İctimai Televiziyaxalq yaradıcılığı

 

Xalqın milli-mənəvi mədəniyyətinin, zəngin şifahi yaradıcılığının qorunub saxlanması ən ümdə vəzifə kimi hər  kəsin vətəndaşlıq borcudur. Çünki burada min illərin tarixi, mədəniyyəti, mənəvi dəyərləri, məişəti, dili, ədəbiyyatı, bütünlükdə  olanları cəmləşir. Mərhum prezidentimiz Heydər Əliyevxalqımızın milli-mənəvi mədəniyyətindən böyük sərvəti yoxdurdeyirdi. Bütün yeraltı, yerüstü sərvətlər  müəyyən tarixə, zaman müddətinə hesablanır. Hamısı qurtarandı. Böyük-böyük tikililər, abidələr bura daxildi. Xalqla, xalqın keçib gəldiyi yolla birgə addımlayan onun milli-mənəvi mədəniyyətidir. Folklorşünaslıqda xüsusi olaraq vurğulanan bir məsələ var.  Deyilir ki, xalqın milli-mənəvi mədəniyyətini bilmədən onun həqiqi tarixini bilmək mümkün deyil. Bu, bütün xalqlara aiddir. Azərbaycan xalqında da belədir. Biz bütün uğurlarımız üçün keçmişimizə, mənəvi dəyərlərimizi min illər boyu formalaşdıranlara borcluyuq. Bu, özlüyündə sabahlara gedən yolda düşüncəmizin, birliyimizin, mövcudluğumuzun müəyyənləşməsinə yönəlik hadisədir. 

Müstəqillik əldə etmişik. Fikrimcə, Azərbaycanın son iki yüz illik tarixində bundan böyük hadisə yoxdur. Buna hələ keçən əsrin əvvəllərində bir dəfə  nail olduq. Bu, çarizmin dağılması ilə baş vermişdi. Ancaq sovet bolşevizmi onun yoluna sipər çəkdi. İnkişafının qarşısını aldı. İkinci dəfə sovetlər imperiyasının dağılması ilə müstəqillik qazanıldı. Bu gün ən ümdə məsələ həmin müstəqilliyin qorunub saxlanmasıdır. Bu qorunub saxlanmada isə başlıca məsələ  milli-mənəvi dəyərlərə sahib durmadır. Buna sahib durmanın ən başlıca faktlarından biri televiziya məkanıdır. Çünki müasir dünyada, informasiya müharibəsinin getdiyi zamanda televiziyanın rolu əvəzsizdi. Ancaq təəssüf ki, Azərbaycan məkanında olan bütün televiziya kanalları bunu sona qədər yerinə yetirə bilmir. Milli ideologiya, milli düşüncə xalqın milli-mənəvi dəyərlərindən keçir. Hansı dəyərlər ki, hamımızı birləşdirir, bir bayraq altına toplaya bilir. Eyni qənaətdə, düşüncədə olmamıza daha çox əsas olur. Təəssübkeşlik duyğusunu formalaşdırır. Bu gün demək olar bu ağırlığı, böyük, həm savab işi İctimai Televiziya kanalı yerinə yetirir. Burada birinci şəxslərdən çox şey asılıdır. Onun tutduğu mövqe, hadisələrə, bütün ictimai, siyasi, mədəni mühitə münasibəti, milli dəyərlər üstündə köklənməsi s. məsələlər özlüyündə başlıca əsas olan şərtdi. İctimai Televiziyanın rəhbəri İsmayıl Ömərov məhz bu mənada çox böyük gərəkli işlərə imza atmaqdadı. 

Türk xalqları, eləcə onun bir qövmü olan Azərbaycan bədii düşüncə etibarilə şifahiliyə meyllidi. təsadüfi deyil ki, elmi-nəzəri düşüncədə bir həqiqət xüsusi olaraq vurğulanır. Bu, türkün tarix yazmadan çox yaratmağa meylliyi qənaətidir. Həmin yaratma bir istiqamətdə şifahi düşüncə faktı ilə gələcəyə daşınıb. Zəngin folklor örnəkləri, dastançılıq ənənəsi, şəriksiz aşıq yaradıcılığı, bayatı nümunələri tarixin tariximizin olduqca dərin qatlarına işıq tutur. 

Təsadüfi deyil ki, XIX əsrin böyük ziyalısı, “Əkinçiqəzetinin redaktoru Həsən bəy Zərdabi müasirlərinə dönə-dönə bir məsələni xüsusi vurğulayırdı. Deyirdi ki, “Azərbaycan balalarına xalqın zəngin yaradıcılığından olan nümunələri çatdırın. Hamının başa düşəcəyi nümunələri yaradın”. M.Mahmudbəyovun, T.Bayraməlibəyovun, E.Sultanovun, Y.V.Çəmənzəminlinin, F.Köçərlinin, H.Zeynallının, V.Xuluflunun, S.Mümtazın, H.Əlizadənin, R.Əfəndiyevin başqalarının bu istiqamətdə gördüyü gərəkli işlər on doqquzuncu yüzillikdən bu yana həmişə artan istiqamətdə gedib. Burada rusdilli mətbuatın da rolunu vurğulamalıyıq. “Tiflisskie vedemosti”, “Kavkaz”, “Kavkazskii vestnik”, “Novoe obozrenie”, SMOMPK çox böyük gərəkli işlər görür. Bu jurnal məcmuələrin xalqın zəngin yaradıcılığının öyrənilməsi anlamında zamanında əvəzsiz xidmətləri olub. XIX əsrin sonu, XX əsrin əvvəllərində (20-30-cu illər bura daxildir) xalqın milli-mənəvi mədəniyyətinin öyrənilməsi (toplanması, nəşri, tədqiqi) sahəsində aparılan işlər xüsusi bir mərhələdi. Qori müəllimlər seminariyasını qurtaran ziyalıların bu sahədə etdikləri sözün həqiqi mənasında fədakarlıqdı. Çox xoş ki, folklorşünaslıq sahəsində sonrakı çağlarda görülən işlər bu ənənəyə söykəndi. Onların atdıqları addımlar özünün ənənə anlamında bəhrəsini verdi. Sovetlər dönəmi bəzi istisnalara baxmayaraq folklor elmimizin boyartımında ayrıca bir mərhələdir. Aparılan toplamalar, nəşrlər, araşdırmalar buna nümunədi.

Müstəqillikdən sonranın məsuliyyəti isə bir başqadır. Artıq  müstəmləkə sıxıntılarından, idealoji təqib və təzyiqdən uzaq bir mühitdəyik. Özümüzə sahib olmağın və özümüzün mövcudluğumuzu təsdiqləməyin ən yaxşı zamanıdır. “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyi ilə bağlı tədbirdə mərhum prezidentimiz H.Əliyev bir məsələni xüsusi olaraq vurğulayırdı: “Biz kimik, hardan gəlmişik, hardayıq, hara gedirik. Bunun aydınlaşması üçün ən əsaslı mənbə “Kitabi-Dədə Qorqud” kimi abidələrimizdi”. Bu fikirdə çox böyük həqiqət var. Tariximiz, keçib gəldiyimiz yolun aydınlaşması üçün xalqın zəngin folkloru, bütünlükdə mənəvi irsi çox böyük imkanlara malikdi. Ona görə də bu möhtəşəm abidələrə, zəngin şifahi irsə daha çox müraciət etməyin, diqqət yetirməyin zərurətindəyik. Təəssüf ki, görülən işlərdə bir pərakəndəlik, narahatlıq doğuran məqamlar da var. Çünki bu gün dünyada gedən proseslərdə, idealoji savaşlarda, kiçik xalqların mənəvi dəyərlərinin sarsıdılmasında duruş gətirəcək ən başlıca olan milli düşüncənin qorunuşudu. 

Televiziya ekranlarında baş alıb gedən şoular, gərəksiz məişət söhbətləri, müharibə səhnələri ilə dolu xarici filmlər, çoxsaylı seriallar və s., və s. hamısı insanların düşüncəsində, gənc nəslin tərbiyəsində transformasiyalarla, sınmalarla xarakterizə olunur. 

Unutmaq lazım deyil ki, bizim kifayət qədər düşmənimiz var. Qarabağ savaşı sona çatmayıb. Torpaq itkilərimiz, Qərbi Azərbaycan kimi böyük bir ərazimizin yoxluğu var. Erməni kimi məkrli bir düşmənlə üz-üzəyik. Digər istiqamətdə Rusiyanın təhdidləri, baş alıb gedən imperiya xülyaları, İran molla rejiminin məmləkətimizə bir əyaləti kimi baxması, Avropanın oyunları və s. hamısı Azərbaycanımıza münasibətin və maraqların ifadəsidi. Bunların üzərinə isə şouları, biganəlik düşüncəsinin formalaşdırılmasını, milli təəssübkeşliyin sarsıdılması kimi məsələləri gəlsək fənalıqdı. Buraya daxildə işləyən düşmən əlləri, səhl sümbatların nəvələrini  də əlavə etsək daha çox çətinliklərlə qarşılaşdığımız aydınlaşır. Bu mənada, təkrar deyirik, televiziya kanallarının üzərinə çox böyük məsuliyyət düşür. Həmin məsuliyyəti isə bütün televiziya kanalları paylaşmalıdır. Xalqın məişəti, mədəniyyəti, tarixi, mərasimləri, ədəbiyyatı, folkloru ilə bağlı milli düşüncədən qaynaqlanan verilişlərə üstünlük verilməlidi. Əlbəttə biz müasir dünya sivilizasiyasına qoşulmağın, ondan bəhrələnməyin də əleyhinə deyilik.

Millilik anlamında mühüm bir hissəni xalqın zəngin yaradıcılığına televiziya kanallarında geniş yer verilməsi təşkil edir. İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyəti bu mənada örnəkdi. Yarandığı vaxtdan (2005- ci il 29 avqust) elə də böyük zaman keçməsinə baxmayaraq böyük işlərə imza atmaqdadı. Demək olar bütün verilişlər xalqın, millətin mənəvi dəyərlərinin ucalığının, zənginliyinin dərkinə və təqdiminə hesablanır. Bu informativ xəbərlərdən tutmuş müxtəlif tipli verilişlərə qədər böyük bir zənginliyi özündə əhatə edir. İctimai Televiziyanın (İctimai radio da bura daxildir) Azərbaycan mədəni mühitində oynadığı rolu zamanına görə XIX əsrdə Qori müəllimlər seminariyasını qurtaran ziyalıların işi ilə, XX əsrin əvvəllərindəki qaynar Azərbaycan mühiti ilə müqayisə etmək olar. Onlar Azərbaycanın fədailər dəstəsi idi. Bütün canlı fəaliyyətlərini xalqın maariflənməsi, milli ruhun oyanışı, zəngin mənəvi sərvətlərinin qorunuşu məsələsinə həsr ediblər. Bir növ xalq, millət yolunda ömürlərini şama çeviriblər. Həmin ruh İctimai Televiziya kanalında bu gün yaşamaqdadı. Azərbaycanın ayrı-ayrı bölgələrindən, eləcə də ölkəmizdən kənarda soydaşlarımızın həyatı, məişəti ilə bağlı hazırlanan verilişlər, bütünlükdə türk xalqlarına çıxış bunun canlı göstəricisidi. Heç şübhəsiz bunlar bir problem kimi müxtəlif istiqamətli araşdırmaların, tədqiqatların mövzusuna çevriləcəkdi. 

İctimai TeleviziyadaOzan”, “Ovqat” (“Səhər sovqatı”), eləcə də mərasimlərimizlə bağlı verilişlər özü milli yaddaşın, milli ruhun oyanışına və yaşanışına xidmət edən verilişlərdi. Türklər “ozanları hayqırmayan millət yetim kimidir” deyirlər. Burada olduqca böyük bir həqiqət var. Çünki xalqın formalaşması, milli-mənəvi düşüncənin qorunuşu və yaşanışı anlamında ozanların, aşıqlarımızın xidmətləri əvəzsiz olmuşdu. Bugünkü olanlarımız, mənəvi dəyərlərimizin yaşanışı üçün birmənalı olaraq bir istiqamətdə saza borcluyuq. “Kitabi-Dədə Qorqud” dastanlarının müqəddiməsində deyilir, “eldən-elə, bəydən-bəyə ozan gəzər, ər comərdin, ər nakəsin ozan bilər, iləyinizdə çalıb ayıdan ozan olsun”. Bu artıq ozanın tarixin dərinliklərində hansı funksiyanı yerinə yetirdiyini aydınlıqla göstərir. Ozanlar türkün ruhunun, düşüncəsinin daşıyıcısı funksiyasını zaman-zaman yerinə yetirmişlər. Bir növ xalqın televiziyası rolunu oynamışlar. Ona görə də ustadlarımızla, aşıq yaradıcılığının ayrı-ayrı problemləri ilə bağlı verilişlərin vaxtaşırı İctimai Televiziyada aparılmasını uğurlu və gərəkli addım kimi qiymətləndirməliyik. İctimai radionun fəaliyyətə başladığı vaxtdan (2006-cı il 11 yanvar)  müxtəlif vaxtlarda, müxtəlif adlar altında gedən verilişlər – “Eldən-obadan”,  Telli saz”, “Aşıq havaları”, eləcə də Türkiyənin səsi radiosu ilə İctimai radionunun ortaq layihəsi olanQorqud Atabizim şəriksiz mədəniyyət hadisəmiz olan aşıq sənətinin təqdimi və təbliği, yaşamı amalına xidmət edir. Burada öyrənilməli, açılmalı kifayət qədər maraqlı problemlər var. Ən başlıcası isə xalqın tarixi, keçmişi, hansı yolu keçib gəlməsi hadisələri özünün əksini tapır. Bu gün dünyanın üzü ilkimnliyə, ilkin təsəvvürlərin, mifik yaddaşın bərpasına yönəlibdi. Bu da təsadüfi deyildi. Bütün məsələlərdə mənşə məsələsini aydınlaşdırmadan, keçmişi öyrənmədən hansısa bir işdə uğur qazanmaq mümkün deyil. Futuroloqluq etmək kimi bir cəfəngiyyata, cəfəng düşüncəyə aldanmaq deməkdi. Ozan sənəti, aşıq yaradıcılığı da, xalq musiqimiz, mərasimlərimiz də bizim keçmişimizdi. Gələcəyə gedən yolumuzdu. Burada xalqın qəhrəmanlığı, qəhrəmanlıq tarixi, yurd, torpaq sevgisi, vətən məhəbbəti və s., və s. özünün əksini tapır. Nəğmələrimizdə, dastanlarımızda, nağıllarımızda, bayatılarımızda nələr yoxdu? Hər birisi əsrlərin dərinliklərindən bizə olmazın xəbərlər gətirir. Ulularımızın müjdəçisi rolunu oynayır. Biz xalqımızın məişətinin, tarixinin, mövcudluğunun, hansı düşüncəni, duyğunu yaşamasının bütöv bir hissəsini oradan öyrənirik. Hansısa qaranlıqları onların vasitəsi ilə işıqlandırırıq. 

İctimai Televiziyanın bu mənada milli dəyərlərə önəm verməsi müsbət hadisədi və xüsusi olaraq qiymətləndirilməlidi. Eləcə də ustad aşıqlarımıza həsr olunan verilişlər böyük təsiredicilik funksiyası ilə görünür. Klassik irsə sayğını ifadə edir. Məlum olduğu kimi, aşıq yaradıcılığının Dirili Qurbani, Abbas Tufarqanlı,  Sarı Aşıq, Xəstə Qasım, Aşıq Valeh, Aşıq, Aşıq Alı, Aşıq Hüseyn Şəmkirli, Aşıq Ələsgər, Molla Cümə, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Əsəd, Aşıq Hüseyn Saraclı, Əmrah Gülməmmədov, Mikayıl Azaflı, Dərya Məhəmməd və s. kimi onlarla ustad sənətkarı var. Televiziyanın “Ozan”, radionun “Aşıq havaları”, “Telli saz” verilişində ənənəvi olaraq bu ustadların ədəbi irsinin xatırlanması, haqqında ətraflı söhbətlərin, təhlillərin aparılması böyük və gərəkli işlərdi. Bu ustadlar özlüyündə bir əxlaq, mənəviyyat məktəbidirlər. Ayrı-ayrı əsrlərdə sazımızı, sözümüzü zənginləşdirməklə milli düşüncənin formalaşmasına yardımçı olmuşlar. Türk şeir ənənəsinin izlənməsi, zənginləşməsi anlamında bu ustadlar əvəzsizdi. “Axşam oldunun təxminən üç saatlıq müddətində bütünlükdə insanın özü zənginləşir. Bir növ ruhun oyanışı başlayır. Özlüyündə bu veriliş, fikrimizcə, əxlaq və mənəviyyat dərsləridi. Bu mənada “Telli saz”, “Xalq mahnıları” çox dərin mətləblərdən, mənəvi dəyərlərimizin yaşanış və qorunuşuna sahib durmadan xəbər verir.

İctimai radioda maraq doğuran verilişlərdən biri də “Nağıl axşamları”dı. Məlum olduğu kimi, bizim zəngin şifahi yaradıcılığımızın mühüm bir hissəsini nağıllar təşkil edir. Onların toplanması, nəşri və öyrənilməsi həmişə ziyalı mühitimizin diqqətində olmuşdu. Hətta klassiklərimiz özlərinin yaradıcılığında bu nağıl motivlərindən istifadə etməklə orijinal əsərlər yaratmışlar. Bəzən bu motivlər əsərlərin mövzusuna qədər gəlib çıxıb. Şərq ədəbiyyatının böyük simalarının – N.Gəncəvinin, Ə.X.Dəhləvinin, S.Şirazinin, Ə.Caminin, Ə.Təbrizinin, A.Ərdəbilinin, Fədainin, Məsihinin və başqalarının əsərləri bunun bariz nümunəsidi. N.Gəncəvinin “Sirlər xəzinəsi”, “Yeddi gözəl” poemaları sırf nağıl motivlərinə yüklüdü. S.Vurğunun “Ayın əfsanəsi”, “Qız qayası”, “Bulaq əfsanəsi” əsərlərinin mövzusu da nağıllardan, əfsanələrdən götürülmüşdü. “Kəşkül”də (1883-1891), Dəbistan” (1906-1907) “Məktəb” (1911-1920) və s. mətbuat orqanları öz səhifələrində nağıllara daha çox yer verirdi. Hətta “Kəşkül”də “Lətaif” başlığı altında nağıl və lətifə verən bir səhifə də vardı. İctimai radionun “Nağıl axşamları” verilişi sələflərimizin (A.Baqrinin, Ə.Sübhanverdixanovun, Y.V.Çəmənzəminlinin, H.Zeynallının, H.Əlizadənin, F.Babayevin, M.H.Təhmasibin, Ə.Axundovun, N.Seyidovuns.) gördüyü işin davamını xatırlatdı. Üç cildlik (1941-1947), beş cildlik (1960-1964) nağıllarımız məhz həmin fədakar ziyalıların sayəsində yazıya gətirilmişdi. Bu gün İctimai Televiziya bir başqa istiqamətdə “Azərbaycanı tədqiq və tətəbbö cəmiyyəti”nin (1923-cü il 2 noyabr) funksiyasını yerinə yetirir. Təxminən on-on iki dəqiqəlik verilişdə Azərbaycan, türk, dünya xalqlarının nağıl nümunələri özünə yer tapır. Mövsüm və məişət mərasimləri ilə bağlı tədbirlərin hazırlanması, geniş şəkildə işıqlandırılması özlüyündə gərəkli və vacib işlərdi. Çünki bunların hər birində genetik yaddaşdan üzü bəri gələn dəyərlər daşınır. Bu dəyərlərin formalaşması, yaddaş  hadisəsinə çevrilməsi üçün isə xalqın içindən keçməsi gərəkdir. Novruz bayramı ilə bağlı mərasim bunun faktıdır. Bu, özlüyündə mərasimlər toplusudu. Azərbaycanlıların, bütünlükdə türkün ən əziz bayramı kimi yaddaş və məişət hadisəsinə çevrilmişdi.  Məhz bu səbəbdən də tarixin ayrı-ayrı çağlarındakı qadağalara, təhdidlərə, transformasiyalara baxmayaraq bu gün də yaşamaqdadır. Və daha çox genişlik, ruh yüksəkliyi qazanmaqla keçirilmədədi. Ona görə də bütün bu olanlar xalqın olan kimi uca tutulmalıdır. İctimai Televiziya bu mənada özünün funksiyasını, ictimainin olma məsələsini daha ləyaqətlə yerinə yetirir. 

İctimai Televiziyaxalq yaradıcılığı məsələlərindən danışarkən bir istiqamət də “Carçı film” studiyası ilə bağlıdır. Etiraf edək ki, son dövrlərdə Azərbaycanda uğurlu filmlərin çəkilişində problem var. Bu mütəxəssis çatışmazlığından tutmuş  mövzunun seçilməsinə qədər böyük problematik məsələləri sərgiləyir. Ancaq heç şübhəsiz axtarışlar, uğurlu kadrların seçilməsi bizim milliliyə və dünyəviliyə hesablanan filmlərimizin ortaya çıxmasına gətirib çıxaracaq. “Carçı film” özlüyündə uğurlu bir hadisə kimi qiymətləndirilməlidi. Çünki onun ilkin addımlarında cəmiyyətimizin ayrı-ayrı tərəflərinin canlandırılması, xalq düşüncəsi üzərində köklənməsi gələcək uğurlardan xəbər verir. “Balqabaq”, “Qovğalı kəndinin əhvalatları”, “Daşdəmirin nağılı” və s. bunun nümunəsidi. Bütün bunlar bizim özümüzü dəyərləndirməmiz, milli düşüncəyə köklənməyimiz, xalqın olanı uca tutmağımız hadisəsidi. Bu kontekstdə İctimai Televiziyaxalq yaradıcılığı ayrıca problem kimi daha böyük təhlilləri aktuallaşdırır.

 

 

Mahmud Allahmanlı

filologiya elmləri doktoru,

professor

  

525-ci qəzet.- 2013.- 8 yanvar.- S.4.