Ustad və zaman...-
(izahlı esse)
QISA
GİRİŞ
O (Cəfər
Cəfərov. 7 sentyabr 1914 – 19 sentyabr 1973)danışmağa
başlayanda, biz susurduq... Biz-yəni onun tələbələri...
Özümüzü
onun şagirdi adlandırmaq şərəfinə nail
olduğumuz məqamda da: o danışmağa başlayanda biz
susurduq... Sonra onunla həmkarlıqda bulunmaq səviyyəsinə
yüksəldik, amma yenə də: o danışmağa
başlayanda biz susurduq...
Moskvada
yaşayan teatrşünas dostumuz Adilə xanım Səfərova
bizlə arabir görüşəndə heyrət
qarışıq qürurla deyirdi:-Paytaxtın ən mötəbər
elmi məclislərində O danışmağa başlayanda
hamı-kiçik elmi işçilərdən tutmuş sovet
sənətşünaslığının “ağır
topları”na qədər hamı susurdu...
...Özü
də susmağı bacarırdı. Amma Onun
susmağı başqa susmaq idi. Həmsöhbətini həvəsləndirici
səbrlə dinlədiyi zaman susmağını demirəm, təlqinedici
nitqinin ən maraqlı yerində birdən, sanki gözəgörünməz
bir divara dirəndiyi kimi, əvvəl təəccüblə,
sonra isə yorğun dözümlə bir müddət susub,
yalnız ona bəlli olan mətləbdən vaz keçərək
sözünə davam edərdi... Onun
susmağı bizlərə bəzən dediklərindən
daha maraqlı..., daha cəlbedici görünürdü, amma o
zamanlar cürət edib Ustadımıza susmağı
haqqında suallar verməzdik. Əslində, heç sual
verə bilməzdik də: ağlımız hələ
çox şeyi kəsmirdi, yalnız və yalnız DUYURDUQ...
Duyurduq, təxmin edirdik ki, bu adam susduğu
anlarda eyni ZAMANda bizlə deyil... haralardasa... ZAMANın
başqa ölçülərində... başqa kəsiklərində
görüb-anladıqlarından danışa bilmir. Uzun
illər keçməliydi ki, o zaman ovsunlu, sehrli görünən
halların əsl mənasını anlayaq: bu, Allahdan və təbiətdən
nadir şəxslərə bəxş edilən ZAMANIN
İÇİNDƏ bulunaraq hər şeyi – olub-olanları,
olacaqları aydın, necə var, adekvat görmək
bacarığı, VERGİsidir. Qədim kitabələrin
birində deyilir ki, çoxlu bilgidə çoxlu kədər
var, odur ki, bilgilərini artıran eyni zamanda kədərini, qəmini,
ələmini artırır. Atalar da deyib
ki, çox bilən çox danışmaz. Amma O, həm
alim idi, həm müəllim, odur ki, həm bilgilərini
artırmalıydı, həm də bildiklərini şagirdlərinə
ötürməli, yəni çox danışmalı idi. Və
indi-uzun ZAMAN məsafəsindən anlayırıq: məhz buna
görə USTADımızın bütün sözlərində
xəfif kədər sezilirdi, məhz bu səbəbdən
danışığının ən şirin, ən
maraqlı yerində O, birdən susurdu...
İndi mənə
elə gəlir ki, USTADımız susduğu məqamlarında
var olduğumuz XX əsrin 70-80-ci illərindən bu günlərin,
yəni XXI əsrin başlanğıcındakı milli mədəniyyət
və incəsənətimizin hal və olaylarını...
şəxsiyyətlərini... sənət əsərlərini...
ideya və fərziyyələrini apaydın
görürdü, amma açıq danışa bilmirdi,
çünki hamı onun kimi ZAMANın içində
deyildi-çaşa bilərdilər...
...Sonrakı
ağlımızın imkanlarından bəhrələnərək
böyük alim... görkəmli pedaqoq... həssas sənətsevər...
maraqlı, cazibəli insan... dövlət xadimi... milli mədəniyyət
və incəsənətimizin böyük təəsübkeşi
və uzaqgörən yönəldicisi CƏFƏR
CƏFƏROVun susmaqla bildirdiyi məqam və mətləbləri
bacardığımız qədər izah etmək cəhdində
bulunub zamanın içində kiçik bir məntiqi-xəyali
təcrübələr aparmaqla əziz xatirəsinə
sayğı və minnətdarlığımızı bildirsək,
zənnimizcə, azca da olsa borcumuzu ödəmiş
olarıq...
ÖYRƏNDİKLƏRİMİZ
“...İnsan
dünya haqqında bir çox əsas və vacib həqiqətləri
beş yaşınacan öyrənir. Sonra
yüz il yaşasa da qalan 95 il onun bu ilk beşillikdə
öyrəndiklərini, mənimsədiklərini,
inanıb-inanmadıqlarını təsdiq edir...”
ANA
(“Sizsiz”)
...ANARIN
ZAMAN qarşısında “Sizsiz” adlı duyğusal bədii-sənədli
hesabatını ilk dəfə birnəfəsə oxuyanda, təbii
ki, qəhərləndim: öz əzizlərimi xatırladım...
itkilərin acı izləri bir də təzələndi...
çağdaş Azərbaycan milli mədəniyyət və
incəsənətimizin bütün səciyyələrini,
problemlərini, suallarını və bir çox
cavablarını özündə yaşadan böyük
SƏNƏTKARın ağrılarını
bölüşdüm... RƏSUL BƏYLƏ NİGAR XANIMA
dönə-dönə rəhmət oxudum... ZAMAN
həm də yaralara məlhəmdir, deyiblər. Növbəti dəfə “Sizsiz”i artıq sənətşünas
gözüylə oxuyanda başqa, bəlkə də müəllifin
heç nəzərdə tutmadığı mətləbləri
sezməyə, öz problemlərimin inikasını görməyə
başladım. ...Elm və sənət yolunun sıravi
yolçusu olaraq bir çoxları kimi mən də bu
möhtəşəm YOLa atdığım ilk
addımlarımı çox yaxşı xatırlayıram və
sayın Anarın sözlərinə azca düzəliş
verib indi deyə bilərəm ki, bir çox əsas və
vacib həqiqətləri CƏFƏR MÜƏLLİMdən
beş il dərs aldığım zaman kəsiyində öyrəndim.
Bir qədər bədiiləşdirib deyə bilərəm
ki, “elmi uşaqlığım”ın ilk beşilliyində
öyrəndiklərimi, mənimsədiklərimi bu günə
qədər təsdiqləməyə
çalışıram...
O ki
qaldı inanıb-inanmamağa...
...Cəfər
müəllim danışanda biz onun hər sözünə...
hər yeni fikrinə-anlasaq da, anlamasaq da – şəksiz
inanırdıq. Çünki onun dərsləri ənənəvi
mühazirə üsulundan çox-çox uzaq idi: O, biz gənc
tələbələrin qarşısında
düşünürdü, düşündüklərini
fövqəladə gözəl, səlis Azərbaycan dilində
səsləndirirdi və bizdən cavab impulsunu alaraq tədricən
qavrayışımızdan daha ali, daha
mürəkkəb mətləblərin şərhinə
başlayırdı. Çox həssas natiq idi: cavab impulsunun zəiflədiyini
həmin andaca duyurdu, dodaqlarına güclə sezilən təbəssüm
qonurdu və o, ustufca qavraya bildiyimiz səviyyəyə enirdi.
...Cəfər
müəllim daim hərəkətdə, elmi dillə desək-arasıkəsilməz
idrak prosesində idi və bu məqam onun
dünyagörüşünü bütövlükdə təyin
edirdi...
Elə
ilk dərsdən O, bizlərə aşılamağa
başladı ki, mədəniyyət və incəsənət
olaylarını, konkret olaraq teatr sənətinin hadisələrini
donuq halda deyil, yalnız və yalnız hərəkətdə,
yəni PROSESDƏ dərk edib onu məhz bu mövqedən
araşdırıb dəyərləndirmək olar. Xatırlayıram ki, bu mövzunu
açıqlayıb özünəməxsus bəlağətlə
danışanda tez-tez susurdu. İndi dəqiq bilirəm
ki, O, Azərbaycan milli teatr prosesi haqqında, hələ o
vaxtlar düşünürdü, amma məlum səbəblərdən
milli teatr düşüncəsinin bütün inkişaf mərhələlərini
öz adıyla, necə var deyə bilməzdi...
“Ümumtürk mədəniyyəti”... “mistik
başlanğıc”... “İslam mədəniyyətinin dəyərləri”...
“milli-etnik kontekst”... “milli
azadlıq İDEALları”... və bu kimi bu gün az qala
ritorik ştamplara dönmüş ifadə-anlayışları
o vaxtlar Cəfər müəllim dilinə gətirə bilməzdi.
O, susurdu. Və bizə baxırdı. Sanki
susduqlarının nə zamansa açıqlanmasını bizə
vəsiyyət edirdi... Biz də inanırdıq
ki, nə zamansa... kimsə bu mübarək işi görəcək.
İnanmadığımız bir məqam da var idi: şəxsən
mən inanmırdım ki, bu iş bizim yaş nəslinin
payına düşəcək...
... “Teatr: seyr və sehr”... monoqrafiyamda Cəfər
müəllimdən sitatlar o qədər də bol deyil, bunu mənə
irad tutanlara deyirəm ki, elmi predmetimin qayəsini müəllimimin
susaraq bizə ötürdükləri təşkil edib, susmağı
isə sitata çevirmək müşkül işdir.
Bunu yalnız poeziya bacarır: klassik yapon şeir forması
olan xokkonun-dördlüklərin üçüncü
misrası yoxdur, sükutdur... susmaqdır, amma şeirin “əsas
və vacib həqiqətləri” məhz bu sükutda
eşidilir...
...Deyilənlərə
görə bir dəfə, özü də yurd
dışında milli mədəniyyət və mənəviyyat
haqqında yüksək rütbəli bir əcnəbi ilə
söhbət zamanı Cəfər müəllim adətini
pozaraq susmadı, düşüncələrini
bütövlükdə, necə var, daxili senzurasız
danışdı... Az keçmədi ki, Cəfər
müəllim tutduğu yüksək vəzifədən
uzaqlaşdırıldı... Bu haqda ondan soruşanda Sabirin
misrasıyla cavab verdi:
–Öylə
bilirdim ki, dəxi sübh olub...-deyə həmişəki kimi
müəmmalı gülümsədi. Və
susdu.
...Əminəm ki, Cəfər müəllim bu günləri-söz
və düşüncə azadlığı şəraitində
yazıb-yaratdığımız XXI əsrin əvvəllərini
görürdü. Özü də yenə də necə var
görürdü. Əks təqdirdə,
niyə bir dəfə iki-üç nəfər etibar etdiyi tələbələrinə
yarıyasaq olan SƏMƏD MƏNSURun “Söyüşkən”
satirik şerini oxumuşdu?! O vaxtlar şerin yalnız rədifi-
–Söyüşün,
ey nəciblər, söyüşün!
Fəxri-millət ədiblər, söyüşün.”
-yadımda qalmışdı. XX əsrin bitəcəyində
1999-cu ildə Anarın hazırlayıb nəşr etdirdiyi
“Min beş yüz ilin Oğuz şeri” antologiyasında bu
şeiri tam oxuyanda Cəfər müəllimin uzaqgörməsi
məni heyrətə, hətta qorxuya saldı. Şeirin birinci
bəndini göstərmək kifayətdir ki, məsələ
tam aydın olsun:
Söyüşün,
görsənə şücaətiniz,
Söyüşün,
vazeh ola qeyrətiniz,
Söyüşün,
kəşf ola nəcabətiniz,
Söyüşün,
artıq ola hörmətiniz!
Söyüşün,
ey nəciblər, söyüşün!
Fəxri-millət
ədiblər, söyüşün!
Şərhə
ehtiyac varmı?...
BİLMƏDİKLƏRİMİZ
“...Zaman bizim bilə bilmədiyimiz, təsəvvür
qabiliyyətimizdən çox-çox kənarda olan nəhəng
məntiqi bir prosesdir. Bu proses həm də çox qorxulu, maddi bir əsas
üstündədi və bəlkə də elə maddidir. Və
ən əsası, hər şeyi həll edən odur...”
Afaq
MƏSUD
(“Daranmamış
fikirlər”)
...Qəribədir...
Cəfər müəllimin kitabları çox
deyil. Qəribəliyin birinci göstəricisi
odur ki, Cəfər müəllimin bütün söylədiklərini
kağıza köçürdüb onları kitab halında
çap etdirmək imkanları həmişə olub. Bu imkanları həm də onun tutduğu vəzifələrin
fəaliyyət şərtləri, məqsədləri diqtə
edirdi və bütün texniki məsələləri onun əvəzinə
əlinin altında, tabeçiliyində olan “aparat” yerinə
yetirə bilərdi.
Qəribəliyin
ikinci göstəricisi odur ki, Cəfər müəllimin elmi
irsini təşkil edən fundamental əsərlərdən
onu maraqlandıran, dərindən düşündürən
məsələlərlə tanış
olmaq, demək olar ki, çox çətindir. Mən
indi də bilmirəm, niyə Cəfər müəllim
özü əsl alim simasını kitablarda tam əks etdirməyib?
Mən indi də bilmirəm, nədən O,
başqalarını yazmağa sövq edərək gətirdiyi
olduqca tutarlı arqumentləri özünə şamil etməyib?
Mən indi də bilmirəm ki, hansı əsaslara
görə o, müəlliflik iddiasından qurtula bilirdi?
Hamıya məlumdur ki, o ideyalar generatoru idi və
anlaşılmaz səxavətlə, hətta
israfçılıqla ideyalarını paylayırdı!
Cəfər
müəllimin haqqında düşünəndə təəssüflə
etiraf etməli oluram ki, onun bu sirrini aça bilmirəm...
Hərdən
mənə elə gəlir ki, məndən ötrü mücərrəd
və bir çox mənalarda şərti anlayış olan
“ZAMAN” Cəfər müəllim üçün, Afaq
xanımın təbiriycə “maddi” varlıq idi, Cəfər
müəllimin “ZAMAN”la münasibətləri mürəkkəb
və “təsəvvür qabiliyyətimizdən
çox-çox kənarda olan” ekzistensional müstəvidə
gerçəkləşdirilirdi. Deyirəm, bəlkə
məhz bu münasibətlərin gözəgörünməz
şərtlərinə görə Cəfər müəllim
yazmağı deyil, daha çox danışmağı və...
susmağı tərcih edirdi?!
Bilmirəm...
Afaq Məsudun
bədii və publisistik yazılarını oxuyanda bəzən
sətirlərin arasından sanki Cəfər müəllimin mənə
tuşlanmış baxışlarını görürəm-yəni
ki, diqqət! Bu yer xüsusilə maraqlıdır! Müəllimin
sözünə baxıb göstərilən parçanı
bir də oxuyuram və... xatırlayıram ki, Afaq Məsudun
açıq, cəsarətlə və məsuliyyətlə
yazdıqlarını Cəfər müəllim eyham və
ehtiyatla bizlərə deyirdi! Necə, hansı
yollarla bütün bunlar zaman içindən Afaq xanıma
ötürülüb?
Bilmirəm...
Bəlkə də, bilməməyim məsləhətdir,
yoxsa hər şey adiləşər, sirli-sehrli ətrini itirər,
belə yaşamaq isə, razılaşın ki,
maraqsızdır. Qoy Cəfər Cəfərovla
bağlı bəzi mətləblər elə qapalı
qalsın. Zamanın içindən izn işarəsini
görənəcən...
NƏ
ETMƏLİ?
“...Olmaq ya olmamaq? Sual budur, bu!...”
ŞEKSPİR
“Hamlet”
Mənə
elə gəlir ki, Cəfər Cəfərov üçün
“hamletizm” yad idi... Düzdür, bu cür qəti fikir
yürütməkdən ötrü kifayət qədər əsaslarım
yoxdur: bu haqda MÜƏLLİMlə söhbətlərim
olmayıb. Amma onun müxtəlif, o vaxtlar üçün
aktual olan hadisələrə münasibətindən,
açıq və eyhamlı mülahizələrindən
aydın olurdu ki, bu adam dünyaya nikbinliklə baxır və nikbinliyinin möhkəm
əsasları var.
Təbii ki, zaman məsafəsindən Cəfər müəllimə
baxanda, artıq tariximizdə baş vermiş hadisələrin
prizmasından onun şəxsiyyətinə yanaşanda bu qənaətlərə
gəlmək olar. Onunla birbaşa ünsiyyət zamanı isə
söylədiyim məqamlar bu insanın açıq-aşkar
saçdığı müsbət enerjidən duyulurdu.
Bəzən mənə elə gəlir ki, Cəfər
müəllim dərsdə bizə açıq mətnlə
milli azadlıq hərəkatından... inqilabi
çevrilişlərdən... müstəqilliyimizdən...
bir sözlə, bu gün aksioma-həqiqətlər olan
mövzulardan danışırdı. Əlbəttə
ki, belə söhbətlər olmayıb, olubsa da bambaşqa
kontekstdə olub, amma bu gün hamımızdan ötrü əziz
və doğma ideyalar mənim təsəvvürümdə Cəfər
Cəfərovun adıyla bağlıdır. Son illərin
keşməkeşli olaylarında “azadlıq” mövzusunu
öz inhisarına götürmək həvəsində
olanlara xatırlatmaq gərəkdir ki, heç bir azadlıq
Ziyasız olmadığı kimi, onun tam qələbəsinə
də Ziyalısız yiyələnmək mümkün deyil...
Milli mənəviyyatımızın çıraqları olan
ziyalılarımızın qanuni varisi Cəfər Cəfərov
üçün yalnız “olmaq” məqsədi vardı,
mübahisə doğuran məsələ isə “necə”
sualı ilə bağlı idi...
BƏXTİNƏ
DÜŞƏN VƏTƏN...
“...Mənim
də bəxtimə bu Vətən düşüb,
Havayı
açılmır çiçəkləri də...”
Ramiz
Rövşən
lll
Zamanın dərkedilməz məntiqinə görə Cəfər
Cəfərov dünyaya Şimali Azərbaycanda gəlməli
idi və öz missiyasını SSRİ adlanan nəhəng
ximerik qurğunun tərkibində olan Azərbaycan Sovet Sosialist
Respublikasında yerinə yetirməli idi. Artıq tarixə
dönmüş bu dönəmin “60-cı illər” fenomeni bu
gün də maraq doğurur, çünki o dövr bir
çoxlarında ZAMANın alternativ inkişaf cəhdi kimi
görünür. Olan olub, keçən
keçib, amma alternativ inkişaf ehtimalı bir çox
çağdaş aktual problemlərə də işıq
salmaq iqtidarındadır. “Xruşşov
mülayimləşməsi” dövrünün vəd etdiyi
imkanlar bu gün çox sadəlövh görünür,
çünki tarix göstərir ki, heç bir avtoritar
quruluş kökündən dəyişməsə,
özünü islah edə bilməz. Kim bilir, bəlkə
o dövrdə “yerlərdə”-müttəfiq respublikalarda
“yuxarıdan” icazə alıb yeniləşmə işinə
bütün varlıqlarıyla girişən kişilər
bunu bizdən əvvəl və bizdən daha dəqiq
anlayırdılar, anlaya-anlaya və ya inana-inana, bunun indi bir o
qədər əhəmiyyəti yoxdur-ZAMANın içindən
bu işi görməkdən ötrü “peyda olan” ziyalılar
missiyalarının başlıca məqsədinə
çatdılar: “altmışıncılar” nəslinin
yetişməsinə şərait yaratdılar, estafeti onlara
ötürdülər və ictimai-siyasi arenanı tərk
etdilər...
SSRİ-nin
ən sakit, ən sözəbaxan əyaləti olan Azərbaycan Sovet Sosialist
Respublikasında bu işin başında Cəfər Cəfərov
durdu, milli düşüncənin inkişafına təkan
verdi, yeniləşmə həvəsiylə meydana
çıxanları, özəlliklə gəncləri
başına yığdı, bacardığı qədər
himayəçilik etdi və bununla ZAMANın içində
gedən prosesləri işə saldı ki, XX əsrin bitəcəyində
bu proseslər “torpaq altından” üzə çıxsın
və... baş verənlər baş versin...
Azərbaycanda
baş verən proseslərin obyektiv araşdırılması
qərəzsiz tarixçilərin işidir və əminəm
ki, bu iş görüləcək. Ona da əminəm ki, milli
azadlıq, müstəqillik hərəkatının genezisini bərpa edən alimlər bu nəhəng,
taleyüklü, dünyanın mənzərəsini
kökündən dəyişən axarın, selin
başlanğıc nöqtəsində Cəfər Cəfərovun
əməyini və əhəmiyyətini də qeyd edəcəklər...
...Məndən
ötrü bu məsələnin bədii-mistik məqamı
da var. İş bundadır ki, hələ tələbəlik
illərində dərslərin birində MÜƏLLİMimiz
dramaturgiyada adların simvolikasından bəhs edərək
bizim-tələbələrin adlarını da bu baxımdan təhlil
etməyə başladı. Öz adının etimoloji mənası
haqqındakı suala cavab verməzdən öncə adətinə
görə susdu, sonra harasa uzaqlara baxa-baxa, dodaqlarında
müəmmalı təbəssümünü oynada-oynada
açıqladı ki, imam Cəfərin adı ərəbcə
“ca fər”-dilimizdə “kiçik çay” anlamına gəlir...
Söhbəti zarafatla bitirib dedi ki, bəs, mənim “kiçik
çay” olmağım adımda və soyadımda təkrarlanır
ki, mən bunu unutmayım...
...Biz də
unutmayaq ki, Yer üzündəki bütün nəhəng
çayların axarını onlara qovuşan kiçik
çayların suları təmin edir...
DİRİLİK
UĞRUNDA
“...Tfu
sizin üzünüzə, ölülər!...”
Mirzə
CƏLİL
“Ölülər”
lll
XX əsr Azərbaycan milli teatr prosesinin dönüş
nöqtəsini görkəmli rejissor Əhməd Tofiq
Kazımovun “Ölülər” tamaşası müəyyənləşdirdi.
...Hər
hansı milli mədəniyyətin tərkibində inkişaf
edən teatr prosesinin mühüm amillərindən biri məhz
“insan amili”dir. Azərbaycan milli teatr prosesi bu mənada istisna təşkil
etmir: bütün başqa şərtlərə toxunmadan deməliyik
ki, ZAMAN İÇİNDƏ CƏFƏR CƏFƏROVla
Tofiq Kazımov bir nöqtədə rastlaşmalı idilər.
Cəfər Cəfərov kifayət qədər səlahiyyətli
olmalı, Tofiq Kazımov sənətçi kimi
istedadının ən yüksək pilləsində
durmalı idi, ixtiyarında Azdrama və bu teatrın başda Məlik
Dadaşov və Həsənağa Turabov kimi
dövrünün yeni tələblərinə cavab verməyi
bacaran aktyor dəstəsi olmalıydı...
Bütün bunlar oldu və “Ölülər” kimi
fövqəladə sənət fenomeni yarandı.
Başqa
şeylər də oldu: dövrün “görkəmli sovet alim
və sənətkarları” birləşib tamaşaya
qarşı adətləri üzrə “kampaniya”ya
başladılar. Və əgər “düşmənlər dəstəsi”nin başında Azərbaycan Kommunist
Partiyasının Mərkəzi Komitəsinin ideologiya üzrə
katibi Cəfər Cəfərov olmasaydı... Çox
amansız və səriştəli hücumlardan qorudu yeniləşən
teatr sənətini Cəfər Cəfərov, amma Tofiq
Kazımovun ilk dəfə tamaşanın afişasında
yazdığı “tamaşanın müəllifi” ifadəsini
və onun içində cəm olan çoxşaxəli mənaları
qoruya bilmədi, görünür, bunun ZAMANı hələ gəlməmişdi...
...O
günləri xatırlayan mərhum dostumuz, böyük aktyor
və şəxsiyyəti istedadına mütənasib olan Həsənağa
Turabov deyirdi:
–...Tamaşadan
sonrakı müzakirə zalda keçirildi... Qızğın
mübahisə ilk çıxışdan başlandı və
sona qədər səngimədi... Bir də başımı
qaldırıb zala göz gəzdirəndə gördüm ki,
tamaşanın tərəfdarları bir tərəfdə, əleyhdarları
başqa tərəfdə oturublar-elə bil kimsə bu mizan-səhnəni
düşünüşlü qurub... Bir də baxıb
gördüm ki, tərəfdarlar cərgəsində Qara
Qarayev... Tahir Salahov... İlyas Əfəndiyev... Sabit Rəhman...
Rəsul Rza... Abbas Zamanov... Mirəli Seyidov... Məsud Əli
oğlu... Toğrul Nərimanbəyov... Yaşar Qarayev... Elçin Aslanov... əyləşiblər. Cəfər müəllim yox idi, amma sanki
bütün çıxışlar-sağdan da, soldan da Ona
yönəlirdi. Onu nəzərdə tuturdu... Məhz
buna görə tamaşaya və rejissora yönəlmiş
iradlar siyasi ittihamlara dönmədi... Məhz buna görə
Tofiq müəllim son çıxışını “Gedin, əsəri
bir də oxuyun!” sözləriylə bitirməyə cəsarət
tapdı...
...Məni
də müdafiə edərdi... Qocaman aktyorlar
danışığımı, səhnə
davranışımı kəskin tənqid edəndə Cəfər
müəllim deyərdi ki, yeni teatr düşüncəsi
şərtiliyin və canlı səhnə varolmasının
sintezini tələb edir-Turabovda hər ikisi var...
Zamanın
paradoksları bəlkə də dünyanın ən
maraqlı tapmacalarındandır: az keçmədi ki, hər
şey öz əvvəlki vəziyyətinə
qayıtdı, amma mübahisələrdə səpələnən
“səmərəli toxumlar” məhv olmadı-cücərdi,
böyüdü və bu gün AZADLIQ AĞACIndan hər kəs
istədiyi meyvəni dərir... O vaxtın “sadiq leninçiləri”
də... “gizli millətçiləri” də...
“konservatorlar” da... “novatorlar”
da...
Varolmanın
dirilik bulağının gözü tutulmayıb, Cəfər
müəllim!...
UZAQ
PROQNOZ
“...Mən
öz üfüqümə çatdım bu səhər...”
Kamal
Abdulla
Böyük
rus alimi, türk elinin mahir bilicisi Lev Qumilyov etnosu yaşadan,
onu inkişafa, hərəkətə sövq edən
fenomeni-İDEALI “UZAQ PROQNOZ” kimi müəyyənləşdirib.
Bu “Uzaq proqnoz” üfüq kimidir-həmişə
irəlidə görünən, amma heç zaman ona çata
bilmədiyimiz Yerlə Göyün birləşməsindəki
xəyali xəttdir.
...Çox
tez anlamışdıq ki, Cəfər müəllimi
başqalarından kəskin tərzdə fərqləndirən
onun, sözün əsl mənasında idealist
olmasıdır. Aydın məsələdir ki, onun hər an
gözünün önündə olan İDEALı
haqqında bu gün də nə isə konkret söz demək
çətindir: Cəfər Cəfərovun UZAQ PROQNOZU mürəkkəb
tərkibli bir fenomen idi ki, ZAMAN İÇİNDƏ
inkişaf edirdi, dəyişirdi. Amma məndən
ötrü danılmaz həqiqətdir ki, onun qayəsini, həmişəyaşar
canını “HƏRƏKƏT” başlanğıcı təşkil
edirdi. Cəfər Cəfərov istənilən hərəkətin
önünü kəsən hər hansı əngəlin,
maneənin, qeyri-təbii yasaqların barışmaz
düşməni idi: mənə elə gəlir ki, bu sehrli
insan istədiyi vaxt öz İDEALına qovuşur... ondan həyat
və yaradıcılıq enerjisini alır... özünə
lazım olan qədərini özündə saxlayır...
ürəyinə, düşüncəsinə, sözünə
sığmayan miqdarını isə insanlara
paylayırdı... Bəlkə buna görədir ki, Onunla
ünsiyyətdə olan hər kəs özünü
gümrah, nikbin, işgüzar, cəsarətli və...
ağıllı hiss etməyə başlayırdı!!...
Amma onu da
deməliyik ki, Cəfər müəllimin “idealistliyi” öz
zamanında başına çoxlu bəlalar da gətirmişdi...
...O vaxtlar ziyalılardan ötrü bu gün əcaib görünən cəza, “həbs tədbiri” var idi: EV DUSTAĞI... Deyilənlərə görə, əlaqədar ictimai və dövlət təşkilatlarının nəzərində “həddini aşan”, amma əməllərində “cinayət tərkibi” olmayan sənətkara müəyyən müddətə evdən çıxmamaq (!) əmri verilirdi. Adını çəkməyəcəyim “görkəmli yazıçı, ictimai və dövlət xadimi”nin təhrikiylə Cəfər müəllim “ev dustaqlığı”nı yaşamağa məcbur olmuşdu. Adamın Allahı var, Cəfər müəllimə qarşı irəli sürülən ittihamlarda “millətçi”, “pantürkist”, “burjua agenti” və bu kimi güllələnməyə aparan ifadələr yox idi. Cəfər müəllimin ünvanına söylənilən “nihilist” və “kosmopolit” ittihamları nisbətən yumşaq olduğuna görə, onu QULAQ düşərgələrindən qoruyaraq, öz evində dustaq qalmağa məcbur edirdi...
Atalar deyib ki, “şər deməsən, xeyir gəlməz...”. Cəfər müəllimi şərləyib evində guşənişinlik etməyə məcbur edən adını çəkmədiyim “görkəmli xadim” bilsəydi ki, bu sayaq cəzaya məhkum olunmuş dustaq “həbsxana”sında nə qədər kitab oxuyurdu!... Nə qədər qeydlər aparırdı!... Əsərlər yazırdı!... Nə qədər yeni ideyalar üzərində rahat düşünürdü! Bunu bilsəydi, bəlkə də başqa imkanlarından faydalanacaqdı, nə yaxşı ki, bilməyib...
Cəfər müəllim özü də oxuduğu kitabların dəqiq sayını bilmirdi...
İdealına sarı hər an hərəkətdə olan ZİYALIdan ötrü bu, xırda məsələ idi...
Onun UZAQ PROQNOZunda güclü... savadlı... yaradıcı enerjisi tükənməz... kökənlərinə bağlı... Dünyaya açıq AZƏRBAYCAN görünürdü...
NATAMAM NƏTİCƏ
“...Heç kəs sevdiyinə çatmır dünyada, Hər sevginin sonu dərin bir ahdır”.
Vaqif CƏBRAYILZADƏ
lll
...O danışmağa başlayanda, biz susurduq...
Desəm ki, o vaxtlar MÜƏLLİMimizin dediklərini tam həcmdə anlayırdıq, başlıca isə-sözlərinin ZAMAN İÇİNDƏN gəlib ZAMANa yönəldiyini dərk edirdik-həqiqətdən uzaq olar.
...Bu yazı üzərində işlədiyim zaman sevgili dostlarımdan biriylə çoxlu söhbətlər elədik, gəncliyimizə dönüb-qayıtdıq, duyğusal xatirələrimizi bölüşdük, amma söhbətimiz çox sərt bir notda bitdi. Dostum birdən dedi ki, Cəfər Cəfərovun milli düşüncəmizdə yerini və əhəmiyyətini necə var dəyərləndirməkdən ötrü vaxt, hələ ki, yetişməyib. Fikrini açıqlayaraq davam etdi ki, Cəfər müəllimin hər şeydən çox sevdiyi və üstünlük verdiyi İNTELLEKTUAL YETKİNLİK məsələsi Azərbaycanda hələ ki, həll olunmayıb. Məsələ onda deyil ki, tarixi hadisələrin nəticəsində bir çox əski mexanizm və strukturlar dağıldı, məsələ onda da deyil ki, “bazar iqtisadiyyatı” adamdan daha çox çeviklik, zirəklik tələb edir. Məsələ ondadır ki, ZAMANın hərəkət sürətindən xeyli geri qalmışıq və Cəfər müəllim kimi birbaşa ZAMANIN İÇİNDƏN “dürlü xəbərlər verən” kişilərimiz qalmayıb...
Mən razılaşmadım, mübahisəmiz düşdü, hətta bir qədər küsülütəhər ayrıldıq...
Yolda Cəfər müəllimin müəmmalı təbəssümü canlandı gözlərimin önündə. Özümdən ixtiyarsız mən də gülümsədim...
Nəticə çıxartmaq hələ ki, tezdir...
Susmaq məsləhətdir...
Məryəm Əlizadə
525-ci qəzet.-
2013.- 28 sentyabr.- S.18-19.