Bakı və Azərbaycan tarixinə dair əsərlər

 

 

(1918-1919)

 

Məhəmməd Əmin Rəsulzadə

 

Ön söz

 

Milli müstəqillik, milli paytaxt, milli bayraq, milli dövlət xalqların arzu etdikləri və nail olmaq istədikləri ən böyük və müqəddəs nemətdir. 1923-cü ildə M.Ə.Rəsulzadənin İstanbulda “Azərbaycan Cümhuriyyəti” kitabı işıq üzü görmüşdür. Bu nəşr ilə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Paşa da tanış olmuşdur. O demişdir: “Mən dünyaya səndən üç sənə erkən göz açmışam, ancaq bütün türk aləmində Türkün istiqlal bayrağını sən qaldırmısan və bayraq enməsin deyə mən sənin əlindən alıb Türkiyə üzərində dalğalandırmışam. Enməzdemisən bu bayraq, enməyəcəkdir!” Məlumdur ki, 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan edilmişdi. Müstəqilliyin elanı əgər millətin əksəriyyəti tərəfindən rəğbətlə qarşılanmışdısa, onun əleyhinə çıxanlar da az olmamışdı. Xüsusilə, Bakıda hakimiyyəti ələ keçirmiş bolşevik-daşnaq güruhi, ona qoşulan bolşevik hümmətçilər, şovinist ruslar, həmçinin İran rəsmiləri bu tarixi aktı qəbul etmək istəmirdilər. M.Ə.Rəsulzadənin yazdığı kimi “Azərbaycan istiqlalının düşmənləri dostlarından çox idi. Türk olmayan bütün rus firqələri və rus təmayülündə olan digər xristian firqələr bu fikrə tamamilə əks idilər. Rus burjua firqələri Bakı sərvətindən əl çəkmək fikrilə heç bir növlə ülfət edə bilmirdilər” “Azərbaycan” qəzetinin Bakıda nəşr olunmağa başlayan 3 oktyabr tarixli 5-ci nömrəsində “Bakı məsələsinə dair mülaqat” sərlövhəli bir yazı dərc edilmişdir. Məqalədə oxuyuruq: “Bakı alınmamışdan əqdəm bizim bədxahlarımız tərəfindən Bakını Azərbaycandan ayırmaq üçün cürbəcür vasitələr, dürlü-dürlü hiylələr aranıyordu”.

Tiflis saxta sosialist vərəqələri və erməni qəzetləri “Bakı Azərbaycanın olmuyub “sərbəst” şəhər (volnı qorod) olsun şüarını təbliğ edirdilər. Avropa siyasi dairələrinin diqqətini də Bakı məsələsinə cəlb etmək istəyirdilər. Həmin məsələ xüsusunda İstanbulda nəşr edilən “Tərcümani-həqiqət” qəzetəsi mühərrirlərindən birini İstanbulda olan Azərbaycan nümayəndə heyətinin sədri M.Ə.Rəsulzadənin yanına göndərmiş, ondan bəyanat istəmişdi. Biz həmin bəyanatı da kitabçaya daxil etmişik. “Bakı Azərbaycanın, Azərbaycan da Bakınındır. Bakını Azərbaycandan ayırmaq istəyən kim olursa-olsun Azərbaycanın həyatına qəsd etmişdir. Bakısız Azərbaycan təsəvvür olunamaz” – M.Ə.Rəsulzadənin hökmü belə idi. Hətta M.Ə.Rəsulzadənin təəssüflə yazdığı kimi “müsəlman sosialistlərin ələmdarı bulunan “Hümmət” firqəsi başda doktor Nəriman olmaq üzrə Azərbaycan muxtariyyətinin ən güclü düşməni (ədüvv-canı) idilər. “Hümmət”ə görə guya istiqlalçılar milləti fəlakətə çəkir”. Azərbaycan fikri türklük iddiaları xəlqin degil, bir takım burjuapərəst “boşboğaz”ların imiş. Müsəlmanların mənfəəti “qırmızı əmələ bayrağının” altına toplanmaq və “Rusiya  demokratiyasından ayrılmamaq imiş”. İslamçıların nəzərində də müsavatçılar həqsiz idilər. O zamankı “Rusiyada müsəlmanlıq” istiqlal tərəfdarlarını təfriqəçilikdə, milləti-islamı parça-parça eləməkdə ittiham edirdilər. Fəqət müsavatçılar bütün bu hücumlara, bütün bu ittihamlara rəğmən: “Yaşasın Azərbaycan!” deyirdilər. Məlumdur ki, 1918-ci il avqustun 27-də Almaniya ilə Sovet Rusiyası arasında Türkiyədən gizli bir saziş imzalanmışdı.

Onun 6-cı fəsli Qafqaza aid idi. Saziş ilk növbədə Azərbaycan Cümhuriyyətinin ərazi bütövlüyünə qarşı yönəlmişdi. Belə ki, Almaniya Bakının Sovet Rusiyası tərkibində qalmasının tərəfdarı idi. Bir şərtlə ki, Rusiya hər ay çıxarılan neftin dörddə

bir hissəsini Almaniyaya versin. İstanbul mətbuatında bu gizli saziş barədə məlumat verildi. Sentyabrın 1-də İstanbulda olan Azərbaycan nümayəndə heyətinin başçısı M.Ə.Rəsulzadə Azərbaycan xarici işlər naziri M.H.Hacınskiyə bu barədə xüsusi məktub göndərmişdi. Orada deyilirdi: “Berlindən alınan məlumatlara görə bolşeviklərlə Almaniya arasında əlavə müqavilə imzalanmışdır. Qafqaz dövlətlərindən bolşeviklər yalnız Gürcüstanın müstəqilliyini tanımışlar və almanlar isə Bakıda çıxarılan neftin bir hissəsini almaq müqabilində Bakını və onun neft rayonlarını özündə saxlamaq arzularına etiraz etməmişlər. Bu xəbər hamımızı sarsıtdı, qəzetlər onu hiddətlə çap edir. Tələt Paşa Berlinə getməyə hazırlaşır. Necə olursa olsun Bakını almaq, almaq və almaq lazımdır” (Bu barədə daha ətraflı bax. C.Həsənli “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti (1918-1920)” B., 2009, səh.152-155). Sentyabrın 12-də İstanbulda olan Azərbaycan nümayəndələri Almaniya səfirliyinə Azərbaycan hökumətinin etiraz notasını təqdim etdilər. Nota həmçinin bitərəf ölkələrin də nümayəndələrinə verildi. M.Ə.Rəsulzadənin imzası ilə hökumət adından verilən bu notada Bakının tarixi, coğrafi, etnoqrafik və iqtisadi cəhətdən Azərbaycanın ayrılmaz tərkib hissəsi, paytaxtı olduğunu geniş şərh edilirdi. M.Ə.Rəsulzadənin təqdim etdiyimiz “Azərbaycan paytaxtı” sərlövhəli əsəri də məhz bu münasibətlə qələmə alınmışdır.

1918-ci il noyabrın 7-də M.Ə.Rəsulzadə İstanbuldan Bakıya qayıtdıqdan sonra müstəqil Azərbaycana qarşı təxribatların hələ də davam etdiyi bir şəraitdə İstanbulda yazmağa başladığı tədqiqatlarını “Azərbaycan” qəzetində dərc etdirməyə başlayır. Bu tədqiqatlar “Bakının tarixi” əsərinin müəllifi görkəmli tarixçi alim Sara xanım Aşurbəylinin qeyd etdiyi kimi bu sahədə “ilk təşəbbüs” idi.

1918-ci il noyabrın 8-də “Azərbaycan” qəzeti oxuculara xatırladırdı ki, İstanbulda olan M.Ə.Rəsulzadənin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Bakıya gəlmişdir. Bu xəbərdə onlarla birlikdə Əhməd bəy Ağayevin də Bakıya gəldiyi bildirilirdi. Maraqlıdır ki, noyabrın 10-da “Azərbaycan” qəzeti M.Ə.Rəsulzadə və Ə.Ağayevin vətənə qayıtması ilə əlaqədar “Vətənimizin iki simayi-möhtərəmi” sərlövhəli təqdimat səciyyəli iki maraqlı yazı vermişdi. Bunlardan “Ağaoğlu Əhməd bəy” sərlövhəli yazının müəllifi Ü.Hacıbəyli, “Rəsulzadə Məhəmməd Əmin” sərlövhəli ikinci yazının müəllifi isə Xəlil İbrahim idi. Bu vaxta qədər tədqiqatçılarımızın nəzərindən yayınmış bu yazıları da kitabda verməyi faydalı saydıq. Məlumdur ki, Bakı Qafqaz İslam Ordusu tərəfindən azad edildikdən sonra da Bakını və Abşeronu Rusiyanın tərkib hissəsi hesab edənlər də vardı. 1918-ci il noyabrın 17-də ingilis hərbi hissələri ilə İranın Ənzəli şəhərindən Bakıya gələn ağqvardiyaçı general Biçeraxovun təyyarəsi şəhər üzərinə xüsusi vərəqlər tökmüş və Bakını Rusiya şəhəri elan etmişdi. Rusların və erməni fəhlələrinin çoxluq təşkil etdikləri Bakı Fəhlə Konfransı Azərbaycan hökumətini tanımadığı barədə qətnamə qəbul etmişdi. İran rəsmi dairələri isə müstəqil Azərbaycanı tanımamaq siyasətində israr edirdilər. M.Ə.Rəsulzadə onların da iddialarının əsassız olduğunu tarixi dəlillərlə sübut edirdi.

Aparılan çox böyük tarixi və elmi dəlillər öz nəticəsini də verirdi. Məsələn, Azərbaycan istiqlalının və Bakının Azərbaycan paytaxtı olmasının ən böyük düşmənləri sayılan ermənilər 1919-cu il yanvarın sonunda Azərbaycan hökumətinə rəsmi müraciət etmiş, hökumət və parlamentin fəaliyyətində iştirak etmək arzusunda olduqlarını bildirmişdilər.

 

“Azərbaycan” qəzeti 1919-cu il yanvarın 31-də (102-ci nömrədə) belə bir xəbər dərc etmişdi: “Ermənilər Azərbaycan hökumət və parlamanında”. Burada deyilirdi: “Bakı erməni milli komitəsi rəisi-vükəla həzrətlərinə bir məktub yazaraq ermənilərin Azərbaycan hökumət və parlamanına daxil olmaq istədiklərini bildirmişdir”. Kitaba M.Ə.Rəsulzadənin Cümhuriyyətin bir illiyi ilə əlaqədar nəşr olunmuş “İstiqlal” məcmuəsindən onun “Azərbaycan Cümhuriyyəti” əsərini də oxuculara təqdim edirik. Bu əsərlər zənnimizcə Cümhuriyyət dövrü və bütövlükdə Azərbaycan tarixi ilə məşğul olanlar və bu məsələlərlə maraqlananlar üçün faydalı ola bilər. Onu da deyim ki, bu məqalələr M.Ə.Rəsulzadənin əsərlərinin 5-ci cildinə də daxil ediləcəkdir.

M.Ə.Rəsulzadənin oxuculara təqdim etdiyimiz bu kitabına onun Bakı və Azərbaycan tarixi ilə əlaqədar Cümhuriyyətin varlığının ilk ilində yazdığı əsərləri daxil edilmişdir. Onlardan biri Bakı hələ azad edilməmişdən, 1918-ci ilin sentyabrından əvvəl İstanbulda nəşr olunan “Tərcümani-həqiqət” qəzetində Bakı ilə əlaqədar verdiyi bəyanat, 1918-ci il noyabrın əvvəllərində İstanbuldan vətənə döndükdən sonra, 1918-ci il dekabrın 2-dən başlayaraq “Azərbaycan” qəzetində “Azərbaycan paytaxtı” sərlövhəsi ilə dərc olunan elmi araşdırmaları, habelə müstəqil dövlətimizin Azərbaycan adlanması ilə əlaqədar İran iddialarına cavab olaraq yazdığı “İran və biz”, “Azərbaycan və İran”, “İran – Azərbaycan” sərlövhəli məqalələri, həmçinin Cümhuriyyətin bir illiyi ilə əlaqədar “İstiqlal” məcmuəsində dərc olunmuş “Azərbaycan Cümhuriyyəti” adlı əsəri daxil edilmişdir. Zənnimizcə, oxucular üçün faydalı olacaqdır.

 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov

Transliterasiyanın redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)

 

Redaktor: filologiya üzrə fəlsəfə doktoru Aygün Əzimova.

 

 

Vətənimizin iki simayi-möhtərəmi

 

AĞAOĞLU ƏHMƏD BƏY

 

Əhməd bəy Ağayevi kim tanımıyor? Hələ Parisdə tələbə ikən məşhur Fransa alimi Renanın “Dini-islam maneyi-tərəqqidir” meylindəki idareyi-əfkarinə qarşı yazmış olduğu cavabi-şifahisi ilə Fransada şöhrət tapmış olan Əhməd bəy öz vətəni olan Azərbaycanda fəqət erməni-müsəlman qitalı sənəsi olan 1905-ci ildə məşhur oldu.

Erməni yazıçılarının müsəlmanlar əleyhindəki böhtan və iftiralarına cavab verən və qələm hücumlarına köks gərib səbat göstərən Əhməd bəy öylə bir müasir lisana malik idi ki, onun yazdıqlarını oxuyanlar müsəlmanlar əleyhində deyilən sözlərin məhz yalan və iftira olduğuna kəmal ilə inanıb etibar və etiqad ediyordular.

Əhməd bəyin bu yazılarının əsəri idi ki, Azərbaycan türkləri həqqində erməni iftirasından dolayı əmələ gələn qara fikirlərin soyuq və kəsif buludları dağılıb həqiqət günəşi meydana çıxmaqla hər kəsin qəlbini müsəlmanlar lehinə qızırdı və nifrət əvəzinə rəğbət və hüsni-təvəccöh əmələ gəlirdi. “Həyat”ı ilə Azərbaycan türklərini diriltmək və “İrşad”ı ilə onlara rahi-nicatı nişan vermək yolunda öz həyatından əl çəkəcək dərəcədə çalışan Əhməd bəy degil bir müasir yazıları ilə, bəlkə bütün amal, ifal və əfkar ilə milləti həqqində çalışdığını Petroqrad və Moskva məhafili-aliyeyi-siyasiyyəsində Azərbaycan türkləri tərəfindən göndərilmiş mürəxxəs sifətilə gördügü saf işlər və Ümumqafqaz ictimaində Canişin hüzurunda söylədigi bəliğ nitqləri ilə isbat etdi. O işlər sayəsində idi ki, Bakı müsəlmanlarının neft və mədən evləri öz əllərində qaldı – və illa əldən gedəcək qorxusu var idi – və o nitqlər sayəsində idi ki, Ümumqafqaz müsəlmanları baxüsus Azərbaycan türkləri Qafqaz hökumətinin məzhəri-etina və etibarı oldu.

Millətini xarici təərrüzat və təcavüzdən vəqayə və müdafiəyə çalışan Əhməd bəy daxili mərəzlərimiz ilə də daim mübarizədə idi. Tənəzzülümüzə qarşı “Tərəqqi”si ilə müdafiə edərək yorunuq və istirahət nə olduğunu il uzunu bilməzdi.

O idi ki, bir tərəfdən bir bu qədər sərf edilən baş və bədən qüvvəsi, digər tərəfdən nicat və rifah halları xüsusunda can çürütdüyü həmcinslərindən bir parasının kəndisinə qarşı rəva görülən narəva rəftarları, üçüncü tərəfdən mübarizeyi-həyatiyyə məsələsi Əhməd bəyi o dərəcədə əsəbi bir hala salmışdı ki, uzun və sükun bir istirahətə əşəddi- surətdə məcbur və möhtac qalmışdı.

Əhməd bəy istirahət qəsdilə vətənindən müfariqət etdi, lakin bu istirahəti seyfiyyələrin və kurortların salim və sakin guşələrində aramadı. Zatən öylə yerlərdə istirahət edə bilməzdi.

Əhməd bəydə öylə bir təbiət var ki, öz həmcinslərindən uzaq biləlümum müsəlmana biganə olan yerlərdə istirahət degil, yaşamaq da gücdür.

Onun üçün millət həyatı görünən, millət qoxusu gələn bir yer lazım idi ki, həm “şüğl və məkanın dəgişməgi dəxi istirahətdir” qaidəsinə riayət və həm də Bakı kibi Azərbaycan müsəlman mərkəzini əvəz edə bilə idi.

Bu yer böyük türklərin böyük paytaxtı olan İstanbuldan başqa nə ola bilərdi ki, orası islamlıq və türklük həyatının hər bir cəhətcə xoş edən, qaynaşan böyük bir mənbəyidir.

Əhməd bəy İstanbula getdi, daha doğrusu köçdü və artıq “oralı” oldu. Zənnində idi ki, yeddi-səkkiz il müfariqətindən və zənn ediyorum, istirahətindən sonra təkrar vətəninə qayıtdı. Lakin Əhməd bəyin İstanbuldakı istirahəti yenə çalışmaqdan ibarət idi. Fərqi bu idi ki, artıq kəndisini anlayan, səy və cuşeini təqdir edən bir mühit içində çalışırdı və çalışmağı da yenə vətən və millət yolunda idi. Bizi İstanbul və Avropaya bildirirdi, bizim də dünyada var olduğumuzdan lazım olan yerlərə xəbər verirdi...

Əhməd bəy yaxşı bir vəqtdə vətənə qayıtdı. Belə vəqtdə ki, türk qəhrəmanlarının müqtədir əlləri ilə zənciri-əsarətdən azad edilmiş zəif və düşkün vətən bu gün dərd bilən və çalışqan övladlarının hər tərəfdən köməginə möhtacdır.

Ümidvar olmalıyıq ki, Əhməd bəy və ümum vətənpərəstlərimiz bu kibi günlərdə ittifaq və ittihad ilə əl-ələ verib qoymazlar ki, sərbəst vətənimiz təkrar özgələrin bəndi-əsarətinə giriftar olsun.

 

Ü. (Üzeyir Hacıbəyli)

 

“Azərbaycan”,

10 təşrini-sani (noyabr) 1918, ¹35

 

 

Rəsulzadə Məhəmməd Əmin

 

Sevgili mühərririmiz, istəkli natiqimiz, millət yolunda həyatını nisar edən, cəmaət xadimimiz Rəsulzadə Məhəmməd Əmin cənabları 3 gündür şəhərimizə varid olmuşdur. Azərbaycan imarətinin binasını qoyan, bu uğurda kəraətlə həyatını təhlükəyə atmış olan Məhəmməd Əmin əfəndi biz Azərbaycan türkləri üçün işıqlı bir ulduz rolu oynayaraq istiqlali-milli yolunu Nikolay və Protopoviç dövrünün müzəlləm gecələrində belə milliyyət müsafirlərinə göstərməsi, rəhbərlik etməsilə vətənimizə böyük bir xidmət göstərmişdir. Hələ novcavan ikən 1905 inqilabından sonra meydani-siyasət və ictimaiyyəyə atılaraq o vəqt yenicə təsisə başlayan milli-siyasi təşkilatımızda mühüm mövqelər tutduqdan sonra irtica dövrünün hüluli ilə rus qaragüruhunun qəzəbinə giriftar olub İrana qaçmış və orada dəxi müsəlmanların mənafeyini candan əziz tutaraq İran inqilabçıları əl-ələ verərək bir tərəfdən “İrani-nov” qəzetəsi nəşri ilə millətin fikrini işıqlandırmaqla bərabər digər tərəfdən də fədailər zümrəsində Məhəmmədəli şahın yaxıcı-yıxıcı, keyfə-mayəşası müqabilinə mübarizə etmişdir. Bədə orada dəxi irtica baş qaldıraraq rus istibdadı ilə İran keyfə-mayəşası əl-ələ verdikdə həyati təhlükəyə düşərək İrandan da İstanbula hicrət etmişdir. İstanbulda bir mühərrir sifətilə Məhəmməd Əmin əfəndi müxtəlif qəzetə və məcmuələrdə iştirak edərək Azərbaycan-Qafqasiya türk islamlarını Osmanlı türklərinə tanıtdırmaqda mühüm bir rol oynamışdır. Bugünki meyvənin o vəqt toxumunu saçanlardan birisi də haman Məhəmməd Əmin əfəndi olmuşdur. Nəhayət, cahan müharibəsi ibtidasında Bakıya qayıdaraq ixtiyarı əlindən alınmış olduğu halda məhəlli qəzetələr başında duraraq “türkləşmək, islamlaşmaq və müasirləşmək” şüarı ilə “Açıq söz” bayrağını qaldıraraq milləti bugünki işıq tərəfinə dəvətə başlamışdır. Axirüləmr Rusiya inqilabı başlanması ilə artıq meydanı açıq görərək Azərbaycan muxtariyyəti şüarını meydana ataraq məzkur şüarla işləyən Gəncə firqəsi ilə birləşib son il yarım vəqtini ancaq bu fikrə təxsis etmişdir. Bu uğurda Məhəmməd Əmin həzrətləri vəfat edən övladına təziyə saxlamaya macal tapmaz bir dərəcədə fədakarlıqla çalışmış və nəhayət məqsədinə nail olaraq Azərbaycan Cümhuriyyəti elan edilmişdir. Bundan sonra Məhəmməd Əmin öhdəsinə daha mühüm vəzifələr düşərək İstanbul konfransında Azərbaycan heyəti-mürəxxəsəsi rəisi sifətilə aləmi-islam paytaxtına gedərək orada Azərbaycan uğrunda çox təşəbbüslər etmiş, Azərbaycana edilən təcavüz və həqsizliklərdən vətəni müdafiəyə çalışmışdır. Bakının Rusiyayamı, ya Azərbaycanamı məxsus olması məsələsində Məhəmməd Əmin əfəndi tarixi, mədəni, iqtisadi dəlillər ilə Bakının Azərbaycanın başı və gözü olduğunu isbata qalxmışdı və həqqimizdə bunca həqsizlik işləmiş olan dövlətlərə protesto verdi. 20 yaşından bu günədək 13 il müddətində türklük, islamlıq, hürriyyət və istiqlaliyyət uğrunda Məhəmməd Əmin əfəndi fövqəladə fədakarlıq ibraz etmişdir. Azərbaycanlılar Məhəmməd Əminlər yetişdirməsinə iftixarla öylələri həqqində qədrşünaslıqlarını da ibraz etməlidirlər.

 

X. (Xəlil İbrahim)

 

“Azərbaycan”,

 

10 təşrini-sani (noyabr) 1918, ¹35

 

 

Azərbaycan paytaxtı

 

“Quzğun dəniz”in1 sahilində, əski Albaniyanın2 mərkəzində, Şirvanşahların paytaxtında, Abşeron yarımadasının cənubunda 49-51 dərəcə tul, 40-21 dərəcə ərzində bir tərəfdən Bayıl, digər tərəfdən Zığ adilə suların bağrına qol uzatmış, qarşıdakı adaların himayəsilə pənahsız gəmiləri hər növ tufanlara qarşı qoruyan mərhəmətkar bir qucaq açmış liman var:

 

Bakı bəndəri!

 

Şöhrətli Azərgədəsi, “odunsuz yanar, sudan qorxmaz” münqəbədar atəşi3 uzun zamanlardan bəri məruf, tarix səhifələrini boyamış neft quyuları, hərdənbir fövran edər “yanardağ”ı ilə Azərbaycan isminin müsəmması həmişəyanar bir ocaq var:

 

Bakı bələdəsi!

Bakı – Azərbaycanın paytaxtı.

 

Bakı, bu gün istiqlalını elan etmiş olan Şimali Azərbaycanın mərkəz idarəsi olduqdan sonra degil, daha əvvəldən, qədim zamanlardan bəri Azərbaycan paytaxtı-paytaxtı degilsə də, mühüm mərkəzlərindən biri olmaq heysiyyətinə malik olmuşdur. Azərbaycan kəlməsinin “Od” mənasındakı “Azər”dən

Ayrıldığını iddia edənlər, buradaki atəşgədələri göstərir, ona görə də bu yerlərə “Od abad edən” mənasında “Azərbaykan” və yaxud “Azər abad kan”, daha sonra müərrib olaraq “Azərbaycan” denildiyini bəyan edərlər.

Şəmsəddin Sami bəy mərhum “Qamusi-əl-əlam”ında “Azərbaycan” kəlməsinin əvvəlcə Təbrizin özünə, sonra ətrafına, daha sonra vilayətinə ələm olduğunu qeyd ediyorsa da, bir az aşağıda Azərbaycanın toprağını və yerlərinin mürəkkəb olduğu məvaddi-tərif edərkən diyor ki: “Məmləkətin toprağı ərazi-bir kaniyyədən olub, qaz çıxarır yerləri və neft quyuları çox olduğu kibi, zəlzələləri dəxi pək sıx olub, qəsəbələri və ələlxüsus mərkəzi olan Təbriz şəhəri dəfəatla xərab olmuşdur.

Zəmani-cahiliyyətdə atəşgədələrinin kəsrəti və bəlkə “Azərbaykan” təsmiyyə olunması dəxi bir atəşi-daimi halında olan bürkan və neftlərinin kəsrətindən iləri gəlmişdir”.28 Görüyorsunuz ki, müəllifi-möhtərəm sizə tamamilə aşina bir mənzərə təsvir ediyor. Tərif tamamilə Bakıya və vilayətinə aid daimi bir atəş halında bulunan bir kan – Bakı, dəfəatla zəlzələyə məruz qalan da Şamaxıdır. Burada Təbriz və həvalisinə bənzəyən bir şey yox. Çünki o həvalidə nə qaz çıxarırlar, nə də neft quyuları vardır. Bunu zikr etməkdən məqsədimiz təbii, Təbrizin Azərbaycan mərkəzi olduğunu inkar degil, əsl Azərbaykan isminin müsəmması olacaq nöqtənin Bakı ola biləcəgini göstərməkdir. Əvət, Bakı yalnız bugünki Azərbaycan Cümhuriyyətinin paytaxtı degil, əski Azərbaycan qitəsinin də mühüm bir mərkəzidir. Vəqtilə bu mərkəz əski “Midiya” yerini tutan Azərbaycan sakinlərini müqəddəs atəşləri ilə qızdırmış; bu hərarətlə o, İrandan, Hindistandan və dünyanın sair yerlərindən zairlər cəlb eləmişdir. Bakı bu gün də ziyarətgah, bu gün də məbəddir. Bugünki Bakı zairləri əski atəşpərəstlər kibi din hissiyyatı və ruh ehtiyaclarını tətmin üçün degil, maddi həvəslərini təmin, artıq təmələrini doyurmaq üçün gəliyorlar. Buradakı sərvəti kəndi kəşanələrinə axıtmaq istiyorlar. Bu müasir zairlər tarixin hekayələrini oxurkən hind zairlərinin gəlib

burada müqəddəs atəşlərə tapınmaqdan başqa bir faidə gözləmədiklərini heyrətlərlə tələqqi edər, o nur və hərarət sərgərdanlarını qətiyyən anlıyamazlar. Çünki onlar “eşqi” şəmin başına firlanıb da kəndisini yakan və yakılarkən səs çıxarmayan “pərvanə”dən4 degil, çəmənlikləri, çiçəklikləri birər-birər gəzib də güllərdən şirə çəkən “arı”lardan ögrənmişlərdir. Onlar icab edərsə palçığa girər, hisə bulaşar, mazuta batar, fəqət atəşi tapmazlar5. Çünki məbud olaraq onlar qazı, nefti degil, bunlardan hasil olan “Sarı mədəni” tanırlar. Fəqət Bakının müridləri yalnız bu uzaq vilayətlərin zəvvarı degildir. Buranın maddi deyil, mənəvi atəşlərinə Hindistan məcusi və İran zərdüştlisindən daha şiddətli bir ehtiyac və daha qüvvətli bir imanla mərbut olan mücavirlər, mötəkiflər vardır:

– Azərbaycanlılar!

 

Əvət, Bakı əski məcusilərdən ötrü şöləsinə yakılır şəm; qomşu imperialistlərlə Avropa kapitalistlərindən ötrü şirəsi çəkilir gül isə, Azərbaycan türklərindən ötrü təvaf olunur əməl kəbəsi, etikaf olunur həyat məscididir. Bu, bizə bir əməl kəbəsi və həyat məscidi olan Bakımızı, əcəba, heç bilirmiyiz?!...

Bu suala cavab almaq üçün mətbuatı-ümumiyyəmizin cavan hücrəsini ümumi bir surətdə gözdən keçirdim. Bakıya aid bir şey görmədim. Bu bana həvəs və cəsarət verdi. Müxtəsər də olsa, Bakının tarixi həqqində bir kaç yapraq qaralıyalım, dedim. Şübhəsiz ki, bu sətirlərlə veriləcək məlumat Azərbaycan Cümhuriyyəti paytaxtının şan və heysiyyətı ilə mütənasib olamıyacaq. Çünki əl altında nə o qədər mənbə, nə də o qədər zaman və fürsət vardır. Fəqət Azərbaycan mətbuatında bü xususda daha heç bir yazı yazılmadığından, düşündüm ki, naqis də olsa, bir şey olsun. Biz naqisini başlarız, mütəşəbbüs gənclərimiz də çalışar, vətən eşqi, məmləkət məhəbbəti ilə səy eylər, bu başlanğıcı təkmil edərlər; o zaman biz də əziz paytaxtımızın mükəmməl bir tarixinə malik olmaq səadətini dərk edəriz.

 

II

 

“Bakı” kəlməsi imdiki halda dünyaca məruf kəlmələrdən birisi və hər kəsin virdi-zəbanı olduğu kibi, hər azərbaycanlının da “bismilə” sidir. Bu kəlmə, bilxassə Azərbaycan istiqlalının xofla ümid arasında bir böhran keçirməkdə olan bu günlərdə həssas ürəklərə müəssir bir iztirab verməkdədir. Qəlblərimizi bu qədər əlaqədar edən “Bakı” kəlməsi, əcəba, hankı mənayı ifadə ediyor? Bu kəlmənin “bad” və “kub”dan mürəkkəb olan “badi kubə” kəlmeyi-farsisindən müxəffəf olaraq ayrıldığı və yeldögən” mənasına gəldigi mərufdur; böylə bir “təsmiyyə” nin səbəbi isə burada hakim olan Şimaldan əsən “Xəzri” və Cənubdan əsən “Gilavar” yelləri imiş. Fəqət Bakı isminin böylə mənayə malik olduğu məşhur isə də, dərin düşünür müdəqqiqlər böylə bir vəchi-təsmiyyeyi amiyanə görüyorlar.

İran müabiləri Bakı isminin əslini iranilərin tələffüzləri “badi kubə”dən aradıqları kibi, bəzi türkçilər bakılıların “bəki” şəklində tələffüz elədikləri bu kəlməyi “bak” kəlməsindən Ayırmaq istiyorlar. Ərəb müvərrixlərindən bəzilərinin paytaxtımızı “baq” şəklində qeyd etdiklərindən dəxi istidlal edərək, bir rəvayətə görə, Xəzər türkləri tərəfindən təsis olunmuş olan bu şəhərin əslində “bək” müqabili bulunan “bak” kəlməsindən iləri gəldigini söyliyorlar.

Əksər ərəb müvərrixlərincə “Bakuyə” məruf olan tələffüzü də (bəkcigəz)in müərribi imiş – deyə iddia ediyorlar. Ərəb coğrafiyunundan Yaqut Həməvi Bakıyı “Bakuyə” şəklində qeyd eləmişdir. İbn Əl-Əsir Xəzəri isə “Kamil” adlı tarixində Bakı şəhərini “baq” olmaq üzrə göstəriyor və diyor ki, “Baq-Bəsfərcan elində bir şəhərdir”. Yaqutun Bəsfərcan tərifinə görə Əran (yəni Şimali Azərbaycan) ölkəsində kain bir elin adıdır. Amasiyalı Hüsaməddin “İqdam”da nəşr elədigi bir məqaləsində İbn Əl-Əsirin “baq”ını alaraq bunun “bak”dan çıxdığını “bak”ın da Bakuyə şəklinə gəldigini və bunun da şimdiki türkcəmizdə “Bəkşəhri” demək olduğunu iddia etməkdədir. Digər bir mühərrir dəxi Bakının yənə türkcə olaraq Sultanülqəra və Şahkənd mənasına olaraq “Bək köy” olduğunu zikr edərək şair Şeybaninin aşağıdakı: “Bək köy də bana göründü bənli Ol lalə üzar simi-tənli” beytini dəxi istidlal üçün iqtibas ediyor.

“Baku” kəlməsinin istiqaqi haqqında bu kibi tədqiqat biçimli digər mülahizələr dəxi yox degildir. Fəqət bu mütaliələrin qərini-həqiqət olduğunu təsdiq etmək məsuliyyətini boynumuza alamayız. Bizə öylə gəliyor ki, Bakının qədimligini, burada əski iranilərin, yunanilərin, xəzərlərin və sair qədim millətlərin hökmran olduqlarını nəzərə alaraq Bakı kəlməsini farscaya və yaxud türkcəyə uydurub da kəndisinə mətlub bir mənayi bağlamaqla məsələ həll ediləməz.

Bakı kəndisində bulunan gərək Venedik kari qüllələri və gərək hindkari azərgədələri ilə bəşəriyyətin əski dindarları olan hind atəşpərəstlərinə bittəb bəlli idi. Bunu göstərər sərih məlumati-tarixiyyə vardır. Bir bürkan halında daimi atəş surətində yanıb tutuşan Bakı atəşpərəstlərə yabançı qalamazdı. Həm qalmamışdır, burası onlarca bir ərzi-müqəddəs idi. Suraxanıdakı atəşgədə Azərbaycan atəşgədələrinin ən qüdsisi idi. Buraya hind məczublərinin zəvvar qafilələri təşkil edərək gəldikləri müsəlləmdir. Bu mülahizəyə görə, “Baku” kəlməsinin iştiqaqını nə bugünki farscada, nə də türkcədə aramaq səhih olamaz. Bunun üçün “sanskrit” dilinə müraciət edilərsə, daha münasib olur. Sanskritcədə “Baku” kəlməsi bir məna ifadə ediyormu? – biləmiyoruz.

Fəqət bəzi mənbələrə görə hind lisanlarından (keçrati-qədim) dilində “Baku” kəlməsi “həqiqətə doğru” mənasını ifadə ediyormuş. Çox ehtimal verilə bilər ki, hind məcusiləri möcüznüma atəşgədəsindən dolayı burasına böylə müqəddəs bir ism vermiş olalar. Bilxassə ki, “odunsuz yanar və sudan qorxmaz” üç atəş əfsanəsi dəxi Baku atəşgədəsinin bulunduğu yerə isnad olunuyor. Tarixən müəyyən olmayan bir zamanda – İran tarixilə məşğul olanlar diyorlar ki, – atəşpərəst zərdüştilərindən bir qafilə Azərbaycandan “Abşeron” yarımadasına gələrək sahildən iki fərsəx fasilədə Baku atəşgədəsini vücudə gətirmişlərdir. Onların anlatmasına görə, “bu məbəd (yəni Baku atəşgədəsi) sıcaq bir topraq üzərində təsis olunmuşdu. Bütün o tərəflərdə kəsrətlə mövcud olan “şist” yağlarilə neftin qarışmasından hasil olmuş (karbonlu hidrogen) o sahədə kəsrətlə vardı. Bu qaz atəş alıyor, yanıyordu. Hətta yalnız topraq üzərində degil, bu qaz dəniz açıqlarında da mövcuddur. Alovlu bir şey atınca haman suyun üzü atəş alıb yanıyor.”

 

(Ardı var)

 

Şirməmməd HÜSEYNOV

525-ci qəzet.- 2013.- 28 sentyabr.- S.26-27.