Tənqidin tənqidi və ya
tənqidçi haqqında söz
Ədəbi tənqid qədər birmənalı qarşılanmayan ikinci bir fəaliyyət sahəsi təsəvvür etmək çətindir.
Bəlkə də, ona görə ki, “kritika” (tənqid) yunancadan tərcümədə
“mühakimə etmək,
ayırd etmək” deməkdir və bəşər övladı,
yalan-doğru nə iş görmüş olsa da, mühakimə
olunmağı heç
sevmir. Sevgisizlik isə sevginin
özündən də
güclü hissdir.
İnsafən, tənqidi sevməməyin
obyektiv əsasları
da yox deyil. Bu etikadakı paradokslardan biri ilə bağlıdır
– insan mənəvi baxımdan kamilləşdikcə
özünə daha tənqidi yanaşmağa başlayır və başqalarını mühakimə
etməyi artıq özünə rəva bilmir. Daha doğrusu, özünü
buna layiq bilmir. (Mühakimə
etmə ki, mühakimə edilməyəsən
– bibliya ehkamı da, yəqin, buradan qaynaqlanır).
Belə çıxır
ki, mühakimə etməli olan adamlar bunu etmirlər,
bunu şövqlə etmək istəyənlərə
isə bu işi etibar eləmək olmaz...
Lakin tarixi təcrübə göstərir
ki, bu paradoksda
ilişib qalmaqla işi irəliyə aparmaq mümkün deyil. Çünki nəticədə sosial-ierarxiya sisteminin yuxarı pillələrində
qərarlaşmış, əksərən
mənəvi keyfiyyətləri
ilə başqalarından
heç nəylə seçilməyən subyektlər
dövrəyə girir
və hər şeyi dişlərinə
vurmağa, çəkməyə,
ölçməyə, qiymətləndirməyə
başlayırlar. Bəlli məsələdir ki, yalnız özlərinə sərf
etdiyi və ya ağıllarının
kəsdiyi şəkildə.
Tənqidçinin missiyası məhz bu məsələlərin
idrakına söykənir.
Ya sən bu işi profanların
öhdəsinə buraxırsan,
ya da hər
şeyi göz önünə alaraq, bu gedişata çəki-düzən verməyi
öz boynuna götürürsən.
Sözsüz, burada söhbət
Çernışevski və
ya Dobrolyubov kimi çox zaman siyasi manifest xarakterli tənqidi məqalələr yazan, indinin özündə də sosrealizm üslubunda sicilləmələr
istehsal edən sənətkarlardan yox, ədəbi mətnin özünə istinadən
təhlillər aparan tənqidçi-ədəbiyyatşünaslardan
gedir.
Bu tənqidçi-ədəbiyyatşünas
bilir ki, mədhiyyə və ya pamflet janrında
yazılmış “tənqidi
məqalə”lər tənqidçinin
ölüm kağızıdır.
Bilir ki, prinsiplər çeşidli
qrupların və bir-birindən mənasız
“ədiblər”in iddiaların
mübarizəsinə qurban
gətirildikdə ehtikar
olmamaq mümkün deyil.
Ona yaxşı
məlumdur ki, tənqidçi üçün
“mətndən başqa
heç nə yoxdur”. Derrida bunu
nahaqdan demir. Ədəbi tənqidçinin sözünün
kəsəri bilavasitə
onun obrazına bağlıdır. Obrazın yoxdursa,
qızıl da xırdalasan effekti olmayacaq. Bu obrazın
yaranması üçün
isə tənqidçiyə
görə mətndən
başqa heç bir kənar mətləb olmamalıdır...
lll
Müasir Azərbaycan tənqidi fikrini təmsil edən tənqidçi-ədəbiyyatşünasların
içərisində həmişə
maraqla oxuduğum bir imza var
– Cavanşir Yusifli.
Təkcə estetik
qanunları bilməklə
qalmayıb, ciddi etik normaları da gözləyən, yəni oxucunu avam yerinə qoyaraq, bədii əsərin qavranılması
üçün sağa-sola
hazır formullar və reseptlər səpələməyən, heç
vaxt təmkinin pozmayan, ədəbi tənqidin ictimai fikrin bir fenomeni
olduğunu hər addımda bizə xatırladan Cavanşir Yusifli.
Cavanşirin “Bədii mətnin
sirləri”, “Bir söz söylə, bu dünyadan olmasın”, “Ədəbiyyatda
yaşamağın formulu”,
“Azərbaycan poeziyasında
Əli Kərim mərhələsi” “Fərdi
yaradıcılıqdan ədəbiyyat
tarixinə baxış”,”Azərbaycan
komediyasının poetikası”
“Gülüş və
dünyanın sonu”, “Filoloji fantaziya” və s. kitabları, ədəbi prosesə işıq tutan çoxsaylı məqalələri ədəbi hadisələrə sadəcə
refleksiya kimi görsənmir, çünki
onlar həmişə
yaradıcı əməyin
məhsuludur və bu onu başqalarından
müsbət mənada
fərqləndirən cəhətdir.
Təhlil pafosu, yersiz bəlağəti, klişe
yanaşmaları sevmir. Çox
zaman yazılarını
riyazi əməliyyat aparırmış kimi qələmə alan
və müvafiq nəticələr əldə
edən sənətkarlardan
fərqli olaraq, Cavanşir Yusifli yazıçının obrazlarla
ifadə etdiyini və ya etməyə
çalışdığını “şifahi” formaya salmağa, anlaşıqlı
etməyə həmişə
müvəffəq olur.
Burada səviyyə və ya standart axtarmalıyıqsa,
bu elə onların göstəricisidir.
Yazarlar çox
vaxt tənqidçilərdən
obyektiv tənqid gözləyir, onları mətnə “qeyri-adekvat” yanaşmaqda suçlayırlar. Ancaq kimsə fərqində deyil ki, “Obyektiv tənqid”in mütləqləşdirilməsi
qədər də tənqidçi obrazını
zədələyən, onun
əl-qolunu buxovlayan və yazdıqlarını
törəmə mətnə
çevirən ikinci bir kontekst tapmaq
çətindir. Burada önəmli
olan tənqidçinin
özünün yüksək
bilik səviyyəsinə,
zəngin dünyagörüşünə
malik olması və şəxsiyyətinin
bütövlüyüdür. Bunlar varsa, bu insanın
“subyektiv” fikri hamıya maraqlı olacaq. Tənqidin humanitar təbiətinə,
vəzifələrinə və
funksiyalarına cavab verən də budur. Necə ki, Cavanşir
Yusiflinin qələmə
aldığı bütün
mətnlər ədəbi
cameədə maraqla qarşılanır və
rezonans doğurmadan ötüşmür.
Cavanşir Yusiflinin elmi və bədii tərcümələri haqqında
ayrıca danışmaq
lazım gəlir. Onun P. Züskind, R.Bart, A.Kamyu, T.Eliot, J.P.Sartr, Q.Başlyar, X.Kortasar, X.L.Borxes, P.Elüar və s. kimi korifey imzalardan
etdiyi tərcümələr
Azərbaycan oxucusunun sevə-sevə oxuduğu əsərlərdir. Ümumiyyətlə, Cavanşirin istər orijinaldan etdiyi tərcümələr, istərsə
də, tərcümə
haqqında yazdığı
məqalələr Azərbaycanda
tərcümə məktəbinin
formalaşması prosesinə
verdiyi əhəmiyyətli
töhfələrdir. Təsadüfi deyil ki, BSU-da çapa
hazırlanan “Azərbaycan
tərcümə ensiklopediyası”nın redaktorlarından
biri də Cavanşir Yusiflidir.
Bu günlərdə Cavanşirin
55 yaşı tamam oldu. Sözünə, dostluğuna doymadığım
sənətkarı həyatının
bu əlamətdar günü münasibətilə
təbrik edir, ona bol şanslar
və yeni uğurlar arzulayıram.
Etimad BAŞKEÇİD
525-ci qəzet.-
2013.- 28 sentyabr.- S.15.