“Ölüm zirvəsi” romanı və
tariximiz haqqında düşüncələrim
Çağdaş
ədəbi prosesin prioritet tarixi mövzusu XVII-XVIII əsrin siyasi hadisələridir
desək, yəqin ki, səhv etmərik. Nadir
şah və xanlıqlar dövrünün hadisələri bədii
düşüncəni daha artıq məşğul etməyə
başlayıb. Bu mənada
S.Rüstəmxanlının “Ölüm zirvəsi” romanı
(Bakı, “Qanun” nəşr., 2007) diqqətimizi
daha artıq çəkir.
Kitaba yazılmış annotasiya “Ölüm zirvəsi”
romanını tarixi-bioqrafik əsər kimi təqdim edir. Şübhəsiz
ki, Cavad xanın Azərbaycan xalqının tarixində
çox şərəfli bir mövqeyi vardır. O tarixi
bir şəxsiyyətdir; tarix kitablarında onun hökmdar və
sərkərdə kimi şərəfli fəaliyyətindən
təfərrüatla və tarixi dəqiqliklə söhbət
açılır. Lakin
çağdaşlarından, sələf və xələflərindən
onu fərqləndirən başqa bir keyfiyyət də var.
Cavad xanın obrazı bizim yaddaşımıza ancaq tarix
kitablarından gəlmir. Onun obrazı bizim
yaddaşımızda ilk olaraq şifahi ənənə vasitəsi
ilə formalaşıb. O, Dədə Qorqud, Koroğlu
kimi mifik qəhrəman deyil, lakin mifikləşmiş qəhrəmandır,
şifahi ənənədə onun mifik obrazı
yaşayır. XVIII əsrdə bir hökmdar və
sərkərdə kimi milli varlıq uğrunda mübarizədə
göstərdiyi ağlasığmaz rəşadət, şərəf
və ləyaqət uğrunda ölümə qədər
getmək əzmi genetik yaddaşımızda onun xalq qəhrəmanı,
əfsanəvi qəhrəman obrazını yaradıb. Tarixi mənbələrin verdiyi məlumatların
genetik yaddaşdakılarla üst-üstə düşməsi
onun xalq qəhrəmanı obrazını əbədiləşdirib.
Bu mənada S.Rüstəmxanlının Cavad
xanın bioqrafiyasını tarixi roman predmetinə çevirməsi
tamamilə məntiqi və qanunauyğundur.
Lakin məsələnin başqa tərəfi də var.
Son onilliklərdə Azərbaycan ədəbiyyatında meydana
çıxan və janrın dünya ənənələrinə
novator münasibətlə seçilən nümunələrində
polifonizm (ideya-məzmun çoxqatlılığı mənasında)
aparıcı keyfiyyətə çevrilməkdədir. Başqa
sözlə, bu romanlarda postmodernist estetikada deyildiyi kimi, “bədii
mətn öz strukturu etibarı ilə bitib tükənməz
məna potensialı doğurur”. “Ölüm
zirvəsi” romanında da belə bir xüsusiyyət öndədir.
Cavad xanın bioqrafiyası bu romanda mətnin
prozasıdır. Fəlsəfi mənada
romanın məzmunu daha dərin mətləblərdən xəbər
verir. “Ölüm zirvəsi” tarixi-bioqrafik əsər
olmaqla bərabər, tarixi-siyasi romandır. “Öz təbiəti
ilə sosial” olan (Mişel Zeraff) roman əks etdirdiyi zamanın
fəlsəfəsini ortaya qoymalı, onun siyasi-ictimai, mənəvi-əxlaqi
sferalarda fəlsəfi
dərkini verməlidir ki, dünya modeli kimi – başqa sözlə
özünün çağdaş strukturu ilə meydana
çıxa bilsin. Romanda süjetdə xronikallıq nisbi mənada
da olsa qorunur,
lakin süjet bu xronikallıqdan çox, hadisələrin səbəb-nəticə
əlaqələri əsasında hərəkətə gətirilir.
Bu cəhət isə romanda baş verən hadisələrin
sosial-siyasi və mənəvi-əxlaqi müstəvidə fəlsəfəsini
açmağı əsas yazıçı məqsədinə
çevirir.
“Ölüm
zirvəsi” romanında təsvir
olunur ki, bütün varlığı ilə elinə-obasına,
doğma torpağına bağlı olan Cavad xan, Gəncə uğrunda, əslində
milli varlıq uğrunda mübarizə meydanına atılan Gəncə
camaatı rus ordusu ilə amansız çarpışmada məğlub
olur. Bu məğlubiyyətin səbəbləri
ictimai şüurda çox vaxt rus ordusunun gücü, texniki
təchizatının zamanına görə yüksək səviyyədə
olması ilə izah edilir. Gəncə
xanlığı üzərində çalınan qələbənin
isə bütövlükdə Azərbaycanın ikiyə
parçalanmasına, Rusiya və İran arasında
bölüşdürülməyə yol açması
mübahisəsiz tarixi reallıq kimi qəbul edilir. Ancaq roman müəllifi
belə bir qənaətdədir ki, bu məğlubiyyətin
tarixi kökləri kifayət qədər dərinliklərə
gedir. Bu günkü məğlubiyyətimizi
tarixi səhvlərimiz şərtləndirir.
Doğrudur,
romanın “Həmin gün” adlı “epiloq əvəzi” son
sözündə Quba, Bakı, Şəki, Lənkəran,
İrəvan, bir sözlə Guney və Quzey
xanlıqlarında daxili çəkişmələrin,
bir-birinə düşmənçilik siyasəti yeritmələrin,
erməni dəyirmanına su tökmələrin davam etməsinə,
bəlkə də daha artıq bir ehtirasla davam etməsinə
sonsuz kinayəli münasibətdə məğlubiyyətimizin
kökündə birləşə bilməməyimizin
dayanması ilə bağlı müəllif mövqeyi də
ifadə olunur. Burda da həqiqət var. Ancaq
roman bizi tamam başqa bir həqiqətin estetik dərkinə
doğru aparır. Məğlubiyyətimizi
şərtləndirən birləşə bilməməyimiz
səbəb deyil, nəticədir. Roman “nə
üçün birləşə bilmədik?” sualına cavab
axtarır. Roman Gəncədə qan su yerinə axanda
Şəki hakimi Səlim xanın “kor” qardaşı Məhəmmədhəsəni
bir də kor eləmək” istəyinin, İrəvanlı Məhəmmədxanla
naxçıvanlı Gəlbəli xanın yerlərini isti
edib “erməni keşişlərinin könlünü xoş
eləmək” haqqında düşüncələrinin haradan
və nədən, hansı tarixi səhvlərimizdən
güc almasının psixoloji əsaslarını
araşdırır. Gəncə məğlubiyyətini,
birləşə bilməməyimizi, son nəticədə isə
iki parçaya bölünməyimizi nəticə kimi qəbul
edən müəllif tarixin qaranlıq səhifələrinə
işıq tutaraq bunun səbəblərini axtarır. Çünki o qəti əmindir ki, çəkilməsi
mümkün omayan mənəvi ağrılara, siyasi dəhşətlərə
yol açan nəticəni onu doğuran səbəbləri
bilmədən aradan qaldırmaq olmaz. Keçmişin
ibrət dərslərini soyuqbaşla təhlil etmədən gələcəyə
atılan addımların düzgünlüyünü müəyyənləşdirmək
mümkün deyil. “Azərbaycanın
işğalına qarşı qəhrəmanlıqla
mübarizə aparmış” Cavad xan haqqında roman yazarkən
Nadir şahla bağlı tarixin səhifələnməsi və
analitik bədii təhlildən keçirilməsi də bununla
bağlıdır. Müəllif romanın Nadir şahla
bağlı hissəsinə olduqca mənalı bir
başlıq vermişdir.:
“Muğan qurultayı və ya sonun
başlanğıcı”. S.Rüstmxanlı Nadir
şah dövrünün tarixi xronikasını vermək
fikrində deyil. Bədii məntiq də
belə bir missiyanı önə çəkmir. Bir hökmdar kimi Nadirin tarixi taleyində Muğanda
çağırdığı qurultayın çox
böyük yeri var. Bununla belə Muğan qurultayına qədər
Nadir çox uzun bir yol keçmişdi. Bu müddətdə
o, bir sərkərdə olaraq zəifləmiş Səfəvi
dövlətini parçalanmaqdan qorumuş, Şah
İsmayıldan sonrakı Səfəvi
hökmdarlarının dövründə itirilmiş
torpaqları geri almış, İran səltənəti
çərçivəsində olsa da Azərbaycanın
bütöv bir inzibati ərazi bölgüsü kimi
mövcudluğuna öz töhfəsini vermiş, onun ayrı-ayrı
dövlətlər arasında bölüşdürülməsinin
qarşısını almışdı. Bütün
bunlar Nadirin bir sərkərdə kimi məharətini,
böyüklüyünü göstərirdi. Lakin Azərbaycan
xalqının tarixi taleyində bir sərkərdə kimi
oynadığı mütərəqqi rolu Nadir bir hökmdar
olaraq oynaya bilmir.
“XVIII əsrin 30-cu və 40-cı illərinin birinci
yarısı Azərbaycan tarixinə ağır bir dövr
kimi” (Azərbaycan tarixi. Bakı. Azərnəşr,
1994, s. 515) daxil olur. Əlbəttə, əsas
məsələ ancaq bu deyil. “1736-cı ilin martında
toplanmış yığıncaqda (qurultayda) Nadirin
özünü İran şahı elan etməsi”ni (Azərbaycan
tarixi. s.514) “Ölüm zirvəsi” romanının müəllifi
“Sonun başlanğıcı” hesab edəndə XVIII əsrin
sonu, XIX əsrin əvvəllərindəki və indiki tarixi
faciələrimizin böyük əksəriyyətinin
özülünün Nadir şahın dövründə
qoyulması və bu səhvlərin getdikcə
böyüyüb şaxələnməsi qənaətindən
çıxış edir. Nadirin əldə etdiyi tarixi qələbələri
özünə qalxan edib şahlıq taxtına
çıxmaq istəyi zamanın dövlətçilik ənənələrinə
ziddir. Nadir özü də bunu bilir.
Qurultayı da hakimiyyətini qanuniləşdirmək
üçün çağırır. Lakin
onun Səfəvilər sülaləsinə son qoyub Avşarlar
sülaləsinin əsasını qoyması dövlətin
daxilində narazılıq yaradır.
Nadirin
hakimiyyətə gəlməsini Səfəvilər sülaləsinə
xəyanət hesab edən Gəncə bəylərbəyi
Uğulu xan sövq-təbii bir hiss və düşüncə
ilə sərkərdə Nadirlə şah Nadirin eyni bir adam
olmadığını, bir-birini tamamlamadığını,
şahlıq taxtına yiyələnmək ehtirasının
onda hər şeydən qüvvətli olduğunu hiss edir. Nadir öz
şahlıq səltənətini Səfəvi səltənətinə
xəyanət edərək qurur. Əsl
“niyyəti Səfəvilərin axrına çıxmaq” olan
Nadir bütün gücü ilə bu niyyəti, əslində
xəyanəti pərdələməyə
çalışır və şah olur. “Sonun
başlanğıcı” da bu xəyanətlə
bağlıdır. Nadir şah şəxsi mənafeyini
dövlət mənafeyindən, dövlətçilik ənənəsindən
üstün tutub “Səfəvilərə xəyanət etmədiyinə
görə Borçalı və Qazax mahallarını Gəncə
bəylərbəyiliyindən qoparıb “Aşağı
Kartli” adıyla” Gürcüstana bağışlayanda, erməni
məliklərini Gəncə bəylərbəyiliyindən
ayırıb Uğurla xana, Gəncə bəylərbəyiliyinə,
əslində Gəncə bəylərbəylinin simasında
Azərbaycan dövlətçiliyinə ağır zərbə
vuranda bunun mənsub olduğu xalq üçün
böyük faciələrə yol açacağını təsəvvür
edə bilmir. S.Rüstəmxanlının
romanında Azərbaycan-erməni münasibətlərinin
tarixi kökləri açılır. Azərbaycanın
tarixi torpaqlarnda ermənilərin nəyin və kimin
hesabına, nə vaxt və nə şəkildə özlərinə
yer etməsinin aydın mənzərəsi
canlandırılır. Dağlıq
Qarabağ probleminə gedən yolun siyasi xəritəsi
cızılır, erməninin mənfur xarakteri
açılır. Borçalı və
İrəvanın yad əllərə keçməsi tarixi dəqiqliklə
şərh olunur. “Ölüm zirvəsi” romanında tarixə
tendensiyalı münasibət yoxdur. Avşarlar
tayfasından çıxmış oğuz türkü kimi
Nadirin böyük bir səltənətə
başçılıq etməsi Azərbaycan
türkünün şərəf tarixidir.
Bu tarixin ən
şərəfli səhifəsi Nadirin İran-Türkiyə
münasibətlərini nizamlamaq istəyi, din birliyi kontekstində
olsa da qardaşın qardaşa, soykökü, dini bir olan
insanların bir-birinə qarşı qılınc
çalmalarının qarşısını almaq məqsədidir,
müəyyən müddət buna nail olmasıdır. Romanda məzhəb birliyinə, türk birliyinə
ciddi-cəhdlə, siyasətlərinin bütün gücü
ilə rəxnə salmaq istəyən Avropa və Rusiya siyasətinə
Nadirin müqaviməti, nümayiş etdirdiyi səbatlılıq
tarixi həqiqətə obyektiv münasibət kontekstində bədii-estetik
qiymətini alır. Lakin məhz həmin obyektivlik hissi
bütün varlığı ilə
türkçülük, azərbaycançılıq
amalına bağlı olan müəllifi türk əsilli
şahın əməl və hərəkətlərindəki,
düşüncəsindəki fars
şovinizmi təsirini də tarixi gerçəkliyə
uyğun şəkildə əks etdirməyə istiqamətləndirir.
Əslində Nadir öz şahlığı
dövründə ümmətçiliyi önə çəkir.
O özünü türk kimi yox, İslam ümməti kimi dərk
edir. Onun düşüncəsində dini birliyə
– din qardaşlarının birliyinə daha artıq diqqət
yetirilir. Osmanlı
dövləti ilə yaxınlaşmaq siyasətindəki
ardıcıllıq, davamlılıq da bu düşüncəyə
söykənir. “Ancaq bu məzhəb
ayrılığı müsəlmanı məhv elədi.
Xüsusən də biz türkləri. Osmanlı – İran düşmənçiliyi
xaçpərəstləri bizə güldürür” –
Nadirin içindən gələn bu sözlərdə
böyük həqiqət var. Lakin elə bu mülahizənin
özündə nəinki Osmanlı – İran münasibətləri,
hətta Osmanlı türkləri ilə İran-Azərbaycan
türkləri arasındakı münasibətlər türk
birliyi kontekstinə yox, din birliyi kontekstinə
çıxarılır. Nadir birliyin əsasını
dini zəmində axtarır. Bu da onun
yaratdığı dövlətdə farslaşmaya meydan verir.
Nadirin məzhəb ayrı-seçkiliyinə
son vermək istəyi bir müsəlman və türk
hökmdarı kimi onun ruhunun səsi kimi mənalana bilmir.
Məzhəb ayrılığına son qoymaq
istəyində Səfəviləri gözdən salmaq məqsədi
də var.
Demək,
ən ali məqsəd xalqı Səfəvi
təəssübkeşliyi düşüncəsindən
ayrı salmaqdır. Hətta ən yaxın
adamlarının belə Səfəvilərə münasibətdə
onun haqlı olmadığın düşünməsi Nadiri
düşündürməyə bilməzdi. Taxt-tac ehtirası Nadirə
ağıllı və dövlətin mənafeyini nəzərə
alan siyasət yürütməyə imkan
vermir. Onun taxt-tac ehtirasına bu taxt-taca yiyələnməsinə
qarşı duranlara pataloji nifrət ehtirası da
qarışır. Bu mənada Gəncə
bəylərbəyiliyi əsas hədəf kimi seçilir.
Qazax və Borçalı mahallarının Gəncə bəylərbəyiliyindən
qoparılması, erməni məliklərinə verilən əlavə
imtiyazlar, can borcu və gözəl gürcü
qızlarının müqabilində Gürcüstan
çarlığının güclənməsinə,
“Teymurazın və oğlunun uzun müddət Qafqazda at
oynatmasına” şərait yaradılması Nadirin türksoylu
bir hökmdar kimi böyük səhvləri idi və roman müəllifinin
qənaətinə görə bu səhvlərin
ağrısını “Azərbaycan iki yüz yetmiş ildir
çəkir...” Roman müəllifi Nadirin şəxsi
münaqişə zəminində – Gəncə bəylərbəyiliyinə
zərbə vurmaq məqsədilə Qarabağla Göyçə
arasında yerləşən və qədim Alban kilsələrinin
yerləşdiyi müqəddəs türk torpaqlarını
XVIII əsrə qədər Qafqazda bir qarış belə
torpağa sahib olmayan ermənilərə hədiyyə etməsini
acı bir təəssüf, böyük bir ağrı ilə
bədii təsvir predmetinə çevirir. Müəllif
təhkiyəsində oxuyuruq: “Böyük xanı
tanıyanlar onun gözəl qadınlara laqeyd
olmadığını bilirdilər”. Bilirdilər
və istifadə edirdilər.
Tamaranın
hədiyyə elədiyi gürcü qızını görərkən
“Təkcə Qazaxı, Borçalını yox, dünyanı
atardı bu cənnət cücəsinin ayağı
altına” düşünməsi və
düşündüyünü hansı acı nəticələrə
gətirib çıxaracağını düşünmədən
həyata keçirən, öz soydaşlarına bəslədiyi
mənasız bir kin hesabına ermənini torpaq sahibi edən
Nadir bu hərəkətlərilə Azərbaycanın gələcək
taleyi üçün böyük faciələrə yol
açır, “sonun başlanğıcı”nı qoyur. “Ölüm zirvəsi” romanının sonrakı hissələri
Cavad xan Ziyadxan oğlu Qacarın tale yolundan bəhs edir və
bu hissələrdəki müəllif məntiqini müxtəsər
şəkildə, “başlanğıcın sonu” kimi də
ifadə eləmək olar. Cavad xan hakimiyyətə
gələndə Azərbaycan dövlətçiliyi yol
ayrıcında idi. Nadir şahdan sonra İran bir dövlət
kimi zəifləmiş, dövlətin siyasətində fars şovinizmi önə
çıxmışdı. Azərbaycan hakimləri
indi daha İran dövlətinin tərkibində özlərini
arxayın hesab edə bilmirdilər. Qafqazda
rus dövlətinin nüfuzu daha da güclənmişdi.
Daha doğrusu Azərbaycanda rus və İranpərəst
qüvvələr əmələ gəlmişdi. Əlbəttə, nə Rusiyaya, nə də
İrana olan meyl daxili inamdan irəli gəlmirdi. Özünümüdafiə üçün
düşünülən stixial bir siyasət idi. Qafqazda qüvvələr nisbəti dəyişilməyə
doğru gedirdi. Gürcüstan
çarlığı və erməni məlikləri aktivləşmiş,
Rusiyanın dəstəyinə arxalanaraq hakimiyyət və
torpaq iddialarına düşmüşdülər.
“Rusiyayla İranın uzun tarixi olan və əsasən
Osmanlı düşmənçiliyi təməlində
formalaşmış dostluqlarının” pozulması Azərbaycan
xanlarını düşünməyə məcbur etmiş,
belə ki, “Azərbaycan xanlarının İranla Rusiya
arasında manevr etməkdən başqa yolları
qalmamışdı.” Səfəvilərin dövründə
böyük gücə və əraziyə malik olan, bölgədə
böyük nüfuz sahibi Gəncə bəylərbəyiliyi
Nadir şahın yanlış siyasəti nəticəsində
parçalanıb, kiçilib ancaq Gəncə və ətrafından
ibarət bir xanlıq şəklində öz müstəqilliyini
qoruyub saxlaya bilmişdi. Cavad xan dostu Şeyx Yusifə deyir:
“Ziyadxanoğluların köhnə ehtişamından heç
nə qalmadı, Şeyx! Allah Nadir şah Avşara lənət
eləsin! Beş-altı il İran
şahı olmaq xətrinə dağıtdı sərvətimizi.
Gör neçə yerə böldü Gəncə
bəylərbəyiliyini. Qarabağ
xanlığı bir, erməni məlikləri iki, Şəmsəddin
üç, Qazax mahalı dörd, Borçalı beş,
Mil-Muğan elatları altı...- deyə-deyə
barmaqlarını qatlayırdı.”
Roman müəllifinə görə, Azərbaycan ərazilərinin
parçalanması və müstəqil xanlıqların
yaranması hesabına olsa da, Azərbaycanın İran
dövlətindən qopub ayrılması müsbət hadisə
idi. Lakin bu ayrılmaq onların öz aralarında birləşməsi
ilə başa çatmalı idi. Romanda oxuyuruq: “Azərbaycan
xanları mərkəzdən qopmaqdan başqa yol
bulmamışdılar. Bu ilk addımdı, ancaq
ikinci addımı atıb öz aralarında
razılığa gələ bilmirdilər”.
Azərbaycan hakimlərinin müstəqillik qazanması və
xanlıqların yaranması yaranmış əlverişli
tarixi şəraitin nəticəsində mümkün
olmuşdu. Elə öz aralarında dil tapıb birləşməyə
də yeni tarixi şərait imkan vermirdi. Buna
İranın və bu dövrdə əsas güc dövlətinə
çevrilmiş Rusiyanın maraqları və Qafqaz siyasəti
imkan vermirdi. İran hakimləri Azərbaycanı öz
tarixi əraziləri hesab edir, onu yenidən öz tərkibinə
birləşdirməyə can atır, buna hərbi gücü
və iqtidarı çatmayanda isə Azərbaycanda
parçalanmış dövlətçilik siyasəti
aparırdı. Hələ ki, Azərbaycanın
ayrı-ayrı xanlıqlar şəklində idarə
olunması İran siyasətinə uyğun gəlirdi. Rusiya isə Azərbaycanı siyasi və iqtisadi cəhətdən
əvvəlcə öz təsiri altına almaq, imkan
tapdıqda isə onu öz müstəmləkəsinə
çevirmək siyasəti yürüdürdü. I Pyotrun vəsiyyətini əsas götürən II
Yekaterina hesab edirdi ki, Qafqazda möhkəmlənmək
üçün əlverişli şərait
yetişmişdir.
Azərbaycan xanları vəziyyətin
ağırlığını başa düşür və
hər biri öz-özlüyündə buna çarə
axtarırdılar. Azərbaycanı bu ağır vəziyyətdən,
yenidən güc dövlətlərinin təsiri altına
düşməkdən qurtarmağın yeganə əlacı
xanların öz aralarında birləşməsi idi. Birləşmək siyasi zərurət idi. “Ölüm zirvəsi” romanında Azərbaycan
üçün taleyüklü bir zamanın gəldiyini, vəziyyətin
ağırlığının
miqyassızlığını bütün xanların
başa düşdüyü, lakin birləşməyin zəruri
olduğunu Cavad xandan başqa heç bir xanın başa
düşmədiyi müəllifin vətəndaş
ağrısı və düşüncəsi ilə gəldiyi
qənaət idi. Hələ ki, Azərbaycan
xanları müstəqilliyi müstəqil xanlıq taxtına
sahib olmaq şəklində başa düşür, hələ
ki, öz taxtını qorumaq üçün başqa
xanları taxtdan salmaq fürsətini də əldən
qaçırmırdılar. Şəxsi münasibətlərdən
doğan
qisasçılıq hissi Azərbaycan
xanlarını bir-birinə yaxınlaşmağa qoymur, hələ
ki fürsət düşəndə bir-birini zəif salmaq
siyasətindən əl çəkə bilmirdilər. Birləşməni ən yaxşı halda hamı
onun ətrafında birləşmək kimi başa
düşür, bu mümkün olmayanda isə əcnəbi
qüvvələrə üz tutmağa üstünlük
verirdilər. Hələ ki, Qarabağ
xanı İbrahim xan olub keçmişlərlə
bağlı narazılıqlarının qisasını almaq
üçün Gəncə xanlığının zəifləməsindən
istifadə edərək Gürcüstan çarı İrakli
ilə birləşərək Cavad xanın üstünə
qoşun çəkir.
“Ölüm zirvəsi” romanında müstəqil Azərbaycan
xanlıqlarının yaranmasından quzey Azərbaycan
xanlıqlarının rus müstəmləkəsinə
çevrilməsinə qədərki tarix bədii
düşüncə predmetinə çevrilir. Müəllif
hadisələri epik təfsilatları ilə, döyüş
səhnələrinin təfərrüatlı təsviri yolu
ilə getmir. Olub keçənlər,
baş verən hadisələr və baş verə biləcəklərin
hər birisi Cavad xanın düşüncələrindən
keçərək romana gəlir.
Tarixdən də bizə məlumdur ki, Azərbaycan
xanlıqlarınn taleyi yol ayrıcında qalanda müstəqillik
yolunu tutan və bu yolla birmənalı şəkildə
axıra qədər gedən Gəncə xanı Cavad xan
olmuşdur. Bu həqiqətdir və bu həqiqət Azərbaycan
xalqına bəlli olduğu kimi, roman müəllifinə də
bütün təfərrüatı ilə məlumdur. Lakin roman müəlifi tarixin bəlli həqiqətlərini
“romanlaşdırmaq” fikrində deyil. S.Rüstəmxanlı
öz qəhrəmanını ideallaşdırmaq fikrindən
də çox uzaqdır. Romanın bədii
məntiqi də bunu tələb etmir.
S.Rüstəmxanlının məqsədi oxucunu tarixin
obyektiv və sərt həqiqətləri ilə üz-üzə
qoymaqdır; tarixin indiyə qədər təhrif edilmiş
siyasi mənzərəsinin gerçək üzünü
aşkarlamaqdır. Çünki S.Rüstəmxanlı indi əldə
etdiyimiz müstəqilliyin, müstəqil dövlətçilik
siyasətinin davamlılığının bu tarixdən
keçdiyini çox yaxşı bilir. Azərbaycan
xanları isə birinci addımı atsalar da, ikinci
addımı ata bilmirlər. Onlar öz
aralarındakı ziddiyyətləri, çəkişmələri
bir tərəfə qoyub birləşə bilmirlər;
heç olmasa hərbi qüvvələrini birləşdirib
düşməni birlikdə dəf etmək səviyyəsində
də birləşə bilmirlər. Oxucu çox
yaxşı dərk edir ki, Azərbaycan xanlarının
çoxu ümumən götürəndə dar
düşüncəlidirlər, geniş düşünməyi
bacarmırlar, xudbindirlər və s. və i. Bütün
bunlar roman müəllifinin qənaətinə görə,
birləşə bilməməyin subyektiv səbəbləridir.
Bu subyektivliyin doğurduğu fəsadlar da
romanda açılır. Ancaq XVIII əsrin mürəkkəb,
son dərəcə ziddiyyətli tarixini bədii həqiqət
dili ilə təqdim edərkən S.Rüstəmxanlının
izlədiyi ən əsas müəllif məqsədi birləşə
bilməyə imkan verməyən və zahirən az nəzərə çarpan, tarix kitablarında
çox vaxt üstündən sükutla keçilən tarixi
səhvlərimizi tapıb ortalığa
çıxarmaqdır. Bu səhvləri dəqiq
şəkildə müəyyənləşdirmədən, təhlil
etmədən, əsaslı nəticələr
çıxarmadan dövlətçiliyimizin
davamlılığını təmin etmək, onu təhlükələrdən
sığortalamaq mümkün deyil. Bu səhvin
adı unutqanlıqdır, tarixi
yaddaşsızlığımızdır; ümumən tarixi
yaddaşa laqeyd münasibətimiz, tarixi
yaddaşımızı bərpa etmək kimi həyati zərurətə
biganəliyimizdir. S.Rüstəmxanlının
romanı xarakterimizin tarixdən üzü bəri
aparıcı keyfiyyətinə çevrilən
unutqanlığa qarşı yazılmışdır.
Azərbaycan xanlıqları rus təbəəliyini qəbul
etmək üçün bir-birinin ardınca rus
çarına məktub yazanda, rusun hərbi gücünün
qarşısında qorxuya düşüb geri çəkiləndə
yalnız Cavad xan dirənir. O nəyin bahasına olursa olsun rus
imperiyasına tabe olmamaq siyasəti yürüdür. Xanlığın iqtisadi və hərbi
potensialını gücləndirir, Gəncəni alınmaz
bir qalaya çevirir. Zubovun təzyiqlərinə
mətanətlə cavab verən Cavad xan Sisianovun da
qarşısında dayanmaq əzmindədir. Əlbəttə rusun hərbi gücü
qarşısında indiki halda və durumda dayanmaq çox
çətindir. Lakin Cavad xan
ağlasığmaz əzmkarlıq göstərir. Əhalinin
döyüş ruhunu qaldırmağa nail olur. İki
oğlu ilə birlikdə “ya qazi, ya şəhid” olmaq fikrindədir.
Sisianovun təhqir və təzyiq dolu məktublarına
çox cəsarətli cavablar verir.
“Gəncəyə
ancaq mənim meyitimin üstündən keçib daxil ola bilərsən” sözləri tarixin və
oxucunun yaddaşında ancaq söz olaraq yox, əqidə, məslək,
doğma torpaq, el-oba, dövlətçilik şərəfi
uğrunda ölümə qədər getməyi bacaran bir
dövlət başçısının
varlığının, xarakterinin ifadəsi kimi səslənir.
Ancaq Cavad xan təkcə Vətən fədaisi
deyil. O, həm də vəziyyəti bütün
reallığı ilə qiymətləndirməyi,
özünün və düşməninin gücünü
hesablamağı bacaran ağıllı bir sərkərdədir.
O, ancaq Gəncə xanlığının hərbi
gücü ilə rus ordusuna qalib gəlməyin çətinliyini
başa düşür. Azərbaycan
xanlarına müraciət edib onları ümumi düşməni
dəf etmək üçün məşvərətə
çağırır. Vəziyyətin
ağırlığını başa düşən xanlar
bu məşvərətə gəlirlər. Məşvərət zamanı vəziyyətin
ağırlığını da, rus ordusunun
qarşısına birləşmiş qüvvələrlə
çıxmaqdan başqa yol olmadığını da
başa düşür və hətta müəyyən mənada
bunu etiraf edirlər. Naxçıvan hakimi Kəlbəli
xanın məşvərətdəki
çıxışı ümumi vəziyyəti
düzgün qiymətləndirməsi ilə bərabər,
ibrətamizliyi ilə seçilir:
“Mənim ağlım belə kəsir ki, Azərbaycan
çox böyükdür. O qədər böyükdür ki,
nə farslar bunu təkbaşına həzm edə bilir, nə
Rusiya həzm edə biləcək. Bunlar öz
aralarında bölürlər bizi. Erməni,
gürcü oyuncaqdır, atıblar ortaya! Nə
Gürcüstan dövləti olacaq, nə erməni məlikləri.
Rusiya olacaq və hamıdan çox da bizi əzəcək.
Lap elə qatıldıq Rusiyaya, orda da bir olmasaq, hərəmizi
birinin quyruğuna bağlayacaqlar... Bizi Allah
bağışlamayacaq birləşə bilməsək!”.
Kəlbəli xanın çıxışındakı
həqiqəti hamı başa düşür və daxilən
qəbul edir.
Sanki birləşmək reallıqdır və
birləşmək üçün heç bir maneə
qalmamışdır. Reallıqdan doğan
birləşmək zərurəti xanlara öz
aralarındakı çəkişmə və ziddiyyətləri,
hətta düşmənçilik münasibətlərini də
unutdurub. Birləşəcəklərinə və
düşməni birlikdə dəf edəcəklərinə
ümid havası ilə “danışıb, zarafatlaşıb,
bir-birnə atmaq istədikləri bütün oxları
atıb dincəlirdilər...”.
Cavad xan ümidlənmiş halda sevinirdi. Ancaq birləşə
bilmirlər, son nəticədə məşvərətdən
əvvəlkindən də artıq bir kin-küdurətlə
ayrılırlar. Cavad xanın ümidi də,
sevinci də gözündə qalır. Erməni
əməli və xəyanəti burda da öz işini
görür. Səhər tezdən Gəncə
yaxınlığında İbrahim xana və Hüseynqulu xana
məxsus karvanların soyulması, toplaşdıqları
meşədə Şirvan xanının əyanlarından
birinə güllə dəyməsi və ölməsi ilə
bağlı xəbərlər məclisə çatanda Cavad
xan uzaqgörənliklə nə qədər inandırmağa
çalışsa da ki, “bu ermənilərin işidir – bu
görüşün pozulmasını istəyənlərin!”
Ancaq heç kəsi inandıra bilməmişdi.
Xanların içindəki kin-küdurət bir
anda boy verib kükrəmiş, onlar bu işdə Cavad xanı
suçlayaraq “atlarını minib getmişdilər”.
Müəllif
ürək ağrısı ilə yazırdı: “Hər
şey bir anda öz rəngini və mənasını dəyişdi”.
Hər şeyin bir anda öz rəngini və mənasını
dəyişməsinin səbəbi və səbəbkarı kim idi? Müəllif təhkiyəsində
oxuyuruq:
“... Meşə arası yolla qara keşiş paltarı
geymiş iki nəfərin atlarını qova-qova
uzaqlaşdıqlarından burdakıların xəbəri
yoxdu”. “Qara keşiş paltarı
geymişlər” – bütün Azərbaycan məmləkətində
tarixdən üzü bəri törənmiş faciələrin
səbəbkarları – ermənilərdir. “Ölüm
zirvəsi” romanında “qara keşiş paltarı geymişlər”
– erməni adının metaforik ifadəsi kimi mənalanır. Cavad xanın məşvərətdən
sonrakı halını müəllif çox sənətkarlıqla
təsvir edir. Bu məqamdakı müəllif
təsvirlərində Cavad xan bütün varlığı
ilə dərddən və ağrıdan yoğrulmuş bir
heykəli xatırladır. Dərd və ələm
içində bir anlıq özünü itirən Cavad xan
böyük inam və imanla bağlandığı
Allahını suçlayır. “Niyə
fürsəti səni saymayan və səni tanımayanlara
verirsən?”
Ancaq müəllifin oxucuya təlqin eləməyi
bacardığı mövqe Cavad xanınkından fərqlidir. Fürsəti
Allahını saymayan və tanımayanlara verən Allah deyil,
biz özümüzük, biri elə sən özünsən,
Cavad xan. Biri elə İbrahim xandır.
Məgər Nadirdən üzü bəri
fürsəti kəmfürsətlərə verməklə
başımızı bəlalara salmamışıq? Müəllif mövqeyinin ifadəsi kimi səslənən
bu sual romanda öz məntiqi açılışını
tapır. Xanların və
xanlıqların keçib gəldiyi tarixi yol vərəqlənir.
Gəncə bəylərbəyi Uğurlu xan
Nadir şahın ermənilərə və gürcülərə
üz göstərməsindən, göstərdikləri şəxsi
qulluqlar müqabilində Azərbaycan torpaqlarını onlara
peşkəş edib, burda rahat yaşamalarına şərait
yaratmasından narazı idi. O tamamilə haqlı olaraq
düşünürdü ki,“Nadir gedəcəkdi,
Uğurlu xan və Qarabağ burda gürcü valisi və erməni
keşişləri, məlikləriylə bir yerdə
qalacaqdı... Uğurlu xanı yandıran buydu
ki, Osmanlılara qardaş deyən, onlara barış elan edən,
şiə-sünni ayrılığını aradan
götürmək istəyən Nadir bu yandan da erməni məliklərini
də türk düşmənçiliyinə və Gəncədə
türklərə elədikləri kişiyə yaraşmayan xəyanətlərinə
görə çox istəyir”. Haqlı
narazılıqdır, narahat olmağına dəyər.
Bununla belə roman müəllifini də narahat
edən suallar var. Nadir türk olsa da, İran dövlətinin
başçısı idi. Hardasa, hansı
siyasət müqabilindəsə onun gedişlərini başa
düşmək olardı. Bəs, Azərbaycan
xanları, elə Uğurlu xanın xələfi Gəncə
hakimi Cavad xan, Qarabağ xanı İbrahim xan niyə Nadir
şahın tarixi səhvlərini təkrarlayırdılar?
Niyə tarixin dərslərindən ibrət götürmürdülər?
Qarabağdan qaçan erməni məliklərinə,
hətta Gürcüstan çarlığı üz vermədiyi
halda, Cavad xanın onları qəbul edib Şəmkir ətrafında
yerləşdirməsi hansı məntiqlə izah oluna bilərdi.
Axı xanın ətrafındakılar bu hadisə
baş verəndə Cavad xana erməninin xislətini də,
tarixi əməllərini də xatırlatmışdılar.
Cavad xan isə “ətəyə uzanan əli kəsmək
insanlıqdan deyil” deyib məsələləri mərdlik-namərdlik,
kişilik müstəvisinə çıxarmışdı. Əsl həqiqətdə
isə ermənilərə göstərilən qayğı və
güzəşt Cavad xanın İbrahim xana və İrakliyə
intiqamçı münasibətindən qidalanırdı.
Elə İbrahim
xan da bu cür hisslərin təsiri altında İrakli ilə
birləşib Cavad xanın ütsünə qoşun çəkirdi.
Gələcək fəlakətlərin də
özülü burda qoyulmuşdu. Nəticədə
xanlıqlararası münasibətlər möhkəmlənə
bilmirdi. Erməni, gürcü həm torpaq
qazanır, ərazisini genişləndirir, həm
ayrı-ayrı xanların gücündən istifadə edir, həm
də fürsət düşən kimi onları
satırdılar. Çar hökumətinin Qafqazdakı
mövqeyi möhkəmləndikcə, hərbi müdaxilələri
gücləndikcə erməni məliklərinin də,
İraklinin də iç üzü meydana çıxır,
onlar antitürk, antimüsəlman mövqe nümayiş
etdirir, kəsdikləri duz-çörək haqqında, onlara
edilən yaxşılıqlar haqqında heç
düşünmək belə istəmirdilər.
“Ətəyə uzanan əli kəsməmək” kimi sadəlövh
bir siyasət Gəncənin qəhrəmancasına müdafiəsini
axıra çatdırmağa imkan vermədi. Vaxtilə himayəsinə
aldığı Məlik Məcnunlar, Məlik Apolar ruslara
satılaraq Azərbaycan xanlarının çörəyini
yedikləri halda rus hökumətini nəinki Azərbaycan
xanlıqlarını işğala həvəsləndirdilər,
eyni zamanda Gəncə qalasını almaq üçün
onlarla birlikdə tədbirlər tökdülər, qalanın
ruslara məlum olmayan sirlərini açıb, ən nəhayət
həlledici məqamda rus ordusunun tərəfinə keçərək
qalanın alınmasına, on minlərlə gəncəlinin
qanının axıdılmasına səbəb oldular. İbrahim xanın da, ailəsinin də taleyini rus
hökuməti erməni əli ilə sona
çatdırdı. lll Roman öz
oxucusuna təlqin edir ki, məsələ erməni-gürcü
məsələsi də deyil. Məlumdur ki, hər
kəs odu öz qabağına çəkir. İndi kim necə bacarırsa, elə çəkir. Biri mərdlik, kişilik qanunlarını əsas
tutur, o birisi xəyanəti öz “şərəf işi”nə,
yaşam, mövcudluq vasitəsinə çevirir. Məsələ ondadır ki, gərək milli-ruhi
birlik olsun. Gərək ermənidən
qabaq biz özümüz özümüzün qədir-qiymətimizi
bilək. Özümüzün
özümüzə elədiyimizi fələk də gəlsə
(nəinki erməni!) bizə eləyə bilməz. Bunun üçün vətəndaş
düşüncəsi milli amala çevrilməlidir.
Çevirə bilirikmi? Nadir şahın səhvlərindən
Cavad xanlar, İbrahim xanlar ibrət ala bilmədi. Onların səhvləri bizə dərs oldumu? Yəqin ki, yox. Olsaydı indi
yaşadığımız Qarabağ itkisi, ağrısı
ilə üz-üzə qalmazdıq. Barı bundan sonra...
Təyyar SALAMOĞLU,
Filologiya üzrə elmlər doktoru,
professor
525-ci qəzet.- 2013.-
8 yanvar.- S.8.