Əvvəlsiz və axırsız ədəbiyyat meydanı

 

(N.NƏCƏFOĞLUNUN YARADICILIĞI BARƏDƏ DÜŞÜNCƏLƏR)

Novruz Nəcəfoğlu haqqında məsuliyyətli vəzifə adamı kimi çox eşitmişdim. Dəvəçidə  ( bu günkü Şabranda ) yaşayan dost-tanışlarımın böyük əksəriyyəti onun ciddi səyi və nəzarəti altında gecəli-gündüzlü görülən  planlı, məqsədyönlü quruculuq işlərindən ağızdolusu, razılıqla danışırdılar.Və sözsüz ki, doğulub boya-başa çatdığım rayonun bu günkü dirçəlişi, anbaan öz simasını yaxşılığa doğru dəyişməsi məni də ürəkdən sevindirirdi.

Onunla ilk, ayaqüstü tanışlığımız isə 2008-ci ilin aprel ayında oldu.“Şabran” ədəbi məclisinin 30 illik yubileyi tədbirinə toplaşmışdıq.Rayon mədəniyyət evinin gen-geniş klubu Bakıdan, Qubadan, Xaçmazdan, Siyəzəndən, Dağıstandan dəvət olunmuş söz, sənət adamları, eləcə də yerli ədəbiyyatsevərlərlə dolu idi.Millət vəkili, yazıçı Aqil Abbasın, Abbas Abdullanın , Oqtay Rzanın, Maarif Soltanın, Aydın Tağıyevin, Qafar Süleymanın, dağıstanlı şair Tahir  Salehin və başqalarının çıxışları iştirakçılar tərəfindən hərarətlə qarşılandı.Ədəbi məclisin üzvləri şeirlərini oxudular. Amma bütün bunlara rəğmən o təmtaraqlı məclisdən yaddaşıma daha çox həkk olanı N.Nəcəfoğlunun qəlbdən axıb gələn,dolğun məzmunlu, əhatəli, məntiqli nitqi oldu.

Mənim təbirimcə həmin çıxış bir də o cəhətdən dəyərli idi ki, o, sırf ədəbiyyat bilicisi təki, ağlı kəsəndən bu işin içində külüng vurub tər tökmüş kəs sayağı, fikir və düşüncələrini özünəməxsus səlislik və şirinliklə məclis iştirakçılarıyla bölüşə bilmişdi.

Mən o lətif gündə, gözəl məclisdə Novruz müəllimə qulaq asa-asa özümdən asılı olmadan təəccüb edir, düşünürdüm, yox, onun bu keyfiyyətlərini təkcə səriştəli natiq kimi qiymətləndirmək ən azından insafsızlıq olar, dediyi hər sözün çəkisini, dəyərini, ən başlıcası da yerini bilən bu insan həqiqətən də az-az rast gəlinən nadir şəxslərdən biridir.

Amma yenə də bilməzdim, inanmazdım, necə deyərlər yatanda yuxuma belə girməzdi ki...

Günlərin bir günü yazıçı dostlarımdan biri söz salanda ki, deməzsən, Novruz müəllimin tutarlı qələmi də varmış, özünəməxsus dəst-xətlə, orijinal,  oxucusunu  dalınca   apara  bilən, onu  düşünməyə  vadar  edən canlı,həyati lövhələrlə zəngin, maraqlı hekayə və povestlər müəllifidir.Doğrudur, mən bu xəbəri eşidib sevindim və eyni zamanda bir qədər  təəccüb etdim: “ Başından aşan iş-güclə yanaşı həm də yazı yazmaq üçün necə macal tapır? ” – deyə düşündüm.

Sözün açığı bunca qayğının içində onun diqqətəlayiq bir sənət əsəri yarada biləcəyi ehtimalına hələ də şübhə edirdim.

 

lll

 

Nə yaxşı ki, çox intizarda qalmadım və tezliklə ədəbi-bədii jurnalların səhifələrində N.Nəcəfoğlunun imzası tez-tez görünməyə başladı.Əvvəlcə “ Azərbaycan ” da “ Səhra gəmisi ” (¹ 11-2010 ), az sonra “ Ulduz ” da “ Köhnə kişilər ” və “ Bir qonaqlığın sərgüzəştləri ” (¹ 1- 2011 ) hekayələrini özümdən asılı olmadan təkrar-təkrar oxudum və bəyəndim.

 

Hekayələrlə tanışlıqdan sonra hiss etdim ki, “ Səhra gəmisi ” müəllimin ən öncə yazılmış qələm təcrübələrindən birisidir.

“ Səhra gəmisi ” hekayəsinin mövzusu nəyə həsr olunub? Müəllif  bu əsərində qarşısına qoyduğu məqsədinə ürəyincə nail ola bilibmi?

Sadə sujet üzərində qurulan hekayədəki hadisələr müəllifin yetərincə bələd olduğu Şabran rayonu ərazisində baş verir.Zülfüqar müəllimin başçılıq etdiyi təsərrüfatda səkkiz dəvə saxlanılır.Dəvələrin xasiyyəti, vərdişləri təsərrüfatdakı başqa heyvanlardan fərqli olduğundan onları saxlamaq da çətindir.Dəvələri otarmaq, onlara xüsusi qulluq göstərmək vəzifəsini Giryan kişiylə oğlu Şirxana həvalə ediblər.Ömür boyu əlinin zəhməti və alnının təri ilə ailəsini dolandıran Giryan kişi təsərrüfat rəhbərliyinin hər bir tapşırığına can-dildən əməl etməyə alışmış, eyni zamanda haqsız sözü, yersiz danlağı özünə sıxışdırmağı bacarmayan sadə bir kənd adamıdır.O, yaxşı bilir ki,  Zülfüqar müəllim dəvələrin üstündə yarpaq kimi əsir, onların hər bir hərəkətinə, davranışına, hətta necə nəfəs almalarına belə göz qoyub maraqlanır. “ Allah tərəfi, qoyun-keçi, mal-heyvan tələf olanda ağzını açıb bir söz demir.Belə hallarda biz çoban-çoluq utana-utana xəbər verib vaysınırıq.Kişi isə acıqqlanıb deyir ki, ziyana göynəməzlər, bilərəkdən öldürməmisiniz ki! Amma kişinin atlara, dəvələrə münasibəti başqadır...”

Hekayədəki hadisə dəvələrdən birinin Şirxanın gözü qabağında dəstədən ayrılıb dəniz tərəfə götürüləndən sonra yoxa çıxması ilə başlayır.Bax, elə bu adi əhvalatın üzərində qurulmuş hekayə müəllifin yaradıcılıq laboratoriyası haqqında oxucuda geniş, dolğun təsəvvür yarada bilir.Hekayəni oxuduqca, bir tərəfdən qan-tər içində itmiş dəvəni axtaran və onu  tapacağına   ümidini büsbütün itirmiş Giryan kişinin qorxu-ürküsü,,həyəcanı sənə də öz başına gəlibmiş kimi sirayət edir, digər tərəfdən dəvələrlə bağlı xeyli maraqlı bilgilər əldə edib zənginləşirsən. Dəvələr “ evə ocağa bərəkətdir... Dizi güc, dırnağı bərəkət rəmzidir ”. Sən demə, dəvələr başqa heyvanlardan fərqli olaraq sürüdəki köşəyi ( dəvə balasını ) nəzarətsiz  qoymur, həmişə onu istənilən hər hansı təhlükədən, yırtıcı heyvanlardan daha etibarlı qoruyurlar.Axşamlar dincələndə belə köşəyi ortalıqda saxlayıb özləri dövrələmə otururlar ki, nəsillərinin davamı olan bala xata-baladan uzaq olsun.

Dəvələr həm kövrək, həm də çox kinlidirlər. “ Dəvələrin özlərinə məxsus qəribəlikləri də var idi.Bir müddət öyrəşsin, ziyanlığa getməsin, deyə ana dəvələrdən birini, köşəyi olanı yatağa yaxın yerdə hörükləyirdilər.O biri dəvələr  və balası uzaqlaşanda hörüklənmiş ana dəvə elə ağlayırdı ki, heyvanın göz yaşı, həqiqətən sifətində selə dönürdü.Vallah, insan elə ağlaya bilməz.Ana dəvə ağlayır, həm də tükürpədici səslə bağırırdı.Bunları Zülfüqar müəllimə danışanda, az qalmışdı ki, kişi özü də dəsmal çıxarıb dəvəyə qoşulsun.Odur ki,  bunları öyrənən gündən arpanı, buğdanı viran qoysa da, dəvələri hörükləməyi, çidarda saxlamağı qadağan etmişdi.Böyük dəvələri öyrədənə,xamlığını çıxarana qədər neçə çoban dözməyib qaçmışdı.Malabaxanların, ən çox da Şirxanın sir-sifəti dəfələrlə dəvələrin üfürdüyü tüpürcək selində üzmüşdü.Şoğəriblər həm də hər dəfə bir ləyən dolusu tüpürürdülər...

Şirxan bir gün yaxın kəndə toya getmişdi.Bəxtəvərlik edib babatca da içmişdi.Toydan qayıdıb böyük erkəyi, nər dəvəni  oturub-durmağa öyrətmək üçün məşq etmək istəmişdi.Dəvə necə tüpürmüşdüsə , onun sir-sifətində, boyun-boğazında salamat yer qalmamışdı.Həmin gün geyindiyi yeganə xeyir-şər kostyumu isə işə-gücə də geyinilməz hala düşmüşdü.Demə dəvənin içkidən, içkili adamdan zəhləsi gedirmiş. ”

Bu əhvalat məni ən azı 50 il qabaqkı dövrə apardı.O zaman bizim Dəvəçi ( indiki Şabran ) rayonundakı “ Ətlik ” dediyimiz təsərrüfatda dəvə də saxlanılırdı.Dəvə sürüsü küçə qapımızın ağzından keçəndə qaçıb gizlənirdik.Bununla belə dəvələri uzaqdan-uzağa seyr etməkdən həzz alırdıq.Dəvələr Dəvəçiçayla paralel uzanıb gedən dağların arasındakı düzənliyə yayılar, axşama kimi otlardılar.Onu da xatırlayıram ki, bir dəfə dəvələrdən biri qonşuluqda yaşayan sərxoş kişini küçədə qovub üzünə tüpürmüşdü.Özünü bir təhər həyətinə sala bilən kişinin canında dəvənin xofu uzun müddət qalmışdı

 

Yuxarıda   adlarını   çəkdiyim digər   iki   hekayədə   süjet xətlərinin  cazibəliliyi diqqəti daha çox cəlb edir.Bu yazıları istəksiz və həyəcansız oxumaq mümkün deyil.Bir-birindən seçilən bədii detallar, xalqımızın  şəhd-şəkərindən süzülüb gələn lakonik ifadələr, təhkiyə forması hekayələrə xüsusi rövnəq verib rəğbət qazandırır. Artıq bu hekayələrdə daha yüksək peşəkarlıq səviyyəsi duyulur.Hadisələrin ardıcıllığı, onların arasındakı keçidlər daha inandırıcı və oxunaqlıdır.Hiss  olunur ki, müəllif boynuna götürdüyü missiyanın məsuliyyətini dərindən anlayır və bu prinsip və istəyə yazı prosesinin bütün əzablarına qatlaşmaqla əməl etməyə can atır.

Obrazın – Bəhruzun diliylə nəql olunan “ Köhnə kişilər ” hekayəsi məni müəlliflə sanki daha da yaxınlaşdırıb doğmalaşdırdı.Burada qələmə alınmış hadisələr, təxəyyül tərzi, obrazların sadə, lakin peşəkarlıqla canlandırıla bilməsi məni də bir oxucu kimi uzaq keçmişdə qalmış uşaqlıq və gənclik illərimə qaytardı.Və elə bil birdən-birə uzun müddətdir ki,içimdə dərin yuxuya dalıb paslanmış duyğularım, hisslərim diksinib ayıldı və gözlərim önündə mərhum atamın üzüntü dolu, qayğılı, ciddi, eyni zamanda aza da, çoxa da qane olub mehribanlıqla dolanan ailəmizin varlığıyla nəfəs alıb yaşayan bu kişinin nurlu çöhrəsi canlandı. O zamanlar, uşaq ağlımız , düşüncəmizlə xoşagəlməz bir iş tutub nə boyda günahın sahibi olsaq da atamız bizi söyməz , döyməzdi, amma ən ağır cəza kimi onun kəskin deyilmiş bircə kəlməsi, yaxud da adicə sərt baxışı hər hansı birimizə səhvini anlamaq üçün genəbol kifayət edərdi.

“ Köhnə kişilər ” də də artıq rayonun rəhbər işçisi kimi kəndə – valideyinlərinin görüşünə xidməti maşınıyla gəlib-gedən oğulun – Bəhruzun davranış zamanı buraxdığı səhvinə görə bu gün atasının hüzurunda körpə uşaq sayağı müntəzir durması müasir gəncliyimiz üçün örnək ola biləcək əhəmiyyətli bir detaldır. “...Titrəməsəm də içimdən iliyiməcən üşüdürdüm . Bu üşütmənin isə düşməkdə olan payız axşamının sazağına heç bir dəxli yox idi. Duymuşdum, bilirdim ki, mənə olan sonsuz istəyinə  rəğmən atam bu hərəkətimi səsə salmadan ötüşdürməyəcək ...”

Oğul – Bəhruz səhv eləmirdi. Az keçmiş atası – Nəcməddin kişi əsib coşmuşdu. “...Atam birdən mənə tərəf dönərək özünəməxsus  ötkəm səsi ilə:

–Ə, Bəhruz, bir mənə bax! Sən kimsən ki, mənim qapımda  qonağıma söz deyirsən, evimə gələnə irad tutursan ? –deyə acıqlı-acıqlı dilləndi.

Oturanlardan səs çıxmırdı. Mənim isə nitqim qurumuşdu. Kişi azca ara verib sonra  mənə bir də kükrədi:

–Bilməşmişik vəzifən varmış, olsun da, o özünçündür. Səni burdan indicə qovardım, –həyətdəki kişilərə işarə edərək : –Ancaq qurban edirəm başıma yığışan bu hampalara ...”

Bu yerdə hardansa və nədənsə fransız yazıçısı Jül Renarın (1864-1910) bəlkə də indiki məqam üçün o qədər də münasib olmayan bu sözlərini xatırladım : “ Yaşım çox olsa da, bələdiyyə seçilsəm də, jandarm görəndə canıma üşütmə düşür ”.

Şübhəsiz ki, atalar övladlarından incisələr də və hətta bu səbəbdən nə qədər coşub-daşsalar da, son məqamda yenə də uşaqları üçün darıxar, narahatçılıq keçirərlər. “ ...Aradan iki bazar ötürmüşdüm. Kəndə gedə bilməmişdim.

Üçüncü bazar günü ərəfəsində atam telofon açıb:

–Daha evə gəlmirsən , –deyə azca giley qarışıq qayğılı səslə dilləndi. –görünür işin çoxdu?

Atamın sözünü təsdiqlədim:

–Elədir, başım bir az qarışıq olub , çatdıra bilməmişəm , bu həftə gələcəyəm.”

N.Nəcəfoğlunun qurduğu süjetlər, yaratdığı obrazlar əslində bizim hər addımbaşı rastlaşdığımız həyati əhvalatlardan qaynaqlanır və bu əhvalatların qəhrəmanlarını bizə doğmalaşdıran, sevdirə bilən yazıçı qələminin uğurlu nəticəsidir.Müəllifin dili sadə, eyni zamanda xalq deyimləriylə zəngin və aydındır.Dilin aydınlığı isə aydın təfəkkürün bəhəridir.Ürəkdən qələmə alınan hər bir əsər gec-tez öz qiymətini alır və qəlblərə yol tapır.Bu mənada “ Bir qonaqlığın sərgüzəştləri ” hekayəsi də yüksək yazıçı erudisiyası ilə işlənmiş oxunaqlı əsərdir.Obrazlar canlı, bədii detal və priyomlar yerli-yerində, bir sözlə əsəri oxuduqca bütün baş verənlər kino lenti kimi gözlərin önündə canlanır və istər-istəməz özünü də bu hadisələrin içində görürsən.

Hekayədə “ Şəhər soy ” şirkətlər qrupunun kollektivi onlarla yanaşı “ eyni işləri yerinə yetirən, dünyanın o başından vurub bu başından çıxan, nə çöldə, nə də evdə, yəni burada – doğma yer-yurdumuzda ” da gözlərini açmağa imkan verməyən “ Amador ” şirkətini qabaqlamaq istəyiylə əcnəbi iş adamları ilə yaxınlaşmaq, onlarla işgüzar əlaqələr yaratmağa çalışır.Elə bu məqsədlə Abdulla müəllim dəridən-qabıqdan çıxıb öz evində şahanə məclis qurur və oturub “ bəxtəvər-bəxtəvər ” xarici qonaqların da iştirak edəcəyi bu məclisin hansı təntənə ilə açılacağı, sonra  da necə idarə ediləcəyi  barədə xoş  xülyalara  dalmaqla məst olduğu halda, məclis  başlar-başlamaz hərəsinin  ağzından  bir avaz gələn həmkarları tərəfindən əcnəbi qonaqlarının qarşısında gülünc vəziyyətə düşür, hörmətdən salınır.

 

lll

 

Son vaxtlar N.Nəcəfoğlu ilə ara-sıra görüşlərimiz olur.Şabranda keçirilmiş bir neçə mədəni-kütləvi tədbirlərdə, o cümlədən “ Mədəniyyət sarayı ” nın, “ Kitab evi  ” nin, XII əsr mütəfəkkir şairi Əfzaləddin Xaqaninin ( 1120-1199 ) heykəlinin açılışlarında dəvətlilər arasında mən də iştirak etdikdən sonra bir neçə dəfə Novruz müəllimlə çay süfrəsi arxasında oturub yaradıcılıqla bağlı şirin söhbətlər edə bilmişik.Və bu zaman onun özünəməxsus dünyagörüşü, qeyri standart mülahizələri məndə daim ciddi maraq oyadıb.Novruz müəllimin fikrincə “ əsl qələm sahibi dünyanı olduğu kimi görmür, onun öz bildiyi, öz tanıdığı, özünün təsəvvür etdiyi qeyri-adi, bambaşqa bir dünyası olur.Hamının görüb bələd olduğu bu dünyanı elə olduğu kimi qələmə alıb oxucuya təqdim etmək kimin nəyinə lazımdır?”

   Tanınmış ədəbiyyat adamlarının dedikləri, yazdıqları hikmətli sözlər, aforizmlərlə də zəngin olan yaddaşı var Novruz müəllimin.Söhbətlərimizin birində Kamal Abdulladan gətirdiyi bir sitat mənim də beynimə paslı mismar kimi necə batıbsa, çətin ki, havaxtsa çıxarıla bilsin: “ İnsanın ən təmiz anı yəqin ki, yaratdığı andır.Bu zaman heç kəsi aldatmaq, yaman düşüncələrə dalmaq, şər barədə düşünmək mümkün deyil.Və bu zaman bəlkə  ona görə təmizlənirsən ki, hər şeyi unudursan, hər şeydən təcrid olursan.Yalnız özün-özün üçün qalırsan.Heç kim və heç nə səni maraqlandırmır.Gözlərin və nəzərin ətrafı seçmir, sən ətrafa yox, öz içinə baxırsan: elə bil burda hər şeyi ilk dəfə görürsən və bu ilk dəfə gördüyün yerdə gəzməyə başlayıb nəyisə axtarırsan.Bu zaman sən əsər yaratmırsan, sən özün özünü yaradırsan. ”

 

lll

 

Bir neçə il bundan əvvəllərədək bədii yaradıcılığnı üzə çıxarmağa tərəddüd edən N. Nəcəfoğlu bulud ötdükdən sonra görünüb parlayan ulduz kimi birdən-birə çoxlarını təəccübdə qoydu . O, “ Azərbaycan ”,  “ Ulduz ”, “ Qobustan ” kimi jurnallarda, “ 525-ci qəzet ”, “ Kaspi ” və digər nüfuzlu mətbuat orqanlarında dərc etdirdiyi hekayə və povesltləri , esse  və publisistik yazıları ilə ədəbi ictimaiyyətin nəzər-diqqətini özünə cəlb etdi. Onun rus dilinə tərcümə olunmuş bir neçə hekayəsi  Literaturnıy  Azerbaydjan ” jurnalında  işıq üzü  gördü.

Qardaş Türkiyədə  “ Çarəsiz  yolçu ” adlı irihəcmli  povest     hekayələrdən ibarət kitabı, həmçinin “ Kardeş kalemler ”, “ Hecə ”, “ Berceste ”, “ Çınqı ”kimi ədəbiyyat dərgilərində türkcədə yaradıcılığından nümunələr  nəşr olundu.

Yazıçı “ Bir qış gününün xatirəsi ...” ( 2010 ), “ Yollar uzanan gün ...” (  2011 ) kimi povest və hekayələr, “ Dünya duracaq yer deyil ...”, “ Sinqapur böyük dünya şəhəri, iddialı ölkə ”publisistik kitablarından sonra “ Ötən günlər ”dəftərindən “ Keçən cavan çağım ola ”adlı,  sayca 6-cı nəfis tərtibatlı kitabı ilə oxucularının görüşünə gəlmişdir.

Sonsuz maraqla, demək olar ki, birnəfəsə oxuduğum bu kitabı başa çatdırar-çatdırmaz yadıma ingilis materialist filosofu  Bekon Frensisin (1561-1626 ) belə bir hikmətli kəlamı düşdü: “ Bəzi kitabları dadmaq, bəzilərini elə-belə udmaq olar, amma az miqdarda kitabı yaxşı çeynəmək və həzm etmək lazımdır. ” Odur ki, kitabı ikinci dəfə tələsmədən, həqiqətən də “ çeynəyə-çeynəyə ” oxumaqla yaxşıca həzm etməyə çalışdım.

Kitabda yaşanmış bir ömrün ötən  günlərinə, aylarına, illərinə bir növ səyahət olunur, zamanın ayrı-ayrı anlarına qırılıb səpələnmiş boyunbağı dənələri tək ağlı-qaralı, acılı-şirinli xatirələr müəllifin – Bəhruzun diliylə nəql edilir.

Povest-portretin redaktoru yazıçı Aydın Tağıyev əsərlə bağlı yazdığı ön söz əvəzində mənim ürəyimdən keçənləri daha dürüst və obrazlı şəkildə ifadə edib: “ Həcmcə o qədər də böyük olmayan – Kəlbi əminin maraqlı, yaddaqalan və unudulmaz obrazını bədii sözün gücü ilə çox dolğun yarada bilib.Əsərin qəhrəmanı Kəlbi əmi ilə bağlı müəllifin yaddaşında  qalan həssas, bəzən hüznlü, bəzən məzəli hər bir xatirə bu azman kişini, müdrik el ağsaqqalını oxucuya daha da doğmalaşdırır.

Hər bir xatirədə oxucu həm də yazıçının qəhrəmanına qarşı həssas, diqqətli, bəzən məftunluq həddinə çatan münasibətini, hörmət və ehtiram dolu obrazını da görür və bu da əsərin qəhrəmanı ilə yanaşı xatirələr müəllifinə, yazıçıya oxucuda hüsn-rəğbət oyadır.

Povest-portretdə həm də torpaq sevgisi ağsaqqala, el-obaya bağlılıq, həyat, zaman barədə düşüncələr, doğulub boya-başa çatdığı, əzəli və əbədi vətənimiz Azərbaycanın dilbər guşələri-dağları, əsrarəngiz təbiəti, gözəllikləri, elə dağlar qədər uca və saf adamları, müqəddəs ocaqları, adət və ənənələri də şirin , oxunaqlı və koloritli bir dillə az qala tərənnüm olunur”.

Əsəri   dəfən-dəfən   oxuduqca  Kəlbi əmi   ilə bir  az   da yaxınlaşıb doğmalaşdım  və eyni  zamanda  dərin təəssüf  hissiylə  düşündüm, görən səbəb nədir ki, gün-gündən belə mərd, etibarlı, həm də sadəlövh insanlarla az-az rastlaşırıq.Heyflər olsun ki, bu günümüzün əksər adamları Kəlbi əmiyə xas olan saf, təmiz duyğulardan   məhrumdular.

Gümüşü rəngli  eşmə bığları girdə sifətinin ortasını yoğun tağ kimi ikiyə bölüb qulaqlarına qədər gəlib çatan boylu-buxunlu, qollu-qüvvəli bu nəhəng kişinin alıcənab hərəkətləri ilə yanaşı qəribəlikləri də çoxdur. O, hər adamla oturub-durmaz, hər adamı bəyənib sirrini verməz, hər adamın evində çörək kəsib əlindən su içməzdi. Natəmiz adamları sevməz, onlardan çimçişərdi.

“ ... Günlərin bir günü Kəlbi əmiyə suyunu çox bəyəndiyi bir bulaqdan pinti bir adamın ağzını söykəyərək su içdiyni  xəbər verdilər. Kəlbi əmi o gündən, susuzluqdan yansa da, bir də o bulaqdan su içmir. Ələşrəf o bulağı “ bulayıb ”, –deyib durur.

Ot biçini vaxtı əyninin pencəyini çıxarıb ağacın kölgəsində səliqə ilə yerə sərir. Xasiyyətinə bələd olan yoldaşlarından biri Kəlbi əminin təzə pencəyini çınqıtmaq üçün başı yarıkeçəl, ağzının suyu axan Ələşrəfin papağını götürüb kişinin pencəyinin  üstünə qoyur. Öynə vaxtı Kəlbi əmi əynini soyunduğu yerə dönəndə Ələşrəfin papağını pencəyinin üstündə görür.

 

–Kimindi? – soruşur.

–Ələşrəfindi.deyirlər.

 

Əlindəki kərəntinin ucunu papağın qulağının ipinə keçirib bir qədər aralıdan keçən çaya qolaylayır.

Heç pencəyə tərəf gözünün ucuyla belə baxmadan çıxıb gedir. Axşam evə pencəksiz dönür.

“ Kəlbi əminin gözəl “ avtoruçkaları ” var idi. Onları nə vaxt, hardan aldığını bilmirdim. Yəqin ki, satıldığı yerdə rastlaşıb “ qomu ” ilə almışdı. Bu gözəl avtoruçkalar da, yəqin ki, yaxşı da xətt salırdı, yazırdı. Bu sözləri ona görə ehtimalla deyirəm ki, o “ avtoruçkalardan ” ancaq Kəlbi əmi özü istifadə edərdi. İstifadəsi də yalnız hansı zərurətdənsə ortaya çıxan bir sənədə imza atmaq olardı.

Kəlbi əminin kolxozdan alacağı varmış.

...Kəlbi əmi ilə kəndin mərkəzindəki məktəbin qabağında rastlaşan kolxozun xəzinədarı ödəniş cədvəlini çıxarıb papkasının üstünə qoyur. Qələmini də Kəlbi əmiyə uzadır ki, bəs imzala, pulunu al. Kəlbi əmi isə kişinin  uzatdığı  qələm ilə  imzasını atıb  pulunu almaq  əvəzinə qayıdıb kolxozun xəzinədarına deyir ki, bir az səbir elə, gözlə, adam göndərim evdən “ kitayiski ” ruçkamı gətirsinlər, imza atıb pulumu alaram. Xəzinədar  da  bu  hörmətli  şəxsin  işin sonunda “ göstərəcəyi səxavəti ” nəzərə alıb keçib bir kənarda dayanaraq səbrlə Kəlbi əminin avtoqələminin  gəlişini gözləyir...”

Kitabdan sitat gətirdiyim yuxarıdakı sətirləri oxuyarkən yadıma şahidi olduğum başqa bir əhvalat düşdü. Şabrandakı kitab evində dostumuz, yazıçı-dramaturq Elçin Hüseynbəylinin yeni kitabının “imza günü ”tədbiri keçirilirdi. Bir neçə gün əvvəl əldə etdiyim “ Yollar uzanan gün ... ” və “ Sinqapur – böyük dünya şəhəri, iddialı ölkə ” adlı N.Nəcəfoğlunun yeni nəşr olunmuş kitablarını öz qələmimlə qarışıq tədbirdə görüşdüyüm müəllifə uzadıb avtoqraf yazmasını xahiş etdim. O isə qələm tutduğum əlimi görmürmüş kimi uzanılı qoyub tələsmədən qoltuq cibindən özünün çernillə yazan “ avtoruçkasını ” ( nə bilim, bəlkə də “ kitayski ” idi ) çıxardıb səliqəli xəttiylə hər iki kitabda ürək arzularını yazdı və imzasını atdı. Heç bir şübhə yeri olmadan inanıram ki, avtoruçkaya  olan bu həvəs və istəyi sevimli həmkarımız Novruz müəllimə elə Kəlbi əmisindən nişanə qalıb.

Özünə və sözünə sədaqətli qələm dostumuz Novruz Nəcəfoğlu yaradıcılığının məhsuldar dövrünü yaşayır.Şübhə etmirik ki, o, bundan sonra da özünün qədirbilən oxucularını yeni-yeni uğurlu əsərləri ilə sevindirəcək.

 

Nizami ƏLİOĞLU

525-ci qəzet.- 2013.- 28 sentyabr.- S.22.