Nizami Tağısoy və onun "Meyxanənin
poetikası" kitabı-1
ONLAR
NƏ DEYİBLƏR : İslam Ağakərimov.
Bakı
Slavyan Universitetinin dosenti, filologiya elmləri namizədi
Xalqımızın çoxəsrlik mədəniyyətindən
çoxlarımız ağızdolusu danışmağı
və qürrələnməyi xoşlayırıq. Lakin bu qiymətli
sənət incilərinin əsl dəyəri haqqında daha
geniş auditoriya üçün tədqiqi və təbliği
ilə ayrı-ayrı xüsusi insanlar məŞğul olur.
Mənim fikrimcə bu tədqiqatçı-alimlərin
fəaliyyəti axtarışdan daha çox əsl vətəndaşlıq
borcudur.
Deyirlər
ki, Nizami Gəncəvi ilə bağlı mötəbər məclislərdən
birində iştirak eləyən Nazim Hikmət dahi sənətkar
haqqında, onun Azərbaycan və bütövlükdə
müsəlman Şərqi üçün rolundan
danışılanda deyilənləri sükutla
qarşılamışdı. Türk şairi
ilə yanaşı oturan ziyalılarımızdan birinin Nazim
Hikmətin bu cür reaksiyaya təəccüblənməsini
görəndə qonaq bunun səbəbini milli ədəbiyyatşünaslıqda
Nizaminin lazımınca təbliğ olunması ilə izah etmişdir.
Bu o dövr idi ki,
ədəbiyyatşünaslığımızda Nizami
yaradıcılığının təhlilinə yenicə
başlanılırdı.
Nizami Tağısoyun “Meyxanənin poetikası” kitabı
onun əsl vətəndaşlıq mövqeyinin təzahürüdür. Alim-tədqiqatçının
cəsarəti uzun illər cəmiyyətdə birmənalı
qarşılanmayan xalq yaradıcılığının bu
janrının əsl mahiyyətini elmi-nəzəri
baxımdan geniş oxucu kütləsinə təqdim etməsindən
ibarətdir. Bu kitabdan sonra, bəlkə də
çoxumuza qəribə görünsə də, bir çox
Avropa folklorçularının uzun yol qət edib Bakıya gələrək
kitab müəllifinə müraciət etməsi, ondan
lazımi tövsiyələr alması bizlərdə qürur
hissi doğurur. Bu kitabın milli
folklorumuzun təbliği baxımından dəyərini,
güman edirəm ki, zaman keçdikcə daha aydın görəcəyik.
–Nizami
müəllim, kitabınızla tanış
olandan sonra gör nə vaxtdır sizinlə bir sorğu eləmək
istəyirəm və nəhayət, zaman gəlib
çatdı. Birinci bunu soruşum ki, Siz bu
kitabı bir başqa müəlliflə birlikdə
yazmısız. Praktik olaraq mən bu ikili
kitab yazmaq məsələsinə bir o qədər də
aşina olmasam da, soruşum, ikinci müəllif kimdir?! Mən onu heç tanımadım.
–Sizin bu
kitaba rəğbətinizi hiss etmişəm və mənə
necəsə bildirmişdiz də kitabla bağlı müsahibə
təşkil etmək istəyirsiz. Nə olsun
ki, onu arzu etdiyiniz məqamda həyata keçirə bilmədiniz,
indi istəyinizi çin etmək fikrindəsizsə, bunun nəyi
pisdir ki?! Atalar demişkən “Təki
başda tük olsun, daramağa nə var”. Əgər kitab onun haqqında danışmaq
üçün imkanlar verirsə, deməli, gec-tez söz sərrafları,
alimlər, yazıçılar, şairlər, jurnalistlər,
folklorçular, klassik irsimizin toplayıcıları onun
haqqında danışacaqlar. Siz də sağ olun ki, bu
kitabın böyük dəyərini verən AMEA-nın
müxbir üzvü, prof. N.Cəfərov, BDU-nun tarix elmləri
doktoru, etnoqraf folklorçu Təvəkkül Səlimov,
AMEA-nın Folklor İnstitutunun Elmi Şurası, orada
çalışan mütəxəsisslər, BDU-nun professoru,
AMEA-nın müxbir üzvü, rəhmətlik Azad Nəbiyev,
Bakı Slavyan Universitetinin dosenti, ədəbiyyatşünas və folklorşünas Rüstəm
Kamal, Slavyan UNiversitetinin dosenti İslam Ağakərimov, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Qorxmaz Əlilicanzadə,
Bakı Musiqi Akademiyasının dosenti, filologiya elmləri
namizədi Aytac Rəhimova və başqaları onun elmi-nəzəri,
praktik sanbalını yetərincə hiss etmisiniz. Kitab haqqında yüksək fikir bildirdiyinizə
görə minnətdaram. Mənə verdiyiniz
suallar içində Sizi birinci maraqlandıran ikinci müəllifin
kimliyi məsələsidir. Tofiq müəllim, mən
indiyə qədər on iki elmi-tədris, iki şeirlər və
poemalar kitabı “Qaraqalpaq xalq nağılları” və qazax qəhrəmanlıq
dastanı “Koblandı-batır”ı tərcümə etmişəm, yazıb və
nəşr etdirmiş və onlardan yalnız bu, bir də
2010-cu ildə digər müəlliflərlə (prof. Rafiq
Manafoğlu və dos. Rüstəm Kamal) “İzahlı tərcüməşünaslıq
terminləri lüğəti”ni birgə nəşr
etdirmişəm (Yeri gəlmişkən Azərbaycanda ilk təcrübə
kimi araya-ərsəyə gələn bu mənbə Sizin
çalışdığınız Azərbaycan Tərcümə
Mərkəzinin işçilərinin, mütərcimlərinin
də müraciət edəcəyi mənbə kimi gərəkli
ola bilər). Qalan kitablar yalnız öz müəllifliyim
altında işıq üzü görüb. “Meyxanənin
poetikası” kitabında həmmüəllif məsələsinin
isə öz problemi var. Kitabın hazırlanması üzərində
iş gedərkən Bakı Dövlət Universitetinin
professoru, filologiya elmləri doktoru Vaqif Sultanlı bir gün mənə
zəng edib bildirdi ki, mənim meyxanalarla
bağlı apardığım tədqiqatla Norveçdən
gəlmiş bir azərbaycanlı xanım maraqlanır və
mənimlə görüşüb məsləhətləşmək
istəyir. Razılıq verdim. Gəldilər. Görüşdük.
Məlum oldu ki, bu xanım Oslo Dövlət
Universitetinin Filologiya fakültəsinin bakalavr pilləsini
müvəfəqiyyətlə başa vurduqdan, Berlin Universitetində
magistr pilləsini sona çatdırıb. Bundan sonra elə
bu Universitetin doktoranturasına qəbul olunub, Asiya ölkələri
folkloru (o cümlədən Azərbaycan meyxanələri) ilə
bağlı tədqiqat üzərində işləyir.Onun
adı Zülaim Zakariyyadır. Bu
tanışlıqdan sonra o, Berlindən bir neçə dəfə
Bakıya mənim yanıma konsultasiyaya gəldi. Meyxanələrin
tarixi, forma, məzmun, rədif, qafiyə bir sözlə, poetik
xüsusiyyətləri və s. bağlı məsləhətlər
aldı.
Bizim kitabda həmmüəllifliyimizin başlıca məqsədi
isə onun bu kitabı ingilis, yaxud almancaya çevirib. Avropada nəşr
etdirməsi ilə bağlıdır. Hazırda
kitabın tərcüməsi üzərində iş
gedir. Məncə,
ikinci müəllifin hansı səbəb üzündən bu
kitabda iştirak etməsini başa düşdünüz.
Bununla belə Sizə elə görünməsin
ki, yenə də atalar demiş “Bir torba dəni var, beş dəyirmana
üyütməyə gedir”. Əsla, yox.
Mənim istəyim Azərbaycan mədəniyyəti,
folkloru nümunələrini dünya xalqlarına
çatdırmaqdan ibarətdir. Biz bu nümunələrimizlə
digərlərini tanış etməklə
özümüzün, mədəniyyətimizin, folklorumuzun,
etnik-milli şüurumuzun və təfəkkürümüzün
rəngarəngliyi və unikallığı haqqında təsəvvür
yarada bilərik.
–İcazənizlə soruşum: Kitab Azərbaycandan
uzaqlara viza ala bilibmi?
–Almaniyada
bir kitabxana
mövcuddur “Universitats-und landesbiblio thek Halle / Kitabxananın
saytı: http: // opac. bibliotek. uni-hall. de / DB=1/
LNÇ=DU/, buradakı fonda dünyanın müxtəlif
ölkələrindən kitablar toplanılır. Azərbaycanda
həmin kitabxanın əlaqələndirici nümayəndəsi
Namiq müəllimdir ki, o, “Meyxanənin poetikası” kitabını alıb
oraya göndərmiş və onun oradakı kataloqda yerləşdirilməsi
haqqında mənə bildiriş də
çatdırılmışdır.
–Bir
şey də məni maraqlandırır: kitab bizim bir çox
alim və sənət adamlarımız tərəfindən
müsbət qarşılanıb və onların rəyinə
əsasən bu çox sanballı bir araşdırmadır. Bunu qəbul edək. Yaxşı
Sizi bir alim olaraq bu meyxana məsələsinə çəkən
nə olub? Siz Slavyan Universitetində dərs
deyirsiniz, meyxana isə tamamilə ayrı bir dünyadır.
–Düz
deyirsiz. Mənim bütün şüurlu həyatım
Bakı Slavyan Universiteti ilə bağlı olmuşdur. Hələ XX əsrin 70-ci illərinin lap əvvəllərindən
mən əvvəl Azərbaycan Xarici Dillər İnstitutu,
sonra M.F.Axundov ad. Azərbaycan Pedaqoji Rus
dili və Ədəbiyyatı İnstitutunda təhsil alarkən
rus folklorunu, eposunu rus ədəbiyyatı ilə birgə daha
yaxşı mənimsəməyə
çalışırdım. Rus folklorunun
lirik nümunələri ilə Azərbaycan lirik folklor
nümunələri arasında oxşarlıqlar və fərqlər
axtarır, onların janr xüsusiyyətlərinə və
ifa olunmasına diqqət yetirirdim. Sonralar
80-ci illərdən həmin İnstitutda tələbələrə
rus folklorundan mühazirələr apararkən yenə də
lirik folklor nümunələri arasındakı
yaxınlıqlar, uyğunluqlar, janrlar arasındakı bənzərlikləri
öyrənməyə can atırdım. Folklorun,
ədəbiyyatın, dilin ümumiyyətlə, mətnin belə
müqayisəli şəkildə öyrənilməsinə
komparativistika deyilir. Və bu, olduqca
maraqlı sahədir. Xoşum gələn
işdir.
Doxsanıncı illərin əvvəllərindən
azadlıq və müstəqillik uğrunda mübarizə,
bildiyiniz kimi, heç də siyasi, iqtisadi, sosial yönümdə
getmirdi, mədəni-kulturoloji, folklor və ədəbi sahələrdə
də canlanma vardı və bu, folklor nümunələrinin, o
cümlədən meyxanələrin də ifa olunmasına təsir
edirdi. Tez-tez meyxanaçılar radio, televiziya, müxtəlif
mədəni-kütləvi tədbirlərdə
çıxış edirdilər. Bununla belə mən
görüb hiss edirdim ki, digər folklor nümunələri
müəyyən dərəcədə
araşdırılıb, tarixi, nəzəri, praktik, metodoloji
baxımdan öyrənilib sistemləşdirilsə də,
meyxanələrlə bağlı heç bir iş getmirdi və
bu məni çox narahat edirdi. Elə buna
görə də mən ilk olaraq on altı sual tərtib edib
90-cı illərin tanınmış
meyxanaçılarına üz tutdum və onlardan həmin
sualların cavablandırılmasını istədim. Həmin kitabı mən
sadəcə olaraq ayrı-ayrı meyxanəçilərin
yaradıcılığından bəzi örnəklər
verməklə, meyxanələrlə bağlı ümumi təsəvvürlər,
bilgilər verməyə həsr etməyi nəzərdə
tuturdum. Təəssüf ki, meyxanəçilərdən
hər biri sualları cavablandırmağa söz versə də,
onlardan heç biri nəinki on
altı suala, heç birinə belə cavab vermədilər və
onlar tərəfindən belə etinasızlıq məni daha
da təəcübləndirdi və bununla da kitabda mən
ayrı-ayrı meyxanəçilərin yaradıcı portretlərinə
yer verməkdən vaz keçib, bu janrın taleyi haqqında
daha çox düşünməyə üstünlük
verdim.
ONLAR
NƏ DEYİBLƏR:
Azad Nəbiyev.
Filologiya
elmləri doktoru, professor,
MEA-nın
müxbir üzvü
Mən meyxanalar haqqında bir neçə
yazılarımda bu janrın unikallığı ilə
bağlı fikrlər irəli sürmüşəm. Onların
toplanıb, təhlil edilib nəşr olunmasının zəruriliyindən
danışmışam. Təəssüf
ki, bu işi biz folklorşünaslardan heç birimiz indiyə
qədər görməyib. Nizami
Tağısoyun özünü, məqalələrini,
monoqrafiyalarını oxumuşam, məsuliyyətli tədqiqatçı
olduğunu bilirəm. Onun “Meyxanənin
poetikası” əsərində şifahi örnəklərinizlə
bağlı elmi-nəzəri müddəalar irəli sürməsi
məni bir folklorşünas kimi çox sevindirir.
( Hər iki hissə
davam edəcək)
Tofiq ABDİN
525-ci qəzet.-
2013.- 28 sentyabr.- S.23.