Cavanşir Yusifli: “...Yanıb kül
olmuş günlərinə baxıb təəssüf edirsən...”
“Tənqidçi
özünə yer axtaranda inkarı silah kimi seçməməlidir”
–
Cavanşir müəllim, ad gününüz münasibəti
ilə sizi təbrik edirəm. Sartrın dili ilə
desək, obyektiv zamanla 55 yaşınız tamam olur. Bəs, subyektiv zamanla özünüzə neçə
yaş verərdiniz?
– Sağ
ol, Ramil. Hər ikisində, deyəsən, 55 yaşım
var. Əvvəllər qocaldığımı hiss etmirdim.
İndi vəziyyət dəyişib, dövran
elə döndü ki, əvvəlki şərtlər dəyişdi,
özü də pisə doğru. Belə
deyək, elə hamı özünü güzgü
qabağındaymış kimi hiss eləyir. Məşədi
İbad demişkən, belə qoysam, deyərlər, vay-vay... Mən hərdən kənara çəkildikdə
güzgünün o tərəfini görmüş kimi oluram.
Qəribə bir ovqat yaranır, elə bil hamı irəliyə
cumur, ancaq əslində hər şey yerində saymaqdan
başqa bir şey deyil...
Durur
bila-hərəkət,
Rəvamı bir diriyə?
Nə
getmədə iləri,
Nə dönmədə geriyə.
Ədu
qırır qapıyı,
Biz evdə bixəbəriz.
Nə
başqa başqalarız,
Nə ittihad edəriz.
Demək
belə, ən ciddisi bu olar ki, bu yaş sərhəddində adam bir az məyus olur: güclü, temperamentli
vaxtında, dağları yerindən oynadaram inadı, heçə-puça
dönür, yanıb kül olmuş günlərinə
baxıb təəssüf edirsən, ötən günə
gün çatmaz, calasan günü günə.
– Bu yaşınıza
qədər ədəbiyyat sizə nələri
qazandırıb və nələri itirməyinizə səbəb
olub?
– Bu suala
heç kəs doğru-dürüst cavab verə bilməz,
versə də birtəhər çıxar. Mən
həm də başqalarını müşahidə edirəm
və gülürəm, bəzən sevincdən, bəzən
kədərdən. Tam sürətlə irəliləyən
bu yekəxana avtobus nə vaxt dayanacaq, bir daşa dəysin də
dayansın...
–
Çox vaxt bədii mətnin dəyərləndirilməsində
zövq amilini əsas ölçü kimi götürürlər.
Sizcə, əsərə bu cür yanaşma
doğrudur?
– Bədii
mətnin dəyərləndirilməsinin məlum-məşhur
kriteriləri var və bu çox ciddi elmdir. Zövq
də elə-belə yetişmir. Zövq o
zaman gözə dəymir ki, qollu-budaqlı izah tələb eləmir.
Ancaq zövq də küçələrə tökülməyib
ki... Ancaq düz deyirsən, çox savadlı
adamlar görmüşəm, yazdıqları içindən
gəlmir, yaxşı ilə pisi ayırd edə bilmir.
–
Bugünkü tənqidimizin durumunu necə dəyərləndirirsiniz?
–
Çox yaxşı. Mühit içindəyik.
Bir də: tənqidin özünü tənqid lazımdır.
Tənqidçilər çoxsözlü
olublar.
– Tənqidçi
kimi özünüzə ustad bildiyiniz şəxs varmı?
– Məndən
sonra gələnlər. Qorxmaz müəllim,
müəllimim, ustadım. Əslində,
Qorxmaz müəllim nəzəriyyəçi və ədəbiyyatşünasdır.
Hər bir yazısında nə qədər
maraqlı ideya var, hamı ondan öyrənə bilər və
məncə, yaxşı olardı. Onun bir
məcmuədə çap edilən “Kod və kontekst”
yazısı var, o yazını çıxartsan məcmuənin
dəyəri qalmır. Bu yazıda Səməd
Vurğun, Rəsul Rza, Aşıq Ələsgərlə
bağlı təhlillərə baxın, tədqiqatçının
içindəki talantla zövqü, biliyi elə uğurlu
formada birləşir ki, bir anlığa
tanıdığın şeylər gözündə
başqalaşır. Mənə çox ciddi
fransız tədqiqatçısı Pol Zümtor necə təsir
edirsə, Qorxmaz müəllimin yazıları da o şəkildə
təsir göstərir. İndiki prosesdə yalan ayaq
tutub yeriyir, ixtiyar ədəbiyyatçılar elə
adamların adlarını çəkir, elə sözlər
deyirlər ki, adam quruyub qalır: ya bu
söz sahibləri ədəbiyyatı bilmirlər, ya da burda nəsə
başqa şeylər var.
– Tənqidlə
yanaşı tərcümə ilə də məşğul
olursunuz. Alber Kamü, Patrik Züskind və digər
müəlliflərdən tərcümələr etmisiniz.
Tərcümə etdiyiniz əsərləri nəyə
əsasən müəyyənləşdirirsiniz?
– Zövqümə,
mütaliməmə, bir də tərcümə sahəsindəki
boşluqlara. Naşirlərin tərcümə
bazarını formalaşdırması müvəqqəti
prosesdir, bir azdan bu mühiti oxucu özü diktə edəcək.
– Dilimizə
çevrilən hansı əsərləri uğurlu tərcümələr
hesab edirsiniz?
– Birinin
adını çəkim, Vilayət Hacıyev. Onun tərcüməsində
Kafkanın “Məhkəmə”, Hessenin “Yalquzaq ”
romanları. Məsihağa Məhəmmədinin
Sipehridən “Suyun ayaq səsi” poetik tərcümə toplusu
diqqətdən kənarda qalsa da, öyrənmək mənasında
dəyərli və sənət baxımından uğurludur.
Ancaq bəzən belə də olur. Tərcümədən başı çıxmayan,
dilləri yaxşı bilməyən adamlar gəlib dərs
keçirlər. Sonra onun özünün
çevirmələrinə baxırsan ki, əsərin
adını düzgün çevirməyib. Bu sahədə ciddi işlər olduğu kimi,
çoxlu gopçular da var. Allah onların da köməyi
olsun.
Tərcümə ilə bağlı bir məsələni də qeyd etmək istərdim. İndi bizdə ixtisaslaşma prosesi gedir. Yəni, məktəb o zaman formalaşmağa başlayır ki, sən konkret bir sahəni uzun müddət öyrənir və o şairin, yaxud nasirin, həm də mühitini “tərcümə” etmək işinə girişirsən. Sipehrinin “Suyun ayaq səsi” toplusu bu baxımdan önəmlidir. Yaxud Səlim Babullaoğlunun bu sahədə ağıllı proyektlərini nümunə göstərə bilərik. İndi Səlim təkcə tərcüməçi yox, həm də Brodskinin çox misilsiz bilicisidir. Əgər tərcüməçi tərcümə etdiyi fiqurun bilicisi deyilsə, onun haqqında epizodik biliklərə malikdirsə, deməli, təqdim etdiyi tərcümələrin də bir önəmi yoxdur. Kimi gəldi tərcümə eləmək fakt baxımından pis deyil, ancaq bu sənətə fayda baxımından boş şeydir. Alber Kamünü tərcümə edən, yaxud Prustu dilimizdə səsləndirən şəxs onların mühitini, yaradıcılıq sirlərini ən yüksək mütəxəssis səviyyəsində bilməlidir. Yesenindən elə danışa bilməlidir ki, ona Yeseninin yüzillik mütəxəssisləri də diqqət kəsilə bilsinlər. Başqa alternativ yoxdur. Şmborskaya misilsiz bir şairdir, ancaq sən onun yuxarıda sadalanan məziyyətlərini bilmədikcə, dilimizdə səslənməyəcək. Yəni, “səsi qazanmaq üçün” bir az səsini içində dustaq edə bilməlisən. Dolayısı ilə: hər şey mənəviyyatdan keçir. İndi sufizmdən yazanların qurultayını keçirsən və onu əvvəldən sona kimi lentə alsan, insanlar gülməkdən bəlkə də qırılarlar. Mən bir şeyi də bilirəm, bu halların sayı çoxalıb, onlar böyük bir məkanı zəbt ediblər və məhz bu sözlərimin heç bir əhəmiyyəti yoxdur. Problem budur!
– Tərcümə etdiyiniz əsərlər arasında eləsi olubmu ki, həmin əsərin təsirinə düşəsiniz?
– Yox, təsirə düşməyə vaxtmı var?
– Tərcümə etmək asandı, yoxsa tənqid etmək?
– Adam var onun üçün bunların hər ikisi asandı, adam var hər ikisi çətin, adamına baxır. Tərcümə sahəsində Bakı Slavyan Universiteti çox önəmli işlər görür. Etimad Başkeçidin tərcüməçi kimi zövqü, bacarığı əvəzsizdir. Ancaq... bəlkə belə deməliydim: özün kimi olmaq çətindir. Tənqidlə əlaqədar bir önəmli məsələni deyim: sən ömrün boyu əsərdən, mətndən danışmalısan. Yazıçının şəxsiyyəti ilə xəstəlik dərəcəsində məşğul olmamalısan. Bizdə nə pis ki, bu təcrübə var. Mərifətini doğru-düzgün göstərsən, bir kimsə sənə güldən artıq söz deyə bilməz. Və nəticədə bizdə mətndən yazmaq ənənəsi zənginləşər, dünya filologiyasının qarşısına öz sözümüzlə çıxa bilərik. Tənqidçi özünə yer axtaranda inkarı silah kimi seçməməlidir. Əks təqdirdə, onun üslubu hərbi terminologiyaların yığınından başqa bir şey olmayacaq.
Bizdə tərcümə sahəsində az da olsa yaxşı mütəxəssislər var. Nəzərə alsaq ki, bu sahədə dissertasiya yazıb müdafiə edən insanların təcrübəsindən lazımınca istifadə edilmir. O mənada ki, həmin nəzəri biliyin daşıyıcıları tərcümənin praktikasından bir az uzaq olurlar. Məsələnin hansı nöqtədə düyün düşdüyü aydın olar. Mən az nümunələr içində birini göstərə bilərəm. Tərcümə nəzəriyyəsi və praktikasını bir əldə mükəmməl şəkildə bilən Əsgər Rəsulov.
– Bu gün ədəbiyyatımızın ən ciddi problemi nədir?
– Ədəbiyyat. İnsanlar onun ətrafında çox fırlanırlar, ikisindən birinin başı gicəllənir. Elə bil böyük, ucsuz-bucaqsız bir şəhərdəsən, hamı bir istiqamətə axışır, böyük bir ərazidə tıxac yaranır. Belə demək olarsa, ədəbi prosesdə tıxac problemi var, özü də bu, maşınların bir-birinə qəsdən yol verməməsindən yaranıb.
– Sizcə, ədəbiyyatı idarə etmək olar?
– Ədəbiyyat idarə edəndir. İdarə
edib neyləyəcəksən ki. Mediatorlar var, normal cəmiyyətlərdə
bu normaldır.
Bizdəki mediatorlar mənə Çalpapaq Kərəmi
xatırladırlar: sinən olan yerdə, kürəyini
gülləyə vermə oğul.
– Bəs,
hansısa idarəçilik formasının
yaradıcılığa təsiri varmı?
– Yoxdur.
– Ədəbi müsabiqələrə münasibətiniz
necədi?
–
Yaxşıdı. Ancaq onun ətrafında o qədər hasar
çəkilir, o qədər bu hesabla özlərini təbliğ
edirlər ki... Hələlik müsabiqələrdə
hər şey görünür, istedaddan başqa.
– Ədəbiyyatın üzərinə hansısa bir
missiyanı qoymaq nə dərəcədə doğrudur?
–
Missiyasız gözəldir.
– “XIX əsr ədəbiyyatı” polemikasına
qoşulanlardan birincisi də sizsiniz. Bu dövr ədəbi
baxımdan nə qədər önəmlidir?
– Bu yerdə,
yəni Axundovu anlamayanlara onun öz fikrini sitat vermək yerinə
düşərdi: “Şahzadə! Mən məgər
tarix yazmışam ki, təkcə baş verən hadisələri
yazmaqla kifayətlənim? Mən kiçik
bir məsələni əlimdə vasitə edib, öz təfəkkürümlə
onu genişləndirərək o dövrün nazirləri və
dövlət başçılarının puç beyinlərini
açıb göstərmişəm ki, gələcək nəsillər
üçün ibrət dərsi olsun və onlar səfeh
münəccimlərin sözlərinə və xəbərlərinə
inanmasınlar; özlərini bu kimi hərəkətlərlə
əcnəbilərin nəzərində məsxərə hədəfi
etməsinlər”. Bu cür əsərlərə
roman deyirlər ki, dram sənətinin ayrıca bir
növüdür. Bizdə səfeh münəccimlər
çoxdu. Bizdə Mirzə Cəlilin tipi olan Mirzə cəlilşünaslar
da var. Bəlkə hardasa fizika institutunda Enşteynin səhvlərini
tutmağa çalışanlar var, ancaq səhv tutmaq bir az aşağı səviyyəli işdir.
– Bu
dövrə münasibət birmənalı deyil. Bəzi tənqidçilər bu dövrün
şairlərinin ədəbiyyat tarixində qalmağa layiq
olmadığını deyir. Belə fikirlərin
yaranması nə ilə bağlıdır?
– Bəzi
tənqidçilər, yaxşı ki, zamanı əvəz edə
bilmirlər. Normal ədəbiyyat tarixi yoxdur.
Dissertasiya və ədəbiyyat tarixi çox fərqli
şeylərdir. Bizim ədəbiyyat
tariximiz zəif dissertasiyaların montajıdır. Burda başqa qəliz problemlər də var, indi desəm,
qan düşər.
– Həm
orta məktəb, həm də ali məktəb
ədəbiyyat dərslikləri sizi qane edir?
– Xeyli
cahilliklər var. Təkcə “ədəbiyyat nəzəriyyəsi”
başlıqlı dərsliklər deyil, xeyli ədəbiyyatşünaslıq
əsərləri də var ki, aşıq demişkən,
neçə ayə dəyər. Dəhşətli
nədir – insanlar heç bir mənası olmayan cümlələrdən
neçə kitab bağlayırlar. Bizdə
ədəbiyyatşünaslıq əsərlərinin xeyli
hissəsi klip materialıdır, multikdir. İndi
tez-tez Molla Pənah Vaqifin “Görmədim” müxəmməsini
oxuyuram.
– Sonda demək
istədiyiniz bir şey varmı?
– Bu yaxınlarda həmkarım Elnarə Tofiqqızı vəfat etdi. Üzüldüm. Yaxınlarına başsağlığı verirəm. Bakı Slavyan Universitetində Yaradıcılıq fakültəsinin uşaqları onu çox sevirdi. Öz yerində olan adam idi. Çox işlər görəcəkdi...
Ramil ƏHMƏD
525-ci qəzet.-
2013.- 28 sentyabr.- S.15.