Mənim şairlərə yazığım gəlir

 

Vergidi hər biri, Allah vergisi,

Canlıca nümunə – Allah sərgisi

Şair yaratmayır Allah hər kəsi,

Mənim şairlərə yazığım gəlir.

 

Nəğmələr qoşurlar düzdə allara,

Dodaqda qaymağa, sözdə ballara,

Şəhərlər verirlər üzdə xallara,

Mənim şairlərə yazığım gəlir.

 

Kürsüyə qalxdımı, alqışlayırlar,

Gah gülə tuturlar, gah daşlayırlar,

Öldürüb sonra da bağışlayırlar,

Mənim şairlərə yazığım gəlir.

 

Hüseyn Cavidi, Müşfiqi belə,

Cavidin, Müşfiqin dan eşqi belə,

Dan eşqi olana, qan eşqi belə

Mənim şairlərə yazığım gəlir.

 

Füzuli fikirdən ayılmadımı?

Nəimi qanıyla yuyulmadımı?

Nəsimi dipdiri soyulmadımı?

Mənim şairlərə yazığım gəlir.

 

Yüzlər öyünməsin, yüzlər yek çəkir,

Dərd çəkən içində tənha,tək çəkir,

Şair doğulmayın, şair yük çəkir,

Mənim şairlərə yazığım gəlir,

Mənim şairlərə yazığım gəlir.

Bu qərib axşamın qəribi mənəm

 

Bu qərib axşamın qəribi mənəm

                                                                                          

 

Bu qərib axşamın qəribi mənəm,

Payız səmasıyam, elə dolmuşam...

Bir həzin kamana dönübdür sinəm,

Elə bil anasız körpə olmuşam.

 

Görünmür gözümə, nə dövlət, nə mal,

Dünya gözlərimdə heç olub, gedir.

Gözümdə həsrətdir, könlümdə məlal,

Ötənlər, keçənlər köç olub gedir.

 

Nələrdən keçdiyim gözümə durur,

Çəkdiyim zəhməti dananlar, danır.

Çörək verdiklərim üzümə durur,

Özgə bildiklərim halıma yanır.

 

Səpib tökdüyümü yad götürübdü,

Bu qərib axşamda nəm çəkirəm, nəm.

Kipriyim bir ömür od götürübdü,

Geriyə baxanda heyrətlənirəm.

 

Maraqlar, məqsədlər qeylü-qal dadır,

Hər oğul elinə ad-san olmayır.

Ağaran bənizlər adam aldadır,

Doğulan hər adam insan olmayır.

 

Gələnlər nəslinə, kökünə çəkir,

Calana-calana kök də cırlaşır.

Çökənlər içində günbəgün çökür,

Cırlaşan bətində, kökdə cırlaşır.

 

Bu qərib axşamın qəribi mənəm,

Əllərim qalxmayır, bir budaq əyəm.

Bir həzin kamana dönübdür sinəm,

Anasız tək qalmış uşaq kimiyəm.

Anamın qarğışları

 

Anam qarğış edərdi

Yamanlara, pislərə

Gözündə olanlara,

ürəyi xəbislərə.

Anam qarğış edərdi

Haqqa nahaq deyənə.

El malına kəm baxıb

Talayana, yeyənə.

Bəd uğurun dalınca

Bir qara daş atardı.

Anamın gücü ancaq

qarğımağa çatardı.

Keçməz idi di gəl ki,

Bir dəfə də qarğışı.

Yolağaya çatardı

Atdığı qara daşı.

Gülərdi qarğananlar,

Bilərdi qarğananlar:

Anaların qarğışı

Ürəyindən su içmir.

Elə buna görə də

Ana qarğışı keçmir.

 

Dayan, ana, sən görən

İndi muştuluq olub.

El malını yeyənin

Fəndi muştuluq olub.

İndi bölgə yeyirlər,

İndi ölkə yeyirlər,

Hesabını soran yox,

Dayanan yox, duran yox.

Sinəmə ah gəlibdi,

Yüksəlişi-qarğışım.

Qoy, indi mən qarğıyım,

Keçsin kişi qarğışım.   

 

Elə oxuyursan...

 

Elnarə Abdullayevə üçün

 

Bu necə həsrətdir, bu necə sevgi,

Açılan çiçəklər belə qoxumur.

Elə oxuyursan, oxuyursan ki,

Qürbətə gedənlər belə oxumur.

 

Göylərmi kişnəyir, dağmı yarılır,

Obamı sürülür, bu yanğı hardan?

Könülmü qırılır, canmı ayrılır,

Əllərmi üzülür, yoxsa ki yardan?

 

Buluda dönürsən, elə dolursan,

Elə bil göylərdə şimşəklər çaxır.

Qatardan ayrılmış durna olursan,

Elə oxuyursan – ürəyim axır.

 

Sən Allah, boynunu çiyninə əymə,

Kim bilir, baxanlar nələr anacaq.

Səsin də yanğısı var imiş demə,

Yanğıya keçdinmi – dünya yanacaq.

 

Bağışla, ay bacım, səhv eləyirəm,

Səhvimi əlimlə qoy verim yelə.

Bu səhvi özümə əfv eləyirəm,

Beləsən, gözümdə elə, qal belə.

 

Zarafat

 

Dünya məni qonaq gördü,

Çəkdi bazara-bazara.

Mən neylədim, qınaq gördü,

Baxdı bozara-bozara.

 

Gələninə çətən dedim,

Gedəninə itən dedim.

Torpağına Vətən dedim,

Qoydu güzara-güzara.

 

Dağlarından qar istədim,

Bağlarından bar istədim,

Bir vəfalı yar istədim,

Saldı azara-azara.

 

Dilə tutdu, tora çəkdi,

Asi oldum, dara çəkdi,

Axır məni gora çəkdi,

Qaldım qızara-qızara.

 

Aldığını cəm eylədi,

Verdiyini kəm eylədi,

Günlərimi qəm eylədi,

Döndüm yazara-yazara.

 

Gedirəm

 

Bir nağıldı bu dünyada ömür-gün,

Bulaqlardan içə-içə gedirəm.

Allah verir, yaşayıram özümçün,

Yaxşı-pisi seçə-seçə gedirəm.

Tamaşadı yaşıl yamac, gen dərə,

Dərmanımdı, qoysan əlim gül dərə.

Yaman olan yaman çəkir bənd-bərə,

Bənd-bərəni keçə-keçə gedirəm.

 

Öyünmürəm, dəryalarda gəmim var,

Deyinmirəm, həsrətim var, qəmim var.

Göyərtmişəm, dalğalanan zəmim var,

Əkdiyimi biçə-biçə gedirəm.

 

Dolan göylər bulud-bulud saçılmış,

Yel sovurub, yığdıqlarım dağılmış.

Vallah-billah, dünya tamam nağılmış,

Köçəriyəm, köçə-köçə gedirəm.

 

Gələn gəlir, gücə dönür dünyada,

Gedən gedir, köçə dönür dünyada.

Heçdən gələn heçə dönür dünyada,

Cavad deyər, heçdən-heçə gedirəm.

 

Qazandım

 

Bir ömür xərclədim şeirə, sənətə,

Adıma yaraşan bir ad qazandım.

Günlərim çevrildi, xətir-hörmətə,

Özümdən sonraya soy ad qazandım.

 

Xəbislər yığışdı – boğmalaşdılar,

Yaxşılar axışdı – doğmalaşdılar,

Salam verdiklərim loxmalaşdılar,

Başıma el yığdım, mən yad qazandım.

 

Yamanlar içində deyilmədim heç,

Zorluya daş oldum – yeyilmədim heç.

Bir kimə, kimsəyə əyilmədim heç,

Mən haqqı qorudum, Cavad qazandım.

Siyasət

 

Uzaqdan ağarar işıq donunda,

Gözü gah ondadı, gah da ki bunda.

lll

Siyasət üz görmüş qadındı, qadın,

Gecəsi sənindi, gündüzü yadın.

 

Qızıma

 

Bir igid ömrünü saldıq ömürdən,

Böhranlar keçirdik düz iyirmi il.

Adladı bizimki baxım – görümdən,

Elə bil yaşadıq yüz iyirmi il.

 

Çarəsiz olurmuş, fələkdən gələn,

Dərdini bilənlər xəyala daldı.

Tökülüb gəldilər, eşidən, bilən,

Ümid yaradana, Allaha qaldı.

 

Lal oldu qarşımda doğma həkimlər,

Elə baxdılar ki, yazıq mən oldum.

Min cürə suallar, diqqətçəkmələr,

Ürəyi, kürəyi qazıq mən oldum.

 

Yanımda, yörəmdə qaynayanlara

Yovuşa bilmədim – sözlərimdə sən.

Toylarda qol açıb oynayanlara

Tamaşa elədim – gözlərimdə sən.

 

Göz yaşım içimə axdı, töküldü,

Dərdimi kimsəyə deyə bilmədim.

Qamətim əyilib elə büküldü,

Halal çörəyimi yeyə bilmədim.

 

Bilmədim illəri necə yaşadım,

Şah qəddim ikiqat, dörd büküm oldu.

Gözümdə, könlümdə kədər daşıdım,

Hayana getdimsə, dərd yüküm oldu.

 

Çağırdı qoynuna bizi dağ, aran,

Qəlbimdən yüksələn min ahım oldu.

Bizi bizdən alıb, bizə qaytaran,

Yenə də, yenə də Allahım oldu.

09.04.2013

 

Mən nələr çəkirəm, özüm bilirəm,

Bir kimsə bilməyir özümdən ayrı.

Canımı dərdimə dözüm, bilirəm,

Bir çarə görmürəm, dözümdən ayrı.

 

Gələn də, gedən də təsəlli verir,

Ovuntu axtaran dəmimdi, neynək.

Tanrımdı, nə verir dördəlli verir,

Dördəlli verdiyi qəmimdi, neynək.

Arana getmirəm, dağa getmirəm,

Aranım, yaylağım dörd divar içi.

Bostana düşmürəm, bağa getmirəm,

Üstümə yeriyir, dərd divar içi.

 

Evimin içində qəm tapıb məni,

Bacamdan giribdi, heç bilməmişəm.

Möhürlü görmüşəm, fələk deyəni,

Yenə də özümə vec bilməmişəm.

 

Çürütmək istəyir məni içimdən,

Bilmirəm, nə tapıb uru canımda.

Çürütmək istəyir, can vermirəm mən,

Onu quruduram quru canımda.

 

Suları kəsilib, arxı dönübdü,

Sozalıb yamanca, adi qəmdi ki.

Hökmünü itirib, çarxı dönübdü,

Baxıram, eləcə adı qəmdi ki.

 

Bir ağır sınaqmış ötən hər dəmim,

Çaşmadım, sınmadım, çözümüm ilə.

Tanrı sınağıymış, demə, bu qəmim,

Mən yendim bu qəmi dözümüm ilə.

15.05.2013

 

Bir kitab yazıdı bu dərdin özü,

Elə doğmalaşıb, əzizdir mənə.

Kiminsə nəfsi yox, kiminsə gözü,

Balamın özütək təmizdir mənə.

 

Başının üstündə tavanı səma,

Göylərdən gələnə doğmadı, yardı.

Oturub-durduğu tarixi sima,

Oturub-durduğu övliyalardı.

 

Elə danışdırır tarixdəkini,

Elə bil üz-üzə dayanıb, durub.

Şeytana, iblisə dəryadı kini,

Elə bil imandı, oyanıb durub.

 

Açır açmaları söz-söhbətində,

Olub-olacağı elə görür ki.

Hiylələr əriyir köz söhbətində,

Paxılı, xəbisi elə sərir ki.

 

Fikrində bir zərrə qarışığı yox,

Bulağın gözüdü, su kimi pakdı.

Biriylə küsüsü, barışığı yox,

Hər sözü, söhbəti ayədi, haqdı.

 

Torpağa qovuşur saralan, solan,

Hərə olacağı bilmək istəyir.

Kəlməsi minlərə bir qanun olan

Onun hüzuruna gəlmək istəyir.

 

Qoy desin ağıma qara deyənim,

İmanım inama sığnaq yerimdi.

Balam bala deyil evimdə mənim,

Övliyam, imamım, peyğəmbərimdi.

Oturub mən sənə şeir yazıram

 

Bu nisgil qəlbimi elə bürüyüb,

Bilmirəm nə qoyub, nə götürürəm.

Çiçəkli arzumu elə kürüyüb,

Ölən ümidimə köks ötürürəm.

Nələr gözləyirdim, nəyə hazıram,

Oturub mən sənə şeir yazıram.

 

Fikirdən üzülüb,sozalıb anan,

Qaməti pozulub,qəddi bükülür.

Elə bil ümidsiz söz alıb anan,

Gözündən qoralar axır, tökülür,

Təsəlli tapmıram, qulaq asıram,

Oturub mən sənə şeir yazıram.

 

Qardaşın evlənmir,yaşı adlayır,

Yanında tay-tuşu noğul balalı.

Dərd məni götürüb,sinəm çatlayır,

Çiynimdə sən yüküm,oğul babalı,

Bəhərsiz ömürdən, gündən bezaram,

Oturub mən sənə şeir yazıram.

 

Ölməyə nə var ki, ölüb gedərəm,

Əllərdə qalmağın qorxuzur məni.

Yığdığım nədir ki, bölüb gedərəm.

Sabahın yuxudan durğuzur məni,

Nələr düşünürəm, nələr yozuram,

Oturub mən sənə şeir yazıram.

 

Həyətdə körpələr qaçır top kimi,

Həsrətdən dodağım çatlayır mənim.

Günlərim mənasız bir kitab kimi,

Əllərim eləcə qatlayır mənim,

Mən şeir yazmıram, qəbir qazıram,

Oturub mən sənə şeir yazıram.

 

Cavad Zeynal

525-ci qəzet.- 2013.- 28 sentyabr.- S.28.