Cavidlər nəslinin son yadigarı
Oktyabrın 2-də böyük Azərbaycan
şairi və dramaturqu Hüseyn Cavidin sevimli qızı Turan
Cavidin 90 illiyi tamam olur
Turan Cavid
dahi Hüseyn Cavidin ailəsində, 1923-cü il
oktyabrın 2-də dünyaya gəlib. Gəlişi
ilə də ən böyük missiyası Hüseyn Cavidin
ölməz irsini qoruyub Azərbaycan xalqına və bəşəriyyətə
çatdırmaq olub.
Əgər
böyük Cavid özündən sonra Azərbaycan ədəbiyyatını
son dərəcə zənginləşdirən ölməz əsərlər
qoyub getdisə, Turan xanım da bu əsərlərin son
mükəmməl nəşrini hazırlayıb öz
xalqına təhvil verdi, sonra isə
arın-arxayınlıqla, rahatlıqla həyatın keşməkeşlərində
bir qədər sərtləşsə də, həmişə
intellekt və əsilzadəlik yağan gözlərini əbədi
yumdu.
Hüseyn Cavidin beşcildliyi – uzun onilliklər boyu
aparılan gərgin mətnşünaslıq işinin,
müxtəlif qaynaqlardan axtarışların və
tapıntıların uğurlu yekunu, şirin bəhrəsidir. Məlumdur ki,
Cavidin üslubu kimi, bədii dili də təkraredilməz,
unikal idi və böyük ədib bu dilin üstündə əsirdi,
onu olduğu kimi oxucularına çatdırmaq istəyirdi.
Bu da səbəbsiz deyildi; Cavidin əsərlərində,
hər bir böyük sənətkarın
yaradıcılığında olduğu kimi, forma və məzmun
vəhdəti çox güclü idi və bunlardan birinin
azacıq dəyişdirilməsi, oraya edilən kobud müdaxilə
poetik sistemin bütövlüyünün pozulmasına,
gözəlliyinə, kamilliyinə xələl gətirməsinə
səbəb olurdu. Elə buna görə idi ki, əlyazmalarını
nəşriyyata təqdim edərkən Cavid təkidlə:
“İmlasına dokunmamalı!” qeydini yazırdı və təbii
ki, şairin sağlığında çap olunan əsərlərində
buna ciddi riayət edilirdi. Ancaq böyük sənətkar
repressiya edildikdən, uzun müddət əsərləri
qadağan edildikdən sonra, nəhayət, bəraət
aldıqda onun əsərlərinin nəşri zamanı
süni məhəlliləşdirməyə, Cavidin
bütün yaradıcılığı boyu uğrunda
mübarizə apardığı böyük türk birliyindən
ayırmağa ciddi-cəhdlə çalışmağa
başladılar. Turan xanım ürək
ağrısı ilə bütün bunları
xatırlayıb türkofob bolşevik ideologiyasının
Cavid irsini “müasirləşdirməyə”, xalqa
“yaxınlaşdırmağa” yönəlmiş
basqısından yana-yana danışır, bu yolda nə kimi əzablar
çəkdiyini yada salırdı.
Yalnız
ölkəmizdə dövlət müstəqilliyi əldə
edildikdən, türkofobiyaya son qoyulduqdan, milli və dini dəyərlərimizə
qayıdış baş verdikdən, xüsusən
ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə
respublika rəhbərliyinə qayıdışından və
mədəni dəyərlərimizə hami, arxa, qahmar
durmasından sonra Turan xanımın uzun illərdən bəri
ürəyində gəzdirdiyi arzuları həyata keçirmək
üçün real imkanlar yarandı.
Heydər
Əliyevin və Turan xanımın ən böyük
müştərək yadigarlarından biri olan Hüseyn Cavidin
Ev Muzeyində böyük ədibin unikal
bir dördcildliyi saxlanılır. Bu
dördcildliyin hər səhifəsində Turan xanımın əli
ilə edilmiş minlərlə düzəliş vardır.
Bu, Turan xanımın Cavid irsinin bərpası uğrunda
çəkdiyi titanik zəhmətin əyani göstəricisidir.
Turan xanım öz zəhmətinin bəhrəsini – Hüseyn
Cavidin latın qrafikalı yeni Azərbaycan əlifbası ilə
nəfis şəkildə kütləvi tirajla
çapdan buraxılmış beşcildliyini görməsə
də, həmin nəşri əlinə alan hər kəs
Turan xanımı xəyalən görür, onun ruhuna qəni-qəni
rəhmətlər oxuyur. Bir övlad kimi Turan
xanımın borcunu ləyaqətlə yerinə yetirmək
nişanəsi olan bu nəşr ona ən böyük abidədir.
Turan
xanımın illər boyu üzərində zəhmət
çəkdiyi və yüksək səviyyədə araya-ərsəyə
gətirdiyi “əsərlərdən” biri də Hüseyn
Cavidin Ev Muzeyidir. Yuxarıda
qeyd etdiyimiz kimi, bu muzey də Cavid irsinin böyük himayəçisi,
ümummilli liderimiz Heydər Əliyevin yaxından köməyi
və bir rəhbər kimi qayğısı nəticəsində
yaradılıb və cavidsevərlərin ixtiyarına verilib.
Muzeyin hər bir eksponatında, hər bir guşəsində
Turan Cavidin Cavidlərə məhəbbətini, Cavid
ocağının qorunu qorumağa yönəlmiş
övladlıq qeyrətini duymamaq olmur. Hüseyn
Cavidin beşcildliyi kimi, bu muzey də mükəmməl bir
sistemdir, forma və məzmun vəhdətinin klassik örnəyidir.
Ancaq beşcildliklə muzeyi fərqləndirən
bir cəhət var ki, bu da muzeyin rəsmi
açılışını görməyin, böyük
öndərimiz mərhum Heydər Əliyevlə birlikdə
muzeyin salonlarını gəzməyin Turan xanıma qismət
olmasıdır. Həmin açılışdan
alınmış videolent də indi muzeyin ən qiymətli
eksponatlarından biri kimi qorunmaqda və cavidsevərlərə
nümayiş etdirilməkdədir.
Turan
Cavid, təbii ki, beşcildliyin nəşrindən və
muzeyin sonrakı taleyindən nigaran getdi. Amma onun
müqəddəs ruhu yəqin ki, beşcildliyin nəşrini
də, muzeyin indiki səviyyəsini və inkişaf yolunu da
görüb şad olur, rahatlanır. Turan xanımın
vəfatından keçən dövr ərzində muzeydə
bir sıra işlər görülmüş, bu qurumun
böyük Cavid adına layiq olması
üçün muzey əməkdaşları əllərindən
gələni əsirgəməmişlər. Bu işlərin
sırasında Hüseyn Cavidin Ev Muzeyinin Əsərləri
olan “Cavidşünaslıq” toplusunun artıq 10 cildinin
çapdan çıxmasını, Hüseyn Cavidin mükəmməl
biblioqrafiyasının hazırlanıb nəşr edilməsini,
Hüseyn Cavidin istedadlı oğlu Ərtoğrol Cavidin
1938-1941-ci illərdə dahi Bülbülün rəhbərliyi
ilə toplayıb şərhlər verdiyi folklor mətnlərinin
işlənərək 10 cildlik “Azərbaycan qeyri-maddi mədəniyyət
abidələri və Ərtoğrol Cavid” çoxcildliyinin
çap olunmasını, şairin sevimli qızı Turan
Cavidin həyat və fəaliyyətini əks etdirən “Turan
Cavidin ömür salnaməsi” kitabının nəşrə
hazırlanmasını, Hüseyn Cavidin şeirlərinə bəstələnmiş
mahnılardan ibarət “Sözləri Hüseyn Cavidindir”
albomunun işıq üzü görməsini, Hüseyn Cavidin
əsərlərinin Avropa və Şərq dillərinə tərcümə
edilməsini, müntəzəm olaraq cavidlərin anım
günlərinin və Cavid yaradıcılığına həsr
olunmuş elmi sessiyaların keçirilməsini, Cavid irsinin
KİV vasitəsilə geniş kütlələr arasında
təbliğini və s. göstərmək olar. Bu gün Cavid
Muzeyi Cavid ocağının qoruyucusu, odabaşısı olan
Turan xanım Cavidin məqsəd, məram və
arzularını uca tutur, bu arzuları rəhbərlik
üçün başlıca istiqamət götürərək,
muzeyin çiçəklənməsi, müasir informasiya əsri
ilə ayaqlaşması, bununla da təkcə respublikamızda
deyil, həm də uzaq-uzaq ölkələrdə Cavid irsinin
tanıtdırılması və
təbliği işini genişləndirmək yolunda
yorulmadan fəaliyyət göstərir, Turan xanım da muzeyin əbədi
rəhbəri kimi yaşamaqda və yaratmaqda davam edir, muzeyin
inkişafı ilə birgə onun arzuları və əməlləri
də çiçəklənir.
Cavid
irsinin hər iki qoruyucusuna – ümummilli liderimiz Heydər
Əliyevə və Turan Cavidə ulu Tanrıdan rəhmətlər
diləyir, onların ruhlarının şad olması
üçün dualar etməklə yanaşı, həm də
Heydər Əliyev ideyalarını uğurla davam və
inkişaf etdirən Azərbaycan Prezidenti İlham Əliyev cənablarına
xalqımızın rifahı və səadəti yolunda
göstərdiyi səmərəli fəaliyyətində
uğurlar diləyirik. Nə yaxşı ki, dahi
rəhbərin göz bəbəyi kimi qoruduğu vətənsevərlik,
millətsevərlik ənənələri bu gün möhkəm
və etibarlı əllərdədir.
Hüseyn
Cavidin Ev Muzeyinin
açılışında ulu öndər Heydər
Əliyev şəxsən Muzeyə gəlmiş,
yaradılmış ekspozisiyanın ilk
tamaşaçısı olmuş və Turan xanımla səmimi
söhbət etmişdi.
Amansız
taleyin əvvəlcə Cavid qızı kimi ərköyünləşdirdiyi,
sonra isə tez bir zamanda qəddarlıqla
küsdürdüyü Turan xanım, keçən əsrin
70-80-ci illərinə qədər, hətta sevimli
babasının bəraət aldığı 50-ci illərin
sonu, 60-cı illərdə də hadisələrə laqeyd bir
ağayanalıq, ətrafındakı cılız insanlara
yuxarıdan aşağı baxmaq kimi təbii bir xasiyyət əldə
etmişdi. O inanmırdı ki, kommunist rejimi repressiyaya
uğratdığı (və haqlı
uğratdığı, çünki Cavid
yaradıcılığı doğrudan da kommunist
ideologiyası ilə daban-dabana ziddiyyət təşkil edirdi
– G.B.) bir şəxsiyyəti yenidən layiq olduğu səviyyəyə
ucalda və insanlıq qarşısındakı xidmətlərini
obyektiv qiymətləndirə bilər. Yalnız Heydər
Əliyevin hakimiyyətə gəlməsi və tez bir zamanda
Cavid irsi ilə maraqlanaraq, bu irsə diqqət və
qayğı göstərməsi Turan Cavidin şübhələrini
dağıtdı, onillərdən bəri onda
formalaşmış və bərkimiş laqeydlik
buzlarını əridə bildi. Cavidlərə göstərilən
hər bir diqqət, hər bir qayğı, əslində
dövranın çox qaradinməz etdiyi Turan xanımı da
dilə gətirdi və o, müəyyən qədər xəsisliklə
olsa da, öz çıxış və nitqlərində, təşəkkür
məktublarında Heydər Əliyevə babasına görə
minnətdarlığını bildirməyə
başladı. Həmin məktublardan birinin mətnini oxuculara
təqdim etməzdən öncə, Turan xanımın Heydər
Əliyevin qayğısı və köməyi ilə, necə
deyərlər, diş-dırnaqla ərsəyə gətirdiyi
çağdaş cavidşünaslığın taleyi
haqqında narahatlıqla dolu bir müraciətinin mətnini
örnək gətirməyi məqsədəuyğun
sayırıq:
“Son illərdə Hüseyn Cavid irsinin öyrənilməsi,
təbliği, şairin xatirəsinin əbədiləşdirilməsi
istiqamətində görülən işlər qəlbimdə
dərin minnətdarlıq duyğuları oyadır. Övlad kimi məni ən
çox sevindirən cəhətlərdən biri budur ki,
artıq Bakıda şairin adı ilə bağlı mərkəz
var. Hörmətli prezidentimiz, Cavid xatirəsinə hər kəsdən
daha artıq diqqət və qayğı göstərən
Heydər Əliyevin qətiyyəti sayəsində uzun illərdən
bəri gözlənilən məqsəd həyata keçib –
Elmlər Akademiyasında
Hüseyn Cavidin Ev Muzeyi yaradılıb. Burada
yalnız Cavidlə bağlı yadigarlar nümayiş
etdirilmir, həm də onun həyat və
yaradıcılığının ayrı-ayrı problemləri
ətrafında elmi tədqiqat işləri aparılır.
Məni
respublika ədəbi və elmi ictimaiyyətinə – Azərbaycan
Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin
rəhbərliyinə, nəşriyyatlarımıza, elmi tədqiqat
institutlarına, təhsil ocaqlarına, qəzet, jurnal
redaksiyalarına, mədəniyyət müəssisələrinin
başçılarına müraciət etməyə bir
nigarançılıq vadar eləyir. Caviddə
özü haqqında işıq üzü görən
yazılara da, nəşr edilən əsərlərə də,
pyeslərinin səhnələrdəki ifasına da çox
vasvası münasibət vardı. O, şəxsiyyəti
və yaratdıqları ilə bağlı buraxılan səhvlərə,
təhriflərə, ciddi yaradıcılıq işinə
qeyri-ciddi münasibətə görə çox narahat olurdu,
belə halları qəlb incikliyi, əsəb gərginliyi ilə
qarşılayırdı.
İndi vaxtaşırı mən eyni hissləri
yaşamalı oluram. Sanki bir çoxları Cavid barədə
yazmağa dəbdə olan mövzu kimi yanaşmağa
başlayıb. Hətta Cavid mövzusu ətrafında
ədəbi möhtəkirlik cəhdləri müşahidə
edilir. Dərindən öyrənmədən, Cavid ruhunu
duymadan, onun düşüncələr aləminə
lazımınca daxil olmadan, ömründə roman yazmayan birisi
Cavid haqqında roman ortaya qoyur, hələ bərkiməmiş,
klassiklərdən yaza biləcək siqlət qazanmamış
naşı qələmlərdən povestlər, hekayələr,
məqalələr çıxır, dramaturgiyanın
qayda-qanunlarından, əlifbasından bixəbərlər
debütlərini Cavid haqqında pyeslərlə edirlər. Acınacaqlı cəhət isə budur ki, belə “əsərlər”
efirə, mətbuata, səhnələrə, nəşriyyatlara
çox asanlıqla yol tapa bilir.
Bu yaxınlarda televiziya ilə Nafilə adlı müəllifin
Cavid haqqında yazısı əsasında
hazırlanmış səhnələşdirmə
nümayiş etdirildi və sonralar təkrar da olundu. İnandırıram
sizi, bu qəbil səviyyəsiz “xidmətlərlə” Cavid
ruhunu yalnız incitmək olar. Yaxud xəbər tuturuq ki,
Cavid irsi ilə əlaqədar dissertasiya müdafiə olunub,
yaxud pyes tamaşaya hazırlanır, yaxud da...
Mən
varam və Elmlər Akademiyasının Hüseyn Cavidi peşəkarcasına
araşdırıb təbliğ edən Cavid Muzeyi var. Cavidlə
əlaqədar iş görürlər, bizə xəbər
vermirlər. Ola bilsin, hətta görülən iş
uğurludur, amma bizə də irəlicədən göstərilsəydi,
hansısa məsləhətlərimizlə, təqdim etdiyimiz
mənbələrlə, sənədlərlə bəlkə
də onun daha yaxşı alınmasına
yardımçı olardıq.
Artıq
dərəcədə rica edirəm ki, Hüseyn Cavidin həyat
və yaradıcılığı ilə əlaqədar
yazılan əsərləri xalqa çatdırmazdan əvvəl
– əgər belə demək mümkündürsə –– ilkin
ekspertizadan keçmək üçün Cavidin Ev Muzeyinə rəyə göndərin.
Mənim yeganə arzum budur ki, atam haqqında yalnız
doğru, yanlışsız, təhrifsiz yazılmış əsərlər
işıq üzü görsün”.
Turan
xanımın bu gün də, onun cismani yoxluğundan keçən
müddət ərzində öz aktuallığını
saxlayan bu narahatlığı təkcə Cavid irsinin
araşdırıcılarına deyil, bütün Azərbaycan
xalqına, ilk növbədə isə, əlbəttə ki,
Hüseyn Cavid yaradıcılığının və şəxsiyyətinin
böyük pərəstişkarı ümummilli lider Heydər
Əliyevə ünvanlanmışdı. Yalnız
Heydər Əliyevin böyük məhəbbəti və
mesenatlığı sayəsində Hüseyn Cavid irsini və
ruhunu naşı qələmlərdən qorumaq, bazar
iqtisadiyyatının zövqsüzlük girdabından xilas etmək
mümkün idi. Eyni narahatlığı
və böyük etimadı, etibarı, minnətdarlığı
Turan Cavidin birbaşa Heydər Əliyevə
ünvanladığı məktubunda da görmək
mümkündür. Cavid qızı üzünü
böyük cavidsevərə – Heydər Əlirza oğluna
tutaraq yazırdı:
“Möhtərəm cənab Prezident, hörmətli Heydər
Əlirza oğlu!
Hüseyn Cavidin 120 illiyi ərəfəsində təkcə
Cavid yaradıcılığına deyil, bütövlükdə
milli mədəniyyətimizin taleyinə həssas münasibətinizə
görə Sizə bir daha minnətdarlığımızı
bildirirəm.
Siyasi tarixin Hüseyn Cavidlə bağlı
buraxdığı səhvlərin, bir insanın taleyi fonunda
bütöv mədəniyyətimizə vurduğu zərbələrin
kədərli nəticələrini aradan qaldırmaq
missiyasını Tanrı Sizə həvalə etdi. Siz Hüseyn
Cavidin ən ləyaqətli mənəvi övladı olaraq,
Cavidin özündən sonrakı tərcümeyi-halına əhəmiyyətli
əlavələr etdiniz.
Hörmətli Heydər Əlirza oğlu, bütün
bunları etiraf etmək xoşdur. Lakin görülən işlərin
miqyası o qədər geniş, Cavidlə bağlı həyata
keçirdiyiniz xeyirxah və tarixi tədbirlərin məzmunu
elə dərindir ki, bütün bunları bir məktubda ifadə
etmək, təbii ki, mümkün deyil və mənə elə
gəlir ki, bu, gələcəkdə
cavidşünaslığın ayrıca tədqiqat sahəsindən
biri olacaqdır. Sizə bir daha öz dərin
ehtiramımı bildirirəm. Tanrı
yardımçınız olsun!
Hörmətlə,
TURAN CAVİD.”
Bir cəhətə
də diqqət yetirək ki, Turan xanım böyük
vüqar duyğusu ilə, səmimi-qəlbdən Heydər
Əliyevi “Cavidin ən ləyaqətli mənəvi
övladı” adlandırır və bununla da ümummilli liderə
“Cavid” soyadının fəxri daşıyıcısı
statusunu vermiş olur. Bu o deməkdir ki, Turan
Cavid Heydər Əliyevi həm də özünə
böyük qardaş, doğma simsar hesab etmiş və bu
münasibətində qətiyyən
yanılmamışdır. Çünki
Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldiyi
ilk gündən əfsanəvi simurq quşu kimi
qanadlarını bu ailənin üzərinə gərmiş,
hər vasitə ilə onu yersiz və ədalətsiz
hücumlardan qorumuşdur. Bu ailənin yeganə canlı
nümayəndəsi Turan Cavid də taleyin bu hədiyyəsini
minnətdarlıqla qarşılayaraq bir an
belə şükranlığından geri
durmamışdır. Başqa cür də ola
bilməzdi. Böyük humanist sənətkar,
filosof-şair Hüseyn Cavidin genlərini daşıyan, onun
müdrik tərbiyəsini görən Turan xanım öz vəlinemətinə
qarşı heç vaxt naşükürlük etməzdi.
lll
İxtisasca teatrşünas olan və bu sahədə
uğurlu əsərlərin müəllifi kimi tanınan Turan
xanım uzun və səmərəli ömrü boyu
atasının əsərlərinin əlyazmasında olduğu
kimi nəşr edilməsinə çalışmış və
bu yolda bir çox əzab-əziyyətlər çəkmişdir. Ancaq heyif ki,
Sovet dövründə bəzi dırnaqarası “azərbaycansevərlər”
həmişə buna mane olmuşlar. Yalnız
ümummilli lider Heydər Əliyevin işə
qarışmasından sonra Turan Cavidin uzun onillər boyu sərf
etdiyi əmək öz bəhrəsini vermiş və Cavidin əsərləri
“imlasına dokunmadan” nəşr edilmişdir.
Bu gün ulu öndər Heydər Əliyevin qədim
Naxçıvanda ucaltdığı möhtəşəm mərmər
mavzoleydə Cavidlər ailəsi rahat-rahat uyumaqdadır. Turan Cavidin də
son arzusu ailəni bir yerə yığmaq, bununla da ruhi
rahatlığa qovuşmaq idi. Cavidlərin
son yadigarı buna, Heydər Əliyevin sayəsində nail
oldu. Hər ikisinə Tanrıdan rəhmətlər
diləyirik. Cavid külliyyatının mümkün qədər
orijinal şəkildə bizə gəlib çatmasına
görə Turan xanıma: “Ruhun şad olsun, son Cavid!” deyirik.
Gülbəniz BABAXANLI
AMEA Hüseyn Cavidin Ev
Muzeyinin direktoru,
filologiya üzrə
elmlər doktoru
525-ci qəzet.-
2013.- 28 sentyabr.- S.14.