Yolumuzun həqiqəti
BU
MİLLƏT AZƏRBAYCANIN SƏADƏTİ YOLUNDA
PREZİDENT İLHAM ƏLİYEVLƏ DAİM BİRGƏ
OLACAQ
Tarix boyu
insanların müqəddəs bildiyi, and
içdiyi dəyərlər olub. Yerə,
göyə, suya, Günəşə, Vətənə, anaya,
bərəkətə and içiblər. Və tarixin
bütün dövrlərində, bütün xalqlarda müqəddəs
tutularaq and yeri sayılan bir dəyər də olub – yol!
Bir
insanın da, bütöv bir xalqın da düz, dürüst
yola ehtiyacı var. Yolunu doğru seçən, məqsədinə
doğru düz gedən xalqı da, ayrı-ayrı
insanları da, yolları nə qədər uzun, yorucu olsa belə,
sonucda uğur gözləyib.
Tez-tez yolunu dəyişən, səmtini azan xalqların
da, insanların da taleyi hər zaman düyünlü olub.
Ayağısürüşkənlik həmişə
pisdir, əxlaqi naqislik əlamətidir. Yol tutub gedən
insanın ayağısürüşkənliyi, tez-tez
yönünü, sifətini, əqidəsini dəyişməyi
isə mənəvi şikəstlikdir.
Yol həm də sanki bir ələkdir, yaxşı ilə
yamanın nisbətini dəqiq müəyyənləşdirən
tərəzidir. Səbəbsiz deyil ki, atalarımız hər
insanı, hətta qardaşı belə etibarlılıq, sədaqət,
saflıq, dözüm baxımından yolda sınamağı
məsləhət görüblər.
Yolun bir sehri də odur ki, gizlinləri aşkar,
örtülüləri əyan edə, maskaları yırta,
saxta cildləri soyundura bilir. Ona görə yol
peşman da edə, ürək də sındıra bilir, bel
bağladıqlarının dönüklüyü, inandıqlarının
vəfasızlığı xəyal
qırıqlığı da yaradır. Amma
neyləməli, bu həyatdır, bu yoldur. Yol elə ona
görə yoldur ki, həmişə bizdən ağıllıdır – dərs keçə, öyrədə,
ibrətlər verə bilir.
22 ildir ki, Azərbaycan bütün tarixinin ən şərəfli
yolunu gedir.
Millət olaraq var olduğumuz müddətdə bizim
qazandığımız ən ali sərvət
istiqlalımız, dövlət müstəqilliyimizdir. Bu çətin, mübarizəli yolu getdiyimiz əsnada
hər cür insanı gördük. Sadiqləri
də, mərdləri də, yenilməzləri də, eyni
zamanda yaramazları, satqınları, nankorları, hər rəngə
girən buqələmunları da.Həm aşağıda, həm
yuxarıda.
Təəssüf ki, görməkdə də davam edirik. Çünki yol davam edir və
yaşanmış dərslər də bir an
belə sayıqlığı itirməməyə, sərvaxt
olmağa səsləyir!
Tarixin həlledici anlarında, millətin və ölkənin
taleyindəki vacib yolayrıclarında adi vaxtda mübhəm
kimi qalan, bütün cizgiləri ilə aşkar görünməyən
sifətlərə sanki işıq daha çox
düşür və elə bil ki, hər şey və hər
kəs daha çox olduğu kimi zühur etməyə başlayır.
Gün tam üstdən, tən ortadan düşür və
kölgədə gizlənmək müşkülləşir,
nala-mıxa vurmamaq, qəti mövqe bildirmək, əsl simanla
görünmək zəruriyyəti ortaya çıxır.
Dövlət başçısı seçmək
ölkənin və xalqın tarixi və taleyindəki ən həssas,
ən həlledici məqamlarındandır. Bu gedişatda
nəticə etibarilə bir nəfər seçilsə də,
əslində çox mətləblər bir də nəzərdən
keçirilir, yolu kimlərlə davam etdirəcəyin barədə
xeyli dəqiqləşdirmələr aparmalı olursan.
Biz növbəti dəfə bu sınaqlar
sınağı qarşısındayıq.
Qədim Azərbaycan nağılı söyləyir ki,
ölkəyə padşah seçmək istəyəndə
quş uçururmuşlar. Bu şahlıq
quşu iri bir meydana toplaşmış insanlardan kimin
başına qonsa, onu da hökmdar seçər,
danışıqsız bu rəhbərə tabe
olarmışlar.
Xalqın yaratdığı hər nağılda, hər
rəvayətdə, hər əfsanədə bir hikmət var.
Doğrudanmı o nağılın fəlsəfəsi
bunca bəsitdir ki, ölkənin başçısını
seçmək tam bir təsadüfün ümidinə
buraxılır, bir dilsiz-ağızsız quşun hara
qonmasından asılı olur?
Qətiyyən
yox! Bu nağıl, mənim düşüncəmə görə, Azərbaycan
insanının kamil cəmiyyət arzularından doğub. Elə gün gələcək, cəmiyyət,
insanlar elə bir yüksək inkişaf səviyyəsinə
yetişəcəklər ki, hər soydaş ölkəni idarə
etmək səviyyəsində üstün zəkaya, çoxcəhətli
qabiliyyətlərə malik olacaq. Mükəmməllik
elə həddə çatacaq ki, bu qədər
yaxşının arasından bircə nəfəri seçməyi
püşkün, təsadüfün ixtiyarına da buraxmaq
mümkün olacaq. Çünki istənilən halda o
seçilən kəs mahiyyətcə təsadüfi adam olmayacaq. İşi bilən,
yolu bilən, insanları və yurdu arxasınca aparmağa
layiq və qadir birisi olacaq.
Hələ ki, nağıldakı həmin əhvalat, həmin
nümunə bizə bir nağıl qədər uzaqdır. Hələ
ki, biz yüz ölçüb bir seçməliyik, hələ
ki, bizim millətin və ölkənin taleyini yüz faizli
inanmadığımız, vaxtın imtahanından keçirmədiyimiz
kiminsə ixtiyarına buraxmağa haqqımız yoxdur.
Bütöv bir millətin və dövlətin
başında dəlləklik öyrənməyin ardında
sarsıntılar, faciələr var.
Bu 22 illik
müstəqillik dönəmində nələr görmədik,
hansı dərsləri almadıq!
1918-ci ildə
istiqlalımızı dünyaya car çəkmiş, insanlarımıza
müstəqilliyin şirin dadını anlatmış ilk Azərbaycan
Cümhuriyyəti qurucularının hər biri atəşin vətənpərvər,
sadiq millətsevər, yaxşı təhsil görmüş,
təfəkkürü geniş, iliyinədək ziyalı,
dövlət və xalq yolunda hər fədakarlığa
hazır şəxsiyyətlər idilər. Lakin
onlar hamısı birlikdə müstəqilliyimizi yalnız 2
ilə yaxın bir müddətdə qoruyub saxlaya bildilər.
Sonra 70 il istiqlalın həsrətini
çəkdik, nə qədər əzablı yollardan
adladıq.
1991-ci ildə tarixin və taleyin hökmü ilə bizə
növbəti dəfə nəsib olmuş dövlət
müstəqilliyini zamanın acı kinayəsi ilə yenidən
2 yaşına çatmadan əldən verməyin gerçək
vahiməsi ilə qarşı-qarşıya qaldıq. Azərbaycanın xoşbəxtliyidir
ki, həmin həlledici tale anında müstəsna şəxsiyyət
Heydər Əliyev təlatümlü tarix və siyasət
meydanında dikəldi, qüdrətli əlləri ilə
büdrəyən dövlətimizin qolundan yapışdı,
endirilmək təhlükəsi ilə üzbəüz
üçrəngli bayrağımızı yenidən
vüqarla yüksəltdi, bəd ənənəni
sındırdı, kövrək müstəqilliyimizi 3
yaşına, 5 yaşına, 10 yaşına
çatdırdı, XX yüzildən XXI əsrə yetirdi.
Müstəqilliyin üstünə gələn hər
növbəti illə isə bu istiqlal bir qədər də
möhkəm, bir qədər də qayıdışsız
olurdu.
Unudulmaz
Heydər Əliyevin dövlətimiz və millətimiz
qarşısında çox xidmətləri olub, bir qurucu
olaraq Ulu Öndərin Azərbaycanda əsrlərcə
yaşayacaq solmaz izləri var. Lakin o nadir dühanın xidmətlərinin,
zəfərlərinin zirvəsində dayanan ən misilsiz
işi müstəqilliyimizi 12 yaşa yetirməsidir..
Son 10 ildə
Azərbaycana rəhbərlik etmiş Prezident İlham
Əliyev həmin 10 ildə onillərə sığacaq qədər
nəhəng quruculuq işləri görüb və bunlar da
şəksiz ki, zaman-zaman yaşayacaq, gələcək nəsillərdə
minnətdarlıqlar oyadacaq. Amma Prezident İlham
Əliyevin də bütün millətəxeyir işlərinin
ən ucasında dayanan onun itkilərsiz, acılarsız,
xalqı və ölkəni zənginləşdirə-zənginləşdirə
istiqlalımızı 22 yaşa çatdırmasıdır.
22 illik
müstəqilliyimizin 20 ili bu iki adla, bu
vahid yolla bağlıdır. Əlbəttə ki, bu
şanlı yol davam etməlidir, əlbəttə ki, millətimizin
ən əziz sərvəti olan müstəqilliyimizin bir az da
mətinləşməsi, bir az da qüdrətlənməsi,
bir az da yaşa dolaraq daha da dönməzləşməsi
üçün bu gün Prezident İlham Əliyevdən
etibarlı zəmanətimiz yoxdur.
Sübut Prezident İlham Əliyevin bunca rövnəqləndirdiyi,
bunca dünyada tanınan və etiraf olunan etdiyi müasir,
dünyaya Günəş kimi parlayan Azərbaycandır.
Dövlətin,
millətin aqibəti məchul eksperimentlərin meydanı, “mən
də bir sınaqdan çıxarım” eşqinə
düşən sadədillərin laboratoriya təcrübəsi
ola bilməz.
Bunun dəhşətli fəsadlarını biz uzaq
olmayan tariximizdən yaxşı bilirik. Ona görə də Azərbaycanı
sevən, Azərbaycanın dövlət müstəqilliyinin qədrini
bilən, Azərbaycanın bundan sonra da yüksəlişlərini
istəyən hər kəs Prezident İlham Əliyevin
yanında olmalıdır!
Xatırlayıram 1995-ci ilin son oktyabr günlərini. Nyu-Yorkda BMT-nin
50 illiyi münasibətilə dünya dövlətləri
başçılarının iştirakı ilə möhtəşəm
tədbir keçirilirdi. Azərbaycan Prezidenti
Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə
heyəti də o mərasimə qatılmışdı və
mən də həmin dəstədə idim. Bir səhər
BMT Baş Qərargahının binasına yaxınlaşarkən
böyük Heydər Əliyev üzv dövlətlərin
sıralanmış bayraqlarına baxaraq mənalı tərzdə:
“Bax, müstəqillik bu deməkdir. Bizim bayrağımız ən
böyük dövlətlərin bayrağı ilə eyni cərgədədir”,
– dedi.
Və o güclüdən-güclü insan kövrəldi.
Onda hələ müstəqilliyimiz sütül idi,
yüz cür bəlaların əhatəsində yenicə
dirçəlir, qədəm-qədəm irəliləyirdi.
2012-ci ildə
isə Azərbaycan 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçildi və Azərbaycan
Prezidenti dünyanın bu baş siyasi təşkilatının
iclasına sədrlik etdi.
Budur
Prezident İlham Əliyevin Vətənçi, Millətçi,
Azərbaycançı fəaliyyətlərinin nəticəsi!
Yalnız Vətənin ən cahanşümul qələbələrinin
və “Azərbaycan” kəlməsinin doğurduğu sonsuz fərəhin
qəhərləndirə bildiyi Heydər Əliyev bu anı
görsəydi, hansı duyğularla yaşayardı?!
Heydər
Əliyev kimi siyasət və dövlətçilik dahisindən
sonra ölkə rəhbərliyinə gəlmək və yurdunu sələfinin
dövründən 20 dəfə zəngin edə bilmək
hakimiyyət hünəri, idarəçilik qəhrəmanlığıdır.
Budur
Prezident İlham Əliyevin əvəzsizliyi!
Bütün ardıcıl və çox zaman tabgətirilməz
güclü xarici təzyiqlərə sinə gərərək
müstəqil siyasət aparmaq, işğalçı Ermənistanı
bütün sərfəli iqtisadi layihələrdən təcrid
vəziyyətində saxlayaraq müflis duruma gətirmək,
düşməni atəşkəs dönəmində tam məğlub
halına endirmək.
Budur
İlham Əliyevin misilsizliyi!
Azərbaycanın
paytaxtından tutmuş ən ucqarlarınadək heyrət
doğuran inkişafa, çiçəklənməyə
müvəffəq olmaq, 10 il əvvəl yolunun
başlanğıcında vəd etdiyi kimi hər bir azərbaycanlının
Prezidenti olmaq, 10 il öncə ağır çətin yoluna
qədəm qoyarkən elan etdiyi kimi “Azərbaycana
yaxşı Prezident olmaq” öhdəliyini ləyaqətlə
yerinə yetirmək şərəfdir.
Bu şərəfi
Prezident İlham Əliyev 10 il boyunca
çəkdiyi zəhmətlər, səylər,
apardığı mübarizələr sayəsində
qazanıb.
1990-cı
illərin ortalarında unudulmaz Heydər Əliyev əcnəbi
qonaqlarla görüşlərindən birində: “Bizim yolumuz
dini əsatirdə deyilən, Cənnətlə Cəhənnəm
arasındakı qılıncdan iti, tükdən nazik Sirat
körpüsü kimidir. Sağa, ya sola bir yanlış
addım az qala ölümə bərabərdir”, – dedi.
Həddən
ziyadə mürəkkəb geosiyasi məkanda qərar tutmaq,
maraqları toqquşan müxtəlif dünya gücləri ilə
tarazlaşdırılmış siyasət apara bilmək,
heç kəslə körpüləri yandırmamaq və
milli maraqları da hifz edə bilmək xüsusi ağıl,
istedad, incə siyasi fəhm və duyum, bəsirətlilik, qətiyyət,
iradə, cəsarət tələb edir.
Təməlləri Heydər Əliyev qoymuşdu. İlham Əliyev bu yolu yeni
şəraitlərdə bir az da təkmilləşdirərək
irəlilətdi.
Bu
ağırdan-ağır millət və dövlət yolunda
Prezident İlham Əliyev dəfələrlə təzyiqlərlə
də, təhdidlərlə də, tənqidlərlə də,
lap böhtanlar, iftiralarla da qarşılaşıb. Hamısına dözüb, dözür. Çünki bilir və inanır ki, getdiyi yol gərəkli
yoldur, ədalətli yoldur, doğru yoldur. Çünki
millətin və dövlətin bəxtiyarlığı naminə
hər cövrə tab gətirməyin alın yazısı
olduğunu o çoxdan qəbul edib.
Amerika
Birləşmiş Ştatlarında, Fransada, İngiltərədə,
Almaniyada... oturuşmuş güclü ölkələrdə
dövlət başçısı olmağa nə var! Azərbaycan kimi mürəkkəb əhatəli,
problemi çox, yolu yeni və görülməli işləri
bol olan ölkənin Prezidentlik yükünü çəkmək
üçqat, beşqat çətindir.
Prezident İlham Əliyev arxada qalan illərdə öz
güclü şəxsiyyəti və çoxşaxəli səmərəli
fəaliyyətləri ilə dünyada Azərbaycanı
boyundan da uca göstərməyi bacardı.
Heydər Əliyev ömrünün son
parçasında “Mən həyatımın qalan hissəsini
də xalqıma bağışlayıram” demişdi.
Heydər
Əliyev bu sözləri söyləyəndə onun
ömrünün çoxu gedib azı qalmışdı, amma
o millət öndəri aqil insan bu fikri söyləyərkən
yalnız hələ yaşayacağı 5-10 ili
deyil, əslində xeyli uzaq sabahları
düşünürdü.
Onun Azərbaycana,
xalqına bağışladığı ömrünün
qalan hissəsi oğlu İlham Əliyev demək idi.
Və 10 ildir ki, İlham Əliyev bu ata nəsihətini,
ata vəsiyyətini, ata tapşırığını
inamla, alın açıqlığı ilə yerinə
yetirməkdədir.
Qarşıdasa, daha bir mərhələ, daha 5 illik yol
var.
Rayonlarımızdan birində görüşdə idik. Qürurla xəbər
verdilər ki, əksər məktəblərimizi yenidən
tikdik, bəzilərini əsaslı şəkildə yenidən
qurduq, cəmi ikisi qalıb, onların da əvəzində
yenilərini yaxın vaxtlarda tikib təhvil verəcəyik.
Zarafatla söylədim ki, o iki məktəbdən
birini olduğu kimi saxlayın. Çünki
insanlar yaxşıya tez alışırlar və köhnəni
asanca unudurlar. Qoy baxıb müqayisə etmək
imkanları olsun ki, köhnə vaxtın ən yaxşı məktəbi
necə idi, İlham Əliyev dövrünün ən
sıravi məktəbi necədir!
İlham Əliyev Azərbaycan quruculuğuna indiyədək
görünməmiş bir miqyas gətirib. Onun
gördüyü işlərin, gerçəkləşdirdiyi
layihələrin ölçüləri elədir ki, dünənlə
heç vəchlə tutuşdurula bilmir. Tutalım,
son 3 əsrdə dənizkənarı bulvar dəfələrlə
təmir edilib, gözəlləşdirilib, genişləndirilib.
İlham Əliyev də bu işi gördü. Sadəcə
təmir etmədi, genişləndirmədi, gözəlləşdirmədi.
Büsbütün yeni bulvar qurdu. Əvvəlkindən bir neçə dəfə
böyük, qat-qat gözəl, ağlasığmaz dərəcədə
füsunkar. Özümüzünkülər də,
xaricilər də
– kim baxdı mat
qaldı, valeh oldu.
100 il idi Bakıda şəhər quruculuğu
gedirdi, müasir binalar, müəssisələr
ucaldılırdı. İlham Əliyev 10 ilə
o 100 ildəki həcmdən artıq və keyfiyyətli
işlər gördü.
Budur
yaşından qat-qat yetkin, çox uzaqları görməyə
qadir cavan Prezidentimizin miqyasları, gələcək içərisindən
bütün əzəməti bəlkə də indikindən
daha aydın qiymətləndiriləcək və həmişə minnətdarlıqlar
oyadacaq əməllərinin bəhrələri.
Nə edilibsə bu millət üçün, Azərbaycan
üçün edilib və hamımız haçansa getsək
də, o işlərin hamısı qalacaq, sabahın Azərbaycanının,
balalarımızınkı olacaq.
Amma bəs biz nə qədər qədirbilənik, bu zəhmətləri
hansı nəcibliklə dəyərləndirə bilirik?
Dövlətimizin müxtəlif mükafatları, təltif
nişanları var. Onların hamısını tərəqqimiz
yolunda seçilən insanlara ölkə Prezidenti verir. Bu yolda ən
çox əməkləri olan dövlət
başçısınınsa ən böyük
mükafatı vətəndaşlarının
razılığı, məmnunluğu, bircə “sağ
ol”udur. Zənnimcə, bu güman yanlışdır ki,
Prezidentin o təşəkkürə, əməklərinə
millətinin verdiyi qiymət olan “sağ ol”a
ehtiyacı yoxdur.
Qədrşünaslığa hər kəsin insani
ehtiyacı var.
Axı bütün bunlar səninçündürsə,
sənin övladlarından ötrüdürsə, niyə
görməyəsən, niyə dəyərləndirməyəsən?!
Azərbaycan yeraltı, yerüstü sərvətləri
ilə zəngin bir ölkədir və Azərbaycanda İlham
Əliyev dövrünün bir səciyyəvi cəhəti də
odur ki, bu sərvətlər məhz onun rəhbərliyi
dönəmində bunca geniş ölçüdə
bütün ölkənin inkişafına yönəldilib.
Bu Vətənin də, bu dövlətin də sərvətlərinin
ən mühümü Azərbaycan insanıdır və
Prezident İlham Əliyev də hər vətəndaşını
ən böyük dayağı sayır.
Cəmiyyətin hər təbəqəsi onun
üçün əzizdir, lakin mənşəcə, mahiyyətcə
özünün də birbaşa aid olduğu ziyalı təbəqəsi
ona ruhən daha yaxındır. Çünki bu insanlar
cəmiyyətin zəka yükünü,
işığını daşıyanlardır və tarixin ən
amansız dövrlərində də Azərbaycan daim öz
seçkin ziyalısı ilə bərq vurmağı, fərqlənməyi
bacarıb.
Təbii ki, hər özünə ziyalı
yarlığı yapışdırıb ortaya atılanlar
deyil, xalqının və dövlətinin rifahı, tərəqqisi,
özünütəsdiqi üçün təmənnasız
xidmət yolunu seçmiş, ortada əməklərinin hər
kəsə bəlli məhsulları olanlar əsl
ziyalılardır.
Müasir tariximizin taleyüklü bu yeni mərhələsi,
növbəti Prezident seçkiləri ərəfəsində
xaricdəki düşmən qüvvələr Azərbaycana
qarşı həmişə olduğu kimi yenə müxtəlif
xəbis planlar tökməyə başladılar və öz
aləmlərində guya bu dəfə niyyətlərini
psevdoziyalıların vasitəsilə həyata keçirməyi
bacaracaqlarını düşündülər.
Turqut Ərciklərin saxtakar və iftiraçı
yazıları, Qərbin kütləvi informasiya vasitələrinə
yerləşdirilən qarayaxmalardan ibarət cızma-qaralarla
çürük bünövrələr yapandan sonra ölkə
içindəki çürükləri, sapı
özümüzdən olan baltacıqları, dəhrəcikləri
şəbəkələrinə cəlb etməyə
başladılar. Düymələri ölkədən
qıraqda olan bu zavallılar əldəqayırma qurumlar
düzəltdilər, özləri deyib özləri
eşitdikcə cuşa gəldilər, boş xəyallarının
xumarında zənn elədilər ki, artıq vəziyyətin
sahibidirlər. Hətta elə gerçəkdən
Azərbaycan ziyalısının onlardan ibarət olması
kimi xam xülyaya düşdülər.
Əsl Azərbaycan ziyalılığı bir möhtəşəm
ordudur ki, həmişə onu sevən və
qayğıkeşi olan Prezident İlham Əliyevin
yanındadır, müstəqil dövlətinin, istiqlal
içərisindəki millətinin xidmətindədir. Həmişə
belə olub, bu gün də belədir, gələcəkdə
də belə olacaq.
Hadisələr dövləti, dövlət idarəçiliyini
özfəaliyyət dərnəyi səviyyəsində dərk
edən o acizlərin umduğu səviyyədə cərəyan
etsəydi, gedişat bizi elə çıxılmaz
bataqlıqlara salardı ki, nəinki bu günəcən nail
olduqlarımız əldən gedərdi, hətta müstəqilliyimiz
də kölgə altına düşərdi. Axı sərhədlərin
o tayında buradakı müti icraçıların
buyruqçuları, pisimizi istəyənlər, badalaq vurmaq
üçün girəvə gözləyənlər, marığa
yatanlar, pusquda duranlar bəs deyincədir.
Baxın
ki, özünü həmin qəlp ziyalı
yığıntısının önündə gedənlərdən
sayan, uşaqcasına guya Azərbaycan ziyalısı
adından xalqa müraciət etmək səlahiyyətinin
olduğunu fərz edən bir buqələmun Azərbaycanı
2013-cü ilin 22 sentyabrında necə görür, necə təsvir
edir: “Dərin ictimai-siyasi, sosial-iqtisadi, hüquqi və mənəvi
böhran həddinə gətirilib
çıxarılmış”, “əksəriyyətin işsiz
və çörəksiz olduğu məmləkət”; “Azərbaycanda
həyat ağır və hətta, bir çox hallarda,
dözülməz şərtlərini sürdürməkdə
davam edir”.
Bu sizin gördüyünüz, içərisində
yaşadığınız tərəqqi edən,
tumurcuq-tumurcuq açılan Azərbaycan deyil, bədxah nəzərlərlə,
düm qara eynəklə seyr edilən ayrı bir Azərbaycandır.
2008-ci
ilin sentyabrında isə həmin şəxs başqa nəğmə
oxuyurdu: “Prezidentimiz İlham Əliyevin apardığı
uğurlu daxili və xarici siyasətin nəticəsində Azərbaycan
nəinki regionda, eyni zamanda, dünyada lider dövlətə
çevrilməkdədir”.
Bu iqtibas
isə “İki sahil” qəzetinin 2008-ci il 9
oktyabr sayındandır. Azərbaycan dövlətinin
insanlarımıza bəxş etdiyi firavanlığı,
xoş həyatı öyən elə həmin Gültəkin
Hacıyevadır: “Cənab Prezidentin son 5 ildə həyata
keçirdiyi əhatəli siyasi
kursa gəlincə deyə bilərəm ki, o, dövlət
başçısı kimi fəaliyyətə
başladığı ilk gündən iqtisadiyyatın
inkişafını, əhalinin sosial rifah halının
yaxşılaşdırılmasını, işsizliyin,
yoxsulluğun aradan qaldırılmasını, bölgələrin
tərəqqisini qarşıya mühüm vəzifə kimi
qoyub, hazırda respublikanın bölgələri iqtisadi
inkişaf baxımından heç də paytaxtdan geri
qalmır”.
Dünənəcən
Azərbaycan iqtidarının şeyda bülbüllərindən
olan, hər cümləsi iqtidara mədhlə başlayıb mədhlə
bitən haqq carçısı 2013-cü ildə yazır:
“Ziyalı cəmiyyətin vicdan səsidir. Bu
gün Azərbaycan hakimiyyəti öz mənəvi-əxlaqi
dəyərlər sistemindən vicdan anlayışını
ləğv edib”.
Ziyalılığın
düsturunu verən, vicdan kimi incə mövzulara girişən
bu şəxs Gültəkin Hacıbəylidir və baxın
görün bu gün mövcud hakimiyyət əleyhinə təzəlikcə
tutduğu yoldan onu ölümün də döndərə
bilməyəcəyini əhd edən həmin xanım bəyləşməmişdən
qabaq, hələ Hacıyeva olduğu əyyamlarda eyni canfəşanlıq,
eyni ehtirasla hansı tam əks mövqedən
çıxış edirdi: “Biz bilirik ki, yolumuz haqq yoludur,
düzgün və ədalət yoludur, yolumuz zəfər
yoludur”.
Bu
sözləri Gültəkin Hacıyeva 2008-ci il sentyabr
ayının 19-da deyib, təbii ki, indi yolçusu olduğu
cığır barədə deyil, Prezident İlham Əliyevin
başçılığı altında Azərbaycan
iqtidarının getdiyi və özünün də o vaxtlar
sıra nəfəri olduğu yol haqqında deyib.
G.Hacıbəyli
bunlarısa indi, 2013-cü il sentyabrın
22-də “Azadlıq” qəzetində dərc edilən
yazısında bəyan edir: “İndi iqtidar bir funksional institut
kimi Azərbaycan xalqını məhv etməklə məşğuldur”.
Diqqət
edin bu “sarsılmaz” məsləkli, amma ayağı
yüngülvarı sürüşkən olduğundan
vaxtaşırı getdiyi yoldan sapan, baxışları 180 dərəcə
dəyişə bilən şəxs dünən nə
deyirdi: “Vətəndaş birliyi, milli həmrəylik hər
bir azərbaycanlının Prezidenti olmaq istəyən və
olmağı bacaran hörmətli Prezidentimiz İlham
Əliyevin həyata keçirdiyi siyasətin məntiqi və ardıcıl
davamıdır” (8 may, 2007. Milli Məclisin
stenoqramları). Yaxud,
2008-ci il oktyabrın 23-də verdiyi müsahibədə (“525-ci
qəzet”) Azərbaycan xalqının xoşbəxt, firavan həyatının
qurucusunun Azərbaycan iqtidarı olduğunu təsdiqləyərək
xanım G.Hacıyeva xüsusi vurğulayırdı: “İlham
Əliyevin 5 illik fəaliyyətinin xalq tərəfindən
çox yüksək qiymətləndirilməsinin bir səbəbi
də onun sözün həqiqi mənasında siyasi mənsubiyyətindən,
siyasi spektrin hansı rəngini təmsil etməsindən
asılı olmayaraq, bütün azərbaycanlıların
maraqlarını təmsil etməsindən qaynaqlanır”.
Nə oldu, bəs indi deyirsiniz iqtidar Azərbaycan
xalqını məhv edir?!
Mən nə şərh edim, kor-kor, gör-gör,
özünüz nəticə çıxarın,
özünüz qiymət verin. İndi ağzına bu sözləri
alan kəsin az müddət sonra öyrəncəli
dilindən köhnə bayatıların səslənməsini,
yaxud bugünkü baxışlarından tam fərqli özgə
bir mövqeyin ifadə edilməsini, ya da ayrı bir kəsin
yanında son damla qanınadək qalacağı barədə
təzə bəyanatlarını oxusanız, eşitsəniz,
təəccüblənməyin.
Və ciddiyə də almayın, çox da bənd
olmayın. Dilin sümüyü olmur.
Əlbəttə,
vaxt ötdükcə bir insanın baxışları da,
siyasi əqidəsi də başqalaşa bilər,
mümkündür ki, bu gün cəbhə dəyişərək
birinin, sabah digərinin, o biri gün tamam
ayrısının yanında dayanasan. Bu analoqu çox olan və
siyasət təsərrüfatında az
müşahidə etmədiyimiz haldır. Amma həqiqət
ki həqiqətliyində qalır. Rəngini, səmtini
dəyişən kimi həqiqətə münasibəti dəyişməməlisən
axı! Onda da ki, bu həqiqətlər Vətənlə,
dövlətlə, millətlə bağlı olmuş ola və sənin necə təqdim etməyindən
asılı olmayaraq hər kəsə görünə.
Zənnimcə, bütün bu daban-dabana zidd baxış
və mövqelərin bir şəxsdə birləşməsi
lap yumşaq desək, ruhi uğursuzluğa düçar
olmanın əlamətidir. Belə halların baş verməsinin
nədən qaynaqlandığını isə G.Hacıyeva
özü hələ 2007-ci il oktyabrın
25-də səriştə ilə izah edir, mərəzə bu
cür diaqnoz qoyurdu: “Azərbaycan müxalifətinin uzun
müddətdir uğursuzluğa düçar olmasının
səbəbi riyakarlıqdır”.
Necədir?
O vaxt bu
keyfiyyəti (ya keyfiyyətsizliyi) başqalarına – o
zamankı rəqiblərinə (və indiki həmkarlarına)
aid edib.
İndi, bu yerdə, bu məqamda həmin fikir nə dərəcə
aktual səslənir, nə qədər avtoportret cizgisi kimi təsir
bağışlayır, onu da oxucu müəyyənləşdirsin.
2013-cü
il sentyabrın 22-də Azərbaycan hakimiyyətini
insanlarımızın ucdantutma haqlarını tapdalayaraq hətta
“Allaha qarşı meydan oxumaqda”
ittiham edən, fikirlərinə sanbal vermək
üçün Allahı da özünə şahid
götürməyə cəhd edən G.Hacıbəyli bir
neçə il əvvəl iqtidarı müqəddəs
sayır, həmin inamını Milli Məclisin və
çeşidli mitinqlərin mikrofonlarına ürəklə,
hündür səslə söyləyirdi. Hamısının
yazıları qalır. Yazıya da pozu yoxdur!
Bu gün
Azərbaycanda “37-ci ildə belə r
ast gəlinməyən
iyrənc” halların mövcudluğunu yazan xanım G.Hacıbəyli
2007-ci il aprelin 16-da Avropa Şurası Parlament
Assambleyasının tribunasından Azərbaycandakı
demokratik mühit haqqında tam əks və son dərəcə
müsbət mövqeyi ifadə edirdi: “Azərbaycan demokratiya
yolu ilə gedir. Azərbaycanda demokratik təsisatların
inkişaf dinamikası yüksəkdir”.
Azərbaycandakı
demokratiya gəlişmələri haqda G.Hacıyevanın bu
fikirləri isə 2008-ci il 17 fevrala aiddir: “Bütün beynəlxalq
qurumlar kimi AŞPA təmsilçiləri, təşkilatın
rəsmiləri dəfələrlə bəyan etmişlər
ki, Cənubi Qafqazda apardığı demokratik islahatlara
görə fərqlənən, qurum qarşısında
götürdüyü öhdəliklərə hörmətlə
yanaşan Azərbaycanda söz, mətbuat azadlığı,
plüralizm inkişafdadır, insan haqlarının
qorunması istiqamətində önəmli islahatlar
aparılır, əhəmiyyətli qərarlar qəbul olunur”
(“Yeni çağ” informasiya agentliyi).
Sovet tarixinin nəhs 1937-ci ilinə gəlincə, onun nə
olduğunu mən çoxlarından yaxşı bilirəm. O dövr haqqında bir
neçə irihəcmli araşdırma-kitabın müəllifiyəm.
Azərbaycanın, Rusiyanın, Orta Asiyanın,
Gürcüstanın Milli Təhlükəsizlik nazirliklərinin
arxivlərində yüzlərlə məhbusun “cinayət
işini” oxumuşam, Stalin repressiyalarının əzablarını
yaşamış sıra-sıra insanı dindirmişəm. O
dövrdə nəinki hakim siyasətə, ideolojiyə əks
olan nəsə demək, yazmaq, hətta bu barədə öz
ailən içərisində pıçıltı ilə
danışmaq qorxulu olub, kimisə sadəcə
tanıdığına, adını bildiyinə,
ifşasında fəal iştirak etmədiyinə, kiməsə
uzaqdan-uzağa rəğbətin olduğuna (yaxud nifrətini
açıq bildirmədiyinə görə) insanları
güllələyiblər, həbs ediblər, olmazın
işgəncələrə məruz qoyublar, nəsilliklə
qayıdışsız sürgünlərə yollayıblar.
Bu gün isə Azərbaycanda nə istəyirsiniz
danışırsınız, nə istəyirsiniz
yazırsınız, harada istəyirsiniz
toplaşırsınız, həyatınız öz
axarında davam edir. Nə sizə güldən ağır
söz deyən var, nə qarşınızı kəsən.
Budurmu 37?
G.Hacıbəyli
yazır: “Cəmil müəllim bu gün kəfənini əyninə
geyinib bizim üçün, bizim və
övladlarımızın xoşbəxt və ləyaqətli
gələcəyi üçün çətin və
müqəddəs bir yola çıxıb”.
Bu deyiş tərzi məni çox narahat etdi və
dalağım sancdı.
Bu nəyin anonsu, hansı mümkün təxribatlar
üçün qoyulan özüldür?
Cəmil Həsənli prezidentliyə namizəddir, digərləri
kimi çıxış edir, mövqeyini bildirir, olsun ki, nələrisə
sərt söyləyir. Nə olsun, burada nə var ki! Söz deyir,
ona da yaxşı-yaman sözlə cavab verilir.
Amma bu kəfən söhbətinin ortaya atılması məndə
həqiqətən nigaranlıq oyadır.
Onsuz da ölkə əhalisinin ümumi əhval-ruhiyyəsi
ilə tanışlıq açıqca göstərir ki,
İlham Əliyev qarşıdakı Prezident seçkilərinin
qalibi olacaq. Amma destruktiv qüvvələr, onları qıraqdan
yönəldənlər haqq işimizə cüzi də olsa
kölgə salmaq, bayram ovqatımıza zəhər
damızdırmaq, özlərinin törətdiyini
ayağımıza yazmaq üçün hər namərdliyə
gedə bilərlər.
Yoxsa ki, bu kəfən qəziyyəsi boşuna, havadan
yaranmayıb və dövriyyəyə də təsadüfi
olmayaraq indi buraxılır. Gərək çox
ehtiyatlı olaq.
“Azərbaycanın
şəhərlərinə, rayonlarına, qəsəbələrinə,
paytaxtımızın
küçə və meydanlarına nəzər
salsaq, görərik ki, elə bir yer yoxdur ki, orada ölkəmizin
inkişafının izləri hiss olunmasın”. Gültəkin
Hacıyeva 2008-ci il sentyabrın 19-da “525-ci qəzet”ə
müsahibəsində Azərbaycanı belə
görürdü və üstündən 5 il ötəndən
sonra ikiqat artıq tərəqqi etmiş Azərbaycan
Respublikasını insanlarımızın “heç
yaşamayıb sürünməyə məhkum edildiyi rəzil
həyat” səhnəsi kimi dəyərləndirirdi
(“Azadlıq” qəzeti, 22 sentyabr 2013).
Müdam
iqtidarla təmaslarda olan, hakimiyyətin yaratdığı
imtiyazlardan illərcə geninə-boluna istifadə edən,
günlərin birində hansısa maraqları təmin
olunmayanda qəfilcə asqırıb ayılan, cırnayaraq:
“Mən cahan mülkündə mütləq doğru halət
görmədim” bağıraraq şikayətlənənlərin,
quyruqları qapı arasında qalandan sonra demokratlara,
inqilabçılara çevrilənlərin sözlərindəki
səmimiyyətə heç vaxt inam, etibar olmayıb, olmayacaq
da.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli
üçün usanmadan gecə-gündüz aparılan
işi, qaçqınların, məcburi köçkünlərin
həyat şəraitinin yaxşılaşdırılması
üçün bütün Azərbaycan boyu layihələr
həyata keçirilməsini, qəmli çadır şəhərciklərinin
yerli-dibli ləğv edilməsini və ərazilərimizin
işğalı probleminin həllini həm də iqtisadi müstəviyə
yönəltməklə Ermənistanı miskin vəziyyətə
yetirən genişmiqyaslı dövlət siyasətini
insafsızca danan G.Hacıbəyli bu gün istehza ilə belə
yazır: “Vətənpərvər” iqtidarımız bizi
ötən 20 ildə Qarabağa 20 metr də
yaxınlaşdırmadı”.
2007-ci il noyabrın 9-da Milli Məclisdə
çıxış edərkən bu xanımın
iqtidarın vətənpərvərliyinə şübhəsi
yox idi: “Qarabağ siyasətinin bütün yükü cənab
Prezidentin üzərindədir”.
2008-ci il sentyabrın 17-də isə G.Hacıyeva belə
deyirdi: “Prezidentimiz söz verdiyi kimi beş il ərzində Azərbaycanın
hərbi müdafiə büdcəsini Ermənistanın
bütünlüklə dövlət büdcəsinə bərabər
səviyyəyə qaldırdı. Eşq olsun
Ali Baş Komandanımıza!” (“Yeni Azərbaycan”
qəzeti, 18 sentyabr 2008).
Olsun, buna hər kəs razı. Bəs mövqeyini, əqidəsini
beləcə kəlləmayallaq dəyişənə nə
olsun?!
Və bir
daha dinləyək iki fərqli ladda eşidilən eyni səsi:
“Yolumuz işıqlı, parlaq, nurlu yoldur. Bu yol
bizi işıqlı gələcəyə aparacaq. Bu yolun təməlini ümummilli liderimiz Heydər
Əliyev qoyub və bu yol bizi çiçəklənən,
güclü, qüdrətli Azərbaycana qovuşduracaq”
(Gültəkin Hacıyeva. “Yeni Azərbaycan”
qəzeti. 18 sentyabr 2008).
Bu da həmin ifadır. Ancaq indi dalğa başqa, koordinat başqa: “Bu yol rahat yol deyil. Bu yolda heç birimiz həbslərdən, ölümdən belə sığortalanmamışıq. Bu yolun hansı məhrumiyyətlərdən keçməsindən asılı olmayaraq, mən bu haqq yolunda şərəfli mübarizəsində sonadək Cəmil Həsənlinin yanında varam!” (Gültəkin Hacıbəyli. “Azadlıq” qəzeti, 22 sentyabr 2013).
lll
Orta çağın mütəfəkkir insanı və ötkəm şəxsiyyəti Həzrət Əli ibn Əbi Talibin müdrik bir fikri uzun yol aşaraq VII əsrdən bu günümüzə yetişib və o qənaət doğru yolun əbədi hikməti ilə bağlıdır: “Qabaqda olanlar bizi gözləyəcəklər, arxada qalanlar özlərini bizə çatdıracaqlar. Çünki bizim yolumuz haqq yoludur”.
Bu elə bizim – Azərbaycanın da getdiyi yoldur.
Bu elə Prezident İlham Əliyevin getdiyi yoldur.
Millətin və Ölkənin yüksəlişlərə, zəfərlərə, tərəqqiyə doğru səmt götürmüş yolu.
20 il əvvəlki Azərbaycan, 10 il əvvəlki Azərbaycan deyil. 10 il qabaqkı Azərbaycan 5 il öncəki Azərbaycan deyil.
Bugünkü Azərbaycan 5 il əvvəlkindən çox irəli gedib.
20 il əvvəl, 10 il qabaq bizdən xeyli qabaqda olanların, bizə üstdən baxanların əksəri indi sözümüzü eşidir, rəyimizlə hesablaşır. Dünya dövlətləri ailəsində çəkimiz də, nüfuzumuz da müqayisəyəgəlməz dərəcədə artıb, arta-arta da gedir. Görənlər görür, bilənlər bilir və geci-tezi var – görməyənlər də görməyə vadar olacaq, görüb dilə gətirmək istəməyənlər də mütləq bu heyrətlər doğuran oxşarsız inkişafı görüb etiraf etməyə məcbur qalacaqlar.
Azərbaycan, həqiqətinə inandığı böyük yoldadır.
Milləti ilə əl-ələ, ürək-ürəyə olan Prezident İlham Əliyev daha parlaq üfüqlərə doğru böyük yoldadır.
Və bu yolun hər sabahında zəfərlər var. Çünki bu yol ayağı sürüşkənlərin, dönüklərin, riyakarların, hər hava şəraitində dəyişənlərin yox, sadiqlərin, sabitqədəmlərin, üzü və sözü bir olanların getdiyi haqq yoludur!
Haqq
köməyimiz olsun!
Rafael HÜSEYNOV
Milli Məclisin deputatı
AMEA-nın müxbir üzvü
filologiya elmləri doktoru, professor
525-ci qəzet.-
2013.- 27 sentyabr.- S.4.