dövlət
tərəfindən lazımi qayğı və dəstək
yox idi.
Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən
sonra respublikamızda bir çox sahələrə olduğu
kimi idmana da diqqət ayırmağa başladı. 1993-cü il
iyulun 31-də İlham Əliyevin MOK-a prezident seçilməsi
bu diqqət və qayğını daha da artırdı. Ölkəmizdə Olimpiya Hərəkatı
geniş vüsət almağa başladı. 1996-cı ildə keçiriləcək XXVI Yay
Olimpiya Oyunlarında olimpiyaçılarımızın
lazımi səviyyədə hazırlaşması
üçün 1995-ci ilin fevralında prezident Heydər
Əliyev sərəncam imzalandı. Dövlət
tərəfindən ciddi nəzarət və
qayğının nəticəsi kimi
idmançılarımız Atlantadan Vətənə medalla
qayıtdılar. Sərbəst güləşçimiz
Namiq Abdullayevin sayəsində cəmi bir gümüş medal
qazanmağımıza baxmayaraq, güclü potensial və
düzgün qurulmuş iş gələcəkdə daha
böyük uğurların əldə olunmasından xəbər
verirdi. Doğrudur, buna kimi 1992-ci ildə
Barselonada keçirilən Olimpiadada cüdoçumuz Nazim
Hüseynov birinci yeri tutmuşdu. Amma o vaxt
MOK-nin Beynəlxalq Olimpiya Komitəsinə üzv
olmadığı üçün
idmançılarımız MDB-nin birləşmiş
komandasının tərkibində çıxış
etmişdilər.
Nəhayət,
çəkilən əziyyət öz bəhrəsini verdi. 2000-ci ildə keçirilən
XX əsrin son Olimpiya Oyunlarında
idmançılarımız nəyə qadir olduqlarını
göstərdilər. Onlar bu dəfə Vətənə
2 qızıl və 1 bürünc medalla döndülər.
Azərbaycana ilk qızıl medalı isə
xanım idmançımız qazandırdı. Bu, stend atıcımız Zemfira Meftəhəddinova
idi.
Bu
yazımızda yeganə qadın olimpiya çempionumuz Zemfira
Meftəhəddinovanın olimpiya zirvəsinə getdiyi çətin
yolu, olimpiadalarda göstərdiyi nəticələri, Olimpiya Hərəkatının
yaranması, bu günü və gələcəyi haqda fikirlərinə
yer ayıracaq, Azərbaycanı indiyə kimi olimpiya
oyunlarında təmsil edən qadın
idmançılarımızın əldə etdikləri
nailiyyətlərə toxunacaq, həmçinin
idmançılarımızın 2015-ci ildə Bakıda təşkil
ediləcək I Avropa Olimpiya Oyunları və 2016-cı ildə
Rio-de Janeyroda keçiriləcək XXXI Yay Olimpiya
Oyunlarında əldə edə biləcək nəticələrdən
danışacağıq.
Quşu
gözündən vuran xanım
Olimpiya Hərəkatının ilk təmsilçilərindən
biri də Zemfira Meftəhəddinovadır. Dəfələrlə
Dünya və Avropa çempionu olan, altı Dünya, iki
Olimpiya rekordu müəyyən edən Zemfira xanıma Atlantaya
getmək nəsib olmayıb. Çünki
onda stend atıcılığı olimpiya idman növü
deyildi, ilk dəfə Sidney olimpiadasında proqrama daxil edildi.
Lisenziyaların sayı az olduğundan uzaq
Avstraliyaya getmək üçün lisenziya verən turnirlərdə
maksimum nəticə göstərmək lazım idi. Əslində,
Meftəhəddinova bunu bacardı, amma... Ammasını
özü deyəcək: “İlk qızıl medalı mənim
qazanmağım qürurverici haldır. Amma bu təkcə
mənim deyil, xalqımızın qələbəsi idi.
Olimpiadaya kimi həm Avropa, həm də Dünya
çempionu olmuşdum. Olimpiya zirvəsinə
gedən yol heç vaxt asan olmur. Bunun
üçün çox əziyyət çəkməlisən.
Qismət elə gətirdi ki, olimpiadaya lisenziya qazana
bilmədim. Bunun maraqlı tarixçəsi
var. 1997-ci ildə Avropa çempionu oldum. Amma
orada lisenziya yox idi. Bir il sonra
Dünya Kubokunda 1-ci yeri tutdum. Yenə də
olimpiadaya lisenziya verilmədi. 1999-cu ildə
Dünya Kubokunun gümüş mükafatçısı
oldum. Lisenziya ancaq 1-ci yerə verilirdi.
Bəxtim gətirmirdi. Yəqin
ki, birbaşa lisenziya buna kimi əldə etdiyim nailiyyətlərə
görə verildi. Hər halda əlimə
düşən şansdan maksimum yararlandım.
2004-cü ildə Afina Olimpiadası da mənim
üçün düşərli oldu. Bu dəfə
üçüncü yeri tutdum, amma olimpiya oyunları elə
bir yarışdır ki, orada medalın əyarı o qədər
də önəm daşımır. Bürünc
da mənə qızıl qədər əzizdir”.
Yaşın
nə fərqi var
Stend atıcılığı elə bir idman
növüdür ki, orada yaş önəmli rol oynamır. Əsas
idmançının psixoloji durumudur. Təbii
ki, növbəti yarışlarda hamının Zemfira
xanımdan medal gözləməsi ona psixoloji təzyiq
göstərir, “əlavə yük” olurdu. Zemfira xanımın sözlərinə görə,
növbəti olimpiadalarda Vətənə əliboş
dönməsinin bir səbəbi bu, digəri isə, Afina
olimpiadasından sonra hazırlıqlara bir qədər gec
başlaması idi. Bir
idmançının bütün yarışlarda qalib gəlməsi
mümkün olan hal deyil. Olimpiya çempionunun fikrincə,
onun uğur qazanmasında dövlətimizin idmana göstərdiyi
qayğı önəmli rol oynayıb: “Azərbaycanda Olimpiya
Hərəkatının təməli ulu öndərimiz Heydər
Əliyev tərəfindən qoyulub. İdmanımızın
bu səviyyəyə çatması, qazanılan nəticələr
Prezident İlham Əliyevin adı ilə bağlıdı.
Prezidentimizin idmana ayırdığı diqqət,
idmançılara göstərdiyi qayğı çox az ölkələrdə rast gəlinir. Olimpiya
komplekslərinin, yeni-yeni idman arenalarının, stadionların
tikilməsi, idmançıların problemlərinin, onların
məişət qayğılarının həlli və s.
buna əyani sübutdur. Bundan başqa, olimpiya
oyunlarının gedişində İlham Əliyevin
idmançılarımıza azarkeşlik etməsi onlarda ruh
yüksəkliyi yaradır, yarışlara daha yaxşı
köklənmələrinə kömək edir. Özüm dəfələrlə bunun şahidi
olmuşam. Əgər dövlət tərəfindən
idmanımızın inkişafına qayğı göstərilməsəydi,
bu qədər nailiyyət əldə edə bilməzdik.
Olimpiadalarda medalların sayı getdikcə
artır. İnanıram ki, Rio-de Janeyroda
onlar daha da çoxalacaq”.
“Yerimi gənclərə
verməyə hazıram”
Olimpiadada çıxış etmək hər bir idmançının arzusudur. Qalib olmaq isə başqa bir hissdir. Zemfira xanımdan qızıl medalı qazanarkən, keçirdiyi hissləri bölüşməsini istədik: “Finalda psixoloji durumuma kənar təsirin olmaması üçün məşqçim Hafiz Cəfərov heç kimi mənə yaxın buraxmırdı. Təsadüfən nümayəndə heyətimizdən Asif müəllimi tribunada gördüm. Gizlənirmiş kimi, sakitcə bir kənarda əyləşmişdi. Həyəcanım daha da artdı. İdman dilində buna “mandraj” deyirlər. “Mandraj”ın müxtəlif növləri olur – səni səhv eləməyə məcbur edə də bilər, məsuliyyətini artıra da. Məndə ikinci tip “mandraj” vardı. Allaha şükür, son iki cəhddən asılı olmayaraq, artıq çempion idim. Buna baxmayaraq, sevinc hisslərimi bir kənara qoyub qalan iki cəhddə də hədəfi düzgün nişan ala bildim. Həmin an keçirdiyim hissləri sözlə ifadə eləmək mümkün deyil. Təltifetmə mərasimində himnimizin səslənməsi, bayrağımızın yüksəlməsi isə tamam başqa zövq idi. Hamı ayaqüstə bayrağımızın altında himnimizi dinləyirdi. Bizi sevənlər də, sevməyənlər də. Bütün idmançılarımıza bu anları yaşamağı arzulayıram”.
2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları və bir il sonra təşkil olunacaq XXXI Yay Olimpiya Oyunlarında idmançılarımızdan daha böyük uğurlar gözləyən olimpiya çempionu buna gücümüzün və potensialımızın çatdığı fikrindədi: “Bütün idmançılarımızda, o cümlədən qadınlarımızda nəticə qazanmaq üçün imkanlar var. Güləşçimiz Mariya Stadnikin adını çəkə bilərəm. Təəssüf ki, son yarışlarda Mariya bürünc və gümüşlə kifayətlənməli oldu. Onun hədəfə doğru inamla irəliləməsi, özünəinamı ümid verir ki, növbəti olimpiadada birinci olsun. İnanıram ki, Stadniklə yanaşı digər idmançılarımız, o cümlədən xanımlarımız növbəti olimpiadada daha çox medal qazana biləcəklər. Məncə, bu dəfə ən azı 3-4 qızılımız olacaq. O ki qaldı mənə, hələki məşq edirəm. Stend atıcılığında artıq ölkəmizi beynəlxalq yarışlarda yüksək səviyyədə təmsil edə biləcək gənclər yetişib. Olimpiadada kimin iştirak edəcəyini isə hələ demək tezdir. Seçim imkanım olsa, məmnuniyyətlə yerimi gənclərə verməyə hazıram. Əsl peşəkar idmançı hər dəfə qələbə qazananda yenisinə doğru can atmalıdı. Amma gəncləri də unutmaq olmaz. Onlara özlərini sübut etmələri üçün həmişə şans vermək, dəstək olmaq lazımdır. İstərdim ki, gələcəkdə mənim qazandığım uğurlar onlara da qismət olsun”.
Qadınalırımız Olimpiya Oyunlarında
İndiyə qədər ölkəmiz müstəqil dövlət kimi 5 yay olimpiya oyununda ümumilikdə 200-dən çox idmançı ilə təmsil olunub. Atlanta Olimpiadasında cəmi 3 qadın idmançımız mübarizə aparırdısa, növbəti yarışlarda bu rəqəm artmağa başladı. Londonda onların sayı 15-ə çatmışdı. Bu olimpiadalarda idmançılarımız ümumilikdə 26 medal (6 qızıl, 5 gümüş, 15 bürünc) qazanıblar. Onlardan 6-ı xanımların payına düşür. Zemfira xanımdan başqa, güllə atıcımız İradə Aşumova Afinada, güləşçimiz Yuliya Ratkeviç Londonda bürünc, onun komanda yoldaşı Mariya Stadnik isə Pekində bürünc, 4 il sonra isə gümüş medala layiq görülüb. Bu medalların sayı daha da çox ola bilərdi. Xüsusilə, ilk iki olimpiadada dəfələrlə dünya və qitə birinciliyində yüksək nəticələr qazanmış cüdoçumuz Zülfiyyə Hüseynovadan medal gözləyirdik. Lakin onun bir qədər bəxti gətirmədi. Atlantada 7-ci nəticə göstərən Hüseynova Sidneydə yarımfinalın bir addımlığında çiynindən zədələnərək yarışları başa vurmalı oldu. Bundan başqa son yarışlarda ağırlıqqaldıran Boyonka Kostova 5-ci, bədii gimnast Aliyə Qarayeva isə 4-cü yeri tutublar.
Paralimpiyaçılarımızı da yaddan çıxarmaq olmaz. İlk dəfə Atlanta olimpiadasında cəmi 2 idmançı ilə təmsil olunmuşduq. Bu sahəyə də ayrılan diqqət və qayğının nəticəsi kimi növbəti yarışlarda iştirakçıların və qazanılan medalların sayı artamağa başladı. İndiyə kimi paralimpiyaçılarımız olimpiadalarda üst-üstə 27 medal (8 qızıl, 10 gümüş və 9 bürünc) qazanıblar. Onlardan 8-i (2 qızıl, 5 gümüş və 1 bürünc) zərif cinsin nümayəndələrinin hesabına düşür. 2000-ci ildə güllə atıcımız Yelena Taranova gümüş, bir il sonra isə bürünc medala layiq görüldü. Son olimpiadada isə artıq qadınların hesabında 2 qızıl medal var idi. Cüdoçu Afaq Sultanova və üzgüçü Natali Pronina çempion oldular. Maraqlı bir fakt - Pronina London olimpiadasında üzgüçülüyün müxtəlif növlərində daha 4 dəfə 2-ci yeri tutdu.
Yeganə ağrılı yerimiz qış olimpiya oyunları ilə bağlıdı. Bura aid olan idman növləri hələki respublikamızda o qədər də inkişaf etməyib. Amma son zamanlar bu sahədə xeyli addımlar atılıb, müxtəlif idman qurğuları inşa olunub və olunmaqdadı. Onlardan biri – Qusarda inşa olunmuş qış-yay olimpiya kompleksi artıq istifadəyə verilib. Bu da gələcəkdə Azərbaycanda qış olimpiya idman növləri üzrə müxtəlif beynəlxalq yarışların keçirilməsinə və idmançıların yetişməsinə zəmin yaradır.
İdmana olan diqqət, yeni-yeni Olimpiya Komplekslərinin və idman arenalarının inşası, müxtəlif beynəlxalq yarışların yüksək səviyyədə təşkili, gənclərin olimpiya hərəkatında geniş iştirakı, Azərbaycanı dünyanın idman arenasında və olimpiadalarda layiqincə təmsil edə biləcək gənc nəslin yetişməsi gələcəyə nikbin baxmağa əsas verir. Sübut kimi 2010-cu ildə Sinqapurda keçirilən yeniyetmələrin I Yay Olimpiya Oyunlarını göstərmək olar. 12 idmançı ilə qatıldığımız olimpiadada yeniyetmələrimiz 5 qızıl və 5 gümüş medalla Vətənə alnıaçıq dönə bilmişdilər.
İlqar
TAĞIYEV
525-ci qəzet.-
2013.- 27 sentyabr.- S.6.