Televiziyanın əfsanəsi
Moskvada Ənvər Məmmədovu belə
adlandırırdılar – televiziyanın əfsanəsi. Bu, təsadüfi
deyildi – Ümumittifaq Radiosunun və Mərkəzi
Televiziyanın təşəkkülündə əvəzsiz
xidmətləri vardı həmyerlimizin. Böyük
hörmət və nüfuz sahibiydi, sözün əsl mənasında
televiziyanın əfsanəsiydi.
70-ci illərin sonu idi. Azərbaycan Beynəlxalq
Radiosunun Türkiyəyə verilişlər baş
redaksiyasında redaktor vəzifəsində
çalışırdım. Moskva Beynəlxalq
Radiosuna ezam edilmişdim. Radionun siyasi
icmalçısı Nikolay Vasilyeviç Matusla foyedə söhbət
edirdik. Nikolay Vasilyeviç aralıdan bizimlə
salamlaşıb, liftə sarı gedən ucaboy bir nəfəri
mənə göstərib dedi:
– Sənin
həmyerlindi – Ənvər Məmmədovdu, televiziyanın əfsanəsi
deyirlər ona. – Sonra da zarafatla əlavə elədi: – Sənin
də familiyan Məmmədovdu – birdən qohum olarsınız.
Çox
maraqlıdır ki, eyni sualı bir il sonra
Moskvada Teleradio İşçilərinin Ümumittifaq
İxtisasartırma İnstitutunun dinləyicisi olarkən bizə
mühazirə söyləyən beynəlxalq icmalçı,
tanınmış jurnalist İqor Fesunenko verdi mənə. Ənvər müəllim haqqında bir xeyli
danışdı, xoş sözlər söylədi.
Ənvər müəllim öz işi, bacarığı və
nüfuzuyla “Məmmədov” familiyasını elə yüksəklərə
qaldırmışdı, elə tanıtmışdı ki, o
familiyanı daşıyan hər kəsə SSRİ Dövlət
Teleradio Verilişləri Komitəsində xüsusi hörmət
və izzətlə yanaşırdılar. Mən
özüm dəfələrlə bunun şahidi olmuşdum.
Çox maraqlıydı – Ənvər Məmmədovla
Nikolay Matusu yalnız məsləkləri
yaxınlaşdırmırdı, onların keçdiyi həyat
yolunda da hardasa bir paralellik vardı. Hər ikisi
Böyük Vətən müharibəsi
iştirakçısı idi, hərbi tərcüməçilər
məktəbini bitirmiş, kəşfiyyatçı zabit
olmuşdular. Onların sonrakı
ömür yolunda da bir bənzərlik tapmaq
mümkündü. Nikolay Vasileviç
Matus müharibədən sonra bir müddət Türkiyədə
müxbir adı altında çalışmış, ordu
sıralarından tərxis edilib, Bakıda yaşamış,
60-cı illərdə Azərbaycan Beynəlxalq Radiosunda
işləmişdi. Moskva həyatı bu
iki keçmiş kəşfiyyatçını Moskva Beynəlxalq
Radiosunda qarşılaşdırmışdı, bir yerdə
işləməli olmuşdular. Nikolay
Vasilyeviç uzun illər Ənvər Məmmədovun rəhbərliyi
altında çalışdığından həm bir insan,
həm də bacarıqlı rəhbər işçi,
istedadlı jurnalist kimi onu yaxşı tanıyırdı.
Ənvər
Məmmədov 1923-cü il avqustun 15-də
Bakıda anadan olub. Onun ömür yolu keşməkeşli,
amma çox mənalıdır, yazılmamış bir salnamədi,
qələmə alınmamış bir romandır, çəkilməmiş
filmdir. Enişli-yoxuşlu ömür
yolunda tale insanı nə qədər sınağa çəkərmiş?
Orta məktəbin yeddinci sinfini bitirdikdən
sonra çilingər köməkçisi işləyib.
Həyatın acısını cavan
vaxtlarından dadıb. Atası Nazim Məmmədov
repressiya qurbanı olub, ölümündən sonra ona bəraət
qazandırılıb.
Balaca Ənvərin tərbiyəsilə ana nənəsi
Sofya Andreyevna məşğul olub. Onun Lev Tolstoyun həyat
yoldaşına qohumluğu çatırdı.
Hələ orta məktəb illərindən Ənvərin
arzusu təyyarəçi olmaq idi, Bakı planer və
paraşütçülər klubunda məşğul olurdu. Ancaq Vətən
müharibəsinin başlanması onun həyat yolunu başqa
səmtə yönəltdi. Bir neçə
dili mükəmməl bildiyindən onu onu cəbhədən
qaytarır, Bakıdakı hərbi tərcüməçilər
məktəbinə göndərirlər.
1943-cü ildə Ənvər Məmmədovu gözlənilmədən
Moskvaya SSRİ Xarici İşlər Xalq
Komissarlığına çağırırlar. Xarici İşlər Xalq
Komissarı Molotov bayağı tərzdə “bu tatarinə
diplomatik ranq verib İtaliyaya məsul işə göndərməyə
nə lüzum var” deyib etiraz etməsinə baxmayaraq, Ənvər
Məmmədovun italyan, fransız və alman dilində mükəmməl
danışmağını, bacarığını nəzərə
alaraq onu Xarici İşlər Xalq Komissarlığında
işə götürür, sonra SSRİ-nin İtaliyadakı
səfirliyinə attaşe göndərirlər. O vaxt Ənvər
Məmmədovun cəmi iyirmi bir yaşı vardı.
Onun ömür yoluna nəzər yetirəndə, həyatında
maraqlı hadisələrin, əhvalatların çox
olduğunu görürük. Nürnberq məhkəməsində
tərcüməçi kimi iştirak edib. Faşizmi ifşa və ittiham edən beynəlxalq hərbi
tribunalın şahidi olmaq gənc diplomat Ənvər Məmmədovdan
ötrü heç vaxt unutmayacağı tarixi hadisələrdəndi.
Stalinqradda məğlub olub əsir
düşmüş feldmarşal Paulsun Moskvadan Nürnberq hərbi
tribunalına gətirilməsi zərurəti yarana biləcəyini
nəzərə alaraq, sovet nümayəndəliyi əvvəlcədən
feldmarşalı təyyarəylə Almaniyaya
aparmışdı. Onun gizlin yolla Amerikan
zonasından keçirilməsini Ənvər Məmmədovla
hərbi kəşfiyat idarəsinin bir zabiti yerinə
yetirmişdi.
O,
müharibənin acı nəfəsini də duyub, hərbi kəşfiyyat
idarəsinin əməkdaşı kimi də çox risklərlə
qarşılaşıb. Nə kimi çətinliklərlə
qarşılaşsa da, heç vaxt inamını itirməyib
və onu həmişə qalib çıxaran da məhz bu
hiss olub. Özünün dediyi kimi onun öz
baxışı, öz prinsipləri var: həyatın nəbzini
tutmaq, bugünlə yaşamaq, keçmişdən isə
yalnız və yalnız gələcəyə lazım
olanları götürmək.
Müharibədən sonra diplomatik sahələrdə
çalışan Ənvər Məmmədovu tale sonralar
jurnalistikaya gətirir. “Sovetskiy Soyuz” jurnalının baş
redaktoru olur. Sonradan Moskva Beynəlxalq Radiosunun Amerika,
Kanada və Latın Amerikası redaksiyasının baş
redaktoru vəzifəsinə təyin olunan Ənvər müəllim
tezliklə Beynəlxalq radioya rəhbərlik edir. 1962-ci ildə SSRİ Televiziya və Radio Verilişləri
Komitəsinin sədr müavini vəzifəsinə təyin
olunur. İşdə
özünü son dərəcə ciddi və prinsipial
göstərən Ənvər Məmmədov radioda çox
yeniliklər etməyə müvəffəq olur. Dövrünün populyar radiosu olan “Mayak”
stansiyasının açılması, fəaliyyəti də
məhz onun adıyla bağlıdır.
“Mayak” informasiya və musiqi radiostansiyası yaratmaq
ideyasını irəli sürəndə Kremldə Ənvər
Məmmədovun bu təklifini müsbət
qarşılamırlar. Çox çətinliklə də olsa,
Məmmədov Kreml məmurlarını yola gətirməyə
müvəffəq olur. Bu ideyanın həyata
keçməsində onu Aleksandr Yakovlev dəstəkləyir.
1963-cü ildə efir məkanında yeni bir səs
eşidilir – “Mayak” radio stansiyasının səsi. Bu səs
bütün ölkəyə yayılır, milyonlarla dinləyicinin
ürəyinə, qəlbinə yol tapır. “Mayak” yalnız SSRİ-də deyil, ölkənin
hüdudlarından kənarda da maraqla dinlənilən radio idi.
Deyim ki, “Mayak” mənim də gəncliyimin
radiosuydu. Elə bilirdim, “Mayak”
dünyanı yığıb gətirir bizim evimizə.
O radionun gözəgörünməz dalğalarında
romantik mahnı musiqi qanadlarında bütün yer
üzünü dolaşırdım sanki. Sovet
xalqının böyük bir nəsli bu radionun maraqlı
verilişlərilə formalaşıb. “Mayak”,
yaşından asılı olmayaraq, hər kəsin radiosuydu.
O vaxt ağlıma belə gəlməzdi ki, Moskvadan səslənən
bu radionun bilavasitə qurucusu həmyerlimiz Ənvər Məmmədov
imiş. Və illər keçəcək, əyalət
qəsəbəsində tranzistoru qucaqlayıb radio dinləyən
bir yeniyetmə efirdə yayılan sirli dalğaların sehrinə
düşüb öz doğma elindən-yurdundan pərvazlanacaq,
həyatını radioyaya bağlayacaq. “Mayak”
mənim kimi çoxlarını radio azarına tutdurmuşdu,
çoxları həyatını, taleyini radio işinə
bağladığına görə həm də bu
radiostansiyaya minnətdardı.
Özünü bacarıqlı jurnalist, rəhbər
işçi kimi göstərən Ənvər Məmmədov
1970-ci ildə SSRİ Dövlət Televiziya və Radio
Verilişləri Komitəsində televiziya üzrə birinci müavin
vəsifəsinə irəli çəkilir. Ənvər
müəllimin gəlişi ölkədə televiziyanın
demək olar ki, yeni təşəkkül tapdığı
dövrə təsadüf etdiyindən, o, üzərinə
necə bir məsuliyyət düşdüyünü
yaxşı bilir, yorulmadan çalışırdı. Yalnız çalışmırdı, demək olar
ki, həm də Kremldəki məmurlarla vuruşur,
döyüşürdü. Tanınmış televiziya
jurnalisti Eduard Saqalayev yazır ki, Ənvər Nazimoviç Mərkəzi
Komitənin məsul işçilərilə, hətta Siyasi
Büronun üzvləriylə də telefonda çox
soyuqqanlı danışır, heç vaxt özünü
onlardan aşağı tutmurdu. Qürurunu
gözləyirdi, vüqarlıydı.
Demokratik ruhlu, azad təfəkkürlü bir insan kimi
tanınan Ənvər Məmmədovun gəlişiylə Mərkəzi
Televiziyada yeni ab-hava duyulmağa başladı. Yeni-yeni
maraqlı proqramlar efirə yol tapdı. Yeni
proqramları isə yeni təfəkkürlü, istedadlı
televiziya jurnalistləri yaradacaqdı. Yaradıcı
insanları televiziyaya cəlb etmək, onlara öz
sözünü deməyə imkan yaratmaq, köhnə
stereotiplərdən xilas olmaq – Ənvər Məmmədov ilk
gündən bu prinsipləri əsas götürürdü.
Potensial imkanlardan yetərincə dəyərlənməklə
yeni televiziya qurmağı qarşısına məqsəd
qoymuşdu. Belə bir ağır
yükün altına girmək asan məsələ deyildi, bu
addımı yalnız özünə güvənən,
prinsipial və peşəkar insan ata bilərdi.
Sədr müavini olsa da, demək olar ki,
bütövlükdə televiziyanı Ənvər Məmmədov
idarə edirdi.
Onlarla proqram, o cümlədən “Baharın on yeddinci anı”, “Həmişə
təmizlikdə” və neçə-neçə televiziya
filmi məhz Ənvər müəllimin bilavasitə köməyilə
çəkilmiş, mavi ekrana yol tapmışdı. Bu filmlər tamaşaçıların sonsuz rəğbətini
qazanmışdı. O dövrün maraqlı
proqramlarından olan “Mavi ekran” da ruhən təzələnmiş,
yeni formatda təqdim edilməyə başlamışdı.
Ənvər Məmmədov şəxsiyyətdir. O, naşıların,
gözə kül üfürənlərin barışmaz
düşməni idi. Bilirdi ki, televiziyanı
yalnız istedadlı, jurnalistlərin, qələm sahiblərinin
hesabına irəli aparmaq olar. Bilirdi ki,
yalnız istedadlara yol açmaqla televiziyanı milyonlara sevdirmək
mümkündü. Bununla yanaşı o, hər
bir işçiyə qarşı çox tələbkar idi.
Saqalayev deyir ki, Ənvər Məmmədov Mərkəzi Televiziyada
bir nömrəli jurnalist idi, heç kim
onun qədər məntiqli danışa, yaza və fikir
yürüdə bilməzdi. Bir dəfə
yığıncaqda müzakirə zamanı Valentin Zorin
müştəbehlik edərək öz proqramını təriflədi.
Ənvər müəllim onun sözünü kəsib dedi,
Valentin Sergeyeviç, başa düşdük, gələcəkdə
sizin Kremlin divarları önündə dəfn olunmanız barədə
fikirləşməliyik... O söhbətdən sonra bir daha
Zorinin dilindən özü haqda tərif eşidən
olmadı...
Valentin
Zorin, Vladimir Dunayev, Aleksandr Bovin, İqor Fesunenko kimi nəhəng
jurnalistlər, beynəlxalq miqyasda yaxşı tanınan
nüfuzlu siyasi icmalçılar Ənvər Məmmədovun
rəhbərliyi altında işləyirdilər.
Televiziya işinə rəhbərlik etmək çətindi. Ona görə
ki, rəhbər işçi həm ssenaridən, həm
rejissor işindən, həm musiqi tərtibatındın, həm
də televiziya texnikasından baş
çıxarmalıdı. Bütün bu
keyfiyyətlər Ənvər Məmmədovun simasında cəmlənmişdi,
odur ki, əməkdaşlar Ənvər müəllimlə
yaradıcılıq barədə necə söhbət
aparmağın məsuliyyətini başa düşür, dərk
edirdilər. Onu da bilirdilər ki, onun qapısını
hər verilişlə, hər təkliflə döymək
olmaz.
Ənvər müəllim başqalarına olduğu kimi
özünə qarşı da son dərəcə tələbkar
idi. Bilirdi ki, rəhbər işçi, hər şeydən
əvvəl, özü nümunə olmalıdı
başqalarına. İti zehinli,
hazırcavab olduğundan onun bircə cümləylə ifadə
etdiyi fikrin mənası da dərin və sanballıydı, hər
kəs də payını tez götürürdü. O,
işçini buraxdığı səhvə görə
uzun-uzadı danlamağı sevmirdi, danlağında da, tərifində
də qısa və konkret idi. Onun iclaslardakı
çıxışları o qədər maraqlı olurdu ki, söylədiyi lokonik
və mənalı fikirlər sonradan zərb-məsələ
dönüb əməkdaşların dilindən
düşmürdü. Bir dəfə isə deyib: “Televiziya
küçələrdə baş verən cinayətlərə
görə də məsuliyyət daşıyır. Televiziya maraqlı olanda cinayətkarlar da, onların
potensial qurbanları da küçələrdən
yığışır, televiziya qarşısında
otururlar”. Doğrudan da eləydi, Mərkəzi
Televiziyanın maraqlı proqramları insanları mavi ekran
qarşısına toplayırdı. Yaxşı
yadımdadı 70-ci illərdə “Baharın on yeddinci anı”
televiziyada göstəriləndə Bakının küçələri
boşalırdı. Çox sonralar Bolqarıstanda olanda
eyni fikri bolqar həmkarlarımın da dilindən eşitdim,
deyirdilər, o film göstəriləndə Sofiyanın
küçələrində bir adam belə
gözə dəymirdi.
“Baharın
on yeddinci anı” filminin mavi ekranlara çıxması
üçün o vaxtların ideologiya kardinalı kim tanınan Mixail Suslovu inadından döndərmək
heç də asan iş deyildi. Suslovun əsas
iradı bu idi ki, ssenaridə düşmən
ağıllı göstərilir. Onunla görüşdə
Ənvər Məmmədov çox soyuqqanlıqla
sözünü deyir, deyir ki, mən faşizmi ittiham edən
Nürnberq hərbi tribunalının
iştirakçısı olmuşam, dünyanı qana bələyən
o adamların üzünə, gözlərinin içinə
baxmışam, onların əməlini ifşa edən sənədləri,
filmləri gömüşəm. “Baharın on yeddinci anı”
kimi filmlər çəkilməsi, tarixin bir zaman kəsiyini,
televiziya filmlərinə gətirilməsi, xalqa göstərilməsi
zəruridi... Çoxları yaxşı bilir
ki, “Baharın on yeddinci anı” filmi məhz Ənvər Məmmədovun
səyi, prinsipal mövqeyi sayəsində ekrana yol tapıb.
Ostankinonun dəhlizində özünəxas
yerişlə – iri addımlarla gedəndə qadınlar,
qızlar çönüb onu heyranlıqla süzür,
“müharibədə əsl Ştirlis Ənvər Məmmədov
olub” deyirdilər.
Mərkəzi televiziyaya rəhbərlik etdiyi müddətdə
sovet televiziyası sözün əsl mənasında
özünün yeni simasını tapmışdı. Onu da qeyd edim ki, deyilənə
görə, 70-ci illərin sonunda Mixail Suslovun Ənvər Məmmədovu
SSRİ Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin
sədri vəzifəsinə təyin etmək fikri olub. Suslov yaxşı bilirdi ki, sədr – keçmiş
diplomat Sergey Georgiyeviç Lapin jurnalist kimi yaxşı tanınsa
da, Mərkəzi Televiziyanın əsas
ağırlığı Ənvər Məmmədovun
çiynindədi. Sergey Lapinin Leonid
İliç Brejnevlə yaxın dostluğu Suslova bu təyinatı
həyata keçirməyə imkan verməyib. Deyim ki, Sergey Lapin də təcrübəli jurnalist
idi, nüfuzlu rəhbər işçi kimi ad
çıxartmışdı. Elə bir
yığıncaq, iclas olmazdı ki, o, hansısa məsələdə
Məmmədovla məsləhətləşməsin. Ümumittifaq Radiosu və Mərkəzi
Televiziyasının inkişafında Sergey Lapinin də əvəzsix
xidmətləri olub. O illərdən mənə xatirə
qalan bir də Lapinin imzasıyla aldığım fəxrifərmandı.
Ənvər Məmmədov Lapindən xeyli cavan
olduğundan onun hörmətini saxlayır, bir azərbaycanlı
kimi böyük-kiçik yerini gözləyirdi. Lapin ona
güvənir, onun ideyaları ilə razılaşır və
bilirdi ki, Məmmədovun ideyaları, fikirləri
söz olaraq qalmır, əməldə həyata keçir.
O vaxtlar
yeni ruhda efirə çıxan “Vremya” informasiya proqramı,
“Kabaçok 13 stulyev”, “A nu ka devuşki”, “Çto, qde, koqda”,
“Kinopanorama” kimi verilişlər milyonlarla insanı mavi ekran
qarşısına yığırdı. Çox
qəribədi ki, ömrünün uzun illərini radio və
televiziya işinə həsr eləmiş, bu sahədə əvəzssiz
xidmətləri olmuş, sözün əsl mənasında
radio və televiziyada xaruqələr yaratmış Ənvər
Məmmədov haqqında arxivlərdə xronika, kadr tapmaq
çətindi. O həmişə belə hisslərdən
uzaq olub, özünü gözə dürtməyi sevməyib,
həyatını bütün varlığıyla sevdiyi
peşəyə, işə həsr edib. Mərkəzi
Televiziyanın o vaxtkı diktoru İqor Kirillov deyir ki, o,
olduqca yaraşıqlı, qamətli idi və qadınlar onun dərdindən
dəliydilər. Amma Məmmədov
özünü ikinci planda görür, başqalarından
seçilmək istəmirdi. O həmişə bizimlə
birlikdəydi, bilirdik ki, hər bir şəraitdə sinəsini
irəli verib bizi müdafiə edəcək...
Ənvər Məmmədov yalnız davranışı
ilə deyil, səliqə-sahmanı, geyim-keçimiylə də
nümunəydi başqalarına. Tale ondan heç nəyi əsirgəməmişdi:
onun yaraşıqlı zahiri görünüşü ilə
daxili saflığı, duruluğu, mənəvi zənginliyi
bir-birini tamamlayırdı. Ünsiyyətcil
olduğundan dostları, tanışları çox idi. Xarici ölkələrdə işlədiyi vaxtlarda
qazandığı dostları onu unutmurdular. Moskvaya yolu düşənlər onunla
görüşməmiş getməzdilər. Kubanın o vaxtkı müdafiə naziri Raul Kastro
SSRİ-yə səfərlərində Ənvər Məmmədovla
görüşü hökmən protokola
saldırırmış. Bu, SSRİ
müdafiə nazirinin və digər yüksək çinli hərbçilərin
heç də xoşuna gəlmirmiş, qısqanclıqla
yanaşırmışlar. Ənvər
müəllim müsahibələrindən birində bu haqda
deyir ki, Raul hər dəfə Moskvaya gələndə
hökmən mənimlə görüşürdü və
bizim görüşümüzdə stolun üstündə
mütləq bahalı konyak olurdu.
Ənvər müəllimi haqlı olaraq “canlı
ensiklopediya” da adlandırırlar. Demək olar ki,
bütün əməkdaşların adını, hətta
onların doğum tarixini belə yadda saxlayırdı. Bütün bunlar onun yalnız bir rəhbər
işçi kimi deyil, diqqətli, qayğıkeş insan kimi
də sevdirirdi əməkdaşlara. Amma hər
kəs onu da yaxşı bilirdi ki, Məmmədovun sərt
üzü də var, səhlənkarlığa, laqeydliyə,
intizamsızlığa qarşı barışmazdı.
Odur ki, ətrafında çalışanlar da ələnib
ələkdən keçənlər idi və sədr
müavini onlara güvənirdi.
Ənvər Məmmədovun fikrincə, televiziya
işçisi də sadə, adi insandı, amma o, öz
intellekti, dünyagörüşüylə
tamaşaçıdan birbaş yuxarıda olmalıdı ki,
seyirçiləri düşündürən, maraqlandıran
proqramlar hazırlaya bilsin, tamaşaçını ekran
qarşısında tutub saxlamağı bacarsın. O, televiziyanın necə
geniş imkanlara malik oduğunu, onun kütləvi informasiya
vasitəsi kimi cəmiyyətdəki yerini bilir, buna
böyük önəm verirdi. Deyirdi televiziya hər evə
açılan qapıdı, hər ailəyə qonaqdı və
biz elə etməliyik ki, bu qonağın gəlişi ev sahiblərini bezdirməsin,
darıxdırmasın, onlara sevinc, fərəh bəxş eləsin. Buna isə yalnız maraqlı
proqramlar hazırlamaqla nail olmaq mümkündü.
1979-cu ilin sentyabrında Bakıda Ümumittifaq Televiziya
Filmləri Festivalı keçiriləndə Moskva nümayəndə
heyətinə rəhbərlik edən Ənvər Məmmədovu
qarşılamağa teleradio işçiləri də
getmişdilər. Ənvər Məmmədov onu duz-çörəklə
qarşıladığımızı görüb
gülümsədi, zarafatla dedi: “Mən xarici deyiləm ki, məni
bu cür təmtəraqla – duz-çörəklə
qarşılayırsınız, mən Vətənimə gəlmişəm”.
Festivalın açılışında Azərbaycanın
rəhbəri Heydər Əliyev də iştirak etdi, festivala
uğurlar dilədi. Heydər Əliyev
Ənvər Məmmədovu bir neçə nümayəndəylə
Mərkəzi Komitədə qəbul etdi.
Bir hadisəni də qeyd etmək istərdim. 70-ci illərin
ortalarında Azərbaycan Beynalxalq Radiosuna rəhbər təyin
edilən sədr müvini Aqşin Babayevin dövründə
bu radiostansiya qısa müddətdə təşəkkül
tapdı, böyük uğurlar qazandı. Həm verilişlərin həcminə, həm də
nüfuzuna görə SSRİ-də Moskva və Daşkənd
Beynəlxalq Radiolarından sonra üçüncü yerdə
dururdu. Məhz Aqşin Babayevin təşkilatçılıq
qabiliyyəti və peşəkarlığı sayəsində
Azərbaycan Beynəlxalq Radiosu bir addım da irəli
keçdi, necə deyərlər, özünün zirvə
nöqtəsinə çatdı. Bu söhbətə təsadüfən
qayıtmadım, o vaxtlar SSRİ tarixində ilk dəfə
keçirilən Beynəlxalq Radio işinə həsr olunmuş simpoziuma
ev sahibliyi etməyin məhz Bakıya həvalə olunması
təsadüfi deyildi. Bu işə xeyir-dua verən
həm də Ənvər Məmmədov olmuşdu. Simpoziuma sosialist ölkələrindən, o cümlədən
Bolqarıstandan, Rumıniyadan, Macarıstandan da qonaqlar dəvət
edilmişdi. Ənvər müəllim
Moskvada Aqşin Babayevlə görüşəndə beynəlxalq
Bakı simpoziumunun böyük məsuliyyət
daşıdığını xüsusi vurğulamış,
tədbirin uğurla keçəcəyinə
inandığını söyləmişdi. Onlar bir-birlərini bir sözdən, bir kəlmədən
başa düşürdülər, çünki hər ikisi
peşəkar jurnalist, yüksək təşkilatçılıq
qabiliyyətinə malik və yaradıcılığı
olan radio-televiziya işçisiydi.
1985-ci ildə Qorbaçov Sergey Lapini öz komandasında görmək istəmədi. Ənvər Məmmədov öz xahişi ilə işdən çıxması barədə ərizəylə müraciət elədi. Bu addım onun ruh düşkünlüyü, məğlubiyyəti deyil, uzaqgörənliyi idi...
Ənvər müəllim sinninin ahıl çağında da işdən ayrılmır, RİA Novosti agentliyində məsləhətçi kimi çalışır. Dünyada baş verən hadisələri diqqətlə izləyir, televiziya sahəsindəki yeniliklərlə tanış olur. Ölkənin radio və televiziyalarında çalışanların bir çoxu onun yetirmələridi, özlərinin dediyi kimi Ənvər Məmmədov məktəbinin məzunlarıdır. Oğlu Georginin diplomatik sahəyə getməsində də, yəqin ki, keçmiş diplomat kimi Ənvər müəllimin təsiri olub. Georgi Ənvər oğlu Məmmədov Rusiya xarici işlər nazirinin müavini vəzifəsinədək yüksəlib. 66 yaşı var. Hazırda Rusiya Federasiyasının Kanadadakı fövqəladə və səlahiyyətli səfiridir.
2013-cü il avqustun 15-də sovet televiziyasının patriarxı Ənvər Nazim oğlu Məmmədovun 90 yaşı tamam oldu. Onu tanıyanlar yaxşı bilirdilər ki, təmtəraqdan, tərifdən daim uzaq olan Ənvər Məmmədov daha bir yubileyini həmişə olduğu kimi yenə də çox sadə, səssiz-küysüz, dəbdəbəsiz qeyd edəcək. Böyük insanlar belə olurlar. Çox təəssüf ki, belə böyük insanın yubileyi Azərbaycan mediasının diqqətindən kənarda qaldı. Elə bir insanı unutmamalıyıq, həm də ona görə unutmamalıyıq ki, o, bizim həmyerlimizdir, fəxrimizdir. Necə deyərlər, onun bizə yox, bizim ona ehtiyacımız var. İndiki nəsil elə adamları tanımalıdır, onlardan nümunə götürməlidir. Ahıl yaşda insan qəlbi daha kövrək, umacaqlı olur. Əslində, o cür insanlar heç kimdən, heç nə ummurlar, bu barədə düşünmürlər də. Öz günahımı da danmıram, amma yubiley ərəfəsində Ənvər Məmmədov haqqında hazırladığım, 12 avqustda Azərbaycan radiosunda səslənən yarım saatlıq veriliş hamımız adından yubilyara təbrikimiz, ürək sözümüz olsa da, bunu yetərli saymıram. Eloğlumuz haqqında daha çox yazılmalı, daha çox deyilməlidir.
Ənvər Məmmədov mənalı həyat yaşayıb, sadəcə, o mənalı həyatı yazıya köçürmək gərəkdi. İnanıram ki, o öz ömür yolunu qələmə alsaydı, kitabı bestsellerə çevrilər, əldən-ələ gəzərdi. Maraqlı ömür sürmüş, dolğun həyat yaşamış insanlar haqqında yazılanlar da maraqlı olur. Mənalı ömür sürmək, mənalı yaşamaq isə insanın öz əlindədir, Ənvər Məmmədovun həyat yolu bunun aydın təzahürüdür. Ənvər Məmmədovu indinin özündə də onu televiziyanın əfsanəsi adlandırırlar. Bəli, əfsanə insanlar yalnız əfsanələrdə yaşamırlar.
Sentyabr, 2013
Kamil Əfsəroğlu
525-ci qəzet.-
2013.- 28 sentyabr.- S.24-25.