Dinlərarası dialoq:
qarşılıqlı anlaşmadan real əməkdaşlığa
doğru
İnanclı filosoflar və ilahiyyatçılar insanın ruh və bədəndən ibarət olduğu, yaşamaq üçün bədənin maddi, ruhun isə mənəvi qida almasının zəruriliyi fikrini müdafiə edirlər. Əslində, ateist filosoflar da ilahi kitablardan qaynaqlanan bu fikrin əleyhinə deyillər. Sadəcə, onlar insanın mənəvi ehtiyaclarının ödənilməsi üçün dinin zəruriliyi fikrini qəbul etmirlər. Onların ümumi mövqeyi belədir ki, din və onun qaynaqlandığı ilahi qüvvə insan təxəyyülünün məhsuludur.
Təbii ki, bu, inanc məsələsidir və hansı tərəfin yanlış düşündüyünü faktlarla sübut etmək çox çətindir. Lakin ortada bir həqiqət var: bəşər tarixində dinlərin və fəlsəfi cərəyanların sıxışdırıldığı, insanların inancsızlığa və allahsızlığa məcbur edildiyi dövrlər olub, amma bu siyasət və inancsız ideologiyalar heç vaxt özünü doğrultmayıb. Çünki insanların inancsız, cəmiyyətin dinsiz yaşaya bilməyəcəyini tarix çoxdan sübut edib.
Hətta ilahiyyatçılar iddia edirlər ki, Allah inancı və din duyğusu insanın fitrətindən irəli gəlir, daha konkret desək, insan yaradılışdan bu hisslərə malik olur. Lakin formalaşdığı cəmiyyət onun din duyğusunu ya daha da təkmilləşdirir, ya da zəifləməsinə, dini ifadə ilə desək, fitrətinin pozulmasına gətirib çıxarır. Əgər insanlar inancsız yaşaya bilmirlərsə, deməli, cəmiyyətin dini ehtiyacı labüddür. Çünki cəmiyyət insanlardan ibarətdir və cəmiyyətin tələbatı insanların ehtiyacından yaranır. Bu məsələdə önəmli məqamlardan biri insanların din ehtiyacının necə və hansı formada ödənilməsidir. Bu, cəmiyyətin mənəvi və fiziki sağlamlığı, eləcə də gələcək inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Ona görə ki, insanların inandıqları etiqadların hamısı din deyil və hər din də səmavi-ilahi qaynaqlara söykənmir.
Digər tərəfdən, dinin necə yayılması və təbliğ olunması onun gerçək mahiyyətindən heç də az əhəmiyyət daşımır. Çünki mütərəqqi din belə, elə təbliğ oluna bilər ki, insanlarda ona qarşı ikrah hissi yaranar, yaxud yüksək səviyyədə aparılan təbliğat nəticəsində qeyri-insani prinsiplərə söykənmiş inancların gerçək mahiyyəti gizlədilə bilər. Deməli, insanların, bütövlükdə cəmiyyətin dinlərə, hətta konkret bir dinə ümumi münasibətinin formalaşmasında təbliğatın çox böyük rolu var. Bir sözlə, istənilən halda inanc insanlar, din cəmiyyət üçün zəruri ehtiyacdır. Bəs dinlərarası dialoq: bunsuz bəşəriyyətin inkişafı mümkündürmü? Dünyada onlarla din, yüzlərlə təriqət və dini dünyagörüşü var. Amma insanların yaşaya biləcəyi bir planet mövcuddur:
Yer kürəsi. Milli və dini mənsubiyyətlərindən asılı olmayaraq, insanlar bu planetdə birgə yaşamağa və onu paylaşmağa məhkumdurlar. Bunun yolu isə qarşılıqlı anlaşmadan və birgə əməkdaşlıqdan keçir. Önəmli məqamlardan biri də odur ki, zaman keçdikcə dinlərarası əməkdaşlığa olan ehtiyac daha da artır. Çünki informasiya texnologiyaları əsrində yalnız hansısa bir dinin və ya xalqın mənsublarından ibarət təcrid olunmuş cəmiyyət yaratmaq mümkün deyil. Başqa sözlə, çağdaş dünyamızda dini dözümlülüyün mövcudluğu çox vacib amildir.
Hazırda qloballaşma anlayışının həyati gerçəkliyə çevrildiyi, inteqrasiyanın geniş vüsət aldığı, böyük miqyasda miqrasiyanın baş verdiyi dövrdə yaşayırıq. Nə qədər qəribə də olsa, zaman keçdikcə sürətlənən və insanları, xalqları bir-birinə yaxınlaşdıran qloballaşma prosesi, sanki onlar arasında etiqad fərqliliyindən qaynaqlanan xüsusiyyətləri daha da dərinləşdirir. Dünya miqyasında dini ayrı-seçkiliyin gücləndiyi, bəzən dini zəmində qarşıdurmaya bilərəkdən rəvac verildiyi bir zamanda yaşayırıq. Bu səbəbdən dini dözümlülüyün, tolerantlığın hakim mövqe tutması, dinlərarası dialoq və əməkdaşlıq vacib və labüddür. Amma bunun reallaşması üçün münbit şərait formalaşmalı və müəyyən şərtlər yerinə yetirilməlidir.
Tolerantlıq mühiti – dinlərarası dialoqa zəmin
kimi. Cəmiyyətdə,
böyük miqyasda götürdükdə isə dünyada
tolerantlıq prinsipləri bərqərar olunmayana qədər
dinlərarası dialoqdan danışmaq və bu istiqamətdə
səy göstərmək əbəs yerə enerji sərf etməyə,
obrazlı ifadə etsək, içərisində heç
kim olmayan evin qıfıllı qapısını döyməyə
bənzəyir. Çünki dialoqun baş
tutması üçün tərəflərin bir-birini qəbul
etməsi, bir masa ətrafında əyləşməyə
razılıq verməsi lazımdır. Əgər
tərəflər tolerant deyillərsə, deməli, bir-birilərini
qəbul etməyəcəklər və nəticədə
dialoq baş tutmayacaq. Çağdaş
dünya bəşəri dəyər kimi tolerantlıq prinsiplərini
hamının qəbul etməsi və bütün cəmiyyətlərdə
bərqərar olunması istiqamətdə XXI əsrə qədər
xeyli yol qət edə bilib. Ən azı
ona görə ki, bu gün dünyada heç bir dövlət
beynəlxalq müstəvidə qəbul olunmuş
tolerantlıq prinsiplərindən rəsmi şəkildə
imtina etmir. Amma təbii ki, arxa planda bu
prinsiplərə əməl etməyən dövlətlər
və cəmiyyətlər kifayət qədərdir. Məsələn, Ermənistan insan hüquqları və
onun tərkib hissəsi kimi tolerantlıqla bağlı
konvensiyalara qoşulmasına baxmayaraq, etnik təmizləmə
və işğalçılıq siyasətindən hələ
də əl çəkməyib. Əksinə,
dünyanın gözü qarşısında və beynəlxalq
təşkilatların mövqeyinə zidd olaraq Ermənistan
monoetnik dövlətə çevrilib.
Bir sözlə, praktiki baxımdan olmasa da, nəzəri
cəhətdən çağdaş dünya tolerantlıq
prinsiplərini qəbul edir və bunu dinlərarası dialoqun,
eləcə də əməkdaşlığın
reallaşması üçün zəruri şərt və
ilkin mərhələ kimi qiymətləndirmək
mümkündür. Bu məsələdə önəmli məqamlardan
biri YUNESKO-nun “Tolerantlıq prinsipləri haqqında bəyannamə”sidir
ki, həmin sənəd kifayət qədər əhatəli və
məzmunludur. Bütün dünya dövlətlərinin
qəbul etdiyi bu Bəyannamədə qeyd edildiyi kimi,
dözümlük dünyamızın geniş mənada
müxtəlifliliyinin, bizim özünü ifadəetmə
formalarımızın və şəxsiyyətin
formalaşma üsullarının hörmətlə qəbul
edilməsi deməkdir. Bu, nəinki mənəvi
borcdur, həmçinin siyasi və hüquqi tələbatdır.
Dini dözümlük güzəşt, iltifat
deyil, ilk növbədə, insanın universal və əsas
hüquqlarının qəbul edilməsi əsasında
formalaşan fəal münasibətdir. İnsan
hüquqları ilə səsləşən tolerantlıq
plüralizmin, demokratiyanın və hüquq qaydalarının
tətbiq edilməsinə yardım etmək öhdəliyidir.
Tolerantlıqla bağlı konkret prinsiplər
olduğu və bütün dünya ölkələri
onları qəbul etdiyi üçün növbəti mərhələ
həmin prinsiplərin həyata keçirilməsi olmaldır.
Daha konkret desək, bütün cəmiyyətlərdə
dözümlük prinsiplərinə əməl olunan
tolerantlıq mühiti formalaşmalıdır. Bundan sonra dialoqa və əməkdaşlığa
gedən yolun qarşısı xeyli açılacaq. Çünki tolerantlıq mühitinin
yarandığı ölkələrdə dinlərarası
dialoqun və əməkdaşlığın
reallaşması inkaredilməz faktdır. Bunun
ən bariz örnəyi isə Azərbaycandır.
Tarixən dözümlük ənənələrinin bərqərar
olduğu ölkəmizdə hazırda konfessiyalar arasında
geniş, möhkəm əməkdaşlıq əlaqələri
və sarsılmaz həmrəylik var. Dinlərin dialoq və əməkdaşlıq
imkanlarından istifadə. Dinlər Tanrı ilə
insan arasında ünsiyyət vasitəsidir. Hətta dinləri insanla Yaradan arasında
körpü də hesab etmək olar. Bütün
dinlərin mahiyyətində və missiyasında bu dayanır.
Əgər hansısa dində insanlar arasında
ayrı-seçkiliyə, ədavətə və
qarşıdurmaya rəvac verən qaydalar varsa, deməli, o, bəşəri
mahiyyət daşımır və insanpərvərlik prinsiplərinə
ziddir. Ümumiyyətlə, bu cür inanc
sistemlərini din adlandırmaq doğru deyil. Çünki mahiyyətində mənfi çalarlar
və qarşıdurma yaratmaq elementləri olan inanc forması
din anlayışı ilə daban-dabana ziddiyyət təşkil
edir. Bəşəri
dinlərin mərkəzində Tanrı, onun şah əsəri
– insan və yaradılmışlara hörmət prinsipi
dayanır. Ona görə də,
bütün insanlar dini və milli mənsubiyyətindən
asılı olmayaraq, vahid Tanrının bərabər bəndələridir.
Onlar öz inanclarına uyğun olaraq Tanrını müxtəlif
adlarla və fərqli formalarda çağırırlar, amma
Yaradan onların hamısını eyni “məsafədən”
eşidir, görür və mərhəmətini əsirgəmir.
Belə olan halda bəzilərinin, daha doğrusu, din adından
danışan “dinpərəstlərin” insanlar arasında
ayrı-seçkilik salması, onları
qruplaşdırması Yaradanın işinə qarışmaq
deməkdir. Bu isə dinlərin hamısında
böyük günah sayılır.
Bütün bunlar onu deməyə əsas verir ki, dinlərin
mahiyyəti nəinki dialoqa və əməkdaşlığa
imkan yaradır, hətta TANRI və İNSAN naminə bunu zərurətə
çevirir. Deməli, dünya dinlərinin “bətnində”
konfessiyalararası dialoqu və əməkdaşlığı
reallaşdırmaq üçün böyük potensial “gizlənib”.
Çağdaş dövrümüzdə dinlərarası
əməkdaşlığın baş tutması müəyyən
mənada bu potensialdan nə qədər və necə istifadə
olunmasından asılıdır. Əgər dinlərin
sülhyaratma, dialoq və əməkdaşlıq
imkanlarından maksimum istifadə ediləcəksə, din
adından danışanların təsir dairəsi zəifləyəcək,
nəticədə onlar zərərsiz və əhəmiyyətsiz
qüvvəyə çevriləcəklər. Bu
gün həm beynəlxalq təşkilatlar, həm siyasi
qüvvələr, həm də dini qurumlar və mərkəzlər
tərəfindən dialoq və əməkdaşlıq məsələsində
dinlərin müsbət potensialından istifadə etmək
meylləri açıq-aşkar hiss edilir. Təbii ki, bunun müsbət nəticələrinin
olması inkaredilməz faktdır. Amma iş ondadır
ki, real nəticələr mövcud imkanlarla düz mütənasib
deyil. Əgər belə olmasaydı, vəziyyət indikindən
qat-qat yaxşı ola bilərdi. Dinlərin dialoq və əməkdaşlıq
potensialından istifadə olunması üçün
dünya miqyasında dini maarifləndirmənin gücləndirilməsinə
və əhatə dairəsinin genişləndirlməsinə
böyük ehtiyac var. Çünki insanların böyük əksəriyyətinin
nəinki başqa dinlərdən, hətta öz
etiqadının mahiyyətindən və bəzi prinsiplərindən
xəbəri yoxdur. Belə bir vəziyyətdə
maraqlı və məkirli qüvvələrin dinlər
arasında qarşıdurma yaratmaq imkanları daha geniş
olur. Son illər ərzində Avropada,
Afrikada və Asiyada dini qarşıdurma meyllərinin
yaranması faktları bunu təsdiqləyir.
Ədalət naminə etiraf edilməlidir ki, bu cür
hallarda daha çox ədalətsizliklə, haqsızlıqla və
təzyiqlərlə üzləşən müsəlmanlar
olurlar. Hətta
son zamanlar dünyanın müxtəlif regionlarındakı
müsəlmanları ekstremist, təməlçi,
tolerantlıq prinsiplərini tapdalayan insanlar kimi göstərməyə
çalışan şəxslər də var. Nə qədər
acı olsa da, belələrinə və İslamı humanizmdən
uzaq din kimi qələmə vermə hallarına, hətta
müqəddəs şəxslərin, xüsusilə Məhəmməd
peyğəmbərin (s) təhqir edilməsi faktlarına bəzi
Avropa ölkələrində tez-tez rast gəlinir. Müəyyən dairələrin dəstəklədiyi
karikatura rəzaləti bunun bariz nümunəsidir. Belə münasibət İslam dininə və
bütün müsəlman dünyasına qarşı ədalətsizlik
və hörmətsizlikdir. Çünki
dünyada və regionda tarixən dözümlük
mühitinin formalaşmasında İslamın böyük rolu
olub. Mərhəmət, sevgi və əxlaq
dini olan İslamda tolerantlıq, dözümlük yüksək
mənəvi dəyər və mədəniyyət kimi qiymətləndirilir.
Bu baxımdan, əsrlər boyu dinc və
ayrı-seçkiliyə məruz qalmadan, müsəlmanlarla
yanaşı yaşayan digər dinlərin mənsubları
buna görə həm də İslam dininə minnətdar
olmalıdırlar.
Tarixi faktlar təsdiqləyir ki, dinin siyasətdən uzaq
olduğu bütün dövrlərdə müsəlmanlar
öz inanclarına söykənərək, digər dinlərin
mənsublarına nəinki qucaq açmış, hətta
ibadət evləri tikmək, etiqadlarına uyğun yaşamaq
üçün onlara yardım göstərmişlər. Bunun ən
mükəmməl nümunəsi Azərbaycandır. Dünya miqyasında
dini maarifləndirmə işinin doğru və sağlam
qaynaqlar vasitəsi ilə aparılması təkcə dinlərə
bağlı həqiqətlərin yayılması, onlara
qarşı olan mənfi fikirlərin aradan
qaldırılması deyil, həm də dindarlar arasında
mövcud fikir ayrılıqlarının aradan
qaldırılması, dialoq və əməkdaşlıq
hissinin gücləndirilməsi baxımından böyük əhəmiyyət
daşıyır. Bu məsələdə
ortaq nöqtələrin tapılması, ümumi rəyin
formalaşması və birgə qərarların qəbul edilməsi
müxtəlif dinlərə mənsub insanlar arasında əməkdaşlığın
genişlənməsinə və etimad hissinin möhkəmlənməsinə
ciddi təsir göstərə bilər.
Nümunəvi gerçəkliyin tətbiqi və beynəlxalq
təşkilatların bu prosesə cəlb olunması. Hər bir cəmiyyətin
dinə, inanc sisteminə özünəməxsus münasibəti
və baxış tərzi var. Təbii ki, bu münasibət
bir neçə ilə yox, onilliklər, yüzilliklər ərzində
formalaşır, cəmiyyətin ümumi mövqeyini və
maraqlarını əks etdirir. Məsələn,
İslam dininin vahid inanc, ibadət əsasları, eləcə
də ümumi şəri qaydaları var və bu,
bütün müsəlman aləmində eynidir. Amma müsəlman xalqlarının
hamısının İslama, ümumiyyətlə, inanclar
sisteminə baxış tərzi oxşar olsa da, eyni deyil.
Ona görə ki, hər bir xalqın, cəmiyyətin
dinə münasibətinin formalaşmasında həmin
xalqın özünəxas etnik keyfiyyətləri, tarixi-milli
adət-ənənələri, həyat tərzi, hətta təbii
coğrafi şəraiti böyük rol oynayır. Bu baxımdan Azərbaycan xalqının dinə
yanaşma tərzi digər xalqlarla, o cümlədən
İslam ölkələri ilə müqayisədə xeyli fərqlidir.
(Ardı
var)
525-ci qəzet.-
2013.- 8 yanvar.- S.6.